Şahid (hekayə)

Mavi rəngli «Jiquli»-nin uşağı necə vurduğunu gördü.  Zərbə uşağı yolun kənarındakı divara çırpdı, qayıdıb ağzı üstə arxın içinə yıxıldı. Sürücü maşını saxlamadan dönüb arxa şüşədən geri  baxdı, dəhşətdən sifəti əyilmişdi. Maşının nömrəsini, əyilən eybəcər sifəti yadında saxladı. Polislər, təcili yardım maşını gələnə artıq uşaq artıq ölmüşdü. Polis soruşur, uşağı vuran maşını kimin gördüyünü xəbər alırdı. Dayanacaqda onlarla adam var idi,  ancaq hamısı da bir ağızdan görmədiklərini deyirdilər. Gözlərinin qarşısında uşağı vurub öldürmüşdülər, qatil qaçıb aradan çıxmışdı, ancaq  kimsə polisə yardımçı olmaq, qatilin tapılmasına kömək eləmək istəmirdi. Tfu sizin sifətinizə, ürəyində adamları söyürdü, necə adammış bunlar?! Uşağı vuran maşını gördüyünü, nömrəsini də yadında saxladığını  dedi. Polis kapitanı onu xeyli təriflədi,  birlikdə şöbəyə getdilər, orda  da rəis  vurğunluqla tərifləyirdi, nə qədər sizin kimi mərd, qorxmaz insanlar var, yaşamağa dəyər. Halal olsun, sən də sussaydın  qatili tapa bilməyəcəkdik! Tərif canına yağ kimi yayılır, ancaq rəisin tez qurtarmasını arzulayırdı, avtobusa gecikəcəyindən qorxurdu. Rəis tərif üçün dilimizdə olan bütün xoş sözləri, – tərslikdən dilimizdə belə sözlər qədərindən artıqmış, – deyəndən  sonra kimliyini, nəçiliyini, haralı olduğunu soruşub yazdı və dedi:

- İndi keçək əsas mətləbə? Maşının nömrəsi?
- V 31 – 31 AQU! – dərhal dedi.
- Qoçum! – rəis məmnunluqla dedi. – Maşının rəngi, markası?
- Mavi rəngli «Jiquli»ydi. Sürücüsü enli kürək, yekə baş, eybəcər sifət brisiydi.
Rəis soruşur, onun bütün bildiklərini təfərrüatına qədər öyrənirdi. Yalnız bundan sonra onu buraxdılar, rəis, get, elimin qəhrəman oğlu, dedi, lazım olanda yenə çağıracağıq.
Qəhrəman oğlan getdi, ancaq yenə də çağrılacağına işarə qəlbində şübhəli duyğular oyatdı, hər nəydisə  daha bura gəlmək istəmirdi, tükənməyən sorğular, xüsusi ilə də əvvəlcə canına  yağ kimi yayılan təriflər, sorğu-sualın sonuna yaxın onu bezdirmişdi. Yenidən o sıxıntılı anları yaşamaq istəmirdi.

Ürəyinə damdığı kimiydi, avtobus getmişdi, artıq gün əyilirdi, kəndə piyada getsəydi qaranlığa düşəcəkdi, azından iki saatlıq yol idi, bir qədər düşünəndən sonra sonuncu pulunu verib kəndə taksiylə getdi. Arvadı hirslənmişdi, bunun işinə bax,  taksiylə gəlir. Rayonda nə ölümün var idi ki, avtobusa gecikəsən? Arvadı başa salmağa cəhd eləyirdi, arvadının isə heyrətdən gözləri geniş açılmışdı.

- Sən neylədin? -   şübhə ilə soruşdu.
- Gördüyümü dedim!  – qürurla dedi.
- Demək, sən ağıllı çıxdın? Hamı başdan xarab oldu, bircə sən ağıllı oldun?
- Bəs necə! Rəis də məni təriflədi, Vətənin qəhrəman oğlusan, dedi!

Bu arvad, bu başı batmış əsdi, sovdu, coşdu, nərildədi, onu maymaqlıqda, gicbəsərlikdə günahlandırdı. Ay qoyun, deyirdi,   ağlın yox idisə, niyə evlənirdin? Arvad-uşaq nəyinə lazım idi? Ot çalımının vaxtıdı, sən orda izahat verəcəksən,  otunu kim çalacaq, buğdanı kim biçəcək? Bitdin sən, batdın, özü də əlli-ayaqlı, nəfəsini kəsməyincə  əl çəkməyəcəklər.

Başını tutub evdən çıxdı,  dəryazları götürüb döydü, itilədi, yabaların sapını bərkitdi. Çölə gedib ota baxdı,  ot yetişirdi, yetişən yoncaların, istidən öləziyən qoyun qıranların, utancaq kənd qızları kimi yaşıl otların arasından boylanın çobanyastıqlarının qoxusu adamın başını gicəlləndirirdi. Sabahdan çalmağa başlayacaqdı. Bu il ot bol idi, vaxtında çalıb yığa bilsəydi, qışda yem axtarası olmayacaqdı. Yalnız arvadı yatandan sonra evə qayıtdı.

