Haqq aşığı - Hüseyn Kürdoğlu

Yenə məzarının başındayam, Ustad, yenə ziyarətinə gəlmişəm. Qəbrinin müqəddəs daşından öpüb, Həkərinin sol yaxasına — Yaxşının qarşı sahildəki əbədiyyət evinə — sənin qibləgahına boylanıram. Yox, tək boylanmıram, səninlə birgə boylanırıq. Sanıram ki, sinədaşındakı saz dilə gəlib od saçır, əsrlər boyu sönməmiş və heç zaman sönməyəcək ülvi bir sevdanın həzin hekayətini dağlara, qayalara, ağ dalğalı büllur Həkəriyə, pıçıltılı bulaqlara söyləyir, Aya-günə, ulduzlara danışır, zaman-zaman bütün dünyaya bəyan edir. Yamyaşıl bağlara bürünmüş gözəl Güləbird kəndinin qoynundakı bu məzarıstan sənin adınla şöhrətləndi, el ziyarətgahına çevrildi, qəlbində bayatıların şölələnən minlərlə, yüz minlərlə dili diləkli insanlar Haqq Aşığı deyə sənə tapındı, sənə iman gətirməklə haqqa iman gətirdi, sazın-sözün ülviyyətinə sığındı, sənətin dirilik bulağına yetişdi.
Məzarının başındayam, Ustad! Əl boyda, əl qalınlığında sarı rəngli kitabını bağrımın başına sıxmışam. Rəssam da kitabını qəm rənginə boyamış, Sarı Aşığın söz nigarına sarı don geyindirmişdir. Təzə heykəlinlə zinətlənmiş türbənin başına dəstə-dəstə mavi qaya göyərçinləri dolanıb uçur, Həkəri sahilindəki xınalı sal qayalardakı yuvalarına tərəf qorxa-qorxa qanadlanır. Mənə elə gəlir ki, düşmən qonşuların amansız gülləsindən perikən bu bəxtiyarlıq, əmin-amanlıq quşları sənin məzarından salamatlıq diləyir, səksəkəsiz, qorxusuz, qansız günlər arzulayır, Ustad!Hüseyn Kürdoğlu
Mənə elə gəlir ki, bu göy göyərçinlər bağrımın başındakı sarı kitabdan pırıltıyla pərvazlanıb uçan bayatılardır. İgid elimiz-obamız sən yatan torpağı — Haqq Aşığının torpağını, göy göyərçinlərin yuvasını sinəsiylə qoruyacaq, mənəm-mənəmlik azarına tutulmuş, fövqəlmillət zəhəriylə ağlını itirmişlərin sərsəm ümidlərini puça çıxaracaq. Mən buna inanıram, sən də inanırsan, ulu mürşidim! Sənin ölməz ruhun da göy göyərçinlərə qoşulub yollar üstə qonur, sərhəd məntəqələrinə gedən igidlərə xeyir-dua verir:

Analar yanar ağlar,
Günlərin sanar ağlar.
Dönər göy göyərçinə,
Yollara qonar, ağlar.

Sən yaratmadınmı bu dörd sətirlik sənət incisini, azəri-türk şeirinin bayatı möcüzəsini! Analarımızın yollar üstə qonan göyərçin ruhları övladlarımızın gözünə işıq, qoluna qüvvət, dizinə təpər vermiş, vətən torpağının müqəddəslik duyğusunu onların qızıl qanına qatmışdır.
Məzarının başındayam, Ustad! Vətənimizin hansı guşəsində, hansı diyarında və hansı zəmanəsində, əyyamında dünyaya göz açdığını düşünürəm. Bir çox dahilər kimi sənin də dünyaya gəlişin və dünyadan gedişin tarixin yaddaşına dəqiqliklə bəlli deyil. Bu qeyri-müəyyənliyin özü də sənin taleyin üçün çox əlamətdardır və rəmzi məna daşımaqdadır. Əbədiyyət üçün doğulmuş bir ömrün ayına, gününə, saatına qədər bəsbəlli tarixi yoxdursa da bunun dərdini çəkməyə dəyməz. Sən ömrü əsrlərlə ölçülən sənət cahangirisən, əsrin bəllidir: təxminən XVI, ilk vətənin bəllidir: Cənubi Azərbaycanımızın şan-şöhrətli Qaradağ mahalı, obalıqla köçüb gəldiyiniz yer bəllidir: Zəngəzur mahalının Güləbird qəryəsi, məzarın, türbən göz qabağındadır: indiki Laçın rayonundakı Güləbird kəndinin Aşıq qəbiristanında Haqq Aşığının ziyarətgahı. Sən doğma yerlərimizin: dağların, çayların, düzlərin, obaların, oymaqların adlarını elə sənətkarlıqla bayatılarına həkk etmisən ki, indi bu torpaqlara göz dikənlər hansı tarixi mənbəyə saxtakarlıqla əl atsalar da, bayatı sənədlərini heç cür inkar edə bilməzlər. Qarabağ, Kirs, Araz, Həkəri, Gəyən, Yazı, Bərgüşad, Səfyan, Əlyan, Maralyan, Nərdivan, Məndil Qızılcıq, Qaraman, Ağalı...

