Rəfiq Zəka Xəndan

Tanınmış şair, yazıçı, ssenarist, Əməkdar incəsənət xadimi Rəfiq Zəka Xəndan Azərbaycan poeziyasında və elmində öz dəst-xətti olan ziyalılardandır. Milli düşüncənin, etnik-mədəni yaddaşın əsas təzahürlərini yaradıcılıq nümunələrində tərənnüm edən şairin bu il anadan olmasının 80 illiyi qeyd olunur.

Rəfiq Cəfər Xəndan oğlu Hacıyev 16 iyun 1939-cu ildə Bakıda dünyaya göz açıb. Çox erkən çağlardan poeziyaya maraq göstərir. Onu şeirə, sənətə ilhamlandıran isə M.Ə.Sabir, H.Cavid, M.Müşfiq, M.Hadi və türk şairi Əbdülhəq Hamid yaradıcılığı olub.

1962-ci ildə şairin M.Müşfiqə həsr olunan “Çağlayan” adlı ilk şeirlər kitabı işıq üzü görür. Çünki Müşfiq sağ ikən bu adda bir kitab çap etdirmək istəyib. Rəfiq Zəka da şairin arzusunu bu adla əbədiləşdirib. Müşfiqə həsr etdiyi bir şeirində yazır:

Səni ömrüm boyu gərək səsləyim,
Məhəbbət bəsləyim, könül bəsləyim,
İlhamım sənindir, şeirim sənindir
Sənsən ülviliyim, müqəddəsliyim.

Onun şeirlərində maraqlı ritm, həzin və bəzən də kövrək bir duyğu çağlayır. Bu şeirlərdə ayrılıq nisgili, yurd həsrəti və birlik, bütövlük arzusu öz parlaqlığı ilə maraq doğurur. Soy-kökə, türkçülüyə böyük məhəbbətlə tərənnüm olunur. Şair M.Hadinin “Əlvahi-intibah” (“İntibah lövhələri”) əsərinə eyniadlı şeir həsr edib:

Vətənpərvər, hünərpərvər, zəfərpərvər vətəndaşdın,
Azərbaycana aşiqdin əsil övlad şəklində.
Şəhid şairləri bir-bir gətirdim xatirə, baxdım,
Zavallı görmədim, əfsus Məhəmməd Hadi şəklində...

Rəfiq Zəka şeirlərinin özünəməxsus poetik gözəlliyi var. Bu şeirlərin məziyyəti, cazibədarlığı onun musiqisində, mahnı çalarındadır. Təsadüfi deyil ki, Rəfiq Zəkanın 300-dən artıq şeirinə mahnı bəstələnib. Xalq şairi Hüseyn Arif onun haqqında demişdi: “Rəfiq Zəkanın şeirlərində həzin bir musiqi dolaşır”.

Yaradıcılıq diapazonu geniş olan şair “Axırı yaxşı olar”, “Mənim əziz vəhşiciyim” musiqili komediyalarının, eyni zamanda “Füzuli” və “Söyüdlər ağlamaz” operalarının mətnlərinin müəllifidir.

Xalq yazıçısı Mirzə İbrahimov onun haqqında yazırdı: “Rəfiq Zəka əlinə qələm aldığı gündən gənclik ehtirası ilə şeir və gözəllik məftunu olduğunu sübut edib. Onun şeirlərində canlı xalq dilinə bağlılıq, axıcılıq və səlislik nəzərə çarpır. Hafizəsinin kəskinliyini, zəngin Şərq ədəbiyyatını dərindən duyduğunu, sənət haqqında ehtiraslı düşüncələrə malik olduğunu görməmək mümkün deyil”. Təsadüfi deyil ki, şairin adı türk dünyasında dolaşıb, əsərləri sevilib.

Dəfələrlə Türkiyənin bir çox şəhərlərində keçirilən elmi tədbirlərdə iştirak edib, məruzə və çıxışları maraqla qarşılanıb. O, həmçinin ötən əsrin 80-90-cı illərində Azərbaycan-Türkiyə ədəbi əlaqələrinin inkişafında mühüm rol oynayıb. Türkiyə mətbuatı səhifələrində azərbaycanlı şair və yazıçılar haqqında maraqlı yazılar dərc etdirib. Türkiyədə kitabları çap olunub. Haqqında dərc olunan yazılarda yaradıcılığından məhəbbətlə və böyük qürurla söz açılıb. Türkiyə Folklor Akademiyasının fəxri akademiki seçilib, Beynəlxalq Atatürk mükafatı laureatı olub.



Rəfiq Zəkanın 1962-ci ildə çap olunan “Sabir yaradıcılığının sənətkarlıq xüsusiyyətləri” monoqrafiyası görkəmli satira ustadının bədii irsinin öyrənilməsinə dəyərli töhfədir. Həmçinin onun ədəbiyyatımızın müxtəlif problemlərinə aid yazdığı məqalə və kitabları elmi ictimaiyyət tərəfindən yüksək qiymətləndirilib.

Tanınmış alim, bədii yaradıcılıqla yanaşı, pedaqoji sahədə də fəaliyyət göstərib, Mədəniyyət və İncəsənət Universitetində estetikadan dərs deyib. Həmçinin dünya klassik ədəbiyyatı nümunələrini dilimizə tərcümə edib. Şairin sözlərinə mahnılar da yazılıb. “Ana Kür”, “Səadət”, “Qarabağım” mahnıları bu gün də müğənnilərin repertuarını bəzəyir.

Rəfiq Zəka Xəndan 7 yanvar 1999-cu ildə vəfat edib. 2014-cü ildə 75 illiyi dövlət başçısının sərəncamına əsasən ölkəmizdə geniş şəkildə qeyd edilib.

Savalan FƏRƏCOV
«Mədəniyyət» qəzeti
 

0 şərh