Tənhalıq qorxusu

Yerlə göyün arasında – günəşin altında, tənha qovaq ağacının üstündə bir leylək can verirdi. Günəşin istisi, acından civildəşərək vurnuxan körpə balalar və ağacın dibində yerini rahatlayıb mürgüləyən təkgöz tülkü ölüm məqamını daha da cansıxıcı edirdi…

Onlar bu ağacın üstündə cütləşmişdilər. Məhəbbətəri insanların sevgisi kimi müvəqqəti həvəslərdən və maddiyata söykənən arzulardan əziyyət çəkmirdi. Bütün gunü birlikdə uçar, qidalanar və axşamlar yer üzündə gördüklərinin hamısından əziz olan tənha qovaq ağacının ən hündür budağında bir birinə sığınıb yuxulayardılar…

Xoşbəxt uçuşların birində qamışlıqdan açılan atəş leyləyi yaraladı. Yarısı  canını təhlükəyə salaraq çətinliklə də olsa ovçunun diqqətini yaralı sevgisindən yayınıra bildi. Hava qaralanda tapışıb birtəhər yumurta qoymaq üçün həvəslə qurduqları yuvaya qayıtdılar. Çoxlu qan itirdiyindən leylək bir müddət yuvadan aralana bilmədi. Yarısı hər gün onunçün yem tapıb gətirirdi. Tale yoldaşının sağalıb yenidən həyata qayıtması üçün qida dalınca haralara uçmurdu. Bu uçuşlarda yırtıcı quşların hücumuna, ov tüfənglərinin nişangahına dəfələrlə tuş gəlsə də bir təhər canını qurtarıb tapdığı yemi yuvaya çatdırırdı. Yarını itirmək qorxusu dəfələrlə onu vəhşi heyvanların çənəsinin altından ət parçası qaçırmağa da məcbur etmişdi. Özü isə əldə eləyə bildiyi qənimətdən lap az – səhər yenə yuvadan uçub geri qayıtmağa taqəti qalması üçün yeyir, gecəni səhərə qədər baxışlarını bir az aralıda qaralan meşənin üstündən uzaqlara dikərək – kaş ki, sağalaydı, kaş ki, yenə birlikdə uça biləydik-deyə düşünürdü…

Bir tərəfdən də hər gün gəlib ağacın altında dayanaraq həvəslə yuxarı baxan tülkü onun səbrini tükəndirirdi. Elə bil təbiət bu cütlük üçün hər şeyi tərsinə kökləmişdi. Gündüzlər yaralı ata yumurtaların üstündə yatır, ana isə ağacın ən hündür budığına qonaraq onun və hələ də yumurtada uyumaqdan bezməyən körpələrin keşiyini çəkirdi…

Yazın sonlarında nəhayət ki, həyat öz axarına düşdü. Onlar yerlərini dəyişdilər. İndi yumurtaların üstündə ana yatırdı. Sağalıb özünə gəlmiş ata isə onunçün, yem daşıyır, yuvanın keşiyini çəkirdi. Artıq tülkü də ağacın dibində görünmürdü. Taqəti özünə qayıdan kimi leylək hücum edib onun bir gözünü tökmüşdü. Sevgilisinin indiyə qədər çəkdiyi əziyyətləri unutdurmaq üçün bütün gününü onun qayğısına qalmaqla keçirirdi. Hər gün qanı qurumamış şikar gətirirdi yuvaya. Ağacın həndəvərində ilan görən kimi şığayıb öldürürdü ki, yem dalınca gedəndə nigaran olmasın. Günəşin şəfəqləri budaqların arasından keçib sevgilisini yandıranda qanadlarını yuvanın üstündə geniş açıb araya sədd çəkirdi.

Gecələr bu cütlüyün şıltaqcasına sevişən qara siluetləri göydə günəşi xatırladan, nəhəng lakin cansız sarımtıl ayın fonunda təbiəti heç bir canlının bu dərəcədə məharətlə yarada bilməyəcəyi ecazkar görüntülərlə  bəzəyirdi.  Yorulub əldən düşəndə ana yenə də boynunu yatmış yarının qanadları üzərinə qoyaraq  baxışlarını meşənin üstündən uzaqlara zilləyir xöşbəxtliyi barədə düşünrdü…

