Bu sevda nə sevdadır... - Şiringül Musayeva (1-ci hissə)

Ey ,Füzuli, eşq mənin qılma nasehdən qəbul
Əql tədbiridir ol,sanma ki,bir bünyadı var.

Külək yarpaqları süpürləyə-süpürləyə səki boyu qovurdu və adama elə gəlirdi;yarpaqlar zar-zar ağlaşır;küləyin haqsızlığından artıq təngə gəldiklərin kiməsə,nəyəsə eşitdirmək istəyir.Elə bil,yarpaqlar azacıq dincəlmək,elə dünəndə qalan öz yaşıl,-tumurcuq ömürlərin heç olmasa xəyallarında yenidən canlandırmaq istəyir,küləksə buna aman vermir,taleyin hökmü kimi əsirdi.

 Küçənin yuxarı başında cavan,qəşəng bir qadın göründü;külək onun saçlarını qarışdırır,yarpaqları ayağına çırpırdı.

Qadın nə küləyə,nə də ayağı altında çırpınan yarpaqlara məhəl qoymadan,yolu adlayıb sağ tərəfdəki binanın qarşısında bir anlıq ayaq saxladı;yəqin nəyisə özü üçün aydınlaşdırırdı,sonra arxayın addımlarla üçüncü mərtəbəyə qalxdı və sağ tərəfdəki mənzilin zəngini basdı.

 Qapını on –on beş  yaşlarında bir qız açdı,Güləri içəri dəvət etdi

-Buyurun ,doktor,atam bu otaqda yatır.

Gülər otağa keçdi ,çarpayıda uzanmış gözəl,qaraşın kişiyə yaxınlaşdı.

-Bunlar bir kişi tapmadılar göndərməyə,bu balaca qızı göndəriblər,adam ona xəstə olduğunu deməyə də utanır-kişi qalxıb yatağında oturdu.

Gülər gülümsünərək dedi:

-Sizin sahənizə mən baxıram.

-Bəs sən işləmirdin axı,-Tağıyev işləyirdi.

-Mən məzuniyyətdə idim,-o,məni əvəz edirdi.

-Analıq məzuniyyətində?

-Bəli.

-Yaxşı gəl görək ,xanım qız,görək mənə nə divan tutacaqsan.

 Gülər heç nə başa düşməyərək ona baxdı.

Kişi gülümsünərək dedi:

-Deyirəm ,yəni necə müalicə edəcəksən?

-Xəstəliyiniz nədir?

-Sətəlcəm olımuşdum.Bu Tağıyev nə etdisə xəstəlik keçib getmək bilmir,nəfəs ala bilmirəm.İndi də məni xəstəxanaya göndərmək istəyir.Deyirəm ;ay kişi, 5-10 günlük xəstəliyi bu qədər uzatmısan bəs deyil,-indi də başlamısan xəstəxana?

 Gülər gülməyini saxladığı üçün dodağını dişləyərək dedi:

-Bütün xəstələr ondan nəsə şikayət edirlər.

-Həkim deyil ki...

-İndi sizə baxaram.

Gülər onu yoxladıqdan sonra poliklinikaya gəlib aparata düşməyin vacib olduğunu söylədi.

Kişi narazılıqla

-Sən deyəsən məni lap ağır xəstə edəcəksən-dedi.

-Etmərəm,qorxmayın,Maşallah, pəhləvan kimisiniz.Rentgenə düşmək vacibdir.Bəlkə,sizdə sətəlcəmdir,belə olanda nəfəs almaq çətinləşir.Sabah gəlin,tənbəl olmayın.

-Sən  mənə,-neçə ilin hərbçisinə tənbəl deyirsən?

-Eləysə sabah mütləq gəlin.

Yaxşı gələrəm-kişi gülümsündü.

Gülər sağollaşıb çıxdı.

                                             ...

Səhərisi gün...Gülərin başı xəstələrə qarışmışdı.Başını qaldıranda ona baxaraq gülümsəyən tanış bir adam gördü,əvvəlcə kimliyini ayırd etmədi,sonra onun dünənki xəstə olduğunu xatırladı,ona tərəf gedərək

-Ah, gəldiniz...-dedi-gedək rentgen otağına.

-Xəstənizi yola salın sonra...

Gülər xəstəsini yola salıb qayıtdı

-Heç bilmirəm xəstəmin adı nədir?-Gülər gülümsünərək altdan yuxarı kişiyə baxdı.

