Planetar adamın türk təəssübkeşliyi...

Martın 21-də ustad şair və böyük şəxsiyyət Səməd Vurğunun 115 yaşı tamam olur. Bu uzun illərin yarıdan azını — 50 ilini sözünü şair özü yaşatmış, 65 ilini isə sözü şairi yaşatmaqdadır. Sözlə sahibinin ayrı düşməsi, əslində, «cismani» ayrılıqdır. Sağlığında şair sözünün necə şöhrətini aləmə yayırdısa, indi də «müsəlləh əsgər» kimi keşiyində durub, şairi yaşadan sözüdür...
Səməd Vurğun
S.Vurğunun 115 illiyi ilə bağlı yadıma kövrək bir xatirə düşür: ağır xəstə yatan şairi yoluxmağa gələn qohumu Kamal Talıbzadə onu pəjmürdə görür. Əhvalını açmaq üçün 50 illik yubileyinə ciddi hazırlıqlar getdiyini, bu münasibətlə yaxşı tədbirlər nəzərdə tutulduğunu xəstə şairə bildirir. Cavabında isə eşidir ki, eh, ay Kamal, mənə nə yubiley. Onsuz da mənim hər günüm bir yubiley olub. Hansı evə girmişəm, bir yubiley qədər mənə hörmət ediblər, hansı məclisdə olmuşam, bir yubiley qədər ehtiram görmüşəm"...
Doğrudan da, Vurğuna nə yubiley?! Körpələrimizin «Azərbaycan» şeiri ilə indi də dil açması, vaxtilə «Azadlıq» meydanında Ü.Hacıbəyovun uvertürası ilə yanaşı,«Azərbaycan» şeirinin də səsləndirilməsi — İstiqlalımızın atributları, simvolları sırasında yer alması, eləcə də, poetik düsturunu verdiyi azərbaycançılıq ideologiyasının dövlətçiliyimizin təməl prinsipinə çevrilməsi, hüquqlarını tələb edən cənublu qardaşlarımızın dilindən bu şeirin düşməməsi… və nəhayət, aslanlarımızın Qarabağımızı işğal etmiş yağıların üstünə adıçəkilən şeirlə də şığıyıb, torpaqlarımızı azad etməsi — «könlü Qarabağdan keçən» şairin Qarabağa «qayıtması» S.Vurğunun yubileyi deyilmi?! ...Amma S.Vurğunun 90 illiyini yüksək səviyyədə təşkil edən ulu öndər H.Əliyev bunu da deyib: «Səməd Vurğun xalqımız, millətimiz üçün o qədər dəyərli bir şəxsiyyət olub, o qədər zəngin bir irs qoyub ki, onun 90 illik yubileyi bir gün, bir ay yox, məhz bir il müddətində keçirilməli idi. Bu müddətdə hər yerdə, hər evdə, hər şəhərdə, hər kənddə Səməd Vurğun yad olunur, onun şeirləri oxunur, əsərləri yenidən canlanır və bunlar hamısı müasirlərimizə, gənclərimizə ruh verir, onları sevindirir, şadlandırır». Bu müdrik kəlamlar isə ustad şairin yubileylərinin keçirilməsinin əhəmiyyətini açıq-aşkar göstərir...
Vurğun Azərbaycan xalqının dünya ədəbiyyatına bəxş etdiyi ən ünlü şairlərdən biri və planetar şəxsiyyətdir. Yaradıcılığa başlayandan «Aşiqəm insana və təbiətə» deyən Səməd Vurğunun poetik manifestində «dünya» və «Azərbaycan» qoşa qərar tutur: şair bir tərəfdən özünü «dünyanı düşünən milyonların şairi» elan edir, digər tərəfdən isə «uşaq kimi bağlandığı anası» — doğma Vətəni Azərbaycanı tərənnümdən doymur. Bu səbəbdən də şair elə ilk şeirləri mətbuatda çap ediləndən başlayaraq (1925) doğma yurdunda heç bir sənətkara nəsib olmayan tükənməz sevgi qazanmışdır. Lakin bu sevgi Azərbaycanla məhdudlaşmır. Çox keçmir ki, əsərləri müxtəlif dillərə (o vaxtkı İttifaqa daxil olan xalqlarla yanaşı, ingilis, alman, çex, çin, monqol, bolqar, polyak, rumın, ərəb, fars və b.) tərcümə olunur, 1930-cu illərin əvvəllərində, artıq Rusiyanın müxtəlif şəhərlərində, Gürcüstanda, Dağıstanda, Ukraynada, Belarusda, Orta Asiyada, daha sonra isə, demək olar ki, bütün respublikalarda, eləcə də İranda, ərəb ölkələrində, Bolqarıstanda, İngiltərədə, Almaniyada, Polşada, Amerikada, Hindistanda, Pakistanda və b. ölkələrdə tanınır.

