Bəxtiyar Vahabzadə poeziyasının sirri

Bəxtiyar Vahabzadə idealı böyüklük, arzusu təmizlik, məqsədi yüksəklik, eşqi gözəllik olan görkəmli şair, dramaturq, tərcüməçi, ədəbiyyatşünas-alim, publisist və ictimai xadimdir. O, ecazlı lirik «Mən”i, orijinal fərdi üslubu ilə həmişə zəmanəsi, torpağı, dövləti və milləti, Şərqi və Qərbi, bir sözlə, dünyanın — Zaman və İnsan münasibətlərinin sirli aləmi ilə əlaqəli olub.
Bəxtiyar Vahabzadə
Şairin təsvir təhkiyəsi insanın qəlb və əql aləmi, mənəvi-psixoloji və fəlsəfi-əxlaqi təbiəti ilə möhkəm bağlıdır. Bu poeziya bütün ruhunu folklor, klassik ədəbiyyat və bəşər bədii təfəkkürünün qaynaqlarından götürüb. Bəxtiyar Vahabzadə poeziyası hissi idrakla məntiqi idrakın poeziyasıdır! Onun fikir və düşüncə fəlsəfəsi kifayət qədər intellektualdır. Bu baxımdan Bəxtiyar Vahabzadə poeziyasının anlayış, mühakimə və əqli nəticə deyilən hüdudsuz bədii imkanları vardır. Böyük şair poeziyamıza intellektual yaradıcılıq üslubu gətirib və bu üslub bədii-fəlsəfi təzadların poeziyası kimi fərdilik qazanıb. Sənət məramına çatmaq təşnəsi ilə poetik axtarışlar aparan sənətkar hər dəfə nail olduğu yerdən — hər poetik mətndən yanğıyla nəfəs götürüb. Bəxtiyar Vahabzadə poeziyası dinclik bilməyən, yürüşdə olan, ehtiraslı və əzəmətli poeziyadır! Vaxt, Zaman və Sürət Bəxtiyar Vahabzadə poeziyasının məhək daşıdır. İnsan bu zamanın fəlsəfəsində gözəllik və əqidə mücəssəməsidir!
 
İnsandır hər şeyi mənalandıran,
Saat nə gərəkdir zaman olmasa.
Bir dağın, bir çayın gözəlliyini,
Söyləyin, kim duyar insan olmasa.

Bəxtiyar Vahabzadənin yaradıcılığı haqqında M.Arif, M.C.Cəfərov, M.İbrahimov, B.Nəbiyev, T.Hacıyev, Y.Qarayev, K.Talıbzadə, Y.Axundlu, M.Əlioğlu, Ş.Salmanov, Ş.Alışanlı, V.Yusifli, R.Ulusel və başqaları qiymətli məqalələr yazıb, AMEA-nın müxbir üzvü, professor Yaşar Qarayev və professor Şamil Salmanov „Poeziyanın kamilliyi” adlı monoqrafiya çap etdirib.
Bəxtiyar Vahabzadə poeziyası xalq təfəkkürünün qədimliyindən, arxeologiya və etnoqrafiyasından, mifologiya, nağıl, dastan, əfsanə, rəvayət və bayatılarından gəlib, folkloru yaradıcı surətdə mənimsəyib. Şair klassik Şərq poeziyasına, təsəvvüf və irfana, Sədi Şirazi, Hafiz Şirazi, Xəyyam Nişapuri, Nizami Gəncəvi, İmadəddin Nəsimi, Məhəmməd Füzuli, Məhəmməd Hadi, Mirzə Ələkbər Sabir, Cəlil Məmmədquluzadə, Hüseyn Cavid, Cəfər Cabbarlı, Səməd Vurğun, Osman Sarıvəlli, Rəsul Rzaya, habelə ruslardan Puşkin və Lermontova, türklərdən Cəlaləddin Rumi, Yunus İmrə, Mehmet Akif Ərsoy, Namiq Kamal və Çingiz Aytmatova, Cənubi Azərbaycan ədəbiyyatından Şəhriyar, Səhənd, Sönməz və Cavad Heyətə, Avropadan Vilyam Şekspir, Viktor Hüqo və Corc Bayrona bələd olub, onlardan qiymətli məqalələr çap etdirib.
 
