Elnurə Eldarova - Mirzə Cəlilin milli özünüdərk çağırışı

Görkəmli dramaturqumuz Cəlil Məmmədquluzadənin yaradıcılığına nəzər salsaq, görəcəyik ki, onu daim narahat edən, yaradıcılığında aktual olan mövzulardan biri də  dil, vətən məsələsidir. Heç təsadüfi deyil ki, ədibin əsərlərində toxunduğu  mövzular milli oyanış, dirçəliş və azərbaycançılıq ideyaları ilə sıx bağlı idi.  Bu fikirlər 1906-cı ildə ədibin redaktorluğu ilə fəaliyyətə başlayan “Molla Nəsrəddin” jurnalında da aktual idi. C.Məmmədquluzadə jurnalda ana dilin varlığı, təmizliyi uğrunda mübarizə aparırdı. O, 1917-ci ildə yazdığı “Azərbaycan” məqaləsində parçalanmış Azərbaycandan bəhs edərək təəssüf hissi ilə doğma vətənin halına yanır və sanki ümid edirdi ki, vahid Azərbaycan formalaşacaq. Lakin bunun üçün soykökə, vətənə bağlılıq, vətənpərvərlik əsas çıxış yolu kimi şair tərəfindən göstərilirdi. Bu yolu ədib dramaturgiyasında da davam etdirmişdir. Əgər ədib  Məmmədhəsən əmi, Novruzəli,
Elnurə Eldarova Mirzə Cəlilin milli özünüdərk çağırışı
Usta Zeynal kimi obrazların həyat hekayələrini oxucuya çatdıraraq həmvətənlərinin hüquqlarını əlindən almış müstəmləkəçilik siyasətini tənqid edirdisə, “Anamın kitabı” tragikomediyasında birlik, həmrəylik və milli qeyrətin kasıblığından bəhs edirdi. “Anamın kitabı” tragikomediyası 1920-ci ildə Şuşada yazılmışdır. Dram Zəhrabəyim ananın müxtəlif dil və əqidələrin sahibi olan üç oğlunun arasında gedən konflikt üzərində qurulmuşdur.Üç qardaşın arasındakı konfliktin əsas səbəbi də məhz onlar arasında birlik, həmrəylik şüurunun olmaması idi. Əsərdəki əsas ideya isə iki doğma məfhum, bir-birindən ayrılmayan “ana və vətən” kəlmələrinin  dəyəri, mənasını oxucuya üç qardaşın arasında gedən konfliktlə izah etməkdir.  Hər üç qardaş müxtəlif ölkələrdə təhsil almışdı, lakin bu təhsilin onlara bir faydası dəyməmişdi. Böyük qardaş Rüstəm bəy Peterburqda oxumuş, həmişə danışanda nitqinə rus sözləri qatan, rus tərbiyəsi tərəfdarı biri idi. Sənəti isə cürbəcür lüğətlər yazmaq idi. Ortancıl qardaş Mirzə Məhəmmədəli Nəcəfdə təhsil almış, fars ibarə və tərkibləri ilə danışan dindar bir müsəlman idi. O, həmçinin İran tərbiyəsi tərfdarı idi. Peşəsi isə şəriət dərsləri verməkdir. Kiçik qardaş olan Səməd Vahid isə İstanbulda ədəbiyyat bitirmiş, həmişə osmanlı ləhcəsində danışan, osmanlı tərbiyəsi tərəfdarı idi. Onun peşəsi isə osmanlıca şeirlər yazmaq idi. Ədib üç qardaşın simasında vətəninə, dilinə yadlaşamış insanların ümumi obrazını yaratmışdır. Əsəri oxuduqca ədibin bizə çatdırmaq istədiyi mesajı çox yaxşı anladım. Təəssüf hissi keçirdirəm ki, hələ də bu üç qardaş kimi insanlar var. Şahidi olmuşam ki, xaricdə təhsil alıb vətənə dönən bəziləri doğulduğu yeri, danışdığı dili unudub vətənə yadlaşırlar. Hələ sizə  bir neçə dildə danışa bildiyini göstərmək üçün öz nitqinə yerli-yersiz sözlər əlavə edənləri demirəm. Bu baxımdan C.Məmmədquluzadə xalqı milli özünüdərkə səsləyirdi. Vətən, xalq qeyrətini çəkən hər bir şəxs milli mənlik şüurunun daşıyıcısıdır. Bu bir həqiqətdir ki, insan mənsub olduğu milli gerçəkliyin ayrı- ayrı əlamətlərini öz şüurunda əks etdirməklə yanaşı, onlarda bir sevinc və fərəh də duyur, özünün milli mənsubiyyəti, tarixi keçmişi və soykökü ilə fəxr edir. Amma bu üç qardaş bunları unutmuşdu.
Qardaşların xeyriyyə cəmiyyətinin iclasındakı ortaya qoyduqları 4 məsələ- (il hesabının təsdiqi, məktəb proqramı, acların ərzi-halı və elmi-ilahi dərslər) zamanı yazıçının qardaşları dilləri ilə ifşa etdiyi gözəl səhnələrdən biridir deyə bilərəm. İclası rus dilində açıq elan edən Rüstəm bəy millətpərəst Mirzə Zeynal tərəfindən tənqidlə qarşılanır. Mirzə Zeynal: “Ağalar, ana dilindən başqa burada özgə dil danışmaq olmaz. Ana dili, ana dili. Türk dili, milli dil”- deyərək bir növ ədibin dilindən çıxış etmiş olur.
Əsəri oxuduqda ən çox bəyəndiyim bir neçə səhnədən biri də Rüstəm bəyin çıxışı ilə həm özünü, həm də qardaşlarını ifşa etməsi idi. Senzor qardaşların kitablarını yoxlayıb bitirdikdən sonra kitablarda heç bir şey aşkar etməyib gedir. Elə bu zaman Rüstəm bəyin ifşa monoloqu gəlir. “Hələ indiyə kimi xalq bir şeyi başa düşmürdü. İndiyə kimi xalq deyirdi: mərhəba-Əbdüləzimin oğlanlarına! Maşallah, biri Peterburqda elm təhsil edib, biri İstanbulda, biri Nəcəfdə. Üçü də, maşallah oxuyub alim olub. Amma bundan sonra ağızlarda söylənəcək ki, haman üç alimlərin biri xüsuf-küsuf duası yazır; biri məfailün fəilatün; biri də… vallah, mən özüm də heç başa düşmürəm ki, nəçiyəm. Qah-qah-qah!”. Rüstəm bəyin bu nitqi ilə C.Məmmədquluzadə oxucuya üç qardaşın gülünc vəziyyətini Rüstəm bəyin özünü ifşası ilə çatdırmış olur. Mən bu səhnədn onu anladım ki, vətənə, dilə, milli soykökə bağlılıq elm, təhsillə ölçülmür. Bəli,  elm, təhsil, savadlı olmaq vacibdir. Amma bəzi hallarda elm belə köməyə çata bilmir. Vətənə, dilə sevgi elmlə bağlı  bir şey deyil. O sənə dünyaya göz açdığın andan verilir. O sevgini qorumaq, bəsləmək sənin öhdəliyindədir.
 
