Qarımışın monoloqu | Şiringül Musayeva

Deyirlər ki,qarımışlar o biri qızlara nisbətən daha çox ailəyə,evə bağlı qızlar olurlar.Onların işi-peşəsi hər şeyi saf-çürük etmək,başqalarının qayğısına qalmaq,problemini həll etməkdir.Özgələrin problemin həll etmək də həmişə xeyir gətirmir.Bu barədə atalarımızın gözəl bir məsəli də var:el üçün ağlayan gözsüz qalar.
 Atalarımızın belə bir məsəli də var:sonalayan sona düşər.
 Mən indi sona düşmüşəm.Amma bu barədə gərək sona düşməmişdən fikirləşəydim.Sonrakı peşmançılıq fayda verməz,yaxud müsəlmanın sonrakı ağlı.Bu müsəlmanın sonrakı ağlı da toydan sonra dınqıltı misalındadır,çünki mənim kimi bir qarımış sonradan nə qədər ağıllansa da əvvəlki gözəlliyini,təravətini,cazibəsini bir də geri qaytara bilmir.
Öz həyat təcrübəmdən bilirəm ki,mənə hər şey bir qədər gec çatır.Mən həyat hadisələrin,həyat müəmmaların,yaxud elə gündəlik məişət məsələlərin bir qədər gec anlayıram,hansısa bir qənaətə çox gec-başım daşdan-daşa dəyəndən sonra gəlirəm.Bəlkə də, bu, mənim oğlaqlığımdan irəli gəlir.Bizi-oğlaqları idarə edən Saturn Günəş ətrafında çox ləng fırlanır.Onun üstündə Ay ,Yupiter,Mars,Yer öz dövrələrin bir neçə dəfə təkrar edir.Və astroloqların fikrincə oğlaqların ləngliyinin,astagəlliyinin səbəbi də elə bundadır.Oğlaqlarda yetişkənlik gec başa çatır.Şəxsən zirəklik ,qamarlamaq,rastlaşdığı yaxşı situasiyalardan istifadə etmək bacarığı həmişə mənə yad olub.Əksinə, əlimdəki yaxşıları elə asanlıqla yelə vermişəm  ki...Və heç kəs mənə düzgün yol göstərməyib.İndi isə başa düşürəm ki..vaxtilə ətrafımda olan adamlar mənə düzgün yol göstərmək üçün yox,əksinə əlimdəki yaxşıları qamarlamaq üçün  mövcud imiş...

 Görəsən, bu Saturn niyə bir az cəld hərəkət etmir? Axı insan ömrü planet ömrü deyil,insan nələrə isə gecikir,müəyyən yaş dövrlərində insan üçün mümkün olan şeylər sonra gec olur..Saturna nə var ki,gec də olsa ,öz dövrəsini başa vurur-tələsməyin,təntiməyin nə mənası? O,yollarda heç nə itirmir,bəlkə də, qazanır.İnsan isə gəlib elə bir görkəmə düşür ki...Mən indi hara getsəm gizli bir rişxənd ,ironiya ilə qarşılaşıram,çünki insanlar təbiətin əlində aciz olsalar da,təbiətin yaratdıqlarına rişxənd etmək imkanı qazananda sevinirlər.

 Nə isə...qarımışlıq onların yox mənim problemimdir.Özü yıxılan ağlamaz...Keçənə güzəşt...

  Mənə elə gəlir ki, dünyada ən mənhus problem qarımışlıqdır.Yəqin, bu mənim problemim olduğu üçün  mənə  belə gəlir.İnsan üçün öz məni hər şeydən əvvəl gəlir axı.Yəqin ki, hər hansı bir xəstə üçün ən dəhşətli problem onun xəstəliyi,hansısa cinayətkar üçün ən müdhiş problem onun cinayəti törətdiyi an və sairdir.Durub belə vəziyyətləri sadalasam gec olar və siz yorularsınız.İndi hansınızsa ürəyində rişxəndlə deyir:”Bəsdir ,ay qarımış,keç əsas mətləbə,mus-mus deyincə birdəfəlik Mustafa de”

 Deyim də...əzizlərim.Amma Mustafanı da hər yerdə demək olmur,o da yerinə,zamanına baxır.

