Sən türk kişisisən!

Axşam saat iki olardı… Ukraynadan gələndən sonra yazacağım yeni hekayə barədə düşünürdüm. Kompyuter qarşımda, sakitliyi də həmişə olduğu kimi qənaətbəxş hesab etmək olardı. Əslində hekayə düşüncələrimdə tam hazır idi. Amma təsirli olması üçün bir iki ədəbi priyom axtarırdım. Bir də gördüm ki, oğlum Nicat tir-tir əsərək işıq yanan otağa-yəni mənim iş otağima gəlir. Göz yaşları gildir-gildir axirdı.. Soyuqqanlıqla səbəbini soruşdum, dedi ki, qorxuram. Son zamanların patriotik havası (Türkiyədə 100 minlərlə insanın Xocalı deyə kar dünyanı haraylaması, 50 mindən çox insanın Azərbaycanda prezidenti ilə birgə addımlaması) mənə təsir etdiyindən oğulumun üstünə qışqırdım: “Sən necə kişisən? Utanmirsan heç, qaranlıqdan qorxmaq kşiyə yaraşamaz!” Özümdən çıxırdım yavaş-yavaş. Yəqin ki, bütün oğul ataları bu vəziyyətlə tanışdırlar. O anda ağlımdan keçirməsəm də, bu cür də düşünə bilərdim: Qaranlıqdan qorxan bu uşaqlar ermənidən necə qisas alacaqlar. Əgər bunu düşünsəydim, yəqin, sonralar özümü danlayıb ironiya ilə güləcəkdim ki, niyə həmişə bir nəsil qisasın alınmasını gələcək nəsillərə buraxır. Yaxşı ki, uşağın sonrakı cavabı məni başqa cür düşündürməyə sövq etdi. Amma uşaq elə ağlayırdı ki, elə bil cin görmüşdü… Buna görə daha çox hirslənərdim. Çünki mənə elə gəlir ki, mənim oğlum cinə görə də qorxa bilməzdi. Bir də soruşdum ki, axı burda nə var, hamımız evdəyik, burdan sənin otağın görünür, isığımız yanır, mən oyağam, axı sən niyə ağlamalısan? Usaq əsə-əsə dedi ki, bu gün məktəbdə müəllim qorxulu şeylər göstərib. Dedim ki, necə yəni qorxulu seylər? Dedi: Xocalıda öldürülmüş uşaqların videosuna baxdıq. Ermənilər onların başlarını kəsib, gözlərini cıxarıblar. Onlar gözümün qabağına gəlir yata bilmirəm. Mən bu dəfə yenə əsəbiləşdim: Sən necə türk kişisisən? Bu sözüm nə qədər boğazdan yuxarı səslənmiş kimi görünsə də, oğlum olandan tez-tez bu cür sözlər deyirəm ki, o həm türk olduğunu, həm də kişi olduğunu xatırlasın. Çünki hər ikisi son zamanlar yaman təhlükədədir. Kişilərə kişiliyini, türklərə də türklüyünü unutdurmağa çalışırlar. Bunlar da uşaqların alt şüuruna hücüm etməkdədir. Bu da məni yaman qorxudur. Əsəbimi belə davam etdirdim: Ermənidən qorxmaq yox, ona nifrət etmək lazımdır. Heç utanmırsan? Sənə yaraşır bu? Ayıb olsun. Amma uşaq mənə heç qulaq asmırdı. Gözlərini bərəldib elə ağlayırdı…. Gözünü qırpmadan belə açıq gozlərindən yaşlar axırdı. Və beləcə mənə baxırdı. Nəsə demək istəyir, amma deyə bilmirdi. Ya məndən qorxurdu, ya da fikirlərini izah edə bilmirdi. Sanki uşaq mənə də üsyan edirdi: -Sən başa düşmürsən, ata. Bunun kişiliyə nə dəxli var, deyirəm ki, qorxuram. Qorxunun da nə cinsi, nə də milliyyəti var. Məgər sən qorxmamısan?-demək istəyirdi. Əgər belə desəydi, nə deyəcəyimi müəyyənləşdirə bilmirəm. Axı o qroxu hissi idi ki, məndən də qorxmaz insanlar torpaqları qoyub qaçmışdılar.

