Həyat əbədi var –Şiringül Musayeva.

  Xalqların da böyüyü, kiçiyi olur ,dənizlərin, dağların da, okeanların, hətta ağacların, otların, çiçəklərin də ...Böyüklü — kiçikli, irili — xırdalı, — bütün yaranmışlar gözəgörünməz bir bağ ilə bağlanıbdır, bir harmoniya ilə həmahəngdir .Və bu harmoniya həyatı hər gün bir az da gözəlləşdirir .
İbrahim bunu hər an, hər dəqiqə hiss edir. Bax elə indi də hiss edir .Qarşısında yamyaşıl bir çəmənlik uzanır. Günəş sağ tərəfdə parıldayır, hələ göyün tən ortasına qalxmasına çox var. Şəfəqlər yer üzünə çəpəki düşür və isti də, sən deyən, hiss olunmur. Kəpənəklər gözə dəymir, quşların səsi də eşidilmir .Arabir tək -tək sərçələr görünür .Onlar da yay- qış, onsuz da, çəmənliyin yerli sakinləridir.

İbrahim yaşlı deyil, cavandır ..amma kənddə hamı ona “ağsaqqal “deyir.Buna səbəb onun çox ağıllı olması, həyatı dərindən dərk etməsi ,yaşıdı cavanlardan fərqlənməsidir .Camaat onu ağıllı, bilikli hesab etsə də İbrahim əksinə həyatın sirli olayları, əbədi sualları qarşısında (Məsələn: Günəş nə zamandan beləcə dünyanı işıqlandırmağa, həyat mənbəyi olmağa və yaxud zaman nə vaxtdan bəri elə hey axıb getməyə başlayıb, insanlar nə zaman yer üzünə eniblər  və s. ) aciz olduğu üçün özünü elə də ağıllı bilmir.
İbrahim ağıllı olmaqla bərabər həm də çox romantikdir. Məsələn: o yamyaşıl düzənliyə ayaq qoyanda düşünür ki, nəhəng bir dənizə ayaq qoydu. Dizə qədər qalxan yaşıl otları da dəniz dalğasına bənzədir hərdən .Otları dalğaya bənzətsə də onları ayaqlamaqdan belə çəkinir ;düşünür: onlar canlıdır, ayaqlarının təmasından əzilib inciyərlər.
İbrahim torpağı bərəkətli olduğu üçün çox sevir. Hərçənd, o, filosof, alim, nə də siyasətçi deyil .(Deyilənlərə görə, torpağı əslində onlar mükəmməl sevməlidir) Amma torpağın, Günəşin, göy üzünün əzəli və əbədi görəvlərini qiymətləndirməyə bilmir.Gör bir nə vaxtdan fəsillər bir-birini əvəz edir, hər yaz göy üzü aydınlanır ,Günəş işıq saçma bucağını dəyişir, havalar istilənir, torpaq bar- bərəkət mənbəyi olur .Təbiət insana çox az əmək saxlayır, əzəli və əbədi, möhtəşəm işləri özü icra edir. Məsələn: yazı gətirir, qışı aparır, otları göyərdir, havanı isidir, yağışı yağdırır, küləyi əsdirir, hər yaz bitkiləri canlandırır .İnsana isə sadəcə torpağı əkmək –becərmək qalır. Bəzi yerlərə su çəkmək də suyu yaratmaqdan çətin deyil .
Düzənliyin yuxarı başında İbrahimin işlədiyi meyvə bağı yerləşir. İbrahim orada işləyən işçilərin briqadiridir.O, işçiləri qruplara bölüb ;cavanlar bir briqadada işləyir, nisbətən yaşlılar başqa briqadada .Ağır işləri görmək üçün də daha güclü briqadası var .Əslində meyvə bağında işləmək elə də çətin deyil. İbrahim üçün çox maraqlı və gözəldir ;həyatı füsunkar, möhtəşəm təbiətlə birbaşa təmasda keçir.
