Bir sığorta agentinin arzuları

“Salam, mən böyük və ən etibarlı “Olay” sığorta şirkətinin agentiyəm. Sizə çeşidli sığorta xidməti təklif edirik. Bizim şirkətdə evinizi, maşınınızı, daşınmaz əmlakınızı, sağlamlığınızı, işinizi, səfərinizi, mağazanızı, bir sözlə sahib olduğunuz hər bir şeyi sərfəli faizlərlə, güvənli sığorta etdirə bilərsiz”.

Artıq beşinci dəfədir ki, özümü xəyalən müştəri qarşısında təsəvvür edib məşq edirəm, amma ortada istədiyim nəticə yoxdu. Sabah birinci iş günüm olacaq. Bəlkə həyəcanlıyam? Yox, axırı nə isə xoşuma gəlmir. Necə yəni “sahib olduğunuz hər bir şeyi”… İnsanın sahib olduğu, qazandığı, amma itirməkdən qorxduğu sevgini, adını eşidib özünü görmədiyi, yaşamadığı azadlığı, demokratiyanı da sığortalamaq olarmı?

İfadəmi dəyişməliyəm. Universiteti bitirəndən iki ildir ki, işsizəm. Borc-xərc, birtəhər dolanıram. Əslində günlərimi yola verirəm. İndi bu mənim ilk işim olacaq. Ona görə də buna- sabahısı günə ciddi və məsuliyyətlə hazırlaşmalıyam. Gəncədə işin çətin tapıldığı zamanda bu şansı əldən vermək barədə heç düşünmürəm. Gecə saat üç olmasına baxmayaraq, nə gürcü şərabından, nədə ki, sabahısı günün sevincli-həyəcanından da ayrılmaq istəmirəm. Bir həftə əvvəl aldığım 10 litr şərab mənimlə kədərli-sevincli günlərimdə “dostluq” edir.

Ehh…çaxır, çaxır. Səni yalnız insanlar deyil, hətta cücülər də sevir. Bax, gör sənin qoxuna otağa nə qədər milçək, mığmığa yığışıb. Günah məndədi. Evə bir az dolmuş qaz havasını dəyişməkdən ötrü pəncərəni açıq qoymuşdum.
Artıq beş ildir ki, valideynlərimdən ayrı yaşayıram. Bu ev mənə babam Cəmil kişidən qalıb. Kişi Sovetlər zamanı Alminium zavodunda uzun müddət yaxşı vəzifədə işləyib. İndi danışmasın, sağlığında hərdən söz düşəndə zavodu necə ürəklə taladığını fəxrlə danışardı. Sonra da deyərdi ki, “Allah Sovet hökumətini dağıdanlara lənət eləsin. Gül kimi rejimdə yaşayırdıq”.

Əlində imkan olduğundan bu bir otaqlı mənzili başqa qohomunun adına alıb, gələcək nəvələri üçün saxlayırdı. İndi də mənə qismət olub. Ailə qurmaq planımda heç yoxdu. Bu mənzildə televizorum və bir də balaca itim-Baronla başbaşayam. Ehh…Mən indi milçək qovalayım, sığorta barədə düşünüm, yoxsa şərab içim? Hamısını birgə, ardıcıllıqla etsəm yaxşıdı. Başlıcası milçəklərdi. Onların vızıltısı, dızıltısı çox maneçiliklər yarada bilər. Rədd olsunlar. Neynədiyimi özüm də bilmirəm. Axı mən sabahkı işimə hazırlaşmalıyam. Sabah hara gedəcəm, kimə, nəyi sığorta etdirməyini necə təklif edəcəm?

Deməli, məni təlimatlandırmalarına görə, şəxsi maraqlandırmalıyam, onu sığorta olunmağa cəlb etməliyəm. Özümü aldatmağın mənası yoxdu, işim çətin olacaq. Həm də çox sürprizli. Təsəvvürümə belə gətirə bilmədiyim, insanların televizordan görüb həsrət apardıqları şəxslərlə görüşə bilərəm, onlar mənim müştərilərim ola bilər. Dəxi onlar müğənnilər olmasın. Onların bədən üzvlərini və ya orqanlarını sığortalamağa heç həvəsim yoxdu. Siyasətçilər, məmurlarla canlı görüşmək, üzbəüz durub onlara sığortanı anlatmaq və sonda sığortalamaq həyatımda unudulmaz anlar yaşadacaq. Yox, amma buna qədər başqa arzum var. Paytaxtda fəaliyyət göstərən sığorta şirkətlərindən birinin agenti olmaq, paytaxt agenti. İndi mən bölgə agentiyəm. Bölgə agentinin məmurlar barədə arzuları isə yalnız xoş xəyaldı.sığorta agenti

