Səndən nigaranam | İlqar Fəhmi

Biz bu kafeni alanda Əbdül kişini də üstündə hədiyyə kimi verdilər. Havayı. Kafenin köhnə sahibi yüz qırx min manatı sayıb çantasına yığandan sonra elə bu cür də dedi:
— Əbdül kişini də havayı bağışlayıram sizə. Amma bir şərtlə ki, işdən çıxartmayasız. Ev-eşiyi yoxdu, burda yaşayır.
Niyə çıxartmalıydıq ki? Onsuz da ağaclara qulluq edən adam tapmalıydım. Hazır var da.
Şəxsən mənim alverdən başım çıxmır. Tələbə adamam, ömrü boyu da atamın əlinə baxmışam və düzünə qalsa, texnikumu qurtaranacan da onun əlinə baxmaq fikrim vardı. Niyə də yox? Kişi neçə illərdi Bakıyla Moskva arasında güclü işlər fırladır, bir gün burdadı, üç gün Rusiyada. Deyəsən nəsə elektrik avadanlığının alveri ilə məşğuldular. Burdan Rusiyaya, ordan Qazaxıstana, nə bilim Sibirə. Dəqiq bilmirəm. Heç vaxt maraqlanmamışam.
Kişini ən çox əsəbiləşdirən də bu idi. Yəni mənim maraqlanmamağım. Bu barədə söhbət düşən kimi itə dönür, deyinir ki, mən sənin yaşda olanda dağı dağ üstə qoyurdum, sənsə avara dostlarınla çayxanaları, diskotekaları sülənməkdən başqa bir şey bacarmırsan.
Nə yaxşı ki, texnikuma öz gücümə girdim. Düzdü, institut olsaydı, daha yaxşı olardı, amma buna da şükür. Heç olmasa, çox deyinəndə sinəmi qabağa verib deməyə nəsə sözüm var.
Bu ilin əvvəlində, bilmirəm, kişinin hardan beyninə girdi ki, gəl səninçün bir obyekt alım, işlət, yavaş-yavaş əlin zəhmətə öyrəşsin.
Əvvəlcə razılaşmadım. Axı belə şeylərdə adamın gərək naxışı olsun, bacarığı olsun. Amma nə illah elədimsə də xeyri olmadı, kişi öz bildiyini yeritdi, dedi ki, hələlik etibarlı bir adam tapıb sənin yanına qoyaram, başının üstündə dayanıb öyrənərsən, sonra özün işlədərsən.
Razılaşmaqdan başqa əlacım qalmadı. Təxminən bir aya qədər axtardıq, nəhayət, bu kafenin üstündə dayandıq. Dənizə yaxın yerdə, bağların yanındadı, havası yaxşıdı, balaca, səliqəli yerdi. Ən əsas da 30 sotluq çox gözəl bir bağı var. Ağacların arasında gəzəndə elə bilirsən cənnətdəsən. O saat bilinir ki, xüsusi qulluq görüblər.
Mənə də ən çox ləzzət verən bu bağça oldu, atama dedim ki, elə buranı götürək.
(Sonradan məlum oldu ki, müştərilərinin də çoxunu bura cəlb edən elə bu bağdı. Demək olar ki, heç kim içəri otaqlarda oturmaq istəmirdi, yay-qış hamı bağçadakı balaca köşklərə can atırdı.)

Alqı-satqıdan sonra atam Rafiq adlı köhnə bir kababçı dostunu gətirib kafeyə inzibatçı təyin elədi, mənə də tapşırdı ki, əlim cibimdə sülənməyib, həmişə Rafiqin yanında olum ki, beş-altı aya, uzağı bir ilə işin incəliklərini öyrənim.
Biz işə başlayandan sonra Rafiq dayı bütün işçi heyəti dəyişdi, özünün tanıdığı adamları yığdı ki, həm işin keyfiyyətinə arxayın olsun, həm də pul məsələsində atmaq söhbəti olmasın.
Hə, hamını dəyişdik, bircə Əbdül kişidən başqa. Kafenin daimi müştəriləri əminliklə bildirdilər ki, Əbdül kişi olmasa, bağdakı ağaclar hamısı quruyacaq, onda bura ayaq basan da olmayacaq.
Demə bu bağçanı on iki il əvvəl elə Əbdül kişi özü salıbmış və bu günəcən də ağaclara öz balaları kimi qulluq edirmiş.
Kafe bir neçə dəfə satılaraq əldən-ələ keçsə də, heç kim Əbdül kişiyə dəymirmiş, elə bağçanın axırındakı balaca otaqda yaşayırmış.

Qəribəsi buydu ki, Əbdül kişinin kimliyi barədə burda işləyənlərin heç birində bir cümləlik də olsa məlumat yox idi. Elə bircə onu bilirdilər ki, on ildən çoxdu burda qalır, kafenin bağına qulluq edir. Hə, belə görünürdü ki, burdakıların hamısı Əbdül kişiyə inventar kimi baxırdılar.
Bu söhbətlərdən sonra Əbdül kişi nədənsə mənə maraqlı gəldi və onunla ünsiyyət qurmaq istədim.
Düzü, bu, bir o qədər də asan olmadı. Ən əvvəl onu deyim ki, Əbdül kişi möhkəm içən idi, demək olar ki, ayıq vaxtı olmurdu və ilk bir həftə ərzində mən öz kimliyimi onu başa salmaqçün böyük çətinliklər çəkməli oldum.
— Alə, ləhlülü, təzə ofisantsan?..
Kişi ilk görüşümüzdən bu ləqəbi mənim belimə elə pərçimlədi ki, indiyəcən qopara bilmirəm, amma nədənsə bu, mənim acığıma gəlmirdi.
-Yox, mən bu kafenin təzə sahibiyəm. Atam mənimçün alıb buranı.
-Hə… lap yaxşı...
Ertəsi gün yenə eyni sual-cavab təkrar olundu. Yenə də Əbdül kişi məni ofisiant zənn etdi və tapşırdı ki, mətbəxdən onunçün bir pors cız-bız gətirim.
-Əbdül kişi, mən ofisiant deyiləm.
-Bəs kimsən? Kababçı?
-Yox, buranın xozeyini.
Əbdül kişi axan gözləriylə məni diqqətlə süzüb başını yellətdi.
-Alə, Atobba, bu nə vid-fasondu özüvü salmısan? Bu yaşda cins şalvar geyərlər?
— Əbdül dayı, Atababa buranı satıb gedib, mən kafenin təzə sahibiyəm e.
-Hə..əşi, deginən Ləhlülüyəm də. Yoxsa mənim dünən yediyim bu gün yadımdan çıxır.
Oxşar söhbətlər on günə qədər davam elədi. Axırı, dilini tapdım. Yaxınlaşan kimi, Ləhlülü deyirdim, hər şey kişinin yadına düşürdü.
Kafenin işləri pis getmirdi, yazqabağıydı deyə, iki-üç həftəyə havalar qızdıqca, ağaclar çiçəklədikcə müştərilər də çoxalmağa başladı, biz də Rafiq dayının məsləhətiylə bağçadakı köşkləri təzədən təmir elətdirdik, yeddi-səkkiz təzə köşk də quraşdırdıq. Bağınsa, doğrudan da tayı-bərabəri yox idi. Daha nə ağaclar yox idi burda. Ortada bir iri tut ağacı, dövrəsində bir az balaca alma, armud, nar, alça, gavalı, lap kənarlarda da əncir ağacı ilə üzüm meynələri.