İbrahimin otuz iki yaşı var. İllər onun yaşının üstünə yaş gətirib, amma o, xəyalən ömrünün səkkiz il bundan əvvəlki məqamında qalıb hələ də .Hələ də hər səhər işə gələndə, hər axşam işdən gedəndə səkkiz il bundan qabaqkı xatirələrin acısı ilə kədərlənir, sevinci ilə gülür. İş yoldaşları çox vaxt onun öz aləmində olduğunu hiss edirlər, amma buna elə də bənd olmurlar .Çünki İbrahim heç bir işdə axsamır və hər işin də öhdəsindən layiqincə gəlir. Dost, yoldaş kimi də misilsizdir. Hamıya yetərincə qayğı göstərir .
Düz səkkiz il bundan əvvəl elə bu çəmənliyin sağ tərəfindəki tək ağacın altında Banu (sevgilisi ) ilə aralarında çox ağır bir söhbət,- vidalaşma olmuşdu.
...Banu
— Nədən belə kədərlisən ?-deyə ondan soruşmuşdu
İbrahim başını qaldırıb Banunun o an hədsiz gözəl görünən üzünə baxmışdı .Və heyrətə gəlmişdi: burada işlədiyi iki il müddətində həmişə kədərli gözləri uzaqlara baxan Banunun gözlərində kədərdən əsər-əlamət yoxdu. Əksinə sevinc gizlənirdi gözlərinin dərinliklərində
-Mən gedirəm ,İbrahim.Gedirəm ...
-...
-Bilirsən ki, mən üniversitetə qəbul olunmuşam .
-Torpaqda işləməyi sevmədin heç.
-Torpaq mənlik deyil .Məni elmin, texnikanın qaynadığı şəhərlər cəlb edir.
-Elm, texnika ,sürət əsri, mobil telefonlar insanları robotlaşdırıb. İnsanlar, xüsusən, gənclər internetdən ayrı dura bilmirlər.Amma bu telefonları, interneti yemək olmur. Bir göy üzünə baxsana, Banu ;sonsuz fəza, al günəş ,bu havada uçuşan kəpənəklər, quşlar həyatın özüdür .Biz –insanlar hələ dünya internet, şüa nə olduğunu bilməyəndə daha xoşbəxt idik .Bizim ciyərlərimiz təmiz hava alanda daha rahat olur, beynimiz internetlə zəhərlənməyəndə daha yaxşı düşünürdü, əsəblərimiz daha sakit idi. Elm –texnika inkişaf etdikcə insanlar əsəbi xəstəyə, psixopata, nevroza çevriliblər.Tüstü qoxuyan, toz qoxuyan, səs –küy, narahatlıq mənbəyi olan şəhər həyatı, elə bilmə ki, insanı xoşbəxt edir.
-İnsanlar hamısı kənddə yaşaya bilməz ,İbrahim. Hamı torpaqda işləməli deyil .Bəs bizim elm –texnika inkişaf etməsin? Bəs taxılı əkək onu yenə də əl dəyirmanında üyüdək? Meyvələri saxlamağa yer olmasa (soyuducular) hamısı xarab olar. Elm, texnika, əksinə,  çox lazımdır, İbrahim. Burada da internet var .Məsələ o deyil .Mən insanların gur olduğu yerləri sevirəm. İstəyirəm hər tərəfim insan olsun. Kənd mənlik deyil. Hər kəsin bir sevdiyi sənət var .Mən də həkimliyi seçdim. Eləsi var səs –küylü zavodlarda işləməyi seçir. Zavodlar olmasa, çay qaynatmağa çayniklər, xörək bişirməyə qazanlar, yemək yeməyə boşqablar olmasa neyniyərik? .Maşınları demirəm .Deyəcəksən: onlar havanı zəhərləyir .Qədim zamanlardakı kimi at, eşşək, dəvəyləmi hərəkət edək ?
İbrahim, əslində, həyatın Banu dediyi kimi davam etməsini çox istərdi, amma bu uzun bir söhbətdi və indi onun yeri deyildi. Odur ki, söhbəti uzatmadı o an .
-Nə deyim ...Sənə uğurlar .Əlbəttə, seçimində azadsan. Və hər bir insan ürəyincə yaşamalıdır ,-istədiyi kimi ..