Mənə təəccüblü gələn odur ki,nədənsə qarımış sözü ancaq qızlara şamil edilir.Əslində oğlanlardan da evlənməmiş qocalanlar olur.Amma qarımış qızların adı həm həyatda,həm də bədii ədəbiyyatda çox hallanır.Mən hələ elə müəllifə rast gəlməmişəm ki ,qarımışları müsbət planda versin.Nə qədər başımdan böyük işlərə burnumu soxsam da böyüklərin bu sirrini hələ anlamamışam.Bəzən mənim kimi qarımışlara gec çatan o qədər bu kimi müəmmalı məsələlər var ki...nə bilim vallah...birdirmi,ikidirmi...

 Atalarımız deyib ki ,qız qaldıqca qızıla dönər.Amma gəl görüm kişilərimiz də bunu deyirmi?

 Əslində mən özümü qızıl kimi qiymətli və gərəkli sayıram.Və elə deyəsən,  lazım olmadığım yerdə qızıl kimi dəyərimi də itirmişəm.

  Mən hələ də gözələm ,qəşəngəm, gözlərim parıldayır,saçlarım qarğa qanadı tək qaradır.Nə olsun ki ,bir qədər gecikmişəm,vaxtında ailə həyatı qurmamışam,-o qədər gecikənlər,vaxtında ailə qurmayanlar var ki...Əsas odur ki,ləyaqətlə yaşamışam,keçdiyim həyat yolunda heç bir insan şərəfinə,qadın ləyaqətinə əskiklik gətirən iş görməmişəm.Düzdür,bu heç də bütün hallarda yüksək qiymətləndirilmir və yaxud hər bir fərd və ya millət buna bir başqa bucaq altından baxır.Məsələn:hansısa bir avropalı,amerikalı üçün mənim keçdiyim həyat yolu o qədər də təqdir ediləcək,riqqətə gətirəcək həyat yolu sayılmaz,hansısa avropalı mənim əxlaqıma,tərbiyəmə,indiyə kimi əlimə yad bir cins nümayəndəsinin əlinin dəyməməsinə xüsusi hörmət bəsləməz.Eləsi isə bir qədər ironiya ilə mənə yanaşar,məni dilbilməzlikdə,adamayovuşmazlıqda günahlandırar.Bəs necə?

 Qadın birinci növbədə qadın olmalıdır və qadın kimi də kişiləri ətrafına cəlb etməyi bacarmalıdır.Əgər qadın bunları bacarmırsa ,gəlib belə bir yaşa çatırsa,əlbəttə ki,günah onun özündədir.Hər bir yaradılmış dünyaya nə üçün gəldiyini əvvəlcədən düzgün müəyyənləşdirməli,öz həyatını təbiətin ona bəxş etdikləri əsasında qurmalı,hər şeydən vaxtlı-vaxtında bəhrələnməlidir,sonra gec olar.

 Nə isə...Dəmiri isti –isti döyərlər.

  O qədər problemlər,çatışmayan cəhətlər var ki,heç bilmirəm hansını sadalayım.Elə bu problemlərə baş apardığım üçün yəqin qarıyıb qalmışam.Mənim kimisinə deyirlər:özünə umac ova bilmir,özgəsinə əriştə kəsir.Nə olsun ki,umac ova bilmirəm,bəlkə,heç umac mənim qismətim deyil,ona görə ova bilmirəm.İndi mən umac ova bilmirəm deyə əriştə yeməməliyəm?