S.Vurğunun misilsiz şöhrət qazanmasının səbəblərindən biri də yaradıcılığında dünyada baş verən hadisələrə, ictimai-siyasi mövzulara yer verməsi ("Ölüm kürsüsü", «Zəncinin arzuları», «Avropa xatirələri» silsiləsindən olan əsərləri və s.), başqa sözlə, əsərlərinin geniş vüsət kəsb etməsi ilə bağlı olmuşdur. Akademik M.Arifin də yazdığı kimi, «S.Vurğun — yaradıcılığına bəşəri duyğuların tərənnümü xas olan dünya miqyaslı əsl sənətkar səviyyəsinə yüksəlmişdir. Parlaq milli şair kimi qalmaqda davam edən sonrakı Vurğun hər kəsin adından və hər kəs üçün danışa bilərdi. Bizə elə gəlir ki, onun bu illərdə (1940-cı illərin sonları 1950-ci illərin əvvəlləri nəzərdə tutulur — A.S.) İngiltərə, Almaniya və Amerika haqqında şeirlər yazması təsadüfi deyildi… Məsələnin mahiyyəti ondadır ki, S.Vurğun bədii fikrin və bəşəriliyin o miqyaslılığını əxz etmişdi ki, Qoqolun sözləri ilə desək, „çox-çox uzaqlardan — dünyanın hər yerindən görünürdü“.
S.Vurğunun ünvanına müxtəlif illərdə, xüsusilə də 50 illik yubileyi və dünyasını dəyişməsi ilə əlaqədar Polşanın, Bolqarıstanın, Almaniyanın, İngiltərənin, Hindistanın, Pakistanın, Çinin, Monqolustanın, Koreyanın, Vyetnamın, İranın müxtəlif şəhərlərindən, ərəb ölkələrindən göndərilmiş məktubların, teleqramların əsilləri S.Vurğunun ev-muzeyində indi də qorunmaqdadır və bunlar da şairin dünya şöhrətinə şahidlik edir.
Sənədli mənbələrlə yanaşı, „canlı arxivlər“ — şahidlər də S.Vurğunun adının hələ sağlığında zəmanəsinin böyük şairlərinin adı ilə yanaşı çəkildiyini, şöhrətinin, yalnız Sovet İttifaqında deyil, xarici ölkələrdə də yayıldığını, Avropa və Asiyanın görkəmli yazıçılarının bu böyük şəxsiyyəti, istedadlı şairi tanıdıqlarını, ədəbi fəaliyyətini maraqla izlədiklərini təsdiq edirlər. Xalq yazıçısı M.İbrahimov S.Vurğunun, hələ 1930-cu illərdə Moskva və Leninqrad kimi şəhərlərdə böyük şöhrət qazandığını, 1940-cı illərin əvvəllərində İrana səfər etdiyi zaman orada da „tanındığını, hörmət və məhəbbətlə yad edildiyini“ xatırladır. 1947-ci ildəki Hindistan səfərini qürurla xatırlayan görkəmli yazıçı dünya xalqlarının Azərbaycanı üç şeylə tanıdığına diqqət yönəldir: „Nizami, 1945-1946-cı illərdə İran Azərbaycanındakı demokratik hərəkat və Səməd Vurğun!“.
Şairin qələm dostları — N.Tixonov və A.Alimcanov isə (qazax şairi) S.Vurğunun Pakistanda, İranda, Asiyada, eləcə də ərəb ölkələrində „tanındığına və sevildiyinə“ şahidlik edirlər. Xarici ölkə vətəndaşlarının Azərbaycanı S.Vurğuna görə tanımaları digər mənbələrdə də təsdiqlənir. Bir çoxları, doğrudan da, S.Vurğun deyəndə Azərbaycan, Azərbaycan deyəndə S.Vurğunu düşünmüşlər.