Ən çox tut ağacına qulluq edirdi Əbdül kişi. Deyirdi, bizim köhnə kişilərə oxşayır bu tut ağacı, dövrəsindəki nar, alma, armud onun arvadlarıdı, divar dibindəki meynələr də uşaqları...
Bir dəfə belə deyəndə ağzımı büzdüm ki, bəs, ağacdan da kişi olar? Əbdül kişinin elə bil atasını söydülər, özündən çıxıb dedi ki, bu tut ağacı indiki kişifasonların yüzündən qeyrətlidi.
Sonra başını qaldırıb bir də tut ağacının qol-budağına, yoğun gövdəsinə baxıb təəssüflə ah çəkdi, dedi, özü də elə-belə kişilərdən deyil e, bunun hər budağını silkələsən yeddi-səkkiz kitab şeir-qəzəl tökülər.
Kitab oxumağı da var bəyəm tut ağacının? — deyə mən kinayə elədim, elə bilirdim Əbdül kişi yenə dəm üstədi deyə, ağlına gələni danışır.
Amma Əbdül kişi sualımı cavabsız qoymadı, dedi, on-on beş il qabaq buranı Maştağalı Hacı işlədirdi. Əldən gedirdi şeir-qəzəlçün. O vaxtın qəzəlxanlarıyla da arası əntiqəydi. Havalar qızan kimi hər iki-üç gündən bir yığışardılar bura, oturardıq, bax, həmin bu tut ağacının altında, samovar çayından içə-içə, nərd ata-ata o qədər şeirdən, qəzəldən deyərdilər, o qədər Füzuli, Seyid Əzim xırdalayardılar ki. Tut ağacı da hamısına qulaq asardı, eşitdiklərini yığardı öz içinə. Elə indi də tez-tez gəlib bu tut ağacının altında otururam, o da əvvəl eşidib yadında saxladıqlarından danışır mənimçün.
Soruşdum ki, bəs nə oldu o Hacı?
Əbdül kişi mızıldandı ki, rəhmətə gedib beş-altı il bundan qabaq, elə bura onun yanına yığışanların çoxu da ölüb. Allah onlara rəhmət eləsin. Məni də o Hacı gətirmişdi bura, daxmanı da o tikdirmişdi mənimçün. İndi day o yoxdu, bir mən varam, bir bu tut ağacı, bir də bunun budaqlarına ilişib qalmış şeir-qəzəllər. Bax, Ləhlülü, gəl bu budağı silkələyək, elə o saat da Seyid Əzimin bir beyti düşür ordan.
Zəxmli könlüm içrə ol navəki qəmzən ey pəri,
Keçdi ciyərdən öylə kim şiş kababidən keçər.

Yəni, sənin kipriklərivin oxu mənim yaralı sinəmdən, eşq odunda yanmış ciyərimdən elə keçdi ki, elə bil şiş kababdan keçdi. Təşbehə bax ey, məşuqənin kipriyini şişə bənzətdi, aşiqin yanmış ciyərini isə kababa. Başa düşdün, Ləhlülü? İndi get uşaqlara tapşır mənimçün iki pors ciyər kababı qoysunlar, ürəyim üzülür...
Əbdül kişiylə belə söhbətlərimiz çox olardı və bir-iki ay ərzində yavaş-yavaş ona elə öyrəşdim ki, hər kafeyə gələndə birinci onun yanına gedirdim, salamlaşırdım, tut ağacının budaqlarını silkələyib bir-iki beyt şeir dinləyirdim, sonra gəlib başlayırdım işimə. İş də deyəndə ki, düzü, heç cür özümdə bu işə maraq oyada bilmirdim. Ay nə bilim lüləyə nə qədər ət, nə qədər piy vurulur, pitini heyvanın hansı yerindən düzəldirlər, vergi müfəttişini necə yola salmaq olar, uçaskovını necə yağlamaq lazımdı. Mən hara, belə şeylər hara?! Nə bilim e. Atamdı da. Məcbur eləyirdi ki, texnikumdan çıxan kimi gəlim bura, Rafiq dayının yanında fırlanım. Amma nə qədər çalışsam da görürdüm ki, Rafiq dayıdan çox Əbdül kişinin yanında fırlanıram.
-Alə Ləhlülü, sən necə müdirsən ki, bütün günü ağacların arasından çıxmırsan?
Əlli dəfə verilmiş suala əlli dəfə verdiyim cavabı təkrar edirdim.
— Atamdı da, zorla otuzdurub məni burda ki, öyrən. Məndən kafe işlədən olar? Tələbə adamam.
-Harda oxuyursan ki.
-Medtexnikumda.
-Alə Ləhlülü, kişidən də medsestra olar?
-Mən stomatologiyada oxuyuram. Diş texniki olacağam. Bircə tez qurtarsaydım texnikumu, bir kabinet açardım özümçün. Yoxsa burda yaman darıxıram...
-Darıxırsan, onda gəl bir dənə qəzəl oxuyum səninçün.
Hər kitabə ki ləbü-ləlin hədisin yazələr,
Rişteyi-can birlə eşq əhli onu şirazələr...
Sonra da başlayardı beyti xırdalamağa, mən də qulaq asardım.

Dəm üstündə olan Əbdül kişi adama sual verəndə, elə bil cavabını eşitmirdi, onunçün də eyni sual-cavab hər gün təkrar olunardı, o soruşardı, mən danışardım, dəyişən isə axırda deyilən şeir olardı. Beləcə, yavaş-yavaş mən də şeir-qəzəl xiridarı olurdum və nəinki mən, hətta tez-tez yanıma gəlib-gedən tələbə dostlarım da Əbdül kişinin başına yığışıb kişini dilləndirərdilər, Füzulidən, Seyid Əzimdən danışardı, biz də həmin şeirləri əzbərləyib sonra texnikumda qızlara oxuyardıq.
Amma Əbdül kişiylə bu qəribə dostluğumuzun qaranlıq tərəfi hələ də işıqlanmamışdı. Yəni, mən özüm barədə Əbdül kişiyə hər şeyi danışmışdım, özü də bir dəfə yox, əlli dəfə, amma o özü barədə hələ bir kəlmə də danışmamışdı. Söhbəti nə qədər o tərəflərə fırlatsam da, Əbdül kişinin keçmişi barədə nəsə öyrənməyə çalışsam da, xeyri olmurdu, o, mövzunu hiss olunmadan elə fırladırdı ki, bir də görürdün ki, söhbət yenə gəlib çıxdı tiri-müjganların, güli-xəndanların, çeşmi-fəttanların üstünə.
Əbdül kişinin bir xüsusiyyəti də onun çox yaxşı nərd oynamağıydı ki, bunu da kafeni alandan bir-iki həftə sonra müşahidə elədim. Kişi elə bil zərin dilini bilirdi.
Demə, çoxlu nərd həvəskarı varmış ki, bura məxsusən Əbdül kişiylə nərd atmaqçün gəlirdilər. Özü də havayı yox, interesdən. Həmişə dəm üstündə olsa da, Əbdül kişi hər dəfə onları qaz kimi yolub yola salırdı, sonra da udduğu pulların çoxunu ofisiantlara, qabyuyanlara paylayardı. Bir-iki dəfə zorla mənim də cibimə pul basmışdı, götürmək istəməmişdim, amma kişi elə sifət eləmişdi ki, etiraz eləməyə dilim gəlməmişdi. Özüm də həmişə onunla oynayırdım, amma onu udmağım heç yadıma gəlmir. Mars olmurdumsa, elə bunu özümçün böyük nailiyyət hesab eləyirdim.

