Təcili yardım stansiyasında

O gün Təcili Tibbi Yardım Stansiyasında həkim- Cavid Ələkbərzadənin növbəsi idi. Ondan başqa TTYS-da tibb bacısı Çimnaz, növbətçi Xalidə və sürücü Əmiraslan da vardı.
Günün ikinci yarısı idi. Yavaş-yavaş qara buludlar görünərək hava qaralır-axşam düşürdü. Lakin səhərdən bəri buraya zəng edib,çağrış verən olmamışdı. Arada zəng gəlib, həkimin tibb bacısının ürəyini sevindirsə də, lakin növbətçi Xalidənin  dəstəyi qaldırıb, pıçıltı ilə danışığından sonra hamıya məlum olmuşdu ki,  zəng edən Xalidənin nişanlısı Mehmandı.

Artıq gecəydi. Hələ də bir çağrış olmamışdı. Cavid həkim Əmiraslan kişi stansiyadakı kiçik otaqda nərd oynayırdılar. İkisi də nərdi sevməklərinə baxmayaraq, elə bil çox həvəsiz, vaxtlarını ötürmək üçün oynayırdılar. İkisinin də üzünün ifadəsindən narazılıq hiss olunurdu. Nərd  oynaya-oynaya elə hey bu gün bir xəstə olmadığından, çağrışa getmədiklərindən gileylənirdilər. Lakin bu gileylərini bir-birinə deməyərək, üzlərinin ifadələri ilə bildirirdilər. Cavid həkim ona görə demirdi ki, həkimlər heç vaxt  getdikləri çağrışdan  aldıqları pulu sürücüyə bildirməzdilər, əgər yanlarında  tibb bacısı olurdusa, o, bilirdi. Ona da qəpikdən, quruşdan verirdilər ki, danışmasın. Həkim çağrış olan mənzildən çıxıb, maşına minəndə üzünün ifadəsini elə dəyişərdi ki, sürücü  cəsarət edib, ondan: «Bir şey oldumu?» – deyə soruşa bilməzdi. Qalırdı həkimin özünün vicdanına. Əgər vicdanı olurdusa, aldığı puldan sürücüyə də verirdi. Axı o, da əziyyət çəkirdi. Elə olurdu saatlarla hansısa  mənzilin qarşısında dayanıb, həkimin çixmasını gözləyirdi.

Cavid həkim Əmiraslan kişiylə nərd oynaya-oynaya, birdən zərləri ovcunda sıxıb, sakit, mülayim səslə dedi:
- Əmiraslan kişi, nəzir eləyirəm sənin adına, Allah eləsin bir xəstə düşsün, nə olsa, dədə malı kimi yarı böləcəyəm. O biri həkimlər kimi təkcə özümün və baş həkimin maraqlarını  güdən deyiləm. Sənə də verəcəm, Çimnaz xanıma, hələ Xalidəyə də. Narahat olmayın, təki kimsə xəstələnsin, onlardan pul  qoparmağın yolunu mən bilərəm.

Cavid həkim bu sözləri sakit tərzdə dedisə də o biri otaqda milləri bir-birinə vura-vura yun corab toxuyan Çimnaz da, telefonla danışan  Xalidə də eşitdi. Dinməsələr də, ürəklərində Cavid həkimin nəzirinin qəbul olunması üçün «Amin!» – dedilər.

Əmiraslan kişi sağ əlini  otağın qapısı tərəfə yönəldərək, yüksək səslə, Xalidəyə işarə edərək:
- Əgər bu qız, bir dəqiqə  telefonu  yerə qoysa, zəng edən də olar,  – sonra Xalidəni səslədi: – Ay qızım, bura skorudu ey, hər an xəstə ola bilər. Zəng edərlər, görərlər  məşğuldur, səhər gedib, yuxarılara şikayət edərlər ki, xəstəmiz ölür skorunun telefonuna düşə bilmirik. Sonra biz nə edərik?! Qoy bir tikə çörəyimizi çıxaraq da!..

Əmiraslan kişinin Xalidəni tənqid etməsi müsbət nəticə verdi. O, dərhal telefonun dəstəyini yerinə qoyub, Çimnazın yanına keçdi. Elə bu andan hərəsi bir işlə məşğul oldular. Buna baxmayaraq, hamısının qulağı dəhlizdəki telefon aparatında qaldı. Hamının ürəyi guppuldayırdı ki, bəlkə kimsə zəng edib, çağrış verdi və biz də sabah səhər evimizə gedən də heç olmasa bir çörək alıb apardıq. Təkcə Xalidədən başqa. Bircə o bu barədə düşünmürdü. Ürəyi nişanlısının yanındaydı.