Bütün bu deyilənlər S.Vurğundan milli şair olmaqla yanaşı, bir planetar ədəbi şəxsiyyət kimi söz açmağa da imkan verir. Bu təşbihdə nə yersiz təəssübkeşlik, nə də mübaliğə var — bu gerçəyi dünyanın bir çox nüfuzlu ziyalıları, alimləri (L.Araqon (fransız), V.Mey (ingilis), V.Brands (alman), İ.Emin (yuqoslav), A.Zayonçkovski (polyak), M.Zayonçkovski-Zaremba (polyak), X.Botev (bolqar), L.Balek (çex), D.Urianxay (monqol) və b. monoqrafik tədqiqatları, məqalələri, bədii əsərləri və şair haqqındakı müdrik kəlamları ilə təsdiqləmiş, onu „Müasir dünya ədəbiyyatının iftixarı“ (L.Araqon) hesab etmişlər. Xatırladaq ki, hələ 65 il əvvəl ünlü türk şairi Nazim Hikmət də S.Vurğunu „poeziyamızın planeti“ (dünyanın hər yerindən görünən səyyarə) adlandırmış, bu planetin „Günəşinin, ulduzlarının heç zaman sönməyəcəyini“ bəyan etmişdi.
S.Vurğun irsi, xüsusilə də onun yaradıcılığındakı milli kimlik və azərbaycançılıq ideologiyası ilə bağlı orijinal fikirlər söyləmiş böyük alim Yaşar Qarayev isə şairin planetarlığının parametrlərini obrazlı şəkildə belə şərh edib: „Şair (S.Vurğun — A.S.) kosmosun fəthi dövrünü görsəydi, ayrı heç nəyi yox, məhz kosmik peyki planetə müraciət etmək üçün ən münasib tribuna adlandırardı və həmişə olduğu kimi, Vurğun monoloqu belə bir tribunaya yenə də yaraşardı!

Şübhəsiz, Vurğun üçün ən böyük tribuna, kosmik orbitdən də uca xitabət kürsüsü isə poeziya idi. Məhz bu tribunadan şair bütün planeti görür və bütün planetdən görünürdü. Lakin daha mənalı olan odur ki, dünya və planet auditoriyasına da o, həmişə “Azərbaycan» monoloqu ilə müraciət edirdi".
Bu bir neçə cümləlik mətndə filosof-tənqidçi ustad şairin şəxsiyyəti və yaradıcılığında yer alan həm milli, həm də bəşəri duyğulara kifayət qədər aydınlıq gətirmişdir. Yalnız bir məqamı bir qədər də qabartmağı lazım bilirik: bəzi əsərlərində, məsələn, 1927-ci ildə adsız qələmə aldığı bir şeirində (Bir qəlb ki...) olduğu kimi, S.Vurğunun «Qafqazda çırpınan qəlbinin, Altaya qoşması» oxucunu, xəyali də olsa, qədim türk yurduna — Altaylara səyahətə təşfiq edirdi. Bu kimi retrospektiv xatırlatmalar isə «bütün dünyanın əks olunduğu Vurğun poeziyasında» və ümumiyyətlə yaradıcılığında məxsusi yeri olan məkanlardan birinin də türkün coğrafiyası olduğundan xəbər verir.
Şairin, xüsusilə yaradıcılığının birinci mərhələsində — 1920-ci illərin ikinci yarısı və 1930-cu illərin əvvəllərində türkiyəli şairlərin yaradıcılığına müraciət etməsi, onların təsiri ilə əsərlər yazması və hətta onlardan bəzilərinə şeir həsr etməsi (məsələn, T.Fikrətə), yaxud onun «yolunu təqib etməsi»ni (O zaman Fikrəti təqib edərək...) dilə gətirməsi, gənclik illərində Türkiyənin romantik şairlərinin (Ə.Hamidin) təsiri altında olduğuna etdiyi işarələr də eyni məqsədə — ümumtürk yaddaşının «ehyası»na — dirçəlişinə istiqamətlənmişdi. Lakin milli-mənəvi yaddaşa bu və buna bənzər işarələr, təbii ki, o illərin "çekist ruhlu" tənqidçilərinin diqqətindən yayınmır, türkçülükdə ittiham edilən şairin başının üzərini elə həmin illərdən qara buludlar almağa başlayırdı:

"Üzərimdə qara-qara,
İlan başlı buludlar var.
Gəril, sinəm hücumlara,
Ayğır dalınca toz qopar...

