İsi Məlikzadə

İsi MəlikzadəYazıçı-dramaturq İsi Məlikzadə müasir Azərbaycan ədəbiyyatının ən görkəmli nümayəndələrindən biridir. Onun nəsr əsərləri haqqında istər sağlığında, istərsə də  ölümündən sonra bir çox ədəbiyyatşünaslar, tənqidçilər, görkəmli alimlər, qələm dostları öz sözlərini deyib.
"İsi Məlikzadə Azərbaycan üçün Əbdürrəhim bəy Haqverdiyev səviyyəsində parlaq ədəbi sima idi" (Əkrəm Əylisli, xalq yazıçısı); "İsi Məlikzadə nəinki Azərbaycanın, həm də dünyanın maraqlı, oxuna bilən ziyalılarından və yazıçılarındandır" (Əli Rza Xələfli, şair).

Bu yazıya sığa bilməyən deyimlərlə, xatirələrlə yanaşı, dəyərli monoqrafiyalar və dissertasiya mövzuları da var. Görkəmli ədəbiyyatşünas alim Yaqub İsmayılovun "İsi Məlikzadə — söz sərrafı, nəsr ustası" monoqrafiyasını, görkəmli alim Rəhim Əliyevin «Müdrik sadəlövlük» adlı geniş həcmli məqaləsini, Sevinc Abbasovanın namizədlik dissertasiyasını və ədəbiyyatşünas Nurlana Əliyevanın «Zamanın sözü» monoqrafiyasını xüsusi qeyd etmək lazımdır.
Bununla belə, İsi Məlikzadə  yaradıcılığı tam araşdırılıbmı, təhlil edilibmi? Neçə romanı, povesti, hekayəsi, pyesi var? Adbaad neçə kitabı olduğu haqda dəqiq məlumat varmı? Məlumdur ki, İsi Məlikzadə özü tərcümeyi-hal yazmamışdır. Odur ki, onun həyat və yaradıcılığı, indiyə qədər haqqında yazılanları seçib toplamaq və digər araşdırmalar aparmaqla tamamlana bilər.

Ötən ilin əvvəllərində Ağcabədidə olarkən onun ata-baba evəlrinə baş çəkdim, özünün rahatlıq tapdığı, yazıb-yaratdığı kiçik otağa girdim. Çarpayısı, yazı masası, üstündəki əşyalar hamısı öz yerində, qaydasında idi. Otaqdakı iki iri qırmızı  çemodanda rus, gürcü, erməni dillərində jurnallar, səliqə ilə üst-üstə yığılmış, ağzı iplə düyünlənmiş qovluqlarda əlyazmalar, yazışmalar, məktublar və hazır, təsdiqlənmiş halda kino ssenariləri vardı. Onların arasında İsinin öz əli ilə, qələmilə yazılmış köhnə, qat kəsmiş bir kağız vərəqi diqqətimi çəkdi. Bəlkə maraqlı olar deyə, onu olduğu kimi təqdim edirəm:
«Kitablar 1. Həsrətin sonu 2. Özgə anası 3. Kövrək qanadlar 4. Küçələrə su səpmişəm 5. Yaşıl gecə 6. „Mujçina v dome“ (Moskva). „Yunost“ və „Zvezda“ jurnallarında çap olunub. Rus, ukrayna, belorus, özbək, gürcü, erməni, ingilis, fransız, ərəb, bolqar, alman  dillərinə tərcümə olunub. 15 povest, 40-dan çox hekayə, 1 roman, 3 pyes, bədii film ssenarisinin müəllifidir. Haqqında respublika mətbuatında və mərkəzi mətbuatda: „Literaturnaya qazeta“da, „Drujba narodov“ və „Literaturnoye obozreniye“ jurnallarında materiallar dərc olunub. Əsərləri barədə bir neçə diplom işləri yazılıb.»