Səhərisi otu çalmağa başladı, işlək adamdı, kənddə hamıdan qabaq otu biçər, yığıb tayaya vurardı. Qollarını geniş açıb dəryazı fırlayır, iti dəryaz yetişmiş otu qəlbə rahatlıq gətirən xışıltı ilə biçir, biçilən otun qoxusu ona aşkarca ləzzət verirdi, ən çox sevdiyi qoxu  ot qoxusu idi, ot biçildikcə də qoxusu çölə-düzə yayılır, uzaqlardan belə duyulurdu.

Ot sahəsi qonşusunun biçənəyi ilə yanaşı idi, qonşunun arvadı çay gətirmişdi, əl eləyib onu da çağırdı,  dəryazı biçilmiş otun üzərinə qoyub getdi. İrəlilədikcə otdan  yuxarı qalxmış vələmirlər sanki əyilib ona yol verir, ayağı altından pırıltı ilə qalxan torağaylar havalanır,  şən nəğmələrini oxuyurdular. Vələmirləri, xəşəmbulları sığallayır, torağaylara əl eləyir, qəlbinə yaz çölünün sevinci, fərəhi dolur, ot qoxusunu acgözlüklə ciyərlərinə çəkirdi.

Qonşu da eyni ilə arvadı kimi düşünürmüş, onun rayon mərkəzində neylədiyini eşidəndə başını yırğaladı, qoyunluq eləyibsən, dedi.
- Qoyun  özünsən! – əməlli-başlı hirsləndi. – Səndən fərqli olaraq rəis mənim qəhrəman, vətənpərvər olduğumu deyirdi.
- Onların dili başqadı axı. Adama qəhrəman deyirlərsə, demək, qoyun olduğuna işarə vururlar. Oğru, qoyun olduğunu deyirlərsə, demək, zirək, qəhrəman olduğunu demək istəyirlər.
- Onlar ayrı millətdilər? – inamsızlıqla soruşdu.
- Eyni millətik, dilləri ayrıdı. Sonrası da sənin üçün belə vacibdisə, iş-gücünü görüb qurtarar, sonra gedib şahidçiliyini eləyərdin.

Qonşuydu, baxanda  pis də adam deyildi, ancaq eyni ilə arvadı kimi danışması ovqatını büsbütün korladı. İçə bilmədi  əbləhin çayını, ayağa qalxıb öz sahəsinə getdi, qonşu arxadan çağırsa da, cavab vermədi. Dilxor idi, daha nə vələmirlər, nə də  əbədi və əzəli nəğmələrini oxuyan torğaylar ona sevinc, fərəh bəxş eləmirdi, ot qoxusu da yoxa çıxmışdı. Gərək durub baxırmış, o biri nakişilər kimi səsini çıxartmırmış, uşağı vurub öldürən qatil də azadlıqda gəzirmiş?! Tfu, sənin sifətinə!

İncimiş arvadı onun üçün çay gətirməzdi, itburnu kolunun kölgəsində qoyduğu səhəngdəki suyu isə bürkü qızdırmışdı, ilıq idi  və  ilıq sudan içdikcə qonşuyla çay içmədiyinə görə heyfislənirdi.

İkinci gün günortaya yaxın bir polis gəldi, rayondan bura kimi piyada gəlmişdi. Yaya qovuşan yazın istisi, uzun tozlu yollar onu əldən salmiışdı. Alnında tər muncuqlanmışdı, köynəyi tərdən islanıb bədəninə yapışmışdı, islanmış saçlarına, kipriklrinə qonmuş toz onu şaxtababaya oxşadırdı, deyinirdi və deməyindən belə çıxırdı ki,  bu qədər əziyyət çəkməsinin səbəbkarı o imiş, heç yerdən  zavallı polisi şərə salmışdı.

- Oturmursan yerində! Özünü də zibilə salırsan, bizi də. Gedək, rəis çağırır.
- Nə…ə? – qulaqlarına inanmadı.
- Karsan?! Şöbəyə getməliyik.
- Ağlını itiribsən?! – qızğınlıqla deyirdi.  – Ot yanır, üç-dörd günə çalıb yığmasam, yanıb külə dönər. İndi hər dəqiqə hesabdadı.
- Burda ağlını itirən birisi varsa, o da sənsən! – polis onun başına qışqırdı. – Başımı ağrıtma, düş qabağıma! Ot-filan yanmır, mən yanıram, əyər bir az da çərənləsən, səni də yandıracağam, görəcəksən yanmaq nə olan şeydi!

Belə deyib əlini yanından sallanan tapançanın qoburuna vurdu. Neyləyə bilərdi, getməliydi. Polis  ona evə gedib paltarlarını dəyişməyə də icazə vermədi, qatdı qabağına, düzəldilər yola.