S.Vurğunun türkiyəli şairlərdən təsirlənməsi, təbii ki, gənc şairin yaradıcılıq yolunun (ədəbi cərəyan mənsubluğunun) müəyyənləşməsinə də təsir etmişdir. Lakin sovet ədəbiyyatşünaslığında bu ədəbi fakta, məlum səbəbdən ifrat ideoloji mövqedən yanaşılmış, onun türkiyəli şairlərdən (T.Fikrət, Ə.Hamid, R.Tofiq, N.Kamal və b.) təsirlənməsi 1930-cu illərin mətbuatında «zərərli bir meyil» -«burjua şairlərindən təsirlənmə» kimi qiymətləndirilmişdir — S.Vurğun bu fakta görə, qeyd etdiyimiz kimi, qınanmış və ittiham edilmişdir.
Türkiyəli şairlərin əsəsrlərinə marağı və sevgisi, vurğuladığımız kimi, şairin dünyagörüşünə, həyatı dərkinə, eləcə də yaradıcılığına təsir etmişdir. O, Tofiq Fikrətin «Göydən yerə» şeirinin təsiri ilə eyniadlı (sonrakı çaplarda «Ondan da gözəldir»), RzaTofiqin təsiri ilə «Dilcan dərəsi», N.Kamalın təsiri ilə "Çənə söhbəti", Nazim Hikmətin təsiri ilə «Hərəkət» şeirini yazmış, əsərlərindən birində (avtobioqrafik əsər olan "Şairin həyatı" pyesində Polad — gənc Vurğun səhnəyə qoltuğunda Ə.Hamidin «Məqbər» əsəri daxil olur) gənclik illərində Ə.Hamidin təsiri altında olduğuna işarə etmişdir. 1930-cu illərdən türkçülüyə qarşı ciddi mübarizə başladıldığından və S.Vurğunun özü də millətçilikdə ittiham edildiyindən, təbii ki, onun da digər qələm yoldaşları kimi, türkə və türkçülüyə olan rəğbəti və bu istiqamətdəki fəaliyyəti təhlükə ilə üzləşmişdir. Bu təzyiq və təqiblərin nəticəsi kimi şair çap etdirə bilmədiyi bir qitəsində hələ 1935-ci ildə yazırdı ki:

Döyür pəncərəmi qışın rüzgarı,
Vaxtsız ölümmüdür üstümə gələn?!
Çəkilsin gecənin qaranlıqları,
Ömrə son sözümü deməmişəm mən...

Şairin əsərlərində işlətdiyi «türk» sözləri (hətta ilk çaplarında da «türk» getmiş) sonrakı nəşrlərdə başqa söz və ifadələrlə əvəzlənmişdir ("Çevirdim ilk dəfə türkün dilinə" misrasının, əvvəlcə «Mən çevirdim Azərbaycan dilinə», daha sonra isə: "Çevirdim Vaqifin şirin dilinə" şəklinə salınması kimi; mövzu ilə ilgili ayrıca məqalə dərc etdirdiyimizdən deyilənlərlə burada kifayətlənirik).
Lakin şairin türk sevgisi soydan-gendən gələn bir hiss, duyğu olduğundan, təbii ki, unudula bilməzdi və unudulmadı da. Azərbaycançılıq ideologiyasına yansıtdığı türkçülüyü, türkə rəğbəti şair, o vaxtkı İttifaqın tərkibinə daxil olan müsəlman-türk xalqlarına, o sıradan Türküstan türklərinə həm bədii yaradıcılığında, həm elmi-ictimai fəaliyyətində, həm də şəxsi münasibətdə davam etdirdi. Məsələn, şair 1937-ci ildə "Şeirimizin ağsaqqalı" adı ilə görkəmli qazax aşığı C.Cabayevə həsr etdiyi şeirdə onun fərdi keyfiyyətlərini qabardaraq, ustad sənətkar kimi təqdim etməklə yanaşı, ortaq milli alətlərimizi (tar, saz, tənbur və s.) və ortaq mənəvi dəyərləri xatırladır. S.Vurğun başqa şeirlərində də Cambulun adını çəkmiş, ortaq dəyərlərə işarələr etmişdir. Yaxud tatar şairi Musa Cəlilə həsr etdiyi şeirdə («Mənim şair dostum, şair qardaşım») o, vətənpərvər şairə yad millətin nümayəndəsi yox, azərbaycanlı balası — qardaş kimi yanaşmış, onun göstərdiyi qəhrəmanlıqla azərbaycanlıların da başını ucaltdığını bildirmişdir.