Vəssəlam. Ad, imza və tarixsiz bir yazı. Sanki harasa təqdim etmək üçün hazırlanıb. Öz əlilə və yazıldığı zamana görə ən mötəbər məlumatdır.  Düzdür, «Kirpi» satirik jurnalındakı kiçik yümoristik yazıları, məqalələri və s. fəaliyyəti bura daxil edilməmişdir, o da görünür, müəllifin qənaəti və tələb olunan həcmə uyğun şəkildə edilmişdir. Bu yazı haqqında eşitmişdim. 1970-ci illərdə Azərbaycan Sovet Ensiklopediyasının 5-ci cildinə hazırlıq dövründə ondan həmin yazını istəyiblərmiş ki, ora daxil etsinlər. Sonralar zəng edib dəqiqləşmə aparıblar, fəxri  adı, orden və medallarını soruşublar, «yoxdur» cavabı aldıqdan sonra heç olmasa komsomol mükafatı bəlkə ola. O da deyib ki, «Komsomol mükafatı yoxdur, amma partiya „vıqovor“u var. Beləliklə, məsələ qapanıb.

Bir müddət əvvəl qohumlardan biri „Vikipediya“ açıq ensiklopediyasından bir məlumat əldə edib, onu mənə göstərdilər. Burada İsi Məlikzadənin həyat və yaradıcılığı haqqında geniş yazı vardı, „Əsərləri: (sıra ilə kitablarının adı)  10, Filmoqrafiya isə 27“ göstərilirdi. Bu sıraya Moskvada rusca çapdan çıxmış: „Mujçina v dome“ və „Zelyonaya noç“ kitablarını da əlavə etsək, həqiqətə daha yaxınlaşmış olarıq. Məlumatda 10-cu kitabın adı: „Dolaşaların novruz bayramı“ (Bakı: Gənclik, 1992, 119 səh.) kimi göstərilirdi. Bu nəcib işi vicdanla, çox səliqə-sahmanla görənlərə qəlbən minnətdarlıq duymaqla bərabər, belə bir kitabın mövcudluğuna inana bilmirdim, ona görə bir başa M.F.Axundov adına ölkə kitabxanasına yollandım. Kitabxana işçisi yarım saat ərzində əl boyda kitabı  gətirib mənə verdi. Kitabdan eyni adlı təkcə povesti axıra qədər oxudum, mövzu taniş gəlirdi, amma xatırlaya bilmirdim. Evdə danışdıqça, uşaqlar mənə „Pəncərə“ filmini xatırlatdılar. Hər nəşr olunan kitabını öz ürək sözləri, o cümlədən, „Həsrətin sonu“nda  »...əl boyda kitabça deyil, yumruq boyda ürəyimi bağışlayıram" yazan İsi, görəsən, dövrün ağrı-acılarından nə halətdə imiş ki, heç kitabçanın çıxdığını da bizə deməmişdi.

İsi Məlikzadə
Yeri gəlmişkən, özünün də yazdığı kimi, "əl boyda kitabça«ların da öz tarixçəsi, öz fərziyyələri var. İsinin incə, zərif xasiyyətlərinə bələd olsam da, həmyaşıd, dost, qohum, ərk münasibətlərimizdən bəzən bir-birimizə iradlarımızı da bildirməkdən çəkinməzdik. Bir dəfə sözarası dedim ki, „bu nədir, ay İsi, kitabların əl boyda, içindəkilərin bəziləri də başqa kitablarında oxuduqlarımız povestlər, hekayələr, gücün çatmırsa, mən də kömək eləyim yekə romandan-zaddan yazaq“. Əlbəttə, İsi bunun bir zarafat olduğunu bilirdi, bununla belə, fikirli-fikirli başını yırğalamağından sözlü olduğu hiss olunurdu. Kitab çap etdirməyin şair və  yazıçılar üçün asan iş olmadığını hamıdan çox elə onların özləri bilirlər. Sovet planlı təsərrüfat sistemində nəşriyyatın da öz planı vardı. Qayda-qanuna görə, gələn ilin planı bu ildən tutulurdu və adətən burada ən samballı yazarlar və „yuxarıdan“ tapşırılanlar yer ala bilərdilər. Başqalarının bəxti o zaman gətirərdi ki,»samballı" hələ yazılarını tamamlamayıb, ya da başqa bir səbəb var,«yuxarılar»dan da sorğu sual etmək qeyri-etik hesab oluna bilərdi.
Belə  hallarda İsi Məlikzadənin  də bəxtikəsənlər arasında olması güman edilə bilər və o  müvafiq «həcm çərçivəsi»ndə öz "Əl boyda" kitabçalarını nəşr etdirə bilərdi. Aydın olsun deyə qeyd etmək istəyirəm ki, «Dolaşaların novruz bayramı» (119 səh.) kitabı nəşrə verilən zamzan kitaba daxil ola biləcək başqa yazıları da varmış, amma «həcm çərçivəsi» imkan verməyib. Onu da deyim ki, İsi Məlikzadənin qarşısında heç də həmişə yaşıl işıq yandırılmayıb və bu onun ölümündən sonra da davam edir. Əlbəttə, bu deyilənlərdə qeyri-dədiqlik də ola bilər. Amma Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2004-cü il yanvar tarixli sərəncamı ilə İsi Məlikzadənin də kiril qrafikası ilə olan kitablarının latın qrafikası ilə nəşr olunmasının icrası zamanı düşünülmüş "özfəaliyyət" oyunu yazıçının ruhuna böyük hörmətsizlik olmaqla bərabər, ciddi qanun pozuntusudur. Prezident sərəncamına düzgün riayət edilməmişdir. Yazıçının 10 kitabının içindən 5 povest və 5 hekayə götürüb «Seçilmiş əsərləri» ("Şərq-Qərb", 2005 il, 336 səh.) icad etmişlər. Hansı ki, təkcə «Dədə palıd» özü 7 povestdən ibarət 413 səhifəlik bir kitabdır. 413 səhifəlik «Dədə palıd» kitabına əl gəzdirilərək, oradan üç povesti çıxarıb, başqa bir kitabından 1 povest («Gümüşgöl əfsanəsi») və 5 hekayə əlavə etməklə 336 səhifəlik «Seçilmiş əsərləri» biçmişlər.