 Bəzən fikirləşirəm ki,görəsən həyatda ürəyincə yaşamaq mümkündürmü? Həyatla biz bir-birimizə düz mütənasib gəlirikmi? Bizim istədiklərimiz,xəyallarımız həyatın bizə verdikləri ilə üst-üstə düşürmü? Bəlkə elə insanların istədikləri həyatın onlara verdikləri ilə düz mütənasib gəlmədiyi üçün bu qədər problemlər yaranır? Hərə bu dünyadan bir şey istəyir...Kimi istədiyini əldə etmək üçün mərdliklə,kimi də namərdliklə mübarizə aparır,Kimi də eləcə durub gözləyir.

 

 Əslində,mən adamayovuşmaz,dilbilməz,bir sözlə,qarımağa meylli qız deyildim.Mənim bu yerə gəlib çatmağımda məndən çox başqaları günahkardır.Məsələn mənim kişi barəsindəki xəyalımda nənələrimizin nağılları,aşıqlarımızın-Dədə Qorquddan tutmuş Dədə Ələsgərə qədər- dastanları ilə cilalanmış obrazlar həyatdakı kişi surətləri ilə düz mütənasib gəlmirdi.Və mən də tərs mütənasiblikdən baş çıxartmadığım üçün,gözləyir,nə vaxtsa ağ atlı oğlanımın gələcəyinə inanırdım.Görən nə üçün kişilər,oğlanlar nağıllardakı,dastanlardakı obrazlarına uyğun gəlmirlər? Onlar uyğun gəlmirsə bu heç də o demək deyil ki,dünya yaxşı oğlanlardan xalidir.Artıq dumanlı da olsa hiss edirəm ki,çox çətin yola çıxmışam,həyatda mənim xəyalımdakı oğlanlar azdır ,deyəsən.Mən nə qədər gec anlayan olsam da görürəm ki,artıq “Koroğlunun qocalığı”nda deyildiyi kimi igidliyin dövranı keçib.İndi ,deyəsən,mərd,mübariz yox başqa cür oğlanlar çoxalıb.İndi bu oğlanlar dünyaya yeni kriteriyalar gətiriblər,Koroğlunu dilbilməz adam kimi küncə sıxışdırıblar.Elə bil indi Keçəl Həmzələr dünyanı tutub,nəinki dünyanı tutub,indi onlara hörmət edirlər,analar öz qızlarını bu Keçəl Həmzələrə verməklə fəxr edir,qızlar onları əldə etmək üçün dəridən –qabıqdan çıxır,qadınlar istəyir ki, oğlu Koroğlu yox,məhz Keçəl Həmzə olsun.

Deyirlər ki ,hər qəhrəman kişinin arxasında mütləq bir qəhrəman qadın durur. Bizim qadınlar da nə isə ...Son dövrlərdə hər sahədə kiçikləşmə gedir,deyəsən.Əlbəttə bu qadın sahəsindən də yan ötə bilməz.Nə qadınları qınamaq olar,nə də kişiləri,qismətləri beləymiş.Qismət fövqəlbəşər bir şeydir.Yazıya pozu yoxdur.Qismətdən artıq yemək olmaz.

 Hərçənd, indi qisməti dəyişməyə çox cəhd edirlər:falçılar,ekstrasenslər,nə bilim nələr,dünya doludur.Amma heç kim bu kiçikləşməyə bir çarə tapmaq istəmir.Özü də bu, bütün dünyada belədir:Amerikada da, Asiyada da ,Afrikada da...

 İnanıram ,hətta tam əminliklə deyirəm :hər bir qadın heç olmasa həyatında bir-iki dəfə ekstrasens,bizim dilimizlə desək falçı yanında olub;kimi ruzi duası,kimi şans duası yazdırıb,kimi istəyib; ərini evinə qaytarsın,amma hələ bir qadın da olmayıb ,gedib bircə dua yazdırsın ki,əri kiçik insan olmasın, bir az böyük insan olsun,kimlərinsə halına yansın,vəzifədədirsə camaatı az çapıb talasın, haqqı –nahaqdan seçsin,mizan –tərəzi yiyəsidirsə düzü- əyriyə tay tutmasın.

