Mirzə Ələkbər Sabir və uşaq ədəbiyyatı

Mirzə Ələkbər Sabir yalnız böyük satirik deyildir, həm də uşaq ədəbiyyatının inkişafında xüsusi xidmətləri olan şəxsiyyətlərdən biridir. «Beynəlmiləl» kimi son dərəcə ciddi şeiri yazan qələmdən incə ruhlu uşaq şeirləri də çıxmışdır. O, məktəbdarlıqla yanaşı, «Dəbistan» və «Rəhbər» jurnallarında, «Birinci il», "İkinci il", «Yeni məktəb» dərsliklərində, həmçinin «Səda», «Həqiqət», «Günəş» və s. qəzetlərdə əsərləri ilə daim iştirak etmiş, «Yaz günləri», «Uşaq və buz», «Qarınca», «Cütçü», «Molla Nəsrəddinin yorğanı», "Əskik alıb, artıq satan tacir", «Yalançı çoban», «Uşaqlara», «Analar bəzəyi» kimi şeir və mənzum nağılları, həmçinin İ. Krılovdan tərcümə etdiyi «Qarğa  və  Tülkü» təmsilini qələmə almışdır. Sabirin yüksək poetik istedadının, uşaq psixologiyasına dərindən bələdliyinin, sadə və anlaşıqlı dilin, yığcam və bitkin süjetin məhsulu olan klassik uşaq şeirləri orta məktəb dərsliklərimizdə bu gün də öz layiqli yerini tutmaqdadır. Böyük şairin uşaq ədəbiyyatının inkişafı yönündə xidmətlərini elə bu iki istiqamətdə: dərsliklərin hasilə gəlməsində rolunu araşdıraraq və poetikasının incələyərək sənətkarlıq xüsusiyyətlərini meydana çıxarmaq doğru olardı.Mirzə Ələkbər Sabir
Məlumdur ki, XIX əsrin sonları, XX əsrin əvvəllərində milli uşaq ədəbiyyatının və dərsliklərin formalaşdırılıb inkişaf etdirilməsi uğrunda hərəkat başlamışdır. Bu işdə Rəşid bəy Əfəndiyev, Sultan Məcid Qənizadə, Mirzə Fətəli Axundov, Mahmudbəy Mahmudbəyov, Abdulla Şaiq, Abbas Səhhət, Süleyman Sani Axundovla bərabər, Mirzə Ələkbər Sabir və digərləri mühüm rol oynamışdır.
1905-ci il 17 oktyabr manifestindən sonra Rusiyanın başqa ucqarlarında olduğu kimi Qafqazda, o cümlədən Azərbaycanda da bəzi azadlıqlar həyata keçirildi. Mətbuat yaratmaq üçün icazə istəyən ziyalıların bəzilərinin xahişlərinə müsbət cavab verildi. Ə.Hüseynzadə, Ə.Ağayev, H.Vəzirov, Ü.Hacıbəyov, C.Məmmədquluzadə, O.Nemanzadə kimi yazıçılar gündəlik ədəbi-ictimai-siyasi qəzetlər çap etdiyi bir vaxtda müəllim-yazıçılar uşaq mətbuatına böyük ehtiyac olduğunu görərək bu işi həyata keçirməyə başladılar. Bunun nəticəsi olaraq hasilə gələn «Dəbistan» (1906-1908), «Rəhbər»(1906-1907) jurnallarının nəşrə başlaması, həm ədəbi, həm də pedaqoji ictimaiyyət tərəfindən sevinclə qarşılandı və həm pedaqoji fikrin, həm də milli uşaq ədəbiyyatının sürətli inkişafına təkan verdi. M.Ə.Sabir, S.S.Axundov, A.Səhhət, Abdulla Şaiq kimi uşaq ədəbiyyatının qüdrətli yaradıcıları meydana çıxdı.
Ümumiyyətlə, XX əsrin əvvəllərində, 1906 və 1907-ci illərdə Bakıda keçirilən I və II müəllimlər qurultayı, orda qəbul edilən qərarlar milli uşaq mətbuatımızın yaranması və milli uşaq ədəbiyyatının canlanmasında məxsusi mərhələ təşkil edir. Mirzə Ələkbər Sabir ilk milli uşaq jurnalı olan «Dəbistan»ın nəşrini digər həmkarları kimi böyük sevgi ilə qarşılamış, yazdığı bir çox maraqlı uşaq nümunələrini bu jurnalda çap etdirmişdir.
İlk nömrəsi 1906-ci il aprelin 16-da çıxan «Dəbistan» jurnalı öz səhifələrində bədii ədəbiyyata geniş yer verirdi. Çap olunan əsərlər, əsasən, Azərbaycan yazıçılarının şeir və hekayələrindən, rus və şərq ədəbiyyatından edilmiş tərcümələrdən ibarət idi. Bu əsərlərin çoxu maarifin, məktəbin gözəlliyindən bəhs edir, uşaqlarda məktəbə, təhsilə maraq və sevgi hissləri oyadırdı. «Elm və texnika nailiyyətlərinə, coğrafiya, fizika və heyvanata aid oçerklərdə qitələrdən, saat, kompas kimi şeylərin mənşəyindən, əhəmiyyətindən və s. bəhs olunurdu. H.Zərdabinin nağılvari oçerkləri „Dəbistan“ın balaca oxucularını heyvanat aləmi ilə tanış edirdi» (Ə.Mirəhmədov).