-Sən də öz həyatına davam et .Sənə burada yaşamaq xoşdur-Banu gülür-Narahat olma sonsuz fəzanı, mavi göy üzünü, başı dumanlı dağları, zümrüd çəmənləri özümlə aparmıram.
İbrahim onu qucaqlamış, dodaqları qovuşmuşdu, öpüşləri uzun çəkmişdi .Qız yumru, dik döşləri, zərif dərisi, bənzərsiz gözəlliyi ilə vazkeçilməz idi .Lakin ...nə olar, nə olmaz, İbrahim ona başlayacağı yeni həyatında başaşağılığı verməmək qərarına gəlmiş, ona yalnız xoşbəxtlik arzu etmişdi .
Ondan sonra İbrahim həyatına davam etmiş və budur, səkkiz ildir ki, yaşayır. Amma bu səkkiz ildə İbrahimin qulaqlarında uzun, əbədi bir musiqi səslənməkdədir. İbrahim o musiqini telofonuna yazdırıb və hər gün işə gedəndə də, gələndə də onu dinləyir. Nədənsə İbrahim bu musiqinin ona belə yaxın olduğunu heç düşünməzdi əvvəllər .Əvvəllər bu musiqini hərdən dinləyərdi (məsəla: radionu açanda həmin musiqi səslənirdisə kanalı çevirməzdi) İndi isə o, hər gün eyni musiqini dinləyir və hər dəfə sinəsinə sanki bir ox sancılır. Gözü önündə, nədənsə, bənövşəyi lavanda sahələri, saralmış düzənliklər canlanır, haradasa uzaqlarda qalmış kənd evləri, bozarmış çəpərlər amansızlıqla xəyalına hücum edir, at üzərində igidlər, çiynində su səhəngi olan gözəllər harayasa su kimi süzülüb gedirlər.Və hamısının üzündə sonsuz bir kədər var. Nədir bu kədər? Nədən əvvəllər İbrahim bu kədəri duymazdı? Hər gün altında əyləşdiyi Tək ağac da artıq onun kədərinə tab gətirməyib qurumağa başlamışdı.
Nə isə...

Bu gün İbrahim işə bir başqa havada gəlirdi. Neçə vaxtdır dünyanı cənginə alan bir xəstəlik barədə eşidirdi, -koronovirus… Televizorda, İnternetdə — hər yerdə bundan danışırdılar.Bütün insanlıq təhlükədəydi. Nəhəng olkələr artıq sərhədləri bağlayır ,əhalinin xilası üçün karantin rejimi tətbiq edirdilər.Hər şey gözlənilməz və sürətlə baş verirdi .Axşam isə hörmətli prezident İlham Əliyev bu barədə danışdı, əhalinin sağlamlığının onun üçün vacib amil olmasını vurğuladı. Prezident dövlətin əsas məqsəd və stradegiyasının bu mövzuya xidmət edəcəyini bəyan etdi.Ali və orta məktəblərin, universitetlərin, bağçaların bağlanması, təyyarə uçuşlarının təxirə salınması haqqında əmr verdi .Restoranlar, kafelər artıq fəaliyyət göstərməyəcəkdi .Ancaq həkimlər, yeyinti sənayesində çalışan işçilər işləyəcəkdi .Və Prezidentin bu sahədə attdığı addımlar möhtəşəmdi. Bağlanan bütün müəssisələrdə hər bir işçi maaşını alacaqdı ,hətta işsizlər, günəmuzd çalışanlar da nəzərə alınmışdı Prezident onlara da müxtəlif yardım paketləri hazırlamaq haqqında əmr vermışdi .
Ölkə bu gündən xüsusi rejimə keçirdi.
İbrahim artıq sahədəydi.
İşçilərin üzündə bir həyəcan hiss olunurdu. Hələ dəstələrə də ayrılmamışdılar.
-Nə olub ?-İbrahim soruşdu.
