Anam və onun quldur dəstəsi

Oxuduğum macəra romanlarından, baxdığım kinolardan bilirdim ki, quldurlar əsasən Karib dənizində və Qərbi Avropada, bir də Ərəbistanda-zadda olur. Ancaq belə deyilmiş. Mən yanlış bilirmişəm. Sən demə, bizim məhlədə də quldur dəstəsi varmış. Əgər sizin təsəvürünüz güclüdürsə, məni anlayacaq və mənə haqq verəcəksiniz. Məsəl üçün, təsəvvür edək ki, yaşadığım yataqxana bir quldur gəmisidi. İndi deyəcəksiniz ki, heç binadan da quldur gəmisi olar? Gəmi məhəllənin ortasında nə gəzir?

Əvvələn, onu deyim ki, bizim quldur gəmimiz dənizdədir. Belə ki, mənim yaşadığım yataqxana binasının altı tamam kanalizasiya suyudur. Əgər quldur gəmisinin dənizdə olmasını təsəvvür etdinizsə, niyə də kanalizasiya suyundan dəniz olmasını xəyalınıza gətirməyəsiniz? Oxuduğum kitablardan bildiyimə görə, gəmilərin zirzəmilərində rom çəlləkləri olur və orada siçovullar o yan-bu yana qaçır. Bizim yataqxananın zirzəmisində siçovullar bol olsa da, rom çəlləklərindən danışmağa dəyməz. Belə olsa məhəllənin bütün alkaşları ora dadanardı. İndi isə ora düşən, siçovullara baş çəkən yoxdu. Zirzəmiyə hərdənbir, o da su gəlməyəndə arvadların çığır-bağırından bura gəlib çıxmış jek işçiləri düşür. Bu çığır-bağırın, dedi-qodunun sonu otaq başına beş manat yığıb ustaya  uzunboğaz çəkmə geyindirib yırtıq borunu bağlamaq üçün aşağı salmaqla bitir. Bir-iki ay səs-küy kəsəndən sonra hər şey təzədən təkraralanır. Adətən arvadların bu cür üsyanlarının başında anam dayanır. O dilli-dilavər olduğu üçün o biri arvadlar həmişə anamı irəli verirlər. Anamın özündə də az yoxdu, o olan yerdə hansı arvad ağzını aça bilər ki? Atam bu dilli arvadı alanda gözü hara baxıb, ha fikirləşsən də axırını yozub bir yana çıxarmaq olmur. Hə, mətləb üstünə qayıdaq. Elə ki, jek işçiləri olan yekəqarın kişilər həyətə yığılır, dava-şava da elə onda başlayır. Jek işçiləri adətən günahı arvadların üstünə qoyub sudan quru çıxmağa çalışırlar. Guya boruların partlamasına bizim suyu çox işlətməyimiz səbəb olurmuş. Bu yekəlikdə böhtana anam dözmür, o, jek işçilərinin üstünə eynən bizə bozaran sayaq bağırır, ağzına gələni onların üzünə deyib ürəyini boşaldır, arvadları başına yığıb yolu kəsəcəyi ilə, ANS-i-zadı bura tökəcəyi ilə onları hədələyir. Jek işçiləri o saat olmasa da, tədricən geri verməyə başlayır, səslərinin tonu aşağı düşür, adam kimi danışmağa başlayırlar.

Belə anlar onlar mənə güllə ata-ata geri qaçan düşmən əsgərlərini xatırladır.

Sonra jek işçiləri arvadlarla arada barışıq yaradır, otaq başına beş manatlıq şirinlik, ”ustanın da arvad-uşağı var”-zad zıqqıldamaları anamı sakitləşdirir. Pul yığmaq mərasimi başlayır. Düzdü, arada etiraz edib pul vermək istəməyən də olur. Amma axırda onu da mələdə-mələdə istədiklərini qoparmağa nail olurlar. Özləri də deyirlər ki, guya yığdıqları pulun hamısını ustaya verəcəklər. Usta bu boyda pul qazansa, onun da qarnı jek işçiləri kimi irəli çıxardı, daha bir dəri, bir sümük olmazdı. Nəhayət, jek işçiləri pul ciblərində gəldiyi yerə qayıdırlar. Onların bu əməlinin adını günün günorta vaxtı adam soymaq, dilənçilik, daha kefiniz necə çəkir, necə istəyir, elə də adlandırmaq olar.

