İşlənmiş mebel

            Bu gün işə bir az tez gəlmişdi. On iki ilə yaxın idi bu küçədə işləyirdi.Doqquzmərtəbəli binanın yarımzirzəmisinin qapısını küçəyə tərəf açmışdı, birinci mərtəbədə yaşayan, fərasətli çıxıb zərzəmini özəlləşdirən «xozeyin». Bu zirzəmini də icarəyə vermişdi.Usta da bu zirzəmini mebel təmiri sexi eləmişdi.İşi yaxşı olurdu.Küçədə və yaxın məhəllələrdə demək olar ki, hamı onu tanıyırdı.«Ağdamlı Usta» deyirdilər ona.Əlindən gəlməyən iş yox idi. Yumşaq mebeldən tutmuş,şifoner,şkaf, stol,stul və sair ev əşyalarını təmir etməyi bacarırdı.Bu məhlədə 20-yə yaxın doqquzmərtəbəli bina var idi, demək olar ki, hamısında olan mənzillərdə işləmişdi.Kiminin divanını,kreslosunu təmir etmişdi, kiminin təzə mebelini yığmışdı, kimisinin köhnə mebelini söküb atmağa kömək eləmişdi və s.Həmişə də işini vicdanla, həm də münasib qiymətə görməyə çalışmışdı.Amma indi qanı qara idi. Çünki, beşinci mərtəbədə olan Ayxan adlı oğlan gəlmişdi bir az bundan qabaq,ona bir iş təklif etmişdi:

   -Usta, bilirsən də, bacımgil Əhmədlidə olur,mebellərini səninlə aparıb quraşdırmışdıq üç il bundan qabaq, yadındadı?

    — Hə, yadımdadı, nə olub ki, qırılıb-eləyən yeri var?

    — Yox, indi onu sökmək lazımdı, həmin o mebeli..

 Usta təəccüblə ona baxmışdı,bu sual dolu baxışlara cavab olaraq- «bacımgil boşanıb uşaqları olmadığına görə,indi mebeli söküb evi boşaltmaq lazımdır?» — demişdi Ayxan.

            Güləşçi idi,əzələli, tökmə bədəni vardı, həm də imanlı biri idi Ayxan, amma indi Ağdamlı ustanın gözünə beli bükülmüş, qəddi əyilmiş kimi görsəndi.Qanı qaraldı ustanın. Əvvəlcə getmək istəmədi, boynundan atmaq üçün bir anlıq bəhanə fikirləşdi.

    -Ayxan, bəlkə mən getmiyim, bax burda bir yaxşı usta var qarşıdakı binanın altında..-Ayxan onun sözünü ağzında qoydu:

    -Mənə bəhanə gətirmə xahiş eləyirəm, sən tanışımsan,mən o evə yad,tanımadığım adamı aparmaq istəmirəm, məni düzgün başa düş.

   Ayxanı başa düşürdü, amma işlədiyi illər ərzində heç vaxt boşanan adamların mebelini sökməyə getməmişdi. Həmişə cehiz filan quraşdırdığı evlərdə də xeyir dua verərkən zarafatla «Allah eləsin, bu mebeli ancaq təzəsini və yaxşısını almaq üçün sökdürəsiniz.» demişdi.Ayxanın bacısıgildə də bu sözləri demişdi,indi o evə getmək istəmirdi.

    Baxışları bir anlıq Ayxanın baxışları ilə toqquşdu,Ayxan onun düz gözlərinin içinə baxırdı.Ayxan Ustanın gözlərindəki hüznü hiss elədi sanki:

    -Neyləmək olar, allahın təqdiri belədir, bəlkə də xeyir bundadır.İnşallah bizə pis görsənən hər bir hadisənin arxasında bir yaxşılıq vardır.- dedi. Sonra əlavə elədi:

    -Saat onda gələcəm, gedək.

