Nahidə/Şiringül Musayeva.

      Boğazının altını bağlasana -əri bərkə-bərk onun plaşının yaxasını çəkib bağladı – soyuq olar. Həmişəki kimi iri əlləri ilə onun saçlarına sığal verib beretkasının altına yığdı. 
    Və həmişəki kimi Nahidə bütün bunlardan gizli bir təsəlli və zövq aldı. 
Amma bu gün bu təsəlli və zövqə nə isə bir acı zəhər də qarışmışdı. Və bu acı zəhər qadının qəşəng üzünü sapsarı saraltmışdı. Əri isə bunu heç hiss etmirdi. Əksinə, onun sevinci yerə-göyə belə sığmırdı. Gör bir neçə illər idi uşaq arzulayırdılar. Hər axşamları, hər gündüzləri bu qayğıya bələnirdi. Qazandıqları pullar həkimlərə, dava-dərmana sovrulurdu, lakin Nahidə heç cür ana ola bilmirdi. 
  Ah, ana olmaq arzusu… Hər axşam, hər həftə, ər ay Zaurun sual edən baxışlarına eyni kədərli cavabı vermək bilsəniz necə çətindi. O ,hər ay bir az qayğı ilə, bir az umacaqlıqla Nahidəyə yanaşır, intizarla xoş bir xəbər eşitmək istəyirdi. Və Hahidə həmişə,bir Allah bilir, necə bir həsrətlə arzu edirdi ki, Zaura xoş bir xəbər versin. Və o sevinclə və həm də ehtiyatla Nahidəni bağrına bassın, onu öpüşlərə qərq etsin. O gündən sonra hər gün, hər saat Nahidənin üstündə əssin: «Çaydanı bu qədər doldurma», «Əlini soyuq suya vurma» və s. və i. Həmişə bağlarda, küçədə gördüyü körpə uşaqları gəzdirən analara Nahidə necə həsrətlə baxardı. Onlar görən bilirlərmi necə bəxtəvərdilər? Bəzən bu analar bir-biri ilə söhbət edərdilər: «Nana»klubniçni» yoqurtu çox sevir». Orxan isə albalı sokundan ötrü ölür». «Ver də, vişnə sokunun heç bir ziyanı yoxdur». Ah, bu söhbətlər… Görən nə vaxtsa o da öz körpə totuq uşağını kolyaskada oturdub belə arxayın və bəxtəvər şəkildə söhbət edəcəkmi? 
Yaxın rəfiqəsi İntizarın hamilə olması heç yadından çıxmır. İntizar bir tikə yemək yeyə bilmir, bütün günü öyüyürdü. Bir gün ayaq üstə dura bilməyən İntizar ağlaya-ağlaya «uşağı» istəmədiyini söylədi. O, əlləri ilə İntizarın ağzını tutdu: «Nə danışırsan,uşağı istəməmək olarmı?» «Kaş mənim hamiləliyim bundan da pis keçsin, amma uşağım olsun». Sonra isə İntizar gül  parçası kimi bir qız doğdu. 
Əvvəllər onlar uşağı bir yerdə gəzdirər, havaya çıxarardılar. Sonralar isə İntizar tədricən ondan gen gəzməyə başladı. O, elə bil Nahidə ilə uşağı gəzdirəndə sıxılırdı. 
Və bütün bu və buna oxşar hallar Nahidəni  bəzən özünə qapanmağa, tay-tuşdan gen gəzməyə vadar edirdi. 
Bəzən neçə ay və yaxud ildir ki, ana ola bilməyən bir rəfiqəsinin artıq hamilə olduğunu eşidəndə o nə qədər də sevinər və ümid edərdi ki, bir gün bu sevincdən ona da pay düşəcək. Lakin illər ötür, o isə ana ola bilmirdi. 
İllərlə davam edən intizar, həsrət bəzən insanı hansısa yola sürükləyir, o intizardan yaxa qurtarmaq istəyirsən. Xoşbəxt, bəxtəvər anaların sənə dikilən gözləri, uşaqlarını sanki səndən qorumaq istəyirmişlər kimi etdikləri qeyri-ixtiyari hərəkətlər səni cana doydurur. Ərin artıq sənə qadın kim yox, kötük kimi baxır. Baldızlar, qayınana sənə artıq əvvəlki mehribançılığı göstərmirlər. Böyük qayın sərt və ağır baxışlarla səni süzür, ona qulluq etmək üçün əldən-ayaqdan  getməyini hiyləgərlik, yerini bərkitmək kimi qəbul edr. 