Bəxtiyar Vahabzadə 1940-cı illərdə süjetli şeirlərlə ədəbiyyata gəlib (“Ana və şəkil”, „Ədəbiyyat qəzeti”, 25 may 1943). 1949-cu ildə ilk şeir toplusunu çap etdirib (“Mənim dostlarım”, Bakı, „Azərnəşr”, 1949). Predmetin lirik düşüncələrlə təsviri, təfərrüat və müşahidə birliyi “Böyük insan”, „Mənim dostlarım”, “Yaşıl çəmən”,”Sabahınız xeyir olsun”, „Ağ saçlar”, “Təzə şəhər”, „Məktəb şeirləri” üçün səciyyəvi olub.
Şair 1950-ci illərdə “Bahar”, „Dostluq nəğməsi” (1953), “Əbədi heykəl” (1954), „Çinar” (1956), “Ceyran” (1957), „Aylı gecələr” (1958) kitablarında da eyni poetik axtarışları davam etdirib.
1960-cı illərin poeziyasında Bəxtiyar Vahabzadənin yaradıcılıq fərdiyyəti kamilləşib, poeziyasında ideyalılıq və sənətkarlıq axtarışları güclənib… Onun şeirlərinin başlanğıcı, davamı və sonu — təkamül mətni vardır ki, bədii təzad bunların qida mənbəyini təmin edib. Şairin əksər şeirlərində bir fərdi ideya qavrayışı olub ki, ədəbi-tənqid bunu “ikinci səs” adlandırıb.
Bəxtiyar Vahabzadənin 1950-cı illərdən başlayan məhəbbət şeirləri ruhən doyumsuzluğun ifadəsi olub poetik „Mən”i haldan-hala salıb, onu bəzən sərt, bəzən mülayim, bəzən məmnun, inkarçı, müdrik, adi, bəzən də filosof, sadəlövh edib (“Yağma, yağış”, „Gülüş”, “İlk məhəbbət”, „Gəlir”, “Ceyran”, „Günəşdən gen düşəndə”, “İtirilmiş məhəbbət”, „Heyranın olsun”, “Bir mənəm, bir də sükut”, „Səni görəndə”, “Səndə qəlb olsaydı”, „Şeirimin ahəngi”, “Gecikmiş məhəbbət”, „Sənin surətin”...). Bəxtiyar Vahabzadənin məhəbbət şeirləri duyğu və həyəcan, fikir və düşüncə, fəlsəfə və əxlaq şeirləridir...

Şairin poeziyasında canlı harmoniyanın — insan və cəmiyyət birliyinin önəmi təbiətdir. Bəxtiyar Vahabzadənin 1950-ci illərdəki təbiət şeirlərinin öz ahəngi, öz ritmi, obrazlar və rənglər aləmi vardır. Təbiət sənətkar təfəkkürünün düşüncə, fikir və məna məkanıdır. Fəqət Bəxtiyar poeziyasında Yaşar Qarayev demişkən “saf” halda təbiət təsviri, demək olar ki, yoxdur, Azərbaycan obrazı heç yerdə xalis „peyzaj” şəklində deyildir (“Sənsiz də yaşadar bu dağlar məni”, „İlk cığır”, “Bizim yurdun”, „Yay”, “Çinar”, „Qövsi-qüzeh”, “Ceyran”, „Göygöl”, “Qaranquş və sərçə”, „Ey ana təbiət” və başqaları).
Bəxtiyar Vahabzadə Azərbaycanın ictimai-siyasi və mədəni həyatında fəal iştirak edib. Sənətkarın bədii təsvir obyektlərindən biri Cənubi Azərbaycan, bütöv Vətən ideyası, idealı olub. Şair bu mövzunu 1950-ci illərdən başlayıb və yaradıcılığının bütün mərhələlərində davam etdirib. Bəxtiyar Vahabzadənin Cənub mövzularının (“Sökün çəpərləri”, „Məktublar”, “Şəhriyara”, „Şair-vətən”, “Ustad Şəhriyarın S.Rüstəmə göndərdiyi məktubuna cavab”, „Cavab”, “Həsrət”, „Şəhriyara”, “Səhəndə məktub”) konkret qaynaqları olub.
Bəxtiyar Vahabzadə Azərbaycan və azərbaycançılıq mövzusunu „Ata yurdu”ndan — səs-söz, ifadə, motiv, təsvir-təhkiyədən tutmuş, soy-kök, od-ocaq, gen-yaddaş, torpaq, vətən və dünya genişliyinə qədər ifadə edib...
Torpaq məsələsi mənfur düşmənlərimiz tərəfindən 1950-1980-ci illərdə də qaldırılıb. Akademik İsa Həbibbəyli “Naxçıvan elmi mühiti: ənənə və müasir dövr” adlı irihəcmli məqaləsində yazıb ki, „Ermənistan tərəfinin Naxçıvan ərazilərini ölkəsinə birləşdirməsi uğrunda apardığı mübarizə artıq XX əsrin 50-ci illərinin ikinci yarısından etibarən cəmiyyətə məlum idi. Onlar Kremldə yüksək vəzifə tutan Anastas Mikoyanın imkanlarından istifadə etməklə Naxçıvan MR-i ələ keçirmək arzusunda idilər. Azərbaycan ziyalıları, xüsusən Naxçıvandan olan elm və ədəbiyyat adamları bu ədalətsiz məsələyə kəskin münasibət bildirir, etiraz səslərini ucaldırdılar”. Bəxtiyar Vahabzadə torpaq, vətən və millət dərdindən daha çox yazan şairimizdir...

