Mən necə Polat Alemdar oldum?

Güzgünün qabağında durmuşdum. Özümə baxanda dedim, gör necə də Polat Alemdara oxşayıram. Nənəm demiş, elə bil bir almanın yarısıydıq. Həqiqətən də elə görünürdü. Onunla mənim aramda elə də böyük bir fərq yoxdu. Boylarımız eyni, bədənimizin quruluşu eyni, üzümüzün forması eyni. Allah bir baxıb iki dənə yaradıb. Daha nə olmalıdı ki? Yalnız kiçik bir fərq vardı, o da ki, mənim tapançamın olmamasıydı. Düzdü, bundan bir il əvvəl mənim də laqanım vardı, təbii ki, oyuncaq laqandan söhbət gedir. Ancaq bu oyuncaq silaha görə az qala məhlənin bütün uşaqları mənə düşmən kəsiləcəkdi. Səbəb isə bu idi ki, guya onları yaralamışam. Hamısı qaçıb anama şikayətə gəlmişdi, yalandan bədənlərinin bir yerini tutub ufuldayırdılar ki, anam inansın. Qonşu arvadlar da qıraqda durub mənə kinli-kinli baxırdılar, guya onların uşağını doğrudan qana bulamışam. Anamı da qızışdırmağa nə var, bir dəqiqənin içində alovlandı, az qala məni elə oradaca tapaşdayacaqdı, amma qolum onun əlinə keçəndə gözləri gülən Zərifə xala ona and verdi ki, məni döyməsin. Arvadın əli eləcə havada donub qaldı, amma qurşağıma keçirdiyim tapançanı çəkib aldı, hikkə ilə balkona keçib  tapançamı yeddinci mərtəbədən çölə fırıldatdı. Tapança yerə düşən kimi qırılıb parça-parça oldu. Həyətdəki balaca cırtdanlar o saat tapançanın qırıqlarını qapıb aradan çıxdılar.

Anam isə evdə hələ də deyinməyində idi. O, tapança ilə uşaqları qorxudub onların bağrını yarmağımı atama deyəcəyi ilə məni hədələyir, öz-özünə uşaqları sarıdan bəxtinin gətirmədiyindən gileylənirdi. Arada böyük qardaşım da mənə sataşırdı. Guya xalqın balalarından fərqli olaraq biz avara uşaqlardıq, dərs oxumaq yerinə sarsaq-sarsaq işlərlə məşğul olurmuşuq. Arvad susan kimi ilana ağı verən bacım araya keçir, bizim məktəbdəki işdəklərimizi anama çuğullayıb onu daha da qızışdırırdı. Məqsədi məni döydürmək idi. Amma anam and içdiyi üçün mənə əl qaldırmadı. Telefon çalanacan eləcə donquldandı.

Tapança almağımın tarixi beləydi ki, məhlədə Niyaz adlı bir  oğlan  həyətdə məni bir qırağa çəkib belindəki tapançanı çıxardıb göstərdi, dedi ki, gəl, sən də bundan bir dənə al, biz də “Kurtlar Vadisi”ndəki kimi özümüzə dəsdə quraq. Əvvəlcə onun zarafat elədiyini zənn edib güldüm. Ancaq o ciddi olduğunu deyəndə təəccübləndim və diqqətlə ona qulaq asdım. Niyaz dedi  ki, sən Polada çox oxşayırsan, mən də Mematiyə. Bu nə danışır? Məni yenə gülmək tutdu. Niyaz dedi ki, bu işdə gülmək olmaz, ya razı ol, ya da ki, adam kimi denən ki, istəmirəm. Mən onun bu sözünü eşidəndə artıq söhbətin həqiqətən də ciddi olduğunu anladım. Özünü Memati adlandıran Niyaz dedi ki, əgər sən razı olsan, biz bu işə böyükləri də cəlb edəcəyik. Əlavə elədi ki, əgər razılığın olsa, bu gündən bir-birimizə öz adımızla yox, kinodakı adla müraciət etməliyik. Sonda Niyaz —Memati nə eləməli olduğumuzu uzun-uzadı izah elədi. Mən  onu diqqətlə  dinləyəndən sonra Mematiyə dedim ki, bu işə mənim də adımı yaz. Memati elə bil ağzımdan çıxan bu iki kəlməni gözləyirmiş kimi cəld əlimi sıxdı və dedi ki, sabah mütləq tapança alım. Mən əvvəlcə həqiqi tapança zənn etsəm də, Memati dedi ki, yox bu şarikli tapançadır, yaxınlıqdakı dükanda satılır. O, sabah tezdən durmağımı tapşırdı və yolun o tərəfini keçdi. Xoşbəxtlikdən o gün məktəbdə bulku yemək üçün verilən pulu xərcləməmişdim. Həm də Polat Alemdar olmaq mənə  çox cazibəli görünürdü. Güllü, Abdulhey-zad olmaq təklif olunsa, yəqin bunu o saat rədd edərdim. Yaxınlıqdakı mağazaya cumub məni Polada çevirəcək tapançanı, şarikli güllələri aldım, saçımı Poladın saçı kimi qırxdırdım. Tapançanı qurşağıma keçirən kimi hiss elədim ki, artıq  Poladam. Elə o dəqiqə də tapançanı sınamaq qərarına gəldim. Həyətdə oynayan cırtdanların bir-ikisinə sıxdım, onlar güllə dəyən yeri tutub ufuldadılar, qorxaq uşaqlardan bəziləri isə hətta ağladı da. Cəsarətlənib qardaşımın oturub-durduğu yeniyetmələri də nişan alıb atdım. Onlar mənə bozarsalar da, hərəkətimə qardaşımın xətrinə görə dözüb bir şey demədiklərini, əgər bir də belə hərəkət etsəm, məni döyəcəklərini bildirdilər.
Polat işim pis başlamamışdı. Artıq Polat kimi “kabadayı” ədasıyla yeriyir, onun sözlərini işlədir, bəzən onun kimi kostyum-şalvar geyinir, güzgünün qarşısında özümə baxırdım.