Quldur gəmimizin hərdənbir işığı kəsilir. Kayutalar qaranlığa qərq olur. Bir anda arvadlar evlərindən bayıra çıxırlar. Kişilər isə eləcə pəncərədən bayıra baxmaqla kifayətlənirlər. Başqa nə eləyə bilirlər ki? Ətrafdakı quldur gəmiləri  işıq saçır. Yalnız bizim gəmimiz qaranlığa qərq olub. Kişilər bağlı qapıların arxasından var qüvvələri ilə qışqırıb “gedin işığı düzəldin” deyirlər. Onların səsi sınıq-salxaq quldur gəmimizi silkələdir. Arvadlar kişilərin çığır-bağrından sonra “siz girin içəri” deyib hamısı birdən işıqdüzəldən quldur Qurban kişinin yanına gedirlər. Quldur Qurban kişinin kayutası zirzəmilərə yaxın yerdədi. Onun kayutasının yuxarısında isə Qarabağ qaçqınları qalır.

Qurban kişi çox vaxt bu qarabağlılardan şikayət edərdi. Belə ki, qarabağlılar dil qəfəsə qoymadan gecəyə kimi laqqırtı vurardılar. Səsləri lap yuxarı kayutalara da gedib çıxırdı. Belə olanda Qurban kişi quldur şlyapasını başına keçirər, qalife şalvarını geyinər, qulağına uzun, üzərində qılınc təsvir olunan sırğaları taxıb, taxta ayağını sürütdüyə-sürütdüyə gəminin göyərtəsinə çıxıb səsi yetdikcə qışqırıb deyərdi:
- Ə, susun, qoyun yataq da. Nətəhər adamsız ə..? Gedin Qarabağıvızın dərdini çəkin. Qarabağdan heç kişi çıxıb ki?

Bu sözlərdən sonra sükut yaranardı. Ayaq səslərindən bilmək olurdu ki, qarabağlılar kayutlarına çəkilib. Quldur Qurban kişi də qulağına keçirdiyi siqareti damağına qoyub öz kayutasına qayıdardı.

İndi quldurlarımız Qurban kişinin yanına yollanırlar. Qurban kişinin evi işığa qərq olub. Arvadlar: “Ey, Qurban kişi!!”- deyə bağırsalar da, montyor bayıra çıxmır ki, çıxmır. Hamı fikirləşir ki, yəqin o yenə  də yekə bir rom çəlləyinin böyrünə səvərib ordan içkini qarnına boşaldır. Amma bir azdan nə isə bir səs eşidilir. Ardınca da şüşə qırıntılarının səsləri. Quldur Qurban kişi qapını ayağı ilə açıb bağırır:

- Nə var, niyə gəlmisiz?

Onun gözünün üstündəki qara parça yavaş-yavaş sürüşüb düşür. Sinəsi açıq olduğuna görə bədənində döyülmüş hansısa quldurun şəklini görmək olur. Qurban kişi sinəsini irəli verəndə iri tüklərinin arasından hansısa quldurun gözü qəzəblə bizim quldurlara zillənir. Arvaddar o saat silahlarının işə salıb sözlərlə Qurban kişini atəşə tuturlar. Heç şübhəsiz ilk atəşi anamla Nazlı xala atır:

- Ə, nə kefnən oturubsan burda?! Bizim yetimlərimiz acından ölür e…

Qurban kişi hələm-hələm təslim olan quldurlardan deyil. O da atəşə atəşlə cavab verir. Bir xeyli deyişib söz güləşdirəndən sonra bizim quldurlar taktikanı dəyişirlər:
-Sən nə təhər adamsan, gəl işığı düzəlt iki manat verərik,-deyirlər.