Yurdumuzun, ulu diyarımızın bədii coğrafiyasına görə də nəsillərimiz səni minnətdarlıqla xatırlayır.
Bayatıların bütün azəri türkləri və ümumən türk elləri içində dildən-dilə düşdüyü kimi, cünglərə, təzkirələrə də düşmüş, bəzi təzkirə müəllifləri sənin ömür yolun haqqında qısa məlumat vermişlər. XIX əsrdə yaşamış öz həmyerlin Qaradaği tərtib etdiyi təzkirədə («Təzkireyi-Qaradaği», səh. 7-10, RƏF N 7602) yazır: «Sarı Aşıq Qaradağ mahalındandır. Çox qədim vaxtlarda gəlib Qaradağın Zəngəzur mahalında Həkəri çayının kənarında vaqe Güləbürd adlı qəryədə sükna edıb».
Qaradağiyə inanmamağa haqqımız yoxdur. Hərçənd, bu sözlərə şübhə ilə baxanlar da var. Onlar sənin: «Aşıq Qaramanlıdır, // Xalın qara manlıdır. // Yaxşının tənəsindən // Yenə qar amanlıdır» — məşhur bayatını misal gətirirlər və Qaramanlı tayfasından olduğunu iddia edirlər. Belə də olsa bizə xoş idi, qaramanlılar da igid və şöhrətli oğuz-türk tayfalarındandır, onların da sazı, sözü və qılıncı türk dünyasının iftixarıdır. Lakin araşdırmalar Qaradağinin doğru söylədiyini təsdiq edir. Güləbird yaxınlığındakı və buradan çox da uzaq olmayan Bülövlük kəndi yaxınlığındakı «Qaradağlı» adlı qədim yaşayış yerlərindən də bəllidir ki, nə zamansa Qaradağdan bir obamı və ya tayfamı köçüb Zəngəzura gəlmiş və bu camaat sonralar yerli əhaliyə qarışıb həmişəlik məskunlaşmışdır. Seyid Həmzə Nigari kimi görkəmli şairin, təriqət başçısının əslən Qaradağlı camaatından olduğu da (Laçında onlara Məzməzək seyidləri deyirlər) fikrimizə aydınlıq gətirən bir dəlildir. Yeri gəlmişkən, söylədiyin bir bayatını da burada xatırlamağa dəyər: «Mən Aşıq ağ zindəyəm, // Aləmin ağzındayam. // Yurdum Qaradağlıdır, // Məzməzək ağzındayam». Sənin haqqındakı dastan və rəvayətlərdən də məlumdur ki, gözəl Yaxşının yolunda hər şeydən keçmisən, Məzməzək ağzında — Yaxşının kəndi (Maqsudlu) görünən qənşərdə dəyə tikib, balaca bir bağ salmısan, bostan əkmisən, gecə-gündüz yar obasına boylana-boylana niskilli-yanğılı bayatılarını yaratmısan, həsrətinlə dünyadan köçən sevgilinin dərdinə dözməyib elə burada da vəfat etmisən, torpağa gömülmüsən.
 
