Örnək insan ömrü

Onun XX əsr Azərbaycan elminin, ədəbiyyatının, təhsilinin inkişafında xidmətləri misilsizdir. Yazıçı, alim, pedaqoq, xeyirxah insan ömrü yaşamaq, bir ömrə bu qədər böyük işləri sığdırmaq hünərini göstərib Mir Cəlal Paşayev.
Ürək yanğısı ilə oxunan əsərlərin müəllifi olan görkəmli yazıçının öz həyatı da elə maraqlı bir romandır. Bu romanın ilk sətirləri kədərlidir… 1908-ci il aprelin 26-da Cənubi Azərbaycanın Ərdəbil vilayətində yoxsul kəndli ailəsində dünyaya göz açan Mir Cəlal kiçik yaşlarından dünyanın qəmli, qüssəli üzünü görüb. Əzabını, dərdini tanıyıb...
Mir Cəlal Paşayev.
O, balaca ikən atası Gəncəyə köçüb. Mir Cəlalın uşaqlıq illəri bu şəhərdə keçib. Güzəranları çətin olsa da, o zamanlar sığınmağa atası vardı. Ancaq 1918-ci ildə atası vəfat edib. Onda Mir Cəlalın on yaşı olub. O, böyük qardaşının himayəsində böyüyüb.
Həyatın keçməkeşlərindən keçib. Çox çətinliklərə sinə gərib. Ancaq bu yoxluqlar, əzab-əziyyətlər onun ümidini əlindən ala bilməyib. Həyatın bütün sınaqlarına, çətinliklərinə rəğmən ömrünün gələcəyinə doğru inadla, inamla irəliləyib.
O illərdə oxumağa, öyrənməyə böyük marağı olub. Bu istəklə 1918-1919-cu illərdə Xeyriyyə Cəmiyyətinin köməyi ilə ibtidai təhsil alıb. 1920-ci ildə Azərbaycanda sovet hakimiyyəti qurulub. Gəncə Darülmüəllimliyinə daxil olan Mir Cəlal 1924-1928-ci illərdə təhsilini orada davam etdirib. Fəallığı, təhsilə həvəsi ilə seçilən Mir Cəlal Paşayev 1926-1927-ci illərdə tələbə təşkilatının, sonra isə şəhər tələbə həmkarlar təşkilatının sədri olub. 1928-ci ildə Gəncə Darülmüəllimi bitirib. Pedaqoji fəaliyyətə başlayıb. Gədəbəy yeddiillik məktəbində müəllim işləyib. 1929-1930-cu illərdə isə o, 1 nömrəli Gəncə şəhər məktəbində direktor vəzifəsində çalışıb.
Oxumağa, öyrənməyə sonsuz həvəsi onu başqa bir təhsil ocağına aparıb. 1930-1932-ci illərdə Kazan Şərq Pedaqoji İnstitutunun ədəbiyyat şöbəsində təhsil alıb.

Elmi axtarışlar yolunda...
1932-ci ildə Bakıya gəlib. Azərbaycan Dövlət Elmi-Tədqiqat İnstitutunun aspiranturasına daxil olub. 1932-1935-ci illərdə Azərbaycan Elmlər Akademiyası Nizami adına Ədəbiyyat İnstitutunda elmi işçi kimi fəaliyyət göstərib. “Kommunist” qəzetində şöbə müdiri, “Gənc işçi” qəzetində məsul katib işləyib.
Azərbaycan Dövlət Elmi-Tədqiqat İnstitutunun aspiranturasında təhsilini davam etdirməklə bərabər, müəllimlik fəaliyyəti ilə də məşğul olub. Millətinin övladlarına xalqının ədəbiyyatını, mədəniyyətini, zəngin keçmişini öyrədib.
1940-cı ildə “Füzulinin poetikası” mövzusunda namizədlik dissertasiyası, 1947-ci ildə isə “Azərbaycanda ədəbi məktəblər” mövzusunda doktorluq dissertasiyası müdafiə edib. Ədəbiyyat nəzəriyyəsinə dair araşdırmaları, xüsusilə məşhur “Ədəbiyyatşünaslığın əsasları” dərsliyi Azərbaycan filoloji mühitində maraqla qarşılanıb. “Klassik irs və müasirləri”mizə dair məqalələri, monoqrafik tədqiqatları, “Azərbaycanda ədəbi məktəblər” mövzusunda yazdığı doktorluq dissertasiyası, “Füzuli sənətkarlığı”, “Cəlil Məmmədquluzadə realizmi haqqında” və digər əsərləri onu dərin ədəbi-nəzəri düşüncəyə malik, ardıcıl və sistemli şəkildə tədqiqatlar aparan yorulmaz alim kimi tanıdıb.
Mir Cəlal Paşayevi bu gün də nümunəvi pedaqoq kimi sonsuz sevgi ilə xatırlayırlar. O, müəllimlik fəaliyyətinə gənc yaşlarından başlayıb. Mir Cəlal Paşayev bütün ömrü böyu öyrənmək qədər öyrətməyi də çox sevib. Azərbaycan Dövlət Universitetində dosent, 1948-ci ildən professor kimi fəaliyyət göstərib. 1961-ci ildən Azərbaycan ədəbiyyatı kafedrasının müdiri olub.