Qurban kişi bunu eşidən kimi o saat atəşkəs elan eləyir. Özü də irəli çıxmış qarnını sığaldayıb iri yöndəmsiz ayı kimi bığaltı qımışır. Sonra əlini sallayıb içəri girir, əlində bir kitab, bir də bir çanta kayutadan çıxır.Avtomatı açıb xeyli fikirə qərq olur.Guya şahmatda hansısa mühüm bir gedişi eləyəcək.Gəminin cırtdanları da səs-küy salıb sağda-solda civildəşir. Quldur Qurbanda içkinin təsirindən səndələyir. Bir çəllək rom vuranda nə olasıdı ki? İyi də, maşallah, on metrdən adamı vurur.Buna görə arvadlar bir az ondan aralı durur,bir çoxu isə çalmaları ilə burunlarını tuturlar. Quldur Qurban qoca ayı kimi naqillərlə əlləşir,arada bir hıçqırıb ətrafa iy buraxmaqla bu ərazinin ona məxsus olmasını da bildirir.

- Şirvanı tez hazırlayın,- Qurban kişi həmişə köhnə pulun adını çəkir.

Amma indi arvadlar üçün bunun fərqi yoxdu. Tez dabanbasmaraq hərəsi bir yerə dağlışır. Kayutlarda ayaq taqqıltılarından, bir də arvadların ucadan danışmalarından başqa heç nə eşidilmir. Bu ara Qurban kişi köynəyinin içindən kiçik bir konyak şüşəsi çıxarıb başına çəkir. Guya bu zəqqumu içməsə iş yeriməz. Az sonra kayutda səslər artır. Deməli, pul vermə mərasimi başlayıb. Bə nə, anam olan yerdə  kimin nə hünəri var pul verməsin?! Pul Qurban kişiyə çatanda o, əlindəki kitabın hanısa vərəqini açıb ora baxır, çantasından atvyorkadan, çəkicdən çıxarıb işə girişir. Yarım saatdan sonra kayutlar bol işığa qərq olur. İşıq yanan kimi kayutlarından bayıra çıxmış quldur uşaqları vahiməli bir səslə quldur gəmisini lərzəyə salır. Sonra kişilər əllərində pult içəri girib televizoru yandırır, siqaret püfləməyə başlayırlar. Arvadlar kayutlarına çəkilib quldur uşaqlarına yemək hazırlayırlar. Bəzi vaxt quldur gəmimizin işığı keçəndə Quldur Qurban kişini tapmaq mümkün olmur. Ona görə də quldurlar çarəsiz qalıb yeməkləri qazda pişirirlər. Anam qazımızın qurtardığını  görən kimi kayutdan çıxıb arvadlardan qaz pilitəsini istəyir. Bir anda üç-dörd qaz çəlləyi evimizin qabağında peyda olur. Anam gəmidə ən yaxşı yemək pişirən quldur hesab olunur. Onun yeməkləri kimi dadlı yeməyi heç bir quldur hazırlaya bilməz. Ona görə də bəzən o biri quldurlar əllərində lələk qələm, bir də kağız anamdan yeməklərin pişirilmə qaydalarını öyrənməyə evimizə gəlirlər.Anam da bir xeyli onları başa salar, quldurlar kayutanı tərk edəndən sonra üzünü bacıma tutub: “Öyrən”- deyərdi.

Nə isə, qayıdaq binamıza, daha doğrusu, quldur gəmimizə. Qıraqdan baxanda türməyə oxşayır. Görkəmində bir qırıq yaraşıq yoxdu. Eynən sınıq-salxaq quldur gəmisidir ki, durub. Bizim quldur gəmimiz düzdü, səyahətlərə çıxa bilmir. Amma quldurlarımız düşmənlə daim mübarizə aparır. Düşmən də deyəndə ağlınıza ayrı adamlar gəlməsin, onlar bu binanın kişiləridi, arvadlar onların cibini soymaqda mahirdilər. Kişilər o saat təslim olub ciblərində olanları ortaya boşaldırlar. Buranın kişi sakinləri avar çəkmək üçün əsir götürülmüş qullara bənzəyir. İşıq yanmır, su gəlmir, bir dəfə də səslərini çıxarmazlar. Bircə işə gedib-gəlmək, bir də başlarını aşağı salıb papiros tüstülətməkdən başqa əllərindən-ayaqlarından bir iş gəlməz. Düzdü, arada bir məhlədən keçən üz-gözü  boyalı arvadları müşayət eləməkləri-zadı var.Qalan vaxtsa  taleyə boyun əymiş quldular.