Yol tozlu idi, yeridikcə ayaqları altından   qalxıan toz şalvarının balaqlarını, üst-başlarını boz rəngə boyayırdı. Ürəyi arxada qalmışdı, ot yetişmişdi, aşağıdan qonur rəngə çalırdı, bir azdan bərkiyəcək, kobudlaşacaqdı, belə otun dadı olmur, qışda mallar həvəssiz yeyirlər. Gedir, ot sahələrindən, biçənəklərdən tozlu yola doğru əyilmiş çobanyastığı ləçəklərini sığallayır, qəlbindən qara qanlar axırdı. İndiyə kimi əhəmiyyət vermədiyi çobanyastıqlarından, qoxusu ilə adamı sərxoş eləyən alayoncadan, lap elə adicə qalğandan ayrılmağın onun üçün belə çətin olasağını  təsəvvür eləməzdi.

- Tez qayıdaram? – çəkinə-çəkinə soruşdu.
- Bəlkə heç qayıtmadın! – polis nifrətlə dedi.
- Necə yəni? – cürətsiz halda mızıldandı. – Ot yanır axı.
- Sənə deyildi axı, yanan mənəm! – polis yolun ortasında dayanıb qışqırırdı. – Sən əbləhin ucbatından yanıram! Tüstüm çıxır!

Rayon mərkəzinə çatana kimi daha bir kəlmə də kəsmədilər,  yorulmuşdular,  danışası halları  yox idi. Qəsəbəni iki yerə bölən dağ çayında  yuyundular, su ilıq olsa da, ləzzət verirdi. Çayın sahilindəki qoz ağacının kölgəsində oturub dinclərini aldılar və şöbəyə getdilər.

Rəis yox idi, bu onu lap dilxor elədi. İşini tez qurtarıb kəndə gedən avtobusla qayıtmaq istəyirdi. Gecə də olsa, ay işığına otu çalacaqdı. Sanki köz üstə oturmuşdu, vurnuxur, qapıya, rəisin gələcəyi səmtə doğru tez-tez boylanırdı. Dözə bilməyib növbətçidən soruşdu:

- Gəlmədi?
- Yum ağzını! – növbətçi leytenant onun üstünə çımxırdı.
- Ne…ecə?! – inamsızlıqla səsləndi. Onu burda qəhrəman kimi qarşılamışdılar, kiminsə onunla belə rəftar edəcəyini, başına qışqıracağını gözləmirdi.
- Canına dərd!  Gələndə görəcəksən də!
Leytenantın sifətindən zəhər yağırdı və o daha nəsə deməyə, etiraz eləməyə cürət eləmədi. Səbrli olmağı qərara aldı, burdan nə qədər mümkünsə tez çıxıb getməliydi.
Rəis gecədən bir qədər keçmiş gəldi. Onun şikayətlərinə, otun yetişib yanmasına, yağış yağacağı halda çürüməsinə sifətini turşudaraq qulaq asdı, onu tərifləmədi, əksinə, məzəmmətlədi:  «Sənin üçün insan taleyi otdan ucuzdu? Ot yanacaq, qışda iki qotur dana öləcək deyə  şərəfli işimizi davam elətdirməyək?»
- Hansı işimizi?  – qulaqlarını şəklədi.
- Şərəfli!
Rəis qışqırdı, nəsə demək istədi, ancaq əlini yellədi. Kassanı açıb axtardı. Mavi cildli bir qovluq çıxarıb qoydu stolun üstünə. Qovluqdakı kağızları vərəqləyir, oxuyürdü.
- Demək belə, – nəhayət dilləndi.  – Deyirsən mavi rəngdəydi?
- Nə?
- Jiquli! Nədən söhbət eləyirik?!
- Hə, maviydi! – tələsik təsdiq elədi.
- Bəlkə yaşılmış?
- Ya…aşıl? – heyrətlə içini çəkdi.
- Hə. Mavi rəngdə bu rayonda maşın yoxdu. Yəqin qarışdırırsan.  Daltoniksən bəlkə? Bir yaxşı fikirləş.
- Axı…- yenidən o anı gözləri önündə canlandırırdı, maşın gedirdi, ancaq maşının rəngini görmürdü. Yamyaşıl otlar dalğalanırdı gözləri önündə, biçənəklərdə otlardan  yuxarı qalxan  vələmirlər yırğalanırdı. – Bəlkə də yaşıldı, – dedi.
- Bəlkə?! – rəis necə qışqırdısa, dik atıldı, yamyaşıl otlar vəvələmirlər yoxa çıxdı, yarı tutqun otaqdaydı, divar boyu düzülmüş mebellər tutqun şəfəqlə parıldayırdı. Mebellərin əhatəsində oturmuş adam  bağırırdı. -      Bəlkəylə  kimin yaxasından yapışa bilərik. Bizə dəqiq lazımdı, yaşıl, ya mavi?
- Yaşıl, – tərəddüdlə dedi, rəis rayonda mavi rəngdə maşın olmadığını deyirdisə, demək, yaşılmış.
- Huşsuz qarğa! – rəis bir daha onu məzəmmətlədi və dedi, gedə bilərsən.

