“NƏSİMİ İLİ”nin BAŞ MÖVZULU ƏSƏRİ

Əli BƏY AZƏRİ-
Azərbaycan Yazıçılar Birliyinin üzvü.

" NƏSİMİ  İLİ "- nin baş mövzulu əsəri  

( Şiringül Musayevanın “Mən Nəsimiyəm” romanı haqqında )

 Nədənsə, hər hansı bir nəsr əsəri haqqında fikir yürüdəndə, yaxud, mülahizə aparanda mütləqdir ki, Avropa və rus məşhurlarından sitat gətirilir, ortaya müxtəlif ölkələrin yaradıcılıq nümunələri ilə paralellər qoyulur. Görünür, hələ də yaxşı öyrənilməyən, şəffaf təhlil aparılmayan 130 illik romançılıq tarixi olan Azərbaycan ədəbiyyatının tənqid və ədəbiyyatşünaslıq sahəsində külüng çalanlar elə özləri də Avropa və rus mütəfəkkirlərinin sanballı hesab etdikləri fikirlərindən bolluca bəhrələniblər. Elə ona görə də hələ ki, bizə daha yaxın hesab olunan məşhur rus tənqidçisi V.Belinskinin tərifindən yan keçə bilmirik. O, yazıb: “Romanın məzmunu müasir cəmiyyətin bədii təhlilidir, cəmiyyətin görünməyən elə əsaslarını açıb göstərməkdir ki, adət edilmiş vərdişlər və düşüncəsizlik onları cəmiyyətin özündən də gizli saxlayır...”
Yalnız müasir cəmiyyətinmi? Bəs dünənin, keçmişin; yüz il, beş yüz il, min il əvvəlin ictimai, siyasi, hərbi, ədəbi, mədəni hadisələrini, insanların yaşam tərzini canlandırmaq necə? Bunlar da romanın yükünə, yazıçının missiyasına aid deyilmi? Şübhəsiz ki, Belinskinin dediklərində də həqiqətlər var. Axı hər yazıçı köhnə mövzulara müraciət etmir. Keçmişi təkcə yazmaq yox, onu duymaq, o dövrə xəyalən səyahət etmək, yaşamaq sıradan çox da sadə bir məsələ deyil...
Yazıçı Şiringül Musayevanın “Mən Nəsimiyəm” romanı diqqətçəkən nəsr nümunələri sırasındadır. Rəsmən “Nəsimi ili” elan olunduğu 2019-cu ildə yazılan və son beş ildə davamlı olaraq mütəmadi nəşr edilən yeganə müstəqil ədəbi-bədii dərgi “Xəzan” jurnalında (noyabr-dekabr, N6(24), səh.8-26) çap olunan əsəri ilin ən yığcam romanı hesab etmək mümkündür. Romandakı müxtəlif süjetlər böyük Azərbaycan mütəfəkkiri və şairi İmadəddin Nəsiminin keşməkeşli həyatını təsvir edir, indiyədək müəmmalı qalan və ziddiyyətli hesab olunan əsas məqamlara aydınlıq gətirir.

Nəzmi Nəsiminin yəqin Allahu nurun şərhidir,
Ol nuru hər kim bilmədi, həqdən nəsibi nar imiş.