Memati mənə demişdi ki, mütləq “baronluk” üzüyün olmalıdır, o olmasa sən Polat ola bilməzsən. Mən bu sözləri yadıma saldım. Evə gələndə atama dedim ki, mənə üzük alsın. O, bu üzüyün nəyə lazım olduğunu soruşsa da, heç nə demədim. Atam üzüyün neçəyə olduğunu soruşdu. Düzü, qiyməti bilmirdim, amma iki manatdan artıq olmaz ki? – deyə düşündüm. Atam əlini cibinə salanda göz eləyib anama işarə elədim ki, pulu onun yanında verməsin. Anam koridora çıxıb qonşularla söhbət eləyəndə atam pulu ovcuma basdı.
Bir azdan mağazadan bir manata aldığım dəmir “baronluq” üzüyü artıq barmağımdaydı. Nə isə, Polat olmaq üçün Mematinin dediyi  nə vardısa elə o axşamdan alıb bir tərəfə yığdım. Səhər tezdən durub silahımın maqazinini şariklə doldurdum və Mematinin yanına getdim. Memati əvvəlcə mənə nişan almağı öyrətdi. İlk olaraq  plastik butulkalara nişan alıb vururduq. Mematinin atdığı hər güllə hədəfə dəyirdi. Ancaq mənim atdığım bütün güllələr boşa gedirdi. Sonra Mematiyə – ”Ulan, – dedim, – sen bu işin uzmanı değilsin, bana Aslan amca gibi biri gerekiyor”. Biz oturub uzun-uzadı Aslan Akbəy olacaq yaşlı birisinin kim ola biləcəyini götür-qoy elədik. Qonşuluqdakı dəllək heç  bu işə yaramırdı. Qarpız satan da oğraşın biri idi, işi-gücü bizə içi kal qarpızları dürtüşdürməkdi. Mematiyə dedim, bu Nuru efendini cəzalandırmalıyıq, bu hərif millete kal, gübrəli karpuz yediriyor. Bir operosyona ihtiyac var. Memati: ” – Öyledir, usta, – dedi – bu herifin kafasına sıkmakdan kendimi güçle tutuyorum”. Elə oradanca qalxıb qarpız satan Nurunun yanına gəldik. O saçı xınalı bir arvada qarpız seçirdi. Silahlarımızı çəkib iki tərəfdən də Nuruya güllələr yağdırdıq. O, əvvəlcə qulağını cücü sancdığını zənn edib, qaldırdığı yekə qarpızı yerinə qoyub, əli ilə milçək qovurmuş kimi peysərini sığalladı. Kənarda dayanmış bayaqkı saçı xınalı xalanın üzümüzə qışqırması ilə Nurunun da bizi görməsi bir oldu. O əlindəki qarpızı yerə qoyub: – Ə, köpək  uşağı –deyib bizə sarı tərpənmək istəyəndə, mən “koş Memati” dedim. Biz dabanımıza tüpürüb aradan çıxdıq. Sonra binanın kölgəsinə çəkilib operasyonun niyə pis alındığını araşdırdıq. Memati: “ – Usta, – dedi, – biz iyi plan yapmadıq, ama bir dahaki sefere işimizi iyi tutmalıyız”. Münasib vaxtsa Nurunun maşından qarpız boşaltdığı vaxtdı. O vaxt oğraş işini yarımçıq buraxıb bizi təqib edə bilməz. Bunun üçünsə birinə ehtiyac var. O hər gün Nurunu izləməli, qarpız maşını gələndə bunu bizə xəbər verməlidir. Sonra təzədən butulkaları nişan