-Eşitməmisiniz, koronovirus deyilən bir xəstəlik dünyanı ağzına alıb. Artıq bizdə də yayılmağa başlayıb. Bu gündən sərhədlər bağlandı. Axşam cənab Prezident bu barədə əhaliyə geniş məlumat verdi- işçilərdən biri dilləndi.
— Bilirəm .-İbrahim dilləndi-Bəziləri deyir bu, bioloji silahdır, bəziləri deyir qrip kimi bir xəstəlikdir .6 5 yaşdan yuxarı insanlar üçün təhlükəlidir.Çünki onların immuniteti zəif olur .Hər halda bu bizlər üçün elə də qorxulu deyil .Təmiz hava, fiziki iş… Hava da artıq isinir .Biz təbiətin qoynundayıq
-Bəs indi nə edək ?
— Həmişəki kimi işimizə davam edəcəyik .Əsas məsələ xəstəlikdən qorxmayacayıq. Məhsul yetirməsək millət nəylə keçinər .Karantin qaydaları bizə aid deyil .Biz onsuz da bir-birimizdən aralı işləyirik .Bu çətin günlərdə daha əzmlə işləməliyik .Baxın taxılçılar da gəlib sahəni şumlayırlar
İbrahim yaxınlıqdakı taxıl sahəsinə işarə etdi.
-Xəstəlikdən qorxmursunuz ?
-Əlbəttə, yox .Qorxulu heç nə yoxdur.Amma ehtiyatı da əldən verməyəcəyik: qalın geyinməliyik, eyni zamanda tərləməməliyik. İsti çay icəcəyik .Yeməyi də bir müddət elə bu sahədə ocaqda bişirib isti –isti yeyəcəyik .Çay içmisizmi?
-...
-...Gəlin bir çay qaynadaq...
Onlar ocaqda çay qaynadıb keçən il çəməndən yığıb qurutduqları kəklikotu ilə dəmlədilər .Çaydan sonra gümrahlaşmış işçılər deyib- gülərək sahəyə dağılışdılar.
İbrahim briqadir olmasına baxmayaraq özü də ağac dibi belləyər, qurumuş budaqları budayıb ağacdan ayırardı. Bu gün də o həmişəki kimi işləməyə başladı .Arabir əl saxlayır ani olaraq Banunu fikirləşirdi .O artıq təhsilini bitirmiş, şəhər xəstəxanalarından birində işə düzəlmişdi, can həkimiydi .Və indi həkim kimi xalqa çox lazımıydı .Görən, o, bu məsələlərə necə baxır ?
...
Aradan bir həftə ötdü. İnsanlar daha karantin rejiminə alışırdılar.Vəziyyət bir az da ciddiləşirdi .Ölkə rəhbəri sərt ,düşünülmüş addımlar atırdı və burada başlıca məqsəd insanların sağlamlığın qorumaq, xəstəliyin yayılmasını dayandırmaq, az itki ilə pandemiya adlandırılmış koronovirus bəlasından qurtulmaq idi .
İbrahim və cavanlardan təşkil etdiyi briqadası işdən sonra kənddəki imkansız ailələrə baş çəkir, yaşlı insanların keçimi ilə maraqlanır, onlara müəyyən köməklıiklər göstərirdilər .
Bir gün o, həmişəki kimi, işə gələrkən yolun kənarındakı tək ağacın altında Banunu gördü .Gözlərinə inanmadı. Sürətlə ona yaxınlaşdı
-Banu, bu sənsən?
-Gördüyün kimi .
Banu maskada idi
-Bu nədir? Açsana maskanı. Səni görmək istəyirəm. Gör bir nə vaxtdır görüşmürük .Burada təmiz havadır.
-Olar. Amma iki metr məsafə saxlamaq şərtiylə .Mən həkiməm və qaydalara ciddi riayət etməliyik.
Banu maskanı açdı. İbrahim heyrətə gəldi :qarşısında çox gözəl, yetkin, gənc bir xanım dayanmışdı. İllər onu daha da gözəlləşdirmişdi. İbrahim onun nazik plaş altından geyindiyi həkim formasının fərqinə vardı
-Formadasan?