Yenə gəmimizin təsvirinə qayıdıram. Fərz edək ki, qonşuların zivələrdən asdıqları ağ paltarlar gəminin yelkənidir. Antenalar gəminin taxta dirəyidir. Otaqlar da kayutlardır. Qalır bir üzərində kəllə sümüyü şəkili olan qara bayrağa, o da olsun binanın üstündəki uşaqların asdıqları, ya da küləyin gətirib antenaya ilişdirdiyi qara bir parça. Artıq gəmimiz tam hazırdır. Əllərində oxlov və ya iri çömçə tutub başını balkondan çıxarıb balalarını səsləyən arvadlarsa eynən dor ağacına dırmaşıb əlindəki  qılıncı başlarının üstündə oynadan  quldurların ekiz tayıdır ki, var.

Quldur dəstəsinin başçısı isə elə bizim kayutanın içindədi. Belə ki, kayutada beş-on arvad birləşib bir quldur dəstəsi yaradıb. İnana bilmək çətindi, ancaq bu quldur dəstəsinin başçısı mənim anamdır. Arvadları başına yığıb koridorda hay-həşir başladımı, demək məsələ aydındı, quldurlar harasa hucuma hazırlaşır. Ya da bir-birinin qiybətini qırıb saç yolmasına çıxdılar. Əsil quldurlarda olduğu kimi onların da arasında tez-tez dava, “razborka” düşür. Quldurlar arasında gəmini ələ keçirmək istəyən, anamın yerində gözü olan biri var. Həmin quldur yuxarı kayutada yaşayır. Anam onun adını “Qara pıspısa” qoyub. Bu arvad hər gün bizim başımıza su tökməsə rahatlanmır. Neçə dəfə anam ona göz dağı versə də, öz peşəsindən əl çəkmədi. Başqa quldurlar da davadan, “razborka”dan xoşları gəldiyindən anamla “Qara pısıpısa”nın arasını vururdu. ”Qara pıspısa” da kiçik bir dəstə qurmuşdu. Həmin dəstədəki quldurlardan bəziləri casus kimi anamın quldur dəstəsinə qoşulur, ikitərəfli işləyirdilər. Quldur kinolarında gördüyüm kimi burda da əyləncə, vaxtlarını xoş keçirmək üçün quldurların davalara baxmaqdan ötrü ürəkləri gedirdi.

Məhləmizə arada-bir mer-meyvə, tərəvəz maşınları gəlir. Bu maşınlar kiçik ticarət qayıqlarına oxşayırlar. Onlar gəmimizin yanından keçəndə başı sarıqlı növbətçi quldur, dor ağacının başından binokılla həmin ticarət qayıqlarını görüb var qüvvəsilə qışqırır.Quldurlar həmin dəqiqə əllərində oxlov, çömçə gəminin göyərtəsinə enib ticarət qayıqlarına əllərinə keçən nə varsa atırlar.Ticarət qayıqları da sürətli üzə bilmədiklərindən ağ bayraq qaldırıb təslim olur, ərzaqları bizim gəmiyə boşaldıb aradan çıxırdılar.

Onların geyimləri də əsl quldur geyimləridir. Düzdü, anamın o quldur başçılarında olduğu kimi sol gözündə yumru qara bir sarığı, taxta ayağı və qara şlyapası yoxdu. Ancaq başındakı çalmaları əsl quldurlara bənzəyir. Həm də nə fərqi? Quldur elə quldurdu. Sonralar fikirləşdim ki, bəlkə anam bu quldur dəstəsini mənim acığıma yaradıb? Çünki mən də ötən yay Polatın dəstəsini yaratmışdım. Hər nə isə, artıq bu  quldur dəstəsi var və mən  düşündüyümü heç cür onların üzünə qarşı deyə bilmərəm, əgər ağzımı açsam, quldurbaşı əlində oxlov üstümə düşər. Çünki əvvəllər bunun üstündə “Ağzıma nə vaxtdan qapaq olubsan?”-zad bəhanəsi ilə tapaşdanmışam.