Paytaxta işləyəndən sonra əmək haqqım da artar, nüfuzum da. İnsanların etibarını qazanmış, illik gəliri hər il artan bir sığorta şirkətinin adından yüksək vəzifədə çalışan məmurlarla necə görüşəcəyimi, onları öz müştərilərimiz sırasına cəlb edəcəyimi artıq indidən təsəvvür edirəm. Buna görə sığorta şirkətinin rəhbərliyi yanında da hörmətim artar, hətta əlavə mükafat da alaram. Doğrudan, görəsən hansısa nazirlə görüşə, onu əmlakını sığorta etdirməyə razı sala bilərəmmi? Düzünü desəm buna inanmıram, amma bu görüş barədə düşünəndə həyəcanlanıram. Təsəvvür edirəm, ölkədə ən çox haqqında danışlan bir nazirlə çətinliklə də olsa görüşürəm. Sığorta şirkətimizi ona anladıram. O isə bir neçə sual-cavabdan və aydınlaşdırmalardan sonra ona məxsus bir çox mağazaların, fabrikin, zavodun və başqa əmlakın şirkətimizdə sığortalanmasına razılıq verir. Üstəlik bu söhbətin orda-burda yayılmaması üçün köməkçisi vasitəsiylə cibimə 10 min manat pul da qoydurur. İşimdəki bu uğura görə çalışdığım şirkət də mənə yüksək miqdarda faiz verir və beləliklə kifayət qədər pulum olur, düz 15 min manat. Amma mən bu pulu nəyə və hara xərcləyəcəm? Maşın alım. Yox, maşın sürə bilmirəm. Ev alım. Buna da ehtiyacım yoxdu. Aristip deyib ki, “bilik insanı boş xülyalardan, dini düşüncələrdən azad edir, ona həyat nemətlərindən ən yaxşı faydalanmağı öyrədir”. Bəlkə, bilik alım. Deyəsən, dəli olmuşam. Heç pula da bilik almaq olar?! Biliyi gərək insan özü qazansın.
Əslində problemim hədsiz çoxdu. Aylarla yığılıb qalmış və bu yaxınlarda kəsilmış işığın pulunu, nədəki qaz pulunu ödəməyə sərf etməyəcəm. Bu pulu heç qardaşımı işə düzəltmək üçün istənilən “hörmətə” də verməyəcəm. İşsizliyim dövrdə aldığım borc pulları qaytarmaq, uzun illər əziyyət çəkdiyim mədə xəstəliyini müalicə etdirmək də vecimə deyil. Valideynlərimin isə pula ehtiyacı yoxdu, pensiya hesabına dolanırlar. Mən necə də plansız, bədbəxt bir insanam. Pulu hara xərcləyəcəyimi bilmirəm. Amma beynimdə iki variant var: ya həmən məbləğə kitabxana açaram, ya da yandıraram ki, fikirləşməkdən azad olum. Vəssalam.
E hey, deyəsən xəyallara qərq olduqca, çaxırın qurtumlarının sayını da bilmədəm artırmışam. Amma ləzzət edir. İçdikcə ürəklənirəm. Xəyallarımı davam etdirmək istəyirəm. Görəsən prezident malını, mülkünü, xaricdəki əmlakını hansı sığorta şirkətində sığortalayır. Yerlimi, yoxsa xaricimi? Ən böyük arzum prezidentlə görüşmək, onu da müştərilərimiz sırasına daxil etmək olar. Onda çox xoşbəxt olaram, dərdim-filanım heç olmaz.
Arzuya bax sevgilim… gözəl arzulardı, əgər ki, real olarsa. Öz-özümə fikirləşirəm, xəyallara dalıram, ancaq sabahkı ilk iş günümlə bağlı konkret qərara gəlməmişəm. Görəsən ilk müştərim kim olacaq?
Bu nə səsdir? Telefonum haradadır? Yenə kimdir zəng edən?
-    Bəli.
-    Salam, Camal bəy.
-    Salam.
-    “Olay” sığorta şirkətindən narahat edirik. Dünəndən bu günə keçən gecə saatlar bir saat irəli çəkildiyindən dedik bəlkə xəbəriniz olmaz. Lütfən zamanında işə gəlin.
-    Saat əqrəblərinin yerdəyişmsindən xəbərim var. Diqqətinizə görə minnətdaram, vaxtıma diqqət edəcəm.
-    Sağ olun.
-    Siz  də.
Saat neçədir görəsən. 09:05. Başım arzulara, xəyallara və bir də çaxıra elə qarışıb ki, vaxtdan xəbərim olmayıb. İki illik kurtkamı əynimə keçirib qaçım. İlk müştərim elə özüm olacam. Fəaliyyətimi sığortalayacam. Sonra evimi, balaca “Baron”umu və ayaqlarımı sığortalayacam. Sonra da küçəbəküçə düşüb müştəri toplayacam.

Müəllif: Seymur Ə.Q.

 

7 şərh

burla xatun
Allah işini xeyirlisi etsin. Bütün gənclərə iş tapmaqda uğurlar.
bahar
İçkini özünə dost edən bir insanın ,xüsusilə də gəncin gələcəyi yoxdur.
Muza
Məncə bu maraqlı hekayeni tam başa düşmediz.Burda içkiyə həvəs yox,iş axtaran bir oğlanın hissləri əks olunub.
Ola bilər ki mən səhv başa düşmüşəm.
Yusif Nur
Mövzu pis deyil, amma çox sadə yazılıb. Yenə də Təşəkkür.
Shabnam_Ilham
Xəyalən də olsa müəyyən miqdarda pul qazandıqdan sonra bu pulu necə xərcləmək haqqındakı düşüncələri maraqlıydı. Hətta bir ara bilik də almaq istədi… Necə ki, indi bəzi insanlar pulla «bilik» alırlar. :/ Amma yaxşı ki. onun pulla alına bilməyəcəyinin fərqinə vardı. Son olaraq kitabxana açmaq istəməsi fikrini bəyəndim.
azadmamedov90
is tapmaq cetindir, ama isciler de azdir..kadrlar cox azdir..ama bu milletin geleceyi indiki genclerden asilidirsa, demeli 13-19 yasli insanlar 10 ilden sonra… fikirlesmek bele qorxudur meni