Qadın- Şiringül Musayeva

 
 Çoxdandır  həyatının dadı-duzu, mənası itib, eləcə bozumtul, yeknəsəq günlər yaşayır. Hər tərəfdə bir bozumtulluq var və bu bozumtulluq ev əşyalarına belə yansıyıb .Bax, bu kitab şkafındakı kitablar da,  qarderobdakı paltarlar da, bu divan və oturacaqlar da bozarıb.

Hətta, sir-sifəti, saçları belə bozarıb, yanağında bir qırıq qızartı qalmayıb, gözlərinin içində böyük bir kədər və ümidsizlik gizlənib .

 Hər axşam özünə söz verir: olmaz belə, səhər mütləq yeni  enerji ilə yeni həyata başlayacaq, həyata təslim olmayacaq. Hələ ömür yarı deyil, lap tutaq ki, yarıdır, beş –on il ömrü qalıb ...olarmı belə dadsız-duzsuz, mənasız həyat keçirtmək? Ehtiyaclara, kasıblığa, çətinliklərə məğlub oldu .Harda qaldı göy üzündə pərvaz edən xəyalları, çətinliklərə sinə gərən, onlarla qartal kimi vuruşan iradəsi?

O çox çətinliklərə sinə gərmiş  , göy üzünə qanadlanmışdı...

Qanadlanmışdı...Amma elə bil magik  bir qüvvə, yaramaz, qara bir enerji onu birdən –birə iflic etdi. Hardan yol tapdı bu yaramaz, qara qüvvə onun həyatına, nədən onun əldə etdikləri birdən –birə yox oldu ?

 Təmizlənmək lazımdır bu mənfur enerjidən.Təmizlənmək...

Birinci ev –eşikdən başlamaq lazımdır...             

Təmizləyir...hər tərəfin tozunu alır, müxtəlif təmizləyici maddələr işə düşür...pəncərələri silir, mebellərin tozunu alır, döşəməni silir və xüsusi parıldadıcı maddələrlə də parıldadır..Hamama dəhlizə,- hər yerə əl gəzdirir ...

 Lakin iki  gün təmizliyi hiss edir, üçüncü gün ona elə gəlir; yenə hər yer bozardı, çirkləndi .Əslində də çirklənir .Rayonlarda adam qalmayıb, hamısı Bakidadır.Küçələrdə maşın əlindən tərpənmək mümkün deyil, yağış yox, qar yox. Bir ucdan da yeni binalar tikilir. Külək də bu binaların, tikintinin tozunu, küçələrin tozunu əsib evlərə doldurur.

  Onun  ...xəyalındasa böyük, həyəti  güllü-çiçəkli, pəncərəsi dağlara, bulaqlara açılan bir ev yaşayır...Yaşayır ...Nə olsun ?

Əsl reallıqda o, kiçik, darısqal bir evdə, ondan da darısqal bir həyətdə ömür keçirdir. Və məhrumiyyətlərlə çarpışır .

Heç istəməzdi bu məhrumiyyətlərlə üzləşsin, amma üzləşib.

Nə etsin? Nədən həyatı birdən-birə belə dəyişdi .Səbəbləri araşdırır...Nədə səhv etdi və nə üçün səhv etdi? Bu bozumtul həyat onun həyatı deyil .Lənətə gəlsin ifritələri, öz qara, bozumtul həyatlarını onun həyatına yuvarladılar, onunsa güllü –çiçəkli, işıqlı həyatını oğurladılar.  İçimizdə çoxdur belələri; kimlərinsə işıqlı həyatı onların gözünə girir.

 Güclü olmalıdır, bir çıxış nöqtəsi tapmalıdır, nədənsə yapışmalıdır...

Dostlar tapmalıdır, vaxtilə dost olduğu insanlara ağız açmalıdır...Qüruru buna yol vermir ...amma belə də yaşamaq olmaz...

Məəttəl qalır heç bir savadı, istedadı olmayan adamların yüksək postlar tutmasına .Bu özlüyündə onu heyran edir .Belə savadsız, istedadsız olduqları halda ucaldıqları mərtəbəyə bax...

O isə ...yerində sayır ...irəliyə gedə bilmir, əksinə geriyə gedir .

Ah, həyatına qəflətən daxil olan və onu sarmaşıq kimi saran, ucaldığı zirvələrdən geriyə çəkən lənətə gəlmiş  bu mənfur qüvvə...