-Kərim Abbasov.Bəs həkimin adı nədir?

-Gülər Mirzəyeva.

Onlar rentgen otağına daxil oldular .Məlum oldu ki ,xəstədə sətəlcəm başlayıb,ciddi müalicə lazımdır.Havalar soyuq keçdiyi üçün,həm də xəstənin istəyi ilə evdə müalicə olunmasını qərara aldılar.Və həkimlərdən də elə Güləri ona təhkim etdilər.

Gülər günaşırı gedib Kərim müəllimi yoxlayırdı.Xəstə müalicəyə yaxşı cavab verirdi,artıq sağalmaq üzrəydi.

 Bir gün Gülər yenə də xəstəyə baş çəkməyə getmişdi.Qapını Kərim müəllim özü açdı.Gülər otağa daxil oldu.Evdə heç kimin olmaması onu bir balaca sıxsa da biruzə vermədi.Xəstəni yoxladı ,vəziyyəti xeyli yaxşılaşmışdı

-Yaxşısınız.Dərmanları atırsınızmı?

-Atıram...

Gülər:

-Qızdırmanızı yoxlayaq-deyərək termometri ona uzatdı.Kərim müəllim yavaşca onun əlindən tutdu.Gülər diksinərək geri çəkildi,azacıq qızardı,lakin özünü o yerə qoymadı

 Bir qədər keçdikdən sonra Gülər termometri istədi ,Kərim müəllim termometri verdi,amma nədənsə pərt olduğu sezilirdi,Gülərin üzünə baxmağa çəkinirdi,yəqin ki, öz hərəkətinin yersiz olduğunu anlayırdı...

 Gülər bir şey biruzə verməyərək bir sıra məsləhətlər verib çıxdı.

                                                      ...

 Aradan bir neçə gün ötdü.Baş həkim Əmrahov Gülərdən xəstənin vəziyyətini soruşdu.Gülər son günlər ona baş çəkmədiyini dedi.Professor töhmətlə Gülərə baxaraq başını buladı

-Olmadı da belə ...Belə şeylərdi biz həkimləri xəstələrin gözündən salan .Sən ona vaxtaşırı baş çəkməlisən.

-Yaxşı ...Bu gün gedərəm...

 Gülər getməmişdən Kərimə zəng vurdu

Kərim halının yaxşı olduğunu dedi.

-Eləysə sabah poliklinikaya gəlin.

-Halımın nisbətən yaxşı olması o demək deyil ki,mən ümumiyyətlə xəstə deyiləm.Xanım qız,bu sizin işinizdir.İşinizə çox laqeyd yanaşırsınız.

 Gülər gələcəyini söyləyib telefonu bağladı.Nəsə getmək istəmirdi...Getməməyə də professordan çəkinirdi.İstər- istəməz plaşını geyinib çıxdı.

 Qapını yenə də Kərim açdı.Yenə də tək idi.Gülümsünərək Güləri içəri dəvət etdi.Onun üzündəki mehriban ifadəni görən Gülərin qorxusu dağıldı.

 Kərim həkimlərin sənəti haqqında maraqla danışır və Gülər də qeyri-ixtiyari gülümsünərək onu yoxlayırdı.

 Kərim birdən onu qucaqladı.Gülər dəhşətlə dartındı,dodaqlarını öpmək istəyən Kərimdən başını qaçırdı,kişinin öpüşü onun boynuna düşdü.Gülər hirslə dartınıb ayağa durdu.Kərim  onun qollarını buraxmayaraq asta pıçıltılarla söylədi

-Səni görən gündən bəri gecə də ,gündüz də səni fikirləşirəm.Mən səni sevirəm.

 Gülər heyrətlə yaxından onun gözlərinə,gülümsəyən dodaqlarına baxır,astadan pıçıltılarla danışan Kərimin səsi onu olmazın dərəcədə qorxuzurdu.İlahi,o Gülərlə nə üçün belə rəftar edirdi? Gülər yəqin ki,nədəsə səhv etmişdi.Kətan kimi ağararaq dedi:

-Bu dəqiqə qışqıracağam ,əlinizi çəkin.

Kərim müəllim isə əlini çəkmək əvəzinə onu zorla sinəsinə sıxdı.

Gülər sapsarı idi,ağlayaraq

-Əlinizi çəkin ,-dedi.