Bu gün də bizi danışmağa, qışqırmağa, üsyan etməyə, haqq tələb etməyə şərait yaratmışdılar. Yazacağım hekayənin tərkibində olmasını planlaşdırdığım bir hadisəni bura yazmağı qərara aldım. Ukraynada olarkən Bazar günü məktəbində uşaqlara dediyim dərsdə belə bir sual vermişdim. Ay uşaqlar, sizcə, bu şəkilləri (Xocalı hadisələrindəki rəsmləri nəzərdə tuturam) niyə bura asıblar? Bunları sizə göstərməkdə məqsəd nədir? Uşaqlardan istədiyim cavabı ala bilməmişdim. Uşaqlar çox fikirləşdilər ki, nə desinlər, amma heç nə tapa bilmədilər. 6 yaşlı bir uşaq dedi ki, uşaqları öldürüblər. Mən bunu cavab hesab etməsəm də, yeni təlim metodlarına uyğun olaraq uşağı həvəsləndirmək üçün “ay maşallah” demişdim. Əslində onda da düşünmüşdüm ki, belə olmaz axı, ay müəllimlər. Bu şəkilləri göstərməklə nə əldə etmək istəyirik? Axı bunlar bunu dərk etməyəcək dərəcədə balacadırlar. Şəkillərin nə üçün asıldığını, niyə onlara göstərildiyini bilməyən uşaqlar tutuquşu kimi elə qəşəng şeirlər dedilər ki, sanki hər şeyi dərk ediblər. Arxada valideynlər oturmuşdular. Məndən qabaq Azərbaycan dilini ala-babat bilən bu uşaqlara o qədər siyasi, elmi, tarixi faktlar danışmışdılar ki,… Ona görə də, az qalırdılar uşaqlara kömək etsinlər, onların bunu bilib, başa düşdüklərini göstərsinlər. Elə bil mən sovet dövründəki yoxlamayam, onlar isə uşaqların dərslərini bildiyini göstərən müəllim və məktəbin direktoru idilər. Dəli şeytan orada məni az qalmışdı ki, yoldan çıxartsın. İstədim deyəm ki, “Hə bilirsinizsə, siz deyin”. Amma yaxşı ki demədim. Dəli şeytanın sözünə qulaq asmadım. Yoxsa azdan-çoxdan qazandığım hörməti də itirmiş olardım. Bu vəziyyətdən bir pedaqoq kimi çıxdım və mövzudan yayınmağa başladım. Deyəsən, verdiyim sualın cavabı məni də qorxutmuşdu. Yenə tək uşaqlar və mən olsa idim, vəziyyəti daha yaxşı idarə etmiş olardım. Amma ölçülməsi mümkün olmayan bir zaman kəsiyində düşündüm: Nə deyə bilərəm ki, böyüklərin xoşuna gəlsin. Hərdən elə düşünürəm ki, mən artıq formalaşmış bir müəlliməm. Hətta institutda məndən açıq dərs istəyəndə təvazökarlıqdan uzaq görünən şəkildə deyirdim: “Mənim bütün dərslərim açıq dərsdir, nə vaxt istəyirsiniz qapını açıb gələ bilrəsiniz”. Amma onda hiss etdim, kompleks deyilən zəhrimara hələ də qalib gələ bilməmişəm.

Nə isə mən ayağa qalxıb yenə patriot bir ata kimi dedim: Get öl, ermənidən qorxacaqsansa, get öl. Səsin gəlsə, gəlib itin kötəyini vuracağam sənə. Uşaq əsə-əsə ayaqlarının ucunda getdi. Çünki həmişə danlayırdıq ki, gecə yeriyəndə tap-tap yeriyib səs salmayın, balaca bacınız oyanar. Nicat da o qorxunun içində bu tağşırığı unutmadan, ya da 8 yaşı olduğundan üsyanını və etirazını göstərmək qabiliyyətində olmadığından astaca barmaqlarının ucunda yatağına getdi. Bu səsə anası da gəlib çıxmışdı. Mən onun üzünə baxmadan, özümü haqlı kimi təsdiqləmək üçün uşağın dalınca yenə deyindim. Bu vəziyyəti başa düşməyə çalışan anası da uşağın dalınca getdi. Çünki o, uşağa haqq verirdi. Düzdür, adamın gərək allahı olsun, bir kəlmə də demədi. “Ümidlərin izi ilə” romanını yazdıqca Aytəkinin dilindən deyilənləri həmişə ona oxudurdum. O da oxuduqca deyinirdi ki, gecə vaxtı bunları mənə niyə oxudursan? Elə buna görə də, bir söz desə idi, cavabını bilirdi: “elə bu da oxşayıb oxşamışına, arvad oğlu, arvad”.

