Xurşidbanu Natəvan

Xurşidbanu Natəvan Qarabağın sonuncu hakimi Mehdiqulu xan Cavanşirin qızı, Qarabağ xanlığının banisi İbrahimxəlil xanın nəvəsidir. 1832-ci ildə Şuşada anadan оlan bu qız ailənin yeganə övladı və Qarabağ xanlarının sоnuncu vərəsəsi оlduğu üçün onu sarayda “ Dürrü yeкta” (Təк inci) çagırardılar. Xalq arasında isə Xan qızı adı ilə məşhur idi. 1845-ci ildə Mehdiqulu xanın vəfatından sonra onun bütün hüquqları qızı Xurşidbanuya keçir.

Xurşidbanu Azərbaycan mədəniyyəti tarixində lirik şair və rəssam kimi şöhrət tapmışdı. Ərəb və fars dillərini mükəmməl bilən Natəvan Nizami, Füzuli və Nəvai kimi nəhəng klassiklərin əsərlərini mutaliə edir və onların yaradıcılığından bəhrələnirdi. O, təkcə yazdığı şeirlərlə deyil, xeyirxahlığı ilə də ad çıxarmışdı. Natəvan kasıblara, kimsəsizlərə əl tutmaqla bərabər, Şuşaya su çəkdirmişdi. Onun çəkdirdiyi bulaq “Xan qızı bulağı” adı ilə məşhur idi. Xan qızı Şuşada “Məclisi-ün” (dostluq, ülfət məclisi) yaratmış və onun bütün xərclərini öz üzərinə götürmüşdü. O, şeirlərini “Natəvan”, yəni “kimsəsiz”, “köməksiz” təxəllüsü ilə yazırdı. Qələmini qəzəl janrında da sınayırdı.

Şairənin ailə həyatı uğursuz alınır. Cavan oğlunu itirən Natəvanın şeirlərinə bədbin ruh hakim kəsilir. “Ağlaram”, “Olaydı”, “Getdi”, “Sənsiz”, “Ölürəm” şeirlərini dünyadan nakam köçmüş oğluna həsr edir.

Natəvanın bir sıra şeirlərinə mahnılar bəstələnib. Mərhum bəstəkarımız Vasif Adıgözəlovun Natəvanın sözlərinə bəstələdiyi “Qərənfil” mahnı-romansı çox uğurlu alınıb. Həmçinin Məmməd Rahim “Natəvan” poemasını, İlyas Əfəndiyev “Natəvan” pyesini yazıb. Xurşidbanu Natəvan 1897-ci il, oktyabrın 1-də vəfat edib, məzarı Ağdamın “İmarət” qəbiristanındadır. Onun adına küçə, klub, kitabxana və məktəb var. Əlyazmaları, şəxsi geyim və əşyaları arxiv və müzeylərimizdə saxlanılır.

Şairənin Bakıda heykəli, Şuşada büstü, Ağdamda qəbirüstü abidəsi qoyulub. Natəvanın Şuşadakı büstü ermənilər tərəfindən vəhşicəsinə güllələnib və tullantı metal kimi satılıb. Azərbaycanın hakimiyyət orqanlarının səyləri ilə həmin büst aşkar edilərək Bakıya gətirilib. Hazırda İncəsənət Muzeyində açıq səma altında nümayiş etdirilir. Xurşidbanu Natəvanın 180 illik yubileyi dövlət səviyyəsində qeyd edilib.

 
azertag.az

0 şərh