 Kərim əlini çəkdi

-Sənə neynirəm ki..-müqqəssircəsinə pıçıldadı

-Siz məni nə hesab edirsiz...Mən sizin üçün bəyəm nəyəm?

-Axı sən niyə elə hesab edirsən ki,mən səni nə isə hesab edirəm.Sadəcə...çox qəribə bir hissdir...səni görən andan sənə  vurulmuşam.

 Gülər əlləri əsərək çantasını yığışdırdı və pərt olmuş Kərim müəllimə baxmayaraq otaqdan çıxdı.

                                                ...

Nədənsə, Kərimin hərəkəti Gülərin yadından çıxmırdı.Axı o nə üçün Gülərə qarşı elə hərəkət etmişdi, Güləri  nə hesab edirdi? Gülərin qanında bir intiqam ehtirası qaynayırdı, onu ələ salmaq məqsədi ilə nömrəni yığdı.

Kərimin gümrah səsi eşidildi.

Gülər onu ələ saldığını düşünərək

-Kərim müəllim,sizsiz?-deyə soruşdu

-Bəli...Nə əcəb buralara zəng etmisən?

-Heç elə- belə .Dedim görüm necəsiniz...

-Yaxşıyam...Çox sağ ol...Buralara nə vaxt gələcəksən?

-Heç vaxt...

-Kərim müəllim yaxşısınız,hətta o dərəcədə ki...(istədi desin camaatın arvadına girişirsiniz) demədi.

-Gəl...Mən səni gözləyəcəyəm...-Kərim pıçıldadı

-Gəlməyəcəm.-Gülər əsəbiləşdiyini hiss edirdi

-Gəl...-Kərim  yenə pıçıldadı.

 Gülər telefonu bağladı.Ürəyində ondan acıq çıxdığını düşünsə də ona belə rol oynamaq çətin idi.

                                     ...

 Səhəri evdə tək idi, telefonuna zəng gəldi,Kərimdi.Əvvəlcə telefonu açmaq istəmədi.Sonra...”Sənin başına bir oyun açım ki..Bir də xalxın qadınına ,qızına ilişməyəsən...”düşünərək telefonu açdı

-Salam .Necəsən?

-Yaxşıyam.

-Nə üçün gəlmirsən bura?

-Bilsəm ki ,özünüzü düz -əməlli aparacaqsınız gələrəm.

-Düz-əməlli aparacam...Gəl...

-...Gülər bilmədi nə desin

-Darıxmışam sənin üçün ,gəl

 Gülər qızararaq telefonu qapadı.Divardakı güzgüyə yaxınlaşdı,oradakı əksinə gülümsünərək göz vurdu.”Xəstəyə yaman ilişirsən ha!”

                                             ...

 Aradan bir neçə gün ötdü. Gülər işdə idi.Kərim  zəng etdi.Gülər canında baş qaldırmış şeytanlıqla telefonu açdı

-Hə sizsiniz?

-Bəli ,mənəm.

Necəsiz? Sağaldınız?

-Bunu həkim gəlib yoxlamalıdır.Hamısını Əmrahova deyəcəyəm.

-...Gülər bilmirdi nə desin

-Nə üçün gəlmirsən bura?

-Qorxuram-Gülər onu doladığını düşünsə də vücudunu qəribə bir titrəyiş bürümüşdü.

-Nədən ?

-Sizdən

Xəttin o başında sükut yarandı.Bir qədər sonra Kərimin səsi gəldi

-Qorxma...İki dəfə gəlmisən bura sənə nə olub?

-Kərim müəllim,arvadınız sizi xəstə ola-ola qoyub hara gedib?

-Arvadım yoxdur...Rəhmətə gedib.

Güləri gic bir gülmək tutdu.Güldüyü üçün bir az pərt olsa da özünü o yerə qoymadı,onu dolamaqda davam etdi

-Kərim müəllim,birdən mənim medsestrama vurularsınız ha...

-...Kərim müəllim güldü ,cavab vermədi.

-Yox ,siz yəqin ona eşq elan etmisinz.

-Mən elə adam deyiləm.

Gülər istədi desin: bəs mənimlə niyə elə rəftar etdiz ,-demədi,artıq danışmağa özündə taqət tapmayaraq telefonu bağladı.

                                                ...

