Nağıllar Şiringül Musayeva

Nağıllar

Tutbitin nağılı  1-ci nağıl

 

 Biri var idi, biri yox idi bir Tutbit quşu var idi. Bu Tutbit hələ balaca idi . Anası ilə kiçik bir bağda yaşayırdı . Mart ayıydı, hava soyuq və sazaqlı keçirdi . Ana Tutbit bala Tutbit ilə bütün günü bağda hərlənir, ağac qabıqları, yerə tökülmüş xəzəllər arasından keçən ildən qalma bitki toxumları , meyvə qalıqları taparaq dənlənir, bir qarnı ac, bir qarnı tox günü başa vururdular . Doyumlu bir şey yox idi, meyvə qalıqları çürümüşdü . Axşamlar da ağac koğuşundakı yuvalarına dönər, yatıb dincələrdilər .

 Günlər yeknəsəq keçirdi. Ana Tutbit sanki nəyinsə həsrətini çəkirdi, qəmli idi . İstər- istəməz onun kədəri bala Tutbitə də sirayət edirdi, o da qəmli idi .Ağaç qabıqları , xəzəllər altından tapıb yedikləri heç bir şey onları məmnun etmirdi, sanki başqa bir dada tamarzı idilər, başqa bir dad arayırdılar. Görən, bu nə idi?

 Ana Tutbit heç oxumurdu . O üzdən bala Tutbit də oxumaq bilmirdi .

Bir gün ana və bala Tutbit bağda hərlənirkən birdən ana Tutbit bir anlıq dayandı ,başını qaldırıb göyə baxdı və sevinclə budaqdan — budağa qonaraq oxumağa başladı

-Tut, bit. Tut, bit .

Bala Tutbit heyrətlə anasına baxırdı . Anasının mahnısından balacanın ürəyinə sevinc doldu . Həyatlarında tezliklə gözəl şeylərin baş verəcəyini hiss etdi . O da anası kimi budaqdan — budağa qonaraq oxumağa başladı

-Tut, bit .Tut, bit .

Bir xeyli oxuduqdan sonra , nəhayət, quşlar sakitləşdi . Bala Tutbit maraqla anasından soruşdu

-Anacan nə baş verir? Ürəyim sevinclə titrəyir . Gözəl şeylərin baş verəcəyini hiss edirəm .

-Elədir, balaca, tezliklə özün hadisələrin şahidi olacaqsan. Artıq gözəl günlər yaxındadır. İndi biz hər gün nəğmə oxuyub o günlərin gəlməsini tezləşdirməliyik .

-Bizim mahnımız o günlərin gəlməsini tezləşdirəcək?

-Əlbəttə. Biz o günlərin gəlməsini tezləşdirəcəyik. Bütün quşlar bayram edəcək, doyunca tut yeyəcək və bizə çox sağ ol deyəcək .

-Tut nədir ?

-Gözəl dadlı, doyumlu meyvədir.Bizim eləcə də bütün quşların, hətta insanların zəifləmiş vücudu üçün tam bir şəfa mənbəyidir .

-İnsanlar da tutu sevirmi?

-Əlbəttə sevirlər .

-Eləysə oxuyaq

-Tut  ,bit .Tut, bit -quşlar səs — səsə verib oxudular .

 Çox keçmədi bağda canlanma başladı, ağaclar sürətlə çiçəklədi, yerdə yamyaşıl otlar göyərdi, otların arasında bənövşə, novruzgülü göründü .Gözəgörünməz bir qüvvə bağı bəzəyir, hər gün gözəlliyini  daha da artırırdı .Havadan güllərin, çiçəklərin məstedici ətri gəlirdi . Bağın içində sular şırıldayıb axırdı .

 Bir gün ana Tutbit Tut ağacının ən hündür, gündüşən budağına qonub sevinclə bala Tutbiti səslədi

-Buraya gəl, balaca, tez gəl !

 Bala Tutbit gözlədikləri anın yetişdiyini anlayaraq anasının yanına uçdu

-Bir bunlara bax! Artıq dəyib .

— Nəyə?

-Bax bu şirəli, ağ, pambıq kimi yumşaq meyvələrə .

Bala Tutbit dimdiyi ilə meyvələrdən birini götürdü . Meyvənin şirəsi, dadı, yumşaqlığı onu heyran etdi. Meyvə sanki özü sürüşüb bala Tutbitin çinədanına düşdü. Quş az qaldı sevincdən bihuş olsun, aylardır gözlədikləri dad bu imiş demək. Cəld birini ,daha birini yedi.

Bu meyvədən doymaq olmurdu .

-Anacan, sən yemisən?

-İndi yeyərəm — ana da bir — iki tut yedi .

Meyvə qurtardı .

-Nə tüz qurtardı -bala Tutbit bikeflədi .

-Bikefləmə. Bunlar ilk nübar idi ki yedik . İndi hər açılan sabah bu meyvə çoxalacaq . Yığıb — yığışdırmaq olmayacaq. Dəstə dəstə quşlar, insanlar buraya axışacaq . Hamı  tut yeyəcək, bayram edəcək .

 

Anasının dediyi kimi də oldu. Bir azdan bağdakı ağaclar hamısı şirəli dadlı tutlarla doldu . Hər yandan quşlar, insanlar buraya axışır, doyunca tut yeyirdi . Tut isə azalmaq bilmir, daha da çoxalırdı .

 Bala Tutbitin günləri çox şən keçirdi . Hər gün anasının səsinə oyanır, doyunca tut yeyir və elə

 hey oxuyurdu

-Tut, bit .Tut ,bit .

 Bir gün bala Tutbit yenə də sevinclə öz mahnısını oxuyurdu . Bu zaman gözü ağ saçlı bir babaya sataşdı. Dadlı tutdan dərib həm özü yeyən, həm də yanındakı nəvəsinə verən Baba Tutbitə baxaraq gülümsəyirdi

-Sakitləş balaca, Bir bax tutu yetişdirdin . İndi biz də, quşlar da yeyir, sənə çox sağ ol deyirik .

