Klassik filoloq alim - Əziz Mirəhmədov

Əziz müəllim 1920-1930-cu illərdə Azərbaycanda fəaliyyət göstərmiş elə alimlərin yaratdıqları məktəbin tələbəsi və davamçısı idi ki, onlar universal təfəkkür sahibi olmaqla ədəbiyyata tarixi, fəlsəfi, estetik, linqvistik və tekstoloji problemləri özündə cəmləşdirən əhatə dairəsində nəzər yetirirdilər. Əziz müəllimin dərs aldığı Həmid Araslı, Mir Cəlal, Feyzulla Qasımzadə, C.Xəndan, Əli Sultanlı, M.Cəfər 1920-1930-cu illər Bakı Universitetində dərs demiş məşhur alimlərin yetirmələri olmuşdular. Bakı Universitetini təşkil etmiş Razumovskinin dəvəti ilə burada çalışmış dövrünün görkəmli alimləri A.Ziffeld, V.Zummer, N.Mar, Vyl. İvanov, A.Makovelski, A.Bukşpan, N.Aşmarin və başqaları bu ali təhsil ocağını mötəbər elm mərkəzinə çevirdilər.
Əziz Mirəhmədovun
Əziz Mirəhmədovun yaradıcılıq yolu filoloji fikrimizin ötən əsrdə əldə etdiyi nailiyyətləri, nəzəri axtarışların istiqamətlərini, onun uğurlarını və metodoloji qüsurlarını bütün tərəfləri ilə özündə əks etdirir. Onun bir ədəbiyyatşünas kimi təfəkkür tipi Azərbaycan klassik filologiya məktəbinin ənənələri zəminində formalaşmış, milli — ədəbi irsi professionallıq və məsuliyyət hissi ilə öyrənməyin tarixi təcrübəsi onun alim və tədqiqatçı yaddaşına buradan süzülüb gəlmişdir.
Əziz Mirəhmədovun ədəbiyyat tarixi və nəzəriyyəsi, mətbuat tarixi, mətnşünaslıq, biblioqrafiya və kitab mədəniyyəti barədə, həmçinin müasir ədəbi prosesin əsas istiqamətləri və imzaları haqqında çoxsaylı tədqiqatları onun elmi maraq dairəsinin genişliyini göstərməklə yanaşı, alimin bir tədqiqatçı kimi fərdi təhlil üsulunun da üstünlüklərini üzə çıxardır. Arxiv, sənəd, fakt yığımı ilə tarixi dövrlərin ictimai, fəlsəfi, siyasi, ədəbi, dini institutları arasındakı dialektik vəhdəti nəzərə alaraq bu əlaqənin mahiyyətini üzə çıxartmaqla elmi ümumiləşdirmələr aparmaq Əziz Mirəhmədovun bir ədəbiyyatşünas kimi seçdiyi təhlil üsulu, tədqiqatçılıq keyfiyyətidir. Buna görə də müasir elmi meyarlar mövqeyindən yanaşanda onun əsərləri elmi fikrin müasir mərhələsində "əliboş” qalmır. Əksinə, XIX və XX əsrlər bədii fikri haqqında yenidən düşünməkdə fakt, sənəd cəbbəxanası, mübahisə, mühakimə təcrübəsi kimi yaşamaq hüququnu ehtiva edir.