Gecədən xeyli keçmişdi, qəsəbədə  dost-tanışı, gecələməyə yeri yox idi, pulu olmadığından qonaq evinə də gedə bilmədi və  kəndə qayıtmağı qərara aldı. Aylı-ulduzlu gecəydi, hava sərin, ətirli olduğundan tozu da hiss eləmirdi. Yolun kənarındakı kollarda bülbüllər oxuyurdu, arabir yol boyunca sərin meh əsir, meh  vələmir,   yonca qoxusu gətirirdi.

Gecə yarısı  kəndə çatdı, birbaşa biçənəyə gedib biçilmiş otun üzərinə uzanaraq yatdı. Dan yeri söküləndə oyandı, ayaqları sızıldayırdı, gecənin nəmindən, rütübətindən bədəni keyimişdi. Ayağa qalxıb dəryazı götürdü, nəm torpağın üstüylə xışıltı ilə sürüşən dəryazın səsi, biçilən otun qoxusu burnuna dəyən kimi də ağrı-acısı canından çıxdı, hər şeyi unutdu. Qollarına yenidən güc gəldi, gücü, enerjisi aşıb daşan həmən adamdı, gün doğana qədər artıq qonşunun çaldığı qədər ot çalmışdı.

Dünənki yemək bağlaması, səhəngdəki su  itburnu kolunun dibindəydi, çörək qurumuş, su qoxusunu itirmişdi. İştahası olmasa da, özünü yeməyə məcbur eləyirdi, yeməsə, işləyə bilməyəcək, qolları  gücdən düşəcəkdi. Sahəyə gələn qonşusu ona, biçilən sahəyə təəccüblə baxırdı,  əlini yelləyirdi, yəni  bunu haçan biçibsən? Cavab vermədi, öz işindəydi, dəryaz   səliqə ilə çalır, yerdə bircə dənə də ot qalmır, vərlər arası məsafə, vərlərin qalınlığı da eyni olurdu, elə bil xətkeş qoyub ölçürdün. Gün qalxıb hava qızanda qonşusu onun yanına gəldi, heyrətini gizləyə bilmirdi. Sən ot çalmırsan, baş qırxırsan. Sənə baxandan sonra  ot çalmaq gözümdən düşür. Başqa yerdən gəlib baxan olsa elə bilər sən otu dəryazla çalıbsan, mən isə əlimlə yolmuşam.

Bir azdan qonşunun arvadı çay gətirdi. Nazik güllü çit don geymiş gənc qadının boyun-boğazı gündə yanıb mis rəngi almışdı, saçını sancaqlayıb arxaya vermiş, qıçlarına, topuqlarına çobanyastığı ləçəkləri yapışmışdı, təzəcə biçilmiş ot vərinin üstündə oturdu, uşaq kimi əsmə çiçəyinin saplağını ağappaq dişləri arasında oynadır, gülümsəyirdi. İlahi, bu qadın necə də gözəl idi və nə qədər boylanıb baxsa da biçənəkdə bu qadından daha gözəl olan bir gül, çiçək görə bilmirdi. Qəlbində həsəd hissi baş qaldırırdı, arvadı onun üçün çay gətirsəydi, beləcə biçilmiş otun üzərində oturub gülümsəsəydi, bəlkə  bu qadından da gözəl görünərdi. Belə gülüş, qayğı ona dünya bəxş elər, gecə-gündüz ot çalar, yorulmazdı.

Çay içəndə söz arası qonşusundan soruşdu:
- Sən onların dilini bilirsən?
- Kimlərin? – qonşüsü şübhə ilə soruşdu.
- Polislərin.
- Az-maz, belə də…
- Huşsuz qarğa nə deməkdi?
- Yəni sənə hiyləgər olduğunu demək istəyiblər! – qonşu inamla dedi. -
- Bəs daltonik?
- Bu yəni…- qonşusu başını qaşıdı. – Hə, axmaq adama belə deyirlər.

Heç nə başa düşə bilmirdi, qəhrəman, vətənpərvər olduğunu deyən rəis niyə birdən-birə onun fırıldaqçı, axmaq olduğu qənaətinə gəlmişdi. Bəlkə heç qonşu onların dilini bilmirdi, özündən uydururdu. Hər nəydisə  qəlbində şübhə baş qaldırmışdı,  tərəddüd içindəydi, indi əvvəl olduğu kimi haqlı olduğunu düşünmürdü.