Beləcə, aylar keçirdi və gözləri çuxura düşmüş, rəngi saralmış, ağzından da həmişə araq iyi gələn bu arıq kişidə nə kəramət vardısa, onun hesabına mənim kafeyə münasibətim də dəyişirdi. Daha əvvəlki kimi candərdi gəlmirdim bura, texnikumda dərslərimin qurtarmağını səbrsizliklə gözləyirdim ki, tez maşına oturub kafeyə gəlim. Həm kafenin işləriylə məşğul olardım, həm də vaxt tapıb Əbdül kişinin söhbətlərinə qulaq asardım. Amma yenə də özü haqqında bir şey öyrənə bilməmişdim.
Yayı çox əntiqə yola verdik, həm müştəri çox idi, həm də mən kafeyə öyrəşmişdim, bir gün də bura gəlməyəndə ürəyim sıxılırdı. İş-gücün də çəmini yavaş-yavaş öyrənirdim və fikirləşirdim ki, yeni ildən sonra bəlkə də özüm buranı sərbəst işlədə biləcəm. Buna ən çox sevinən də atam idi, kişi hara çatırdısa, deyirdi ki, oğlum adam olur deyəsən...
Amma yay çıxandan sonra kefimi pozan bir hadisə baş verdi. Əbdül kişinin səhhəti korlanmağa başladı. Səhhət deyəndə ki, içki onsuz da yazığı yanı üstə qoymuşdu, amma bu payız vəziyyəti lap pisləşdi, bir neçə dəfə onunçün həkim də çağırmalı olduq, filan qədər iynə-dərman yazdılar. Bir də dedilər ki, gərək içməyi yığışdırsın, qara ciyərinin vəziyyəti yaxşı deyil.

Əbdül kişinin müalicəsi də asan olmadı. Mən özüm gəlib yadına sal­ma­saydım, dərmanları atmazdı, tibb bacısı da tutmuşdum ki, gəlib iynələrini vursun. Amma içkini azaltmaq məsələsində müşkülə düşdük. Neçə illər içkiyə öyrəşmiş bir adam idi. Düzdü, kafedəkilərin hamısını xəbərdar eləmişdim ki, ona araq verməsinlər, amma kişi yenə ordan-burdan gizlincə tapıb içirdi.
Yeni il qabağı texnikumda da problemlərim çıxdı deyə, Əbdül kişinin müalicəsinə vaxtım olmadı.
Kafeyə başım elə qarışmışdı ki, texnikum direktorunun özünün dərs dediyi fəndən qiymət ala bilmədim, kəsildim, onunçün məcbur oldum kitabları qabağıma töküb oxuyum. Başqa fənn olsaydı, pulunu verib qiymət alardım, amma direktorumuz tamam ayrı adam idi. Qırx neçə yaşı vardı, amma titul­ları bir kitaba yerləşmirdi. Tibb elmləri doktoru, professor, səkkiz elmi kitab müəllifi, Tibb Universitetində kafedra müdiri, bir neçə xarici ölkə akademi­yalarının fəxri akademiki… hələ deyirdilər ki, gələn seçkilərdə onu millət vəkilliyinə də təqdim etmək istəyirər.
Bir sözlə, çox zəhmli, ağır, sərt qadın idi. Texnikumun özündə də, elə təhsil nazirliyində də ondan çəkinirdilər, hətta nazir də həmişə hörmətini saxlayırdı. Və təbii ki, ondan pulla qiymət almaq yuxu kimi bir şey idi. Tapşırtdırmağın da xeyri yox idi, belə məsələlərdə direktorumuz heç kimin sözünə əhəmiyyət vermirdi. Çarə qalmışdı ancaq oxumağa.
Kəsiləndən bir həftə sonra göndəriş alıb bir də imtahanına getdim, yenə kəsildim, axırı üçüncü dəfə, deyəsən, direktorumuzun mənə yazığı gəldi, dedi bu dəfə də səni kəssəm, texnikumdan çıxartmalıyıq. Amma çıxartmaq istəmirəm.
Qısası, birtəhər qiymətimi alıb rahatlaşdım, ancaq bundan sonra yenə ciddi şəkildə kafe ilə məşğul olmağa başladım. Kafenin işlərində elə bir problem yox idi, amma bu bir ay ərzində Əbdül kişinin vəziyyəti lap korlanmışdı. Mən yox idim deyə, dərmanlarını da atmırdı, içkini də artırmışdı, kafedəkilər də ona çox fikir vermirdilər, hərə öz işiylə məşğul idi.
Mən gələndə kişi, demək olar ki, öz otağından çıxmırdı, rəngi saralmışdı, çətinliklə yeriyirdi, hiss olunurdu ki, bədəninin taqəti gedir. Huşu da yavaş-yavaş başından çıxırdı, elə ara-sıra özünə gəlib öz-özünə nəsə danışırdı, sonra yenə huşdan gedirdi. Bağ-bağça da başlı-başına qalmışdı