Lakin «Dəbistan» jurnalı uzun ömürlü ola bilmədi. Mətbəə xərci ilə bağlı maddi çətinliklər və abunəçi yoxluğu ilə əlaqədar cəmi 27 nömrəsi çıxdıqdan sonra jurnal 1908-ci ilin mart ayında bağlandı. Bu xəbəri dərin təəssüf hissi ilə qarşılayan Mirzə Ələkbər Sabir yazmışdı:

Əlmünətü lillah ki «Dəbistan»da qapandı!
Bir badi-xəzan əsdi, gülüstan da qapandı!
Hasilləri puç oldu bütün məzrəəcatın,
Yel vurdu qavun-qarpızı, bostan da qapandı!

«Dəbistan» jurnalından əvvəl isə «Rəhbər» (redaktor Mahmudbəy Mahmudbəyov) bağlanmışdı. Bu jurnalın da ilk nömrəsi 1906-cı il 24 sentyabrda çıxmış, cəmi 5 nömrəsi buraxıldıqdan sonra 1907-ci ilin yanvar ayında maddi çətinlik üzündən nəşrini dayandırmışdı. Beləliklə, 1911-ci ilə qədər Azərbaycanda uşaqlar dövri mətbuatsız qalmışdı. 1911-ci ildə təşkil olunan «pedaqoji kurs»un iştirakçıları uşaqlar üçün «Məktəb» adlı jurnal təsis etməyə qərar verib, bu işi həyata keçirmək üçün icazə aldılar. 1911-ci ilin noyabr ayından Bakıda iki həftədə bir dəfə (redaktorları: Qafur Rəşad Mirzəzadə və Əbdürrəhman Əfəndizadə) nəşr olunmağa başlamış, 1920-ci ilə qədər davam etmişdir. «Dəbistan» və «Rəhbər» kimi «Məktəb» də elmi-pedoqoji və ədəbi-bədii jurnal idi. Bu jurnalların faydası nə oldu? Ədəbiyyatşünas alim Əflatun Məmmədov 1977-ci ildə çap etdirdiyi «Azərbaycan uşaq ədəbiyyatı» («Dəbistan», «Rəhbər» və «Məktəb» jurnalları əsasında)" kitabında yazır ki, «Hər üç jurnal Azərbaycan uşaq ədəbiyyatının yaranmasında mühüm rol oynamışdır… Əsl uşaq əsərləri 1905-ci ilə qədər yox dərəcəsində idi. Yeni-yeni məktəblər açan, qiymətli dərsliklər hazırlayan M.Ə.Sabir, A.Şaiq, A.Səhhət, S.S.Axundov, S.M. Qənizadə və başqa yazıçı, şair və maarif xadimləri uşaq ədəbiyyatının gözəl və rəngarəng nümunələrini Azərbaycan uşaq jurnallarının nəşrindən sonra yaratmışlar».
Uşaq ədəbiyyatının əsas yaradıcıları realist yazıçılar və maarif xadimləri idi. Mirzə Ələkbər Sabir onlardan biri olaraq, həm məktəbdə çalışır, uşaq psixologiyasını və maraqlarını, onların hansı ədəbiyyata ehtiyac hiss etdiyini çox yaxşı bilirdi. Onun şeir və mənzum əsərlərində maarifə, məktəbə, tərbiyə məsələlərinə xüsusi diqqət yetirilirdi. «Dəbistan» və «Rəhbər» jurnallarının nəşri onun uşaq ədəbiyyatı ilə bağlı davamlı fəaliyyət göstərməsinə yol açmış, uşaq ədəbiyyatının problemlərini duymağa imkan yaratmışdır.
1908-ci ildə Bakıda nəşr edilən "İkinci il" dərsliyində Mirzə Ələkbər Sabirin böyük əməyi olmuşdur. Şəhərin pedaqoji ictimaiyyətinin, ümumiyyətlə ziyalıların ciddi maraqla qarşıladığı bu kitab haqqında tədqiqatçı Nadir Vəlixanov yazır: «Bu dərslik Azərbaycan pedaqoji fikir tarixində yeni mütərəqqi hadisə olmuşdur. „İkinci il“in müəllifləri yenicə oxuyub yazmağa başlayan azərbaycanlı balaların təlim-tərbiyəsinə aid fikirləri sadə, aydın dillə qələmə almağı qarşıya əsas məqsəd qoymuşdular. Məhz buna görə dərsliyin müəllifləri böyük şairimiz M. Ə. Sabirin, A. Səhhətin, A. Şaiqin uşaq təfəkkürünün asan qavraya bilməsinə uyğun, uşaq yaddaşında nəqş sala bilən, balaca oxucunun zövqünü oxşayan şeirlərindən də nümunə verirdilər».
Beləliklə, XX əsrin əvvəllərində dalğalanan maarifçilik hərəkatında Sabir həm pedaqoji fəaliyyəti, həm də tərcümələri ilə müstəsna xidmət göstərdi, klassik milli uşaq ədəbiyyatımızın formalaşıb inkişaf etməsinə nail oldu. Amma Sabir ən böyük xidməti gözəl bədii mətnlər, bu gün də örnək kimi təqdim olunan və gücünü saxlayan uşaq ədəbiyyatı nümunələri hasilə gətirməklə sərgilədi.