-Öz xahişimlə könüllü kəndimizdə işləmək üçün gəldim .Ümid edirəm: bu çətin günlərdə el-obama, xalqıma köməyim dəyəcək .
-Əlbəttə .Bu çox təqdirəlayiqdir .
-Görürsən, arzuların dalınca şəhərə getmək həyatın sonu deyil. Əhalinin sıx olduğu şəhərlərdə oxumaq, yaşamaq insanları milli dəyərlərdən uzaq salmır .Biz insanı sevirik. Və onun qulluğunda durmağa hazırıq. ...

Onlar tək ağacın altında oturdular.
Ağacın bəzi budaqları qurumuş, bəzisi isə artıq çiçəkləmişdi .
-Nə əcəb sənin möhtəşəm təbiətin bu ağacı qoruya bilmədi? Artıq quruyur — Banu zarafat etdi.
-Ağacı dərd qurutdu ,əzizim Banu. Bunun altında uzanıb o qədər sənin xiffətini etdim ki .
Təbiət onu qurutsa da minlərlə yenisini yaradır .
-İnsanın köməyilə
-Nədən o qədər meşələr var; onları insanmı əkib?
-Bəs bağ-baxçalar ?
-Onları əkməyi də insan təbiətdən öyrənib .
-Təbiət ...Bəs sənin təbiətin nədən bu virusu yox etməyir? İtaliya ,İspaniya ,İran qırıldı ki ...
-Yəqin ki, özünü təmizləmə prosesidir.Təbiət özünü nizamlayır .Əgər bu virus təbii virusdursa .
-Əgər bioloji virusdursa onda bəs?
-O zaman təbiətin qisası ağır olacaq .Və əminəm ki, virusu yaradanlar daha ağır cəzalanacaq.
-Məncə təbii virusdur — Banu üzünə tökülən saçlarını arxaya atdı. — Keçmiş zamanlarda o qədər viruslar olub ki. Bəyənmədiyin elm onların çoxunu zərərsizləşdirib, məsələn: çiçək epidemiyası. İndi bir qurup insan elə hey elmi, tərəqqini suçlandırır.Məncə, elm –tərəqqi təqdirəlayiqdir
-...
-Elə deyil ?- Banu soruşdu.
-Elə olmağına elədir .Amma elm –tərəqqi təbiətə az ziyan vursaydı ,ya da heç vurmasaydı ...İnsanlar düşünüb buna bir əncam çəksəydilər. Bu saysız- hesabsız maşınlar, zavodlar havanı zəhərləməsəydi. Bitkilər təbii şəkildə böyüsəydi ...Yəqin ki, bütün bunlar olacaq. Bu koronovirus insanlığa dərs verəcək, onlar anlayacaq ki, havanı təmiz saxlamaq lazımdır. İnsanlar təbiətin hər ağacının, otunun üstündə əsəcəklər. Axı elm- texnika nə qədər inkişaf etsə də hələ yeni bir dənli bitki yaratmayıb, meyvə yaratmayıb .Təbiət özü bizə nə ərməğan edibsə elə odur. Süni şəkildə yaradılan, genləri dəyişdirilən meyvələr, bitkilərsə insana çox ziyandır.
...

Kənddə bir ailədə koronovirus aşkarlanmışdı, dörd nəfərdilər. Ata, ana və onların iki övladı. Valideynlər xəstəxanaya yerləşdirilmişdi .Övladları isə ev şəraitində müalicə olunurdu. Xəstəxanada valideynləri müalicə edən Banu hər gün evdəki uşaqlara da baş çəkirdi. İşdən sonra isə hər gün onunla görüşə qaçan İbrahimlə izolyasiya şəraitində görüşürdü .
