Yaniltmaclar

Azərbaycan xalqının folkloru onun tarixi qədər qədimdir. İlk inşanın ağlının, şüurunun, ruhunun təkamülü ilə birlikdə folklor da inkişaf etmiş, artmış və günümüzə qədər gəlib çatmışdır. Onu əhatə edən aləmə heyrətin ifadəsi olan “ah”lar, “oh”lar, “hey”lər ilk nitq elementləri, folklor nümunələridir. Bu səsləşmələr dağ-daşda, qayalarda əks-səda verdikcə, insanlar öz aralarında səs vasitəsi ilə əlaqə saxlamağa, nitq formalaşmağa başladı. 

Daha sonra ilk oyunlar, mərasimlər, rəqslər meydana gəldi, ilk folklor nümunələri-nağıllar, dastanlar yaranmağa başladı. Elm, mədəniyyət inkişafı etdi, susan cəmiyyət formalaşmağa başladı.

Bu günümüzə qədər gəlib çatan folklor nümunələrinin ən qədim növlərindən biri də yanıltmaclardır. Yanıltmaclar əsasən nitqi inkişaf etdirmək, dildə olan qüsurları aradan qaldırmaq, səlis danışmaq vərdişləri aşılamaq məqsədi daşıyır. Yanıltmaclar həm nəsr, həm də nəzm (şeir) şəklində olur. Sözlər elə sıralanır ki, onları sürətlə deyəndə təkcə uşaqlar deyil, böyüklər də çaşır. 

Yanıltmacları tez-tez və çaşmadan deməyi bacaran, yadda saxlaya bilən uşaqların nitq qabiliyyəti və zehni öz həmyaşıdlarından daha tez inkişaf edə bilər. Bir neçə yanıltmac nümunəsini təqdim edirik. Onları ucadan, tez-tez oxusanız, özünüz bunun şahidi olacaqsınız:

  • Getdim, gördüm bir dərədə iki kar, kor, kürküyırtıq kirpi var. Dişi kar, kor kürküyırtıq kirpi erkək kar, kor, kürküyırtıq kirpinin kürkünü yamamaqdansa, erkək kar, kor kürküyırtıq kirpi dişi kar, kor kürküyırtıq kirpinin kürkünü yamayır.
  • Getdim, gördüm bir dərədə yeddi qara, qaşqa, təpəl, səkil keçi var. Dedim: — Ay yeddi qara, qaşqa, təpəl, səkil keçi, mənim yeddi qara, qaşqa, təpəl, səkil, keçimi gördünmü? Dedi: — Sənin o yeddi qara, qaşqa, təpəl, səkil keçin mənim yeddi qara, qaşqa, təpəl, səkil keçimin yeddi qara, qaşqa, təpəl, səkil balasıdı.
  • Boz atın boz torbasını boş as başından, apar, işlət gətir, yaş as başından.
  • Aşpaz Abbas aş asmış, çaşmış qazanı boş asmış.
  • Ay qılquyruq qırqovul, gəl bu kola gir, qılquyruq qırqovul.
  • Cüt cücə, cüt-cüt cücə, üç cüt cücə.
  • Qırx küp, qırxının da qulpu qırıq küp.
  • Zamanın samanlığına saman gəlincə samansız zamanın samansızlıqdan canı çıxdı.
  • Yetişmiş yemişi yetim yemiş.
  • Dilim-dilim olasan, ay dilim, dedim dinmə. Dilim dedi: dinməz idim, dindirdilər dindim mən.
  • Şikəstə çalan, şikəstəsizləşmişəm, şikəstə çal.
  • Atı min, iti qov, iti qov, atı min; atı min, iti qov, iti qov, atı min...
  • İynəni sarı sapla sapla, dümsarı sapla, sapsarı sapla sapla.
  • Çəp keçi çəp keçidi çəpəki keçib çəpərə keçər.

0 şərh