Özünə söz verir: inanmayacaq bu mənfur qüvvəyə, işıqlı nəsnələr barədə düşünəcək, içindəki təmiz ruhu, keç kəsə pislik etməyi bacarmayan  gözəl qəlbi ona kömək edəcək .Dünyadakı işıqlı qüvvələr onu xilas etməlidir .Etməlidir ...Mütləq ...

İndi isə evləri təmizləməlidir. Sonra isə öz xarici görünüşünə fikir verməlidir. Buna elə bu gündən başlamalıdır. Evdə köhnə nə var atmaq lazımdır .Bu köhnə yastıqlar, qab-qacaq ,  nə vaxtdan geyilməyən paltarlar hamısı atılmalıdır. Budur atır ...

 Bu ərinin nə vaxtdır evdə qalan ,  vaxtilə çox bahalı olan  kostyumlarını, paltosunu da atacaq .

Nədən atmasın? Haralarda isə öz həyatını yaşadı, həmişə şıq, bahalı paltarlar geyindi .İki ildən bir evə gələndə onun üstündə əsdiyi, günə verdiyi, ağ mələfəyə bükdüyü, hərdən gizli- gizli qoxlayıb  ətrini aldığı paltarlara az qala ironiya ilə baxdı .

“...-Qoy dursun. İndi belə şey geyən yoxdur .”

Belə… belə işlər...Elə bu paltarları da atacaq. Bütün gəncliyi, gözəlliyi  belə keçdi. Haralardasa öz həyatını yaşayan  , heç bir öhdəliyə boyun əyməyən ,- ər kimi  boyun əyməyən bir kişinin köləsinə çevrildi. Elə bil, boyunduruq altında qaldı; qohumlar nə deyər, qonşular nə deyər, övladı nə deyər...

İyirmi birinci əsrdir ...Bir əsrdir ki, qadın əsarətinə son qoyulub ,amma onu haradasa kefindən qalmayan bir adamın şalvar-pencəyi  əsarət altında saxlayır .

Şalvar- pencək və ərinin altı bacısı ...Özlərinə lazım olanda qardaşlıq missiyasını ərinin gözünə dürtən, onu minib çapan altı  bacı...

  Gərək ərini bu altı bacının öhdəsinə buraxmayaydı. Buraxdı və budur nəticəsi: ( İndi  heç kəs başqasına rəhm etməyir, hərə öz çıxarını düşünür) bədbəxt kişi onların bitməz –tükənməz tələbatını ödəyir :onun uşağına bunu, bunun uşağına onu eləməklə məşğuldur.

Təqsir ondadır ki, altı bacının, altı əjdahanın köləsinə çevrilmiş ərin köləsi olub. Və burada da böyük səhvə yol verib...Və bu yarıtmaz ər onun bütün bədbəxtliklərinin səbəbkarı oldu .Ərinə görə işindən də oldu .Özü avaraçılıq edən ər onu da işdən- gücdən araladı .İndi də işə düzəlmək çətin məsələdir...Təhsilinə, savadına uyğun olmayan işlər onu çox yorub...

  Çoxdur həyatında səhvlər.Psixoloqlar deyir ki, insan köhnə səhvlərə taxılıb qalmamalıdır; niyə belə etdi, nə üçün belə etdi  ,-bunlar mənfur suallardır.Bunlara taxılıb qalmaq olmaz .İnsan gələcəyə baxmalıdır ...Mütləq....

Əslində, boyun əyən adam deyildi heç .

Sadəcə, çox qarışıq zamana düşdü gəncliyi.Ətrafda çox qəribə qarmaqarışıq vəziyyət hökm sürür. Hərdən dəhşətə gəlir; insanlar, qadınlar hardan alır bu qədər pozğunluğa. pisliyə meyli. Əvvəllər belə deyildi, qadınlar heç pozğunluq etməzdi, kişilər də eləcə...

Amma demək qanlarında var imiş ...

Osa bütün bunları bacarmadı, heç xəyalından da keçirtmədi dodaqlarını şişirtsin, kiminləsə sevgili olsun. Arada yolu düşəndə keçmiş iş yerində artıq yarı yaşı keçmiş qadınların gözəllik çapaları onu heyrətə gətirirdi. O gün gördü; İradə,-yaşda ondan böyükdür, amma dodaqları çox qəribə şəkildə şişirdilmişdi və yubkası da dizdən xeyli yuxarıydı...

Bax da… yenə də içindəki olmazlardı ...onu belə düşünməyə vadar edən ...Nə olsun? İradə bu dəqiqə ondan yaxşı vəziyyətdədir, əlində işi, karyerası ...