Burada heç bir bəhanə keçərli deyil və qəbul edilə bilməz, Çünki Prezidentin sərəncamının tələbləri pozulmuşdur. Bütün bunlar nə deməkdir? Belə çıxır ki, 1 romanı, 13-15 povesti, 40-dan çox hekayəni, neçə-neçə dram əsərlərini gedər-gəlməzə yola salırlar? «Kişi sözü», «Ağ atlı oğlan», «Yaşasın demokratiya», «Qırmızı seytan», «Soltanqulu körpüsü» və s. niyə işlərinə yaramayıb onların? Ötən müddət ərzində bu cür münasibətə görə sözarası arzu, istək, giley formasında  mətbuat səhifələrində xeyli münasibətlər olmuşdur və gözlənilirdi ki, "özfəaliyyət" üzvləri deyilənlərdən nəticə çıxarar, bir çıxış yolu tapıb öz hərəkətlərinə düzəliş verə bilərdilər. Lakin görünür, bütün bunlar doğrudan da «Azərbaycanda ədəbiyyat adına oynanan oyunların» cüzi hissələrindəndir. Sanki hansısa gizli qüvvələr İsi Məlikzadəni tamamilə sıradan çıxarmağa çalışırlar.

...Görəsən, «Qatarda» tamaşasının müəllifi adı "ədəbi mühütdə unudulmuş yazıçı" kimi vurğulanan İsi Məlikzadə olduğunu neçə adam bilir? Nədən ki, bu ilin fevral ayının əvvəllərində AzTV-nin «Mədəniyyət» kanalında «1001 sual» oyunu keçirilirdi, aparıcı Azər Süleymanlı «tele-tamaşalar» mövzusundan sualı elan elədi: «Qatarda» teletamaşanın ssenari müəllifi kimdir? Ekranda:  1. Anar 2. Camal Yusifzadə. 3. Mövlud Süleymanlı. 4. Salam Qədirzadə yazılmışdır. Zəng edən xanım bir qədər fikirləşdikdən sonra 50-50-yə, yəni kömək variantını seçdi. Kompüter iki düzgün olmayan cavabı sildikdən sonra qaldı: 3. Mövlud Süleymanlı. 4. Salam Qədirzadə. Buhalda, xanım «4-cü — Salam Qədirzadə», — deyə cavab verdi. Kompüter «3. Mövlud Süleymanlı» — yaşıl işığını yandırdı və aparıcı Azər Süleymanlı da «Bu, düzgün cavab deyil, düzgün cavab — Mövlud Süleymanlıdır» — dedi.