 Babanın yanındakı nəvə Tutbitə əl yelləyirdi .

Və bala Tutbit çox xoşbəxt idi .

 

Qara böcəyin nağılı, 2- ci nağıl

Biri var idi, biri yox idi , bir Qara böcək var idi . Bu Qara böcək yaranmış bütün quşlara, kəpənəklərə, fatma nənələrə həsəd aparırdı. İşi — peşəsi onlara irad tutmaq, dodaq büzmək idi .

Məsəla çiçəklərin üzərində, çəməndə uçan bir kəpənək görəndə cəld təntiyə- təntiyə ona yaxınlaşar, belə uçmağın lüzumsuz olduğunu söyləyərdi .

— Nə üçün gah o gülə, gah bu gülə qonursan . Özünü al günün altında əldən salırsan .Uçmaq sənin ağlını artırırmı? Yaxşı olar ki, qaxılıb bir yerdə qalasan .

 

 Fatma nənələrə iradı daha sərt idi

-İşin — peşən qurtarıb? Uşaqlar, gənclər səni əllərinə götürür, ürəklərində arzu tutur, səni uçurdurlar. Sən də ar, namus bilmədən uçursan .

-Uçmaq mənim peşəmdir . Mən uçur və uşaqların qəlbinə sevinc bəxş edirəm. Bundan gözəl nə var ki ?

-Uşaqlar səni əzib, öldürəcək. Belə olsa, sənin halına baxacam

-Xeyr onlar mənimlə ehtiyatla davranırlar . Və məni çox sevirlər.

-Sevirlər...sevirlər … Matah şeysənmiş...Uşaqlar səni sevirlər .

-Bəli, uşaqlar məni sevirlər . Və bu məni, eyni zamanda onları xoşbəxt edir . Onlar hətta böyüyəndə də mənim vaxtilə əllərində uçmağımı xatırlayıb gülümsünürlər . Mən onların xatirəsində belə yaşayıram .

-Bah...bah...

Səhər -axşam nəğmə oxuyan, torağaylar, bülbüllər isə Qara böcəyi lap çilədən çıxarırdı

— Yorulmadız səhər — axşam, axşam -səhər elə hey oxuyursunuz. Nədən baş- beynimizi aparırsınız? Nəğmə oxumaqla qarın doyarmı ? Ondansa gedin küllükdə eşələnin, dən tapın yeyin, qarnınız tox olsun. Qışa da tədarük görün .Daha hava soyuyan kimi uçub neçə km-lə yol qət edib uzaqlara getməyin . Elə yuvanızdaca topladığınız dənlə keçinin .

 Quşlar şən-şən civildəşirdilər

-Necə nəğmə oxumayaq ? Bir təbiətə, ətraf aləmə bax, hər şey gözəllik saçır . Güllərin, çiçəklərin ətri bizləri məst edir . Biz də bu gözəlliyi vəsf edir, oxuyuruq .

-Oxuyuruq...oxuyuruq… Baş beynimizi aparırsınız .

— Heç kəs belə demir  , səndən başqa . Əksinə uşaqlar, böyüklər bizim səsimizi eşidib şənlənirlər. Onların qəlbində təbiətə qarşı sevgi hissləri yaranır. Onlar daha mərhəmətli, xeyirxah olurlar.

-Mərhəmətli… xeyirxah… Çox elə lazımmış onların mərhəməti, xeyirxahlığı .

-Mərhəmət, xeyirxahlıq olmasa dünya qara bir rəngə boyanar. Necə ki gül, çiçək, barlı — bəhrəli ağaclar təbiətin yaraşığıdır, eləcə də mərhəmət, xeyirxahlıq, gözəlliyə rəğbət, sevgi hissləri də insanların, dünyanın yaraşığıdır. Yaxşısı budur sən də günlərini şən keçirt .

-Mərhəmət… yaraşıq ...- Qara böcək bütün günü donquldanır, zibillikdə eşələnir, tapdığı qırıq -quruq şeyləri bir -bir udurdu .

 Nəhayət payız gəldi. Hər tərəf boz — bulanıq, qaramtıl rəng aldı. Quşlar uçub isti ölkələrə getdi. Ağaclar, çiçəklər yazda yenidən oyanmaq ümidi ilə dərin bir yuxuya getdi .

 Qara böcək boz, soyuq, qaramtıl torpaqda eşələnir, elə hey donquldanırdı

— Utanmazlar… Necə də bütün yazı, yayı məni dəng etmişdilər. Beləcə sakitləşərsiz .

 Birdən Qara böcəyin ayağı sürüşdü, torpaqda qara bir çuxura düşdü. Çuxur nisbətən isti idi. Qara böcək öz — özünə dedi

-Yaxşısı budur, mən də burada yatım. Ətraf çox soyuqdur .

Və Qara böcək də yazda oyanmaq ümidi ilə dərin bir yuxuya getdi .

...

Alabəzək quşun nağılı, 3 — cü nağıl

Biri var idi, biri yox idi Harun Ər Rəşidin zamanında gözəl bir baxça var idi. Bu baxçada saysız hesabsız, bir — birindən gözəl çiçəklər, böcəklər, quşlar yaşayırdı. Bu böcəklər, çiçəklər, quşlar bir-biri ilə mehriban, qonşuluq şəraitində yaşayırdılar. Hər gün bir — birinin evinə qonaq gedir, çay içir, söhbət edirdilər .

 Bir həftə olardı ki, baxçada alabəzək, iri bir quş peyda olmuşdu. O, böcəkləri, quşları görən kimi üzərlərinə hücum çəkir, onları dimdikləyirdi. Baxçanın əvvəlki nizamı pozulmuşdu. Daha böcəklər, quşlar bir — birinə qonaq getmir, alabəzək quşun qorxusundan başlarını yuvalarından bayıra çıxarda bilmirdilər. Bir gün belə, beş gün belə quşlar və böcəklər yuvalarında darıxmağa başladılar. Onlar azad yaşamağa, çiçəklərin üzərində uçuşmağa, səhər — axşam nəğmə oxumağa öyrəşmişdilər. İri quş isə onların azadlığını əllərindən almışdı .