Ulu mürşidimiz Seyid Həmzə Nigarinin sufiliyi, təriqətçiliyi səndən gəlmirmi?! Sən deyəndə ki, «Mən Aşıq zində deyil, // Əqli özündə deyil. // Kim deyir haqq camalı, // Yaxşı üzündə deyil!» — bu sətirlərdə Nəsiminin, Füzulinin sufiyanə duyğuları şölələnmirmi?! Seyid Həmzənin «yar-nigar», «gül-bülbül» aşiqanə platonik təlimi də məhz Haqq Aşığının nakam eşqindən pərvazlanmalıydı. O ki qaldı Qaramanlı məsələsi, o da büsbütün aydındır. Sən gözəl cinaslı bayatılarının bir çoxunu yer adları ilə bağlı yaratmısan: «Aşıq Qaramanlıdır, Aşıq Minaya gələ, Aşıq Qarabağlıdır, Mən aşığam Salyana» və s. Həm də ki, sənin kimi insan gözəlliyinin aşiqi, vurğunu, divanəsi dərəcəsinə yüksələn bir sənətkar tayfa, mahal məhdudiyyətinə sığa bilməzdi. Rəvayətlərdə deyildiyi kimi, Yaman bəyin fitvası ilə Yaxsıdan zülm əliylə ayrılıb İrana və Rum elinə sürgün edildiyin zamanlarda da böyük üləmalardan dərs almısan, haqqa qovuşmağın, mənəvi ucalığın, ilahi paklığın elmini öyrənmisən. Elə buna görə də bayatıların bir Yaxşının deyil, bütün yaxşıların könül çırpıntılarını, bütün gözəllərin, bütün insan gözəlliklərinin oyatdığı müqəddəs duyğuları dahiyanə sadəliklə və incəliklə, sufiyanə məcaziliklə, aşiqanə yanğıyla əks etdirmişdir:

Zülfün suda mar kimi,
Oynar su damar kimi.
Sızıldatdın Aşığı
Yağa su damar kimi.