qoyub atmağa başladıq. Çarə nə idi? Bu boyda şəhərdə bir Aslan Akbəyi haradan tapasan? Biz bir neçə gün elə bu qaydada məşq etdik. Artıq  hədəfləri vura bilirdim, o qədər ustalaşdım ki, hətta balaca bir butulkanı belə gözündən vururdum. Məşqlərimiz bitəndən sonra da biz boş dayanmır, hər gün bir-birimizlə atışırdıq. Bizim bir-birimizlə çatışdığımızı görən uşaqlar əvvəlcə bizə gülsələr də, sonradan mənlə Mematinin hərəkətlərinə heyran qalır, bizdən çəkinirdilər. Çoxu da çalışırdı ki, bizdən aralı dursun.
Bir neçə həftə belə keçəndən sonra Memati məndən soruşdu ki, sən “Kurtlar Vadisi”nə axıra qədər baxıbsan? Mən dedim ki, yarımçıq baxmışam. Bu sözü eşidən kimi Memati elə hirsləndi ki, belinə taxdığı silahı çıxarıb alnıma dirədi. O mənə dedi ki, əgər bu saat gedib o kinonu gətirib, hamısına baxmasan sənin başını deşəcəm. Mən bunun zarafat olduğunu bilsəm də, yaxamı qurtarmaq üçün başımı salladım və gedib prakatdan filmin disklərini alıb həmin gündən başlayaraq filmə baxmağa başladım. Bu kinoya mən əvvəllər heç düz-əməlli baxmamışdım. Kino çıxan vaxtı hamı ondan danışdığından mən demək olardı ki, ordakı hadisələri az-maz bilirdim. Sən demə, bu kino əla imiş. Və uşaqların, ümumiyyətlə, bütün məhlə sakinlərinin dediyinə dəyərmiş. Mən kinoya tam axıra qədər baxandan sonra Mematinin yanına getdim, o mənim kinoya baxmağıma sevindi və biz bu kino haqda mübahisə etməyə başladıq. Ordakı hərəkətləri təkrarladıq, orda deyilən cümlələri işlətdik. Yanımızdan keçənlər bizə tamaşa edəndə, gülməkləri gələndə Memati belindən tapançasını çıxarıb onlara tuşqunlayardı. Uşaqlar da tapançanı görəndə hay-küylə qaçışırdılar. Elə bil ki, onlara həqiqi silahdan vuracaqdılar. Memati dabana tüpürənlərin hamısını elə dəqiqliklə vururdu ki, onlar dovşan kimi tullana-tullana qaçırdılar. Uşaqlar bizdən aralananda Memati dedi ki, gedək Nazlı xalanın yanına onunla işim var. Mən razılıq əlaməti olaraq başımı tərpətdim.
Bu Nazlı xala kök, qara dərili bir arvad idi. Arvadın məhlədə tanımadığı adam, eşitmədiyi, görmədiyi bir hadisə yox idi. Məhlədə nə baş verirdi bütün cümbür-camaat onun başına yığışar, tam təfərrüatı ilə hadisəni bilmədən ordan ayrılmazdılar. Qiybət qırmaqda da Nazlı xalanın əlinə su tökən olmazdı. Hətta digər qonşu arvadların dediyinə görə, Nazlı xala məhlədə ən çox seriallara baxan adam idi. Əsas da Türkiyənin seriallarını daha çox sevərdi və hər gün bu serialların bölümlərini qonşu arvadlara danışardı. Baxmadığı kino demək olar ki, yox idi.