Gülər poliklinikada idi.Nəsə xəstəsi yox idi.Qarşısına qoyduğu güzgüdə dodağına  dodaq boyası çəkirdi.Bu vaxt qapı açıldı,Kərim müəllim içəri daxil oldu.Dodaq boyası Gülərin əlindən yerə düşdü.Kərim müəllim onu yerdən qaldırıb Gülərə verdi.  Mehriban ,qəribə nəzərlərlə Gülərə baxırdı və nəsə özünü itirmişdi.Gülər bu kişini şorgöz bir adam bilirdi,onun Gülərlə qəribə davranışı gənc qadına  bu əsası vermişdi.İndi isə...qadın onun haqqında tamamilə səhv fikirdə olduğunu anlayırdı.Kərim uşaq kimi elə saflıqla ,sadəliklə gülümsəyirdi ki...Nəhayət Gülər

-Gəldiniz? Yaxşısınz?-dedi.

-Onu sən deyəcəksən.

-Gedək rentgenə.

-Rentgenə sala-sala məni birtəhər edəcəksən.

-Etmərəm...Qorxmayın.

-Artıq etmisən...

Gülər qızardı

Gülər rentgenin cavabına baxaraq gülümsündü

-Ciyərləriniz sağlamdır.

-Ciyərlərim sağlamdır...İndi də ürəyimi xəstəliyə salmısan.

-Mən? Mən sizə neylədim ki...

-Neyləmədin ki...

Birdən- birə Gülərin ona yazığı gəldi.Doğrudan da ,deyəsən həddi aşmışdı.

-Yaxşı da...bağışlayın siz Allah...Bir də sizə zəng etməyəcəm...

-Edəcəksən!-sanki əmr edirdi.

-İstədim sizdən acıq çıxım...

-Neylədin… yaxşı elədin....Bu gün gəl .Yaxınlıqdakı parka gəl .Söhbət eləyək

-Uşaqsınız?

-Mənim ürəyim uşaq ürəyidir.

-Gəlin elə belə dost olaq.

-Olaq da ...

-Siz qadınla kişinin dostluğuna inanırsız?

-Yox .

-Niyə?

-Olmaz da ...Bilmirsən niyə?

-Axı mən inanıram.

-Mən isə inanmıram.Qadınla kişi o vaxt dost ola bilər ki,onlar arasında məhəbbət var.İşdən sonra gəl yaxşımı? Bir az söhbət edərik.

-Söhbət etdiniz də ...indi...

— Səni gözləyəcəm...

Gülər cavab vermədi.

-Yaxşı hələlik-Kərim çıxdı.

Gülər sakitcə oturub bir nöqtəyə baxırdı.Özünü çox münasibətsiz bir vəziyyətdə  hiss edirdi.Axı necə oldu söhbət bu yerə gəlib çıxdı?

                                         ...

Kərim  artıq işə çıxırdı.Hər gün ,günaşırı Gülərə zəng edirdi.Gülər özü də anlamadan tora düşmüşdü Nə isə onu Kərimə,onun səsinə doğru cəlb edirdi.Gülər dəhşətlə onun üçün darıxdığını hiss edirdi.Özünü danlayır,əri,oğlu olduğunu öz-özünə hey təkrarlayırdı.Bütün bunlardan əlavə heç Kərimin necə adam olduğunu belə bilmirdi.Görən Kərim onu doğrudanmı sevirdi? Ah, bu şeytani hiss...

 Gülər darıxırdı...Ah,onun səsi,onun nəfəsi...Bütün günü onu fikirləşirdi,hər an onu görmək istəyirdi,o, zəng etməyəndə darıxırdı...

 Bəzən Gülər saatlarla onunla yanaşı uzanmış ərinə baxır,qəlbindəki hissləri açıb söyləmək istəyirdi.Görən əri onu başa düşərdimi? Onu bu dəhşətli hisslərdən uzaqlaşdıra bilərdimi? Gülər hər şeyi açıb ərinə deyə bilsəydi...

                                                        ...

 Bir gün Kamran-Gülərin əri sevinclə gəldi ki,Almaniyaya getmək məsələsi baş tutur;əvvəlcə o gedəcək,sonra viza göndərəcək ,Gülər də gələcək.

 Gülər saralaraq onu dinləyirdi

Kamran;

-Nə var ki,burda,tez-tez zəng edəcəm,bir-iki aya sən də gələcəksən.