Bədii fikir tariximizin XIX və XX əsrin əvvəlləri dövrünü ideya-poetik cəhətdən yeni mərhələ kimi mənalandıran amillərin kompleks şəklində öyrənilməsində Ə.Mirəhmədovun xidmətləri böyükdür. O, müəllimləri və yaşıdları ilə birgə bu tarixi epoxaların ədəbi fikrinin mürəkkəb inkişaf yolunu öyrənməyin nəzəri-metodoloji əsaslarını hazırlamaqla yanaşı, ictimai fikir cərəyanları ilə ədəbi fikrin əlaqələrini, bu əlaqələrin milli və regional baxımdan düzgünlüyünü üzə çıxarmaqda ciddi nailiyyət qazanmışdır. «Azərbaycanda Mirzə Fətəli əsri”nin Əziz müəllimin tədqiqatlarında ardıcıl yer tutması həmin dövrün ictimai və ədəbi hadisələrinin xalqımızın tərəqqisində böyük tarixi mənası ilə bağlı idi. Heydər Hüseynovun „XX əsr Azərbaycan ictimai-fəlsəfi fikir tarixindən” əsəri tarixi, fəlsəfi və ədəbi-estetik amilləri əhatə etdiyi üçün XIX əsri bədii fikirdə də yeni dövr kimi səciyyələndirmək ədəbiyyatşünaslıq üçün də nəzəri özül idi. Müəyyən tarixi dövrdə elmi dövriyyədən mexaniki çıxarılmış bu fundamental əsər öz tarixi missiyasını yerinə yetirmişdi. Xüsusən, Azərbaycan maarifçilərinin rus və Avropa fikri ilə yanaşı, İslam sivilizasiyası və maarifçiliyi ilə bağlaması ədəbiyyatşünaslığın da bu tənasübü gözləməsində nüfuzlu söz idi. Ə.Mirəhmədovun “M.F.Axundov” (1953), „XIX əsr Azərbaycan ədəbiyyatında satiranın inkişaf məsələsinə dair”, “Zakir və XIX əsr Azərbaycan satirası”, „Qəribə tale”, “M.F.Axundov və K.Volney” kimi əsərləri, həmçinin „Yazıçılar, talelər, əsərlər” (1978) və “Azərbaycan ədəbiyyatına dair tədqiqlər” kitablarında toplanmış əksər məqalələr XIX əsr Azərbaycan ədəbiyyatının öyrənilməmiş məqamlarını, onun digər xalqların ədəbi-mədəni irsi ilə əlaqələrini, həmçinin ədəbiyyatımızda yeni yaranan janrlar, üslublar haqqında ilkin təsəvvür yaradan araşdırmalardandır.
 
Görkəmli alimin XIX əsrin ədəbiyyatının əsas simaları, onların ədəbi irsinin üzə çıxarılması sahəsindəki fəaliyyəti həmin əsr ədəbiyyatını konkret problemlər, o cümlədən ayrı-ayrı ədəbi-estetik kateqoriyaların bu dövrdə ədəbiyyatımızda təşəkkülü, təkamülü baxımından öyrənməkdə elmi fikri zəngin faktlarla, tarixi əsəri qiymətləndirməyin real təcrübəsi ilə təmin etdi.
XX əsr, başqa sözlə, sovet dövrünə qədərki zamanın ədəbiyyat tariximizdə bir mərhələ kimi fərdiləşdirilməsində, onu ehtiva edən ədəbi məktəblərin, yaradıcılıq metodlarının, ədəbiyyatın janr və üslub zənginliyinin, mətbuatdakı intibahın tədqiqində Mir Cəlal, C.Xəndan, Əziz Şəriflə yanaşı, Əziz Mirəhmədovun xidmətləri müstəsnadır. XX əsr ədəbiyyatının toplanması, nəşri, tədqiqi və təbliği istiqamətində ölkəmizdə həyata keçirilmiş elmi-təşkilati işin əsas müəlliflərindən və rəhbərlərindən biri Əziz Mirəhmədov olmuşdur.
Böyük tədqiqatçının M.Ə.Sabir haqqında Bakıda və Moskvada çap etdirdiyi fundamental monoqrafiyalar ədəbiyyatımızda ictimai satiranın tarixi gerçəkliyin təsiri ilə yeni, mütərəqqi məzmun qazanmasını, Sabir poeziyasının Azərbaycanda yeni tipli ədəbiyyatın təşəkkülündə rolunu, onun Yaxın Şərq xalqlarının ədəbiyyatında tənqidi-realist meylin inkişafına təsirini aydınlaşdırmaqla yanaşı, şeirimizin poetik təkamülündə orijinal hadisə olduğunu və XX əsrdə davam etməkdə olan epiqon şeirin aradan götürülməsində praktik əhəmiyyətini üzə çıxarır.