Biz ora çatanda Nazlı xala həmişə olduğu kimi koridorun başında oturub nəsə toxuyurdu. Memati ona yaxınlaşıb dedi:
– Nazlı xala, deyirlər, “Kurtlar Vadisi”nin təzə seriyaları çıxacaq.
– Doğrudan, bala, nə vaxt olacaq? Başdayanda mənə xəbər ver ha… Neçə vaxtdı təzə dizi çıxmırdı. – Nazlı xalanın gözləri işıldadı.
– Anam dedi ki, tamatı varsa, bir qab versin, sonra qaytararam. – Memati Nazlı xalaya gəlişinin səbəbini dedi.
– Hə bu saat – deyib Nazlı xala evə girdi, bir az sonra yarısı tamatla dolu qabla gəldi – Şeydi…, qabı tez gətir ha… Sonra yadınızdan çıxar…

Biz onun xassiyyətinə bələd idik. Nazlı xala məhlədə həm də ən xəsis arvad idi. Nə isə almağa gələnləri qapısından geri yollayar, deyərdi ki, qurtarıb. Halbuki məhlənin ən varlısı da elə o idi.
Həyətə düşəndə Memati dedi ki, artıq evə gedək. Biz sağollaşıb evə yollandıq.

Sabahısı gün Memati bir də gördüm ki, dörd adamla mənim yanıma gəlir. Uzun söz-söhbətdən sonra məlum oldu ki, bu dörd igid oğlan da bizə qoşulmaq istəyir. Onlardan biri çox zarafatcıl olduğundan onun Güllü olmasını, digəri kürd olduğundan ona Abdulhey, digər ikisinə də müvafiq olaraq Nevzat və Pürmüz adını qoyduq. Artıq altı nəfər idik.

Biz Halonu, yəni Halilibrahim Kaparı nə qədər axtarsaq da, onun kim olacağını tapa bilmədik. Ancaq məhlədə bir kişi ilə o çox oxşayırdı. Biz bir dəfə onun yanına getdik. Kişinin adı Murad idi. Məhlədə onu Alkaş deyə çağırardılar. Biz onu görən kimi Memati dedi ki “Alkaş, gəl, bizə qoşul, sən də Halo ol”. Bunu eşidəndə Alkaş elə hirsləndi ki, gəlgörəsən. Böyründəki boş araq butulkasına əl atması ilə onu bizə sarı fırıldatmağı bir oldu. Biz tez yan tərəfə çəkildik. Butulkalar onun evinin oboysuz divarlarına dəyib çilik-çilik oldu. Mən dedim ki, “Memati, bu şerefsiz, sık kafasına gidelim”. Memati bu sözümə bəndmiş kimi tapançanı çıxarıb güllələri ona yağdırdı. Alkaş güllə üstünə yağanda üstümüzə təpinib, bizi hədələməyə başladı. Elə bağırırdı ki, elə bil yarasına duz basmışdıq. Onun səsindən qulaqlarımız batdı, tez dabana tüpürüb ordan əkildik.

Biz dəstəyə yeni qoşulanlara silah almalarının vacib olduğunu söylədik. Həmin gün Abdulhey, Güllü, Nevzat və Pürmüz – hərəsi bir tapança alıb bellərinə taxdılar. Demək olar ki, artıq tam Polat Alemdarın dəstəsi kimi olmuşduq. Artıq hər şey hazır idi. Ancaq bizim dəstədəkilər kinodan fərqli olaraq məhəllədə kostyum, şalvarla dolaşmırdı. Ancaq hamımız qara paltar geyinirdik.
Səhərisi gün dəstənin bütün adamları məhləmizin qarşısındakı ağaclıqda mənə taxta parçalarından məkan düzəltdilər. İçəridə hər şey vardı: kreslo, yazı stolu, bir sözlə, kinoda nə vardısa bunun oxşarı eynən yan-yana düzülmüşdü. Mən Mematiyə: “ – Nerden buldunuz bu şeyleri?” – deyəndə o gülümsünüb dedi ki, “düşmənlərimizdən aldıq”. Mənim gülümsədiyimi görəndə o biri uşaqlar da dedilər ki, abi, hepsinin kafasına sıkdık. Bu dəfə də özümü saxlaya bilmədim. Gülməyimi görəndə Memati tərs-tərs mənə baxdı. Tez özümü ələ aldım və ciddi bir tərzdə Osmanlı ləhçəsiynən soruşdum:

– Bir ziyanımız yok ya?
– Ne ola bilir ki, abi – Abdulhey o tərəfdən dilləndi.
– Gittik bir tufan döndük, bir boran, usta – Memati tam ciddi halda dedi. “Usta” sözünü kinodan götürmüşdü, ikidə bir, yeri gəldi-gəlmədi, tutuquşu kimi bu sözü təkrarlayardı.
– Eyvallah, Memati! – dedim – Peki, Memati Çakır nerde?
– Usta, bilmiyor musun, Halit şerefsizi onu bir yıl önce öldürmüşdü – Memati kinonun irəlidəki seriyasında baş verən əhvalatı yadıma saldı.
– Şerefsizler!! – Abdulheylə Güllü eyni anda dilləndilər.