Əlbəttə, mən yenə həkim çağırdım, gəlib onu müayinə elədilər, dedilər ki, birinci kurs müalicəni tam eləmədiyindən vəziyyəti bir az da korlanıb, indi onu mütləq xəstəxanaya aparmaq lazımdı.
Axşam kafeyə gələndə bu barədə atamla danışdım, dedi ki, sabah dost-tanışa zəng vurub münasib bir xəstəxana taparıq, Əbdül kişini ora yerləşdirərik.
Amma, deyəsən, Əbdül kişinin əcəli yaxınlaşırdı, çünki apardığımız bir neçə yerdə onu müayinə edib dedilər ki, vəziyyəti çox pisdi, bunu burda sağaltmaq mümkün deyil, qara ciyəri çürüyür. Gərək Avropaya aparasız, bəlkə onlar bir şey edə bildilər.
Suyumuz süzülə-süzülə Əbdül kişini geriyə qaytardıq, yenə öz çirkli, alçaq daxmasında yerləşdirdik. Bundan ən çox təsirlənən də mən oldum. Heç cür ağlıma sığışdıra bilmirdim ki, Əbdül kişi üzü o yanadı. Elə bil ki, əziz bir adamımı itirməkdən qorxurdum. Amma neyləməli? Özünün sözü olmasın, adamın əcəli çatıbsa, heç nəyin xeyri yoxdu.
Həmin günlərdə Əbdül kişinin yanında çox otururdum, qulluq edirdim ona, dərmanlarını içirdirdim, hərdən özünə gəlib ayağa duranda bağda gəzdirirdim onu, ordan-burdan söhbət edirdik, sonra yenə gəlib yerinə uzanırdı.
O biri gün axşamüstü Əbdül kişinin həmişə nərd oynadığı uşaqlar gəldi kafeyə. Xeyli yeyib-içəndən sonra qalxdılar ki, onun yanına gedib bir-iki tas nərd atsınlar, amma gəlib onu belə ağır vəziyyətdə, yorğan-döşəkdə huşsuz görüb çaş-baş qaldılar və yaman əl-ayağa düşdülər.
Əslində, onlardan çox mən çaş-baş qalmışdım. Yad bir adamın xəstələn­məsinin bu gənclərə niyə belə təsir elədiyini heç cür anlaya bilmirdim.
Mən Əbdül kişinin vəziyyəti barədə onlara hər şeyi danışandan sonra, cəld kiməsə zəng vurdular, həyəcanla nəsə danışdılar, ikisi Əbdül kişinin yanında qaldı, ikisi də gəldikləri “Cip”ə oturub təzədən harasa getdilər.

Üstündən heç bir saat keçməmiş kafenin həyətinə sürətlə bir «Mersedes» daxil oldu və gəlib ağacların yanında, projektorun altında dayandı. Nəsə tanış gəldi mənə maşın, elə bil hardasa görmüşdüm. Və sürücü düşüb cəld arxa qapını açandan sonra başa düşdüm ki, yanılmamışam. Bu maşını həmişə texnikumun həyətində görürdüm. Bizim direktorun maşını idi...
Hə, arxa oturacaqdan, həqiqətən də, o düşdü. Tibb texnikumunun direk­toru, tibb elmləri doktoru, professor Şəfiqə Abdullayeva.
Onu görən kimi heyrətdən boğazım qurudu, amma yerimdə donub qalmadım, sanki qeyri-ixtiyari onun qarşısına cumdum.
-Axşamınız xeyir, Şəfiqə xanım.
Çönüb baxan kimi tanıdı məni.
-Sən burda neynirsən? — qaşlarını çatıb soruşdu.
-Bu kafe… — dilim topuq vurdu nədənsə — ...buranı işlədirik biz..
-Hə, elə onunçün imtahanlardan kəsilə-kəsilə gedirsən də...- sözünə fasilə verib, narahatlıqla kafenin həyətini gözdən keçirtdi. -Bəs o, hardadı?
-Kim?
-Əbdül...
Yenə çaş-baş qaldım, özümü itirdim. Neynir görəsən Əbdül kişini?
-Odey orda, bağın axırında...
Şəfiqə xanım mənə fikir vermədən yarıqaranlıq bağçanın içiylə cəld Əbdül kişinin daxmasına tərəf addımladı, mənimlə sürücüsü də onun ardınca getdik.
O, daxmaya girən kimi ordakı iki oğlan ona nəsə pıçıldayıb cəld bayıra çıxdılar. Sürücü də bayırda qaldı, bircə mən içəri girdim.
Şəfiqə xanım əvvəlcə dinməz durub otağın içini, dər-divarını gözdən keçirdi, sonra yaxınlaşıb Əbdül kişinin çarpayısının yanında dayandı.
-Çoxdan belə olub? — mənə baxmadan soruşdu.
-Payızdan vəziyyəti yaxşı deyildi, amma axır bir ayı lap korlanıb.
Şəfiqə xanım divarın dibindəki çirkli stulu götürüb çarpayının yanına qoydu və Əbdül kişinin yastığının yanında oturdu. Ürəyimdən keçdi ki, bu otaq onun əynindəki şubaya heç yaraşmır. O şubanın puluna bəlkə ikimərtəbəli ev tikmək olar.
Şəfiqə xanımsa Əbdül kişinin başı üstə əyilib boğuq səslə, yavaş-yavaş çağırmağa başladı.
-Əbdül..ay Əbdül… eşidirsən məni?...
Əbdül kişi çətinliklə də olsa gözlərini açdı, amma, deyəsən, elə başa düş­dü ki, yuxu görür. Dodaqlarını büzüb mızıldandı.
-Yenə sənsən, Şəfi… ölüm ayağında da əl çəkmirsən yaxamdan...

Bunu deyib təzədən gözlərini yumdu. Şəfiqə xanım isə yenə mənə tərəf çöndü və gördüm ki, gözləri dolub. Elə bil hıçqırmaqdan özünü güclə saxlayır. Düzü, birinci dəfəydi onu bu vəziyyətdə görürdüm, heç ağlıma da gəlməzdi ki, bizim direktor, ümumiyyətlə, nə vaxtsa belə hala düşə bilər.
-Balamsan, incimə, beş dəqiqəlik çıx bayıra...
Etiraz eləmədim və onun «balamsan» kəlməsi qulaqlarımda cingildədi. Yox, deyəsən, bu həmin adam deyildi, tamam başqa adam idi. Səsi də elə yumşalmışdı ki, elə bil mən onun ən yaxın adamıydım...
Mən qapını yavaşca örtən kimi arxadan Şəfiqə xanımın ağlamağının səsini eşitdim. Amma qapının yanında dayanmadım, yaxşı düşməzdi, onunçün də bağçada gəzişməyə başladım. Onun sürücüsü də, Əbdül kişiylə nərd oynamağa gələn oğlanlar da boş köşklərin birində oturub siqaret çəkirdilər.
Şəfiqə xanımın içəridə oturmağı yarım saat qədər çəkdi. Əbdül kişiylə nə danışdılar, nə danışmadılar, bilmədim. Şəxsən mənimçün ən maraqlı bu idi ki, görəsən, belə hörmətli bir qadının elə alkoqolikin biriylə nə alış-verişi var? O hara, bu hara?