XX əsr ədəbiyyatı və mətbuatımızın görkəmli bilicisi və tədqiqatçısı kimi Əziz Mirəhmədovun uzun illərdən bəri əldə etdiyi elmi araşdırma təcrübəsi, universal tədqiqatçılıq keyfiyyəti „Azərbaycan Molla Nəsrəddini” monoqrafiyasında əyaniləşdi. Bu əsər təkcə Ə.Mirəhmədovun deyil, ümumilikdə, ədəbiyyatşünaslıq elmimizin müəyyən tarixi bir dövrünün yekunu və nailiyyəti oldu. Monoqrafiyada Mirzə Cəlilin milli mətbuat, publisistika tariximizdə əvəzsiz xidmətləri “mollanəsrəddinçilik” fikir cərəyanını şərtləndirən ədəbi, ictimai və estetik problemlərin fonunda yüksək elmi şərhini tapmışdır. C.Məmmədquluzadənin mənəvi mədəniyyətimizin yüksəlişində böyük tarixi xidmətləri kitabda zəngin arxiv sənədləri, yeni fakt və mülahizələrlə əyaniləşdirilir. Demokratik maarifçilik, mütərəqqi xalqçılıq ideyalarının C.Məmmədquluzadənin ədəbi-ictimai görüşlərinin formalaşmasında xüsusi rolu aydınlaşdırılır, yazıçının dünya ədəbiyyatına yaradıcı münasibəti konkret əsərlərinin təhlili məntiqi ilə sübut olunur. XX əsrdə Azərbaycanda gedən ideoloji və ədəbi mübarizələrdə mollanəsrəddinçilərin xidmətləri, demokratik ideyaların „Molla Nəsrəddin” jurnalının ideya və tematikasının müəyyənləşməsində xüsusi əhəmiyyəti kitabda ilk dəfə olaraq zəngin ədəbi-tarixi məxəzlər əsasında şərh olunur. Cəlil Məmmədquluzadənin Cənubi Azərbaycan və İran maarifçiliyi ilə əlaqəsi, onun publisist yaradıcılığının əsas cəhətləri, realist ədəbiyyat və satirik jurnalistikanın tərəqqisində rolu yeni mövqedən təhlil edilir. Monoqrafiya Cəlil Məmmədquluzadənin ədəbi-ictimai fəaliyyəti haqqında sanballı elmi hadisə olmaqla, XX əsrin əvvəllərində Azərbaycanda ictimai həyatın, mətbuat və ədəbiyyatdakı ideoloji cəhətlərin, metod və ədəbi üslubların mahiyyəti haqqında da real təsəvvür yaradır.
Ə.Mirəhmədovun XX əsr Azərbaycan romantizminin tədqiqi sahəsindəki fəaliyyəti bu gün daha mənalı görünür. Onun A.Şaiq, M.Hadi, A.Səhhət haqqında monoqrafiyaları, çoxsaylı məqalələri XX əsr romantizminin tarixi və nəzəri problemlərini həll etməyə güclü təkan verir. M.Hadinin ədəbi irsi məhz Ə.Mirəhmədovun inadı, vətəndaşlıq səyi nəticəsində xalqa çatdırıldı, bu böyük sənətkarın bədii fikir tariximizdə yeri onun çoxsaylı elmi axtarışları nəticəsində müəyyən olundu.
Bir məsələnin tarixi mənasına diqqət yönəltmək istərdim ki, H.Cavid siyasi repressiyaya məruz qaldıqdan sonra XX əsr romantizmi haqqında bədii metod və ədəbi cərəyan təsəvvürünün formalaşmasında öz müəllimləri M.Cəlal və M.Cəfərlə yanaşı, Ə.Mirəhmədovun gördüyü tekstoloji işin və ilk tədqiqatların böyük tarixi mənası vardır. M.Hadi irsinin toplanması, ilk monoqrafik tədqiqat onun adı ilə bağlıdır. M.Hadinin əsərlərini çətinliklə əldə edən, dövriyəyə gətirən, onun haqqında namizədlik dissertasiyası yazan və buna görə də mənəvi əzablara düçar olan Əziz Mirəhmədovun tarixi xidmətləri əvəzsizdir. Görkəmli elm xadimi “Azərbaycan ədəbiyyatı tarixi”nin yaradılmasında da uzun illər səmərəli elmi-təşkilati iş aparmışdır.