-Ah,Kamran, nə var ki,orada.Mənim işim var,sən də özünə bir iş tap,qəriblikdir.

Ay qız...Nə danışırsan ...Belə gözəl bir ölkədə yaşamaq...Bu mənim çoxdankı arzumdur.

 Gülər dalğın-dalğın ona baxır,qəlbindəki ona əzab verən hissi açıb ərinə demək,ondan yardım almaq istəyirdi.Lakin bunun yersiz olduğunu da hiss edirdi.Bunu Kamrana demək,ümumiyyətlə yol üstə olan bir adama bunu söyləmək nə dərəcədə düzgün idi? Onun planların alt-üst etməyə əsas var idimi? Gülər özü bunu Kamransız həll edə bilməzmi,qəlbinə dolmuş bu qorxunc hissləri qəlbindən uzaqlaşdıra bilməzmi? Həm də Kamran onu nə dərəcədə düzgün başa düşər?

 Artıq Kamranın sənədləri hazır idi.

 Ərini yola salarkən Gülər qəlbinin dərinliyində dəhşətli bir qorxu hiss edirdi,-bu onun özünün özündən qorxusu idi. Kaş o da elə indi əri ilə çıxıb gedə biləydi, Kərim müəllimin zənglərindən,sözlərindən xilas ola biləydi.

 Nə isə ...Gülər ərini yola salıb otağa qayıtdı.Oğlu hələ yatırdı.Gülər kirimiş oturub gözlərini bir nöqtəyə dikmişdi.Kamranla tanış olduğu,ailə həyatı qurduğu günləri xatırlayırdı.Düzdür,indi bunlar Gülərə çox solğun görünürdü...Telefonun səsi onu xəyaldan ayırdı.Kərim idi...Gülər xəcalətlə qəlbinin telefona doğru atıldığını hiss edirdi.Lakin yox ,Gülər tlefonu açmayacaq,ərini yola salıb başqa kişi ilə danışmayacaq.Gülər elə qadın deyil,ləyaqətlidir,neçə-neçə oğlanın içindən ərini seçib,ona ərə gedib,onu heç kəs buna məcbur etməyib.Həm də əri onu çox istəyir.Gülərin heç bir əsası yoxdur onu tanımadığı,bəlkə də ,riyakar bir adama dəyişsin.

 Bilə-bilə ərin var və ondan heç bir xəyanət,riyakarlıq görmədən ona qarşı riyakar olmaq olarmı? Ona yalanlar satmaq,onu,bəlkə də,xırda,cılız bir məhəbbətə dəyişmək olarmı?

 Gülər sənə nə olub?

Telefon yenə zəng çalırdı.Gülər o gün telefonu açmadı.

                                        ...

Səhərisi gün Kərim yenə zəng vurdu.

Gülər telefonu açdı.

-Necəsən?

-Yaxşıyam...

-Səsin nəsə birtəhərdir.

-...

-Nə olub sənə?

-...

-Bura bax sən heç ömründə sevmisən?

-Bəli.

-Kimi?

-Ərimi

-İnanmıram.Sevməmisən...Ailə qurmusan.Sevmək başqa şeydir.

-Bu çox qorxulu oyundur.Xahiş edirəm,gəlin bunlara son qoyaq.

-Artıq gecdir,ocaq alışıb,-onu söndürmək qeyri-mümkündür.

-Kaş mən sizə rast gəlməyəydim...-Gülər hıçqırdı.

-Ağlama...Məhəbbəti sevinclə qarşılamaq lazımdır.Məhəbbət İlahinin bizə verdiyi ən müqəddəs hissdir.

 

-Lakin əgər o məhəbbət kimi yox,əxlaqsızlıq kimi qarşılanacaqsa,insanlar tərəfindən başa düşülməyəcəksə?

-Sən əgər bunları fikirləşirsənsə,onda məni sevmirsən.

-...

-Onda fikirləşmə...Gəl yanıma..,gəl...

-Heç vaxt...-Gülər titrəyərək telefonu qapatdı.

                                                  ...