Quldurlardan Nazlı xala anamın sağ qolu, Ziba xala sol qolu sayılır. Geridə qalanlar isə onları qoruyan quldurlardır. Quldur dəstəsinin də ənənəvi geyimləri var. Qırmızı şalvar, yox bu qalife şalvar deyil, sadəcə adi bir şalvardır, mütləq əyinlərində olmalıdır. Sonra zolaqlı köynək və ayaqlarına da quldur şapıtları var. Başlarına daim qara bir şərf bağlayırlar. Bircə damaqlarında tüstülənən qəlyanları çatmır. Mən tarix kitablarından “sarısaraqlılar”, “qırmızıqaşlılar”, “qızılbaşlılar” üsyanı haqqında bilirdim. Amma həyatımda ilk dəfə, həm də gözümün qabağında “qırmızı şalvarlılar” üsyanı görürdüm. Quldur arvadlarının rəsmən əri sayılan, əslində qara qulları olan bir-neçə kişi pul qazanmaq adı ilə quldurlardan baş götürüb Rusiyaya-zada qaçmışdılar. Qorxudan çoxu ordan bura pul göndərir, amma təkrar gəmiyə qayıtmırdılar.

Təzə gəlinlər anamın və ya başqa quldurun yanına hazırlığa gedərdilər. Onlar necə kişiyə bozarmağı, necə deyinməyi incəliyinə qədər öyrənərdilər. Mən aradabir kayutumuza girəndə başı bağlı üzü pudralı, pamadalı qızlar yanımdan keçib gedirdilər. Onların əllərində qara bir dəftər görmək olurdu. Anama “bunlar kimdi” deyə soruşanda, o, “sənlik deyil” deyib kayutdan çıxardı.

Anam quldur başçısı olandan özünü yaman dartırdı. Atam işdən evə gələndə, əgər pul gətirməyibsə, onun üzünə baxmaması bir yana heç bizə çay da vermirdi. Bizim üsyan qaldırdığımızı görəndə isə yeməyi bacımın bişirməyini əmr etməsi anamın artıq özünü böyük adam kimi görməsindən irəli gəlirdi. Zarafat deyil, bu boyda quldur dəstəsinin başçısıydı. Arvadların onu “ataman” adlandırması isə anamın canına yağ kimi yayılmışdı.

Atam evə çoxlu pul gətirəndə anam quldur təbiətinə xas olmayan hərəkətlər edir, ona cürbəcür yeməklər hazırlayır, həmin gün evə sok, şokolad aldırır, bir sözlə, atama əməllicə yaltaqlanır. Atamdan topa pul alanda anam onu qoynuna qoyur. İndi gəl sən bundan dondurma, komputer pulu al. Düzdü, qardaşım anam pulu vermək istəməyəndə qəfildən pulu onun döş cibindən çıxarıb əkilirdi. Ancaq bunu mən edə bilmirdim. Necə edə bilərəm ki? O quldur başçısıdı. Qardaşımın isə bu heç vecinə deyildi. Dədəmin evə pul gətirməməsi isə faciə idi. Belə olanda anam bizi səbəbsiz-zad döyürdü. Yazıq dədəm quldurbaşının qorxusundan bizə pulu da o, kalidorda olanda xəlvəti verirdi. Bizə pul payladığını bilsə, yer-göy bir-birinə qarışardı. Anam öz oxlovunu quldur qılıncı kimi qurşağına keçirib kalidora çıxır, elə bil davanı satın gəzirdi. Oxlov onun ayrılmaz parçasıydı. Xüsusən oxlovu bizim üstümüzdə sınaqdan keçirməyi xoşlayardı. Koroğlu qılıncı başına çəkən kimi, o da oxlovu havada oynadar, guya zarafatla bir-ikisini o birisi quldur arvadlarına ilişdirərdi.

