Dünya dilləri: ən çox işlənən və yox olan dillər

Hər bil dil ayrılıqda dünya haqında bilik, dünyanı görmək və anlamaq üçün vasitədir. Hər millətin özünəməxsus ana dili onun mənəvi diriliyidir. Əbəs yerə deyilmir ki, bir millətin malını, dövlətini və hətta vətənini işğal etsən, ölüb-itməz, amma dilini alsan, məhv olar və ondan nişan qalmaz. 
Ana dili insan şəxsiyyətinin inkişafının əsasını təşkil edir. Yəni hər bir kəs ömrünün axırınadək dilinə arxalanır.

6 min dildən yarısı məhv olmaq üzrədir

YUNESKO-nun məlumatına görə, dünyada 6000-dən çox dil var, lakin onların yarıdan çoxu məhv olmaq üzrədir. Dillərin 96 faizi dünya əhalisinin yalnız 4 faizi tərəfindən istifadə olunur. Bu 6000 dilin 52 faizində 10 mindən, 28 faizində isə mindən az adan danışır.
YUNESKO ekspertlərinin fikrincə, gələn əsrədək dünya dillərinin yarısının itib-batacağı gözlənilir. Çünki onlardan danışıq dili kimi istifadə olunmur. Bir dilin yaşaması üçün isə həmin dildə ən azı 100 min insan danışmalıdır.
Beynəlxalq ekspertlərin araşdırmaları göstərib ki, yox olmaq təhlükəsilə üzləşən dillər əsasən, ölkələrin daxilindəki milli azlıqların dilləridir. Belə dillərə həmin ölkələrdə hörmət aşağı olduğundan insanlar nə özləri bu dillərdə danışır, nə də bu dili övladlarına öyrədirlər. Məhv olmaq təhlükəsilə üzləşən dillərin daha çox Afrikada yaşayan xalqlara məxsus olduğu bildirilr.
YUNESKO-nun məlumatına görə, 2500-dən çox dil yox olmaq təhlükəsi qarşısındadır. Bu gün dünyada 200-ə yaxın dil var ki, onların hər birində cəmi 10 adam danışır.

Dünyanın ən işlək dilləri

Beynəlxalq statistikaya görə, hazırda dünyada ən çox işlənən dil Çin dilidir. Bu dildə 1 milyard 80 milyondan çox adam danışır. İkinci yerdə ingilis dili gəlir. İngilis dilində 515 milyondan çox adam danışır. Hind dillərində danışanlar 500 milyon, ispan dilində danışanlar 425 milyon, rus dilində danışanlar isə 257 milyon nəfərdən çoxdur. Ərəb dili altıncı yerdədədir. Bu dildə 256 milyon nəfərdən çox adam danışır. Benqal dilində 215 milyon, portuqal dilində 194 milyon, İndoneziya dilində 176 milyon nəfərdən çox danışan var. Fransız dili onluqda axırıncıdır. 120 milyondan çox adam fransızca danışır.
Bütün türk dillərində isə ümumilikdə 200 milyondan çox adamın danışdığı bildirilir.

Müasir dünyada ən işlək dilllər ingilis, ispan, ərəb, rus, fransız, alman, çin, portuqal dilləri hesab olunur. Dünya ölkələrinin təmsil olunduğu Birləşmiş Millətlər Təşkilatında 6 rəsmi dil var: ingilis, fransız, ərəb, çin, rus və ispan dilləri.
YUNESKO ən azı üç səviyyəli dil bacarıqlarının; ana dili, milli dil, ünsiyyət dilinin öyrənilməsini təbliğ etməklə dilçiliklə bağlı əsas məsələ olan çoxdilliliyi təbliğ edir.

Dil qrupları və poliqlotlar

Dünya xalqlarının dilləri altı - Altay, Ural, Hind-Avropa, Avrasiya, Qafqaz, Paleoasiya dil ailəsində birləşib. Heç kimin danışmadığı dillər isə ölü dillər qrupuna aid edilir. Elə regionlar var ki, orada çoxlu dillər mövcudur. Məsələn. Qafqaz bölgəsində yaşayanlar 100-dən çox dildə danışırlar. Yeni Qvineya əhalisi təqribən 700 dildə danışır. Afrikada 1000-dən çox müxtəlif dil var.
Alimlər bildirirlər ki, ana dilindən sonra ikinci dil öyrnmək istəyən şəxs buna erkən yaşlarından başlamalıdır. Sübut olunub ki, erkən yaşlarında insan beyninin dilə yiyələnmək funksiyası güclü olur.

Elə insanlar var ki, onlarda dil öyrənməyə anadangəlmə xüsusi istedad olur. Belə adamlar beş-altı, hətta doqquz-on dildə mükəmməl danışa danışa bilirlər. Onlara poliqlot deyilir.

Ana dilimiz və Azərbaycanda dillər

Azərbaycan dili də dünyanın ən zəngin dilləri sırasındadır. Bu gün dünyanın müxtəlif ölkələrində 50 milyondan çox azərbaycanlı yaşayır və Azərbaycan dilində danışır. Ana dilimiz Altay dilləri ailəsini türk qoluna daxildir.
2002-ci il sentyabrın 30-da “Azərbaycan Respublikasında dövlət dili haqqında” Qanun qəbul edilib. Bu, Azərbaycan dilinin dövlət dili kimi işlədilməsi, onun tətbiqi, qorunması və inkişaf etdirilməsi, dünya azərbaycanlılarının Azərbaycan dili ilə bağlı milli mədəni özünümüdafiə ehtiyaclarının ödənilməsi istiqamətində atılmış çox mühüm addım olub

0 şərh