Osa qınına çəkilmiş tısbağa kimi yerindəcə sayır .

Qırmaq lazımdır buxovları,  həyatı yaşamaq lazımdır.Heç kim ömrü boyu əsarətdə yaşamamaldır, yaşayırsa, bu onun səhvidir .İradə əsarətə bu cür etiraz edir ,o da öz bacardığı kimi  etiraz etsin. Kim ona mane olur ki ?

 İçindəki qadınmı? Əsla yox. O qadın həyatı yaşamaq istəyir, dolu –dolu yaşamaq istəyir.O qadın əslində yaşamadı heç. Eləcə çörək yedi ,yatdı, durdu ,işlədi .Qadın olmadı heç ...Bir kişinin sevgisini hiss etmədi, qayğısını hiss etmədi, heç vaxt  nə ad günü, nə səkkiz mart bayramı ərinin yadına düşmədi, Yeni ili də xatırlamadı.

 Hərdən “Belə olmaz sən ailəni birinci düşünməlisən “-deyəndə əri iki saat dayanmadan danışar qardaş, dayı olduğunu  təkrarlayar, özünü ən varlı adamlarla müqayisə edərdi.”Filankəslər nə yaxşı edir bacılarına bəs? “ -deyə həyasızcasına soruşardı. O da deyərdi “Filankəslərin arvadı xanım kimi yaşayır, sənin arvadın isə ehtiyac içində çapalayır" Onda da əri yenə həyasızcasına “Mən bunu  bacarıram “ –deyərdi .Hərdən çox utancaq olmasına rəğmən “Axı mən də qadınam –deyərdi -daşa –divara dırmaşım?” Əri onda da həyasızcasına susardı.

 Çox illəri eləcə gözləməklə, çarpışmaqla  keçdi, ərinin nə isə qanacağını gözlədi ...Qanmadı heç .Ona bəzən yüz manatı qıymayan ərinin baçısı üçün minləri xərclədiyinin şahidi oldu .Və heç cür nə bacılara, nə də ərə bata bilmədi. Axırda beləcə geriyə çəkilib, ərinin çoxdan onun olmadığını anlamaq qərarına gəldi ...İndi isə çox gecdir...Gec...

Bax elə həmişə belə oldu :qadağalara təslim oldu ...                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                        

Bəlkə ona mane olan bilincaltı bilimlərdir :məsəla: “Ərsiz arvad, yüyənsiz at .”,” Qadına bir kişi çoxdur, ikisi azdır .”,” Qızını döyməyən dizini döyər” və s. və i.

Nədən,  əcəba ,  bu bilincaltı ona ötürülmüş qadağaların qurbanına çevrilib? Özü də həyatına bir sürü olmazlar daxil edib. Məsələn: sevmədi kiməsə yarınmağı, açıq-saçıq geyinməyi, gəl- gəl deyən hərəkətləri .

Xarakterində də fitrətən bir utancaqlıq var idi, artıq, şit hərəkətləri heç xoşlamazdı.

 Son vaxtlar interneti dolaşar, yeni həyata başlamaq üçün maraqlı  deyimlər tapır :

məsələn :varlı olmaq üçün varlı olduğunu düşünməlisən ,yaxud: insan qocalmaz, qocalıq haqqında düşündüyü üçün qocalır, hətta, insan ölüm haqqında düşünməsə ölməz.

O qədər qəribə şeylər yazırlar ki...Bax...bax...yenə də təslimiyyətçilik var içində.O, düzələsi deyil ,qəlbində bu fikirlərə bir inamsızlıq, hətta rişxənd var.

İnansa nə olar? Niyə qurtarmır bu təslimiyyətçilik ruhundan? Bəs hanı onun qoruyucu mələyi? Nədən onu qorumur, iyrənc, bozumtul həyatına bir rəng, işıq gətirmir?

Bəsdir yıx səni əsarət altına almış bu bilincaltı qadağaları, olmazlara olmaz de, bir az yaşa ,özün üçün yaşa, insan olduğunu, qadın olduğunu hiss edərək yaşa.

Axır vaxtlar hiss edir :sınıq-sökük evi, sınıq –salxaq həyatı onun xarici görünüşünə sirayət etməyə başlayıb. O da sınıq –salxaq  görkəmdə gəzməyə başlayıb: sınıq- salxaq həyat onu bataqlıq kimi özünə çəkib.