Binanın bütün uşaqları ondan it kimi qorxurdu. Dəhlizdə görən kimi yavaşca sivişib aradan çıxır, nisbətən böyüklər isə onunla yaltaqcasına danışardılar. Oxlovu sağa-sola işlətmək xasiyyətindən əl çəkə bilmirdi. Bir az artıq söz dedin, xataya düşdün, o saat oxlov açılır, canından bir ağrı qopurdu. Düzdü, böyük qardaşıma bir-ikisini çəkəndə bizim sarsaq müqavimət-zad göstərmək fikrinə düşür, az qalırdı quldurbaşı ilə əlbəyaxa ola. Onda anam daha da acıqlanır, var gücü ilə qardaşımın üstünə atılır, ona olar-olmaz sözlər deyir, boyu çatmasa da onun çənəsinin altından birini ilişdirməyə çalışırdı.

O gün aşağıdan anamın səsini eşitdim. Pillələri bir göz qırpımında çıxıb evin qapısını araladım və içəri keçdim. Səs balkondan gəlirdi. Həmin dəqiqə ora getdim. Anam əlində oxlov bacımı bir yerə yıxıb əsil quldur qaydası ilə döyürdü. Qız mal kimi böyürüb onun əlindən xilas olmaq üçün çırpınırdı. Bacımın səsi nə isə mənim ürəyimi ağrıtdı. Əvvəllər bir-birimizin döyülməsindən hədsiz sevinər, buna görə bir-birimizə yannıq verərdik. Amma bu dəfə nəsə sevinə bilmədim. Anam əlini işlədə-işlədə qızın günahlarını sadalayır, səsindən daha da qızışıb coşurdu. Onun sözündən də belə başa düşdüm ki, bacımın günahı yoxdu. Onların arasına girib anamı bir qırağa çəkdim, sonra qızı döyməsinin səbəbini soruşdum. O tərləmiş alnını silib dilləndi ki, nə bilim, bu bir qırıq boyu ilə üzümə durur ki, guya hansısa dəftəri mən cırmışam. Anam bunu deyəndə bacım yerindən qışqırdı ki, “sən cırmısan”. Bunu eşidəndə anam təkrar bacımın üstünə cummaq istədi. Ancaq mən onun qabağına keçəndə, geri çəkildi və əlindəki oxlovu bir kənara qoydu. Məsələni tam dəqiqliyi ilə bilməsəm də, düşündüm ki, burda anam yanlışdır. Bacımı iydə çərtiyi boyda səbəbə görə belə şiddətli döyməməlidi. Düzdü, əslində mən bacımın yox, anamın tərəfində olmalıydım. Amma haqlının tərəfində olmaq daha yaxşıdır. Anam bunu eşidəndə elə bil ətindən bir parça qopdu. Vahiməli bir səslə, quldurlara sayaq hərəkətlə üstümə atıldı. Mən bir andaca özümü dəhlizə sala bildim, anam hələ arxamda idi. Qaçmağın çarəsi yoxdu, onsuz da döyüləcəkdim. Dayanıb özümü müdafiə etmək üçün bir-iki söz dedim. Amma anamın heç vecinə deyildi. Hər yerə diqqətlə baxıb, məni döymək üçün silah axtarırdı. Sonra balkona baxdı. Deyəsən oxlovu hara qoyduğunu unutmuşdu. Əlinə bir bıçaq keçdi. Bıçağı göydə iki-üç dəfə fırladıb barmağıma vurdu. Zərbədən diksinib geri çəkildim. Bıçaq barmağımı yaralamışdı, qan biləyimə sarı axırdı. Stulda oturub qanamış yeri əlimlə sildim. Amma xeyri yoxdu, qan getdikcə şiddətlənib əlimi qırmızı rəngə boyamağındaydı. Anam tərs-tərs əvvəl mənə, sonra qanlı əlimə baxıb gülümsədi. ”Küçüyüm”- deyib, təzədən balkona getdi. O kimisə əzizləyəndə bu kəlməni işlədirdi. “Küçüyüm” demişdisə, hirsi keçmişdi. Sonra əlində yod-pambıq içəri girdi. Görünür analıq hissləri baş qaldırmışdı.Yodu pambığa bulayıb bərk-bərk qanayan yerimə basdı, sonra “get əlini yu”- dedi. Mən  başa düşdüm ki, anam həm də bir az insaflı quldurdu. Kimisə vurub yıxsa da axırda əlindən tutub ayağa qaldırması da var.