Sabirin şeirləri uşaq ədəbiyyatının inkişafında misilsiz rol oynadı. Bir əsrə yaxın müddətdə bu şeirlər milli ruhumuzun ən dəyərli cəhətlərinin balalarımıza tanıdılmasında, onların dilimizə bağlılığında, yurdumuzu, təbiətimizi, vətənimizi sevməsində mühüm rol oynadı.
Şairin «Uşaq və buz» şeiri bütün uşaqların şeirlə, ədəbiyyatla ilk tanışlığının başlandığı ünvandır. İllər ötür, zaman öz balaca qəhrəmanlarına ən yeni, ən müasir texnologiyaların dili ilə müraciət edir, hətta əsirinə çevirir. Amma bu torpaqda doğulan, yenicə dil açan bütün körpələrin yaddaşının bir küncündə bu şeir özünə əbədi yuva salmış olur. Çünki «Uşaq və buz» tək axıcılığı, sadə və rəvan yazılışı ilə deyil, həm də dili, sözü sevməyi uşaqlara öyrətdiyinə görə müstəsnadır. Yaxud «Yaz günləri» şeiri uşaqların təbiət hadisələri, ilin fəsilləri ilə tanışlıqla bərabər sabaha, gələcəyə ümdilərinin yer aldığı poetik nümunədir:

Gəl, gəl, a yaz günləri!Mirzə Ələkbər Sabir
İlin əziz günləri!
Dağda ərit qarları,
Bağda ərit qarları.

Çaylar daşıb sel olsun,
Taxıllar tel-tel olsun.
Ağaclar açsın çiçək,
Yarpağı ləçək-ləçək.

Məlumdur ki, «Hophopnamə»nin üçüncü, təkmilləşdirilmiş nəşri1922-ci ildə işıq üzü görüb. Yeni nəşr öz həcminə görə ilk nəşrlərdən xeyli fərqlənib. Sabirin külliyyatına düşməyən bir sıra əsərlərini yeni nəşrə əlavə ediblər. «Məktəb şərqisi», «Cütçü», «Ağacların bəhsi», «Elmə təğrib» şeirləri ilk dəfə bu nəşrdə çap olunur. Bu gün də məktəb dərsliklərində yer alan bu şeirlər uşaq ədəbiyyatımızın ən uğurlu poetik nümunələri sırasında yer alır. Bu şeirlərin hər birində Sabiri uşaq xarakterinin formalaşmasına, ona ən dəyərli cəhətlərin aşılanmasına çalışan milli münəvvər kimi görürük. Müəllif «Ağacların bəhsi» şeirində Alma, Palıd və Şam ağaclarının bəhsləşməsi timsalında lovğalığı, eqoizmi, yersiz iftixarı tənqid predmetinə çevirir. Yaxud "Çütçü" şeirində müəllif zəhmətin gücünü, öz əlinin halal qazancı ilə dolanmağın hər şeydən üstün olmasını bədii vüsətlə, yığcam poetik təhkiyə ilə uşaqların diqqətinə çatdırır.