Sənətkar sosial-siyasi mövzulara geniş yer verib. II Dünya müharibəsindən, daha çox 1960-cı illərdən Asiya, Avropa ölkələrinə səfərlər başlayıb. Milli-demokratik hərəkatların nəticəsində ölkə xalqları öz milli “Mən”inə, milli-mənəvi özünüdərkinə qayıdıb. Sənətkarın „Sərhəd ağacları”, “Haqq, zorakılıq”, „Xalq deputatına açıq məktub”, “Haqqa haqsız dedilər”, „Hörmət — rüşvət”, “Cəllad Yazov”, „Yenilənmiş ittifaq”, “İkibaşlı qartal” və başqa əsərlərində həmin mövzunun əlvan bədii ifadəsini görürük. Şairin yaradıcılığında mühüm yer tutan beynəlxalq mövzu da — »Latın dili”, «Pompey xərabələri önündə”, „İki yol”, “Helmuta”, „Portuqaliya lövhələri”, “Topqapı sarayı”, „Hayd-Park”,”Çörək-Vətən”, “Maqbet”, „Otello” və başqaları 1970-1980-ci illərə aid olub, Almaniya, Türkiyə, Portuqaliya və İngiltərə səfərlərinin təəssüratıdır.
1970-ci illərin səyahət şeirlərində də epik material şairin lirik duyğular aləminə tabe tutulub, milli ideyalar, bütöv Azərbaycan idealı həmin şeirlərin cövhəri olub.
Bəxtiyar Vahabzadə ana dili, millilik, milli ideya, milli birlik, bütöv Azərbaycan və istiqlal mövzularına, xüsusilə “Gülüstan”, „Köklər və budaqlar” kitablarına görə incidilib, onu həbs etmək istəyiblər...
1950-ci illərin sonunda Mərakeşdə olanda da xalqın ana dilində yox, fransızca danışdığının şahidi olub. Geri qayıdandan sonra “Latın dili” şeirini yazıb. Bu səbəbdən MK-ya, təbliğat şöbəsinə çağırılıb, sorğu-suala tutulub… Şair cava, bında bildirib ki, şeir Mərakeşə həsr olunub...
Bakı Dövlət Universitetində 40 ildən çox dərs deyən şair-pedaqoq tələbələrinə anladıb ki, biz hansı millətin övladlarıyıq və rejim bizi hansı uçurumlara sürükləyib. Buna görə də 1962-ci ildə şairi millətçilik ideyalarının təbliğinə görə günahlandıraraq universitetdən xaric ediblər. İki il işsiz qalıb, ağır vəziyyətdə yaşayıb. 1964-cü ildə yenidən iş yerinə qayıda bilib.

