Üç dostun tualeti | Murad Köhnəqala

Üç dost idilər, çayxanada oturub çay içirdilər. Bu yaxınların söhbətidi. Bunu niyə xüsusi qeyd elədim? Yəni payızdı, soyuq vaxtdı. Soyuqda çayı limonla içəndə tez-tez tualetə qaçmalı olursan. Çünki, limon sidikqovucudu, bilməyənlər bunu da bilsin. Hə, gəlmişdən-getmişdən söhbət eləyirdilər. Özü də görüşəndə üçü də bir-biriynən öpüşmüşdü. Qabaqca deyib-güldülər. Nə haqda danışdılar, bilirsənmi? Kənddə olan əhvalatdan.

Saleh bir gün arvadıynan dalaşır. Arada arvadı ona deyir, səni mən kişi eləmişəm. Kənd yeridi dəə, bu da içən adam, dəli olur. Deyir, aaz, sən məni nətəri kişi eləyibsən? Arvad da qayıdır ki, sənə ərə gələndə evin bomboş idi, cehiz gətirmişəm, evini doldurmuşam. Saleh ürəyində deyir, yaxşı, məni kişi elədiyini sənə göstərərəm. Qəsdən özünü mübahisədə uduzmuş kimi göstərib arlaşır. Axşamüstü baxır ki, fürsətdi, evdə heç kim yoxdu. Arvadın fəxrlə onun başına qaxdığı bər-bərxananı, paltar şkafını-zadı sürüyüb çölə çıxardır, üst-üstə yığıb üstünə nöyüt tökür, altınnan da bir spişqa! Alov göyə qalxır, kəndin uşaqları ora toplaşır, ayə gəlin, Saleh əmi ocaq qalayıb! Görənlər deyir, qalın yun döşək yaxşı yanmırmış, Saleh gedib evdən yaba gətirir, yaba ilə döşəyi qaldırıb o üz-bu üzə çevirirmiş ki, yaxşı yansın…
Bu əhvalatı danışıb xeyli gülürlər. Sonra biri deyir, ayə, yaba dedin yadıma düşdü, bizim kənddə biri olur, başdan xarab, müharibəyə də aparmırlar, elə kolxozda pambıq sulayır. Müharibə qurtarıb veteranlar kəndə qayıdandan sonra buna çatır ki, bəs, belə işlər olubmuş, faşistlər hər yanı tutmaq istəyirmiş, qırğın-qiyamət… Bir gün həmin suçu əlində lapatka camaatın gur yığıldığı yerə, poçtun qabağına gəlib hirsli-hirsli belə deyir: “Noleydi, o lemsələri bura gətirəydilər, onların başını bu lapatkaynan bax belə-belə əzərdim.”

Dostlar yenə gülüşür. Arada biri deyir, məni bağışlayın, tualetə dəyib gəlirəm. Durub gedir. Bu gedən kimi o biri ikisi başlayır gedən haqda danışmağa. “Ayə, bu da son vaxtlar yaman çox içir haa. Mən ölüm? Vallah, evdə də arvadı narazılıq eləyir. Arvad neyləsin, narazılıq eləyəcək dəə. Heç yerdə işləmir, əlinə pul keçən kimi də arağa verir. Uşaqları böyük olar, yəqin? Hə, uşaqları böyükdü, uşaq da üzünə qayıdır. O gün mənə deyir, yekə gədənən ağızlaşdım, dedim, sən öl, səni evdən itirərəm, qayıdıb mənə dedi ki, ay yazıq, sənin özünü evdən qovaram, bax belədi vəziyyəti. Yox, əə? Ta, danışma, gəlir...”3 dost
Hə, tualetdən qayıdannan soruşurlar, ayə, nə yaman gec gəldin? O da başlayır ki, tualetdə növbə idi, nə bilim, biri də özünü növbəsiz soxmaq istəyirdi, dedim, əmoğlu, biz də burdayıq. O biri dost deyir, tualet demiş, qoy mən də dəyim, gəlirəm. Bu çıxan kimi başlayırlar: “Ayə, bu da borcun içindədi. Sən allah, eləmi? Bilmirdiiin? Bankdan kredit götürmüşdü, verə bilmirdi, dalınnan sələm götürdü, indi də sələmi verə bilmir, canımüçün, hər gün gəlib qaramatını üstümə tökür. Deyirəm, əə, mən nağayrım, özüm səndan pis gündəyəm, ikincisi də, alanda mənəmi gənəşmişdin? Ağlı olan da sələmə girərmi? Kimnən alıb ki, sələmi? Ayə, nəvilim, bir dul arvaddı, deyir, qancığın da biridi. Ta denən bədbəxt olub ki! Gəlir, gəlir, danışma...”

Bu gəlib oturanda deyir, əə, niyə çay içmirsiniz, deyək, birini də gətirsin. Üçüncü deyir, siz bir dənə də çay deyin, ona qədər mən də tualetə dəyim. Bu qalxıb gedən kimi başlayırlar: “Bax, indi deyir çay deyin, ancaq bircə dəfə çayın pulunu verdiyini görməmişəm. Hə, yaman xəsisdi. Özü də, sağlığına qismət, yaxşı evi-eşiyi, di gəl, xəstəlikdi, adam da belə xəsis olarmı?
-Əə, yəqin, arvaddan qorxur.
-Yox, əə, dədəsi də beləydi, muzu Mahal demirdilərmi adına?!
-Dədəsi yoox, babası.
-Ay sağ ol, babası, həmin şeydi, dana!
-Noolsun ee, tamahınnan qızını bərkgedənin birinə vermişdi, odu bax, dolandırmadılar, geri qaytarıblar.
-Sən canın, eləmi, niyə?
-Aə, niyəsi odu ki, qızı qabaqlarında qul kimi işlədirlərmiş, qayınatası deyib, hər axşam ayağımı yumalısan, nə bilim, nə.
-Yox əə?
-Vallah!
-Hansı zamanadəə, bu? Cavan gəlin niyə ayaq yumalıdı?
-Bu da guya atadı, peysərinə verirmiş, axırısı, qız özü qayıdıb evlərinə.
-Həqiqiməə?
-Ayə, həqiqi nədi, qız çoxdan evlərindədi. Uşaq da bunlarda doğuldu.
-Nəvəsi var bunun?
-Bənədi! Özü də qız nəvəsi, deyir o qədər çox istəyirəm ki.
-Bə, o tərəfdən gəlib aparmaq istəyən varmı?
-Yoox.
-Niyə, bə əri nə deyir?
-Əə, əri nə deyəjək, o gün özü danışır ki, qudası uje oğluna ayrı qız almaq istəyir.
-Nə danışır əə?
-Bənədi!
-Yerə soxum boyunu! Özüm ölüm, bunun yerinə olsaydım, gedib onun o ərinin də, dədəsinin də, hərəsinin başına bir güllə… Kiri, gəlir!”

Üçüncü gələn kimi o birilər soruşur ki, ayə, harda qaldın, bu uzunda tualetmi olar? O da deyir, burdakı pullu idi, küçənin o başındakı pulsuz tualetə getmişdim.

Müəllif: Murad Köhnəqala

1 şərh

pascal
Qeybətcil kişilərdən adamı Allah saxlasın.