 
'»Ədəbiyyat tarixi” fənninin və ya janrının dövrləşdirmə, dəyərləndirmə prinsiplərinin hələ formalaşmadığı bir vaxtda elmə gələn Əziz Mirəhmədov öz müəllimi Heydər Hüseynovun irəli sürdüyü elmi prinsiplərə əsaslanırdı. Az bir vaxtda texniki işçidən müəllif və redaktor səlahiyyətinə yüksəlməsi onun istedad və zəhmətsevərliyinin bəhrəsi idi. Ötən əsrin 60-cı illərində nəşr edilmiş üçcildlik ədəbiyyat tarixinin II cildinin ən mühüm icmal və portret oçerklərinin müəlliflərindən biri Əziz Mirəhmədovdur.
Mətbuat tariximizin öyrənilməsi və yeni əlifba ilə nəşri sahəsində Əziz Mirəhmədovun gördüyü işin həcmi və vətəndaşlıq vüsəti barədə konkret təsəvvür yaratmaq üçün «Molla Nəsrəddin” jurnalının 12 cilddə yeni nəşrinin hazırlanmasını və „Klassik Azərbaycan ədəbiyyatı kitabxanası”nı xatırlatmaq kifayətdir.
Ə.Mirəhmədov təbiəti etibarilə narahat, polemik hadisələrin ümumi gedişini bəri başdan duyub qiymətləndirən şəxsiyyət idi. Xalqın tarixi, dili, mədəniyyəti ilə bağlı müzakirə və mübahisə məqamında o, bitərəf qala bilmirdi. Təsadüfi deyil ki, ədəbiyyat tarixi ilə yanaşı, 1950-1980-ci illər ədəbi prosesinin ən aktual məsələləri haqqında o, dövri mətbuatda ardıcıl çıxış etmişdir. S.Rəhimov, Mirzə İbrahimov, Mir Cəlal, H.Mehdi, S.Rüstəm, İ.Əfəndiyev, Əbülhəsən, B.Vahabzadə, Q.Qasımzadə, Elçin, Əkrəm Əylisli haqqındakı məqalələrində bu sənətkarların hər birinin dünyanın bədii dərkində fərdi yaradıcılıq prinsiplərinin təhlili əsas məqsədə çevrilir.
Görkəmli alimin tədqiqatlarının fərdiliyini həm də müəllifin dərin nəzəri hazırlığı, ədəbi-estetik kateqoriyaların tədqiqinə xüsusi meyli müəyyən edir. Ədəbiyyatşünaslığımızın terminologiya və kateqoriyalar aparatının hazırlanmasına xüsusi həssaslıq göstərən alimin “Ədəbiyyatşünaslığın ensiklopedik lüğəti”nin dörd dəfə təkmilləşdirilmiş nəşri bu sahədəki ciddi boşluğu doldurur.
Ədəbiyyatşünaslıq və tənqidin digər humanitar sahələr kimi demokratik elmi meyarlar baxımından yeniləşdiyi, xalqın unudulmuş mənəvi sərvətlərinə böyük bir qayıdış zamanı Əziz müəllim ön cərgədə gedir və öz sözləri ilə desək, Ə.Ağayev, Ə.Hüseynzadə kimi xadimlərimizin „borclarını qaytarmaqla” məşğul idi. O, böyük bir enerji ilə XX əsr ədəbi-bədii fikrimizin qadağan olunmuş səhifələrini tədqiq edir, “unudulmuş” sənətkarların əsərlərini çapa hazırlayırdı.
Vəfatından sonra qızı Dilarə Mirəhmədova tərəfindən nəşr edilmiş „Əhməd bəy Ağaoğlu” (2014), “Azərbaycan jurnalistləri və nasirləri (ensiklopediya)” (2013), „Yazıçılar, talelələr, əsərlər” (2017) kitabları professor Əziz Mirəhmədovun çoxşaxəli elmi fəaliyyətinin hüdudları haqqında təsəvvürləri genişləndirməklə yanaşı, onun klassik irsə yanaşma prinsiplərinin dəyişim prosesini də təsdiq edir. AMEA-nın müxbir üzvü, professor, Əməkdar elm xadimi Əziz Mirəhmədovun Azərbaycan ədəbiyyatşünaslığının inkişafında və kadr hazırlığındakı xidmətləri öz missiyasını bu gün də davam etdirir.

Müəllif: Şirindil ALIŞANLI, filologiya üzrə elmlər doktoru, professor
Mənbə: azerbaijan-news.az

0 şərh