Onların bu sözlərindən sonra mən otaqda xeyli var-gəl edə-edə uzun bir nitq söylədim:

– Çakır şerefiyle öldü. Şerefsizlik en kötü şeydir. Aramızda kim eğer başka bir örgüte çalışıyorsa, şimdi desin. Yok, eğer ben yakalarsam onu nasıl bir işgence ile öldüreceyimi biliyorsunuz – Tapançamı stolun üstünə qoydum və təzədən: – Şerefsiz bir insan vatana ancaq zarar getire bilir. – dedim – Bu vatanın sizin gibi kahramanlara ihtiyacı var. Şunu hiç unutmayın, abisine ihanet eden, vatanına da ihanet eder. Ben size güveniyorum. Ama mutlaka bizim aramızda şu an bulunmayanlardan bazıları hain ola bilirler. Bizim işimiz bu hainleri tutup cezalandırmakla bitmez, biz o şerefsizleri öldürmeden önce iyice bir sorqulamalıyız ki, bakalım, bu işte başkalarının eli var mı? Onun için de bana sormadan bir de kimsenin öldürülmesini istemiyorum. Ne zaman ben emir veririm, o zaman siz yaparsınız.

– Usta, sana bi şey söylüyücem, sen bir kız bulmalısın – Memati bu sözüylə mənə Poladın Elif adlı sevdiyi olduğunu xatırlatmaq istəyirdi. Sanki ortada bir qızın olmaması Polat üçün yarımçıqlıq yaradır və bizi tam “Kurtlar Vadisi”ndəki kimi olmaqdan çıxardırdı.
Mən yarızarafatla dedim:
– Memati, benim kalbimde yalnız Elif olucak. Onun yerini kimse tutamaz, anladın mı beni?
– Ama usta, o artık yok.
– Elif daima var, Memati – İş zarafatdan çıxmışdı. Artıq Memati mənlə açıqca dilləşirdi. Mən bu söhbətin artıq mənasızlığını başa düşdüm və Mematiyə dedim. – Bu meseleni bağlayalım, şimdi siz çıkın benim Abdulheyle konuşulucak şeylerim var.
Hamı otaqdan çıxdı. Biz təbii ki, Abdulheylə istihbarat haqda danışacaqdıq. Ancaq burda bir şey var idi ki, hamı lap qabaqcadan kinonun məzmunundan mənim və Abdulheyin istihbarətda işlədiyimizi bilirdilər. Biz söhbətə başladıq.

Abdulhey:
– Doğu bəy seninle konuşmak istiyor – dedi.
– Kim Doğu bəy?
– Bizim mahalledeki Nazim dayı yok mu, o işte.
– Ne imiş konuşucağı şeyler?
– Seninle Kıbrıs, Karabağ mı ne mi bilemedim, ben anlayamıyorum siyaseti, ne ise, işte o meseleden konuşucakmış. Senin Polat Alemdar olduğunu Mematidən öğrenmiş ve o da bize koşulmak istiyor.
Nazim dayını tanıyırdım, uşaq fikirlərimə hörmət bəsləyəcəyini, bizə doğrunu öyrədəcəyini bilirdim. Nazim dayını bu işə cəlb edənin Memati olduğu ürəyimə dammışdı. Tez tapançamı belimə qoyub yola düzəldim.

Mən həyətə düşəndə gördüm ki, Doğu bəy – Nazim dayı öz butkasında oturub, damağına bir siqaret qoyub tüstülədir. “Doğu bəy” məhlənin ən qoca sakini idi. O bizə həmişə keçmişdə olmuş hadisələrindən danışar, maraqlı söhbətlər edərdi. Məhlənin hər yerini əlinin içi kimi tanıyırdı. Hansı mağazanı və yaxud da başqa bir yeri göstərsən, o, həmin yerin əvvəllər nə olduğunu yerli-yataqlı bizə başa salar, oranın əvvəldə necə olduğunu, sonra necə dəyişdiyini, nə vaxt, kim tərəfindən tikildiyini xırdalayardı. Görüb-götürmüş adamdı. Yaşlı olmasına baxmayaraq bütün günü qəzetlər əlindən düşməzdi. Siyasətdən, tarixdən yaxşı başı çıxardı. Əvvəllər hansısa partiyanın üzvü olmuşdu. Sonra nə səbəbəsə üzvlükdən çıxmışdı. İndi isə maşın dayanacağında qaravul idi. Gecə yarıya qədər maşınları qoruyar, əvəzinə bir manat pul alardı. Onun həmişə kefi kök olardı. Düzdür, arabir uşaqlar maşınların yanında futbol oynayanda onların üzünə təpinər, gedib bir az aralıda oynamalarını istəyərdi. Doğu bəy hirslənsə də, həmişə uşaqların futbol oynamasına icazə verər, sadəcə diqqətli olmalarını, topu maşına vurmamalarını tapşırardı. Deyilənə görə, Doğu bəy Qarabağ müharibəsində olmuşdu. Onu deyirdi ki, atası böyük vətən müharibəsində vuruşub. Ancaq atası müharibədə həlak olmamış, qəflətən infarktdan keçinmişdi.

