Qədim mayyalara cavab | Kamal Abdulla
Dünyanın axırından sonrakı günün söhbətidir. Hələ eralardan əvvəl qəribə bir uzaqgörənliklə qədim mayya xalqı dünənki gün üçün dünyanın dağılacağını vəd etmişdi. Amma şükür, hər şey ötüşdü. «Dünən» öz aramlı yerişiylə dünyamızdan ötüb-keçib gecənin içində əridi və o biri günlər kimi əbədiyyətə qovuşdu, kainatda ciddi bir dəyişiklik olmadı. «Qara deşıklər» yenə də gözəgörünməz sualtı minalar kimi qalaktikamızın həndəvərində nəhəng və vahiməli ağızlarını açıb möhtəşəm maqnit gücüylə bizi hadisələrin üfüqünə sarı dartmağında, biz isə dirənməyimizdəyik ki, dirənirik.
Elə bunu duymaq nə qədər gözəldir ki, balaca dünyamız bu gün yenə öz əvvəlki iş rejimində işləyir — çalışır, sevir, nifrət eləyir, ağlayır, gülür, yaşayır, bir sözlə, elə bilir ki, ciddi işlərlə məşğuldur. Hamı sağ və salamatdır. Adamlar sevinə-sevinə bir-birini təbrik edir, bəziləri belə «gic-gic» şeylərə əvvəlcədən inanmadığını cidd-cəhdlə kiminsə yadına salırdı. Amma dünən bu adamların əsəbləri tarıma çəkilmişdi və günün sonunda, saat 12-yə bir dəqiqə qalmış onlar ürəkləri ata-ata, bədənləri əsə-əsə, dodaqları ilə səssizcə «Ya Allah, mənə yazığın gəlsin» pıçıldaya-pıçıldaya gözlərini qorxu içində bərk-bərk yummuşdular – buna əminliklə and içmək olar.
Mənə isə elə gəlir ki, dünən gecə dünyanın sonu oldu. Və indi biz bu sondan sonra yaşayırıq. Biz bir-birimizin yuxusuna köç etmişik. Heç olmasa, bu şəkildə biz qədim mayyaları aldada bildik.
Ardı →