İri quş buralara haradansa azıb gəlmişdi. Necə etsinlər ki, onu buralardan uzaqlaşdırsınlar .

Qərara aldılar ki, hamısı birdən bayıra çıxsın və zil səslə qışqırıb haray — həşir salsınlar. Belə də etdilər. Quşların səs — küyündən alabəzək quş özünü itirdi, ağacın başından tappıltı ilə yerə düşdü. Quşlar və böcəklər cəld onu dövrəyə aldılar, əl — ayağını möhkəm sarıdılar. Ayılandan sonra onunla söhbət etmək qərarına gəldilər.

Xeyli vaxt ötdü, nəhayət, iri quş özünə gəldi. Heyrətlə ətrafa baxdı, nə qədər etsə də əl — ayağını aça bilmədi. Hər tərpənəndə qanadlarından qəribə gurultu qopurdu, ətraf toz — torpaq olurdu. Bir qədər çapaladıqdan sonra, nəhayət, sakitləşdi. Xırda quşların ən sevimlilərindən olan Torağay ona yaxınlaşıb  

— Buralara hardan gəlib çıxmısan — deyə soruşdu .

— Mən dünyanın o başında — nəhəng quşlar diyarında yaşayırdım. Orada xırda quşlar, cücülər heç olmaz. Kəpənəklər belə buradakı quşlardan böyükdür .

— Ah, çox qorxuludur ...cüllüt içini çəkdi.

— Elədir, sizin kimi quşlar üçün orada yaşamaq çox qorxuludur. Amma bizim üçün əlverişli idi. Bizdə çaylar dərin və bol suludur, göllər, dənizlər nəhəngdir. Çəmənlər, meşələr bərəkətlidir. O qədər bol meyvə, səbzə var ki… Günümüz xoş keçirdi.

-Bax da… Nədən buraya gəldin — Cüllüt soruşdu  

-Mənim buraya gəlməyimə səbəb başı boş qarğa oldu. O bütün günü quşları toplayır, uzaqlarda daha gözəl bir ölkə olduğu haqqında məruzə edirdi. Hətta bir — bir  quşların evini gəzir, köçməyi məsləhət bilirdi. Bir gün bizim vilayətdə möhkəm tufan olmuşdu. Tufanın təsirindən bir neçə ağac sınmış, quşlardan bəzisinin yuvası dağılmışdı. Qarğa bu fürsətdən yararlanıb mənə yaxınlaşdı

-Niyə qalmısan bu qarma — qarışıq vilayətdə? Belə çay, belə göl olar, belə hündür dağlar olar? Ayağın büdrəyib yıxılsan tikən ələ gəlməz. Meşələri o qədər sıxdır ki, sərbəst uçmaq belə olmur. Mən bir ölkə tanıyıram gölləri, çayları, dağları xırda, miyanə. Hər şey əlinin altında, əziyyətsiz. İstəyirsən gündə on dəfə gir çim. Bir gündə beş dəfə fəzasında uç .

Nəysə… onun məsləhəti ilə uçub bura gəldim. Və burada özümü çox tənha hiss edirəm. Burada hər şey çox kiçikdir. Siz — xırda quşlar məni görüb pərən — pərən düşürsünüz. Mənə dəvə nalbəndə baxan kimi baxırsınız. Halbuki mən ət yeyən quş deyiləm. Dostluq eliyəsi kimsəm yoxdur. Canlı varlıq isə tək yaşaya bilməz  - quş ağlamağa başladı  . — Yolu da tanımıram ki, geriyə qayıdım .

Ürəyiyumşaq bülbül dedi

Ağlama, payıza qədər döz. Payızda köçəri quşlar buradan keçəndə çalışıb onlara qoşularsan. Amma daha bizi dimdikləmə

-Oldu

 Xırda quşlar iri quşun əl — ayağını açdılar. O gündən iri quş xırda quşlarla dostluq şəraitində yaşamağa başladı. Xırda quşlar nəyin dadlı, nəyin dasız olduğunu ona göstərirdilər. Böyük quş bağda dövrə vurur, ağacların bol meyvəsindən yeyirdi. Günü pis keçmirdi, amma yenə darıxırdı .

Nəhayət, payız gəldi. Hava soyuyurdu. Hər gün yağış yağırdı. Külək yarpaqları havada uşururdu. Xırda quşlar öz yuvalarına çəkilmişdi. İri quş özünə yuva da tikməmişdi. Yağış yağanda bir qayanın dibində daldalanırdı. Çox üşüyürdü .

Bir gün bağa köçəri bir quş dəstəsi gəldi. Onlar burada bir qədər dincəlib yola davam edəcəkdilər. Xırda quşlar onları gülərüzlə qarşılayıb məşvərətə başladılar

Böyük quş onlarla uçsunmu? Köçəri quşlar iri quşun ölkəsindən keçəcəkmi?

Köçəri quş dəstəsinin başçısı yollarını dəyişməyin mümkün olmadığını dedi. Onlar ta qədimdən eyni yollarla gedib gəlmişlər. O quşların həyatına cavabdehdir. Onları mənzil başına çatdırmalıdır. Yaxşısı budur alabəzək quş gəldiyi yolları xatırlayıb özü tək el — obasına dönsün. Gələndə tək gəldiyinə görə bu işi yenə bacarmalıdır. Yuxarı qalxarsa instinktləri ona düzgün yol göstərəcəkdir .