İki gün də ot çaldı, üçüncü gün gədikdən dolanıb tozlu yolla  gələn polisi görəndə ürəyi düşdü. Onu aparmağa gəlirdi, başqa kimin üçün gələcəkdi? Dəryazı bir tərəfə atıb sürünə-sürünə otluğun qalın yerinə getdi, təsərrüfat adamıydı, otları əzib yerə yapışdırdığına görə ürəyi ağrıyırdı. Yerə yatan ot dəryaza gəlmir, çürüyürdü. Başını çobanyastığı kolunun içinə soxmuşdu. Üzünü bərkimiş gövdəyə sürtür, çiçəyə yalvarır, kömək umurdu. Neçə ildi bir yerdəyik, hər yaz bir-birimizi görür, salamlayırıq. Gizləyin məni, verməyin bunlara, yoxsa məhv olarıq, mən də, siz də.

Polis gəldi, baxdı, onu görməyəndə heyrətlə çiyinlərini çəkdi, tapançasını çıxarıb sağa-sola atəş açdı. Sükut içində uyuyan yaz çölü diksindi, torağaylar havaya qalxıb həyəcanla qışqırışdılar, nə vaxt ayağa qalxıb qorxa-qorxa əllərini başı üzərinə qaldırmasından xəbəri olmadı. Polis razı qalmışdı, tüstülənən tapançasını qoburuna qoyurdu, yenə də tər-sü içində idi, tozdan bomboz bozarmışdı.

Qonşu onu məzəmmətləyirdi. «İşi görürsən, başını da qorxaq dovşan kimi  otların arasına soxursan. Sənin ucbatından qırmışdı bizi. Arvadım az qala dəli olacaqdı».

Yalnız indi baxıb biçilmiş vərin üzərində dayanan qadını gördü, rəngi ağarmışdı, bu gün saçlarına sancaq vurmamışdı, külək çiyinlərinə səpələnmiş saçlarını oynadır, donunun ətəklərini yelləyirdi.
- Mən orda şərəfli iş görürəm, – rəisin dediklərini xatırlayıb özünü müdafiə eləməyə cəhd göstərdi.

- Necə? – qonşunun ağzı açıla qalmışdı.
- Şərəfli!
- Orda şərəfli iş görmürlər, yəni o getdiyin yerdə, – qonşu əl çəkmirdi.
- Bəs nə iş görürlər?
- Məni də şərə salmaq istəyirsən? İki gündən bir ora cuman sənsən, nə iş gördüklərini sən bilərsən.

Boğazını tutan qəhər sözünü deməyə imkan vermirdi. Qonşu, Allahdan qorx, ora cuman kimdi? Görürsən, yəni öz gözlərinlə görürsən ki,  heç yerə cumub eləmirəm. Məni aparırlar, zorla aparırlar. Qardaş, məni aparırlar!

Yenidən düşdülər tozlu yola, arxada ətirli yaz çölü, saçlarını külək oynadan gənc qadın, irəlidə isə tutqun, yad qoxular qoxuyan polis şöbəsi, cansıxıcı, dəhşətli sorğular. Müqəddəs Azərbaycanın kəndlisi üçün bu çiçəklərdən, bu çöldən ayrılmaqdan çətin, əzablı heç nə ola bilməzdi! Biçənəyin kənarında dönüb geri boylandı, dağlardın əsən sərin meh çölü xəfifcə dalğalandırırdı, qonşunun arvadı hlə də vərin üzərində dayanmışdı, külək onun saçlarını oynadırdı…

Başa düşə bilmirdi,  belə vacibdisə, bir maşın tapıb göndərə bilməzdilərmi? Bunu polisə deyəndə polis ağzını ayırıb at kimi kişnədi, qarnını tutub gülürdü. Demək, könlündən keçir sənin üçün maşın göndərsinlər? Va..ah! O qədər sənin kimilərimiz var, hərəsi üçün bir maşın göndərsək, rayonda maşın qalmaz.

Rayona çatdılar, bu dəfə rəis yerindəydi, ancaq onu dindimək əvəzinə hansısa xırda-para işlərlə məşğuldu. O təkid eləyir, tez-tez növbətçinin yadına salırdı. Mən tələsirəm axı, orda ot yanır, əldən gedir. Bu insafsızlıqdı! Növbətçi isə başını qaldırıb onun üzünə baxmadan «Sakit ol!» deyirdi. O bir az susur, ancaq dözə bilmir, yenidən növbətçiyə yaxınlaşırdı. Qardaşım, necə sakit olum, axı orda ot yanır.

- Demək olmursan? – növbətçi soruşdu.
- Nə olmuram?
- Sakit!
- Qardaş, ola bilmirəm. Ot yanır axı!
- Olarsan! – növbətçi   nərd oynayan iki natarazı çağırdı. -  Sakit ola bilmir, – dedi.

Bir göz qırpımında onu hop götürdülar, qolunu-qıçını belə tərpətməyə imkan verməyib möhkəmcə əzişdirdilər. Sanki yumruqla yox, daşla vururdular, daş yumruqlar incidir, yandırırdı. Bəs qədər vurandan sonra  gətirib növbətçi otağındakı divanın üstünə atdılar. Bədəni sızıldayır, artıq bu qənaətə gəlirdi ki, başını cəncəl işə salıb. Gərək o da dayavnacaqdakı onlarla adam kimi heç nə görmədiyini deyəydi.

