Ö.F.Nemanzadə publisistikasında milli dil problemi

Omər Faiq NemanzadəXX əsr Azərbaycan publisistikasının inkişafında böyük xidmətləri olan şəxslərdən biri də görkəmli jurnalist, molla nəsrəddinçilərin ideya rəhbərlərindən biri, C.Məmmədquluzadənin yaxın dostu və məsləkdaşı Ömər Faiq Nemanzadədir. O, fəal bir ziyalı kimi ölkədə baş verən ictimai-siyasi və mədəni hadisələrin fəal iştirakçısı olmuş, xalqın maariflənməsi və azadlığı uğrunda yorulmadan mübarizə aparmışdır. Cəmiyyətdə gördüyü nadanlığı, savadsızlığı və ədalətsizlikləri qələmə alaraq müxtəlif ədəbi məcmuələrdə dərc etdirirdi. 1905-ci ildə isə Ö.F.Nemanzadə Tiflisdə «Qeyrət» mətbəəsi açmağa nail olur. Adından göründüyü kimi, müəllif əqidəli, Vətən, millət təəssübü çəkən yurddaşlarını milli dirçəliş və milli birlik uğrunda qeyrət göstərməyə çağırırdı.

Ömər Faiq Nemanzadə cəsarətli bir publisist kimi 1906-cı ildən 1917-ci ilə qədər «Molla Nəsrəddin» jurnalının məsul katibi olmuşdur. Professor Əziz Mirəhmədov Ömər Faiqin bu ədəbi məcmuələrdəki fəaliyyətini qiymətləndirərək yazırdı: «…Gördüyü işin böyük əhəmiyyətini dərindən dərk etdiyi üçün Faiq bütün varlığını, bacarıq və qüvvəsini bu işə verirdi. İstər «Qeyrət»in, istərsə «Molla Nəsrəddin»in fəaliyyəti dövründə o, dostu (C.Məmmədquluzadə- O.H) ilə əl-ələ verib irticanın hücumlarını dəf etmiş, lazım gəldikdə hətta qaragüruhçularla açıq mübahisə və mübarizəyə də qoşulmuşdu. Faiq dostundan çevikliyi, yorulmazlığı tez ünsiyyət bağlamaq xüsusiyyəti ilə də seçilirdi.»

Başqa mollanəsrəddinçilər kimi Ömər Faiq də təhqirlərə, təqiblərə, təhdidlərə və həbs olunmasına baxmayaraq, öz kəsərli qələmi ilə ictimai həyatda və xalqın maariflənməsində inamla mübarizə aparmışdır. Ö.F.Nemanzadənin ədəbi yaradıcılığı geniş və çoxşaxəlidir: burada mətbəəçilik və redaktorluqdan tutmuş, müxtəlif ədəbi dərgilərdə şeir, hekayə, məqalə, felyeton və s. janrlarda yazıb yaratması və maarifçilik sahəsində apardığı işlər daxildir.

Onun yazıları «Şərqi-Rus», «Tərcüman», «Molla Nəsrəddin», «İrşad», «Həyat», «Açıq söz», «Sərvəti-fünun» və s. ədəbi məcmuələrdə çap olunurdu. Bu məqalə və felyetonları o, 40-dan çox, o cümlədən «Heyrani», «Məşrutəçi», «Lağlağı», «Ümidvar», Ümid» imzaları ilə çap etdirmişdir. Həyatda rastlaşdığı bütün çətinliklərə baxmayaraq bu vətənpərvər jurnalist xalqın xoşbəxt gələcəyinə ümidlə baxırdı. Xalq yazıçısı Elçin bu münasibətlə yazmışdır: «…Lakin ümidvar ümidini itirmirdi və ən əsası isə, onun özünün qələminin fəaliyyəti bir ümid yaradırdı. Çünki bu qələm, yuxarıda yazdığımız kimi, yatmışları oyadırdı, xalqı xalqın özünə tanıdırdı — Ümidvarın qələmi ümid saçırdı.»

Dövrün qabaqcıl ziyalısı kimi o, öz xalqını dünyanın ən mədəni xalqları səviyyəsində görmək arzusu ilə yaşayır və nicat yolunu elmdə, təhsildə, xalqın maariflənməsində görürdü. Başqa millətlərin irəli getdiyi halda, o, «müsəlmanlarda bir tərpəniş» görmür, daxili bir təəssüf və narahatlıq hissi keçirərək yazırdı: «…Qiyamətə qədərmi kor gəlib, kor gedəcəyiz? Qafil doğub, qafil öləcəyiz? Boynumuzdakı bu ağır cəhalət zəncirlərini, qəflət yüklərini məhşərə qədərmi sürükləyib götürəcəyiz?»
Ömər Faiq zəmanəsinin bütün insanlarını — şeyxülislamları, müftiləri, qazıları, mollaları, axundları, müəllimləri, qulluqçuları «geri qalan camaatın dərdinə qalmağa», öz mənəvi suverenliyi uğrunda mübarizəyə çağırırdı. Özgə millətlər, dünya gündən-günə dəyişib inkişaf etdiyi halda mübariz publisist özünəməxsus daxili bir yanğı ilə yazırdı: «Əsil islamiyyətdən, zəmanənin təqazasından bixəbər yatırıq, halbuki, zaman dəyişir, dünya dəyişir, hər zərrə dəyişir… İnsaf və mürvətmidir ki, bizlər hər şeydən də dişarı olaq? Dəyişməli, biz də mütləq dünyəvi əməllərimizi, göz görə təhlükələrə, səfalətlərə sürükləyən köhnə adətlərimizi, cahilanə fikirlərimizi, əməllərimizi dəyişməliyik. Və illa özgələr bizləri bütün özgə yolda dəyişdirib yox edərlər».

