Əlağa Vahid

XX əsr Azərbaycan poeziyasının görkəmli nümayəndələrindən biri. Füzuli və Seyid Əzimdən sonra qəzəl janrını və əruz vəznini yeni bir zirvəyə qaldıran, klassikanı sönməyə, qürub etməyə qoymayan bənzərsiz şairimiz.

Qəzəlləri muğam sənətimizin, muğam ifaçılarının repertuarından düşməyən ustad sənətkarımız. Aylar, illər keçdikcə xalqın dilindən düşməyən Vahid.

O elə bir dövrdə ədəbiyyata gəlmişdi ki, qəzəl janrı artıq öz nüfuzunu itirməyə başlamışdı və Mirzə Ələkbər Sabir bir satirasında epiqonçu qəzəlçiləri lağa qoymuşdu. Qəzəlin dili, bədii təsvir vasitələri sanki bir dairənin, özü də qapalı bir dairənin içindən sıyrılıb çıxa bilmirdi. Qəzəl xalqa gedib çatmırdı.

Vahid gəldi və qəzəlləriylə xalqın ürəyinə yol tapdı, onu xəlqiləşdirdi, mümkün qədər mücərrəd ərəb və fars kəlmələrindən təmizlədi, həm də qəzələ yeni məzmun gətirdi.

Azərbaycan ədəbiyyatında qəzəl janrının qədim köklərə malik olduğu məlumdur, bu janrda Füzulinin, Nəsiminin, Xətainin, Saib Təbrizinin, Zakirin, Seyid Əzim Şirvaninin, Nəbatinin, Natəvanın, Buzovnalı Azərin, Süleyman Rüstəmin böyük xidmətləri olmuşdur. Ancaq qəzəl dedikdə üç böyük ustad xəyala gəlir: Füzuli, Seyid Əzim və Vahid. 

Vahid Füzulini çox sevirdi. Bir gün şairlər məclisində Füzuli sənətindən söhbət düşəndə Vahid deyir: “Füzulinin hər bir qəzəli möcüzədir. Mən təəccüb eləyirəm ki, bu böyük ustad nə əcəb peyğəmbərlik iddiasında olmayıb? Əgər belə bir fikrə düşmüş olsaydı, kəlamlarını möcüzə kimi təqdim edib məqsədinə nail olardı”. O məclisdə biri deyir ki, ay Vahid, siz özünüz də Füzuli yadigarı, Füzuli şagirdisiniz. Vahid etiraz edərək deyir: “A kişilər, nə deyirsiniz, mən Füzulinin şagirdinin şagirdi ola bilmərəm. O kişi ad qoyub gedib. Onun əsərləri dəryadır. Mən də o dəryadan bircə qaşıq götürə bilmişəmsə, o da çay qaşığıdır. Mən bu barədə yazmışam: “Böyük Füzulimizin xaki payının biriyəm”.

Vahid cəmi dördsinifli bir məktəb bitirmişdi. Nəinki ali təhsil, heç orta təhsil də almamışdı. Yalnız öz şəxsi mütaliəsi və dərin zəkası hesabına şeirin-sənətin zirvəsinə yüksəlmişdi. O, yaradıcılığa böyük Sabirin təsiri ilə başlamışdı. Hələ qəzəllərdən əvvəl elmsizliyi, nadanlığı, cəhaləti tənqid edən şeirlər yazmışdı. Ona şöhrət gətirən, bir şair kimi xalqın sevimlisinə çevirən qəzəlləri oldu.

Əzəldən Bakı ədəbi məclisləri əsl poeziya məktəbi olub. Vahid də bu məktəbin yetirməsidir. Bakıda XIX əsrin sonlarında “Məcməüş-şüəra” (“Şairlər yığıncağı”) ədəbi məclisi fəaliyyət göstərirdi. Bu məclis XX əsrin otuzuncu illərinə qədər davam edib. Burada Məhəmmədağa Cürmi, Ağadadaş Sürəyya, Ağakərim Salik, Mirzağa Dilxun, Mikayıl Seydi, Seyid Zərgər, Əbdülxalıq Yusif, Əbdülxalıq Cənnəti, Haşımbəy Saqib, Ağadadaş Müniri, Azər Buzovnalı kimi istedadlı şairlər öz şeirlərini oxuyur, bu şeirlər barədə fikir və mülahizələrini söyləyirdilər. Azər Buzovnalı Vahidin ustadı olmuşdur. Məclis üzvləri daha çox Əbdülxalıq Yusifin evinə toplaşardılar. Bir gün cavan Əlağa da bura gəlir. Bir tərəfdə oturub yaşca böyük müasirlərinə qulaq asırmış. Adət belə idi ki, məclisə yeni gələn şair gərək ustadların şeir sınağından keçəydi. Əlağa bu sınaqdan uğurla çıxır. Əbdülxalıq Yusifin açdığı qafiyəni sona yetirir. O, ayağa durub Əlağanı qucaqlayır və deyir: “Sən bu gündən sonra bizim məclisimizin üzvüsən. Mən sənə VAHİD ləqəbi verirəm”.

