Hüseyn Nadim Naxçıvani

XIX yüzillikdə Məhəmməd Tağı Sidqinin rəhbərliyi ilə Ordubadda fəaliyyət göstərən “Əncüməni-şüəra” ədəbi məclisinin tanınmış üzvlərindən biri də Hüseyn Nadim Naxçıvanidir.

Hüseyn Abdulla oğlu Mehdiyev (Nadim) 1871-ci ildə Naxçıvanın Nehrəm kəndində anadan olub. Mollaxanada və Cəlil Məmmədquluzadənin dərs dediyi məktəbdə oxuyur. Atası vaxtsız vəfat etdiyindən təhsilini davam etdirə bilmir. Şəxsi mütaliə ilə savadını artırır. Ərəb və fars dillərini öyrənir, Şərq ədəbiyyatını, klassik Azərbaycan poeziyasını mənimsəyir.

Nehrəm kəndində kiçik çayxana açır. Bu çayxana həm də şeir-sənət adamlarının toplaşdığı məkana çevrilir. Culfadan, Ordubaddan ədəbiyyat həvəskarları onunla səmimi münasibət qururlar. O, tez-tez Ordubada gedib ədəbi məclislərdə iştirak edir.

“Əncüməni-şüəra” ədəbi məclisində Hacağa Fəqir, Məhəmməd Tağı Sidqi, Molla Hüseyn Bikəs, Usta Zeynal Nəqqaş kimi ustad sənətkarlar təmsil olunurdular. Sözsüz ki, onların Nadimin yaradıcılığına təsiri var idi. Bundan əlavə, şairin əsərlərində Bakı və Qarabağ ədəbi mühitinin də təsiri aydın duyulur. Bu da onu göstərir ki, XIX-XX əsrlərdə Azərbaycanda fəaliyyət göstərən ədəbi məclislərin bir-biri ilə sıx əlaqələri olub.

Tədqiqatçı alim Nəsrəddin Qarayev “XIX əsr Azərbaycan ədəbi məclisləri” kitabında yazır ki, ömrünün son illərində Hacağa Fəqirin gözləri tutulur. Bu zaman onun dediyi şeirləri dostu Sidqi yazıb toplayır. Məclis üzvlərindən Bikəs və Nadim də bu işdə ona yardımçı olurlar...

Hüseyn Nadimin yaradıcılığında klassik üslubda yazdığı aşiqanə-lirik qəzəllərlə yanaşı, dini-ictimai motivli bədii nümunələr də əsas yer tutur. Vətən dərdi, millətin taleyi, din və əqidə təəssübkeşliyi, insaf və ədalət axtarışları şairin qəzəllərinin əsas qayəsini təşkil edir:

Yox bircə kəs xilas edə bu nardən bizi,
İmdad edən yoxdu bu biçarə millətə...
Mən Nadiməm, zəmanədə millət cünuniyəm,
Ağlar gözüm həmişə bu biçarə millətə!

Hüseyn Nadim klassik şairlərimizdən ən çox dahi Füzulinin yaradıcılığına, ideyalarına vurğun olub. Kərbəla ziyarətində olarkən Füzulinin məzarını ziyarət edib, məqbərəsi önündə şairə müraciətlə bir qəzəl yazıb:

Füzuli, dur əyağə, qəmə giriftarəm, ağlaram,
Dəstgirəm sənüntək ruzgardə xarəm, ağlaram.
Qəbrün üstə baş əydim, qüssədən qanla dolub könlüm,
Solub gülistandə güllərim, səntək zarəm, ağlaram.

Şairin qəsidələri, növhə və sinəzənləri, satiraları onun ədəbi zövqünün zənginliyindən xəbər verir. Ədəbi irsinin çox hissəsi itib-batdığından əldə olan şeirləri əsasən növhə və sinəzənlərdən ibarətdir.

Şairin oğlu Məhəmməd Abdullayev xatirələrində yazır: “Atamın şəxsi kitabxanasında Nizaminin farsca əsərləri, Qumrunun, Racinin kitabları vardı. Lakin atamın vəfatından sonra 1930-cu illərdə ərəb əlifbası ilə yazılan kitabları evlərdə saxlamaq qadağan edildi. Bu səbəbdən o kitabları yandırdıq. Çox güman ki, atamın əsərləri də elə o zaman itib-batdı. Sonralar dini şeirlərini və qəzəllərinin bir qismini tapıb Əlyazmalar Fonduna verdim”.

1918-1920-ci illərdə daşnak Andronikin başçılığı ilə erməni quldur dəstələrinin Naxçıvana, şairin doğma kəndi Nehrəmə və Ordubada hücumu zamanı yaradılan müdafiə dəstələrində Hüseyn Nadim də vuruşub, Ordubadın Ələngəz dağı ətrafında gedən döyüşlərdə ağır yaralanıb. Şair 1927-ci ildə vəfat edib.

Savalan FƏRƏCOV
«Mədəniyyət» qəzeti

0 şərh