  Və bütün bunlara dözüb, yaşamaq bilsəniz necə çətindir… 
   Və elə bu əzabları artıq öz zərif çiyinlərində daşıya bilməyən  Nahidə ay yarım olardı ki, səhv etmişdi. Və bu səhv addımı atmaq üçün o neçə gecə yuxusuz qalmış, götür-qoy etmiş, özünü hazırlamışdı. Lakn… o səhv Nahidəyə çox baha başa gəlmişdi. Ondan sonra qəribə bir ürəkgetmə xəstəliyinə düçar olmuşdu və hər dəfə özündən gedəndə sayıqlayır, bədəni bədəninə, nəfəsi nəfəsinə, əlləri əllərinə yad olan o kişinin onun zərif bədənini necə basıb əzdiyini hiss edirdi. O yad dodaqlar necə də amansızcasına onun dodaqlarını sümürür, o yad nəfəs  onun nəfəsini oğurlayıb aparırdı. 
Hər dəfə üzünə dəyən şillələrdən, boyun-boğazına çırpılan soyuq sudan sonra özünə gələn Nahidə için-için ağlayır, ana olmaq şərəfinin ona necə baha başa gəldiyini hiss edirdi. O ana olmaq istəyirdi, lakin belə yox. 
Hər dəfə gözünü açanda başı üzərində durmuş Zaurun iri, qəşəng əllərini tutur, dəqiqələrlə öpür, göz yaşları ilə islanırdı. Zaursa… 
Ah, necə gözəl olardı bətnindəki bu körpənin atası Zaur olsaydı. Onun xoşbəxtliyinin arxasında fələyin bu acı istehsazı durmasaydı. 
Və bu gün budur, Zaur onu həkimə aparırdı. Aparırdı ona görə ki, Nahidə ay yarım  olardı ki, hamilə olmuşdu və ay yarım olardı ki, bu qəribə ürəkgetmə xəstəliyi ondan əl çəkmirdi və Zaurun təsvirəgəlməz sevincinə bir qorxu, acı da qarışmaq istəyirdi. 
Həkim Nahidəni müayinə edib, hər şeyin normal olduğunu dedi. Ürəkgetmənin isə əsəb, narahatçılıq, gərginliklə əlaqədar olduğunu söylədi. Nahidəyə əsəbi gərginliyi aradan qaldıran dərmanlar yazdı. 
    Evə döndülər. 
   Zaur mehribanlıqla onu öpür, gülməli şeylər danışır, kefini açmaq istəyirdi. 
Nahidəsə … Hər dəfə Zaur onun qarnını sığallayanda, ürəyi nə istədiyini soruşanda bir xəcalət duyurdu. 
   Yox, Nahidə belə yaşaya bilmirdi, bu çox ağır idi. Nahidə heç kəsin üzünə dik baxa bilmirdi. Ona elə gəlirdi ki, bütün aləm onun sirrindən xəbərdardır. Bütün yanı balalı  analar ondan fərqlənir, o nə isə rəzil, alçaq iş tutub. Hətta o adam da, Nahidəyə elə gəlirdi, ona ikrahla baxır. O, Nahidənin nələri fikirləşib, hansı əzabları yaşayıb buna razı olduğunu başa düşmür. Ona elə gəlirdi ki, Zaur heç bir günahı olmadan alçalıb, ləyaqətini itirib. Və bunlara da səbəb Nahidə olub. Və Nahidə heç cür razı ola bilmirdi ki, əri bu vəziyyətdə alçalmış qalsın. Odur ki, Nahidə Zaurdan ayrılmaq istədiyini nəhayət ki, açıb ona söylədi. Zaur heyrətlə, dəhşətlə Nahidəyə baxır, heç nə başa düşə bilmirdi. Lakin Nahidə həmişə öz qərarında qətiliyi, fikrində dönməzliyi ilə seçilmişdi. O vaxt Zaura ərə gələndə də belə inad göstərmişdi. Və bu gün də həmin inadla çıxıb getmək istədiyini  söyləyirdi. 
   Zaur həftələrlə ona yalvardı, təsiri olmadı. 
   Bir gün Zaur beli bükülmüş halda evə döndü; rəngi-ruhu avazımış, dili-dodağı təpimişdi, danışmağa çətinlik çəkirdi. Gedib üzüqoylu çarpayıda uzandı. Səhərə qədər kəlmə kəsmədilər. 
    Səhər Nahidə Zaurun hər şeyi başa düşdüyünü bildi. Göz yaşları ilə Zaurun ayaqlarına düşdü, bu işin Zaura olan məhəbbətindən, ana olmaq istəyinin güclü olmasından irəli gəldiyini söylədi. Və elə indi də Zaura olan məhəbbətinə görə getmək istədiyini söylədi. 
  Zaura elə gəldi ki, Nahidəni başa düşür. 
  Və Nahidə şeylərini yığışdırıb sakitcə evdən çıxdı.
loading...

0 şərh