Çox keçmədi ki, köçəri quş dəstəsi yola düşdü. Onların uçuşunu izləyən alabəzək quş birdən

-Xatırladım ....xatırladım! — deyə sevinclə səsləndi — Vətənin yolunu xatırladım. Sağ olun qonaqpərvər cüllütlər, mehriban torağaylar, sevimli bülbüllər. Sağlıqla qalın! Mən gedəsi oldum. O qanadlarını çalaraq göy üzünə qalxdı. Oradan sonuncu dəfə xırda quşlara xudahafiz göndərib cənub istiqamətinə uçdu .

— Yolun uğurlu olsun! Salamat get! El — obana salam apar, əziz böyük quş !- xırda quşlar onu mehribanlıqla yola saldılar .

 

Torağayın nağılı, 4 — cü nağıl

 

 Biri var idi, biri yox idi, bir torağay var idi. Bu torağay böyük və gözəl bir baxçada şad və xoşbəxt yaşayırdı. Səhərlər şən — şən nəğmə oxuyur, gündüzlər yem dalınca qaçır, axşamlar yuvasına dönüb dincəlir, yatırdı. Heç nədən narazı deyildi .

 Bir gün torağay yuvasına dönəndə orada tanımadığı yad bir quş gördü. Quş onun yuvasında uzanıb istirahət edirdi .

-Sən kimsən, burada nə edirsən? Bura mənim yuvamdır — torağay həyəcanla tanımadığı quşa qışqırdı.

— Bunun yuvasıdır… Buna bir bax! Bura mənim xoşuma gəlir. Biz adətən yuva hörmərik, hara xoşumuza gəlir, orada dincələrik, gecələyərik. Sən get budaqda gecələ, hava xoşdur .

— Mən bu yuvanı min bir əziyyətlə hörmüşdüm, orada bala çıxardacaqdım .

— Bala sənin nəyinə lazımdır? Bu gün varsan, sabah yoxsan. Özünü keçindirə bilmirsən, balanı necə saxlayacaqsan ?

— Ruzini verən Allahdır. Heç bir canlı ac qalmır. Bu boyda bağ- bağça bizi ac qoymaz .

-Bağ — bağça… Bağ baxça iki ay sonra solub gedəcək. Dünyaya gətirdiyin o balacalar nəylə dolanacaq ?

-Nəylə dolanacaq? Bizə nə öyrədiblər onu da edirik. Sən özün də kiminsə balası olmusan. Canlılar dünyaya bala gətirməsə, heç bir canlı artıb çoxalmaz. Dünyada yaşam məhv olar .

— Baş — beynimi aparma, yatmaq istəyirəm. Çarəsiz torağay bir budağa qonub susdu. Oradan çarəsizcə yuvasına baxır, başına gələn bu hadisədən çıxış yolu axtarırdı .

Günlər keçib gedir, yad quş yuvanı tərk etmirdi. Torağayınsa yumurta qoymaq vaxtı idi. Bəs o nə etsin ?

Torağay meşəbəyinin yanına gedib əhvalatı ona danışdı. Meşəbəyi bu işə bir əncam çəkəcəyini söylədi .

Torağayın yuvasının yanında ustalar qəşəng  , səliqəli quş yuvaları düzəltdilər. Eyvanına dən də səpdilər.

Torağay sevinclə yad quşa yaxınlaşdı

— Cik ...cik ...bir bax nə gözəl yuvalar tikiblər. Sənin kimi müsafirlər üçün. Eyvanında hazır yem də var .Get orada yaşa, mənim yuvamısa mənə ver .

— İstəməz, sən get orada yaşa .

Çarəsiz torağay təzə yuvalardan birinin eyvanına qondu. Pis deyildi. Artıq yumurta qoymaq vaxtı idi .

Aradan bir müddət keçdi. Torağay təzə yuvada yumurta qoyub üstündə yatarkən yad quşun gəlib eyvana səpilmiş dənləri yediyini görürdü .

Sonra isə yad quşun ona yaxın təzə yuvaya köçdüyünü gördü. Amma artıq torağay yumurta qoymuşdu, yuvasına dönə bilməzdi. Yad quş indi də təzə yuvaların eyvanına səpilmiş dənləri yeyirdi. Torağay qorxudan yumurtalarını sahibsiz qoyub dən dalınca gedə bilmirdi. Susuzluqdan yanırdı .

Torağay artıq taqətdən düşürdü… Elə bu vaxt göydən şığıyan bir qartal onun yuvasının qarşısında dənlənən yad quşu caynağına alıb havaya qalxdı. Torağay həyəcanla səs saldı, başqa quşları köməyə çağırdı. Nə də olsa yad quş da bir can daşıyırdı. Amma qartal gözdən itdi. Yad quşun aqibəti bəlli olmadı. Bəlkə o canını qartaldan qurtara bildi ?

Torağayınsa… çox keçmədi balaları dünyaya gəldi. Torağay hər gün yem dalınca uçur, balalarını bəsləyirdi. Şən — şən mahnı oxuyurdu. Mahnısı da elə o vaxtdan dillər əzbəridi

Mən xırdaca bir quşam

Çox azad doğulmuşam

Qanadlarım rəngbərəng

Vurmuş təbiət min rəng

Hava, torpaq, mavi göy

Məskənimdir əzəldən

Razıyam bu düzəndən

Baxma zərif bir quşam

Düzənimi qurmuşam.

5 — ci nağıl  Yer və Göyün nağılı

 

Biri var idi, biri yox idi, bir Yer ana və bir də Göy ata var idi. Onlar ta əzəldən var idi, bir ailə idilər. Yer baxıb Göyü, Göy də baxıb Yeri görürdü. Onlar beləcə yaşayırdı. Yer nədənsə çox darıxırdı, Göy çox fikirləşdi, bir gün Günəşi  yaratdı. Hər tərəf nura qərq oldu. Yer oyanıb heyrət etdi  Bu işıq haradandır? Başını qaldırıb Günəşi gördü. Günəş şəfəqlər içərisində ona gülümsəyirdi. Yer çox sevindi. Aradan bir müddət keçdi. Bir gün Yer göy üzündə Ayı gördü, heyrət etdi

— Bu çox gözəl !