Təxminən yarım saatdan sonra Şəfiqə xanım daxmadan çıxdı və o saat da əlinin işarəsiylə məni yanına çağırdı. Üzünün ifadəsi mənə nədənsə qəribə gəldi. Bütün sifətini bürümüş dilxorçuluğa rəğmən, gözlərində qəribə bir təbəssüm vardı.
Mən yaxınlaşan kimi gözlərimin içinə baxıb soruşdu.
-Ləhlülü sənə deyir?
Əlli dəfə eşitdiyim «təxəllüs»ü məhz Şəfiqə xanımın ağzından eşidəndə nədənsə məni də gülmək tutdu.
-Hə, mənə deyir...
-Onda keç içəri. Səni çağırır.
Mən otağa girəndə Əbdül kişi gözlərini geniş açıb tavanın çatlaq-çatlaq olmuş diktlərinə baxırdı. Qapının səsini eşidib mənə tərəf çöndü və qəribə, ərkyana bir tərzdə dedi.
-Tapşırdım səni, Ləhlülü. Daha imtahanlarda kəsib eləmiyəcəklər...- sonra yenə gözlərini tavana zilləyib mızıldandı — deməli, mən də ömrümdə birinci dəfə kiməsə daydaylıq elədim.
Sonra gözlərini yumdu, amma hiss elədim ki, huşdan getməyib, çünki yumulmuş göz qapaqlarının arasından yavaş-yavaş yaş gilələnməyə başladı.
Mən hiss elədim ki, onu tək buraxmaq lazımdı. Sakitcə otaqdan çıxdım. Gördüm Şəfiqə xanım gəlib tut ağacının altında dayanıb, gövdəsini sığallayır. Bu dəfə də işarəylə məni öz yanına çağırdı. Mən yaxınlaşanda əlini ağacın gövdəsindən çəkmədən soruşdu.
-Uşaqlar deyirdi ki, bu tut ağacını Əbdül əkib...
Çiyinlərimi çəkdim:
-Dəqiq bilmirəm. Biz buranı təzə almışıq. Bir il olmayıb heç...
— Sənin xətrini çox istəyir. Deyəsən, yaxşı qulluq eləmisən ona.
-Hə, nə bilim, gördüm tənha adamdı, heç kimi yoxdu...
Şəfiqə xanım sözümü bitirməyə aman vermədi.
-Niyə heç kimi yoxdu. Onun ailəsinə nə gəlib ki?

Mənim çaşqınlığımı görüb ah çəkdi, şubasının ətəklərini yığıb tut ağacının altındakı skamyaya oturdu, kürəyini ağacın gövdəsinə söykədi və başını qaldırıb mənə baxdı.
Mən gözlərimi geniş açıb təəccüblə Şəfiqə xanıma baxırdım və nədənsə içimdə elə hiss yarandı ki, bu saat mənə nağıl danışacaqlar.
...biz Mərkəzi kitabxanada tanış olmuşduq. Mən Tibb institutunu bitir­mək üzrəydim, Əbdül isə APİ-nin filologiyasında oxuyurdu. Nə cazibə vardısa onda, elə bir həftənin içində ağlımı başımdan aldı. Nə bilim. Elə bir vid-fasonu da yox idi. Arıq, uzun oğlan idi. Həm də dəhşət qürurlu idi, qırğına çıxardı, elə vaxt olardı ki, döyərdi, elə vaxt olardı ki, döyülərdi, amma heç kimdən söz götürməzdi, heç vaxt heç nəyə görə özünü sındırmazdı, özünü şax saxlardı. Bütün günü də şeirdən-qəzəldən danışırdı. Bəlkə də elə bu şeir-qəzəllərlə yoldan çıxartdı məni...

Nə isə, institutu qurtarandan sonra evləndik. Əbdül Abşeronun ən ucqar kəndlərindən birində yaşayırdı, atası veteran neftçiydi, Artyom qəsəbəsində üç otaqlı ev vermişdilər ona, o da Əbdülə bağışlamışdı. Toydan sonra da biz o üç otaqda yaşamağa başladıq. Əbdül məktəbdə ədəbiyyatdan dərs deyirdi, mən də hələ ki, evdə otururdum. Toydan doqquz ay sonra qızımız oldu. Eh,..elə xoşbəxt vaxtlarımız da onda idi. İndi burnumun ucu göynəyir o günlər üçün… amma uşaq iki yaşına çatanda gördüm yox ey, evdə əməlli-başlı darıxıram. O boyda institutu qırmızı diplomla qurtarmışdım, bütün müəllimlər deyirdi ki, sən çox yaxşı cərrah ola bilərsən, amma mən Abşeronun ucqarında, adanın ortasında oturub bütün günü pəncərədən dənizə baxırdım.

İşləmək istədiyimi Əbdülə deyəndə bir az ağzını büzdü, amma razılaşdı, elə özü gedib ordakı xəstəxananın baş həkimiylə danışdı. Ucqar yer idi, işləməyə mütəxəssis tapa bilmirdilər, onunçün baş həkim elə o saat razılaşdı, məni cərrahiyyə şöbəsinə işə götürdülər. Mən də uşağa qonşuluqdan bir dayə tutub işə çıxdım. Təzə-təzə assistent kimi işləyirdim, amma təxminən iki ildən sonra əməliyyatlara özüm sərbəst çıxmağa başladım. Assistent olanda iş o qədər də çox olmurdu deyə, evə də vaxtında gəlirdim, özüm sərbəst əməliyyatlara çıxandan sonra iş də çoxaldı. Səhərdən az qala gecəyəcən işdə olurdum, ya da elə evə gəlməyimi görürdüm ki, təzədən zəng vurub çağırırdılar ki, təcili əməliyyat var, dur gəl.
Hiss eləyirdim ki, yavaş-yavaş Əbdül də narahat olmağa başlayır. Özünün işi yüngül idi, günortayacan dərslərini deyib gəlirdi evə, sonra bekar olurdu, gecəyəcən məhəllədə dost-tanışlarla nərd atırdı. Mən də gah saat doqquzda gəlirdim, gah saat onda, gah da gecə səhərəcən xəstəxanada qalmalı olurdum.
Əbdül bacardıqca narazılığını gizlətməyə çalışırdı, elə yüngülvari deyinməklə ürəyini boşaldırdı, amma məni xəstəxanada şöbə müdiri təyin edəndən sonra daha narazılığını gizlətmirdi, hər gün üzümə deyirdi ki, belə evlilik olmaz, çayımı özüm dəmləyirəm, xörəyimi qonşu bişirir, arvadım saat onda gəlir evə, evdə də rahat buraxmırlar səni, qohum-əqrəba az qalır məni ələ salıb gülsün.
Mən də həmişə onu sakitləşdirirdim ki, mənsiz xəstəxananın işi keçmir, özün görürsən ki, uzaq yerdi, həkimlər burda işləmək istəmir, beş adamın işini bir adam görür...
Belə söhbətlərimiz çox olurdı və ilk aylar onu birtəhər sakitləşdirə bilirdim.
Xəstəxanada isə hörmətim günü-gündən artırdı. Bütün qonşu kəndlərdən mənim yanıma gəlirdilər, hətta evdə də xəstə qəbul eləməyə məcbur olurdum. Şöbə müdiri keçəndən sonra ictimai işlərə də cəlb eləməyə başladılar. Nə bilim, cürbəcür qadın təşkilatları, icra hakimiyyətinin tədbirləri, yığıncaqlar, məruzələr. Nəsə vacib tədbir olurdusa, baş həkim o saat məni qabağa verirdi.
Əbdülü də elə ən çox əsəbiləşdirən bu idi ki, hara gedirdisə, hamı məndən danışırdı, məni tərifləyirdi, sonra da Əbdülə təşəkkür edirdilər ki, bu cür bacarıqlı cərrahı şəhərdən bizim bu ucqar qəsəbəyə gətirmisən. Başqalarının yanında hiss elətdirməsə də, evdə itə dönürdü həmişə, deyirdi, gözüvün içinə baxa-baxa arvadıvı tərifləyirlər, sən də kəsilə-kəsilə qalırsan, məcbur olursan yalandan gülümsəməyə, təşəkkür eləməyə, belə də kişilik olar?