Nə bilim...birdirmi...ikidirmi?

 Son vaxtlar eşidirəm ki, hətta sənətkarlar da,elm adamları da kiçikləşib.Elə şair,yazıçı var ki, biz onu böyük şair və yaxud yazıçı kimi tanısaq da əslində çox kiçikdir.İndi şairlər,yazıçılar ucuz qramofon kimi  bütün günü boş- boş danışırlar,hər kəs özünü dahi deyə təqdim edir,(əslində içlərində bundan əsər-əlamət olmadığını çox gözəl bilirlər)  var gücləri ilə dövlətdən nə isə qoparmağa çalışırlar,cəmiyyətdə  saxta ,gülünc sözləri ilə ,boğazdan yuxarı vətən, millət,eşq tərənnümləri ilə özlərinə qarşı köklü bir nifrət yaradıblar,amma bütün bunlar veclərinə də deyil ,çünki məqsədləri ancaq pul qazanmaq,yaxşı yaşamaqdır.Belə baxanda heç o sənətkarları qınamaq da olmur,yəqin cılız sənətkar olmaq üçün yaranıblar.Amma adamı qıcıqlandıran odur ki,bu cılız sənətkarlar (Dünya ədəbiyyatının həndəvərinə gələ bilməsələr də...)hər yerdə böyüklüklərindən dəm vurur,cəmiyyəti buna inandırmağa çalışır,bəzən ,hətta buna nail olur,yaxşı yaşayırlar.Bir sıra  qadın jurnalist,nə bilim şairə,yazar təbəqəsi də əmələ gəlib ki ,işləri-peşələri təqdimat mərasimləri təşkil etmək ,orada burada görünmək,nəylə desən məşğul olmaqdır. Vay-vay ...deyəsən bəşər deyil bu...deməklə məsələdən yan keçsəm olurmu?

  Indi hansınızsa deyir ki,sən nə isə bu yazı-pozu adamlarına yaman ilişirsən xeyir ola ,ay qarımış?

 Xeyir olmamış nə var ki,şərə lənət.Elə-belə sözgəlişi deyirəm də:qarımış olanda nə olar,mən də bir cəmiyyət nümayəndəsiyəm,istər-istəməz belə müşahidələr edirəm və arabir də kiçik müdaxilələr edirəm.Hərçənd, bu müdaxilələrin heç kimə bir isti-soyuğu yoxdur, mənim sözlərimdən sonra heç bir sənətkar sənətini əldən qoymayacaq,yalançı yalançılığından,hiyləgər hiyləgərliyindən qalmayacaq.Dünyanın bünövrəsi necə qurulubsa elə də davam edəcək.

 O gün oturub televizora baxırdım gördüm son vaxtlar sürtüklüyü ilə xüsusi seçilən,yalançı ,fırıldaqçı bir şairciyəz ekranda Füzulini böyük yalançı adlandırır,təəccüblənmədim: neçə illər bundan qabaq birisi də beləcə deyirdi ki,rüşvət necə əsr bundan qabaq Füzulinin dövründə,Osmanlı imperiyasında da olub.Və indi də davam edir.Düz sözə nə deyəsən...Pulun yoxsa,adamın yoxsa hünərin var elə bu sənətkarlar,yazarlar mühitində tanın ,irəli çəkil görüm,necə tanınırsan.