Doğu bəy bir gün bizə rəhmətlik atasının söylədiyi əhvalatı nağıl eləmişdi. Onun dediyinə görə, bir gün ruslarla azərbaycanlılar almanlara hücum edərkən almanlar üç nəfəri əsir götürübmüş. Doğu bəyin atası da o əsirlərdən biriymiş. Hava qaralanana qədər bunlar yol gediblərmiş. Nəhayət, onlar bir meşəliyə çatanda Doğu bəyin atası faşistin belindəki laqanı ona hiss etdirmədən almış və cəld atəş açıb üçünü də öldürmüşdü. Doğu bəy bu hadisəni bizə o qədər danışmışdı ki, uşaqların çoxu bunu əla qiymət aldığı dərs kimi əzbər bilirdi. Özü də Doğu bəy hadisəni elə nağıl edirdi ki, elə bil bu hadisə atasının yox, özünün başına gəlmişdi. Doğu bəyin  silahı da vardı. Həmişə onu gödəkçəsinin altından asardı. Bu silah bizimki kimi oyuncaq deyildi, həqiqi bir tapança idi. Dediyinə görə, onu əsir aldıqları bir erməninin belindən açıb yadigar olaraq saxlayıbmış. Doğu bəy müharibədən dönəndə niyyət edibmiş ki, bu silahı bir gün oğlu olarsa ona versin. Ancaq çox təəssüf ki, allah ona oğul yerinə iki qız vermişdi və indi onun qızları yanından uçub getmiş, hərəsi başqa bir oğlanla evlənərək yurd-yuva sahibi olmuşdular. Doğu bəyin nəvələrinin olub-olmaması haqqında heç nə bilmirdik. O özü də bu barədə danışmazdı. Oğlunun olmamasını ürəyinə salmaz, üzdə özünü tox tutar, bizə “siz hamınız mənim oğlumsunuz” – deyərdi.

Doğu bəy çox vaxt uşaqları başına yığar, onları dərslə bağlı sual-cavaba tutardı. Əsas da tarixdən sual verərdi. Çünki tarixi əla bilərdi. Dərs kitablarındakı kimi tarixi eləcə üzdən yox, dərindən bilməsi bizi heyrətləndirərdi. Hansı hökmdar barədə soruşsaq, onun haqqında uzun-uzadı danışar, kitablarda olmayan bir çox mətləblərdən bizi hali eləyərdi. Ən sevdiyi dövlət adamları əsasən türk sultanları və xaqanları idi. Atillanın, Çingiz xanın, Əmir Teymurun, Alparslanın adı dilindən düşməzdi. Ən çox da Osmanlılara heyrandı. O, hökmdarların şəcərəsini, o dövrdəki hadisələri çox yaxşı bilər və hər hökmdar haqda rəvayətlər, əhvalatlar, lətifələr söyləyərdi. Doğu bəy tez-tez uşaqlara:

– Müəllimələrin səhvini tutun, qorxmayın. Ağıllı insanın qabağını heç nə kəsə bilməz. – deməyi sevərdi.

Doğu bəy çox millətçi idi. Tarixdə olmuş millətçilərin hamısının adını tanıyırdı. Ərinmədən uşaqlara onlardan uzun-uzadı danışar, həyatlarından maraqlı əhvalatlar nəql edərdi. Uşaqlara həmin şəxslərin adlarını yadda saxlamağı, böyüyəndə onlarla yaxından maraqlanmağı tapşırardı. Ancaq Doğu bəyin bu cür söhbətləri uşaqların hamsının marağına səbəb olmaz, buna görə də onun yanına gəlməkdən qaçardılar. Çünki dərslərini güc-bəla ilə oxuduqlarından belə dərin söhbətlərə heç biri hazır deyildi.

Doğu bəy həmişə onlardan soruşardı ki:
– Millətiniz nədi?
Uşaqlar bir ağızdan:
– Azərbaycanlı – deyərdi.