Ulu Öndər Heydər Əliyev Bəxtiyar Vahabzadə və Xəlil Rzanı qoruyub saxlayıb. Onlar milli azadlıq hərəkatında ən fəal ziyalılardan, azadlıq mücahidlərindən olub.
Ana və ana dili mövzusu Bəxtiyar Vahabzadə yaradıcılığında əhəmiyyətli yer tutub. Şair 1950-2000-ci illərin şeirlərindən olan „Ana və şəkil”, “Ana türbəsi”, „Ana”, “Körpə nəfəsi”, „Lay-lay”, “Doğum evində”, „Ana dili”, “Ana hədiyyəsi”, „Ana və balalar”, “Mənim anam”, „Ekran qabağında”, “Anama giley”, „Şəhid anası”, “Ana birsə”, „Mənim ana dilim”, “Anam öldümü”, „Anam təzədən böyüyür”, “Anam haqqında şeirlər”, „Ana dedim, qarşımda bir gözəl səhnə açıldı” və başqalarında anaların və doğma dilimizin ehtizazlı bədii obrazını yaradıb.
Bəxtiyar Vahabzadə psixologizminin min bir poetik halı var — duyğu, qavrayış, təsəvvür onun poetik idrakının hissi təzahürləri olub, bu da məntiqi idraka — mənəvi-əxlaqi və fəlsəfi-estetik dəyər-lərin doğulmasına zəmin yaradıb. Ümumən, insanın mənəvi-əxlaqi aləminə nüfuz Bəxtiyar Vahabzadənin uğurlu “səyahətidir” (Y.Qarayev). „Mən və dünya”, “Mən və zaman” „Özümlə özüm”, “Mənlə mən”, „Bəxtiyarla Bəxtiyardır”, “Dağda şəlalə kimi”, „Sürət”, “Özümü axtarıram”, „Özümüzdən öyrənək”, “Özümdən narazıyam”, „Nəsənsə, özün ol”, “İkinci səs”, „Şəhidlər” kimi əxlaqi-fəlsəfi və estetik qavrayış bu əsərlərin poetik xüsusiyyətlərini ifadə edib.
Vətən, torpaq, tarix, Azərbaycan, millilik və bəşərilik Bəxtiyar Vahabzadə vətənpərvərliyinin, humanizminin cövhəridir. Onun İnsanı yanar ürəyə, sevən qəlbə, ehtiraslı ruha malikdir. Şair “Şəbi-hicran”da yaxşı deyib:

Məncə, can yanğısıdır şeir, sənət, a dostlar.
Kimin ki, ürəyində bir yanğı var, bir od var,
O dərk edər sənəti,
İnsan məhəbbətidir yaradan hər sənəti...