 Nə isə...Heyif deyil o qızlar ki,hər şeyə göz yumur,ərə getmək xatirinə ərə gedir. Bu ərə getmək xatirinə ərə getmək asan görünməyinə baxmayaraq, çox çətin bir gedişdir.Ərə getdiyin adamın xarakterinə,pintiliyinə,hansısa iyrənc hərəkətlərinə,xəstəliyinə göz yummaq və ərə getmək...Çoxları bu gedişi edir və sonra  peşman olur.Çünki insan həyatında məhdudiyyətlər çoxdur.Təbiətdə ceyran balası dönüb aslan balası olmadığı kimi,yaxud dəniz yosunları səhrada bitmədiyi kimi insan da düşdüyü mühitdən uzaqlaşıb yeni bir mühitdə yeni bir həyata başlaya bilmir.İyirmi birinci əsr yox, otuzuncu əsr də olsa bu, yəqin ki,belə olacaqdır.

 Nə isə...Təbiətdəki yaradılmışların məhv olma əzabları anidir,bir neçə dəqiqəlikdir,cəmiyyətdə məhvolma prosesi isə uzunmüddətlidir:daha çox sarsıntılar və ürəkağrıları verir.Nə etmək olar...Təbiətin və cəmiyyətin qanunları belədir.Mənim müşahidələrimə görə hər hansı bir fərd cəmiyyətin kriteriyalarına cavab vermirsə eləcə məhvə məhkumdur.Odur ki,çalışıb cəmiyyətlə ayaqlaşmaq lazımdır.Təbiətdə hər şeyi bir qüvvə idarə etdiyi kimi cəmiyyətdə də hər şeyi bir qüvvə idarə edir.Bu qüvvə ya Allahın iradəsi,ya da şeytanın şəridir.Bəlkə, Təbiəti Allahın iradəsi,cəmiyyəti isə şeytanın şəri idarə edir? Ola bilir...Fikir vermisinizsə Təbiət hamıya eyni ölçülərlə yanaşır,hətta şahla gədaya belə fərq qoymur,cəmiyyət isə...Sözsüz ,cəmiyyəti şeytan idarə edir.Biri elə Amerika...SSRİ-ni dağıtmadımı? Bu dəqiqə dünyanın hər yerində barmağı yoxdurmu? Nə isə...Şeytanın şərindən baş çıxarmaq mümkün olmadığı kimi,Amerikanın işlərindən də baş açmaq müşkül məsələdir.

 Bəzən taleyimin qırılmaz zəncirlərlə mənə bağlandığını hiss edirəm:ondan qaçmaq,qurtulmaq da get-gedə çətinləşir.Və mən get-gedə əmin oluram ki,həyatdakı hər bir fərdin taleyi beləcə qırılmaz zəncirlərlə ona bağlanır,heç bir fərd ondan yaxa qurtarmağı bacarmır.Deyək ki, mən qarımışam,mənim üçün müəyyən sədlər,sərhədlər var,mən həya pərdəsini atıb ən dərin hüceyrələrimdə yerləşən instinktlərin tələbi ilə hərəkət edə bilmirəm.Bəs hər hansı dilənçi necə öz taleyini dəyişə bilərmi? Bu tale dəyişmə işi hər hansı bir fərdin iradəsi hesabına  mümkündürmü?

 

  Kimi dindirsən həyatından narazıdır.Hamı deyir ki, belə olmalı deyil elə olmalıdır .Hamı deyir ki ,millət kimi nə isə çox geridə qalmışıq,məsələn:patriot deyilik,bir-birimizə can yandırmırıq.Hamı da müəyyən dərəcədə haqlıdır.Amma ,əzizlərim,biz necə patriot ola bilərik axı,gözümüzü açıb görmüşük ki,şairlərimiz,yazıçılarımız Sovet hökumətini tərifləyir,Sovet hökumətinə yarınır.Sonra da birdən- birə məlum oldu ki Sovet hökuməti pisdir.Eyni adamlar Sovet vaxtı Soveti tərifləyirdi,Sovet getdi dedilər ki ,onlar Sovet əleyhinə yazırlarmış.Nə bilim vallah...Mənə bu və bu kimi məsələlər nə isə çatmır. Bir var xalqın ziyalısı ,bir də var xalqın biznesmeni.Bizdə ziyalı və biznesmen arasında elə də fərq yoxdur.Ziyalılar da  biznes ilə məşğuldurlar ,deyəsən. Keçmişdə də yazarlar təbəqəsi belə olubsa vaveyla...