Mən də çalışırdım onu sakitləşdirim, zarafata salırdım, bir dəfə dedim ki, nə olar, sənin yanında tərifləyirlərsə, sən də təriflə. Sözüm Əbdülü lap cin atına mindirdi, dedi, arvadımı tərifləyim? Elə şey olar? Atalar bilirsən nə deyib? İgid atını təriflər, müxənnət arvadını...
Görürdüm ki, Əbdülün dişi bağırsağını kəsir, amma özünü saxlayır, birtəhər dözür.
Başa düşürdüm ki, belə çox gedə bilməz. Yaman qorxurdum ki, bir gün səbr kasası daşacaq, dolub partlaycaq, onda, allah bilir, nə olacaq.
Çox çıxılmaz vəziyyətdə qalmışdım, həm işimi sevirdim, günü-gündən irəli gedirdim, həm də Əbdüldən qorxurdum. Başa düşürdüm ki, bir gün Əbdül məni seçim qarşısında qoysa, mən işimi yox, ailəmi seçəcəm. Çünki Əbdülsüz bir gün də yaşaya bilməzdim. Hər halda, o vaxt mənə elə gəlirdi. Deməli, işimi atıb evdə oturmalı olacaqdım.
Şəfiqə xanım söhbətin bu yerində nəfəsini dərdi, nə fikirləşdisə, ayağa qalxıb skamyanın ətrafında gəzişməyə başladı...
-...hə, partlamalıydı, doğrudan da, partladı. Novruz bayramı idi, Əbdülün ata-anası, bacı-qardaşları bizə yığışmışdılar. Kişilər yeyib-içdilər, biz də qadınlarla oturduq şirniyyat bişirməyə. Elə təzə başlamışdıq ki, xəstəxanadan zəng elədilər, baş həkim dedi ki, bir uşağı maşın vurub, vəziyyəti ağırdı, təcili cərrahiyyə əməliyyatı lazımdı, dalınca maşın yollayırıq, gəl. Mən də cəld evdəkilərdən üzr istəyib xəstəxanaya cumdum.
Amma əməliyyat çox çəkdi, bir də gördüm ki, gecə saat on ikidi.
Bayaqdan fikrim ancaq uşağın yanındaydı, amma indi birdən yadıma düşdü ki, axı mənim evdə qonaqlarım var.
Hə, demə elə evdə də həmin axşam mənimlə bağlı söhbət gedib, qohumlar narazılıq ediblər ki, gəlinimizə qonaq gəlmişik, o isə gecə vaxtı bizi evdə tək qoyub çıxıb gedir.
Müxtəsəri, qohum-əqrəba da məclisi yarımçıq qoyub çıxıb gedir evə, Əbdül tək qalır. Onsuz da qardaşıyla xeyli içmişdi. Tək qalandan sonra bir az da içir, axırda da qərara gəlir ki, bu məsələni birdəfəlik həll eləmək lazımdı.

Evdən yekə bir bıçaq götürüb cibinə qoyur, gəlir xəstəxanaya....Bunları sonra özü danışıb mənə..
Mən əməliyyat elədiyim uşağın palatasındaydım, neçə saatlıq əməliyyatdan sonra uşağı xilas eləmək mümkün olmuşdu. Elə neyçünsə dəhlizə çıxanda bir də gördüm o biri başdakı qapı açıldı, Əbdül yellənə-yellənə içəri girdi. Məni görən kimi əlini belinə atıb bıçağı çıxartdı. Qaşqabağını görən kimi ürəyim düşdü, divara sıxılıb qaldım, qorxudan ayaqlarım tutuldu. Əbdül bıçağı əlində sıxıb düz üstümə gəlirdi. Başa düşdüm ki, axırım çatıb..
Elə bu vaxt dəhlizin o biri başında qışqır-bağır qopdu, qapı açıldı, uşağın qohum-əqrabası içəri doluşdu. Tibb bacıları onlara demişdi ki, uşağı birtəhər xilas eləmişik. Onunçün hamısı arvadlı-kişili üstümə tökülüşdülər, uşağın anası, nənəsi, nə bilim, xalaları, məni qucaqlayıb başladılar duz kimi yalamağa, anası az qala ayağıma düşəcəkdi ki, uşağımızı Əzrayılın əlindən aldın, biz bundan sonra sənin nökərinik, nə bilim canımız, malımız sənə qurbandı.
Əbdül nə qədər sərxoş olsa da, onları görən kimi bıçağı gizlətdi, eləcə məndən on addım aralıda divara söykənib baxmağa başladı.
Mən də yerimdə donub qalmışdım. Uşağın qohumları isə heç cür əl çəkmək istəmirdilər, gah əlimi öpürdülər, gah ayağıma düşürdülər...
Bilmirəm, bu nə qədər çəkdi, on dəqiqə, yarım saat, bir saat.

Bircə onu bilirdim ki, bunlar məni qucaqlayıb təşəkkür edirdilər, Əbdül də on addım aralıda heykəl kimi quruyub mənə baxırdı. Gözləri də don­muşdu, elə bil şüşədən idi. Üzünə çox baxmağa da xəcalət çəkirdim, başımı aşağı salmışdım.