Maarif və mədəniyyəti inkişaf etdirməyin ən birinci şərtini o, kitab və qəzetlərdə — mətbuatda görürdü. Onun fikrincə «hər millətin mədəniyyət və qüvvəti mətbəələrin sayı ilə mütənasibdir». Xalq şairi Bəxtiyar Vahabzadə Ömər Faiqin yaradıcılığına həsr etdiyi məqaləsində yazırdı: «Onun (Ömər Faiqin — O.H.) qələmi zəmanəsinin ən ciddi, ən zəruri ictimai problemlərinə toxunmuş, xalqının səadəti, tərəqqisi üçün elm, təhsil, məktəb, maarif, dil saflığı, əlifba, fəhlələr üçün həmkarlar təşkilatının zəruriliyi, tətil azadlığı, milli gəlir və sairə kimi ən vacib məsələlərdən yazmışdır».

«Ay mənim sevgili məzlum millətim, vaxtdır oyanaq, vaxtdır iş görək»-deyən müəllif öz həmvətənlərini mənfəətxorlara, dinini, millətini «iki qəpiklik xeyrə satanlara boyun əyməməyə», «dəhşətli vaqiələrdən» ayıltmağa səsləyirdi. Ömər Faiq Nemanzadə bütün publisistik yazılarında xalqla xalqın öz dilində danışırdı. Xalqa olan inamın nəticəsidir ki, o, «Dəvət və təvəqqe» məqaləsində yazırdı: «Xülasə, bizim hər cür ümidimiz camaatın oyanmasında, camaatın öz xeyir-şərini özləri tanımasındadır».

Ö.F.Nemanzadənin publisistik yaradıcılığında dil məsələlərinə həsr etdiyi məqalələri xüsusi yer tutur. O, mübariz bir mətbuat işçisi, vətənpərvər ziyalı kimi daim Azərbaycan dilinin təmizliyi keşiyində dayanmış və bu sahəyə aid bir sıra məqalələr yazıb çap etdirmişdir. Ömər Faiqə görə milləti sevməyin birinci əlaməti onun dilini sevməkdir. Professor Şamil Qurbanov yazırdı ki, «milli dil problemi onun yaradıcılığında başlıca yer tuturdu. Bu da təsadüfi deyildi. Çünki XX əsrin Azərbaycan ziyalılarının əsas mübarizə hədəflərindən biri də milli dilə xor baxan, ona biganə olanlar idi.

Ana dilinə olan məhəbbətin ifadəsidir ki, Ömər Faiq yazırdı: «Dil yoxluğu millət yoxluğudur», «Mən inanmıram ki, dilini sevməyən xalqını sevsin», «Məhəbbətlərimizin ən üst qatına dil məhəbbətini çıxarmalıyıq» və s… «Yazımız, dilimiz», «İkinci il»imiz adlı məqaləsində müəllif dilimizin ahəng qanununu inkar edib, onu ərəb-fars qəlibinə salmaq istəyənlərə tutarlı cavab verirdi. Dilimizdə əsl öz sözlərimiz olduğu halda alınma sözlərin işlədilməsinə öz etirazını bildirirdi: «…Biz deyirik: çox heyflər olsun ki, dilimizin yarısını ərəb və fars sözləri ilə doldurub bizi dilsiz və bədbəxt etmişlər. Elm və mərifətin camaat arasında yayılmağına böyük əngəl olmuşlar. Dilimizi genişləndirərkən, qaşımızı qayırarkən gözümüzü çıxarmışlar».

«Eşq və məhəbbət» məqaləsində Ömər Faiq qeyd edir ki, dilimiz dünyadakı asan və gözəl dillərdən biridir. O, ana dilimizə həqarətlə baxanları və bu dildə danışmağı şəninə kəsir bilənləri kəskin tənqid edərək yazırdı: «Bizim bəzi ağalar dilimizin çətinliyini bəhanə edib evdə arvad-uşaq ilə də özgə dildə danışmaq xəyalında bulunurlar. Tiflisdə beş ziyalı bir araya gələndə görməzsiniz ki, öz dili ilə danışsın. Buranın qonaqlarında, yığıncaqlarında milli dil, milli adət, milli süfrə, milli sadəlik bulmazsız. Hələ xanımlar deyəsən ki, milli dilə düşməndirlər. Bunların adları özgə, dilləri özgə, adətləri özgə, diləkləri özgə, tərbiyələri özgə, gələcəkləri özgə, məhəbbətləri özgə! Bilmirəm bunların millilikdən payları nədir? Bilmirəm bu gedişlə hara gedirik?»
 

0 şərh