Pikassonun göyərçini qonub sənin çiyninə

Görkəmli şəxsiyyətlər haqqında, özü də poema kimi irihəcmli janrda yazmaq elə də asan deyil, üstəlik də poema janrının son illərdə ikinci plana çəkildiyi, indi bir çoxlarının poemaya vaxtilə çox populyar olan bir yapon filmindəki sayaq dənizdən qəfil baş qaldıran dinozavr kimi baxdığı bir vaxtda. Poema poeziyanın romanıdır və bu janra müraciət şairdən geniş poetik diapazon, yüksək ilham, çoxillik bədii təcrübədən əlavə, həm də dəbə qarşı dayanmaq qətiyyəti, axına qarşı üzmək cəsarəti tələb edir. Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Birinci ledi, görkəmli ictimai-siyasi xadim, Heydər Əliyev Fondu və Azərbaycan Mədəniyyət Fondunun prezidenti, YUNESKO və İSESKO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyeva haqqında "Ömür" poemasını qələmə almaqla Adil Şirin bütün bu özəlliklərə malik olduğunu göstərir.
Çağdaş poeziyada öz modernist dünyagörüşü, obrazlar sistemi etibarilə üç şairi bir-birinə bənzətmək, tipoloji-müqayisəli təhlilə çəkmək, eyni bir altçoxluğa daxil etmək olar — Adil Mirseyid, Elçin İsgəndərzadə və Adil Şirin. Lakin A.Mirseyid daha çox Qərb, E.İsgəndərzadə Türkiyə poeziyası ənənələri ilə bağlıdırsa, A.Şirin ilk öncə milli poeziya ənənələrimiz üstündə köklənib. Bunu onun "Ömür" poemasının elə girişindəncə görmək olur.Adil Şirin
Bu nəzəri remarkaya ilk baxışdan, bir nüansı da artırmaq istərdim. Biz bu sözlərlə nə Qərb, nə də Türkiyə poeziyası gələnəkləri üstə köklənməyi kimlərinsə ayağına günah kimi yazmadığımız kimi, milli poetik ənənənin davamçısı olmağı da kiminsə şəninə deyilən tərif saymırıq. Sadəcə, bunlar faktdır, biz faktları konstatasiya edir, düşünürük ki, hər üç meyil poeziyamıza lazımdır və onların hərəsinin öz yeri var. Və "Ömür" poemasından söz getdiyi yerdə çıxdığımız bu remarka onun müəllifinin çağdaş poeziyamızdakı yeri barədə daha dəqiq təsəvvür yaratmağa, bununla da poemanı daha dəqiq səciyyələndirməyə xidmət edir.
İstedad və ilhamın məhsulu olan poemasını Mehriban xanımın adına bağlayan A.Şirin öz sözünə durnalara xitabən başlayır və bununla da, muzaya antik müraciət, yaxud Allaha klassik minacat ənənəsini saxladığını, amma durnalara üz tutmaqla bu ənənəyə modern səciyyə verdiyini göstərir.
Şairin çoxsaylı simvollar arasından məhz durnanı seçməsi də təsadüfi deyil: durna göylərə yaxınlığı ilə ilham pərisini xatırladır; klassik ənənədə durna lələyi hökmdarların tacı, eyni zamanda, şairlərin qələmini simvolizə edir və beləliklə, hakimiyyətlə ədəbiyyatın vəhdəti ideyasını bildirir; durna ən ümumi şəkildə götürəndə arzu, nisgil, həsrət, özəlliklə də, vətən həsrəti ifadə edən simvoldur. Şair simvolun bu ən ümumi mənasını xalqımızın öz doğma torpaqlarını azad görmək arzusu, yurd həsrəti, Qarabağ nisgili ilə bağlayır və onun ümumi, mücərrəd mənasını konkret zaman və məkan hüdudlarına salır.
A.Şirin əslən Laçından, yəni həm erməni basqısına uğrayan, həm də aşıq şeirinin, saz sənətinin çoxsərlik gələnəklərə malik olduğu bir bölgədəndir. Bəllidir ki, aşıq şeirimizdə durnalara müraciətlə yazılan, ən kamil bədii ifadəsini Vaqifin, Vidadinin, Zakirin «Durnalar»ında tapan saysız-hesabsız şeirlər var. Lakin A.Şirin çoxəsrlik gələnəyi təkrar yox, davam etdirir. Durna simvolu aşıq şeiri və bu şeir əsasında yaranan yazılı ədəbiyyatda muza və ya ilham pərisi deyil, birbaşa şeirin qəhrəmanı, tərənnüm ünvanıdır. Antik ədəbiyyatdan muzaya müraciət, klassik divan şeirindən Allaha minacat, aşıq şeirindən durna simvolunu götürən A.Şirin bütün bunları bir araya belə gətirir:

Göy üzündə
Nazlı-nazlı uçan durna!
Uça-uça qanadları
Bəyaz çiçək açan durna!