* * *

- Doktor, çağrış var! Doktor, sizinləyəm ey, çağrış var!
Cavid həkim əlini çənəsinin altına qoyaraq, fikrə dalmışdı. Xalidənin səsi onu fikirdən ayırdı. O, dərhal yerindən sıçrayıb, ağ xalatını əyninə geyib, çamadanını götürüb, ünvan yazılan çağrış kağızını Xalidədən alıb, tələsik Çimnazla qapıdan çıxıb, maşını işə salan Əmiraslan kişiyə:
- Qapıları aç, oturaq, tez sür gedək. Tale üzümüzə gülüb, – deyib, kiçik TTYS maşınında – qabaqda, Əmiraslan kişinin yanında əyləşidi. Çimnaz da arxada əyləşdi.

Beləliklə, çağrış vərəqəsində yazılan ünvandaydılar. Əmiraslan kişi da çöldə – maşında həsrətnən onları gözləyirdi.

Xəstə yaşlı kişi idi. Cavid həkim onun təzyiqini ölçüb, yuxarı olduğunu müəyyənləşdirdi. Çimnaz tələsik, çamadanın ağzını açıb, lazımı peraparatları şpristə yığaraq, iynəni kişinin qoluna elə vurdu ki, zavallı kişi qolunun ağrısından ayağa qalxıb, dik otursa da, təzədən halsızlaşıb, yatağına yıxıldı. Cavid həkim xəstənin təzyiqini bir də ölçərək, artıq endiyini müəyyənləşdirəndən sonra, çamadanın ağzını bağlayıb, qalxıb getmək istəyəndə, səhərdən bəri başlarının üstünü kəsdirib, dayanan xəstənin balacaboy, eybəcər oğlu Cavid həkimin cibinə nəsə qoydu. Sözsüz ki, pul idi. Onlar mənzildən çıxıb, maşına doğru gedən də, Cavid həkim Çimnazı bir az qabağa buraxıb, əlini cibinə apardı,yavaşca pulun ucunu çıxarararaq, eybəcər oğlanın ora iki manat qoyduğunu gördü. Dərhal manatlığın birini xalatının cibindən götürüb, əlini şalvarının arxa cibinə apardı. Bu vaxt qabaqda maşının arxa qapısını açan Çinmnaz  gördü. Lakin özünü görməməzliyə qoyub, qapını açıb, əyləşdi. Onun ardınca Cavid həkim də maşının qabaq qapısını açıb oturdu. Əmiraslan kişi  maşını işə salıb, yola düşdü. Cavid həkim pulu gizlədən də Çimnazın onu gördüyünü duyub:

- Bu belim də yaman ağrıyır. Səhərdən əlimi qoyub, qızdırıram ki, bəlkə  ağrısı keçə, amma keçmir ki, keçmir… Əmiraslan kişi, bu camaatda ağın çıxarıb  ey, bilirlər də ki, biz tibb işçilərinin fərli – başlı maaşımız da yoxdur, yenə də bilə-bilə götürüb mənə bir manat pul veriblər.
Çimnaz qabağa – kabinaya açılan pəncərədən Cavid həkimə baxıb, onun  yalanlarına tənə ilə gülümsədi.

TTYS-na çata-çatda  maşındakı xidməti telefondan (ratsiyadan) Xalidənin səsi eşidildi:
- Doktor Ələkbərzadə eşidirsinizmi?..

Cavid həkim dərhal xidməti telefonu (ratsiyanı) ağzına yaxınlaşdıraraq: – «Eşidirəm!» – deyib, Xalidədən yeni çağrış olduğu xəbərini aldı. O, kabinanın işığını yandıraraq, cibindən vərəq, qələm çıxarıb, vərəqi dizlərinin üstünə qoyub, ünvanı vərəqə yazıb, Əmiraslan kişiyə uzatdı sonra qələm-kağızını cibinə qoyub, üzünü arxaya-  kiçik pəncərənin  o tərəfində çatma qaşları bir az da çatılan Çimnaza çevirib, dedi:
- Çimnaz xanım, deyəsən, bu gün Allahımız verib!.. Çağrış, çağrış dalınca gəlir…
Çimnaz həkimin sözlərinə cavab verməyib, gözlərini süzdürərək, üzünü sol tərəfə çevirdi. Əmiraslan kişi xırıltılı səsiylə:
- Oğul, təki belə olsun! Mağıl, səhər evimizə gedən də uşaqların üzünə baxa  bilərik. Nəvəm neçə vaxdı deyir ki, – baba gələndə mənə maşın alarsan. Neçə vaxdı uşağın istəyini yerinə yetirə bilmirəm, – Budur, qabaqdakı qaranlıq döngəni dönürük, deyilən ünvana çatırıq.

Bu ünvanda xəstə səkkizinci sinif şagirdiydi. Zökəm onun hərarətini qaldırmışdı. Cavid həkim bu qızcığaza da lazımlı-lazımsız iynə-dərman edib, sonra da xəstənin halının düzəlməsini gözləmək bəhanəsi ilə bir azda oturub, qızcığazın valideynləri ilə həkimlərin problemlərindən, maaşlarının az olmasından şikayyətlənirdi ki, bəlkə gedəndə pulunu bir az artıq versinlər.