Atmaq lazımdır köhnə pal-paltarı,qab-qacağı, bozarmış saçlarını rəngləməlidir. Əvvəlcə tər-təmiz yuyunmaq lazımdır, dırnaqlarını tutmalıdır.

 Yuyunur, dırnaqlarını tutur, yaxınlıqdakı gözəllik salonuna gedib saçlarını rənglətdirir.Evə qayıdır özü dırnaqlarını düzəldir və lak çəkir .

Qızı hər dəfə gələndə onu danlayır, nə üçün belə baxımsız olduğunu soruşur .Termonun qabağına da cürbəcür ətir və kremlər düzüb .Özünə bax,- deyir ,- baxımlı qadın ol .

                                                               

  Qadın, -Xumar saçlarını boynunun arxasında sancaqladı, əyninə geyindiyi mavi koftasının, qara yubkasının üstündən  uzun bir arxalıq  geyinib  həyətə düşdü.

 Artıq yazdır ...həyətdəki bir –iki ağac çiçəkləmişdi. Divar dibi düzülmüş saxsı qablardakı çiçəklər də yamyaşıl idi.

 Xumar həyəti fırlandı, əli ilə çiçəkləri, ağacları tumarladı. Həyətin sağ tərəfində, divar dibi qoyulmuş oturacaqda əyləşdi. Yaxınlıqdakı gilas ağacında saysız –hesabsız arı vızıldaşırdı. Qadın kədərlə gülümsündü, uşaq vaxtı həyətlərindəki gilas ağaclarını və onların çiçəkləri üstündə vızıldaşan arıları xatırladı, anidən qəhərləndi. Amma ağlamadı .Ağlamaq istəmirdi… ağlamaq, kədər onu yormuşdu.

  Keçmişi xatırlamaq onu bu gündən qoymuşdu ...Son vaxtlar ürəyi də tez –tez ağrıyır .Yazıq ürək...nə etsin, sevincsiz, bozumtul həyat onu yormuşdu .

 Ayağa durdu: kiçik beş-altı addımlıq bağı ,-həyəti fırlandı. Küncdə duran köhnə zibil vedrəsini, süpürgəni də atmaq qərarına gəldi.

 Zibili atarkən çoxdankı tanışı Qönçə ilə rastlaşdı.Görüşdülər

-Necəsən  Xumar, ərin qayıtdı? –Qönçə soruşdu

-Yox ...

-Əşi o qayıdan deyildi ...Sənsən də oturub ona uşaq saxladın

-Öz uşağım olduğu üçün saxladım ...

-Amma o uşağını düşünmədi heç ...

-Elədir...

-İndi ayıl, heç olmasa ...Demirəm ki, Allah eləməmiş pis yola düş .Yox ..sənlik deyil .Amma özünə bax, təmiz—səliqəli, qəşəng geyin, yeməyinə fikir ver, dərd çəkmə, sənin olmayan bir kişinin köləsi olma ...Xeyirə -şərə qarış, adam içinə çıx ,bir sözlə insan kimi yaşa .

Bu gün varıq, sabah yoxuq .

-Elədir .

-Sabah  Qəbələyə gedəcəyik Maşın tutmuşuq ,  o baş, bu başa ucuz aparır .Gəl, sən də qoşul bizə .Havanı dəyiş, hava al, yenilik olsun .Nədir qapanıb qalmısan bir komaya, olmayan ərin paltarlarına keşik çəkirsən .

-Atdım hamısını .

-Düz elədin .Çoxdan atmalıydın .Səni də bir ana doğub, sən də insansan, qadınsan

   ...İnsan çox şeyə qadirdir .Hələ ki gec deyil yaşamaq olar. Evdə təzə ,təmiz bir- iki paltarı var .Bunları qızı alıb .Şükür, Yaradan onu mükafatlandırıb .Belə qayğıkeş, yanımcıl qızı var. Həmişə onu düşünür, qayğısına qalır, ad günlərini, bayramları, Yeni ili unutmur heç .Bir bax, nə qəşəng paltarlardır. Sadəcə bu paltarlara uyğunlaşmaq lazımdır . 

Səhər tezdən dursun, pəncərələri açsın, otaqların havasını dəyişsin .Artıq bahardır ...Hər şey təzələnir. O da təzələnsin.

Tər-təmiz çimsin ,ətirlənsin, qəşəng, səliqəli paltar geyinsin, Qəbələyə yeni ruhla, yeni enerji ilə getsin, yaşamağa başlasın. Qadın kimi, insan kimi yaşasın ...

 

0 şərh