Eşit mənim harayımı, duamı -
Al məni qanadına!
Bir dastan başlayıram
Mən bir xanım adına!

Qışda məcburən uzaq, yad, qərib ellərə uçan durna baharda geri dönməklə vətən həsrətinin bir gün bitəcəyinə, bu fani, eniş-yoxuşlu, ölüm-qalımlı dünyada yalnız vətən sevdasının əbədiliyinə inamı işarələyir:

Ömür bir enişli,
yoxuşlu yoldu
Bilirəm,
bu ömür çox azdır sənə.
Yalnız bir əqidən,
amalın oldu
Ömrünü həsr etdin Ana Vətənə.

Müəllif poemanı təsadüfən "Ömür" adlandırmayıb. "Ömür" Mehriban xanımın dünyaya gələndən bu günə qədərki ömrünə, həyat və fəaliyyətinə ucaldılan poetik abidədir. Qəhrəmanın bütün ömür yolunu nəzmə çəkmək ədəbiyyatda klassik ənənədir. Lakin A.Şirin poemanın qəhrəmanının ömrünü xronoloji ardıcıllıqla təsvir etmək kimi ənənəvi üsuldan yan keçərək, bu zəngin və mənalı ömrün ən önəmli məqamlarına üz turur ki, bunun özü də onun modernist düşüncə tərzindən irəli gəlir. Çünki «obyektiv» zamana «subyektiv» montaj, xronotopu istədiyi kimi qurmaq, bir sözlə, xarici yox, daxili vaxta köklənmək modernistik düşüncənin əsas özəlliklərindən biridir. Məhz bu modernistik kompozisiya hesabına "Ömür"ün müəllifi Mehriban xanımın dünyaya gəlişi, ailə qurması, valideynləri və övladları, mədəniyyət, elm, təhsil, səhiyyə, idman və digər sahələrdə göstərdiyi gərgin zəhmət və misilsiz xidmətlərini, istər ölkə daxili, istərsə də onun hüdudları dışındakı uğurlarını diqqət mərkəzində saxlayır, onun bir övlad, bir xanım, bir ana, bir vətəndaş, bir dövlət xadimi, ümumən bir insan kimi portretinin əsas cizgilərini yığcam, lakonik, lakin mənalı surətdə rəsm edir, olaylarla zəngin ömrün əsas konturlarını bir poemada əks etdirə bilir.
A.Şirin Mehriban Əliyevanı tarixi, çağdaş və gələcək olmaqla üç zamanda, fərdi, milli və planetar olmaqla üç məkanda təqdim edir və bütün bunların kökünü nə zaman, nə də məkanın olmadığı əbədi, metafizik aləmə — Tanrı məqamına bağlayır. Çünki o, Mehriban xanımın həyat və fəaliyyətini Tanrı istəyi və bu istəkdən doğan tale təyinatı kimi dərk edir:

Sən öylə bir məqamdasan,
Orda nə Şərq, nə də Qərb,
Nə Şimal, nə də Cənub var.
Orda nə qış, nə də payız,
Orda daimidir bahar...
Orda — sonsuz mavilikdə,
Bir olan Tanrı var yalnız.

Bununla yanaşı, şair öz qəhrəmanının həyatının iki önəmli məqamını özəl vurğulayır: onun görkəmli yazıçı-pedaqoq, ədəbiyyatşünas Mir Cəlal ocağında dünyaya gəlməsi və ulu öndər Heydər Əliyevin dövlətçilik məktəbində yetişməsi. İnsanın formalaşmasında genetik, yoxsa sosial amilin daha önəmli olması istər klassik poeziya, istərsə də fəlsəfədə daimi dartışma konusu olub. İnsanın mövcudluğunun kökünü ilahi başlanğıcda görən A.Şirin onun formalaşmasında genetik və sosial amilləri vəhdətdə qavrayır. Şairə görə, Mehriban xanımın bir insan və dövlət xadimi kimi formalaşmasında Mir Cəlal genetik, Heydər Əliyev isə sosial amili işarələyir:

Gəlir xəyalına
Babası hərdən,
Qüdrətli sənətkar
Dahi Mir Cəlal!
Gümüşü saçları
Durardı dən-dən,
Süfrəsi açıqdı,
Çörəyi halal.

...Həyatı məktəbdir
Ulu öndərin,
Mehriban o evin
Gəlini oldu.
Öyrəndi, düşündü
Dərindən dərin,
Gördü bir doğru yol
Heydər yoludur.

Şairin bədii təqdimində Mehriban xanım öz mənsub olduğu xalqın tarixi arzularından doğulub. O, Dədə Qorquddan öyüd alan Burla xatun kimi, Banu Çiçək kimi bədii obrazların həyati təcəssümü, Sara xatunun mənəvi varisidir, bir sözlə, əsl dövlət və xalq adamıdır. Beləliklə, şair poema qəhrəmanının poetik təqdimində çağdaş və tarixi planları bir araya gətirir:

Dədəm Qorqud öyüd verib,
Sənə Banu Çiçək kimi.
Hər könüldə bir ümidsən,
Ağ qanadlı mələk kimi.