     

  Ayxan dediyi kimi saat on tamamda gəldi və Ağdamlı ustayla onun köməkçisi olan,məhlədə hamının  «Urus» deyə çağırdığı cavan oğlan onun maşınına minib Əhmədliyə yola düşdülər.Mənzil üçüncü mərtəbədə idi. Gönortaya qədər işlədilər, yataq otağı dəsti olan mebeli söküb daşına biləcək hissələrə ayırdılar. Evin sahibi qapının açarını onlara verib çıxıb getmişdi. Ayxan sökülmüş mebeli evlərinə aparmaq istəmirdi. Bacısının bu taxta-tuxtanı görüb qanının qaralmasını istəmirdi.Ustaya dedi:

    -Bu mebeli evə aparmayacam, yığarıq sənin sexinin bir tərəfinə, almaq istəyən olsa satarsan dəyər-dəyməzinə.

    -Neçəyə vermək fikrin var ki, bunları?

    -Nə bilim, yüz əlli manat verən olsa sataram.

   «Allahın işinə bax ey, üç il bundan qabaq 2500 manata aldıqları mebeli indi 150 manata satırlar» deyə öz-özünə düşündü usta.

   Mebeli söküb qurtarmışdılar, indi bunu yükləyib aparmaq üçün bir maşın tapıb gətirmək lazım idi.Ayxan harasa çıxıb  getmişdi, Usta aşağı düşüb geniş prospektə çıxdı, burda maşın çox olurdu,bir neçə yük maşını gəlib keçdi, amma heç biri onun əl ilə işarə etməsinə baxmayaraq saxlamadı.Dilxor oldu.Susundan dodaqları qurumuşdu, yaxındakı marketə girib mineral su aldı,qapağını açıb butulkanı başına çəkdi. Susuzluğunu söndürüb marketdən çıxmaq istəyərkən marketin qabağından bir QAZEL markalı yük maşını dayandığını gördü.Sürücü düşüb marketə girdi, bir az sonra əlində bir qutu siqaret qapıdan bayıra çıxdı.Usta ona yaxınlaşdı:

    -Salamməleyküm.

    -Əleykümə salam.

    -Qardaş maşının boşdu.

    -Həri qaqaş, qulluğunda hazıram.

    -Bu binada mebel var, Nərimanov heykəlinin yanına neçəyə apararsan onu.

    -Çoxdu, ağırdı?

    — Yox, elə ağır bir şey deyil, bir çarpayı, bir şifoner, iki şkaf, bir də bir güzgülü kamoddur.

    -Qırx manat verərsəndə qədeş.

    -Otuz manata aparırsansa gedək.

    -Allah xeyir versin, getdik eyy..

 

            Mebelin hissələrini səliqə ilə maşına yığdılar. Bərk yorulmuşdular. İkisi də sürücünün yanında, kabinədə oturdular.Sürücü Maştağalı idi, həm də çox söhbətcil idi. Ordan-burdan danışmağa başladılar. Sürücü bu mebeli hara apardıqlarını soruşdu, usta əvvəlcə danışmaq istəmirdi, sonra sürücü bir qohumlarının işlənmiş mebel axtardığını deyəndə maraqlandı:

            -Neynirlər ki, işlənmiş mebeli?

            -Yazıqların gözünün ağı-qarası bir qızları vardı. İmişli rayonuna ərə vermişdilər, borc-xərc hər cür cer-cehiz, mebel almışdılar. Bir ay bundan qabaq kürəkənlə qızları Bakıya toya gəlmişdilər, gecə qısaqapanma olub, İmişlidəki evləri yanıb yazıqların...

            Sözünə ara verdi, maşınların sıxlaşdığı döngəni dönüb sözünə davam elədi:

            -Hə, evdə nə varsa yanıb külə dönüb. Rayondakı qohum-əqraba bir az pul topladılar, bir az da mənim bu qohumlarım köməklik elədilər, Biləcəridə iki otaqlı bir məhlə evi aldılar.İndi də işlənmiş mebel axtarırlar,mənə demişdi ki, sənin tez-tez rastına çıxır, olsa bizə xəbər eləyərsən. İndi ona görə deyirəm, əgər bu mebel satdıqdırsa bəlkə sataq onlara?

            -Vallah satdıqdı ey, amma nə bilim gərək baxalar, bəlkə heç bəyənmədilər?

            Sürücü ustanın tərəddüd elədiyini görüb, onu ürəkləndirmək üçün dedi:

            -Bəyənəcəklər əşi, onların aldığı mebeli görmüşdüm də, bu onun yanında  “korolevski” mebeldi. Qoy mən zəng eləyim, gəlsin baxsın.