Ədəbi fəaliyyəti...
O, ədəbi fəaliyyətə 1928-ci ildə şeirlə başlayıb. Həmin il mətbuatda “Dənizin cinayəti”, “Ananın vəsiyyəti”, “Müxbir” adlı ilk şeirləri çap edilib. 1930-cu ildən hekayələr yazıb. O illərin “Şərq qadını”, “Gənc işçi”, “İnqilab və mədəniyyət”, “Ədəbiyyat qəzeti” kimi nüfuzlu nəşrlərində “Doktor Cinayətov”, “İfşa”, “Mərkəz adamı”, “Naxələf”, “Bostan oğrusu”, “Qüdrət nümayişi”, “İstifadə”, “Dəzgah qızı”, “Heyrət” və digər hekayələri dərc olunub. 1932-ci ildə işıq üzü görən “Sağlam yollarda” adlı ilk kitabı onu istedadlı yazıçı kimi oxuculara sevdirib. 1935-ci ildə “Boy” adlı ilk oçerklər və novellalar kitabı çapdan çıxıb.
Mir Cəlal Paşayev öz xalqının, Azərbaycanının vurğunu idi. Milli düşüncələr, təəssübkeşlik hissi çoxşaxəli yaradıcılığının əsas qayəsiydi. Onun əsərlərində mənəvi dəyərlərin, xalq təfəkkürünün işığı var. Bu işıq oxucusunun da qəlbini nurlandırır. Yazıçı Mir Cəlal Paşayevin təsvir etdiyi hadisələr, ədəbi qəhrəmanları reallığı, təbiiliyi ilə diqqəti cəlb edir. Oxucuya təsir göstərir, inandırır. Əsərlərində Mir Cəlal Paşayev həm tarixi, həm də dövrün hadisələrini təsvir edib. O, “Dirilən adam”, “Bir gəncin manifesti”, “Yolumuz hayanadır” romanlarında keçmiş, “Açıq kitab”, “Yaşıdlarım”, “Təzə şəhər” romanlarında isə müasir həyat lövhələrinin bədii təsvirini ustalıqla qələmə alıb.
“Mir Cəlal “Dirilən adam”la diqqətli bir realist yazıçı olduğunu göstərmişdir”. Yarım əsr bundan əvvəl akademik Məmməd Arif bu dəyərli fikri Mir Cəlal Paşayevin ilk irihəcmli əsəri haqqında bildirib. Həmin əsər — “Dirilən adam” romanı 1935-ci ildə ayrıca kitab kimi nəşr edilib.
Mir Cəlal Paşayevin yaradıcılığında xüsusi yer tutan daha bir əsəri — “Bir gəncin manifesti” ilk dəfə 1937-1939-cu illərdə hissə-hissə “Revolyusiya və kultura” jurnalında dərc olunub. Bu əsər müəllifə böyük oxucu auditoriyası qazandırıb. “Bir gəncin manifesti” 1940-cı ildə “Uşaqgəncnəşr”də kitab halında kütləvi tirajla, oxucu tələbatı nəzərə alınaraq sonrakı illərdə isə təkrar çap olunub. Doqquz dəfə müxtəlif illərdə ayrıca kitab halında işıq üzü görən “Bir gəncin manifesti” Azərbaycanın hüdudlarından çox-çox uzaqlarda da sevilir.
Mir Cəlal Paşayevin 1961-ci ildə oxuculara təqdim olunan “İnsanlıq fəlsəfəsi” kitabında toplanmış hekayələri də böyük tərbiyəvi-əxlaqi əhəmiyyətə malikdir. “Vicdan mühakiməsi”, “Vicdan əzabı”, “İnsanlıq fəlsəfəsi”, “Subaylıq fəlsəfəsi”, “Təzə toyun nəzakət qaydaları”, “Hesab dostları”, “Təsadüf ya zərurət”, “Qocaların uşaq söhbəti” və başqa hekayələrində yazıçının real həyat hadisələrinə baxışı, fəlsəfi düşüncələri əksini tapıb. Mir Cəlalın “Bir gəncin manifesti” əsəri, zəmanənin güzgüsü olan hekayələri Azərbaycan ədəbiyyatının klassik bədii nümunələri olub. Yazıçının bədii yaradıcılıq nümunələri dəfələrlə nəşr edilib. Kitabları hər zaman oxucular tərəfindən maraqla qarşılanıb.
Bu gün yalnız Azərbaycanda deyil, ölkəmizin sərhədlərindən kənarda da görkəmli yazıçının həyat və yaradıcılığı geniş şəkildə öyrənilir. Əsərləri maraqla oxunur.
“UNESKO-nun 2008-2009-cu illərdə görkəmli şəxsiyyətlərin və əlamətdar hadisələrin qeyd edilməsi proqramına Azərbaycanla bağlı daxil olmuş yubileylərin keçirilməsi haqqında” Azərbaycan Prezidentinin 2008-ci il 31 yanvar tarixli sərəncamına əsasən, yazıçı Mir Cəlal Paşayevin yubiley mərasimi təntənə ilə qeyd olunub. Parisdə, UNESKO-nun iqamətgahında XX əsr Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, alim, pedaqoq Mir Cəlal Paşayevin 100 illiyinə həsr olunmuş mərasimin keçirilməsi həm də Azərbaycan elminə, mədəniyyətinə və ədəbiyyatına dünya miqyasında verilən dəyərdir.