Eyni ruh S.Vurğuna həsr edilmiş şeirlərə də hakimdir.Təxmini hesablamalara görə, S.Vurğuna mindən artıq bədii əsər (şeir, poema, dram, hekayə, povest, roman və s.) həsr edilmişdir ki, bunların bir qismini də türk-müsəlman şair və yazıçılarının qələmə aldıqları təşkil edir. Q.Qulamın, Zülfiyyənin, Şöhrətin, Q.Quliyevin, M.Auezovun, B.Kerbabayevin, A.Tokombayevin, Ə.Minskinin, M.Tursunzadənin, İ.Nuriyevin, R.Rıskulovun və b. sənətkarların S.Vurğuna həsr etdikləri əsərlərdə ustad şairə və Azərbaycana eyni müstəvidə və eyni məhəbbətlə yanaşıldığından, ortaq milli dəyərlər xatırladıldığından bu fakt bir tərəfdən qardaş xalqları daha da doğmalaşdırır, digər tərəfdən, Azərbaycanın da daha geniş arealda təbliği və tanınmasına səbəb olurdu.
Yeri gəlmişkən onu da xatırladaq ki, bütövlükdə ədəbi əlaqələr mövzusu, eləcə də S.Vurğunun bu istiqamətdəki fəaliyyəti, sovet dövründə məlum səbəbdən daha çox SSRİ xalqları ədəbiyyatı kontekstində tədqiq, təbliğ və təqdim edilmişdir. Xalqlar dostluğu ideyası o dövrün dövlət idarəçilik sisteminin prioritetlərindən biri olduğundan ədəbi əlaqələr də, bir qayda olaraq o vaxtkı İttifaqa daxil olan xalqların, xüsusilə də xristian xalqları, ilk növbədə rus-slavyan xalqları ilə dostluğu ehtiva edir, rus dəyərləri ümumilikdə sovet xalqlarının milli dəyərləri kimi təbliğ olunurdu. Müsəlman-türk xalqları arasındakı milli-mənəvi dəyərlərə isə "çeşidli" üsul və mexanizmlərlə (açıq və örtülü) məhdudiyyətlər qoyulurdu. Lakin bu sərhədləri aşanlar da vardı və o böyük şəxsiyyətlər müsəlman-türk xalqları arasından çıxan ziyalılar, ədəbi avtoritetlər idi. Onlardan biri də sovet poeziyasının «ağsaçlı qartalı» S.Vurğun olmuşdur. Doğrudur, onun dostları arasında sovet xalqlarının, demək olar ki, bütün nümayəndələri (rus — A.Fadeyev, N.Tixonov, K.Simonov, M.Şoloxov; ukraynalı — P.Tıçina, M.Tank, Korneyçuk; gürcü -G.Leonidze, K.Kaladze və b.) var idi və məramları «Nə yaxşı ki, dünyada Səməd Vurğun var!» — olan bu görkəmli sənətkarlar da şairə ehtiramla yanaşmış, onunla dost olmağı özlərinə fəxarət saymışlar. Ona təkcə azərbaycanlılar yox, o vaxtkı İttifaqa daxil olan bütün xalqlar sonsuz sevgi və ehtiramla yanaşmışdır. Lakin şairin müsəlman-türk xalqlarının nümayəndələri ilə dostluğunda (Q.Qulam, H.Alimcan, Şöhrət, M.Tursunzadə, Kerbabayev, Ə.Minski, R.Həmzətov və b.) və onların şairə münasibətlərində həm də soy-kökdən, qədim ənənələrdən, milli-mənəvi dəyərlərdən gələn bir məhrəmlik, doğmalıq da müşahidə olunurdu. Bu doğmalığı, artıq 1930-cu illərin əvvəllərindən o vaxtkı İttifaqın nüfuzlu şəxsiyyətlərindən birinə çevrilmiş S.Vurğun, müsəlman-türk ziyalılarının özlərinin də etiraf etdikləri kimi, onların doğma torpaqlarında olub (Daşkənddə, Kazanda və b. şəhərlərdə), ədəbiyyatları, mədəniyyətləri, tarixi şəxsiyyətləri haqqında milli təəssübkeşliyi gizlətmədən odlu-alovlu çıxışlar etmiş, ehtiyac olduqda soydaşlarından köməkliyini əsirgəməmiş, bəzilərini müəyyən "çətinliklərdən" də qurtarmışdır.