 Mən öz qarımışlığımla barışana qədər,bu gün də “böyük qarımış” kimi tanınana qədər o qədər ümid və arzularımı puç etmişəm ki...İlk gəncliyimdə hər ailə quran cütlüyə baxar və sevinclə düşünərdim;hər şey yaxşı olacaq,mən də ağ gəlinlik paltarı geyinəcək,gözəl,mərd və alicənab bir oğlanla yan-yana duracağam.Sonra da biz-o və mən yataq otağına yollanacayıq ki,səhər oradan bəxtəvər ər-arvad kimi çıxaq.

 Hardasa evlər içində mənim də evim olmalıydı,uşaqlar içində mənim də uşaqlarım olmalıydı.Və mən tamamilə buna layiq idim.Amma atalar deyib ki ,sən saydığını say,gör Fələk nə sayır.Sən demə Fələk mənim üçün başqa şeylər sayırmış.

 Əvvəllər mən jurnalist olmağı arzu edirdim və xəyalən hansısa böyük şairdən,yazıçıdan intervyü alırdım.Sonra isə necə olurdusa həmin böyük,dünya şöhrətli sənətkar mənə vurulurdu və mən qeyri-adi istedad sahibinin qeyri-adi məhəbbəti qarşısında ram olurdum,bu böyük sənətkarın qeyri adi məhəbbəti məni dünyanın ən bəxtəvər qadını edirdi.Nədənsə düşünürdüm ki, şairlərin yazıçıların məhəbbəti möhtəşəm olar,təmiz olar.Lakin illər ötdü...özüm ərə getməsəm də yaxın bir rəfiqəm yazıçıya ərə getdi,daha doğrusu bizim tələbə yoldaşımız dönüb yazıçı-jurnalist oldu.Və bu oğlan nədənsə mənim ilk gəncliyimdə xəyalı ilə yaşadığım mühitin adı çəkiləndə təəssüflə,dəhşətlə,ümidsizliklə üz-gözünü büzürdü,yəni ki ,apar tulla.Nə isə...Dediyim odur ki,insan xoşbəxt məxluq deyil Milyon-milyon insan yarandığı bu dünyada məhrumiyyətlər içərisində yaşayır.Bütün cəhdlərinə,hətta alçalmalarına baxmayaraq cüzi arzularını belə həyata keçirə bilmir

 Nə isə...Bəzən mənə elə gəlir ki,insanın xoşbəxtliyinin şərti nə ağıldır,nə bacarıq,nə ləyaqət...Yalnız və yalnız fürsəti fövtə verməməkdir...Bəli...bəli… fürsət bir quşdur ki,uçurdunsa heç...Mən deyəsən çox tez-tez atalar sözündən istifadə edirəm,-bu da mənim qarımışlığımdan irəli gəlir.Yadımdadır mən uşaq olanda qonşumuzda Məxluqə adlı bir yaşlı qız var idi:həmişə məsəllərlə,hədislərlə söhbət edərdi və biz uşaqlar ona  ironiya ilə yanaşardıq.Nə deyirsən de,axırda bu qız özündən on yaş kiçik xalası oğluna(anasının və xalasının səyi nəticəsində)ərə getdi.Nə isə...deyəsən kişilər də bəzən amansızlığa məruz qalır,baxmayaraq yer üzündəki haqsızlıqların çoxunun səbəbkarı onlardır.