Göy dayanmadan bütün planetləri Yupiteri, Veneranı, Saturnu, Marsı yaratdı. Onlar bir ailə kimi mehriban yaşamağa başladılar. Arada Göy bütün planetləri yığıb Yerə qonaq gəlirdi, Yeri darıxmağa qoymurdu .

Çox keçmədi Günəş və o biri planetlər çox böyüdü, onlar Yerə qonaq gələndə Yer ağırlıqdan ləngər vurmağa başladı. Ata Göy Yerin həyatı üçün təhlükə yarandığını hiss etməyə başladı, odur ki planetlərə dairəvi şəkil verdi və onları müxtəlif istiqamətlərə göndərib hərəsinə bir görəv verdi

Günəşin görəvi

Günəş ətrafa nur saçacaq, aləmi nura qərq edəcəkdi. Yaydığı istilik həyat mənbəyi olacaqdı. Gecə və gündüzü növbələşdirəcəkdi. Göy ili dörd fəslə böldü. Günəş bu fəsillərdə Yeri müxtəlif cür işıqlandıracaqdı. Nədəsə səhv etmək olmazdı. Onun hansısa bir səhvi böyük təhlükə yaradardı.

Ayın vəzifəsi

Ay Yerə çox yaxın durmalıydı. Gecələr Göy üzünə qalxmalı, ətrafı zərif bir nura qərq etməliydi, qaranlıq gecələri aydınlatmalıydı. O da yerə çox yaxınlaşa bilməzdi, yoxsa böyük fəlakətlər baş verərdi.

Venera çox gözəl idi. Ay Günəş, o biri planetlər hətta onu qısqanırdı. Göy planetlər qısqanıb zərər verməsin deyə onu çox uzağa göndərdi. Amma bu onun zərafətini daha da artırdı. Gələcəkdə şairlər onun gözəlliyindən çox bəhs edəcəkdi, onu gözəllik ilahəsi adlandıracaqdı .

Saturn çox yekə və yüngülbeyin idi. Bütün günü ağlayır, ah uf edirdi, qara dumanlı fikirlər başından əskik olmurdu. O Günəşin, Ayın, Veneranın gözəlliyinə baxır, yaranışı dərk edir yenə də sızıldayırdı

-Bunların mənası nədir axı, niyə bizim hərəmizi bir uzaq yerə göndərirsən?

-Mən dünya yaradıram. Anlamırsanmı? — Göy əsəbiləşirdi. Əvvəllər yalnız mən və Yer var idi. İndi siz də varsınız .

-Nə olsun ?

— Nə olsun… Çox darıxdırıcı idi. Yer darıxırdı. Amma indi siz varsınız, o sizinlə söhbət edir və darıxmır .

-Amma o yenə darıxacaq. Bizi uzağa göndərirsən. O darıxacaq .

-Mən yenə də maraqlı şeylər yaradacam .

-Ah bəs biz? Mən çox darıxıram. Başqa nəsə istəyirəm .

-Nə istəyirsən?

-Bilmirəm ...Amma nəsə belə olmaz. Mən şox darıxıram və nəsə istəyirəm

-Eləysə get, göyün lap uzaq nöqtələrindən birində dur, asta asta fırlan özünçün. Məncə, bu yollarda həyatın mənasını dərk edərsən .

Göy Saturnu lap uzaq bir yerə göndərdi ki, orada həyatın mənasını tapsın, fikirləşməyə imkanı olsun

Beləliklə planetlər hərəsi bir yerə göndərildi və görəvləndirildi. Həyat indi daha maraqlı idi, hərəsinin bir işi — gücü var idi. Amma onlar yenə də bir ailə idi  , bir — birini görür və sevirdi. Uzaqda olsalar da bir ailə olduqlarını dərk edirdilər. Birlikdə bir məqsədə xidmət etdiklərini bilirdilər .

 

 Gözəl qızın nağılı, 6- cı nağıl

 

Gözəl bir qız var idi. Qəribə bir əcinələr ailəsində dünyaya göz açmışdı. Bu ailənin doğma qızıydı, yoxsa bu ailəyə hardansa düşmüşdü? Müəmmalıydı. Amma qız bu ailədə heç kəsə oxşamırdı. Ailədə qızdan başqa da  4-5 uşaq var idi, 4- ü oğlan, biri qız. Hamısı da əcinə idi. Ailə üzvləri arasında bir — birinə qarşı heç bir məhəbbət, mehribanlıq yox idi. Ata və ana bütün günü dalaşırdı. Bir də görürdün ata ananın başını yardı. Səs — küyə qonşular tökülüşüb gəlirdi. Onları aralayırdı. Aradan yarım saat keçməmiş yenə də dava başlayırdı .

Gündə on dəfə döyülsə də ana qətiyyən ev işlərinə baxmır, bütün kəndi gəzirdi. Evdə pintilik baş alıb gedirdi. Qab — qacaq küncdə qalaqlanır, uşaqların əyin — başı kir içində olurdu. Yeməkləri dadsız bişirirdi. Bişirdiyini özü basıb yeyirdi. Bəzən bir yumurtanı iki uşaq arasında bölüşdürür, 3-4 — nü özü yeyirdi. Əcinələr tipik bədən quruluşuna malik idi, cılız və əyriayaq idilər. Hamısı xəstə idi. Biri yerinə işəyirdi, birinin gözləri qıpqırmızı olurdu, biri şizofrenik idi. Qız əcinə qıllı,  yekə döş, yekə göt idi. Boyu isə çıxmırdı .

Arvad bütün günü gəzir evə gəlib olanından yeyir, sonra da süfrənin kənarındaca dombalıb yatırdı .

Əcinə uşaqlar da bütün günü dalaşır, bir — birini döyürdülər. Bu onun, o bunun paxıllığını çəkirdi. Sonra baxıb gördülər ki, paxıllıq çəkməli bir şeyləri yoxdur hamısı gözəl qızın üstünə tökülüşdü. Gözəl qız da onlar kimi yemək tapmırdı, paltar tapmırdı. Amma bunlara rəğmən gözəl və boy — buxunlu idi.