            Əlini telefona atdı, amma zəng eləməyə tələsmirdi, sözlü adama oxşayırdı:

            -Bir söz demək istəyirəm, amma məni düzgün başa düş, bir adama borcum var, uşaq xəstələnmişdi, onun dərmanların almaq üçün borc almışdım, məni dirəyib. Yanı, kəsəsi, işiniz düz gəlsə, satsan, mənə 100 manat hörmət eləyərsən.

            Bu sözləri deyib dərin bir nəfəs aldı, sanki ağır bir yük atmışdı çiynindən. Sual dolu baxşılarını zillədi yanında oturan ustaya..

            -Zəng elə, gəlsin baxsın.

             Bu kəliməni gözləyirmiş kimi telefonu  qulağına tutdu...

 

… Bəyənmişdilər mebeli, ər-arvad elə sevinirdilər ki, elə bil xəzinə tapmışdılar. Qiymətdə də çox çək-çevir etmədilər. 650 manat demişdi usta onlara, 600 manata razılaşmışdılar, qadın ən çox sevinirdi və bunu da gizləmirdi:

            -Allah balanızı saxlasın, Allah canınız sağ eləsin, Əvvəlki mebelindən də yaxşıdı bu.(İnsafən mebeli çox yaxşı saxlamışdılar.) Allahın qisməti budu. Hər bir pis hadisənin arxasında bir yaxşılıq var mütləq.

            Pulu verib, maşına əyləşib getdilər. Sürücü, danışdıqları kimi 30 manat yol pulunu və əlavə olaraq 100 manat da  “makler”  pulunu alıb, sağollaşdı:

            -Qədeş, Allah səni mənə hardan yetirdi bilmirəm, amma səni yetirən Allaha canım qurban. Sağ -səlamət.

             Bunu deyib maşına sıçradı,yük maşını uzaqlaşdı.

            Usta əlini cibinə salıb pulu çıxartdı, yanında durmuş köməkçisinə- “Urus”a baxdı:

            -Hə belə-belə işlər, indi gedək bu pulun sahibinin yanına — dedi.

           … Qapını Ayxan açdı, onları görüb təəccübləndi:

            -Xeyir ola ay usta?

            -Xeyirdi,xeyirdi, mebeli satdıq 600 manata, 30 manat maşına verdik, 100 manat da “ara adamına” verdik. Bu da qalan puldu...

            Əlindəki topa pulu Ayxana uzatdı. Ayxan pulu aldı,  içindən üç dənə əllilik götürüb qalanını geri qaytardı:

            -Usta, söz danışıqdan keçər, bu sizin qismətinizdir. Bu mebel bizə xeyir vermədi, bacımın ailəsi dağıldı, amma halal pulnan alındığı üçün hər halda digərlərinə xeyir verdi. Görürsənmi, sökməyə əlin gəlmirdi, sənə dedimmi ki, hər işdə bir xeyir vardır. Etiraz etmə, halallığını verirəm, sən də haqqını halal elə.

            -Halal olsun.

            Usta başqa söz tapmadı deməyə. Sağollaşdılar, sexə qayıtdılar. Usta pulu iki bərabər hissəyə böldü, birini Urusa verdi. Artıq axşam düşdüyü üçün sexin qapısını bağlayıb evlərinə getdilər...

5 şərh

asel
bezen bele olur. ne ümidle cehiz alıb qız köçürürler, axırda da zülmle söküb yığışdırırlar
azadmamedov90
kime niyyet kime qismet...ama burada 2 ailenden behs edirler..1i xosbext digeri bedbext..ama nolsun ki usaq olmur,gerek bosanasan???axmaqliqdir…
Medikamentoz
Sənin kimi düşünürlər xilas edəcək cəmiyyəti,Sən irəli!
azadmamedov90
niye? korlanmis cemiyyetin neyin xilas elemek? her gunun bos islerle keciren cavanlar,yoxsa pulu oldugucun arvad saxlayan qoca kisiler,ya da jiqolalara pul yediren qoca arvadlar?daha da etika ile yazardim ama onlarin etikaya ehtiyaci yoxdur...bele axmaq insanlarin ise sadece olaraq 1sinif kimi silinmesi gereklidi...agil ve mentiq var…