Çıxdı günəş, doldu cəhan nur ilə,
Cütçü sürür tarlada cüt şur ilə.
Atlar, öküzlər kotana güc verir,
Gah yüyürür, gah yıxılır, gah durur.

Cütçü batıb qan-tərə, yer şumlayır,
Şumladığı tarlasını tumlayır.
Olsa da artıq nə qədər zəhməti -
İşləməyə var o qədər qeyrəti.

Çünki bilir rahət əziyyətdədir,
Şad yaşamaq səydə və qeyrətdədir.

Ümumiyyətlə, Sabir bütün əsərlərində mənəvi-əxlaqi tərbiyə məsələsinin işıqlandırılmasına xüsusi diqqət yetirmişdi. Onun əsərlərinin məzmununda insanpərvərlik, xeyirxahlıq, vəhşiliyə nifrət, möhkəm iradə, haqsızlığa nifrət ideyaları vardır. Əlbəttə, belə fikirləri Azərbaycanın bütün klassik sənətkarlarının əsərlərində müşahidə etmək olar. Lakin XX əsrin əvvəllərində aydınlar öz mətnlərində təlim-tərbiyə məsələlərini xüsusən diqqət mərkəzində saxlayır, uşaqlarda müsbət keyfiyyətlərin formalaşmasına yardımçı ola biləcək hadisələrin təsvirinə geniş yer verirdilər. Mirzə Ələkbər Sabir də bu mənada, real həyatı, uşaq mühitini bədii təsvirin mərkəzinə gətirirdi.

Şairin «Məktəbə təğrib» şeirindən bir misralara diqqət edək:

Mənim bağım, baharım!
Fikri ziyalı oğlum!
Məktəb zamanı gəldi,
Dur, ey vəfalı oğlum!
Ey gözüm, ey canım!
Get məktəbə, cavanım!

Sabir əksər şeirlərində folklordan alınma süjetlərə və mənzumələrə daha çox diqqət yetirmişdir. Onun uşaqlar üçün qələmə aldığı bədii nümunələr, əsasən, süjetli hekayətlərdən və mənzumələrdən ibarətdir, — deyə bilərik. Bu barədə bir faktı qeyd etmək lazımdır. XIX əsrin sonlarında Sultan Məcid Qənizadə öz şair dostlarına — Mirzə Ələkbər Sabir, Abbas Səhhət, Məhəmməd Hadi və başqalarına məsləhət görürdü ki, öz yaradıcılıqlarında süjetli şeirlərə, mənzumələrə daha çox yer versinlər. O, dostu Məhəmmədtağı Sidqiyə 1894-cü ildə göndərdiyi məktubda yazırdı ki, "...Bəndə təlim və tədris işlərində millət nağıllarının faydaların dərk etdiyimizə laməhalən bir neçəsinin dildən qələmə düşməgin çox arzu edirdim. Buna binaən öz həmvətənlərim — Şirvanın növcavan şairlərinə bu təklifı etdim" .
Bəli, Abbas Səhhətin Sabirə verdiyi klassik qiymətdə səsləndirdiyi «Sabirin asarı… İran məşrutəsinə bir ordudan ziyadə xidmət etmişdir» fikrini böyük şairin uşaq ədəbiyyatının inkişafı yönündə xidmətlərinə də aidləmək olar. Sabir uşaq ədəbiyyatı ilə bağlı ən gözəl nümunələrini o vaxtda ərsəyə gətirdi, ilk oxu kitablarının, anadilli dərsliklərin, ilk uşaq mətbuatının yaranmasına o vaxt öz mücadiləsini verdi ki, eyni vaxtda o, milli satirik şeirimizin ən gözəl örnəklərini yaradırdı, İran məşrutə inqilabına, rus-türk müharibəsinə şeirlər həsr edirdi, vətənindəki yaraları — mövhumatı, qadın hüquqsuzluğunu, savadsızlığı amansız və aramsız tənqid atəşinə tuturdu. Çünki «Vətən, millət, dil» amalı Sabirin prioritetə çevirdiyi məqsədlər idi və milli təəssübkeşlik gərəkən bütün sahə və istiqamətlərdə özünün siması və xarakteri ilə ön sıralarda dayanmağı ziyalı hünəri sayırdı.
 
 
Email: edebiyyatqazeti.az
 

0 şərh