Bunu eşidəndə Doğu bəy hirslənərdi. Onun hirslənməsi nadir hallarda olurdu və əsasən də belə şeylərdən əsəbləşərdi.
– Ə, it uşağı it, niyə millətinizi danırsız? Neçə dəfə demək olar ki, siz türksüz? Babalarımız da – Əmir Teymur, Fatih Sultan Mehmet, Şah İsmayıl Xətai, Qızıl Arslan, Eldəniz, Atilla, Mete – bir sözlə, türklərdir. Bizim damarlarımızda onların qanı axır. Düşüncəmiz də onlarınkı kimi olmalıdır. Türk milləti böyük tarixə malikdir. Böyük bir əraziyə yayılıb. Həmişə at belində, qılınc əllərində döyüşmüş, hər millətə qismət olmayan neçə-neçə dövlətlər yaratmışlar. Türk ancaq döyüşdə ölməlidi. Ancaq indi siz səy-səy danışırsız ki, azərbaycanlıyıq. Uşaqlar, bunu beyninizin bir yerinə yazın, bizim millətimiz türkdür. Vətənimiz, ölkəmiz Azərbaycandır. Azərbaycan deyilən millət yoxdur. Sizdən soruşsalar ki, haralısan, onda deyin ki, Azərbaycanlıyam. Ancaq soruşanda ki, millətiniz nədir, onda deyin türk. Heç kimdən də qorxmayın. Milliyətini, tarixini bilməyən, bu gününü, sabahını da bilməz. Bu biabırçılıqdır.

– Nazim dayı, bunu bizə müəllimələrimiz öyrədib axı. – Uşaqlardan biri belə deyəndə Doğu bəy yenə hirslənərdi:
– Müəllimləriniz də sarsaqdı. Savadsızdılar. Onlar hamısı bilir, nə millətidilər, amma yuxarılar onlara deyiblər ki, uşaqlara öyrədin ki, kim millətini soruşanda desinlər, biz azərbaycanlıyıq. Yaltaqlar! Milləti həmişə kütləşdirirlər. Televizora baxırsız, bütün kanallarda əksik-üksük adamlar çıxıb dalını oynadır. Budu millət?! Qəsdən belələrini irəli salıblar ki, sizi kütləşdirə, beyninizin inkişafına mane olalar. O sarsaq, ağıla bir şey verməyən musiqilərə də qulaq asmayın. Ondansa gedin kitab oxuyun.
Doğu bəyin bu sözündən sonra uşaqlar həmişə ordan yavaş-yavaş uzaqlaşardılar.

Mən Doğu bəyin daxmasının qapısını aralayıb dedim:
– Salam Nazim dayı, e bağışlayın, Doğu bəy.
– Salam, bala, salam.
Mənim içəri keçməyimlə Doğu bəyin danışmağı bir oldu. Uzun-uzadı düz bir saat siyasətdən danışdı, bir çox şeylərdən gileyləndi, söhbəti hərləyib-fırlayıb Qarabağın üstünə gətirdi.

– Sülh-zad yaramaz, dua ilə donuz darıdan çıxmaz, gərək müharibə ola. Başqa yolu yoxdu. Qarabağın açarı dənizə atılıb, onu çıxartmaq isə asan deyil. Ancaq mümkünsüz də deyil. Mütləq alacağıq, nə olur-olsun, Qarabağ bizimdi və bizdən başqa heç kimin də olmayacaq. Türkiyə bizə kömək etməlidi. Ancaq onların da başı qarışıb. Bir tərəfədən Amerika, bir tərəfdən Fransa deyir ki, ermənilərə guya türklər soyqırım törədib…

Nə isə, Doğu bəyin ağzı qızışdıqca bütün dünya problemlərini bir-birinə qatdı. Siyasətdən qurtaran kimi şou-biznesə keçdi. Bu onun söyər yeriydi. Televizorda göstərilənlərin cəmdəyinə döşədi.
Hava qaralanda mən Doğu bəydən icazə alıb evə getdim.

O gündən başlayaraq artıq hər gün mən beləcə Doğu bəyin yanına gedir, o da mənə siyasətdən danışardı. Hər dəfə mən daxmadan çıxanda üzümə diqqətlə baxar, “Ə, nə təhər Polada oxşuyursan”, – sonra da əlini sinəsinə vurub “eyvallah” – deyərdi. Mən də ordan çıxandan sonra ya Mematinin yanına gedər, ya da məkandakı kreslomda oturub fikrə dalardım. Memati də hər dəfə bir-iki uşaq gətirər: “– Usta, bunlar şerefsiz, ses salıp komşuları rahatsız ediyolar” – deyərdi. Mən həmişə bu sözdən sonra bilirdim ki, Memati deyəcək ki, “Sıkımmı kafasına, usta?”. Bunu bildiyimdən həmişə Mematini başımdan eləmək üçün o fikrini tamamlamamış: “– Sık kafasına” – deyərdim. Memati də dediyimi tez yerinə yetirər, uşaqların başına silahı dirəyib tətiyi çəkərdi. Tapança şarikli olsa da uşaqlar elə bağırardılar ki, elə bil, Memati həqiqi tapança ilə onları vurur. Memati onların bağırdığını görüb yenə Osmanlı ləhçəsi ilə: “ – Ulan, şerefsizler, şerefsizlik yaparken bunu hiç düşünüyor mudunuz? Karı gibi ne bağırıyorsunuz?” – deyər, uşaqların qolundan tutub bir-bir bayıra tullayardı və hər dəfə də uşaqlar gedib bizi analarına ispiyonlayardılar.