Axırı tibb bacıları gəlib uşağın qohum-əqrəbasını birtəhər bayıra çıxart­dılar. Dəhlizdə Əbdüllə mən qaldım. Hiss eləyirdim ki, gözlərini məndən çəkmir, amma başımı qaldırmağa qorxurdum, elə bilirdim ki, gözlərinin içinə baxsa, onun baxışları altında ovulub töküləcəm..
Birdən cingilti səsinə elə bil yuxudan ayıldım. Gördüm ki, Əbdülün bayaq əlində tutduğu bıçaq gəlib ayağımın altına düşüb. Qeyri-ixtiyari ona tərəf baxdım. Bıçağı ayağımın altına atandan sonra son dəfə gözümün içinə baxdı, üzünü çevirib dəhlizdən çıxdı.
Hə, o getdi, mən isə dayanıb ayağımın altındakı bıçağa baxmağa başladım.
Ondan sonra iki gün evə getməyə qorxdum, bilmirəm niyə, amma qorxurdum. Elə öz iş kabinetimdəki balaca kresloda yatırdım.
İki gün sonra Əbdül yanıma gəldi. Kabinetin qapısında onu görən kimi yenə dilim tutuldu, ayaqlarım əsdi.
Amma Əbdül bu dəfə tamam başqa adam idi. Hiss olunurdu ki, sakitləşib, amma qəribə bir qətiyyət vardı gözlərində.
Əbdül gəlib oturan kimi dedi, uşaq səni istəyir, işdən çıxandan sonra evə gələrsən.
Sonra da evin açarlarını çıxarıb qabağıma qoydu, dedi, mən kənddə qalacam. Daha baş-qulağıvı aparan olmayacaq, işlərinlə rahat məşğul olarsan.
Bunu deyib ayağa qalxdı. Elə bil mənə yalnız indi çatdı onun dedikləri. Necə yəni kəndə gedirəm? Bəs mən?
Elə fikrimdəki də dilimə gəldi, dedim hara gedirsən, ay Əbdül, bəs mən?
Çönüb dedi ki, səni qabaqda böyük işlər gözləyir, camaata lazımsan, mən istəmirəm sənə mane olum.
Başa düşdüm ki, qorxduğum seçim anı gəlib çatıb. Amma, əslində Əbdül məni heç seçim qarşısında da qoymurdu. Əsl kişi kimi seçimi də mənim yerimə özü eləmişdi.
Dedim, Əbdül, tüpürüm işə də, karyeraya da. Sənsiz mən neynirəm bunları. Heç nə istəmirəm. Bircə kəlmə de çıx işdən, vallah, tüpürərəm bu kabinetə də, işə də, ömrümün axırınacan o dörd divarın arasında oturaram, heç zərrə qədər də incimərəm səndən. Allah haqqı. Sənsiz mən kimə lazımam ki...
Əbdül əsəbiləşərək başını yellədib dedi, qələtini elə, otur işivi işlə. Sənin kimi həkimi mən dörd divar arasında oturtsam, qiyamətdə altından çıxa bilmərəm, camaat da məni daşa basar.
Dedim, Əbdül, mənə sən lazımsan, camaatın bura nə dəxli var?
Gülüb dedi ki, sən evdə otursan mən sağaldacam camaatın xəstələrini?
Axırda da dedi ki, ağıllı ol, başıvı aşağı sal, işivi gör, axmaq işlərə də baş qoşma, qulağıma çatsa ki, artıq-əskik hərəkət eləmisən, gəlib başıvı kəsərəm. Bir şey lazım olsa, xəbər elə gəlim, kənd burda iki addımlıqdadı, evdə telefon da var.
Müxtəsəri, Əbdül getdi, mənim halım da korlandı.

Ondan sonra nə qədər ayağına getdim, nə qədər xahiş-minnət elədim, xeyri olmadı. Dedi, günah məndə olub, əvvəldən gərək sənə yaxın gəlməyəydim. Amma mən bilmirdim, sən belə bacarıqlı cərrah olacaqsan, elə bilirdim adi həkim olacaqsan, yarım gün işləyəcəksən, növbən qurtaran kimi də çıxıb gələcəksən evinə-eşiyinə. Bütün günahlar məndədi, sənlik bir şey yoxdu...
Şəfiqə xanım sözünə fasilə verib yenə də sakitcə gəzişməyə başladı, bu dəfə mən özümü saxlaya bilmədim. Cəsarətə gəlib soruşdum:
-Başa düşmürəm. Əgər sizin işləməyinizi istəyirdisə, daha niyə çıxıb gedirdi, qalardı da. Camaat necə eləyir ki? Uzağı, bir qulluqçu tutardız, ev işlərini görərdi.
-Sən başa düşmürsən e, — Şəfiqə xanım yenə gəlib yanımda oturdu, — məsələ ev işlərində deyildi. Əbdül heç cür qəbul edə bilmirdi ki, arvad nədəsə ondan artıq olsun. Əgər o, özü də öz sahəsində irəli getsəydi, nə bilim, vəzifə adamı, alim olsaydı, onda bəlkə də heç bir problem olmazdı. Amma o, adi ədəbiyyat müəllimi idi, bundan o tərəfə getməyə nə həvəsi, nə də enerjisi vardı. Özü də bunu başa düşürdü. Amma görürdü ki, arvadının enerjisi aşıb-daşır, günü-gündən irəli gedir, yüksəklərə qalxır, onunçün də çəkildi kənara. Arvad kölgəsində dolanmağı sığışdırmadı özünə.
-Nə bilim, vallah, qəliz məsələdi, — dodaqaltı mızıldandım, — bəs sonra necə oldu ki, belə vəziyyət düşdü.
— Əbdül gedəndən bir il sonra baş həkimimiz təqaüdə çıxdı, məni onun yerinə təyin elədilər, sonra da Bakıya Mərkəzi xəstəxanaya dəvət elədilər, mən də evi satıb qızımla bir yerdə şəhərə köçdük. Sonra yeni vəzifələr, elmi işlər, texnikum, tələbələr. Bütün fikrimi-zikrimi çalışırdım işin üstünə qoyum, onunçün də təkliyə birtəhər dözə bildim, sınmadım, amma Əbdül dözə bilmədi, sındı. Bir-iki il sonra xəbər tutdum ki, möhkəm içməyə başlayıb, sonra içməyinə görə məktəbdən də çıxartdılar onu. Gəldi şəhərdə orda-burda işlədi, içməyini də ki, özün bilirsən.
İşlərim, karyeram nə qədər yaxşı getsə də, həmişə içimdə bir nigarançılıq vardı. Həmişə Əbdüldən nigaran idim, həmişə. Fikrim onun yanında idi.
Neçə dəfə axtarıb tapdım onu, qorxa-qorxa da olsa, dedim, qayıt gəl bir yerdə yaşayaq, axı mənə də çətindi sənsiz, dedi, yox ey, sən hörmətli adamsan, cərrahsan, alimsən, amma mən kiməm? Heç kim? Neynirsən məni?
Neçə dəfə çalışdım ki, onun maddi təminatını öz öhdəmə götürüm, razı olmadı, axırda lap hirslənib birdəfəlik qovdu məni, dedi, rədd ol, bir də gözüm görməsin səni, əl çək yaxamdan.
Axırıncı on ili də burda işləyirdi. Onunçün öz uşaqlarımızdan tez-tez göndərirdim, nərd oynamaq bəhanəsiylə onun yanına gəlirdilər, qəsdən çoxlu pul uduzurdular ona. Ürəyim sakit olurdu, bilirdim ki, heç olmasa, pulsuz deyil. Özüm açıq şəkildə gəlməyə ürək eləmirdim, qorxurdum, bilirdim ki, hirslənəcək.
Nədənsə gülmək tutdu məni. Şəfiqə xanım təəccüblə üzünü mənə tutdu.
-Nəyə gülürsən?
-Heç, o tərəflərdə hamı sizdən çəkinir, dağ boyda kişilər qabağınızda tir-tir əsirlər, amma siz Əbdül dayıdan qorxursuz. Kimdən-kimdən, Əbdül dayıdan. Ondan burda heç balaca uşaqlar da qorxmur.