Yumurtalar artıq tərpəşməyə başlamışdalar. Vədə tamam olurdu deyəsən. Ailənin yeni və daha sevimli üzvlərinin peyda olmalarına lap az qalırdı. İndi ata leylək qida gətirdikdən sonra günün qalan hissəsini yuvaya ən yaxın budaqda yerini rahatlayıb sevgilisinin qanadlarının yan – yörəsindən azacıq görünən yumurtalara baxırdı. Nəhayət balalar dar məkanda qərar tuta bilməyib yumurtaları içəridən deşərək bayıra çıxmağa başladılar. Ailə böyüdü. İndi onların sayı yeddi olmuşdu. Beş dənə sağlam, lakin çəlimsiz balanın civiltisi bir birinə qarışaraq ətrafa yayılırdı. Böyüklərin qayğıları xeyli artmışdı. Səhərdən axşamacan ağızlarını geniş açıb yem gözləyən balaların qidasını çatdırmaq çətin olsa da onlar bu işin öhdəsindən sevinclə  gəlirdilər…

Körpələr artıq sərbəst hərəkət etməyə başlamışılar. Təzə balığa, qanlı ov ətinə o qədər öyrəşmişilər ki, böyük tikə qoparmaq və daha çox yemək üçün bir birlərini itələməkdən də çəkinmirdilər. Gün – gündən qüvvətləndikləri üçün onları nəzartsiz buraxmaq mümkün deyildi. Əgər bir balaca gözdən yayınsaydılar yəqin ki, yuvadan düşüb tələf olardılar. Tez – tez yuvanın lap kənarında yaxalanıb yerlərinə qaytarılırdılar. Beləcə keçirdi günlər. Ata ilə Ana balalarına həvəslə qulluq edərək onların pərvazlanıb yuvadan uçacaqları anı səbirsizliklə gözləyirdilər…

Bir gün yuxarıda, buludların yanında qorxunc bir kölgə peyda olub o ətrafda dövrə vurmağa başladı. Qartal.

Məsafə çox aralı idi. Ona görə də çağırılmamış qonağın məhz yuvanı hədəf seçdiyini düşünmək olmazdı. Ancaq buna baxmayaraq yuvada pərişanlıq yaranmışdı. Qartal axşama qədər o tərəflərdən əl çəkmədi. Hərdən səmada yox olub bir müddət sonra yenidən görünməsi onun hələ ki, qovağın budağındakı yuvadan xəbərsiz olduğunu təstiqləsə də aşağıda nəsə axtardığı elə ilk andan bəlli idi. Axşama yaxın təhlükəli müsafir çəkilib getdi. Lakin səhəri gün bu hal yenə də təkrarlandı…

Artıq bir neçə gün idi ki, yuvada qorxulu anlar yaşanırdı. Qorxunc quş hər gün bu tərəflərdə nəsə axtarırdı. Körpələrə yem gətirmək də çətinləşmişdi. Düşmən axtarışlara ara verəndə nəsə tapıb gətirmək mümkün olmasa həmin gün onlar ac qalırdılar.

Meşə tənha qovaq ağacından o qədər də uzaqda deyildi. Ancaq qartalın yuvanın yerini bilməməsi üçün tez – tez ağacdan kənara uçmaq olmurdu. Qartalın hərəkətləri get-gedə daha da qorxunc görünürdü. İndi o lap aşağıda dövrə vururdu. Bir dəfə onun sürətlə aşağı şığıdığını görən quşlar bərk qorxuya düşmüşdülər. Yalnız çəmənlikdə qaçan dovşanı caynaqlarında havaya qaldırdığını görəndən sonra bu həyacan səngimişdi. Körpələrinsə bütün bunlardan xəbəri yox idi. Hətta ata-anaları tələşla qanadlarını yuvanın üstünə açıb onları gizlədəndə də civildəşib hay-küy salaraq narazılıq edirdilər…

Balalar artıq ikinci gün idi ki, ac idilər. Yuvadan aralanmaq mümkün olmadığı üçün onlara yem tapmaq tamam çətinləşmişdi. Budaqlardan tutulub ağızlarına qoyulan həşəratları qanlı ətə öyrəşmiş balalar yeyə bilmirdilər. Körpələrin səs-küyü aləmi başına götürmüşdü. Çığırışmaları o qədər sarsıdıcı idi ki, ana leylək ürəyini didib dağıdın bu səslərin hər yerdə eşidildiyini zənn edib daha da həyəcanlanırdı. Səhərdən axşamacan yuxarıdan asılıb qalan ölüm hər an bu səsi eşidib aşağı enə bilərdi. Ancaq heç nə etmədən gözləmək də mümkün deyildi. Balalar acından ölə bilərdilər. Nəhayət, ana dözməyib yem tapmaq üçün ağacdan aralandı və var qüvvəsilə uçaraq özünü meşəyə saldı. Onun qəfil uçuşundan çaşıb qalan atanın qanadları ilə balaların səslərini eşidilməz etməyə çalışaraq gözləməkdən başqa çarəsi qalmadı. Heç nə etmədən gözləmək çox üzücü idi…