O biri məhlənin də bizim kimi bir dəstə qurduğunu eşitdik. Həmişə onlar da bizim kimi birlikdə gəzişər, bellərinə silah qoyub öz məhlə uşaqlarını vurardılar. Mən bunu eşidən kimi Mematiyə dedim ki, bunlar bizim düşmənlərimizdir, onlar yazıq uşaqları vururlar, özü də bizim kimi yalandan yox, doğrudan.

Mənim bu sözümdən sonra Memati başını salladı və biz o gündən qonşu məhəllənin uşaqları ilə düşmən kəsildik, bir-birimizi harda görsək belimizdəki tapançaları çıxarıb vuruşardıq. Onlardan birini bir gün döyüş zamanı tutmuşduq. Həmin uşağa necə var işgəncə verdik. Təbii ki, yalandan. Ancaq əllərini, ayaqlarını bağlamışdıq və kinodakı kimi hərdən bir də Memati ona sillə vururdu. Biz barışandan sonra uşağı buraxdıq. Ondan sonra bizim heç düşmənimiz olmadı.

Sabahsı gün eşitdim ki, məhləmizin bir dəstə oğlanları yığışıb özlərinə “kuruq” düzəldiblər. Onların dəstəsi kinodakı örgüt kimi bir şey idi. Ancaq bizim kimi elə-belə yox, həqiqətən pis işlərlə məşğul olardılar. Onlar üstlərində bıçaq gəzdirir, qonşu məhlənin uşaqları ilə əməlli-başlı döyüşürdülər. Çox vaxt bizə sataşar, deyərdilər ki, “Ə, qaqalar, çaşmayın, bu saat sizi şoşkalıyarıq”. Biz də onlardan yaşca kiçik olduğumuza görə susurduq. Onlar bizim oyuncaq tapança ilə oynadığımıza lağ edir, hərdən tapançalarımızı alıb bizi vurardılar. Biz onlara qoşulmaq istəsək də, sonra öyrəndik ki, bu dəstəyə qoşulmaq üçün gərək siqaret çəkəsən. Bizim heç birimiz isə bu vaxda qədər siqaretin nə olduğunu bilmir, nə də bilmək istəyirdik. Ona görə də onlara qoşulmaq fikrindən əl çəkdik.

Yay qurtaranda bizim dəstədəki uşaqlar müəllim yanına hazırlığa gedəcəklərini bildirdilər. Artıq bir yerə yığılmağımız və tapançayla gəzməyimiz mümkünsüz idi. Buna görə də dəstəni üç aydan sonra dağıtmağa məcbur olduq. Məkandakı kresloları bərbərə qaytardıq, ancaq silahlarımızı anamız pəncərədən çölə fırıldatmayana qədər atmadıq. Hər kəs tapançasını evlərində gizlədir, daha onunla bayıra  çıxmırdı. Çünki artıq dərslərin başlanmasına az qalmışdı. O biri tərəfdən isə qonşu arvadların bizdən şikayəti bitib tükənmək bilmirdi. Hər axşam danlanmaqdan və atamız tərəfindən qulağımız çəkilməkdən bezmişdik.

Biz dəstəmizi dağıtsaq da, yaşadığımız ötən yayın şirin oyununu heç vaxt unutmadıq və bu dəstə artıq olmasa da, mən yenə özümü Polat Alemdar kimi hiss edirdim. Fikrimdə hər gün vadidə idim, hər gün hansısa bir əclafdan intiqam alırdım. Bu vadinin qaranlığı daha məni qorxutmurdu. Hiss edirdim ki, hər şeyi görürəm. Bilirdim ki, haradasa bu qaranlığın sonu var. Bu vadidə qurdlar çoxdu, ancaq arabir çaqqallara da rast gəlinir. Mən indidən nifrətimi itiləyirdim ki, o heç vaxt kəsərdən düşməsin.

Mən güzgüdə özümə baxıram. Üzüm də, içim də Polat Alemdar. Qarşıdansa yay gəlir. Tapançaları çıxarmaq və vadidəki çaqqallara sıxmağın vaxtıdı.

Müəllif: Ayxan Kiçikbəy (Həsənov Ayxan Eyvaz oğlu)

Oxşar məqalələr

0 şərh