 Kərim  Güləri dəli bir məhəbbətlə sevirdi.Əvvəlcə onu suyuşirin bir qadın kimi xoşlamış,şux zarafatları ilə onu güldürmək, araya bir şuxluq salmaq istəmişdi.Sonra...özü də anlamadığı bir hisslə ona girişmişdi.Lakin vaxt keçdi...indi Kərim qəribə bir cazibəsi olan Güləri xəyalından çıxarda bilmirdi.Kərim onu sevirdi,istəyirdi bu sevgi Gülərə də sirayət eləsin.Gülər nə iləsə ona bağlansın.İlahi,ömrün bu çağında bu vaxta qədər duymadığın bir duyğu ilə sevmək olarmış...Hansısa bir qadınla söhbət belə həyatının mənasına çevrilərmiş.Kərim onunla söhbət edəndə nədən hər şeyi unudur ;sanki Gülər də ,o da subay,bir-biri üçün yaranmış insanlar idi.Kərim  bəzən düz hərəkət etmədiyini düşünürdü;ailəli ,namuslu qadındır,hiss olunur ki,ərindən başqa heç kəslə əlaqəsi olmayıb,belə bir qadını yoldan çıxartmaq nə dərəcədə düzgündür? Lakin...ömründə sevməyən,amma sevgi hisslərini yaşamaq istəyən bir kişi sevgi hissləri gələndə ondan vaz keçə bilərmi? Bəlkə, bu hissləri Gülər demişkən elə dostluqla çərçivələsinlər.Lakin… Kərim  sevdiyi qadın üçün inanılmış  dost yox,ehtiraslı bir sevgili olmaq istəyirdi.

                                                 ...

 Gülər poliklinikada əyləşmişdi.Həkim Novruzov onun kabinetində idi:İş barədə nə isə danışırdılar.Bu vaxt qapı açıldı və Kərim içəri daxil oldu.Novruzov əsəbiləşdi

-Yoldaş bu nə hərəkətdir.Biz danışırıq.

-Mən bilərəm-Kərim köntöy cavab verdi.

Bu nə deməkdir? Bu kimdir,Gülər?

-Xəstədir.

-Xəstələrə çox ixtiyar verirsiniz..

Gülər dinmədi.

-Oturmaq olar?-Kərim Gülərdən soruşdu.

-Əyləşin-Gülər dedi.

-Yaxşı ,hələlik-Novruzov Gülərə qəribə baxışlarla baxaraq çıxdı.

Gülər həyəcanla Kərimə baxdı

-İşdən nə vaxt çıxırsan?-Kərim  soruşdu.

-10-15 dəqiqədən sonra...

-Aşağıda səni gözləyirəm.Ağ maşındır,nömrə...

-Nə danışırsınız,bu nə deməkdir?-Gülər onun sözünü kəsdi.

-Gedərik.Səninlə bir-iki saat söhbətim var.

-Mən gələ bilmərəm...-Gülər tamamilə pərt oldu.

-Bura bax,məni sevirsən?

-Bunun məsələyə dəxli yoxdur.

-Var! Sən böyük saxtakarsan.Denən səni sevmirəm,səni ələ salıram,sənin qəlbinlə oynayıram.

-Yox...elə etmirəm-Gülər haradasa haqsız olduğunu hiss etdi.

-Edirsən!

-...

Gəl,aşağıda səni gözləyirəm.-Kərim çıxdı.

Gülər iş vaxtının qurtarmasına baxmayaraq,oturub gözləyir,yoldaşları ilə söhbət edirdi ki,Kərim  çıxıb getsin. Bu vaxt iş yoldaşı Aynur ona yaxınlaşdı

-Getmirsən?

-Gedirəm.Səhərdən yol yoldaşı axtarıram-Gülər ayağa qalxdı.

-Eləysə ,yol yoldaşı mən

-Gedək...

Kərim  Gülərin başqa bir qadınla çıxmasına təəccübləndi.Budur ,Gülər heç onu tanımırmış kimi keçib getdi.Kərim  heyrətlə onun arxasınca baxırdı

-Sən beləysənmiş..-Nə isə içində çarəsiz bir qəzəb var idi… Gülərin hərəkəti ona çox pis təsir edirdi.Mələk kimi təmiz,təbiətin özü kimi təbii olan bu qadın indi onun yanından necə asanlıqla keçib gedirdi.Heç ona tərəf baxmadı da...Deməli o da süni ola bilərmiş.O isə bu vaxta qədər rast gəlmədiyi,lakin həmişə arzuladığı qadını onun simasında tapdığını düşünürdü.

                                        ...

Gülər o axşam çox həyəcanlı idi. Televizorda türk müğənnisi Sezen Aksu oxuyurdu

Bir an da gəlib küllənincə...