Həyatiliyin, sadəliyin, təbiiliyin, xəlqiliyin bundan da gözəl bədii ifadəsini düşünmək mümkün deyil. Bu sızıltı bədbinlikdən, düşkünlükdən, küskünlükdən uzaq, həyatın bağrından qopan bir sızıltıdır, məhz aşiqanə nalədir, gözəllik eşqinin həyata çağıran fərəhli fəryadıdır.
Məzarının başındayam, Ustad! Elinə-yurduna yadigar qoyub getdiyin bayatı cəvahiratının qədrini bilənlər, onları min bir zəhmətlə ağızlardan, arxivlərdən, pünhan qalmış cünglərdən, cürbəcür kitab haşiyələrindən, xatirat dəftərlərindən, məktublardan toplayıb nəşr etdirən elm-sənət fədailəri haqqında düşünürəm. Salman Mümtaz, Bəhlul Behcət, Əmin Abid kimi söz sərrafları bir vaxt sənin ömrünü göy əsgiyə düydürüb, qəlbini nakam qoyan Yaman bəylərin XX əsr törəmələri tərəfindən qətlə yetirildilər. Lakin onların əziz adları, yüksək əməlləri ölümsüzdür. Bu ölümsüzlük bir də ona görə bərqərar olmuş ki, onlar şeirimizin əzəmətli qalasını əsrlər boyu ucaldanlar sırasında sənin əbədiyyət yaşarılığı qazanmış bayatılarını da öz qanları, canları bahasına kitablara toplayıb tədqiq və təhlil etmiş, gövhəri çaydaşından arıdıb xalqımıza çatdırmış, hansı inci xəzinələrinin varisi olduğumuzu iftixar hissi ilə ilkin olaraq bəyan etmişlər. Qəbirüstü heykəlinə baxa-baxa düşüncələrə qərq olduğum, Həkərinin əbədiyyət nəğməsini sükut içində dinlədiyim bu yay axşamında sənin bayatılarını nəsil-nəsil bizə sevdirən unudulmaz müəllimim professor M.H.Təhmasibi, sənin öz həmyerlini, fədakar folklorçu, bayatışünas Əhliman Axundovu, son dərəcə ağır zəhmətə qatlaşıb, arxivlərdə qan-tərə bata-bata bayatıları toplayıb tədqiq və nəşr edən Asiya xanım Məmmədovanı minnətdarlıq duyğuları ilə xatırlayıram. Üç kitabın S.Mümtazın mübarək əlləri ilə tərtib edildi (1925, 1927, 1935), çap olunub yayıldı. Dördüncü kitabın (1966) Ə.Axundovun müqəddiməsi ilə el içinə çıxdı. Beşinci və hələlik axırıncı kitabını isə sənin şirin-şəkər bayatılarını ana laylası, ana südü kimi öz qanında, qəlbində, ruhunda yaşadan bir şair nəşrə hazırladı və bu böyük şərəf ona nəsib olduğundan özünü bütün arzularına yetmiş kimi bəxtiyar səndı.
Mənəm o xoşbəxt şair, Sarı Aşığım, Sarı babam, Haqq Aşığım! Səni Qurbanəli, Abduləli, Nəbi, Lələ, yetim adlandıranlar olub. Aşıq Ələsgər «Fərhad Şirin sevdi, Yetim Yaxşı yar» deyib. Lakin bütün adlardan ucada haqq aşığı dayanıb. Mən özüm də dil açıb, ağlım kəsən gündən baba və nənəmdən, ata və anamdan, neçə-neçə saz və söz əhlindən bu müqəddəs adı eşidib sevmişəm, onun işığına can atmışam, ülviyyətinə tapınmışam.
Yeniyetməlik illərimdə quzu çobanı idim. Tütək və saz çalan, gədiklərdən səsi qayalara düşən çobanların dilindən də ilk dəfə bu adı esitdim: Haqq Aşığı! Toya-mağara yolum düşdü, doğma Molla Əhmədli kəndində aşıq əmim Məşədi Dadaşın şirin dilindən böyük bir sevgi ilə deyilən bu adı dönə-dönə eşitdim: Haqq Aşığı! Laçında və Qubadlının Xanlıq kəndində orta məktəbdə oxuyarkən ilk sevdanın ilğımına qərq olduğum dəli-dolu günlərimi yaşayarkən neçə-neçə müdrik ağsaqqalın, sinədəftər ağbirçəyin, ilk oxu daşa dəyən niskilli gəlinin, qarasevdalı cavanın dilindən qopan bu adın şöləsi yenə qəlbimdə-gözümdə yandı: Haqq Aşığı! Qaçaq Nəbinin, Qaçaq Həcərin beşiyi Aşağı Mollu kəndində sinəsində el sözünün xəzinəsini gəzdirən Gilə xaladan və «Laçın» qəzetinin qocaman əməkdaşı şair Tapdıq Nəcibdən 1953-cü ildə bir qalın dəftər bayatı topladım. Dəftərin meşin cildinin üstündə qırmızı mürəkkəblə, iri hərflərlə həmin adı həyəcanla yazdım: Haqq Aşığı! Zamanın məcrasında yaşım əllini gəlib keçdi. Şərqin, Qərbin böyük söz ustalarına az-çox bələd oldum, sənətin girdabına baş vurdum, milli poeziyamızın zaman sınağından çıxmış bütün örnəklərini öyrəndim, Füzulinin, Vaqifin, Vurğunun kitablarından ayrı düşdüyüm bir gün olmadı. Öz şeir kitablarım nəşr olundu. Gecə də, gündüz də ən ilhamlı saatlarımda, anlarımda ilahidən gəlirmiş kimi qəlbimdən munis bir səs eşitdim. «Sən də bayatı yaz, dördlük yaz, səni öz xələfim kimi görmək istəyirəm!». Kim idi bu ilahi, səmavi səsin sahibi: Haqq Aşığı!
Məzarının başındayam, Ustad! Yeni kitabını nəşrə hazırlayıb ziyarətinə gəlmişəm. Yalnız öz bayatı və dördlüklərimlə gəlsəydim, qəlbim məni rahat qoymazdı. Sənin dörd kitabını, indiyədək çıxan bütün bayatı kitablarını, türk manilərini, Kərkük xoyratlarını yazı masamın üstünə düzdüm. Ucalığın, böyüklüyün bütün əzəmətiylə bir daha doğruldu gözlərimdə. Sənin bayatı çağırışın Gündoğandan Günbatana türk dilli ellər içində necə də geniş yayılmış, ümumtürk nəğməsinə çevrilmiş, yaxşı gündə də, yaman gündə də ürəklərə sirdaş olmuş, zümrüd quşu kimi insanı zaman-zaman işıqlı dünyaya yüksəltmişdir. Üstündə adını qırmızı mürəkkəblə yazdığım dəftər yaxşıca karıma gəldi. Kitablarına düşməyən nə qədər bayatın varmış. Naqis nəşr olunmuş, mənası, məzmunu təhrif edilmiş onlarca bayatını bərpa etməyə cəhd göstərdim, sənin yaradıcılıq «fəndinin» bütün sirləri ilə özümü silahlandırıb kərpici düşən, suvağı qopan, naxışı pozulan sətirlərini, beytlərini və bütöv bayatılarını dilindən çıxdığı ilk şəklinə qaytarmaq istədim və bu çətin işin öhdəsindən qismən gələ bildim. Əgər mən də bir sıra bayatılarını yanlış başa düşdümsə, düz yoza bilmədimsə günahımdan keç, Ustad! Sənin tilsimli poeziyan duruluğundan dibindəki əlvan daşları sayrışan, lakin dərinliyinə varılmayan sirli dağ göllərini xatırladır. Bu duruluq, bu saflıq gözlərimi qamaşdırdı, heyranlığımdan bəlkə də bəzi sözlərin mənasını düzgün anlaya bilmədim, kiminsə səhvini mən də təkrar etdim. Bu olan işdir. Gələcək nəsillərimiz səni daha dərindən duyacaq, daha dərindən tədqiq və təhlil edəcək, daha coşqun ehtirasla sevəcəkdir.
İndiyədək kitablarına düşməyən və mənim tərəfimdən toplanan bayatıların və bərpa etdiyim bayatıların üstündə ulduz (*) işarəsi qoydum. Qoy sənin milyon-milyon oxucuların bu kitabını da hərarətlə qarşılasınlar, həm iradlarını, həm də arzularını mənə yazsınlar. Sənin bayatı məktəbin indi də şairlərə dərs verməkdədir. Bu məktəbin şagirdlərindən biri də elə mən özüməm. Bayatılarını həvəs və həyəcanla topladığımı görən Ağdabanlı Qurban oğlu Aşıq Şəmşir — xalqımızın sevimli ustad şairi və aşığı Dədə Şəmşir sənin Kürd Aşıq adlı məşhur bir sənətkarla dostanə, məzəli, şirin, zarafatyana, səmimi deyişməni söylədi və bu deyişməni 1975-ci ildə Kəlbəcərdə dərhal dəftərimə köçürdüm. Həmin deyişməni kitabına daxil edərkən övlad sevgisiylə tez-tez ocağına ziyarətə getdiyim Dədə Şəmşiri həsrətlə yad etdim. Allah onun qəbrini nurla doldursun!
Məzarın başından ayrılıram, ozanlar ozanı, dədələr dədəsi Haqq Aşığı! Qəbirüstü abidənin yenidən yaradılmasında min bir zəhmətə qatlaşan Güləbird ocağının yetirməsi, istedadlı şair və jurnalist Səbahəddin Rüstəmin övlad qədirbilənliyini məmnun duyğularla dönə-dönə xatırlayıram. Ziyarətə gələnlərin ardı-arası kəsilmir.
Güləbird gözəlləri başdaşından öpüb dilək diləyir, qürub şüalarını əks etdirən mərmərin üstünə ətirli yaylaq gülləri düzürlər. Riqqətdən gözlərim yaşarır. Yamacda qoyun otaran yeniyetmə bir oğlan məlahətli, zil səslə sənin bayatılarından oxuyur:

Mən Aşığam bu daşa,
Könül qəmlə budaşa.
Elə vur ki, Yamanı,
Kəlləsindən bud aşa!

Səsin şaqraqlığı, gümrahlığı məni sehrləyir, diqqət kəsilirəm. Birdən, sanki yuxudan ayılıram. Bayatının son beyti bütün kitablarda «Elə vur ki, maralı, Kəlləsindən bud aşa!» şəklində verilib. Tanımadığım, səsini dinlədiyim oğlanın oxuduğu variant isə daha müasir və daha həyatidir, bu günün əhval-ruhiyyəsinə daha çox bağlıdır: «Elə vur ki, Yamanı, Kəlləsindən bud aşa!». Bəlkə bayatının ilk deyimi, ilk çağırışı da elə bu şəkildə imiş. Ya bəlkə də yaraqlanıb sərhəd məntəqəsinə gedən igid əsgərləri dağ döşündən seyr edən çoban özü qəsdən bayatını dəyişdirib, erməni qaniçənlərinə — yeni yamanlara aman verməməyi arzulayır. Səməd Vurğun nə gözəl deyib: «Daha mənzillidir sözün gülləsi!».
Gün batır, qaş qaralır. Mən də Günəşlə birgə məzarın başından ayrılıram, Ustad! Bağrımın başında təzə kitabın bir də görüşənədək, mənim Haqq Aşığım, elimin-günümün ulu dədəsi!
 
Güləbird, 1991


Mənbə: edebiyyatqazeti.az
 

0 şərh