Doğrusu, mən çox narahat oldum, «oyunda» bilərəkdənmi, bilməyərəkdənmi ciddi səhvə yol verilmişdi. Başqa ölkələrdəki tamaşıçıları hesaba almasaq, 9 milyonluq xalq aldadıldı. Özü də AzTV-dən. «Oyunun» qurtarmasına 15 dəqiqə qalmışdı, səhvi düzəltmək olardı, lakin bu, baş vermədi. Bütün gecə ərzində nə zəng edən oldu, nə də bir səs-soraq çıxdı. Xoşbəxtlikdən verilişə baxan olmamışdı. Mən özüm də kanalları dəyişərkən «oyuna» rast gəlmişdim. Kaş, baxmayaydım. Şənbə günü çətinliklə də olsa, verlişə cavabdeh olanlara başa saldıq ki, sualda göstərdikləri 4 nəfər yazıçılardan heç biri «Qatarda» teletamaşasının müəllifi deyil. «Həftənin birincigünü yoxlayıb, baxarıq» — dedilər. Birinci gün də «oyuna» axıra qədər baxdıq, bir xəbər çıxmadı. Səhəri yenidən təkid etdik, məlumat yerdilər ki, həftənin cümə dünü səhvlərini düzəldəcəklər, çünki həmin gün oyundateletamaşalar mövzusu qoyulacaq.

Təəssüf ki, yenə də bu mövzu oyuna daxil edilməmişdi. Bundan sonra verlişə ancaq cümə günləri baxmaq məcburiyyətində qaldıq və nəhayət, bir cümə axşamı mövzu  peyda oldu  və beləsual qoydular: "İsi Məlikzadə bu teletamaşalardan hansının müəllifidir? 4 teletamaşa biri — «Qatarda». Zəng edənlərdən biri «Qatarda» dedi. Aparıcı da «bu, doğru cavabdır», — deyə dilləndi. Beləliklə, bu «oyuna» əvvəlcəbaxanlar üçün «Qatarda»nın müəllifi  Mövlud Süleymanlı, sonra baxanlar üçün isə İsi Məlikzadə oldu. Aparıcının dediyindən belə çıxır ki, bu teletamaşanın iki adaxlısı var? YOX! «Qatarda»nın əsl müəllifi İsi Məlikzadədir.Odur ki, tamaşaçılardan üzr istənilməli, müvafiq mətbu orqanlarda təkzib verilməlidir. Digər tərəfdən, oyunda iştirak edən xanımın da  hüquqları pozulmuşdur, ondan da üzr istənilməli, yenidən oyuna dəvət olunmalı və onuncavabı düzgün hesab edilməlidir, çünki xanım çaşdırılmışdır.

Yeri gəlmişkən, bu oyuna cavabdeh şəxslər öz səhvlərinin üstünü birtəhər ört- basdır etmək istədikdə, daha bir səhvə və pozuntuya yol vermişlər. Oyunların birində belə bir sual verilirdi: «Hamlet Xanızadə „Qatarda“ (myəllifin adı göstərilmədən) teletamaşasında hansı rolu ifa edir? 50-50 köməyindən istifadədən sonra 2. Hamlet 3. Qasım. Qaldı. Zəng vuran xanım „Hamlet“ dedi. Aparıcı „nə üçün “Hamlet»i seçdiniz" soruşduqda, "öz adıolduğuna görə seçdim" cavabını aldı və düzgün cavab: «Qasım» dedi. Burada səhvləri və qanun pozuntusunu qoy «oyunçular» özləri tapsınlar. Xülasə. Bu da keçər.
Gərək ki, bizdə də müəllif hüquqlarını qoruyan bir qurumvar, «lazım gəlsə» maraqlanar. Bir də ki, adları «oyunda» çəkilən yazıçılar gec-tez «Qatarda»nı yazmaqıqlarını boyunlarına alacaqlar. Bu məqamda yadıma bir «lətifə» düşdü. Kommunist partiyasının asıb- kəsən zamanlarında qızğın büro iclasında birinci katib partiyaya qəbil olan şəxsə sual verir ki, «Kapitalı» kim yazb, o da and içib ki, bilmirəm. Katib onu danlayıb və kabinetdən qovub. Büro iclasında oturan rayon prokuroru və milis rəisi də onaəyri-əyri baxılar. Həmin gün gecədən keçmiş hər ikisi katibin evinə zəng edib məlumat veriblər ki, yoldaş katib bəs o adam, nəhayət, «Kapital»ı özü yazdığını boynuna aldı.

Burada unudulmaz sairimiz Qabilin bir fikrini xatırlatmaq istəyirəm: "İsi Məlikzadə Azərbaycan nəsrinin çexovu idi, Şukşini idi. O, heç bir şey yazmasaydı da, əxlaq, sima, gözəllik, mütilik və kişilik poeması olan«Qatarda» onun bəsiydi".