Azərbaycan — Türküstan əlaqələrinin formalaşması və inkişafında ən etibarlı və çevik vasitələrdən biri də, qeyd etdiyimiz kimi, ədəbiyyat, bir qədər də dəqiq desək, ədəbi əlaqələr idi. Müsəlman-türk xalqları arasındakı ortaq tarixi-mədəni gələnəklər, ədəbi-nəzəri eyniliklər, yaxud bənzərliklər — doğmalıq bu istiqamətdəki əlaqələrin dinamikliyi və əhatəliliyini, təbii ki, daha da artırırdı. Bu prosesə ədəbi və ictimai nüfuzu yüksək olan şəxsiyyətlərin daha böyük uğurlar qazandırdığı da danılmazdır — Azərbaycan — Türküstan ədəbi əlaqələrinə S.Vurğun nüfuzunun qazandırdığı uğur kimi. Bu əlaqələr sırasında Azərbaycan-özbək əlaqələri xüsusi yer tutduğundan bu barədə bir qədər ətraflı danışmağı lazım bilirik.
S.Vurğunun özbək ədəbiyyatı ilə əlaqələri, bizə məlum olduğuna görə, Nizami və Nəvai Yubiley Komitələrinin 1940-cı ilin 3 dekabrında Moskvada keçirilən yığıncağındakı çıxışı ilə başlayır. Şair burada hər iki sənətkarın yubileylərinə hazırlıqla bağlı çox ciddi problemlərə toxunur (yeri gəlmişkən, Nizami Yubiley Komitəsinin sədri, görkəmli şair Səməd Vurğun, Nəvai Yubiley Komitəsinin sədri isə müasir özbək ədəbiyyatının yaradıcılarından olan Həmid Əlimcan seçilmişdi).
Şair çıxışında «moskvalı yoldaşlar»ın — rus ədəbiyyatşünaslarının, rusdilli mətbuatın Nizami və Nəvai irsinin təbliğində göstərdikləri laqeydliyi kəskin tənqid etməklə yanaşı, milli ziyalıların özlərini də günahlandırır. Bildirir ki, "...biz hələ geniş kütlələrin diqqətini nə Nizamiyə, nə də Nəvaiyə cəlb edə bilməmişik, onların yaradıcılığını bütün əzəməti ilə təbliğ edə bilməmişik". Başqa sözlə, şair bu məsələdə həm azərbaycanlıları, həm də özbəkləri təqsirləndirir və əlavə edir ki, «Biz rus yoldaşlarımızdan tələb edirik ki, onlar bizim ədəbiyyatın tarixi ilə məşğul olsunlar, bu haqda yazsınlar və sairə… Bu, yaxşıdır. Lakin bu heç də o demək deyildir ki, biz özümüz — yerli yazıçılar, ədəbiyyatşünaslar, tarixçilər hamıdan çox və yaxşı tanıdığımız öz şairlərimiz haqqında rus mərkəzi mətbuatına yazmamalıyıq».
Şair çıxış yolunu «yerli yoldaşlar»ın (özbəkləri və azərbaycanlıları nəzərdə tutur — A.S.) məqalələr yazıb, onları Moskvaya mərkəzi qəzet və jurnallara göndərməsində görür. Problemə ciddi yanaşan S.Vurğun, eyni zamanda hazırlıq prosesini «bu işi sevən moskvalı yoldaşların qüvvələrinə arxalanmaqla» təşkil etməyi də lazım bilir.
S.Vurğun çıxışında Nəvainin yubileyinə hazırlıqla əlaqədar bir neçə ay əvvəl Daşkənddə keçirilən plenumdakı (1940) iştirakını da xatırladır (həmin tədbirdə S.Vurğunla birlikdə o illərin gənc alimi Həmid Araslı da iştirak etmiş və «Ustad» adlı xatirəsində bu barədə məlumat vermişdir. Müsəlman-türk xalqlarının ünlü simalarının da qatıldığı o tədbirdən S.Vurğunun, M.Şeyxzadənin, M.Tursunzadənin, H.Araslının, S.Ayninin və Q.Qulamın əks olunduğu bir fotoşəkil də yadigar qalmışdır. Bu nadir şəklin tarixçəsi və plenum haqqında H.Araslı xatirəsində söz açmışdır).
Daşkənd plenumunda «Nəvainin dövrünü və yaradıcılığını çox gözəl bilən və fəlsəfi mövqedən təhlil edən, yüksək mədəniyyətli gənc qüvvələrin məruzələri»ni qədərincə dəyərləndirən S.Vurğun, eyni zamanda Moskvada və Leninqradda Nəvai yaradıcılığını yaxşı bilən alimləri də üzə çıxarıb, onları «xalqın məişəti və tarixi, Nəvainin yaradıcılığı ilə yerindəcə tanış olmaq məqsədilə Özbəkistana, Daşkəndə səfərlərini təşkil etməyi» zəruri sayır.
