Azərbaycan poeziyasının Mikayıl Müşfiq zirvəsi

Azərbaycan poeziyasının ən parlaq səhifələrini yazmış Mikayıl Müşfiqin ömrü və yaradıcılığı Azərbaycan gəncliyinə bütün zamanlarda örnək olaraq qalmaqdadır. Mikayıl Müşfiq şəxsiyyəti milli şüur və vətənpərvərliyin timsalı, yaradıcılığı isə gənc nəslin milli mənlik şüurunun inkişaf etdirilməsi və gənclərimizdə vətənpərvərlik hisslərinin tərbiyəsində əvəzsiz xəzinədir. Hər bir gənc istənilən mövzuda M.Müşfiqin şeirlərindən istifadə edə bilər. Xüsusən də milli mənlik şüuru, vətənpərvərlik, Vətənə sonsuz sevgi baxımından Mikayıl Müşfiq şeirləri ölçüyə gəlməzdir.

Hansı şer nümunəsi Mikayıl Müşfiqin «Oxu, tar!» harayına çata bilər?!..

Oxu, tar, oxu, tar!
Səsindən ən lətif şeirlər dinləyim,
Oxu, tar, bir qadar,
Nəğməni su kimi alışan ruhuma çiləyim.
Oxu, tar!
Səni kim unudar?
Ey geniş kütlənin acısı, şərbəti,
Alovlu sənəti!

Mikayıl Müşfiqin «Oxu tar» harayı qəlbində Vətən sevgisi olan hər bir insanı riqqətə gətirməyə qadirdir. Bu haray hər bir Azərbaycan gəncini mərdliyə, qəhrəmanlığa, döyüşə ruhlandırmağa, hətta Vətən sevgisinin nə olduğunu bilməyənlərə də anlatmağa qadirdir.

Oxu, tar! Mən səndə
İstənən havanı çala da bilərəm.
Mən səndən bu günün zövqünü ala da bilərəm.
Sən bu gün silahsan əlimdə,
Səni mən hansı bir hədəfə
İstəsəm, çevirə bilərəm.
Qəlblərdə gizlənən keçmişi
Bir yeni nəğmənin əliylə
Devirə bilərəm!
Oxu, tar!
Bu saat qarşında
Nə qədər adam var!
Utanma, oxu, tar!
Mədənli Bakımın
Pambıqlı Gəncəmin,
İpəkli Şəkimin
Acısı, şərbəti
Alovlu sənəti.
Oxu, tar, oxu, tar!
Səni kim unudar?

Gəncliyə bütün sahələrdə örnək ola biləcək Mikayıl Müşfiqin həyat yoluna qısaca bir nəzər salmaq yetər ki, bu əvəzsiz şəxsiyyətin Vətənə, dövlətçiliyə, milli-mənəvi dəyərlərə necə bağlı olduğu təsdiqini tapsın. 

Mikayıl Müşfiq 5 iyun 1908-ci il tarixində Bakıda anadan olub. Ziyalı ailəsində doğulan və əslən Azərbaycanın gözəl guşələrindən biri olan Xızı rayonundan olan Mikayıl Müşfiq iki aylığında anasını, 6 yaşında isə atasını itirib. Valideynlərini belə erkən itirməsinə baxmayaraq şair həyatdan küsməyib və oxumağın, təhsilin dəyərini anlayaraq bu istiqamətə yönəlib. İbtidai təhsilini inqilabdan əvvəl rus-tatar məktəbində alan şair o zamankı Azərbaycan Dövlət Universitetinin (indiki BDU) dil-ədəbiyyat fakültəsini bitirib. M.Müşfiq əmək fəaliyyətinə pedaqoq kimi başlayıb. Yeddi il Bakı orta məktəblərində müəllimlik etmiş şairin son iş yeri olan 18 saylı Bakı şəhər orta məktəbi hazırda onun adını daşıyır. Poetik yaradıcılığa isə 1926-cı ildə «Gənc işçi» qəzetində çap etdirdiyi «Bir gün» şeirilə başlayan M.Müşfiqin bundan sonrakı həyatı unudulmaz şeirlər, hekayələr yazmaq və ciddi bədii tərcümələr etməklə keçir. M.Müşfiq 1931-ci ildə Dilbər Axundzadə ilə ailə həyatı qurub. 1938-ci il yanvarın 6-da isə Sovet İmperiyasının cəza tədbirləri dövründə güllələnib. Belə qısa həyatına baxmayaraq, M.Müşfiq Azərbaycan xalqı üçün 30 illik ömrünə sığdırdığı əsl sənət xəzinəsini yadigar qoyub.