İsi Məlikzadənin yaradıcılıq fəaliyyətinin böyük bir hissəsini dramaturgiya təskil edir. Yazıçıda bu həvəs və duyğuların yaranmasında gənclik illərində, əsasən 50-52-ci illərdə orta məktəblərdə təşkil olunan ədəbiyyat dərnəklərinin də rolu vardır. Yuxarı sinif sagirdləri bu dərnəklərdə teatr tamaşalarına daha çox yer verirdilər. Burada təkcə Azərbaycan dramaturqlarının deyil, rus və Avropa yazıçılarının əsərləri oynanılırdı. Səməd Vurğunun«Vaqif»ini əzbərdən bilməyən şagird bəlkə də yox idi. «Hacı Qara», «Müfəttiş», «Hacı Qəmbər» adı ilə məşhurlaşmış  Nəcəfbəy Vəzirov komediyası, «Oqtay Eloğlu», Əbdürrəhim bəy Haqverdiyevin əksər dram əsərləri Ağcabədinin mərkəzi klubunda da oynanılırdı və İsi də fəallardan idi. Cəfər Cabbarlının «Aydın»ında Aydını o qədər yaxşı oynamışdır ki, bu oğlanı hərdən Aydın deyə göstərirlərmiş. İsinin özündən eşitmişəm ki, eloğlusu, məktəb yoldaşı, artıq tanınmış rejissor Ağakişi Kazımov «Aydın» dramını Kazan səhərində tamaşaya hazırlayan zaman İsi də onunla birgə Kazanda olmuşdur.

İ.Məlikzadənin dram əsərləri haqqında əhatəli  bir yazıya rast gəlməmişəm. Düzdür, bəzi yazarlar komediyaları, kino ssenariləri olduğunu xatırlatsalar da, onların üstündən örtülü ötüb keçiblər. Görəsən, "İsi Məlikzadənin neçə və hansı dram əsərləri var" — sualına necə cavab vermək olar? Doğrusu, mən özüm də bu suala düzgün cavab verə bilmərəm. ümumiyyətlə, görəsən, yazıçıların, şairlərin neçə kitabları, neçə əsərləri olduğunun hesabını aparan bir qurum var, ya yox? çoxları deyər ki, yoxdur və yəqin ki, belədir. Onda, deməli, yazarlar özləri hesabat aparırlar. Bəs buna inanmaq olarmı? O qalır yazarın öz vicdanına. Digər tərəfdən, adamdır də, durdu uzaq-uzaq ölkələrin birindən olan naməlum yazıçının hər hansı bir əsərini götürüb öz siyahısına saldı. Kim xəbər tutacaq? Məsələn, Heminqueyin əsərini. Haradan yadıma düşdü bu ad? Xatırladım: Güya 60-cı illərdə yazarlardan biri o birindən soruşub ki, Heminqueyin hansı əsərini oxumusan? O da gülüb-gülüb, uğunub, «siz də özünüzdən elə adlar çıxarırsınız ki» — deyib. Deməli, dünyada tanımadığımız o qədər yazar var ki...

Artıq 1975-ci illərdən İ.Məlikzadənin üç pyesi Azərbaycanın teatr səhnələrində oynanılmaqda idi. Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında «Sağlıq olsun»,  Ağdam Dövlət Dram Teatrında oynanılan «Gəl qohumolaq» əsərlərinin afişaları onun arxivində saxlanılır. Sonra «Soltanqulu körpüsü», «Subaylarınızdan görəsiniz», «Hərənin öz ulduzu» və «Məndən nigaran qalmayın» pyesləri yazılmışdır. Daha sonra Ş.Qurbanov adına Azərbaycan Dövlət Musiqili Komediya Teatrında yazıldığı tarix və məzmunundan xəbərsiz olduğumuz «Kələkbazlar» tamaşası görkəmli bəstəkarımız, mərhum Süleyman Ələsgərovun musiqisi, gərgin əməyi və dirijorluğu ilə oynanılmağa başlamışdır. ümumiyyətlə, bu dahi insan İsi Məlikzadə yaradıcılığına yüksək qiymət verərək, 30 ilə yaxın onunla çiyin-çiyinə çalışmış və Musiqili Komediya Teatrında bir-birindən maraqlı əsərlər tamaşaya qoymuşlar.

