Əsəblərinizi qoruyun

Sakit Kamallı yaz-payız plaşını geyinib əmin və sakit addımlarla, kefikök halda, az qala fıştırıq çala-çala evindən çıxdı, dördüncü və beşinci mərtəbələrin arasındakı pilləkən meydançasında dayanıb liftin zəngini basdı. Səhərin bu saatında lift ya doqquzuncu, ya da birinci mərtəbədə olmalı və uğuldayaraq gəlməliydi. Sakit Kamallı qulaq verdi: qaranlıq boşluqdan lift səsi gəlmirdi. O, azca, lap azca dilxor oldu, amma dərhal kamal dolu başına çatdı ki, ziyanı yoxdur. Fikirləşdi: “Hmm, hələ işə salmayıblar. Eybi yox, həmkarlarım da deyir ki, pilləkəni piyada düşüb-qalxmaq səhhətə faydalıdır”.

Əsəblərinizi qoruyunSakit Kamallı işə getmək üçün yolun o üzündəki dayanacağa keçmək istədikdə yolun əvvəlcə soluna, sonra sağına baxdı, soldan gələn iki, sağla şütüyən üç-dörd maşını buraxdı və daha bir avtomobilin uzaqda olduğunu gördü, iti addımlarla yolu keçməyə başladı. Ancaq o, uzaqda olan avtomobilin sürətinin 150-160 km/saat olduğunu hesablamamışdı, ona görə də son addımlarını səkiyə atdığı zaman arxasında asfalta pərçimlənən təkərlərin çıxardığı qıcırtı səsini eşitdi və düzü, bir qədər qorxdu. İldırım sürəti ilə şütüyən maşının sürücüsü salonda onun ünvanına nəsə anqırdı və sürüb getdi. Sakit Kamallı da əsəbiləşdi və tez özünü ələ aldı, öz-özünə dedi: “Hər ulağa qoşulası deyilsən ki. Təmkini qorumaq, əsəbiləşməmək gərəkdir”.

Yeddi dəqiqədən sonra avtobus gəldi. Sıxlıq idi. Sanki sürücü qəsəbədə nə qədər adam var, hamısını salona doldurmuş, sonra “ya Allah” deyib yola çıxmışdı. Sakit Kamallı hesabladı ki, bu avtobusu buraxsa, işə gecikə bilər. Mindi. Sürücü salondakılara səsləndi: “Ortaya keçin! Bir az sıxlaşın! Mehriban olun!”.

Sərnişinlərdən biri əsəbi şəkildə sürücüyə dedi: “Bezrazmer-zaddı bəyəm? Bu qədər adamı hara yığırsan?” Sakit Kamallı ürəyində sərnişinlə razılaşdı və fikirləşdi: “Amma dözümlü olmaq, əsəbləri qorumaq lazımdır. Cəmi yeddi kilometr yol gedəcəksən, bu işgəncə bitəcək”.

Ancaq işgəncə tezliklə bitmədi, onu başqa işgəncə əvəz etdi. Bunun adı da tıxac işgəncəsiydi. Sakit Kamallının mindiyi avtobus qəsəbə ilə şəhəri birləşdirən ilk yol ayrıcında kilometrlərcə uzanan tıxaca girdi. Yolu kəsib keçən başqa bir yolda da sıxlıq idi. Maşınlar bir-birinə elə hörülmüşdü ki, onu açmaq üçün kələfi haradan başlayıb çözməyin yolunu heç kəs bilmirdi. Əksər sərnişinlər kimi, Sakit Kamallı da əsəbiləşdi. Amma o, digərlərindən fərqli olaraq, özünü ələ aldı, düşündü: “Bir şey deyil. Əsas məsələ əsəbləri, beyin hüceyrələrini qorumaqdır”.

O da əksər sərnişinlər kimi avtobusdan endi və tıxacın o üzünə piyada keçmək qərarına gəldi. Təxminən bir-iki kilometrdən sonra tıxac arxada qaldı. Sakit Kamallı yola düzəldi və yarım saatdan sonra açılmış yola çıxdı. Bu arada o, fikir verdi ki, ayaqqabısının biri və şalvarının balağı palçığa batıb. Kamallı bundan bir qədər narazı qalsa da, taksiyə minməzdən öncə cibindən nəm məndil çıxararaq ayaqqabılarını sildi və düşündü: “Bundan ötrü əsəbiləşməyə dəyməz, əsas məsələ sinirləri hifz etməkdir”.

Ancaq Sakit Kamallı taksiyə minən kimi öz beyin hüceyrələrinə üç cür hücum hiss etdi. Bunlardan biri o idi ki, gənc və üzü eybəcər şəkildə tüklü sürücü salonda siqaret çəkirdi. İkincisi, o, siqaretin tüstüsü pəncərədən çıxsın deyə şüşəni endirmişdi və bayırın çiskinli havasının soyuğu içəri vururdu. Üçüncüsü, avtomobilin audiopleyerində yarımeyxana-yarımərsiyə janrında, beyin cırmaqlayan səslə, biri qız, digəri oğlan olan duet ortaqları düşük-düşük sözlərlə mahnı oxuyurdular. Sakit Kamallı başa düşdü ki, metrostansiyaya çatana qədər dözsün, fikirləşdi ki, sürücü siqareti söndürüb atacaq və şüşəni qaldıracaq, musiqi isə üç dəqiqəyə bitəcək. “Əsəbiləşməyə dəyməz, cəhənnəmə olsun, zövqü yox, mədəniyyəti yox, ağlı da yox. Durum buna nə deyim?”, — deyə o fikirləşdi və susdu.