Çox keçmədi digər xəstəlikləri də olduğu üçün xəstəxanada müalicə alan ailə başçısı vəfat etdi .Xəstə uşaqlar və ana   artıq sağalmaq üzrəydilər ki, Banu xəstələndi .Testləri pozitiv çıxdı .İbrahimi də yoxladılar, onda bir şey yox idi. Artıq onu Banu ilə izolyasiya şəraitində belə görüşməyə qoymurdular .Və İbrahim hər gün Tək ağacın altında sonsuz kədərdən qıvrılırdı. Kədərini evdə valideynlərinə, işdə işçilərinə hiss etdirmirdi. İbrahim Allaha ,təbiətə, tək ağaca yalvarır, Banunu sağaltmağı onlardan xahiş edirdi .
İbrahim çox üzgün idi .Özünə söz verirdi: Banu sağalsın ,o Banuya qoşulacaq, elmin –tərəqqinin ardınca şəhərə gedəcək, elə elm kəşf edəcək ki ,təbiətdə hər şeyi nizamlasın. Heç bir pandemiya qorxusu olmasın .Maşın, zavod tüstülərini canına çəkən aparatlar düzəldəcək, elə edəcək ki, insanlar elmdən çox fayda götürəcək, ziyan sıfıra endiriləcək.Təbii qidaların istehsalını artırmaq üçün çalışacaq .Bir sözlə bundan sonrakı həyatını “Hər şeyin yaxşısı insan üçündür və təbiəti də insan üçün qorumaq lazımdır!” şüarına uyğunlaşdıracaq .Bircə Banu sağalsın ...
...
İbrahim xəstələnmiş ailənin və Banunun xəstəliyə qalib gəlməsini bu səhər işlədiyi bağda eşitdi. Və sevinclə onları görmək üçün kəndə döndü.
İbrahim iti addımlarla kəndə doğru irəliləyirdi və həmişəki musiqini dinləyirdi. Sanki bütün Yer kürəsi bu musiqinin qanadlarında süzürdü; dumana bürünmüş dağlar ,sıldırım qayalar, dalğaları buz bağlamış okeanlar, sularında balıqlar qaynaşan dənizlər, səs-küylü, küçələrində maşınlar şütüyən şəhərlər –hamısı bu musiqinin içərisindəydi.
Musiqini dinlədikcə İbrahim xalqının qəhrəman bir xalq olması qənaətinə gəlirdi. Hər şey bitəcək, bütün ağrılar, narahatlıqlar arxada qalacaq, bəşəriyyət yatdığı bu pis yuxudan ayılacaq. Bu dəfə daha əzmlə, səbatla, köklərinə bağlı şəkildə inkişafa başlayacaq .İnsanlar daha təbii, daha humanist, insansevər, təbiətsevər olacaqlar. İnsanlar göy üzünün, dibsiz dənizlərin, əl irişməyən cəngəlliklərin, hüdudsuz ormanların, başı dumanlı dağların, buz bağlamış Antarktidanın belə qayğısına qalacaqlar. Elm, texnika nə qədər inkişaf etsə də insanı kökündən uzaqlaşdırmamalıdır, -insanlar bunu dərk edəcəklər.Torpağa,-Təbiətə daha çox bağlanacaqlar, Təbiətin, yaradılışın kökündə ulu bir qüvvənin durduğunu tam səmimiyyətlə anlayacaqlar .
İbrahim düzənliklə sürətlə irəliləyirdi .Və İbrahimin köksündən bu sözlər qopur, musiqi səsinə qarışıb başı üzərində süzən ağ buludlara, uzaqdan görünən qarlı dağlara, sonsuz üfüqlərə, hətta göy üzündə parıldayan Günəşə belə çatırdı :
-Ol desən olaram, gəl desən gələrəm .Mavi dənizləri ,  zümrüd çəmənləri adlayaraq, başı qarlı zirvələri aşaraq gələrəm .Bir əlimdə Günəşdən, bir əlimdə Aydan sənə pay gətirərəm. Bütün pislikləri, ölümləri silərəm Yer üzündən, sənin üçün əbədi həyat gətirərəm. Günəş kimi, Ay kimi, Səma kimi əbədi yaşayarsan ..
Əbədi var olarsan .Çünki  Günəş əbədi var, Səma əbədi var, Bəşər əbədi var ...Sən və mən əbədi varıq, var olacağıq. Həyat əbədi var .

0 şərh