Öncə dedik ki, Vahid qəzəli xəlqiləşdirdi, qəzəl birbaşa xalqın auditoriyasına daxil oldu. Vahid qəzəli məzmunca da yeniləşdirdi, onu mücərrəd rəmzlərdən, simvolikadan xilas etdi, göy gözəllərindən deyil, yer gözəllərindən yazdı, qəzələ nikbinlik çalarları aşıladı. Əsrlərdən bəri qəzəlin baş mövzusu EŞQ olub. Amma bu EŞQin mənaları da birrəngli olmayıb. Vətən məhəbbətindən, Tanrıdan tutmuş gözələ ülvi hisslərlə doludur onun şeirləri.

Sevgilim, eşq olmasa, varlıq bütün əfsanədir,
Eşqidən məhrum olan insanlığa biganədir.

Sevgidir, yalnız məhəbbətdir həyatın cövhəri,
Bir könül ki eşq zövqün duymasa, qəmxanədir.

Mən əsiri eşqiyəm öz xalqımın, öz yurdumun,
Sevməyən öz xalqını, öz yurdunu divanədir.

Vahidin qəzəllərində Eşq ali, müqəddəs bir hiss kimi tərənnüm olunur. Onun sevgisi kamil və safdır, cismani məhəbbətlə bağlı deyil. Dar mənfəətdən uzaqdır. Bu mənada Füzulinin eşq konsepsiyası ilə Vahidin məhəbbət düşüncələri arasında heç bir ziddiyyət yoxdur. Fərq yalnız ondadır ki, Vahid gözəlin vəsfində, ona olan sevgi hisslərində daha çox real həyat adamı idi. Vahidin qəzəlləri küllən gözəl bir eşq dastanını xatırladır. Burada aşiq-məşuqə sevgisi, bu sevginin hər anı insan qəlbinin ən dəruni hisslərinin ifadəsidir.

Ey gül, sənə dünyada bərabər yenə varmı?
Səndən də gözəl sevgili dilbər yenə varmı?

Gülzari-cahanda, görəsən, səndən əlavə
Ən incə, lətafətli güli-tər yenə varmı?

Qadına, sevdiyi gözələ sitayiş Vahid qəzəllərində dönə-dönə vurğulanır. Vahidin lirik qəhrəmanı sevgilisi yolunda hər bir əzaba hazırdır, təki vüsala yetsin. Çünki sevmək, sevilmək dünyanın ən müqəddəs duyğusudur. Bəs, insan nəyə görə yaşayır? 

Vahid sadə, kasıb bir həyat tərzi keçirmişdir. Amma bütün ömrü boyu bir kimsəyə baş əyməmiş, həmişə qürurlu olmuşdur. Yazıb-yaratmağa 1914-cü ildən başlamışdır. İlk şeirlərini — qəzəl, meyxana və felyetonlarını “İqbal”, “Zəhmət”, “Bəsirət”, “Tuti”, “Məzəli” qəzet və jurnallarında dərc etdirmişdir. Şura inqilabından sonra isə şeirlərini “Kommunist”, “Maarif və mədəniyyət”, “Şərq qadını”, “Yeni yol”, “Gənc işçi” və s. mətbuat səhifələrində çap etdirmiş, özü də mətbuatda çalışmışdır. Müharibə illərində isə təbliğat-təşviqat briqadaları tərkibində kolxozlarda, fabrik və zavodlarda kollektivlər qarşısında çıxışlar etmişdir. O, meyxana janrına da meyil etmiş, öz hazırcavablığı ilə o zaman Bakı məclislərində hörmət qazanmışdı.