Mir Cəlal Paşayevin yaratdığı ən böyük əsər
İnsan ömrü əbədi deyil. Onu əbədi edən yalnız əməlləri, yaratdıqlarıdır. 1978-ci il sentyabrın 28-də dünyasını dəyişən Mir Cəlal Paşayevə də qələmə aldığı ədəbi-bədii nümunələri, elmi əsərləri, bir də xatirələrdən silinməyən, minnətdarlıqla anılan xeyirxahlığı ölməzlik qazandırıb. Bu dünyanı tərk etdiyi, əbədiyyətə qovuşduğu gündən on illər ötsə də, onu həqiqət, düzlük, səmimiyyət aşiqi kimi yada salırlar.
Mir Cəlal Paşayevin adı bu gün də həm alim, yazıçı, pedaqoq və hər kəsin dadına yetən, kömək əlini uzadan bir insan, həm də gözəl ailə başçısı kimi nümunə göstərilir. Həyatı boyu müxtəlif sahələrdə gərgin çalışsa da, o, ailəsindən, övladlarından qayğısını, sevgisini əsirgəməyib. Hər zaman — “Həyatımda yaratdığım ən böyük əsər ailəmdir” deyib Mir Cəlal Paşayev.
Zaman bir yerdə dayanmır. İllər ötür… Mir Cəlal Paşayevin adı, imzası yaşayır. Onun elmi irsi tədqiq edilir. Bədii əsərləri sevilə-sevilə oxunur. Xeyirxahlığı, böyük və əlçatmaz müəllimliyi minnətdarlıqla xatırlanır, gələn yeni nəsillərə örnək göstərilir...
 


Müəllif: Zöhrə FƏRƏCOVA,
Mənbə: “Azərbaycan”

0 şərh