Nəsiminin bu misraları ilə başlayan roman şairin monoloqunu açıqlayır. Təxminən bir neçə abzasdan sonra Bərzəx aləmindən səslənən həmin monoloq müdrik-fəlsəfi labirinti xatırladan dünyalar aləminə qərq olur və müxtəlif fikirli zehinləri də yeni düşüncələrə qərq edir.
“İnsanlar kainatı anlamırlar.
Özlərini necə, anlayırlarmı?”
Qısa girişdən sonra yazıçı Nəsimini ustadı Nəimi ilə görüşdürür. Qarşılaşma səhnəsi bəzəksiz-düzəksiz, amma möhtəşəm təsvir olunub. Qarlı havada dağda gəzib-dolaşan Əli tanımadığı, görünüşünə görə Şamaxıdan olmayan orta yaşlarını geridə qoymuş bir insana rast gəlir. Böyüyə hörmət əlaməti olaraq onu salamlayır. “Belə havada dağda gəzirsənsə, əlində də heç bir ov-filan yoxsa… demək… hal əhlisən...” – ustad Nəimi onu dərhal bənzədir və tanış olurlar. Elə ilk tanışlıqdan da Nəimi vaxtın boş keçməsinə imkan vermir, təbiətdən, onun sirlərindən, insanla təbiətin ağlagəlməz qarşılıqlı münasibətindən danışır, yeniyetmə yaşlarında təbiətdən ilham alan Əlinin zehnini “ovsunlayır”, onu özünə bağlayır.
Həmin dövrdə Əlinin böyük qardaşı Şahi Xəndanın təşkil etdiyi şeir məclisinə qatılan Nəimi çox keçmir ki, əvvəlcə Şamaxı şairlərinin, sonra isə bütövlükdə şəhər əhlinin hörmət və rəğbətini qazanır.
Əli ustadının xatirinə Nəsimi təxəllüsü götürür.
Yazıçı eyni düşüncəli iki insanı niyə şəhərdə, şeir məclisində deyil, qarlı bir gündə, dağda, yaxud dağın qoynunda gəzişən vaxtı qarşılaşdırır? Əsər boyu müəllif bu hadisələrin fövqündə  daima yenilənən, inkişaf edən, gözəlləşən qocaman təbiətin sirlərinin öyrənilməsinə, təbiətin bir parçası olan insanın özünüdərkinə diqqət çəkir.
Çox keçmir ki, Nəsimi ustadı Nəiminin qızı Ayişə ilə tanış olur. “Ayişə Allahı bizim  dərk etdiyimiz kimi dərk etmir. O, Tanrını qəbul edir, amma çox uzaqda, bizdən kənarda, hardasa göylərdə əyləşmiş, — buludların ötəsində, — bizi eləcə seyr edir” – Nəimi kiçik qızı Ayişəni Nəsimiyə belə təqdim edir.
Elə buradaca yazıçı diqqəti düşüncə tərzinə görə bir-birlərindən fərqlənən bu üç təbəqə insana yönəldir; kainatı dərk edən kamil insan, kainatı bütün varlığı ilə dərk etməyə çalışıb kamilləşən insan və tamamilə əks düşüncə tərzinə malik yeniyetmə insan. Bu insanlar fərqli görünsələr də bir amal – dünyanı olduğu kimi dərk etmək uğrunda birləşirlər və düşüncələri  digərlərinə maraqlı görünür. Cəmiyyət elə bu üç təbəqə insandanmı ibarətdir? Xeyr! Bunlara bənzər insanlar az-az olsa da vardır, cahil, nadan insanlarla isə doludur. Yazıçı bu üç təbəqə insanı önə çəkməklə insan üçün, insaniyyət üçün maraqlı olan məqamlara, baş mövzuya diqqət yönəltməyi qarşısına məqsəd qoyub.
Nəimi ilə bərabər Nəsiminin də şöhrəti şəhəri məhəllə-məhəllə, dalan-dalan, təndir-təndir dolaşır və şairin yaşadığı məhəlləyə də gəlib çatır. Nənəsi, qonşuları biləndə ki, Nəsimi təxəllüsü ilə yazılan, yayılan və toylarda, məclislərdə oxunan şeirlərin müəllifi göz önündə böyüyən ciyərparaları Əlidir həm sevinir, həm də təəccüblənirlər.