Əcinələr başladılar qızın yemək payını da oğurlayıb yeməyə. Əcinələr onun boy — buxununa həsəd aparır, paxıllıqdan qıza hər cür pislik edirdilər. Biri paltarını yandırır, biri üzünü cırmaqlayır  , saçını yolurdu. Oğlan əcinələr qızı döyür, biri ona eşq elan edir, biri şeir yazırdı. Bunlarda ailə etalonları da yox idi. Hamısı qurşaqdan aşağılarının əsiri idi. Qız əcinə obanın bütün oğlanlarına ağzının suyunu axıdırdı. Lakin oğlanlar ona gözlərinin ucuyla da baxmırdılar. Hamısı ağ göyərçinə oxşayan qızın həsrətini çəkirdi. Gözəl qız isə çox mərifətli və tərbiyəli idi. Oğlanlara gözünün ucuyla da baxmırdı. Lakin ailədə dözmək mümkün deyildi . Gözəl qız Allaha yalvarır bu ailədən xilas olmağı arzu edirdi. Hiss edirdi ki o, bu ailənin qızı deyil, burda nəsə müəmma var… .

Bir gün gözəl qız evdəkilərin zülmündən bir az göz açmaq üçün evlərinin yaxınlığındakı çəmənliyə getmişdi. O göz yaşları axıdır, Allahdan onu əcinələrin zülmündən qurtarmağı xahiş edirdi .

Bu vaxt onun yanına qanadları çox böyük iri bir quş qondu. Onun qanadları üstündə gözəllər gözəli zərif bir xanım əyləşmişdi. Xanım ona qollarını açdı

-Gəl əzizim, getmək vaxtı çatdı .

Gözəl qız həmin xanımı illərdir tanıyırmış kimi hiss etdi

Qaçaraq qucağına atıldı

-Ana, anacan. Məni nədən buralarda qoymuşdun?

-Əhvalat çox uzundur. Şükür, hər şey sona çatdı. Artıq bir yerdə olacayıq.

Gözəl qız və anası uçub gözəl bir diyara getdilər. Orada xoşbəxt və uzun ömür sürdülər. Gözəl qız ailə qurdu. Özü kimi gözəllər gözəli övladları oldu. Və onlar birlikdə xoşbəxt yaşadılar .

 

7-ci nağıl  Yağış

Biri var idi, biri yox idi, qədim bir dünya var idi. Bu dünyada Yer, Göy planetlər, ulduzlar yaşayırdı. Yer də, başqa planetlər də eləcə dağdan, daşdan, kəsəkdən ibarət idi. Dərin dərələrdə bir qurtum su yox idi. Uca dağlar, sıldırım qayalar eləcə bomboz idi. Göy üzündə bulud görünməz, yer üzündə külək əsməz, yağış yağmazdı. Səhər axşam daş — kəsəkdən ibarət planetlər bir birinə baxır və bu baxmaqdan usanırdılar .

Nə qədər bir — birinin həyat nişanəsi olmayan sifətini seyr edəcəkdilər ?

Planetlər darıxırdı heç kim onlarla maraqlanmır, başını qaldırıb göy üzünü seyr etmirdi .

Aylar, illər beləcə keçirdi .

Bir gün Göy Yeri, Ayı, o biri planetləri heyrətləndirmək qərarına gəldi. Nə etsin? Nəhayət qərara aldı ki, yer üzünə yağış yağdırsın .

Buludları yaratdı, külək əsdirib onları bir yerə topladı və bir gün yağış yağdırdı .

Yer həmin gün qəribə bir uğultuya, şırıltıya yuxudan oyandı. Göy üzündən üzərinə şəffaf su damlaları tökülürdü. Hava sərin, gözəl və su ətirli idi.

Damlalar sevinclə havada uşuşur, öz dillərində nəğmə oxuyur və yerə tökülürdü. Yerin qupquru dağlardan, sapsarı səhralardan, bomboz dərələrdən ibarət olan sinəsi fərəhlənirdi .

Yüngül külək, heyrətamiz yağış, su ətri — hər şey füsunkar idi .

Yer dözməyib sevinclə qışqırdı

-Ay, Günəş, Venera, Yupiter, Mars  bir mənə baxsanız! Üzərimə yağan bu nur damlaları nədir ?

— Bu yağışdır — külək pıçıldadı.

— Ah, yağış çox gözəldir...

Bütün planetlər heyrətlə Yeri seyr edirdilər

— Mənim bütün dağlarım, səhralarım, dərələrim sevinir. Yağış bir məlhəm kimi varlığımı sığallayır .

— Çox keçməyəcək sənin sinəndə dənizlər, göllər yaranacaq, çaylar şırıldayacaq. Bu yağış kəsən kimi hər tərəfi bağ- bağça, meşələr, çəmənliklər bürüyüəcək  , çəmənlərdə cürbəcür çiçəklər açacaq — Göy pıçıldadı .

Planetlər hamısı Yeri heyrətlə süzürdü.

Sonra yağış kəsdi. Yerin sinəsində çaylar, göllər, dənizlər əmələ gəlmişdi.

Günəş Yerə qarşı daha mərhəmətli olmuşdu, işığı nur və həyat saçırdı. Çox keçmədi hər tərəfi meşələr, çəmənlər, çiçəklər bürüdü… Heyvanlar, kəpənəklər, arılar, quşlar yarandı .

Planetlər Yeri seyr edir və nəyinsə çatmadığını hiss edirdilər. Nəhayət, bir gün hər şeydən narazı Saturn dilə gəldi

— Nə olsun? Bütün bunlar kimə lazımdır? Heç kəs bu gözəllikləri vəsf etmir, dərindən duymur. Heç biz planetlərə gözünün ucuyla baxan yoxdur. Yer canlandı, rəngbərəng və gözəl oldu. Amma onu heç kəs qiymətləndirmir. Bəs biz? Bizi kim qiymətləndirəcək, kim bizim varlığımızı duyacaq ?