Məmməd Rahim öz xatirələrinin birində yazır ki, Ukraynadan Bakıya qonaqlar gəlmişdi. Təsadüfən Vahid və Müşfiq də o məclisdə idi. Vahiddən xahiş edirlər ki, bədahətən bir bədiə desin. Vahid razı olur, bu şərtlə ki, Müşfiq ona vagirlik etsin. Vahid belə bir bədiə başlayır: “Qorxum yoxdur vuruşmadan, vaynadan, Xoş gəlibdir qonaqlar Ukraynadan”.

Vahid və musiqi… Həm Vahidin sağlığında, həm də indi elə bir xanəndə yoxdur ki, Vahiddən oxumasın. Çünki Vahidin qəzəlləri dilinin sadəliyinə, xəlqi məzmununa və məna zənginliyinə görə muğama, mahnıya tez yatır. Musiqi, onun insanın estetik tərbiyəsindəki müstəsna rolu haqqında Vahidin bir neçə qəzəli var. Bir qəzəlində deyir ki:

Musiqi sənətini Azərbaycan yaradıb,
Qoy, bu tarixi həqiqətləri Tehran oxusun.

Qarabağdır bizim öz ölkəmizin Şirazı,
Öz muğamatını lazımdı hər insan oxusun. 

Belə bir sual: necə oldu ki, Əlağa Vahid 1937-ci ilin repressiya tufanına, “qara siyahı”ya düşmədi? Əvvəla, Vahid ümumxalq məhəbbəti qazanmış bir şair idi. Xalqın böyük sevgisi onunla idi. Xanəndələr gecə-gündüz Vahiddən oxuyurdular. Özü ilə ailəsi darısqal, kasıb bir otaqda ömür sürürdülər. Rəsmi ədəbi məclislərdə Vahid çox az görünürdü. Qəzəl yazdığına görə Vahidi tənqid edirdilər, o, çətinliklə çap olunurdu. Nəşriyyat, radio, ekran Vahidi yada salmırdı, sağlığında çox az kitabı işıq üzü görmüşdü. Hərçənd ki, müharibə illərində əməkdar incəsənət xadimi fəxri adına layiq görülmüşdü. Vahid heç bir siyasətə qoşulmurdu, deyək ki, laübalı bir həyat keçirirdi. Amma xalq sevgisiydi onu bəlalardan xilas edən. Vahidin ən böyük xidməti o oldu ki, böyük ənənələri olan qəzəli qoruyub saxladı. Vahid kommunist deyildi. “Yuxarıda əyləşənlər” də bunu yaxşı bilirdilər. Toxunmurdular ona.

Vahidin vətən sevgisindən də ayrıca söz açmaq olar. Əksər qəzəllərində bu sevginin parlaq ifadəsini görürük. Vahidin yaradıcılığı haqqında, təəssüf ki, bəzi məqalələr istisna olmaqla (mərhum Məmməd Nuruoğlunun “Əsər ki qaldı cahanda” monoqrafiyası da bura daxildir), ciddi, onun poeziyasının mahiyyətini, keçdiyi yaradıcılıq yolunu açıqlaya bilən, Vahidin Vahidliyini isbat edən elmi əsərlər hələ yazılmayıb. 

Vahidin qəzəl dünyası Azərbaycan klassik poeziyasının sonuncu zirvəsidir desək, yanılmarıq. Doğrudur, Vahiddən sonra da qəzəl bir janr kimi qürub etmədi. Elə Vahidin yaşadığı dövrdə Süleyman Rüstəm, Mirmehdi Seyidzadə kimi şairlər də gözəl qəzəllər yazdılar. Ancaq qəzələ, qəzəl şairlərinə münasibət dəyişmirdi, qəzəl köhnəlik qalığı hesab edilirdi. Buna baxmayaraq, sovet dönəmində də Vahidin yolunu davam etdirən qəzəl şairləri oldu. Hacı Mail, Seyidağa, Ələkbər Şahid, Əliağa Bakir kimi istedadlı şairlər qəzəl ocağını — Vahid ocağını sönməyə qoymadılar. Müstəqillik illərində isə qəzəl yenidən poetik janrlar içərisində öz qanuni yerini tutdu. Bu da, bir növ, Əlağa Vahidə olan böyük məhəbbətin təzahürü idi, çünki yeni qəzəlxanlar Vahidin poetik məktəbindən öyrənir, təsirlənirdilər. 

Unudulmaz Vahid bir əsrin şairi deyil, nə qədər Azərbaycan xalqı var, Vahid də var, olacaq!

Vaqif YUSİFLİ
filologiya elmləri doktoru

0 şərh