Elə bu ərəfədə Teymurləngin istila xəbəri, onun nəvəsi Miranşahın qoşunu-ləşgərlə gəlib Bakını tutması Şamaxıda ağız-ağız dolaşır, camaatı vahiməyə salır. Ustad Nəimi həm Bakıda fəaliyyət göstərən müridlərlə görüşmək, həm də Miranşahın qəzəbini mümkün qədər sakitləşdirmək məqsədilə Şamaxını tərk edir. Nəsimi də onunla getmək istəyir. “Yox, Nəsimi, sən burada qal, vəziyyətə nəzarət et. Əgər mənim başıma bir iş gəlsə, üsulu dəyişin, əsas odur sağ qalın, yolunuza davam edin. Bax, mən Təbrizdən gəldim, Şamaxıda öz görəvimi davam etdirdim. Siz də belə!” – deyə Nəimi tövsiyə verir. Əslində elə bu tövsiyə onun vəsiyyəti olur və Nəsimi bu vəsiyyətə əməl etməyi özünə borc bilir, bir missiya kimi qəbul edir.
Bakıya çatan kimi hürufilik sorağını alıb qəzəblənmiş Miranşah başqalarına gözdağı olsun deyə Nəimini dinləmədən belə edam etdirir.
Bu acı xəbərdən sonra Nəsimi Şamaxını tərk etməkdən başqa çıxış yolunun qalmadığını görüb səfərə hazırlaşır.
Nənəsi Ayişənin kəbinini kəsdirib Nəsimiyə əmanət edir. Onlar uzun yol qət edərək Hələb şəhərinə gəlib çıxırlar və burada Nəsimi geniş fəaliyyət sahəsi açır.
Yazıçı bütün detallarda ştrixlərlə də olsa öz məharətini göstərə bilmişdir.
“Ayişə ilə tələsik kəbin kəsdirib yola düşmüşdük, lakin hələ də ər-arvad olmamışdıq...” Gör necə gözəl təsvir olunub! Azərbaycan ədəbiyyatı üçün, Azərbaycan əxlaqi naminə bundan gözəl ailə qurmaq təsviri ilə qarşılaşmısınızmı? Bəzən açıq-saçıqlığı, ailə həyatının intim çılpaqlığı ilə təsvirlər sərgilənən, “böyük uğurlar” qazanmağa hesablanmış əsərlərdən fərqli olaraq görün burada necə incə məqam tutulub və ailə həyatı bünövrəsinin dəyəri ucalıqlara qaldırılıb!
Nəsimi Hələbdə fəaliyyətini genişləndirəndən sonra orada da hər addımbaşı cahil insanların qəzəbinə tuş gəlir. Zəlihanı zorla özünə arvad etmək istəyən cahil molla öyrənəndə ki, onlar hürufilik öyrənir, dünyəvi elmlərdən təhsil alır, bəşərin gərdişi barədə maariflənirlər, tez üz tutur şəhər valisinin, şeyxülislamın hüzuruna. Düzdür, onun hürufiliklə heç bir işi yoxdur, onun məqsədi Zəlihanı özünə tabe etmək, onunla evlənməkdir. Amma təhsil görmüş, dünyanın gərdişindən baş çıxartmağa, get-gedə kamilləşməyə qədəm qoyan Zəliha savadsız, dünyagörüşsüz, hətta nəzakət qaydalarından xəbərsiz biri ilə ömür çürütməyə razı olardımı? Əsla yox!
Nəhayət, məsələ gedib Misir sultanı Əl-Müəyyədə çatır. O da cahil insan olan Miranşah kimi heç bir araşdırma aparmadan Nəsiminin edam hökmünü verir.
Beləliklə, ömrünü insanları maarifləndirməyə, elmli, təhsilli olmasına həsr edən böyük bir düha sahibi cahil insanların ucbatından və elə onların əlində dərisi soyularaq edam olunur.