...Uzaq ölkələrdə
Təmsil elədin,
Doğma yurdumuzu -
Azərbaycanı!

Uca kürsülərdən
nitq söylədin,
Elimin Sarası,
Burla xatunu!

Hər ölkənin tarixində elə şəxsiyyətlər var ki, onlar xalqın qayğısını çəkmək, onun adını dünya xalqları sırasında qürur və ləyaqətlə səsləndirmək üçün dünyaya gəlirlər. Mehriban xanım Əliyevanın zəngin, mənalı, hərtərəfli ictimai-siyasi fəaliyyəti bunun parlaq örnəyidir. Poemadan hasil olan başlıca müəllif ideyası da, bizcə, məhz elə budur:

Rahat uyu,
Ömür boyu
Çox çilələr çəkmiş şair babam,
Məhəmməd Hadi!

Ruhun şad olsun, Ustad!
Millətimin imzası var bu gün
İmzalar içində!

Üçrəngli bayrağımız dalğalanır
Amerikada, Fransada...
Əlcəzairdə, Çində!..

Poema görkəmli şəxsiyyət və xalqın əbədi birliyi ideyasının təsdiqinə dair fikirlə tamamlanır. Milli müstəqilliyimizin "əbədi və geridönməzliyinin" poetik təsdiqindən ibarət aşağıdakı misralar dövlətimizin suverenliyinə darılan, hər fürsətdə özlərini büruzə verən bəzi daxili və xarici qüvvələrə sətiraltı bədii mesaj kimi də səslənir:

Keçər qərinələr
Ötər zamanlar,
Ellərin qəlbində
Daim yaşarsan!

Nə qədər xalqım var,
Azərbaycan var,
Bu Vətən mülkündə
Əbədi varsan!

Lirik-epik janrda yazılan "Ömür" poeması özünün təkcə mövzu və məzmunu ilə deyil, həm də diqqətəlayiq bədii özəllikləri ilə yadda qalır. Romantik ovqatdan modern ifadə tərzinə, yüksək monumentalizmdən zərif lirizmə, heca vəznindən sərbəstə və əksinə interaktiv və üzvü keçidlər poemanın bədii strukturunun özülündə durur. Poemada xalq şeiri formaları ilə verilib, razılıq doğuracaq bir rahatlıq, təbiiliklə qaynayıb-qarışır, vahid bir bədii mətnin ayrılmaz tərkib hissələrinə çevrilirlər. "Şairəm ağzı dualı, haqq yolundan azmadım. Mən könülsüz bir şeir, bircə misra yazmadım" — deyən A.Şirin belə durumlarda adətən özünü çox tez-tez büruzə verən mövzu arxasında gizlənmək, boğazdanyuxarı məddahlıq təhlükəsindən yan keçə bilir. Çünki poemanın həqiqi şair ilhamından doğulduğunu təsdiq edən bədii aurası, metaforik iqlimi var. Bu metaforizm əksərən orijinal şair kəşfləri, maraqlı bədii tapıntılar şəklində üzə çıxır:

Yenə könlüm havalandı
Bəzən dünya dar gəlir
Şairlərin əyninə.
Xanımlar xanımı Mehriban xanım!

Sülhməramlı səfirim mənim,
Pikassonun göyərçini
Qonub sənin çiyninə!

Şairin qələmlə çəkdiyi bu portretə bir ştrix əlavə edərdim ki, Pikassonun göyərçinləri adi göyərçinlərin, onlar isə Tanrının göy üzündəki mələklərinin şəklidir. Dünya bir-birini əks etdirən və ya Tanrının özünəcən gedib çıxan şəkillər rapsodiyasıdır və bu şəkillər o zaman canlanır ki, onlara Tanrının nəfəsi dəyir. Mən "Ömür" poemasında bu nəfəsi duydum. Şairin öz poemasını İkinci Qarabağ savaşından öncə yazmasına baxmayaraq, tarixi qələbəmizə dair öncəgörənliyi və öncəgörənlikdən doğan inamı da məhz bu nəfəslə bağlıdır.
Avqustun 26-sı Mehriban xanım Əliyevanın dünyaya gəldiyi gündür. Xalqımızın fəxri, güvənc yeri olan Mehriban xanımı həm öz adımdan, həm də bütün söz adamları, bütün xalqımız adından təbrik edir, bütün ömrünü ölkəmizin çiçəklənməsi, xalqımızın rifahına həsr etmiş bir insan kimi ona bundan sonra da sağlıqlı ömür və yeni-yeni uğurlar arzu edirəm.
 
 
 
 
Müəllif: Əsəd Cahangir
Mənbə: edebiyyatqazeti.az

0 şərh