Yuxarıda dövrə vuran qartalın qorxusudan yerdə sanki həyat ölmüşdü. Ağacda həşəratlar da gözə dəymirdi. Bir az əvvəl ananın uçduğu meşəliyin üstündəki qulaqbatırıcı sukut elə bil tezliklə yaşanacaq hansısa faciədən xəbər verirdi. Körpələr də sözləşiblərmiş kimi səslərini kəsib ağır – ağır nəfəs alırdılar. Hava çox isti idi. Nəfəslərdən isti buxar qalxırdı. Quşların tərinin iyi bir birinə qarışmışdı. Budaqlardakı yarpaqların biri də tərpənmirdi. Belə sükutları adətən qəfil hadisələr pozur. Leyləyin də qorxduğu elə bu idi… Beləcə xeyli vaxt keçdi.

İndi atanın fikirlərini məşğul edən yalnız öz yarısının ağacların arasından çıxıb geri qayıtdığını görmək arzusu idi. Bir müddət sonra bu arzu gerçəkləşdi. Amma…..

Ana gözlənilmədən yuvadan ayrıldığı kimi qəfil də meşədən çıxıb sürətlə geriyə uçmağa başladı. Caynaqlarında nəsə qaralırdı. Deyəsən balalarına ət tapıb gətirirdi. Yolun yarısını yenicə qət eləmişdi ki, yerdə – göy otların üzərində sürətlə hərəkət edən kölgəsi birdən birə xeyli böyüdü.  Ölüm başının üstünü almışdı. Qartal onu ağaclıqdan çıxan kimi görüb aşağı şığımışdı. Havada başlanan çarpışma çəmənlikdə davam edirdi. İndi artıq dayanıb gözləməyin heç bir əhəmiyyəti yox idi. Ananı xilas etmək üçün o sürətlə özünü həyatla ölümün çarpışdığı yerə – yaşıl çəmənliyin getdikcə qızarmaqda olan hissəsinə çatdırdı. Yəqin ki, bir az da ləngisə tamam gec olacaqdı. Artıq qartal heydən düşmüş ana leyləyin köksünü bir neçə yerdən parçalamışdı. Atanın hücumu gözlənilməz olduğu üçün qartal qəfil zərbədən müvazinətini itirib şikarını caynağından buraxdı. Sonra ata leyləklə qartalın çarpışması başladı. Qan itirməkdə olan ana ölümün caynağından qurtulduğunu görüb qüvvəsini toplayaraq tənha qovağa tərəf uçdu. Taqəti tamam tükəndiyi üçün özünü yuvaya salanda az qaldı ki, balalarını əzib tələf etsin. Parçalanmış sinəsindən necə döyündüyü görünən ürəyi sanki köksündən çıxmaq istəyirdi. Körpələrin yenidən başlanan səs-küyünə əhəmiyyət vermədən bir təhər boynunu döndərib gözləri ilə ölümlə üz-üzə qoyub gəldiyi yarısını axtarmağa başladı. İndi döyüş bir az da uzaqda gedirdi. Atanın zəiflədiyi açıq-aşkar hiss olunurdu. Başı və sinəsi al qana boyanmışdı. Ana öz məhəbbətini ölümlə üz – üzə qoyub yuvaya gəldiyinə peşiman idi. Ürəyindən canı bahasına atanı xilas etmək, əgər bacarmasa, heç olmasa, birlikdə ölmək keçdi. Amma biçarənin nəinki ora uçmağa, heç yuvada yerini rahatlamağa da taqəti qalmamışdı. İndi onun əlindən öz sevgilisinin necə qəddarcasına öldürüldüyünü seyr etməkdən başqa heç nə gəlmirdi.