Əsərdə  Zəhrabəyim ana yazıçının vətəndaşlıq ideallarının təmsilçisi idi. Zəhrabəyim ananı narahat edən, həyəcanlandıran və ölümə aparan başlıca səbəb oğlanlarının əqidə və məsləkcə bir-birindən ayrı düşməsidir. Bu Zəhrabəyim ananın ölümünə səbəb olur. Amma mən düşünmürəm ki, Zəhrabəyim ananın  ölümü onun məğlubiyyəti idi. Məncə o, ölümü ilə mənəvi qələbə qazanır. Oğlanlarının simasında vətən, ana kəlmələrinin mənasını bilməyənlərə dərs vermiş olur. Ədib bir araya gəlməsini istədiyi vətən uğrunda olan mübarizəsini  Zəhrabəyim ana obrazı ilə bizə çatdırmaq istəmişdir. Zəhrabəyim ana vətənə, elinə, torpağına bağlı vətənpərvər obraz idi. Daha dəqiq desəm, Zəhrabəyim ana Vətənin özü idi.
Əsərdə canayaxın, nitqləri aydın, səlis, özləri sadə olan çoban obrazı vardı.Onlar Qənbər, Qurban, Zaman idi. Hansı ki, C.Məmmədquluzadə onların simasında  vətəninə, dilinə bağlı olan insan obrazını yaratmışdı. Onların danışıqları elə sadə və aydındır ki, qardaşlar Gülbahara cəmiyyəti-xeyriyyədəki dostlarından kimin çıxışını daha çox bəyəndiyini sual verəndə Gülbahar “Qardaşlarım, sözün doğrusu budur ki, çobanların danışığından savayı mən bir söz başa düşmədim.” deyərək onların necə aydın nitqə malik olduğunu oxucuya çatdırır. Nə yalan deyim, elə mən özüm də Gülbahar kimi çobanların danışığından savayı orda danışan guya ali təhsilli olan, doğma dildən xəbəri olmayanların nitqlərini anlaya bilmədim.
Gülbahar hansı ki, üç qardaşın yeganə bacısı, anasına, vətəninə, dilinə bağlı olan vətənpərvər bir qız. Onu qardaşlarından fərqləndirən cəhət onun vətənpərvər olması idi. Gülbaharın canlandırdığı ən gözəl səhnələrdən biri də onun pencərədən çölə baxıb hərəsi bir tərəfə gedən insanlar haqqında olan fikridir. Gülbahar fikrə gedib hambala:”Bir mənə de görüm, axır adamlar niyə hərə bir yana gedir?.. Niyə hamsı bir yerə getmir?.. Yəqin ki, dəli olublar. Nə səbəbə axır hamı bir tərəfə getmir? Yox, yox, bu, pis işdi, vallah, pis işdi”. Fikrimcə, Gülbahara görə həmin pis işin səbəbkarı yad fikirlərin, kənar düşüncələrin, kosmopolit ideyaların toplandığı zərərli kitablar idi. Qardaşlarını vətəndaşlıq şüurunu korlayan, vətəninə yadlaşdıran həmin kitabların hamısını Gülbahar cırıb yandırır və yalnız bundan sonra qismən də olsa rahat nəfəs alaraq deyir: “Qaldı bircə kitab: bu da anamın kitabı!” Bu kitabda Zəhrabəyim ananın övladlarının doğum tarixi və atanın vəsiyyəti qeyd edilmişdi. Gülbaharın bu kitabdan oxuduğu ata vəsiyyəti isə belədir:” Yer, göy, aylar və ulduzlar göylərdə seyr edib gəzə-gəzə genə əvvəl-axır Günün başına dolanırlar, çünki bunlar