S.Vurğun Ə.Nəvainin ən böyük xidmətlərindən birini bütövlükdə Şərq xalqlarının ədəbiyyatını fars dilindən təmizləməsində görür. O,"əzəmətli şəxsiyyət" adlandırdığı Ə.Nəvainin, yalnız böyük ədəbiyyat deyil, böyük dil yaratdığını da diqqətə çatdırır, əlavə edir ki, «Nəvai bir alim kimi, dilşünas kimi, tarixçi kimi çıxış edir. O, son dərəcə çoxcəhətli istedaddır».

S.Vurğun N.Gəncəvinin yubileyinin 1941-ci ilin noyabrında Azərbaycanda qeyd ediləcəyinə, «sonra Bakıdan Xəzər dənizi və Orta Asiya dəmir yolu ilə Daşkəndə gedib, orada Nəvainin yubileyinin qeyd ediləcəyinə» ümid edir. Lakin 1941-ci ilin iyununda başlanan Böyük Vətən müharibəsi bu arzunun reallaşmasına imkan vermir — hər iki böyük şairin yubileyi 1947-ci ildə qeyd edilir.
S.Vurğun çoxmillətli sovet poeziyasının 20 il ərzində keçdiyi inkişaf yolunun mərhələlərini elmi-nəzəri baxımdan əhatəli təhlil etdiyi Sovet yazıçılarının II qurultayındakı sanballı məruzəsində də («Sovet poeziyası haqqında») adını yenə Nizami ilə qoşa çəkərək, Nəvaini xatırlatmış, onların yaradıcılığında "öz zəmanəsinə görə yeni realist başlanğıc olduğunu görməyən vulqar ədəbiyyatçıların kökündən yanıldıqlarını" diqqətə çatdırmış, saray şairlərindən fərqli olaraq, məhz onların "əsl xəlqi və həqiqi poeziya yaratdıqlarını" vurğulamış və dediklərinə bunu da əlavə emişdir: "Əgər bizim uzaq keçmişdə yaşamış sələflərimizin yaratdıqları əsərlər tarixin, əsrlərin sınağından çıxa bilmişsə, bunu, hər şeydən əvvəl və başlıca olaraq onunla izah etmək lazımdır ki, onların əsərlərində böyük həyat həqiqəti dahiyanə tərənnüm edilmişdir".
Şair adıçəkilən məruzəsində digər respublikaların sənətkarları ilə yanaşı, özbək poeziyası haqqında da (Q.Qulamın, Zülfiyyənin, M.Şeyxzadənin bəzi əsərlərinin timsalında) maraqlı fikirlər söyləmişdir.
Məlumdur ki, S.Vurğun öz poetik məktəbini yaratmış Nizami, Füzuli, Sabir, R.Rza kimi çox istedadlı şairlərdəndir. Bu məktəbdən ilham alanlar, onun yaradıcılıq yolunu davam etdirənlər kifayət qədər — yeni dövr ədəbiyyatımızın aparıcı qolu və qüvvəsini təşkil edən ən istedadlı şairlərin sayı qədərdir (B.Vahabzadə, M.Araz, Ə.Kərim, X.Rza, H.Arif, H.Kürdoğlu, Ə.Kürçaylı, N.Xəzri, N.Həsənzadə və b.).
Özbəkşünas alim Almaz Ülvi analoji prosesi dünya, o sıradan Orta Asiya (eləcə də özbək) şairləri arasında da müşahidə edir: «Sanki özbək şairləri də Səməd Vurğun kimi yazmaq-yaratmaq bəhsində imişlər. Təkcə özbəklər yox, bütün Orta Asiya türkləri… Həm də təkcə Orta Asiya yox, keçmiş SSRİ-nin bütün respublikaları, Avropa — Asiya ölkələri Səməd istedadına, vurğunluğuna, şeiriyyətinə heyran qalmışdılar. Hamı onun kimi təbiətə, şeirə vurğun olmaq istəyirdi. Hamı „Azərbaycan“ kimi yazmaq istəyirdi və hamı, az qala bütün dünya „Azərbaycan“ı öz dilinə tərcümə etdi».