Romançılığın tüğyan etdiyi son iyirmi ildə nə qədər çox irihəcmli nəsr nümunələri yaradılsa da cəmiyyət böyük səbrsizliklə ədəbi hadisəyə çevriləcək romanı gözləməkdədir. Bəlkə də, belə bir əsər yazılıb, yazılır, yazılmaqdadır. Ancaq fakt ondan ibarətdir ki, hələ belə bir roman ortada yoxdur, təbliğatı aparılmır, istənilən halda cəmiyyətə aşılanmır. Bəlkə, elə həmin roman Şiringül Musayevanın “Mən Nəsimiyəm” adlanan yığcamhəcmli romanıdır? Niyə bu roman fəaliyyətdə olan ədəbi tənqidin, ədəbiyyatşünaslığın diqqətini çəkmir? Niyə ədəbi prosesləri izləməli olan, münasibətini bildirərək düzgün yol göstərmək vəzifəsini daşıyan təsisatlar buna göz yumur?
Milli təfəkkürün tamlığı onun tarixi ilə ədəbiyyatının bir müstəvidə olmasıdır. İmadəddin Nəsimi dünyanın beş ən qədim xalqından biri olan Azərbaycan xalqının tarixi şəxsiyyətidir. Millətin öndə gedən siması kimi onun baş qəhrəman olaraq əsərdə canlandırılması yazıçıların peşə borclarından əlavə həm də bir missiyasıdır. Ancaq bu missiyanı bu gün Azərbaycan ədəbiyyatında imzasını tanıdan əlliyədək yazıçının içindən yalnız biri yerinə yetirdi – o xanım yazıçı Şiringül Musayevadır. İlimizin, günümüzün baş mövzusunu seçməyi, əsər yaratmağı yalnız o, bacardı, bu, təkcə bir istedad məsələsi deyil, həm də ruh məsələsidir.
Xeyli vaxtdır yaradıcılığını diqqətlə izlədiyim bir mükəmməl qələm sahibi kimi bəzən Şiringül Musayevanı yazıçı Əzizə Cəfərzadə ilə müqaisə edir, müəyyən oxşarlıqlar axtarır və əsərləri arasında paralellər aparıram. Şiringül Musayevanın “Mən Nəsimiyəm” romanı ilə Əzizə Cəfərzadənin “Eşqin sultanı” romanı arasında müəyyən oxşarlıqlar mövcuddur. Hər iki romanda kamil insan mövzusu əsas götürülüb. Birində Nəsiminin ali varlığa olan eşqi, ülviyyətı, digərində Füzulinin ulu yaradana olan eşqi təsvir olunub.
Şiringül Musayeva yaradıcılığına olduqca ciddi və məsuliyyətlə yanaşan yazıçıdır. Qəhrəmanına insan-zaman-məkan üçbucağından yanaşmağı bacarır. Çünki hər bir insanın bu və ya digər hərəkətində yaşadığı dövrün və təbii ki, məkanın mühüm rol oynadığı gün kimi aydındır. Təbiətlə təmas isə qaçınılmaz bir faktordur. Bu üç nəsnənin özü də təbiətin bir parçasıdır.
Romançılıqda bu janrın tələblərinə cavab verən bütün parametrlərlə bərabər mövzu seçimi, bəlkə də, ən əsas məsələdir. Zənnimcə, kamil insan mövzusu hər zaman nəsrimizin baş mövzusu olub.
XXI əsrdə beş yüz il əvvəl yaşayıb fəaliyyət göstərmiş, millətin öndə gedən filosofu olmuş, dünyanın yarısını; şahları, xaqanları qarşısında diz çökdürən Əmir Teymurun qabağında əyilməyən insanı, özünü ulu yaradanın bir parçası sayan kamil insanı obrazlaşdırmaq qədər müşkül və mühüm missiyanı şərəflə yerinə yetirən yazıçı Şiringül Musayeva “Mən Nəsimiyəm” romanı ilə ədəbiyyatda Əzizə Cəfərzadənin “Eşqin sultanı” romanı ilə başlanmış yetgin bir yolun davamçısı kimi adını Ədəbiyyat tarixinə həkk etdirdi. Roman yığcamlığı, milliliyi, tarixiliyi, yüksək fəlsəfi düşüncə tərziylə və bir çox digər üstünlükləri ilə ədəbi tənqidin diqqətini mütləq cəlb edəcəkdir.
Müəllif hüquqları qorunur .

0 şərh