Yalnız axşam rəis onu qəbul elədi, narazı görkəmi var idi. Vətənə, xalqa xidmət göstərməkdən axırıncı əclaf kimi boyun qaçırırsız. İki dəqiqə gözləməyə səbriniz çatmır.

- Mən gözləyirəm, – qorxa-qorxa dedi, – ot gözləmir.
- Heyvərə! – gözlənilmədən rəis bağırdı. – Sənin üçün ot belə mühüm işdən vacibdi?!
- Yo…ox, – mızıldandı, – elə də vacib deyil.

Rəis yenə də mavi cildli qovluğu çıxarıb stolun üstünə qoydu və mavi cildi görən kimi  də diksindi, mavi rəngli «Jiquli» gəlib dayandı gözlərinin önündə. O isə deyəsən keçən dəfə maşının rənginin yaşıl olduğunu demişdi. Desinmi buna  səhv eləmişəm, maşın mavi rəngdəydi? Ürək eləmədi, bədəni hələ də sızıldayırdı, ağrı-acısı keçməmişdi, Sonrası da nə fərqi, yaşıl, ya mavi?

- Deyirsən 31-31 -di? – rəis soruşdu.
- Hə, – təsdiq elədi.
- Yanılmırsan?
- Yo..ox! – dərhal dedi, ancaq səsindən tərəddüd elədiyi aydın hiss olunurdu.
- Bəlkə 31-32-di?
- Yo…ox.
- Bir də fikirləş! – rəisin səsində soyuqluq, bədənə üşütmə salan  amansızlıq var idi.

Yenidən o anı gözləri önündə canlandırmağa çalışır, ancaq bir şeyə nail ola bilmirdi, maşının arxasındakı nömrə dəqiq görünmürdü. Bəlkə elə doğrudan da 31-32 imiş? İndi nə desin?
- Dəqiq xatırlamıram… Nəsə yadıma sala bilmirəm… – mızıldandı.
- Belə de…e! Neçə gündü tər tökürük, izə düşmüşük, bu isə xatırlaya bilmir. Dostum, bu sənlik deyi, xatırlayarsan. Əməllicə xatırlarsan!

Hansısa düyməni basdı, həmən iki nataraz gəldi. Rəis onlara: «Dostumuz xatırlaya bilmir, – dedi, – aydınlaşdırmaq lazımdı, dostumuz doğrudan xatırlamır, ya xatırlamaq istəmir?»  Natarazlar onu qamarladılar, qaldırıb divara söykədilər, altdan-yuxarı qarnına vururdular. Ona elə gəlirdi  vuranlar əllərini onun qarnına salır, bağırsaqlarını çölə çıxarırlar. Ağrıdan, sancıdan iki qat olur, ancaq natarazlar əl çəkmir, onu dikəldib təzədən vururdular.

- Xatırlayacaq! – nəhayət  onu buraxıb dedilər.
- Xatırladın? – rəis soruşdu.
- Hə, – dedi.
- Ay sağ ol! Neçəydi?
- 31-32.
- Məətələm sizlərin işinə, bizi dağa-daşa salmaq nə üçündü? Nə görübsən, onu de də.
Gecəni polis şöbəsində keçirdi, səhər onu yenidən rəisin yanına apardılar, indi də sonuncu hərfləri aydınlaşdırmaq lazım gəlirdi.
- Deyirsən AQU idi? – rəis soruşdu.
- Hə, – dedi.
- Bəlkə AQA imiş?
- Yox, AQU idi.
- Dəqiq?
- Hə.
- Mənə elə gəlir  sən əclaf yenə də nəyisə qarışdırırsan! – rəis qışqırdı və yenə də düyməni basıb həmən iki natarazı çağırdı.
Bu məni çox yorur, polislərə deyirdi. Nəsə dumanlı xatırlayır, fikri qalıb ot-alağın yanında, dərədən vurub təpədən çıxır. Qarışdırır bir sözlə.
Təzədən onu əzişdirməyə başladılar, lazım bildikləri qədər vurub buraxdılar.
- Xatırladın? – rəis soruşdu.
- Hə, – dedi, – AQA idi.
- Dərhal deməliydin, – rəis qaşqabağını tökmüşdü, – sənin kimi tipdən ötrü gör nə qədər əziyyət çəkəsi oluruq.

Onu günortadan sonra buraxdılar, başı hərlənir, yolu güclə yeriyirdi, yorğunluq, bədənindəki ağrılar onu əldən salırdı. Yaxşı ki, kəndə gedən avtobusa özünü çatdıra bildi. Oturacaqda oturub mürküləyir, həmkəndlilərinin salamına, suallarına qısaca cavab  verirdi. Danışmağa   taqəti, həvəsi yox idi.