Ürəklərimiz dillənincə...

Başqa sevgilərdə təsəlli bulunca...

Ətrafımızı bir boşluq saracaq.

Hər şey anlamsız gələcək...

İştə...biz o gün tükənəcəyiz...

Və müğənni hər dəfə axırıncı misranı bir fəryadla təkrar edirdi.Bu səs necə də Gülərin qəlbinin fəryadına bənzəyirdi.Gülər hönkür-hönkür ağlayırdı

-İştə ...biz o gün tükənəcəyiz...

Və Gülər hər şeyin onun üçün tükəndiyini hiss edirdi.Artıq yaşamaq qüvvəsi qalmamışdı.Bu bəla onu hardan tapdı?

 Xəcalətlə nə isə danışan oğlunun sarışın tellərini sığallayırdı.Vaxt var idi qəlbində nöqtə boyda boş yer yox idi ki,ora hansısa bir hiss daxil olsun.Bəs nə oldu?

 Ah,Gülər bu məhəbbətə cavab verə bilsəydi...Gülər bütün bunları bacarardı,əgər o,evli bir qadın olmasaydı...Lakin indi...

Bəs bunları bilə-bilə nə üçün ürəyi ilə bacarmır? Əgər ağılla hər şeyi ölçüb-biçəcəkdisə ürəyi ilə bacarsın da,onu sevməyə qoymasın.Lakin Gülər ürəyi ilə bacarmırdı,bu ürək sahibindən heç nə soruşmadan sevirdi.Hər an sevdiyinin səsini eşitmək,hər an onu görmək istəyirdi.O zəng etməyəndə darıxırdı.Dünyanı onsuz təsəvvür etmək,onu qəlbindən çıxarıb yaşamaq istəyirdi.Yox, bu mümkün deyildi.Əri ilə evləndiyi vaxtları xəyalında canlandırır,ərini sevdiyinə özünü inandırmaq istəyirdi.Yox,bu mümkün deyildi.O xatirələr çox sönük idi,Güləri cəzb etmirdi,ovsununa salmırdı.Oğlunun doğulmasını xatırlayırdı.Oğlunu sevirdi,lakin bu da onun qəlbinə dolmuş amansız hissləri vurub çıxartmırdı.İstəyirdi qəlbini didsin, dağıtsın ,onun üçün dərd çəkməyə qoymasın...lakin bu da mümkün deyildi.Saatlarla oturur,gözünü bir nöqtəyə dikir,həyatda belə şeylərin çox olduğunu,həmişə də əxlaqsızlıq,bişərəflik kimi qarşılandığını öz-özünə təkrarlayırdı.Bənövşə gözlü nənəsini canlandırırdı xəyalında ,ulu nənələri düşünürdü,istəyirdi onların ulu xəyalları önündə utansın,bu yersiz məhəbbətə uymasın.Lakin bu da mümkün deyildi.

 Zamanı geri fırlamaq hər şeyi təzədən başlamaq olsaydı,Gülər də ,o da bir-birinə vaxtında rast gəlsəydi,onları Tanrı bir-biri üçün yaratsaydı.Lakin zaman başqa cür dövr edib,onlar o vaxt yox, bu vaxt bir-birinə rastlaşıblar.Və hansısa ecazkar bir qüvvə indi onları bir-birinə cəzb edir.Lakin...gücləri çatarmı bu məhəbbəti cəmiyyətin qarşısında etiraf etməyə.Bu mümkünmü? Gülər bunu istəyirmi?

Yox istəmirdi...
Eləysə qəlbindəki bu təlatüm nədir?

Bilmirdi...

Sezen Aksu indi növbəti mahnını oxuyurdu:

Sen ağlama ...

Dayanamam.

Ağlama,göz bəbəyim

Sana kıyamam...

Al yüreyin senin olsun

Yüreyin bende kalırsa

Yaşamayam...

Telefonun səsinə ayıldı.

Qeyri-ixtiyari telefonu açdı

-Gəlim sizə?-gözəl kişi səsi pıçıldadı.

-Nə danışırsınız...-Gülər titrədi.

-Nə olacaq ki...Bir az söhbət edərik...

-Yox...yox...

-Bura bax ,açıq de ki ,məni sevmirsən.

-...

-Daha mənə zəng etməyin .Xahiş edirəm.

-Bu mümkün deyil.

0 şərh