Meqapolis hüznləri | Qismət

“Sovetski”nin pişiklərinə ithaf olunur...Qismət
Babamgilin şəhərin mərkəzində evləri vardı. Mustafa Sübhi küçəsi, 31-də. Məşhur adıyla “Sovetski”də. “Seqa”nın təzə məşhurlaşan vaxtlarıydı. Evə gələn qonağa gedəndə pay qoymaq adəti ( bunlar adətən kənd yumurtası, pendir, yağ və mürəbbə, kampot olurdu) təzə-təzə səngiyirdi. 150 nömrəli məktəbin ətrafındakı dar küçələrdə saqqızdan yox, saqqızdan çıxan şəkillərdən ötrü futbol oynayırdıq. O vaxtlar məhlələrarası oyunlarda “turbo” saqqızından çıxan bu şəkilləri qazanmaq, bizim üçün dünya kubokundan üstün idi. Dönəmin Braziliya futbol yığmasında ən ünlü oyunçular Romario və Bebetoydu, amma “Tom və Cerri” cizgi filmi hələ köhnəlməmişdi. 90-cı illərin ortasıydı, əbədi keçmişə çevrilmiş uşaqlığımın ən dəcəl, ən qaynar, ən kədərli günləri...

“Uçan boşqablar” barədə məhəlli söhbətlər, başqaplanetlilər haqqında sənədli filmlər artmağa başlamışdı. “Terminator” filmində, böyük bir hərbi hissəni yenidən qurmağa yarayacaq qədər arsenalı tum kimi çırtlayan Arnold Şvartzeneggerin, həyatda da o cür olduğuna inanan adamlar Marsdan məhəlləmizə təzə-təzə təşrif buyurmuşdular. Elə biri Aykanın oğlu Hüseyn. Hüseynin atasının adı Daşdəmir idi, amma hamı onu anası Aykanın (Aygün idi adı ) oğlu kimi çağırırdı. Mən onda elə bilirdim ki, Daşdəmir adı uzundu deyə, Hüseynin adının yanına anasının ayamasını yapışdırıblar.
Hüseyngil çox kasıb idilər. Daşdəmir Bakı kəndlərindən birində, babat adamlardan birinin bağında bağban-qarovulçu kimi çörəyini qazanmağa çalışırdı. Aygün xala isə “Təzə Pir” Məscidinə paralel küçədə yerləşən dükanda çörək satırdı. Çox sonralar, tələbəlik illərində, avara-avara şəhərdə gəzəndə qərara gəldim ki, gedib uşaqlıqda gəzdiyim o küçələrə baş çəkim. Gözümüzün önündə yanıb gedən, uşaqlığımın keçdiyi babamgilin evinin yerində indi nə tikildiyinə baxım, bir dənə də siqaret tüstülədim. Həmin gün ora getdim və orda Hüseyni, Ağabəyimin oğlanları Turalı, Nicatı, Azik əmini, onu arvadı Rəfiqə xalanı xatırladım.

Azik əmigil rusdilli idilər. Əsl adı Azər idi, arvadı ona “Azik” deyirdi. Qızlarının adı Nərminə idi, Narmina çağırırdılar. O vaxt hamımız Narminanı sevirdik.
Həmin gün orda, Mustafa Sübhi küçəsində ötənləri xatırladıqca, keçmişdə uşaq saflığıyla anlamadığım bir çox əhvalatın həqiqi səbəbini başa düşdüm. Bir gün Hüseyn sevincək, şəstlə məhəlləyə gəldi. Gözündə qara gün eynəyi, əynində qara dəri gödəkçə. Yaxınlaşanda gördük ki, saç düzümü də dəyişib. Atası həmin gün ona maya qoymuşdu ki, oğlu sevimli arzusuna çatsın, “Terminator”a oxşasın. O gün Hüseyn Daşdəmirin oğlu Hüseyniydi.

Bütün bunları düşündükcə, yaddaşımın zirzəmisinə o günlərin işığı düşdükcə, uşaqlığımın unudulan coğrafiyasının xəritəsi böyüyürdü. Orda siqaretimi sümürüb, tanış bir üz axtarışıyla gəzişəndə, xatırladığım bir əhvalat içimi yun kimi didik-didik elədi. Bu Hüseynin Aykanın oğlu olmasının hekayəsidir. 

...Əlimizə pul düşmüşdü və qaçmışdıq küçəmizin tinindəki kompüter salonuna “Mortal Kombat” oynamağa. Yarım saatdan sonra salondan çıxanda, Daşdəmir əmiylə rastlaşdıq. Səhər evdən çıxmışdı ki, işlədiyi bağa getsin, hesabnan iki gün sonra gəlməliydi. Nə olmuşdusa, sabah gedəsi olmuş, yoldan qayıtmışdı. Əvvəlcə oğlu Hüseynin başını sığallamaq şərtiylə, hamımızın başını sığallayıb, gülümsə-gülümsəyə hərəmizin ovcuna bir saqqız qoydu. Sonra həyətə keçib, asta-asta ikinci mərtəbədə olan evlərinə qalxdı. Az keçmədi ki, həyətin qapısı tələsik açıldı və Daşdəmir əmi özünü məhəlləyə atdı. Yolun kənarında əyləşdi. Əlləri əsirdi. Rəngi ağappaq olmuşdu. Hüseyn qaça-qaça atasının yanına getdi, biz də, məhlənin cayılları da onun dalınca. Hüseyn atasını silkələyib nə olduğunu soruşurdu. Sonra nə oldusa, Hüseynin uşaq ağlına gəldi ki, atası “Terminator”u yamsılayır. Üzünü bizə çevirib gülə-gülə “atam, “Terminator” olub”, — dedi. 