Quldur dəstəsi həfətənin dörd-beş günü bir yerə yığışıb serialları izləyirdilər. Yox, siz elə fikirləşməyin ki, onlar quldur filmlərinə və yaxud seriallarına baxırdılar. Arvadlar mənasız ailə-məişət seriallarını xoşlayırlar. Bu quldurlara xas olmayan xasiyyətdi. Heç quldur da maraqlanar ki, kim-kimlə evləndi, kim-kimi sevdi? Amma onlar bu kimi mənasız şeylərin dəlisidirlər. Halbuki quldurlar daha çox döyüş kinolarına baxmalı idilər. İndi təsəvvür eləyin, bir dəstə dəniz qulduru oturub kinoya baxır. Bu harda görüləsi işdi. Əksinə, quldurlar bu qədər əziyyət çəkiblər ki, gələcəkdə onlar haqqında kitablar yazılsın, kino çəkilsin. Həm də yaxşı ki, orta əsrlərdə televizor-zad olmayıb, yoxsa insan təbiətidi, nə bilmək olur, bəlkə onlar da seriallara dadanardılar. Yoxsa ucsuz-bucaqsız dənizin ortasında boş-bekar, darıxa-darıxa nə eləyəcəkdilər ki? Belə olsaydı, bütün quldurlardan bəhs eləyən kitabların, kinoların bir qəpiklik qiyməti olmazdı.

Bizim kalidora kanalizasiya, su, işıq pulu yığmağa gələn qalustuklu kişilər mənə neftimizi soran ingilis sömürgəçilərini xatırladırdı. Bu ingilis deyilən qırmızı yanaq, yanlarında da tulaya oxşayan arvadları ilə şortikdə Bakının küçələrində çox görmüşəm və heç özüm də bilmirəm, niyə onlardan zəhləm gedir. Harda neft və çatışma varsa, bunların əməlidi. Üzdən sakit görünmələrinə baxmayın. Deyilənə görə, şəhərdə bizimkilərin girməsi qadağan olan barları-zad varmış. Bunlar adamlara yuxarıdan aşağı baxırlar. Elə bil burda yaşamağımıza görə bunların dədələrinə borcluyuq. Bütün şeylərdə onlar haqlı, biz haqsız olmalıyıq. Dillənib dinəni də polis, türmə-zadla hədələyirlər. Gərək hər şeydə onlar deyən ola. Üzə gülə-gülə adamın cibini soyur, anlaşılmaz və bir-biri ilə düz gəlməyən qəbzlərlə bizə tələ qurub, pulu artıq qoparmağa çalışırdılar. Dədəm onları görəndə dodaqaltı deyinir, vaxtı olsa onları məhkəməyə-zada vermək istədiyindən danışır, amma heç vaxt irəli addım atıb dediyinə əməl etmir. Onun bu qədər ehtiyatlı və qorxaq olmasından darılıram. Həmin adamları cəzalandırmaq üçün xəyalımda min bir xəyallar qurur, öyünürəm ki, biz ölkəni bu cür zibillərdən qurtaracağıq. Sonra dədəmi fağırlığına görə qınayıram. Bunu onun üzünə çəkəndə o, acı-acı gülümsəyir,”Hələ sənin ağzın isti yerdədir,- deyir,- özün böyüyəndə hər şeyi başa düşəcəksən”.