Ata leylək müsibətini ananın görməməmsi və qartalın onu öldürəndən sonra yuvaya hücum etməməsi üçün düşməni oradan uzaqlaşdırmağa çalışırdı. Onlar bir qədər də çarpışdıqdan sonra leylək imkan tapıb qartaldan aralandı və sürətlə meşəyə tərəf uçmağa başladı. Düşmən onu təqib edirdi. Hər ikisi səmada bir neçə dövrə vurduqdan sonra meşənin arxasında gözdən itdilər…

Ana bir müddət gözlərini qartalın yəqin ki, sonuncu həmləni etmək üçün sürətlə aşağı şığıdığı yerdən çəkmədi. Həmin anlarda o öz sevimlisinin ölümə necə təslim olduğunu hiss edirdi…

Hava artıq qaralmışdı. Ana indi nə öz parça-parça olmuş bədəninin ağrısını hiss edir, nə də acından qışqırışıb haray salan körpələrin səsini eşidirdi. Heysiz qanadlarını yuvanın dövrəsinə dolamışdı ki, ölsə balaları kimsəsiz qalıb yerə yıxılmasınlar. Göz qapaqları daha sözünə baxmırdı. Çox keçmədi ki, onlar nigaran baxışların zilləndiyi, ay işığında ağaclarının ucqar budaqları nəzərə çarpan qaranlıq meşəni görünməz etdilər…

…Körpələrin vahiməli çığırtılarına birtəhər gözlərini açanda artıq hava işıqlaşmışdı. Atanın qayıtmadığını görüb yenə də ümidlə meşəyə tərəf baxdı. O tərəflərdənsə səs-səmir gəlmirdi. Uçmaq istədi. Bəlkə yaralıdır, ona görə qayıda bilmir. Gedib baxım…

Qanadları sözünə baxmırdı. O qədər heysizləşmişdilər ki, indi onlar da bir yük idi ana leyləyə. Bir tərəfdən də çoxdan görmədiyi təkgöz tülkünün ağacın altına peyda olması tənhalıq istirabını artırırdı.

Yadına ötən günlər düşdü. Qış uzunu yaralı sevgilisinə qulluq etməsi, ona və yumurtalara keşik çəkməsi, hər gün qanlı ov əti tapıb gətirməsi və nəhayət, hər axşam ay işığında şıltaqcasına sevişmələri……

Yerlə göyün arasında – günəşin altında, tənha qovaq ağacının üstündə ana leylək can verirdi. Günəşin istisi, acından çığırışan balalar və ağacın dibində yerini rahatlayıb mürgüləyən tülkü ölümü daha da cansıxıcı edirdi. Birdən-birə bu qədər iztiraba dözmək məcburiyyəti onu dünyanın ən yazıq varlığına çevirmişdi. Özünə gəlib körpələrə qida tapmaq üçün ona xeyli vaxt lazım idi. Balalarsa artıq yetərincə gözləmişdilər. Heç olmasa, sonuncu uçuşda meşədə canavarın çənəsinin altından qaçırdığı ət parçasını onlara çatdıra bilsəydi. Qartalın caynağından qurtulanda yuvaya uçmazdan əvvəl onu götürməyə cəhd eləsə də yerdən qaldırmağa gücü çatmamışdı. Elə sinəsini parsalayan ilk zərbəni də əti dimdiyindən buraxmaq istəmədiyi üçün almışdı…

Körpələr artıq heydən düşmüşdülər. Çığırtıları xeyli zəifləmişdi. Gözləri yarıyumulu olsa da, ağızlarını açıq saxlayaraq yem gözləyirdilər. Başqa çarə yox idi. Ana var gücünü toplayaraq qanı hələ də tamam qurumayan parçalanmış sinəsini körpələrin dimdiklərinə sürtməyə başladı. Qan iyi balalara yaxşı tanış idi. Burunlarına dəyən kimi gözlərini açdılar. İki günün aclığı onlara nə yediklərinin fərqinə varmağa macal vermədi. Ətə öyrəşmiş körpələrin beşinin də dimdiyi birdən sancılırdı ananın sinəsinə. Hər zərbədə leyləyin ağrıdan içinə qan gəlmiş gözlərinin bəbəkləri bir az da böyüyürdü. Balalarının xeyli böyüdüklərini indi anladı. Onların belə qüvvətli olduqlarını heç ağlına da gətirməzdi…

İndi ananın qanı daha çox yerdən axırdı. Ağrının şiddətləndiyini hiss edib başını meşəyə tərəf çevirdi. Getdikcə torlaşan gözlərini ağacların arxasına – atanın onları xilas etmək üçün qartalı ardına salıb apardığı tərəfə zillədi. Ara vermədən ətindən ət qoparılırdı. Amma artıq bunun fərqində deyildi. Baxışlarını yarını  sonuncu dəfə gördüyü tərəfə tuşlayıb xöşbəxt günlərini xatırladı. Gözlərindən qırmızı su axırdı. İndi onunçün bir az rahat idi…

Müəllif: İlqar RƏSUL

 

0 şərh