Elə zamanlar olmuşdur ki, eyni gündə Bakıda iki teatrda ayrı-ayrı komediyalar tamaşaya qoyuımuşdur. Bu, xalqımızın İsi Məlikzadə sənətinə verdiyi ən böyük qiymətdir. «Hərənun öz ulduzu», «Subaylarınızdan görəsiniz», «Gəlqohum olaq», «Kələkbazlar» və s. tamaşalar Azərbaycan teatrının səhnəsindən düşmür. Ağdam, Gəncə, Sumqayıt, Nazçıvan və Mingəçevir teatrı dəfələrlə onun dram əsərlərinə müraciət etmişdir. Ancaq indi bu əsərləri biryerə yığıb toplamaq çox çətin olar, yəqin ki, hər teatr əlində olan hansısa bir yazıya əsaslanaraq öz tamaşalarını göstərir. «Məndən nigaran qalmayın» pyesinin talei isə faciəli olmuşdur. Onun ömrü müəllifinin və onu tamaşayaqoymuş rejissorun taleyi kimi qısa olmuşdur.

Əvvəllər də yazıldığı kimi əsər görkəmli rejissor, mərhum Hüseynağa Atakişiyevin xahişilə Azərbaycan Gənc Tamaşaçılar Teatrında tamaşaya qoyulmaq üçün ona təqdimolunmuşdur. 1996-cı il mart ayının 2-də teatrda əsərin ilk tamaşası zamanı Hüseynağa Atakişiyev belə demişdir: «Türkiyəyə səfərimdən bir az əvvəl İsi ilə görüşdüm, bizim teatra əsər yazacağına söz verdi. Onun vəfatından Türkiyədə xəbər tutdum. Qayıdan da stolumun üstündə „Məndən nigaran qalmayın“ əsərini gordüm, tələsik olduğundan hər surəti aktyorun özünə payladım, bütov halda saxlaya bilməmişik». İndi bu əsərlə rastlaşanlardanonun üzə çıxarılmasına gömək edənlər bu günlərdə 78 yaşında olmalı İsi Məlikzadənin və mərhum rejissorumuzun ruhuna hörmət etmiş olarlar. Qarabağda ermənilərin azərbaycanlılara qarşı vəhşiliklərindən bəhs edən bu əsəri Gənc Tamaşaçılar Teatrının kollektivi  bərpa edib yenidən tamaşaya qoysa, öz repertuarlarını genişləndirər, böyük vətənpərvərlik göstərərək Qarabağ mövzusunu gündəmdə saxlamış olarlar.

Bu sadaladıqlarımıza əlavə olaraq qeyd etmək istərdik ki, yazıçının vəfatından sonra "Ədəbiyyat qəzeti«ndə „İmtahan“ (1999 il ) və „Oğurluq“ (2003 il) adlı pyesləri dərc olunmuşdur. Beləliklə, hələlik İsi Məlikzadənin 7dram əsərindən məlumatlı olduq.

Müəllif: Nizami Hacı Aslanoğlu

2 şərh

pascal
Əvvəla, bu topiki bizlə paylaşdığına görə sənə minnətdaram, Apollon. Sözgəlişi demədim bu minnətdarlığımı, doğurdan, ürəkdən deyirəm — Çox sağ ol.
2-cisi də bu məqaləni yazan Nizami Hacı Aslanoğluna da Allahdan can sağlığı arzulayıram ki, belə yazıçılarımızı unutmayıb, haqqında məlumatlar yazır, araşdırmalar aparır və  tanımayan oxuculara onları tanıdırlar. 
Yazını diqqətlə oxudum. «Qatarda» televiziya tamaşasını çox-çox bəyənərək izləmişəm həmişə. Hətta o qədər baxmışam ki, bütün monoloqları, dioloqları əzbər bilirəm. Görkəmli aktyorumuz Yaşar Nurinin baş rolda (Dadaşov rolunda) oynadığı gözəl, tərbiyəverici, düşündürücü və bir o qədər də komedik tamaşadır. Baxmayanlara tövsiyyə edərdim ki, baxsınlar. 
Yazıda əks olunan Az.tv kanalındakı intellektual oyunda baş verən biabırçılığa isə...nə deyəsən? Söz tapa bilmirəm. Nə isə...
Bir daha təşəkkür.
Apollon
Buyurun, pascal.
Diqqətiniz üçün minnətdaram.