Vicdanları pək şəffaf, insanları nurani,
Müşfiq, bilə bildinmi, aləmdə şu dövranı?!
Qaplar yarın artıq sağ dünyaları ürfanı.
Hər yer güləcək, nura mötad olan ölkəmdə.
Qəmlərdən, ələmlərdən azad olan ölkəmdə.

Azərbaycan şeir tarixinə adını qızıl hərflərlə yazmağı bacaran Mikayıl Müşfiqin şeirləri yaşlı nəsillə bərabər, gənclərin də dillər əzbəridir. Maraqlısı isə odur ki, ziyalılarımızın, böyüklərimizin, gənclərin kitaba, şeirə marağının azlığından şikayətləndiyi bir dövrdə M.Müşfiqin şeirləri ən passiv gənclərin belə yaddaşına həkk olunmağı bacarır. Yəqin ki, çox az adam tapılar ki, M.Müşfiqin «Yenə o bağ olaydı» şeirini ömründə bircə dəfə də olsa eşitməmiş olsun. M.Müşfiqin şeirlərini oxuyarkən adama elə gəlir ki, o yazdığı şeirlərdə gənclərin tərbiyəsi üçün bir konsepsiya tərtib edib. Onun vətən, ana, sevgili haqqında yazdığı şeirlərlə bəhrələnən, o şeirləri bütün varlığı ilə dərk edən gənclik yalnız yaxşı insan kimi formalaşa bilər. Sanki M.Müşfiqin bütün şeirləri insanın, gəncliyin mənəvi tərbiyəsi üçün yazılıb. Onun şeirlərində qadına yönəlmiş xüsusi diqqət, qadının bəşəriyyət üçün nə qədər uca varlıq olduğunun göstərilməsi hər bir gənc üçün örnəkdir. Bu şeirləri dərk edən oğullar vətəninə, anaya məhəbbəti öyrənməklə yanaşı, qadına hörməti də öyrənmiş olur. M.Müşfiqin şeirlərini dərk edən, onun vətənə, anaya, qadına, sevgiliyə həsr etdiyi şeirləri anlayan insan heç zaman cəmiyyətdə pis ad çıxara bilməz. Çünki bu mənəvi tərbiyə insana ən ülvi, ən romantik, ən müqqədəs hissləri duymağı öyrədir. Elə M.Müşfiqin şeirlərinin bütün nəsillər, xüsusən də gənclər tərəfindən sevilməsinin ən böyük səbəblərindən biri də yəqin ki, onun gəncliyin nəbzini tuta bilməsi olub.

M.Müşfiq vətənimizdən bəhs etdiyi "Ölkəm" şeirində o, sanki Azərbaycanı görmək istədiyi, arzuladığı kimi tərənnüm etmişdir. 

Dünyamızı seyr etdim min dürlü həvəslərlə,
Gördüm coşuyor dillər pək nəşəli səslərlə,
Baxdım doludur yarlar şən qəlbili kəslərlə
Pək şad olaraq güldüm abad olan ölkəmdə.
Qəmlərdən, ələmlərdən azad olan ölkəmdə.

Vətənini dərin bir məhəbbətlə sevən Mikayıl Müşfiq onu hər zaman abad, müstəqil, azad görmək istəyirdi. Mikayıl Müşfiq Azərbaycanın istiqlalını arzulayan, Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasını alqışlayan və bu münasibətlə gözəl şeirlərini yazıb, cümhuriyyəti təbliğ edirdi. Müşfiq «Ey Dan ulduzu» deyib ölkəsinin yeni baharını alqışlayırdı. 

Dönmə bir şəbnəmə yaz səhərində,
Könül, günəş kimi parla yerində.
Göylərin lacivərd ətəklərində
Gedən bu qovğadan necə əl çəkim?

Baxınız, dan yeri sökülmüş kimi,
Dostlar bir cəbhəyə tökülmüş kimi,
Uzaqdan-uzağa xam gümüş kimi
Ağaran səhradan necə əl çəkim?

Müşfiq öz şeirlərində arzularını dilə gətirirdi. Elə bu da sonralar Müşfiqi ortadan götürmək üçün «qırmızı imperiyanın» əlinə bəhanə vermişdi. Müşfiqi «məhşər ayağına» çəkənlər ondan bu şeirlərin "əvəzini çıxırdılar, hesab sorurdular. Onun yazdığı şeirlər isə yaz səhərində parlayan və heç vaxt sönməyəcək parlaq ulduz idi.