Türk dünyası mövzusu Bəxtiyar Vahabzadənin əsərlərində böyük yer tutub. 1970-1990-cı illərdə yazdığı „Türküstan, Türküstan”, “Yunus İmrə”, „İstiqlal nəğməkarı”, “Əhməd Cavad”, „Böyük türkçü”, “Sənət sənət üçündür, yoxsa xalq üçün”, „Ey qocaman Türkiyə” adlı məqalə və məktubları, habelə poetik əsərlərində şair turançılıq, türkçülük və azərbaycançılıq baxışlarını, o cümlədən Azərbaycan-Türkiyə dostluq əlaqələrini təcəssüm etdirib. Bu yazılar sənətkarın Türkiyə görüşləri və türk ölkələrində çap olunmuş kitabları ilə bağlı yaranıb.
1990-cı illərin olayları Bəxtiyar Vahabzadəni də ciddi sarsıdıb. O, yazıb ki, “yanvarın 19-da gecə məlum hadisə baş verdi. Gecəni yata bilmədik. Səhər bir neçə deputat mənə zəng vurub, təcili Ali Sovetin fövqəladə sessiyasını çağırmağın vacib olduğunu dedi. Beynimə batdı. Ali Sovetə zəng vurdum və belə qərara gəldik ki, mən televiziya ilə çıxış edib deputatları sabaha — sessiyaya çağırım. Mən MK-ya gəlib gördüm ki, binanın qarşısında minlərlə adam dayanıb və dünənki qırğına etirazlarını bildirir. Mən də çıxış edib Kommunist Partiyasının üzvlüyündən çıxdığımı elan etdim. Telestudiyaya gəldim. Dedilər ki, studiyanın enerji blokunu rus əsgərləri dağıdıb. Çıxış etmək mümkün deyil. Studiyanın həyətində rus generalı, ətrafında isə televiziyanın bir neçə işçisi, o cümlədən şair Qabili və rejissor Nazim Abbasovu gördüm. Mən əsəbi vəziyyətdə generala yanaşıb onu dünənki qırğına, törətdiyi faciəyə görə yağlı sözlərlə təhqir edib üzünə tüpürdüm. Sonralar eşitdiyimə görə o, tapançaya əl atmış, məni vurmaq istəmiş, telestudiyanın işçiləri, xüsusən N.Abbasov ona mane olmuşdur”. Şair „Sessiya çağırmaq şəxsi təşəbbüsüm idi” müsahibəsində 1990-cı ilin “Şənbə gecəsindən”, özünün „Şənbə gecəsinə gedən yol” əsərindən, faciənin obyektiv və subyektiv səbəblərindən, sessiya çağırmaq zərurətindən, özünün və Xalq yazıçısı İsmayıl Şıxlının sessiyanı idarə etmələrindən, Heydər Əliyevin siyasi iradəsindən, onun əleyhdarlarının hiylələrindən və Heydər Əliyev fenomenindən söz açıb. Şair hesab edib ki, o zaman Azərbaycana qüvvətli bir adam rəhbərlik etsəydi, 20 Yanvar qırğını törənməzdi”. Bəxtiyar Vahabzadənin azərbaycançılığı həm də Heydər Əliyev və azərbaycançılıq bütövlüyü deməkdir.
Dövlət, bayraq və istiqlal mövzuları B.Vahabzadənin 1990-cı illərdə yazdığı məqalə, müsahibə və şeirlərində ifadə olunub. Şair 1960-1990-cı illərdə “Bayraq qalxdı”, „Xalqın səsi”, “Əgər qorun-masa istiqlalımız”,”Vətən məcnunluğu”, „Vətən var”, “Biz Vətənçün doğulduq”, „Azərbaycan”, “İki bayraq”, „Bayraq”, “Atatürk” şeirlərindəki həmin mövzuları 2000-ci illərin şeir və poemalarında da davam etdirib (»Xalqa”, Vətənə”, «Tanrı türkü qorusun”, „Vətən marşı”, “İstiqlal”, „Azadlıq savaşı”, “Vətən savaşı”, „Qarabağ”, “Vətəndən vətənə”, „Şəhidlər” və başqaları).
Bəxtiyar Vahabzadə Azərbaycanın dövlət müstəqilliyi, istiqlalı yolunda çox çalışıb. Təsadüfi de-yil ki, Ümummilli Lider Heydər Əliyev ilk “İstiqlal” ordenini ona və Xəlil Rza ilə Məmməd Araza verib.

Bəxtiyar Vahabzadə güclü poema və pyeslərin müəllifidir. O, bu əsərlərində müdrik və parlaq zəkasının üfüqlərini, milli özünüdərk və istiqlal məfkurəsinin əngin panoramını təzahür etdirib. Onun poema və pyeslərində azərbaycançılıq, türkçülük və milli müstəqillik ideyaları parlaq təcəssüm olunub. B.Vahabzadə 60-dan çox şeir kitabının, 10-dan artıq monoqrafiya, 20 poema və 9 pyes, 200-ə qədər elmi-nəzəri və publisistik məqalə, 12 cilddə „Əsərləri”n müəllifidir.
O, görkəmli müəllim-pedaqoq, ədəbiyyatşünas-alim, AMEA-nın həqiqi üzvü, akademikdir. Milli və bəşəri ədəbiyyatın müxtəlif sahələri üzrə elmi-nəzəri və publisistik məqalələr, dissertasiya və monoqrafiyalar yazıb, kitablar çap etdirib, dövrünün həssas publisisti olub, türk dünyasının sosial-mədəni həyatında yaxından iştirak edib. Türk alimləri də onun poeziya və publisistikası haqqında dissertasiya yazıb, monoqrafiyalar çap etdirib.
Bəxtiyar Vahabzadə ictimai xadimdir. O, uzun illər xalq elçisi kimi respublikanın sosial-siyasi və mədəni həyatında nüfuz sahibi olub, Azərbaycanın dövlət müstəqilliyinin bərpasında can-zəka yandırıb.
B.Vahabzadə poeziyasının üzü həmişə Azərbaycanın gələcəyinə, millətin tarix və mədəniyyətinə, türk dünyasına, onun mənəvi üfüqlərinə doğrudur. Bəxtiyarın poeziyası əbədi Zaman, Tarix və Sürət rəmzi olub, ucalıq və zirvə, vüsət və ləyaqət, məntiq və idrak, milli ruh və birlik deməkdir!

 

Müəllif: Əlizadə ƏSGƏRLİ, AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun elmi işlər üzrə direktor müavini, professor
 

0 şərh