Nəhayət, Göy şüurlu varlıq — insanları yaratmaq qərarına gəldi .

İnsanlar yaranan kimi Göy üzünü, Yeri, başqa planetləri seyr etməyə, onlar haqqında dərindən — dərinə düşünməyə başladı. Aya, ulduzlara, Yerə, yerdəki dağlara, daşlara, çiçəklərə — hər şeyə, bütün dünyaya şeir qoşmağa, mahnı bəstələməyə başladılar. Planetləri tədqiq etmək üçün cürbəcür cihazlar kəşf edir, bir sözlə bütün dünyanı diqqət mərkəzində saxlayırdılar. Bu isə Yeri, Göyü, bütün planetləri — bir sözlə dünyanı xoşbəxt və məmnun edirdi .

 

 8 — ci nağıl  Sərçənin nağılı

Biri var idi, biri yox idi, bir sərçə var idi. Bu sərçə gözəl bir bağda yaşayırdı. Bu bağda başqa quşlar — torağay, bülbül, qaranquş, qumrular da yaşayırdı. Quşlar bağda olan naz — nemətlərdən yeyir — içir, oxuyurdular. Günləri çox şən keçirdi. Quşlar arasında ögey — doğmalıq yox idi. Bağda yeyəcək, içəcək bol idi. Tut dəydi tut yeyirdilər, tut sovuşdu gilas dəyirdi, gilas yeyirdilər. Gilasdan sonra armud, üzüm, əncir yetişirdi. Quşların kefi lap saz idi .

Quşlar yeyir, içir, sabahı fikirləşmirdilər. Balaca sərçəni isə dərd götürmüşdü, bəs bu meyvələr qurtarandan sonra o nəylə dolanacaq? Meyvələr əbədi deyil, bunu anlamaq üçün alim olmaq gərək deyil. May ayında yetişən tutdan avqust ayında xəbər tutmaq mümkün deyil. Bu gedişlə əncir, üzüm də sovuşacaq. Bəs balaca, qara sərçə nəylə dolanacaq ?

Bir gün o, qaranquşa bu barədə sual verdi

— Tezliklə qış gələcək. Əncir, üzüm sovuşacaq. Sən o vaxtı nə etmək fikrindəsən, nəylə dolanacaqsan?

Qaranquş güldü

— Əzizim, mən əncirin, üzümün axırına buradan köçəcəyəm. Artıq balalarım da böyüyüb, uça bilirlər. Biz uçub başqa, isti ölkəyə gedəcəyik. Orada indi tut vaxtıdır, yəqin ki çatarıq .

Çox keçmədi qaranquş sərçə ilə vidalaşıb, balaları ilə köçüb getdi .

Sərçə bikef halda bülbülə yaxınlaşdı, qaranquşa verdiyi sualı ona verdi

Bülbül güldü

— Artıq mənim getmək vaxtımdır. Uzaqda çiçəklər ölkəsi var, ora gedəcəyəm. Orada indi qızılgül aşmağa başlayıb, günüm orada xoş keçər .

Bir müddət keçdi  . Havalar şox soyudu. Artıq quşlar gözə dəymirdi, torağaylar da getmişdi .

Sərçə qəmli — qəmli bağda civildəyir, nə edəcəyini bilmirdi.

 Birdən güclü külək qopdu, yağış yağmağa başladı. Sərçə özünü güclə ağacda düzəldilmiş bir yuvaya sala bildi. Külək elə qüvvətli idi ki, sərçənin daldalandığı yuvanı bir xeyli havada uçurdu, nəhayət bir damın banına saldı. Balaca sərçə təşvişlə başını bayıra çıxardı. Banda özü kimi bir xeyli sərçə gördü .

 Sərçələr onu dövrəyə aldılar

— Sən kimsən? Buraya neçə gəldin? Əvvəllər harada yaşamısan ?

Sərçə başına gələn əhvalatı, əvvəllər yaşadığı yeri nağıl etdi .

— Pis yaşamayıbsan. Amma sərçələrin içində yaşasaydın, bizim adət — ənənəmizi bilərdin, kədərlənməzdin. Biz yad ölkələrə uçmuruq. Qışda evlərin çardaqları, damları bizim oylağımız olur. Burada günümüz xoş keçir. Hər tərəf şaxta olanda da burada dən tapmaq olur. Xeyirxah insanlar buraya bizim üçün dən səpirlər .

Sərçə  bir küncə qısılıb bikef — bikef civildəyirdi

— Nə üçün dostları ona isti ölkələrə uşmağı təklif etmədi? Nə də olsa bütün yazı, yayı bir yerdə keçirtmişdilər, yoldaşlıq etmişdilər .

Bu vaxt bir ana sərçə ona yaxınlaşdı, nədən belə bikef olduğunu soruşdu .

Sərçə dərdini danışdı .

Ana sərçə onun başını sığalladı

— Belə xiffət etmə. Dostların sənə ona görə təklif etməyib ki, sən uzaq ölkələrə uça bilməzdin. Yolda məhv olardın. Bizim qanadlarımız uzaq məsafələrə uçmaq üçün deyil. Biz ancaq yaxın məsafələrə uça bilərik. İndi isə fikir çəkmə, burada dənlən. Hava xoş olanda bayıra uç, çölləri gəz. Yenə yaz gələcək, darıxma. O zaman səninlə dediyin bağa gedərik. Özünə yeni dostlar taparsan. Yəqin ki köhnə dostlarından da gələn olacaq. Sən də dostun bülbüllər, qaranquşlar kimi həmin bağda bala çıxardar, böyüdərsən. Dostların isti ölkələrə uçanda sən də balalarınla bura gələrsən. Qışı burda keçirdərsən .