Sözüm onda deyil,əslində mən insanları qadın,kişi qütblərinə ayırmağı xoşlamıram.İnsan insandır da nə fərqi qadındır,ya kişi.Əsas məsələ odur ki ,o kimdir həyatda hansı işlərlə məşğuldur.Məsələn ,mənim qonşumun tanışı Vasif-bomj.Hər gün əlində iki dolu zənbil hardansa gəlir,həyətdəki oturacaqda oturur gətirdiklərini səliqə ilə yerbəyer edir,yeməlisini yeyir,saxlanmalısını saxlayır,elə vaxt elə həyətdəcə,oturacaqda yatır.Heç kim də ona əhəmiyyət vermir.Elə üç az yaşlı uşaqla küçədə gecələyən Rəhiməyə də əhəmiyyət verən yoxdur.Əksinə hamı onlardan qorunmağa çalışır,Rəhimənin küçədə gecələyən azyaşlı uşaqlarını hansısa tərbiyəsizlikdə,nə bilim nədə,günahlandırırlar.Məncə, Rəhiməyə ,Vasifə hansısa pullu ,imkanlı birisi çox asanlıqla kömək edə bilər Bizim cəmiyyət çox sevir kimlərinsə arxasınca danışmağı,özü isə...Hər halda xalqı, mentaliteti fərdlər yox cəmiyyət təşkil edir.Cəmiyyət kimi biz kimik? Hə...onu deyirdim axı heç kim Vasifə ,Rəhiməyə fikir vermir. Bir də ki,bomjluqVasifin,Rəhimənin taleyidir və heç kimin taleyi heç kimə aid deyil,hamı çalışır ki, özü bomj olmasın.Yəqin bu səbəbdən bizim bir para vəzifə adamlarımız vəzifəyə seçilən kimi oğurluğa başlayırlar.Vəzifədən qovulurlar, hətta həbsxanalarda çürüyürlər,oğurladıqları pullar gözlərindən gəlir.Amma...öhd yoxdur ki,yoxdur...Nə qədər ev alsalar da,mülk tikdirsələr də doymurlar ki,doymurlar,yəqin gələcəkdə Vasifin,Rəhimənin gününə düşməkdən qorxurlar.

Əslində bu Vasif çox xeyirxah ,şən bomjdur,gözləri həmişə gülür və tamamilə sağlamdır.Adamı görən kimi saxlayır və bir neçə məsləhət verir.Hərdən istəyirəm ,mən də ona məsləhət verim ki,heç olmasa bir çəllək tapıb onun içində yatsın,yaşasın.Vaxtilə Diogen yaşamırdı,məgər? Sonra fikrimdən vaz keçirəm,çünki jek işçiləri açıq havada ,oturacaqda yatmağa qarışmasalar da ,həyətin harasınasa çəllək qoymağa heç cür icazə verməzlər.Adicə evinə bir divar  kağızı çəkəndə hazır olurlar ki,şirinlik ver.Nə isə demək istəyirəm ki quyuya su tökməklə sulu olmur gərək cəmiyyətin öz içindən yaxşılıq,patriotluq ,toxgözlük ,xeyirxahlıq gəlsin. Millət ali, insani hissləri ilə,genləri ilə daşıdığı mərdliyi ilə,qorxmazlığı ilə millət olur.Yoxsa bizim yazarlar təbəqəsinin  boğazdan yuxarı yazdığı vətən haqqındakı sönük və yalançı şeirləri ilə yox .Yəni cəmiyyətimiz bir balaca kimlərisə suçlamaqdansa öz əyər əskiyini,insanlığını bərpa etsin Bu qədər...Çox dərinə getməyim.Şəhərdə hər şey pulnandır.Vasif jek işçisi Sayada pul verməsə çəlləyi heç bir saniyə də duruş gətirməz.Bizim idarə məmurları salamı da pulnan alır.O idarə işçisinə ki,səndən xeyir gəlmir,hətta gül kimi başını qaldırıb adamın üzünə də baxmır,salamını da almır.Bəs nə...eşitməmisiz bağda ərik var idi salambəlik var idi,bağdan ərik qurtardı,salambəlik qurtardı.