Boşboğazlığı ilə məşhur olan sürücü şikayətlənirdi. «Şəkkinizi vurun, bizə pres bağlayanı ən axırda verəcəklər. Ona da ot çürüyəcək. Mən ona deyirəm, kişisən, belə eləmə, hörmətini də elərik, qulaq asmır. Neyləyim, durum qulağının dibinə ilişdirim, bir akt bağlayacaq, şahid də hazır, – geri qanrılıb onu göstərdi, – çəkəcək qolunu, əlli-ayaqlı gedəcəyəm».

Avtobusdakılar gülüşdülər, polisdə döyüləndə belə ağrımamış, inciməmişdi, sanki əbləh ürəyinə qızmar şiş batırdı, təpəsindən tüstü çıxdı. İstədi ayağa qalxıb sürücünü salsün yumruq altına, lap sonda fikrindən daşındı. İş gedib polisə çıxa bilərdi, o isə bir də ora getmək istəmirdi, görmək istəmirdi ordakı riyakar, qansız sifətləri.

Kəndin üstündəki gədikdə avtobusdan düşdü, yaz çölünün, yetişmiş otun qoxusunu duyduqca qəhərlənirdi, sanki illərlə ayrılmışdı bu çöldən. Gədikdən aşağı enən kimi də biçənəkdə ot çalan arvadını gördü, qadın dəryazı güclə fırlayırdı, onun qayıtmadığını görüb dözə bilməmişdi. Paltarları da, bədəni də əzik-üzük olmuş Azərbaycan kəndlisi,  mərd, namuslu, zəhmətkeş, əlinin  zəhmətiylə, halallıqla dolanan bu adam ağlayırdı. Göz yaşları tozlu kipriklərindən süzülür, yandıra-yandıra çənəsinə kimi axır, yolun kənarındakı çobanyastığı güllərinin üzərinə damcılayır, tozlu yola düşürdü.

Çatan kimi də itburnu kolunun dibindəki səhəngi götürüb başına çəkdi. Sərin suyu içir, su üz-gözüylə, çənəsiylə tüklü sinəsinə axır, içdikcə yanğısı keçir, sərinlənirdi. Dəryazı arvadından aldı, tapşırdı ki, axşamüstü yeməyini  büra gətirsin, bir dənə də odeyal, gecə çöldə qalacaq.

Çalmağa başlayanda dəhşətlə hiss elədi ki, əvvəlki kimi çala, qollarını geniş aça bilmir, dəryazın ağzına ot bir az çox yığıldımı, qolu qüvvədən düşür, böyründən, başından küt ağrı qopur, vərəmli xəstələr kimi alnını tər basırdı. Əclaflar onu adamlıqdan salmışdılar, bükülməyən, yorulmaq bilməyən qolları gücdən düşmüşdü. Arvadı sahədən uzaqlaşan kimi  biçilmiş otun üzərinə uzanıb dincini almağa başladı, töyşüyür, nəfəsini çiyinlərindən alırdı. Arılar yaxınlıqdakı itburnu kolunun ağ, cəhrayı çiçəklərindən şirə yığır,  şən səslə vızıldaşırdılar. Arılara həsəd aparırdı, öz iş-güclərindəydilər, kimsə onlara mane olmur, onları öz sevimli işlərindən ayırmırdı.

Qonşunun arvadı çay gətirmişdi, onu da səslədi, ayağa qalxıb getdi. Qadın ot qopnasının kölgəsində oturmuşdu, yenə də ağzında əsmə gülünün saplağını oynadır, gözəlliyi, yerə-göyə sığmayan yaşamaq eşqi, fərəhi ilə yaşamağa çağırırdı. Çiçəyin saplağını oynatdıqca  gülümsəyirdi.

Qonşusu deyirdi, sən  orda nə iş görürsən, olmaya daş daşıyırsan, əzgin görkəmin var, qocalıbsan elə bil. Cavab vermədi və birdən şöbədə rəisin onu dindirməsi yadına düşdü.

- Onların dilində «dostumuz» nə deməkdi?
- İş verən.
- O nədi elə?
- Yəni sən onlara iş verirsən, – qonşusu  əminliklə dedi, – sukalıq eləyib   ev  yıxırsan.
- Yalan deyirsən! – qışqırdı, qadının diksindiyini, heyrətlə onlara baxdığını görüb səsini alçaltdı. – Yaxşı, bəs əclaf nə deməkdi?
- Bu yaxşı sözdü, yəni səndən razı qalıblar, xoşlarına gələn adama belə deyirlər.

Başında hər şey bir-birinə qarışdı, bu kimi məsələlərdən baş çıxarmır, dolaşıb qalırdı.

Arvadı axşamçağı sərin ayran, şam yeməyi, odeyal gətirdi, Gedib səhəngi də aşağıdakı bulaqdan doldurdu. Qonşunu da çağırdı, sərin ayran içdilər, yemiş kəsdilər, oturub söhbət elədilər, ancaq qonşu gecə onunla sahədə qalmağa razılıq vermədi. Çöldə nə işim var, evimə-eşiyimə nə gəlib. Qonşuya haqq qazandırırdı,  gözəl, təbəssümü ilə adamın canına od salan arvadı onu gözlədiyi halda nəyə görə çöldə gecələməliydi?