Baxdım ki, duman görməz yüksəkləri billuri,
İnsanları matəmsiz, istəkləri billuri,
Dağlar, ovalar gülşən, hər bir yeri billuri,
Hər şey gülüyor gördüm, pək şad oldum ölkəmdə.
Qəmlərdən, ələmlərdən azad olan ölkəmdə.

Qış getdi ölümlərlə, ölkəmdə bahar vardır,
Bağlarda gözəlliklər, şən qəhqəhələr vardır,
Sevdalı könüllərdə sevdikləri yar vardır,
Daim sevişirlər, bax, məzdad olan ölkəmdə.
Qəmlərdən, ələmlərdən azad olan ölkəmdə.



M.Müşfiqin yəqin ki, ən təsirli şeirlərindən biri onun «Ana» şeiridir. Bu şeirin hər bir misrasını oxuyarkən insan təəccübünü gizlədə bilmir. İki aylığında anasını itirən M.Müşfiq «Ana» şeirində onu elə vəsf edir ki, bəlkə də uzun ömür yaşayan və bütün həyatı boyu ana nəvazişi ilə böyüyən bir şair belə «ana»nı belə tərənnüm edə bilməz. 

Ana dedim, ürəyimə yanar odlar saçıldı,
Ana dedim, bir ürpəriş hasil oldu canımda,
Ana dedim, qarşımda bir gözəl səhnə açıldı,
Ana dedim, fəqət onu görməz oldum yanımda. 

Ana, ana!.. Bu kəlmənin vurğunuyam əzəldən,
Onu gözəl anlatamaz düşündüyüm satırlar.
Ana olmaz bizə hər bir «yavrum» deyən gözəldən,
Çünki onun xilqətində ayrıca bir füsun var.

Cəmi 30 il ömür yaşayan, özündən sonrakı nəsillərə bəlkə də yaşlı bir qocanın belə ömrünə sığışmayacaq qədər romantik şeirlər irsi qoyan M.Müşfiqin daha bir şeiri isə gənclər üçün sevginin bütün formalarını ümumiləşdirdiyi «Sevgilər» şeiridir. 

Sevgi vardır ki, dodaqlarda açar güllərini,
Sevgi vardır ki, bir az qar kimi, rüzgar kimidir.
Sevgi vardır oxudur qəlbidə bülbüllərini,
Böylə bir sevgi mənim ruhumu oxşar kimidir.

Sevgi vardır ki, uzaqdan bizə parlaq görünür,
Ona yaxlaşmayalım, çünki o zülmətlə dolu.
Sevgi vardır ki, düşər yerlərə daim sürünür,
Öylə bir sevgi də min dürlü xəyanətlə dolu.

Sevgi vardır ki, bahardan bizə güllər gətirir
İçi zəqqum və zəhər, qoxlama, qəlbin qanayar.
Sevgi vardır üzü xoş, daxili bir qorxulu yar.

Həqiqətən də hər bir ölkənin inkişafında ən böyük rollardan birini onun mənəviyyatı oynayır. Tanrıya şükürlər olsun ki, o mənəvi irsi bizə M.Müşfiq kimi şairlərimiz qoyublar. Gənclərin üzərinə düşən vəzifə isə bizə əmanət olunmuş mənəvi irsi öyrənməkdən, ruhumuzu o mənəvi irslə tərbiyələndirməkdən ibarətdir. Hazırda dünya alimləri eksperimentlər aparıblar və sübut olunub ki, uşaqlıqdan mənəvi aclığı doydura bilən vətən, ana haqqında, ümumiyyətlə, sevgi ilə bağlı şeirləri oxuyaraq böyüyən uşaqlarla, adi uşaqlar arasında kəskin şəkildə fərq olur. Belə ki, birincilər həyata daha yumşaq baxır, cinayət əməllərindən, dələduzluqdan, ədalətsizlikdən uzaq həyat yaşayırlar. Bu səbəbdən də M.Müşfiq kimi şairlərimizin şeirlərini nə qədər tez-tez oxusaq və uşaqlarımızı da körpəlikdən bu ruhda tərbiyə etsək, onların da, özümüzün də sağlam gələcəyini təmin etmiş olarıq.



Məqalə Azərbaycan Respublikası Prezidenti yanında KİV-ə Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə hazırlanıb

"Şərq" qəzeti

0 şərh