 Nə isə dediyim odur ki,insan xoşbəxt məxluq deyil.Deyirlər ki,həyat mübarizləri sevmir...Bir yandan da deyirlər ki,insan mübariz olmalıdırƏslində həyat üçün bir elə də fərqi yoxdur:istər mübariz ol istər mülayim,istərsə də müti.Həyat onsuz da sıxışdırdığını sıxışdırır,lap cecəyi çıxana qədər,yəni canı çıxana qədər.Sonda bunu da icra edir.Əsas məsələ can çıxana qədər aparılan sıxışdırılma əməliyyatıdır.Bəzən mənə elə gəlir ki,varlı iş adamları  elə də sıxışdırılma əməliyyatına məruz qalmır,-qarınlı,başlıdırlar.

 Mənimki, deyəsən, gözü götürməməkdir.Adama deyərlər:bacarana baş qurban.Bu nədir görəsən; atalar sözüdür,yoxsa məsəl? Hərdən özümün lap yöndəmsiz,zəhlətökən qarımış olduğum qənaətinə gəlirəm:axı mən nə üçün hər şeyə belə kinlə,qərəzlə yanaşıram?Bu insanlar yaşamağa məhkumdurlar və onlar çalışıb yaxşı yaşamaq,var-dövlət yığmaq,xoşbəxt olmaq istəyirlərsə nəyi pisdir ki...Nə bilim vallah...

İyirmi birinci əsr olmağına ,milyon-milyon nəsillərin bir-birini əvəz etməsinə baxmayaraq Yer üzü insanları hələ bir xoşbəxt cəmiyyət qura bilməyiblər.Hələ bütün dünyada haqsızlıq,bərabərsizlik hökm sürür.Güclü gücsüzü əzir,heç bir bərabərlikdən,qardaşlıqdan söhbət gedə bilməz.Hegemon dövlətlər xırda dövlətləri əzir,xırda dövlətlər də başını itirib bəzən özü-özünü əzir...Hələ də dünya xaos və özbaşınalıq meydanıdır Dünya düzəlmir ki,düzəlmir ,baba,-bunu da rəhmətlik Məmməd Araz deyib .

Vaxtilə demokratiya adı ilə Sovet hakimiyyətinə əl uzadan Amerika bizə  nə verdi? Biz heç Suriyaya,Liviyaya,İraqa nə verdi? Məncə, biz ,doğrudan da, şükür eləməliyik ki,ölkəmiz Liviya,Suriya kimi ayaqlar altında qalmayıb.İraq kimi bombalanmayıb.Halva-halva deməklə ağız şirin olmur ,əzizlərim.Bu açıq okeanda –dünyada xırda bir qayıq-Azərbaycan ilə hərəkət etmək sizə asan gəlməsin.Başına gələn başmaqçı olar.Görə-görə gəlmişik.Az qalırdı ölkəmiz doxsanıncı illərdə Yer üzündən silinsin.Hər yerindən duran”Burda mənəm ,Bağdadda kor xəlifə”deyirdi.Çox şükür ki,  rəhmətlik Heydər Əliyev var idi.
 Çörəyi ver çörəkçiyə birini də üstəlik.Zər qədrini zərgər bilər.Çox şükür bu günə .Və az nala-mıxa vurun.Hər kəs özündən başlasın ,-əvvəl evin içi,sonra çölü.Yəni ,hərə özünü təzələsin ,özünü tərbiyə etsin.Öz işini vicdanla icra etsin.Müəllimindən tutmuş həkiminə qədər,xırda məmuruna qədər.Səhiyyəmiz,təhsilimiz özünü düzəltsin.Hərə ölkəmiz üçün sözün əsl mənasında daş üstə daş qoysun.Və hər bir ziyalımız bu işdə vacib amildir.Bunu  unutmasın...

 Mən isə asta-asta Bakının küçələrini gəzir və düşünürəm...Düşünürəm...Düşünürəm… Düşünməksə...Yüz fikir bir borcu ödəməz,-deyiblər…

0 şərh