Dəqiq xatırlamıram Daşdəmir neçə dəqiqə orda elə oturdu, oğlu Hüseyn nə qədər güldü, biz nə qədər susduq. Onu bilirəm ki, birdən kişi yerindən sıçrayıb, “atam, “Terminator” olub, atam “Terminator” olub” deyə-deyə qaçıb getdi. Balaca Hüseyn bunun da oyunun bir hissəsi olduğunu düşünüb, gülməyə davam etdi. Biz də gülməyə başladıq, cayıllar isə adama bir siqaret yandırıb tində yerə çökdülər. Axşamacan susdular.

O gündən sonra Daşdəmiri bir də görən olan olmadı. Müxtəlif şayiələr gəzməyə başladı. Biri dedi ki, müdürü bağ evində ona balaca bir daxma verib, orda qalır. Bir başqası dedi ki, Moskvaya gedib orda bir rusnan evlənib. Bəziləri dedi ki, özünü dənizdə boğub, biri isə dedi ki, “vosmoy”da dilənir, dəli olub...

Bunlardan hansı düzdür, bilmirəm. Onu bilirəm ki, Daşdəmir əmi qaçıb gedən günün səhəri məhəllənin cayılları danışırdılar ki, dünən axşamüstü məhəllədə bir maşın dayandı, Aygüngildən bir gədə çıxdı. Qulağında “milçəköldürən” (Erikson 618 dövrün məşhur mobil telefonuydu), danışa-danışa maşına minib getdi. 

Daşdəmiri əmini bir də görən olmadı, amma o gündən az keçmədi ki, təkcə bizim məhəllədə yox, tanıdığımız-tanımadığımız ayrı-ayrı məhəllələrin hamısında yaşayan yeniyetmələr, kişilər çörəksatan Aygünü görməyə başladılar. O qəribə gündən sonra “Terminator”un anasının adı Aygün xala yox, Ayka xala qaldı və o gündən sonra Hüseyn Aykanın oğlu oldu. 

“Sovetski”də küçə itləri, pişiklər çox olurdu. Məhəllənin cayılları bəzən “kayf”ları yaxşı olanda onları daşa basırdılar. Bəzən bizim məhəlləyə gələn itlərin ayağı axsaq olurdu. Görünür, o bir məhəllənin cayıllarının “kayf”ı lap yaxşı olurdu.Topallayan itlərə çox yazığım gəlirdi. Pişiklərin vəziyyəti itlərinkindən heç də geri qalmırdı. Mən pişikləri həmişə — elə indinin özündə də — çox sevmişəm deyə, bir gözü çıxmış, tükləri yolunmuş, axsaq pişikləri görəndə qaça-qaça gedib soyuducudan nəsə oğurlayıb onlara atırdım. Fikirləşirdim ki, pişiklər onlara etdiyim bu yaxşılığı yadında saxlayacaqlar və biləcəklər mən onlara daşa basanlar tayı deyiləm. Amma ancaq miyolayırdılar, danışmağa dilləri yox idi. Bir gün məhəlləmizə tez-tez gələn pişiklərdən birini sığallayanda gördüm ki, onun dişləri də yoxdu. Bu qəddarlıq mənə çox pis təsir etmişdi. Atam diş həkimidi deyə, ağlaya-ağlaya onun yanına qaçmışdım ki, “ata, nolar məhlədəki pişiyin də dişlərini də düzəlt...” 

Yaşda bizdən böyük uşaqlar bəzən binamızın kəlləsindəki çardaqfason yerdə yığışırdılar. Bizi ora buraxmırdılar. Onlar cayıllağa namizəd idilər. İndidən “zakon” qoyurdular. Bir dəfə məhləmizin keflənmiş həmin cayıllığa namizədləri bizə də ora-çardağa qalxmağa icazə verdilər. Amma şərt qoydular ki, hərəmiz dişsiz pişiklərdən birini özümüzlə gətirməliyik. Razılaşdıq. Cəmi 3 dənə pişik tapdıq. Qalxdıq çardağa. Çardaq elədə qəribə yer deyildi. Pişikləri bizdən aldılar, hərəmizə bir siqaret verdilər. Dedilər ki, çəkin qorxmayın. Yandırıb çəkməyə başladıq. Cayıllardan üçü yerə çömbəldilər, hərəsi bir pişiyi qucağına götürüb sığallamağa başladılar. Sonra üçü də şalvarının qabağını açıb, hər gün adını çəkdikləri, hamımızın qulağının alışdığı o məşhur 3 hərfli söyüş qəhrəmanını pişiklərə əmzik elədilər. Dişsiz pişiklər “əmzik”lərinə tez alışdılar. Cayıllar bizə baxıb hırıldadılar, sonra gözlərini yumdular. Görünür, kiminsə xəyalını qururdular. Biz donub yerimizdə qalmışdıq. Bir az keçəndən sonra cayıllardan biri dilə gəlib dedi: “Alə, uşaqlar gəlin bu pişiklərin hamısına, “Ayka” adı qoyaq”. Hamı gülüşdü. Bunu eşidəndə Hüseyn ağlamağa başladı. Çardaqdan tələsik düşməyə başladı. Biz də dalınca düşdük. Dalınca küçəyə qaçdıq. Gördük ki, “Terminator” atası Daşdəmirin yerişiylə, ağlaya-ağlaya çörək dükanına tərəf qaçır…

0 şərh