Metro həmişəki kimi tünlük idi. Qatar dayananda və vaqonun qapısı açılanda tez-tələsik içəri doluşmaq istəyənlər içəridən çıxanlara imkan vermədən içəri təpildilər, girənlərlə çıxanlar arasında itələşmə oldu. Nəhayət, çıxanlar üstün oldular, deyinə-deyinə çıxdılar. Sakit Kamallı qapının kənarında dayandığı və ümumi itələşmə prosedurunda iştirak etmədiyi üçün vaqona hamıdan axırda güclə mindi. O, itələşənlərə acıqlanmışdı, amma vaqona minə bildiyinə görə özünü xoşbəxt saydı, həmişəki kimi özünü təlqin yoluyla əsəblərinə hakim oldu. Ancaq növbəti stansiyada bir nüans Sakit Kamallının əsəblərini tarıma çəkdi. Vaqonda oturmuş və saqqız çeynəyə-çeynəyə gözünü yummuş bir tələbə gənc nənəsi yaşda ahıl qadına yer vermədi. Sakit Kamallı istədi ki, oğlana irad tutsun, amma onun çivzəli suratına baxan kimi anladı ki, bu gədə söz qananlardan deyil. Ona görə də o, dinmədi, üzünü reklam çarxları verən tele-monitora tutdu. Ancaq bir sonrakı dayanacaqda tələbə gəncin mərifət damarı tərpəndi və o, qalxaraq yerini vaqona yenicə daxil olmuş gənc və gözəl qıza verdi. Sakit Kamallı hirsləndi və hirsini boğa-boğa fikirləşdi: “Sakit ol, Sakit, hər gədə-güdəyə qoşulub, beynini xarab eləmə”.

Metrodan çıxanda da onun dözümlü, eyni zamanda həssas beyninə mənfi təsir göstərən xırda hadisələr baş verdi. Bir kişi metronun tunelindəcə siqaretini yandırdı və ondan irəlidə sələn-sələn gedərək tüstülətməyə başladı. Sakit Kamallının ürəyindən həmin adama çatmaq və onun siqaretli ağzının üstündən şapalaq çəkmək arzusu keçdi. Bu, çox şiddətli arzuydu, amma Sakit Kamallı bunu da dəf etdi, öz-özünə “lənət şeytana” və “bir azca da döz, Sakit, çatırsan” dedi.

İş yerinə çatmasına az qalmış Sakit Kamallının əyləşdiyi avtobusun sürücüsünün başı xarab oldu, başını pəncərədən çıxarıb başqa bir həmkarına “adə, gicqulu, nöş qabağımca gedirsən” deyə irad tutdu, onun qazlayıb getdiyini görüncə, rəqibinin heç cür eşitməyəcəyi, əvəzində öz maşınının salonunda hər kəsin eşidəcəyi halda “peysərə bax ey, ala” deyə böyürdü və özü də qaza basdı. O boyda avtobuslar yolda motosiklet kimi gedirdilər. Sakit Kamallı əsəbiləşdi, bu gedişlə qəza baş verəcəyini proqnozlaşdırdı və sürücüyə təpindi: “Ay qardaş, bir az yavaş sür, camaat aparırsan!” Sürücü güzgüdən ona tərs-tərs baxdı, əlini “sən kimsən” mənası verən jestlə tərpətdi, ötüşməkdə davam etdi. Sakit Kamallı özünü bir az ələ alaraq əsəbini boğsa da, üç addım qabağa yeriyib, sürücüyə daha biz sifətlə təpindi. Onun səliqəli plaşına, qara kostyumuna, mavi köynəyinə, tünd qırmızı qalstukuna və təmiz təraş edilmiş sifətinə baxan sürücü bir balaca həslədi və sürəti azaltdı. Nəticədə bu avtobus qəzaya uğramadı, əvəzində o birisi yol kənarında dayanmış 3-4 maşının sol böyürlərini yaladı. Sakit Kamallı ürəyində sürücülərə sürücülük vəsiqəsi və lisenziya verənlərə söydü və mənzil başına çatanda başını bulaya-bulaya avtobusdan düşdü.

Saat yarım əvvəl evindən çıxanda kefiköklükdən fıştırıq çalmağı gələn Sakit Kamallı yolu keçib iş yerinə daxil olmaq üzrəykən daha bir xoşagəlməz hadisə baş verdi. Onun yanından sürətlə ötən daha bir avtomobilin əvvəlcə ön, sonra arxa təkəri düz Sakit Kamallının böyründə çamur dolu çuxura düşdü. Çuxurdakı çirkli suyun, lehmənin ən azı yarısı Sakit Kamallının üstünə sıçradı və onun səliqəli plaşını, qara kostyumunu, mavi köynəyini, hətta tünd qırmızı qalstukunu batırıb birrəngli etdi. Maşın şığıyıb getdi, Sakit Kamallının hirsi pik həddinə çıxdı.

O, dispanserin qapısından girəndə, dəhlizlə gedəndə, həmkarıyla şərik işlədiyi otağa daxil olanda da çox hirsliydi və artıq özünü ələ almaq barədə yox, hirsini töküb sakitləşmək barədə düşünür, üzünü Təmkin həkimə tutub söylənirdi: — Bir şəhərdə nə qədər ipləmə, zırrama, yaramaz, alçaq, şərəfsiz, vicdansız, murdar, mədəniyyətsiz, səviyyəsiz, gönüqalın, başıxarab, danabaş adam olar, doktor? Adamı rəsmən dəli edirlər...

Təmkin doktor onun üst-başına baxıb nə baş verdiyini soruşmadı. Amma küncdəki stuldan sakit bir səs gəldi: — Əsəbləri qorumaq lazımdır, doktor.

Bu, onun öz pasiyenti idi. Sakit Kamallı ona həmişə belə deyərdi.

© Samir Sarı
 

0 şərh