Bədənindəki ağrılara, yorğunluğa baxmayaraq gecə yarısına kimi dəryaz çaldı. Süd kimi ay işığı, hava sərin, meh əsir, belədə dəryaz çalmaq ona ləzzət verirdi, Yalnız yorulub tamam əldən düşəndən sonra altına quru ot döşədi, odeyalı üstünə örtüb yatdı. Dan yeri sökülənə yaxın üşüdüyünü hiss edib oyandı, hava soyuq idi, yaz gecəsində dəfələrlə çöldə gecələmişdi, üstünə heç nə örtmədən ot  tayasının, biçilən otun  üstündə, çəmənlikdə uzanıb yatmışdı və nə vaxtsa üşüdüyünü xatırlamırdı. İndisə üşüyürdü, əzilmiş sümükləri, əzələləri sızıldayır, səhər mehi bədənini dəlib keçirdi. Ayağa qalxdı, üşütmə, titrətmə içində dəryazı götürüb çalmağa başladı, yalnız vəri başa çıxandan sonra üşütməsi keçdi.

Ot biçinin sonuna kimi onu daha iki dəfə çağırdılar, getməyəndə də arxasınca polis göndərir, zorla aparırdılar. Otu biçib qurtarsa da, yığmağa, tayaya vurmağa çatdırmadı. Yağışlar başladı və üç gün ara vermədən yağan yağış quru otu çürütdü. Yanıb qaralmış otun üzəriylə qəlb ağrısı ilə gəzir, otdan qalxan qapqara tüstüyə baxdıqca daha bu otun kara gəlməyəcəyini başa düşürdü.

Zəmisini biçməyə isə ümumiyyətlə imkan vermədilər, bir ayağı rayonda oldu. Rəisə yalvarırdı, nə deyirsiz yazım, nəyə istəyirsiz qol çəkim, ancaq məndən əl çəkin. Buraxın məni, otum yandı, zəmimi biçim heç olmasa. Rəis də ona növbəti dəfə hansısa sənədləri imzalatdırıb, səninlə qurtardıq, dedi, daha verdiyin izahatlardan qaça bilməzsən.

Küçəyə çıxanda  orta yaşlı bir qadın düşdü üstünə, qadın onu söyür, lənətləyirdi. «Allah balanı öldürsün, evini yıxsın! Niyə bədbəxt elədin balamı? Namusunu, vicdanını nesəyə satdın? Sənə pul lazımdısa, deyirdin, evimi-eşiyimi satıb verərdim!»  «Ay arvad, ay xala, əl çək məndən! Mən heç kimin evini yıxmamışam. Məni döyürlər, qanımı içirlər! Öldürürlər! Orda adamyeyənlər var, yeyirlər məni!» Arvadsa əl çəkmir, söyürdü,  başını götürüb qaçdı və yalnız kəndə gedən avtobusa minəndə arvadın dediklərinin mənası ona çatdı. Demək, onun sayəsində əsl qatilin  canı qurtarmış, bu işdən xəbəri olmayan günahsız bir adamı şərləmişdilər.

Qayıdıb gördü  buğda zəmisini biçməyə dəyməz, quşlar, mal-heyvan yemiş, sünbüllər  yetişib ovulmuş, buğda torpağa tökülmüşdü. Arvadı da çıxıb getmiş, qonşu qadına demişdi, gələn deyiləm, arxamca gəlməsin. Qadın bunu deyərkən gülümsəsə də, səsində, sifətində təəssüf var idi, halına acıdığı hiss olunurdu.

Məhkəmədə ona söz veriləndə ayağa qalxıb: «Cənab hakim! – dedi. – Uşağı vuran maşın V 31-31 AQU nömrəli, mavi rəngli «Jiquli»ydi. Sahibi ucaboy, yekəpər, yekə baş, eybəcər sifətli birisiydi. O izahatları polis şöbəsində məndən zorla alıblar, döyə-döyə! İş-gücdən ayırdılar, otu yığa bilmədim, zəmim biçilməmiş qaldı. Məni məhv elədilər, öldürdülər!» – Azərbaycan kəndlisi yüzlərlə adamın gözləri qarşısında ağlayır, işləməkdən kobudlaşmış, codlaşmış qabarlı əlləri ilə göz yaşlarını silirdi. Hakim rəislə mənalı tərzdə baxışdı, başını yırğaladı və məhkəmə iclasının təxirə salındığını dedi.

Kəndə qayıtdı, payız yağışlarından sonra təzəcə göyərməyə başlayan Azərbaycan çölündə uzanıb öldü.

Müəllif:
Aslan Quliyev
Yardımlı
 

0 şərh