Həm də dədəm hər gün işləyirdi. Bunlara fikir versəydi, halımız necə olardı. Onun bir gün işləməməsi bizim ac qalmağımız deməkdi. Belə çıxır ki, bir qarın dolusu yemək üçün daim susmaq gərəkdi. Belə adamlarla, üstümüzə ikidə-bir pul üçün gələnlərlə, yalnız anamgilin dəstəsi bacarırdı və onlar bizim quldur dəstəsi ilə qarşılaşanda elə bil yalanlarının açılacağından qorxub, dabana tüpürüb qaçırdılar. Ancaq o biri mərtəbələrdə bir neçə özündən razı, cibi pullu adamı öz torlarına salıb onlardan pul qopara bilmişdilər. Bazarda işləyən bu adamlar quldur gəmisində yaşamalarına baxmayaraq, beş-on qəpiyə görə özlərini yarımpadşah hesab edirdilər. Az qala südəmər uşaqlarına qədər mobil telefon aldıqlarından elə bilirdilər dünya bunlarındır.

O biri qonşular da anam və onun quldur dəstəsindən it kimi qorxur, nə problem olur, gəlib anama danışırdılar. Elə bil bu arvad məhkəmə sədri-zad idi. Deyəsən bu üstünlük anama da xoş gəlirdi.

Anamın kalidorun lap başında qara, adamın bağrını yaran zəhimli bir stulu vardı. O kalidora çıxanda həmin stulda oturardı. O biri arvadlar da o saat onun başına cəm olar, ordan-burdan asıb-kəsərdilər. Anam keçmişdəki padşahlar kimi arvadları bir-bir hüzuruna çağırar, onları danışdırardı. Qonşular anama problemlərini danışır, anam da ağlı kəsən məsləhətləri verib guya onların dərdinə çarə qlılırdı. Artıq məhləmizdə kişilər əsas rol oynamırdı. Hətta kişilər anamın quldur dəstəsini görmək istəmir, onlarla ünsiyyətdən qaçırdılar.

Anam hər ay yeni quldur qanunlarını açıqlayırdı. Bu quldur qanunları qara bir dəftərə yazılırdı. Xətti yaxşı olduğuna görə dəftəri Nazlı xala yazırdı. Quldur qanunlarına görə, döyüşüb-vuruşan hər bir quldur arvad evdə kişisinə çay, xörək verməməli, əksinə kişi ona çay, xörək verməli idi. Bu qanunlar bir çox evdə dava yaratmışdı. Hətta dədəm də o gün anamın saçından tutub ev boyu sürüdü. Amma nə olsun? Quldur, elə quldurdur, bir dəfə məğlubiyyətlə quldurluqdan əl çəkib silahını yerə qoyacaq deyil ki?

O gündən sonra kişilər arvadlarını evdən çölə buraxmadılar. Artıq nə problem çıxırdısa, onu kişilər həll edirdi. Ancaq artıq arvadlar bu işdən uzaqlaşsalar da, hər işin altında onların barmağı hiss olunurdu.

Anam və onun quldur dəstəsi isə kişilər evdə olmayanda yenə qapılarımızı kəsdirən kanalizasiya, su, işıq idarəsində işləyənlərə qan uddurur, ilk həmlədəcə onları qovub genidirdilər. Bu ingilis sömürücülərinə də üz verdinmi, astar istəyəcək. Bizim quldur gəmisində yaşamağımız heç veclərinə də deyil. Elə bilirlər pul göydən yağır. Bir gün qonaq gəlsə, gərək yavan çörək yeyək. Nə olur olsun, anam və onun quldur dəstəsinin bu ingilis sömürgəçilərinin üstünə şığımaları mənə ləzzət verirdi. Keçmişdəki quldurlar kimi anamın quldur dəstəsinin də ingilis-mingilis vecinə deyildi. Bizim quldurların belə çətin işləri həll etmələri o biri quldurlardan fərqlənirdi.

Nə isə, uzatmıram, amma bir gün bu hekayə hansısa bir qəzetdə çıxarsa, küçədə məni gözümün altını qaralmış, üzümü göyərmiş şəkildə görsəniz, heç təccüblənməyin. Quldurbaşı ilə bir kayutada yaşamağın axırı gec-tez belə nəticələnir.

MÜəllif: Ayxan Kiçikbəy

0 şərh