Çox söhbətdən sonra bu mənzildən də iki manat alıb, yenə də bayaqkı qayda ilə Çimnazı qabağa buraxıb, manatlığın birini şalvarının arxa cibinə qoydu. Sonra düşündü ki: – “Elə bil bunlar  hamısı bir-biri ilə sözləşiblər ki, iki manat pul versinlər. Elə bil ölərlər bir- iki manat artıq verəndə…” – Maşının qapısını açıb, oturdu. Əmiraslan kişi maşını işə salıb, yola düşdü. Bu dəfə də stansiyaya çatmamış Xalidə xidməti telefonla (ratsiyayla) bir neçə çağrış olan ünvan verdi. Cavid həkimgil Xalidə  verən daha bir neçə ünvan gəzdilər. Cavid həkim bu ünvanlara da gedib, hamısında tibb işçilərinin problemlərindən danışdı. Hamının da onlara yazığı gəlir, ən az pul aldıqları mənzil isə bir manat verdi. Cavid həkim də bu mənzillərdən aldığı pulların yarısından çoxunu arxa cibində gizlətdi.

Səhərə yaxın gəlib TTYS – na çatdılar. Cavid həkim qapıdan içəri girən kimi dərhal qaçıb, ayaqyoluna girdi ki, guya əl-üzünü yuyur. O, qapını arxadan kilidləyib, suyu da açdı ki, heç kəs heç nə anlamasın. Şalvarının arxa cibində yığdığı pulları çıxarıb, saydı. On altı manat şalvarının arxa cibindəki, yeddi manat isə xalatının cibindəki pullar idi. O, xalatının cibindəki yeddi manatın üstündən bir manat, şalvarının arxa cibindəki puldan da  dörd manat götürüb, xalatının sol cibinə – baş həkim üçün, özünə qalan on iki manatı isə corabının içinə qoyub, çıxmaq istəyəndə, Əmiraslan kişinin əlində iri dəmir parçası, Çimnazın əlində içinə nəsə peraparat doldurulmuş böyük şpris, Xalidənin əlində isə dəmir stul: – «Tez elə, gizlədiyin pulları çıxart!» – dediklərini gördü. O, qorxuya düşərək: – «Vallah, hamısı mənim deyil. Özünüz bilirsiniz ki, baş həkimə də verməliyik. Verməsək, günümüzü bükəcək göy əskiyə…» – deyərək, əllərini xalatının cibinə apardı.

Cavid həkimin yalvarışlarına baxmayaraq, Əmiraslan kişi ucu biz kimi dəmir parçasını onun qarnına, Çimnaz heyvan iynəsini onun yanına, Xalidə isə dəmir stulu onun başına yaxınlaşdırırdı. Cavid həkim isə yalvarırdı: – «Vallah – billah, hamısı mənim deyil. Baş həkim Rəfilinin də payı var…»
Birinci Çimnaz ona əhəmiyyət verməyib, iynəni xalatın üstündən Cavid həkimin yanına keçirib, içindəki preperatı  onun bədəninə boşaldır, Əmiraslan kişi dəmir parçasını yavaş-yavaş qarnına yeridir, Xalidə isə birdən stulu yuxarı qaldırıb başına elə vurdu ki, Cavid həkim: – «Vay, öldüm ki…» – deyib, gözləri qaralaraq huşunu itirib, yerə yıxıldı.

…Kimsə onun çiynini tərpətdi. Bu Çimnaz idi.

- Doktor növbəmiz bitib, evə gedirik. Bayaqdan sizi oyadırıq,oynmağ istəmirsiniz. Elə hey, yuxuda deyirsiniz ki; – « Vallah hamısı mənim deyil. Baş həkim Rəfilinin də payı var». Nə olub, pis yuxu görmüsünüz?..
Cavid həkim dərhal yerindən ayağa qalxaraq, əli ilə saçlarını düzətdi və  əlini üzünə çəkərək, tərini sildi. Sonra gözlərini ovxalaya-ovxalaya:
- Heç… heç, bir şey olmayıb. Yuxu görürdüm. Axşamdan bəri çağrış olmadı?
Dəhlizdən Xalidənin səsi eşidildi:
- Doktor, siz də lap, komediyasınız ey… Məgər axşamdan yatmamısınız?! Çağrış olsaydı, oyadardıq da…
Çimnaz gülümsəyərək, Cavid həkimin yerinə cavab verdi:
- Ay qızım, sən də doktorun hər sözünü göydə tutma. Görürsən ki, yuxudan indi oyanıb.
Birdən, Cavid həkimə elə gəldi ki, yuxuda gördükləri həyatda baş verib. Odur ki,qanlı – qanlı baxışlarla Çimnaza, Xalidəyə baxdı. Sonra isə gözü Əmiraslan kişini gəzdi. Deyəsən, o, çıxıb getmişdi.
Cavid həkim dizindən olan qara paltosunu əyninə geydi. Elə qapıdan çıxmaq istəyirdi ki, arxadan Xalidənin səsi eşidildi.
- Doktor, baş həkim sizi çağırır.
- Sus… de ki, getmişəm…

Müəllif: Zaur
 
 

0 şərh