Bu vaxt cavan bir oğlan gəlib binanın banına çoxlu dən səpdi, su qabına su tökdü .

— Görürsənmi bizim üçün burada pis keçmir. Xeyirxah insanlar dünyanın bəzəyidir. Onlar təbiəti, bizi qoruyur .

Quşlar şən civiltilərlə tökülüşüb dən yeməyə başladılar. Balaca sərçə də onlara qoşuldu .

 

9 cu nağıl Leyləyin nağılı

 Biri var idi, biri yox idi, bir leylək var idi. Bu leylək uzun məsafə qət edərək yenicə bir bağa gəlmişdi. Artıq qocalmış, əldən düşmüş ata — anası bağın nişanlarını ona vermişdi. Və bağda ən uca çinarda möhkəm etibarlı bir yuvalarının olduğunu da söyləmişdilər .

 Leylək çətinlik çəkmədən yuvanı tapmışdı. Yuvaya bir balaca əl gəzdirdikdən sonra orada yaşamağa başladı. Artıq özünə bir erkək dost tapmalıydı. Bu vaxt yuvaya bir erkək quş yaxınlaşdı. Məlum oldu ki, o da uzaq yol qət edərək gəlmişdir. Leyləklərin dostluğu baş tutdu və onlar birlikdə bala çıxartmağa hazırlaşdılar. Gündüzlər yaxın ovalıqlarda yemlənir, axşamlar da yuvaya dönüb orada gecələyirdilər .

 Dişi leylək üç yumurta qoydu və onun üzərində kürt yatdı. Erkək leylək də onu tək qoymadı, hər cür yardım etdi. Yemək daşıdı, yuvanın qarovulunu çəkdi. Arada erkək leylək yumurtaların üstündə yatdı, dişi leylək uçub yaxın ovalıqlarda yem yedi, su içdi. Uyuşmuş ayaqlarının uyuşuğunu açdı .

Nəhayət, vaxt — vədə yetişdi, yumurtalardan üç bala çıxdı. Onlar halsız, gözləri yumulu və aciz idilər. Eləcə ağızlarını açəb yemək istəyirdilər. Ata leylək yaxınlıqdakı bataqlıqlara, ovalıqlara baş vurur oradan balalarına yem tapıb geri dönürdü. Balaların ikisi yemi dərhal udurdu, biri isə hələlik nəsə yemirdi .
Sonra ana leylək uçub yem dalınca getdi. O daha həssaslıqla yem arayır, ən xırdalarını tapırdı ki, balaca leylək yeyə bilsin .

Xırda leylək yenə də çox az yeyirdi, o biri balalara nisbətən aciz və gücsüz idi .

Ana leylək buna çox da əhəmiyyət vermirdi .

Bir gün ata leylək ovalıqdan geri döndü, ağzındakı yemi yuvanın ortasına tökdü, xeyli yem vardı. Diribaş balalar yemə daraşdı. Zəif bala isə ora bura vurnuxur, yemə dimdik vurur, udmaqda isə çətinlik çəkirdi. Onları seyr edən ata leylək qəmli görünürdü. Ana leylək dözməyib səbəbini soruşdu

Ata leylək dedi

— Ovalıqda qoca bir leylək oturub. Mənimlə xeyli söhbət etdi. Daha doğrusu məni sorğu — suala tutub, yuvadakı balaların halını soruşdu. Yuvadakı zəif yavrunu da yemləməyimizi eşidib qəzəbləndi. Qoca leylək bu balanı yuvadan atmalı olduğumuzu söylədi. Bunun genimizdən gələn adət olduğunu vurğuladı .

— Necə yəni ?

-Guya bu bala yaşamayacaq. Yaşasa belə gələcəkdə bizə yük olacaq. Onun üzündən başımız bəlaya girəcək?

— Necə yəni ?

O uzaq ölkələrə uça bilməyəcək. Biz də ona görə uçmayacayıq. Buralarda qalıb soyuqdan tələf olacayıq

— Ah ...ah… Bəs biz nə edək ?

— Gərək o da qidalansın ki, böyüsün. Payızda biz başqa ölkələrə uçanda o da uçsun. Qışda burada güclü şaxta olur, sular donur, heç bir yem filan da olmur. Ac tülkülər, canavarlar, ayılar ova çıxır. O zaman biz onların ilk ovu olacayıq .

— Nə edək? — ana leylək çarəsizliklə inildədi .

— Onu yedizdirməliyik, dərdini tapmalıyıq .

Ata Leylək dimdiyində su gətirdi. Köməkləşib suyu bala leyləyə içirtdilər. O xeyli su içdi. Sonra hətta yemək də yedi. Onlar hər gün belə edir, zəif leylək balası da dirçəlirdi. Artıq o biri balalardan seçilmirdi .

 Bir gün qoca Leylək uçub leyləklərin yuvasına yaxın gəldi, bir budağa qonub soruşdu

— Nə etdiniz? Zəif balanı yuvadan atdınızmı?

-Yox o artıq dirçəlib, yaxşıdır .

— Necə yəni siz leyləklərin min illik gələnəksəl adətlərinə qarşımı çıxırsınız? Belə olmaz. O yaşasa belə təkdir. Gələcəkdə kim ona yoldaşlıq edəcək ?

Qoca Leylək qəzəblə yuvaya şığıdı, istədi zəif yavrunu yuvadan atsın. Bu zaman nəfəsi kəsilib tappıltı ilə aşağı, ağacın dibinə düşdü, elə oradaca öldü. Ana Leylək müəmmalı baxışlarla ata leyləyə baxdı

-Deyəsən biz qurtulduq .

-Amma o tək olcaq — ata leylək bikef — bikef bala Leyləyə baxdı.

-Biz tək deyildikmi ?- ana leylək gülümsündü .

-Doğrudan da .

Leyləklər qayğı ilə balalarını yemləməyə başladılar .

Təbiətin sirləri çoxdur .

 

0 şərh