«Səməd başdan-başa istedad idi. O, yalnız şeir üçün doğulmuşdu» — deyən və «dahi Səməd Vurğunu yetirdiyinə görə qədim Odlar yurdunu — Azərbaycanı „xoşbəxt ölkə“ adlandıran Q.Qulamın S.Vurğuna olan sevgisi bütövlükdə özbək ədəbiyyatına yansımış, ustad şairə ehtiram Azərbaycana sevgi ilə eyni status qazanmış (Q.Qulamın Azərbaycan mövzusunda qələmə aldığı „Biri-birinə şagird, biri-birinə ustad“, „Qırx yaşlı Azərbaycan“, „Səməd Vurğuna“, „Xəzər“ və b. şeirlərində də) və bu fakt bir çox özbək şairinin bədii əsərləri və xatirələrində də geniş əks olunmuşdur.
Özbək şairlərinin Azərbaycan sevgisi, bizim sənətkarlara, o sıradan S.Vurğuna ehtiramı və rəğbəti C.Cabbarlının əsərlərində də yer almışdır. „Bakı səfəri“ şeirində bu qardaş xalqların böyük sənətkarlarını xatırladan şair S.Vurğunla Q.Qulamın dostluğuna da məxsusi yer verir:

Qafur Qulam ilə qardaş kimiydi,
Bu sənət nəhəngi, o — söz mahiri.
Elə ki, dil açıb konuşardılar,
Sapa düzülərdi söz cəvahiri.
Kəlamları müdrik, söhbətləri xoş,
Turan dünyasının iki şairi.

Azərbaycan tarixinə, mədəniyyəti və ədəbiyyatına, qəhrəmanları və şairlərinə ehtiram, sevgi özbək şairləri A.Arifin, E.Vahidin, R.Pərvinin, G.Curayevanın, Səyyarın, R.Əbdürrəşidin əsərlərində də kifayət qədər yer almışdır.
S.Vurğunun, özbək ədəbiyyatı ilə yanaşı, digər müsəlman-türk şairlərinin əsərlərinə həm məzmun, həm də forma baxımından təsirinin aşkar göründüyü əsərlərə də təsadüf edilir: məsələn, Kabarda-Balkar şairi Q.Quliyevin „Sən nə tez getdin?!“ şeirində ustad şairin məşhur „Şair, nə tez qocaldın, sən?!“ adlı şeirindən, türkmən şairi Q.Seyitliyevin şairin beşlik formalarından (2-ci misranın 5-ci misrada təkrarlanması) bəhrələnməsi, B.Kerbabayevin „Qızlar aləmi“ poemasının „Bəsti“ poemasını, qazax şairi S.Seyfullinin „Göyçə tau“ (»Göyçə dağ") əsərinin «Talıstan» poemasını xatırlatması, eləcə də S.Vurğunun «Vaqif» dramı ilə özbək şairi M.Şeyxzadənin «Cəlaləddin» pyesi arasında oxşarlıq olması vurğunşünaslığa bəlli faktlardır...
Beləliklə, S.Vurğun irsinə fraqmental baxış belə onun «dünyanı düşünən bir şair olmaq» kimi ağır missiyanı yerinə yetirməsi — «planetar adam» statusu qazanması ilə yanaşı, milli-mənəvi dəyərlərin aşağılandığı, «allahsızlar cəmiyyəti»nin hökm sürdüyü və «türk» sözünün belə yasaq edildiyi, bu ad altında Osmanlı türklərinin tanıdıldığı və ünvanına nifrət aşılandığı azman sovet imperiyası daxilində, belə demək mümkünsə, bir «müsəlman-türk birliyi» yaratdığından xəbər verir. Bu «qeyri-rəsmi qurum», bu mənəvi birliyin qorunması və genişlənməsinə müxtəlif vasitələrlə köməklik göstərirmiş, ideoloji çərçivələri yarıb, müsəlman-türk xalqları arasında milli-mənəvi dəyərlərin qoruyucusu missiyasını yerinə yetirirmişdir. Yol başçısı S.Vurğunun olduğu bu missiyanın və şairin əsərlərinin müstəqilliyimizin qazanılmasında, azərbaycançılıq ideologiyasının dövlətçiliyimizin təməl prinsipinə, eləcə də milli ideologiyamızın türk birliyinə çevrilməsində oynadığı rol danılmazdır.
 
 
Müəllif: Aslan Salmansoy
Mənbə: edebiyyatqazeti.az
 

0 şərh