Biz həmişə elə bilirk ki, uşaqlar bizi başa düşməlidirlər. Bizim məsləhətlərimiz onlara aydın olmalı və bizi anlamalıdırlar. Nicatın mənə dediyi bir sözü xatırladım. Ona məsləhət veridiyim günlərin birində mənə demişdi ki, ata, uşaqlar böyüklərə nə isə başa salanda onlar tez başa düşür. Amma böyüklər uşaqları başa salanda onlar başa düşmürlər. “Niyə?” sualımın cavabında isə uşaq belə demişdi: Çünki uşaqların dedikləri sözlərin mənasının hamısını böyüklər bilir, amma böyüklərin dedikləri sözlərin mənasını isə uşaqlar bilmir axı. Onda oğlumla fəxr etmişdim. 8 yaşlı bir uşağın analizi məni heyrətə gətirmişdi və mən həmin anda qərar vermişdim ki, bundan sonra onu başa düşməyə çalışacaq, nəyisə başa salanda hirslənməyəcəyəm.

Nicat gedəndən sonra mənə çatdi ki, ay ata, bu usağın 8 yası var axı. Sən bundan nə kişilik gözləyirsən? O faciənin məqsədi də elə bu deyilmi? Amma məni narahat edən başqa məsələ- müəllimlərimiz idi. Bəli, narahat edən bizim muəllimlərimiz idi. Bu gün məktəblərimizdə bu rəsmləri və videoları şagirdlərə göstərməklə elə bilirlər ki, müəllimlərin vəzifələri bitdi. Bir-birinin bəhsinə ibtidai siniflərdə daha dəhşətli rəsm və görüntüləri verməklə Xocalı faciəsi ilə bağlı “yarışa keçirlər” sanki. Axı bunlar ibtidai usaqlar üşün göstəriləsi rəsm deyil. Sən ona vətənin, millətin, xalqın, hətta nifrətin, qisasın nə demək olduğunu öyrətməsən, uşaqlar bu səkillərdən hansı nəticəni çıxaracaqlar?
Erməni vəhşiliyi, düşmənçiliyi qeyd edilsin və edilməlidir deyəndə, məncə, bunda diqqətli olmalıyıq, ay əziz muəllimlər (içi mən daxil olmaqla). Elə etməliyik ki, gələcək nəsillər bu hadisələrin niyə, nə səbəbə törədildiyini, düşmənin kim olduğunu, onunla necə rəftar edilməli olduğunu anlasınlar. O rəsmləri görən körpələrimizi qorxu hissi ilə böyütməkdənsə, onlara dərk etməyi başa salın. Dərk etməyin yollarını göstərməyə çalışın. Müstəqil düzgün qərar vermək bacarığı aşılayın. Əgər bunlar olarsa, inanın ki, böyüyəndə düşməni də tanıyar, dostu da. Keçmişə də qiymət verə bilər, gələcəyə də. Yaradıcılığımızı ortalığa qoymaqla ermənini onlara tanıtmağın başqa yollarını da tapmaqla, daha böyük fayda etmiş olarıq.

Bəlkə də, bunu dəyişmək üçün bütün qanımızı damarlarımızdan çəkib yerinə yeni qan vurmalıyıq. Problemlərimizin olmasında mənim dərk etdiyim səbəb, “həmişə şəxsi mənafe, həmişə xətir üçün xəstə yatma” düşüncəmizdir. Çünki bu yazının bu hissəsində ürəyimə gəldi ki, birdən Nicatın müəllimi bunu oxuyub bizdən inciyər və uşağı gözümçıxdıya salar. Bax, məncə, elə problem burdan başlayır. Bunu aşa bilsək, erməniyə də qalib gələrik, farsa da, lap elə fransıza da.

Hə sonra bilirsiniz nə oldu? Ürəyim ağrıdı. Çünki “Kimyagər” əsərində deyildiyi kimi, ürəyimin səsini dinlədim, ona qulaq asdım və Öz Yolum ilə getdim. Axı Öz Yolu ilə gedənlər həmişə uğur qazanır və istədiyini əldə edir. Öz Yolu olmaq çox önəmlidir. Millət olaraq Öz Yolumuzu gedə bilməsək, indiyə qədər yaşadıqlarımızı həmişə yaşayacağıq.

Bəli ürəyim ağrıdı… Tez uşağın arxasınca getdim. O hələ də iç vururdu. Gözəlirini möhkəmcə yummuş, gərilmişdi… Titrəyirdi… Yorğanını qaldırıb yanına girdim, başını sığalladım, üzündən öpdüm. O yavaş-yavaş boşaldı. Əlimi sıxmış incə isti əlləri açıldı. Və Yatdı…

Bir ata kimi özümə olan tənqidlərimi də həmin gecə çox eşitdim. Və Mövlanənin dediyinə əməl edərək qüsurumu örtməkdə gecə kimi oldum.

Müəllif: Şəmil Sadıq

 

1 şərh

ElcinHesenov
Təşəküürlər belə yazılar üçün