-Sən hələ uşaqsan, belə şeyləri başa düşməzsən. Bu qorxu o qorxudan deyil. Əbdül bəyəm başkəsən idi? Ömrü boyu bircə cücə başı da üzməmişdi. Məni qorxudan onun inamını itirmək idi. İstəmirdim elə fikirləşsin ki, onsuz əl-ayağım açılıb, kefim istəyəni edirəm. Onunçun də nə bu vaxtacan ərə getdim, nə də bütün həyatım boyu başqa bir artıq hərəkətə yol verdim. Axı o mənə tapşırmışdı ki, başını aşağı sal, işinlə məşğul ol. Elə bilirdim ki, kənara nəsə bir addım atsam, Əbdülün qulağına çatacaq, gəlib üzümə tüpürəcək. İstəmirdim ki, mənim hansısa hərəkətim barədə ona deyəndə, arvadına görə utanıb xəcalət çəksin. Qadın gərək ərinin papağını yerə vurmasın. Fikrim kənara gedən kimi o saat Əbdül gəlib dururdu gözümün qabağında, qeyri-ixtiyari özümü yığışdırırdım.
Doğrudan da qəribə söhbətlər eşidirdim. Amma heç nə başa düşə bilmirdim, daha doğrusu, inanmırdım, elə bilirdim ki, direktorumuz məni prikola tutur.
Şəfiqə xanımsa bir az da tut ağacının ətrafında gəzib kəmhövsələliklə saatına baxdı, dodaqaltı mızıldandı.
-Bu qız harda qaldı axı...
-Kimi gözləyirsiz ki? -maraqlandım.
-Qızıma zəng vurmuşdum ki, gəlsin bura. Bilmək olmaz, Allah eləməsin Əbdülün vəziyyəti düzəlməsə… — elə bil qəhər boğdu onu, amma tez özünü ələ aldı — heç olmasa axırıncı dəfə atasını görsün. Yoxsa neçə illərdi aldadıram yazığı, elə bilir ki, atası Rusiyadadı, orda ailə qurub yaşayır.
-Deməli, bayaqdan ona görə yubanırsız burda?
-Əlbəttə. Yoxsa elə bilirsən həyatımı sənə danışmaqçün oturmuşam?! — Şəfiqə xanım kinayəylə dillənib yenə də tut ağacının ətrafında gəzişməyə başladı. Elə bu vaxt kafenin həyətinə bir xarici maşın da girdi, maşından gənc bir qız düşdü. Şəfiqə xanımın sürücüsü onu qarşılayıb bizi göstərdi, qız ağacların altında anasını görüb bizə tərəf addımladı.

Zalımın qızı yaman göyçək idi, həm də bilinirdi ki, saçından tutmuş dırnağına qədər xüsusi qulluq görüb.
Qız bizə yaxınlaşıb anasına nəsə dedi, sonra Şəfiqə xanım onun qolundan tutub Əbdül kişinin daxmasına tərəf gətirdi, içəri girdilər. Mən də onların arxasından içəri boylandım.
Qız içərini nəzərdən keçirib əsəbiliklə dilləndi.
-Eeh, ay ana, axı tələsik niyə gətizdirmisən məni bura? Bu kişi kimdi, bomja oxşayır.
Əbdül kişinin huşu özündə deyildi, yoxsa söz xətrinə dəyərdi. Şəfiqə xanım isə dərin bir ah çəkib qızına çöndü.
-Sənin atandı bu...
-Nə? Atam? Bəs deyirdin atam on beş ildi ki, Rusiyada yaşayır, elmi işlə məşğul olur...
-Yalan demişəm. Sənin atan, bax bu adamdı, heç vaxt da heç yerə getməyib, elə həmişə Bakıda yaşayıb.
Qız elə bil anasına inanmadı, Əbdül kişinin çarpayısına yaxınlaşıb azca əyilərək diqqətlə onun üzünə baxmağa başladı və deyəsən, çoxdan bəri görmədiyi atasının hansısa cizgilərini tanımağa başladı.
Qəfildən qızın rəngi ağardı, gözləri doldu, anasına çönüb hikkəylə çımxırdı.
-Dağ boyda kişilər sənin qabağında ikiqat dururdular, yalvarırdılar, heç birini bəyənmədin ki, mənim ərim var. Deməli, bu alkaşa görə o cür kişiləri rədd eləyirdin? Budu sənin bəhbəhlə təriflədiyin ərin? Budu mənimçün gecə-gündüz haqqında danışdığın atam?
Şəfiqə xanım da özünü sındırmadı, gözlərini yummuş Əbdül kişiyə baxıb şəstlə dedi.
-Sənin o dağ boyda kişilərin Əbdülün dırnağına da dəyməzdi. Onlar mənim ad sanıma, var-dövlətimə görə başıma fırlanırdılar, amma sənin atan...
Qız onun sözünü ağzında qoydu.
-Mənim atam yoxdu...mənim atam Rusiyadadı...

Bunu deyib ağlaya-ağlaya otaqdan çölə sıçradı. İçəridə isə üçümüz qaldıq. Mən, Şəfiqə xanım, bir də çarpayıda huşsuz uzanıb ağır-ağır nəfəs alan Əbdül kişi.
Şəfiqə xanım çarpayının yanındakı stulda əyləşib xeyli müddət Əbdül kişini diqqətlə seyr elədi. Elə bil qorxurdu ki, bir daha onu görməyəcək, onunçün də sifətindəki hər bir cizgini cidd-cəhdlə yadında saxlamaq istəyirdi.
Nəhayət, ayağa qalxıb mənə sarı çevrildi.
-O, hər adama isinişən deyildi, amma, deyəsən, sənin xətrini çox istəyir.
Bunu deyib otaqdan çıxdı, mən də onun arxasınca. Maşına tərəf gedə-gedə sözünə davam elədi.
-Mən xaricdəki həmkarlarımla danışaram, götürüb apararsan onu müalicəyə. Bəlkə xilas eləmək mümkün oldu. İmtahanlardan da azad edərəm səni. Amma gözün üstündə olsun. Sənə tapşırıram onu...
Maşına çatıb qapını açdı, arxa oturacaqdan çantasını götürdü, açıb içindən bir bağlama dollar çıxartdı, mənə uzatdı:
-Götür, çatmasa yenə yollayaram. Atanla da özüm danışaram, bir söz de­məz sənin getməyinə. Amma bu barədə Əbdülün özünə demə. Bilsə ki, müa­licə­sinin pulunu məndən almısan, səninlə də qanlı-bıçaq olacaq. Həm də or­dan tez-tez zəng vurarsan mənə, yoxsa… yaman nigaran qalacam Əbdüldən...
Bunu deyib maşına oturdu, sonra nə fikirləşdisə, yenə mənə çöndü, ah çəkərək sözünü bitirdi.
-Biz indiyəcən heç rəsmi şəkildə boşanmamışıq. Sənədlə hələ də o mənim ərimdi, qanuni ərim...
Bunu deyib maşının qapısını örtdü.
Maşının maqnitofonu isə bayaqdan bəri işləyirdi və həzin bir mahnı səsi süzülürdü.

Ömür ötür keçir aram-aram...
Heç bilmirsən bəlkə yoxam-varam...
Yalnız səni, səni, soruşaram...
Səndən nigaranam...

Yanvar, 2009
Müəllif: İlqar Fəhmi

0 şərh