hamısı qədim əzəldə Gündən qopub ayrılmış parçalardır. Mən etiqad edirəm ki, mənim də balalarım dünyada hər yanı gəzib dolansalar, genə əvvəl-axır anaları Zəhranın ətrafında gərək dolanalar, çünki Ay və ulduz Şəmsin parçaları olan kimi, bunlar da analarının ayı və ulduzlarıdır. Vay o kəsin halına ki, təbiətin həmin qanununu pozmaq istəyə! Onun insafı və vicdanı ona müdamül-həyat əziyyət edəcək, nə qədər canında nəfəs var, peşman olacaq”. Bu səhnəyə əsərin ən gözəl səhnəsi deyə bilərəm.  Mən əsərdən bunu anladım ki, əslində Ananın kitabı vətənin kitabı idi. Bu kitab oxunmayanda, ananın-Vətənin hisslərinə, istəklərinə biganə olanda, harayını eşitməyəndə ananın-vətənin məhvi də labüddür. Vətənin səadət yolu hansı dövlətinsə tərkibində olmaqda deyil, milli istiqlaldadır. Məhz bu mənada, “Anamın kitabı”ndakı ailə də bir cəmiyyətin- nəinki yad ölkələr tərəfindən, hətta öz övladları tərəfindən də bölüşdürülən, parçalanan, bir ola bilməyən Azərbaycanın rəmzidir. Cəlil Məmmədquluzadə bizlərə bunu çatdırmaq istəyirdi.
Əsərin yazılmağından yüz il ötə bilər, amma “Anamın kitabı” Azərbaycan ədəbiyyatı tarixində, yaddaşlarda dərin iz qoyan əsərlərdən biri olaraq qalacaq. «Anamın kitabı” – milli ədəbiyyatımızın ən mükəmməl azərbaycannaməsidir. Cəlil Məmmədquluzadə bu əsərlə həm də Azərbaycan ədəbiyyatında azərbaycançılıq ideyasının əsas yaradıcılarından olduğunu isbat etmişdir. Bütün bunlar görə, „Anamın kitabı” dramı Azərbaycan ədəbiyyatının ən möhtəşəm azərbaycançılıq abidəsidir. Bu əsər Azərbaycan ədəbiyyatının sonrakı inkişafına çox təsir göstərmiş, bədii düşüncədə və ictimai fikirdə azərbaycançılığın genişlənməsində mühüm rol oynamışdır. “Anamın kitabı”ndan Azərbaycan ədəbiyyatına gur işıq düşmüşdür. Məhz bu məziyyətlərinə görə Anamın kitabı mənim sevdiyim əsərdir. Əsərin məndə  təsiri böyük oldu. Mən bu əsərdən bir daha  anladım ki, vətən və ana kəlmələri bir-birinə ətlə dırnaq kimi bağlıdır. Vətən onu sevən, ona bağlı olan xalqla yaşayır. Müasir zamanda da milliyətcə azərbaycanlı olub, özgə dildə bülbül kimi ötən, öz dilində düzgün cümlə qurmağı bacarmayan və ən əsası milli özünədərki olmayan insanlar var. Əsəri oxuyub bitirdikdən sonra bir şeyi xatırladım. Mən bu ixtisası seçməmişdən əvvəl, məktəb illərimdə müəllimimin mənə söylədiyi bir fikri var idi. O deyirdi: “Heç bir şey əsas vermir ki, doğulduğun, dil açdığın dili unudasan”. Dilini unudan şəxsin kimliyi olmaz. Çünki dil bir xalqın kimliyidir.
 
 

Müəllif: Elnurə Eldarova, Xəzər Universiteti Filologiya(Azərbaycan dili və Ədəbiyyatı)
Mənbə: ceylanmumoglu.com

0 şərh