Рейтинг
+35.68

Azərbaycan ədəbiyyatı

43 üzv, 283 topik

"Gözəl" | Əlabbas

Bibimin kəndə qayıtmağı camaat arasında bərk səs-küyə səbəb oldu. Az qala bütün kənd ondan danışırdı.
Yazıq qadın küçəyə çıxmağa peşman idi, dərhal xısınlaşma başlayır, bibim gözdən itənə qədər arxasınca tamaşa eləyirdilər.
Qonşumuz Şayəstə xalanın birinin də üstünə beşini qoyub danışanda elədiyi kimi, onların dəridən-qabıqdan çıxmalarından hiss eləyirdim ki, bibim bu adamların nəzərində çox qorxunc və idbar bir varlıqdır.
Amma əslində belə deyildi. Bunu aləmdən-aləmə hamı bilirdi ki, bibimin gözəlliyi bütün ətraf kəndlərdə də adla deyilir.
Hələ qız vaxtı tay-tuşunun, lap elə ondan böyüklərin də bibimə necə bəxtəvərçilik verdikləri indi də yadımdadır.
Küçə-baca bir yana, o heç evdə də bir gün görmürdü. Atamla anam sanki gün-gündən bu adama qarşı daha qəddar olurdular.
Ardı →

"Heykəltaraş" | Zərdüşt Şəfizadə

“Bu nədi belə düzəltmisən?”
“Heykəl...”
“Görürəm heykəldi. Nə heykəli?”
“Adam...”
“Hə, Adam...bəs bunun sifəti hanı?”

I

Məhəmməd bayaqdan bəri torpağa sıxılmaqdan sızıldayan dizlərinə əhəmiyyət verməyərək bir ovcunda partlamayan qumbaraya baxdı, bir də qarşısında əli silahlı dayanıb onun başa düşmədiyi dildə nə isə qışqıran adamlara.
Gözlərini onlardan qaçırdaraq aralıda gözünə dəyən tək-tük ağac və kollara nəzər atdı- iki gündü atışma ilə eyni zamanda dayanmadan əsən külək ağacların budaqlarını israrla sındırır, sındıra bilmədiyinin də başını yerdən qaldırmağa qoymurdu.
Ardı →

Şuşa məni necə xilas etdi? | Qan Turalı

Bayaq evdə darıxdım.
Aşağı düşüb bir taksiyə oturdum.
Üstümdə pul çox az idi, cəmi 4 manat.
Düşünürdüm ki, elektron kartımdan çıxardaram.
«Azadlıq» metrosunun yanına gedib bir az gəzmək, kiçik kafelərə girib söhbətləşmək, söhbətlərə qulaq asmaq istəyirdim.
Bu cür kafelər məni həmişə dincəldir.
Ardı →

Oliqarxla toqquşma | Murad Köhnəqala

Şəhərin mərkəzinə, “Tarqovı” tərəfdə toz-təmir işlərinə baxmağa gedirdim. Küçəni keçərkən yekə bir xarici maşın üstümə elə gəldi, az qala məni vursun, kənara tullanıb qəzadan güclə yayındım. Baxdım ki, maşının uzunluğu beş metr olar. Şüşələri gülləkeçirməz, dəmiri tankadavamlıdı. Ancaq markasından başım çıxmadı. Sükan ardında bir axmaq adam oturub saqqız çeynəyə-çeynəyə mənə baxırdı. Dedim, a kişi, zibilini o tərəfdən sür dəə, başına yol qəhətdi?


Maşını bir az yana verib başını aynadan çölə çıxartdı: “Zibil sənin ayağındakı ayaqqabılarındı!” Məni od götürdü, demək o, mənim piyada olmağıma gülürdü. Dedim, arzum budu, sənin də maşınının təkərı yeyilib mənim ayaqqabımın gününə düşsün.


Ardı →

"Bazarlıq" | Azər Abdulla

Bu dəfə Bəhram talonu deşəndən sonra dönə-dönə sürücüyə göstərib, tramvayın son pilləkənində yuxarı qaldırıb havaya buraxdı. Yolun qırağında alma, fındıq, yumurta satırdılar.
— Camaatda ağıl yoxdu, belə almanı qoyub gedib od bahasına bazardan alırlar,- dedi. Heç kim ona məhəl qoymadı. O, fındıq növbəsində dayanmış adamlara, ağzı açıq kisəyə yaxınlaşıb bir ovuc fındıq götürdü, ağırlığını yoxladı, “sən öl, əməlli-başlı fındıqdı da!” – deyib birini ənginə salıb sındırdı, iri, sağlam fındıq çıxdı. Ağzına atıb yeyə-yeyə adamların üzünə baxdı. Yenə ona məhəl qoyan olmadı. Ovcundakı fındığı kisəyə atdı. Yumurta satılan yerə yaxınlaşdı. Əlində dolu zənbil tutmuş qadından:
— Neçiyədi?- soruşdu.
— Bir otuza.
— Onu, eləmi?
— Onu olmamış, otuzu olmayacaq ki!?
Ardı →

Düzgün olmayan həqiqət | Kamran Nəzirli

1941-1945-ci illərdə Böyük Vətən müharibəsi deyilən dəhşətli gedər-gəlməzə minlərlə soydaşımız yollanmışdı. Həlak olanlar, yaralanıb qayıdanlar, itkin düşənlər, əsir həyatı yaşayanlar barədə yüzlərlə əsər yazılıb. Bu hekayə də olmuş əhvalat əsasında ərsəyə gəlib və mən bu əsəri Ziya Bünyadov, Mirzə Cəbiyev və İlya Kaverin kimi qəhrəman övladlar doğmuş, atalarının, ərlərinin, oğullarının, qardaşlarının yolunu bu gün də gözləyən fədakar qadınlarımıza ithaf edirəm.
Kənddə xalama “qarımış qız” deyirdilər. Camaat danışırdı ki, min doqquz yüz qırx birin noyabr ayından sonra onun başına hava gəlib. Hərdən dükan-bazara çıxan, yaxud məni bağçaya aparıb-gətirən xalamın dalınca xısın-xısın pıçıldaşanlar da olurdu. Bəziləri Xanım xalanın həddən artıq sakit, qaradinməz, daim fikirli və kədərli olmasını qeyri-adi əlamət kimi qələmə versə də buna qətiyyən inanmaq istəmirdim. Səbəbini fərli-başlı anlamırdım; hər halda, xalam haqqında gəzən bu söz-söhbətlər məni açmırdı; ona “qarımış qız” deyən adamlardan da zəhləm gedirdi.
Ardı →

Dua-cadu

Divanda arabir öz xorultusuna ayılır, arvadının hələ də televizora baxdığını görüb təzədən mürgüləyirdi. Növbəti dəfədə daha dözmədi:
— Ay arvad, acı bağırsaq kimi nə çox uzandı sənin bu verilişin? Bağla, dur yataq də, gecə keçdi axı.
— Sən allah, bir az da səbrini bas, axırıdı, indicə qurtarır.
— Sən də elə o telekanalların günündəsən, – bərkdən əsnədi. – Sözdə yalandan cin-şeytana, cadugərə, falabaxana, ekstrasensə, nə bilim, parapsixoloqa inanmamağa çağırır, hamısının fırıldaqçı, şarlatan olduğunu söyləyirlər. Amma əməldə onları bu kanal sənin, o kanal mənim, deyib, bir-birinə ötürə-ötürə reklam edir, məşhurlaşdırır, camaata sırıyırlar.


Ardı →

Pıspısa | Gülşən Lətifxan

Pıspısa onun ayaması idi və o, bu ada o qədər öyrəşmişdi ki, hərdən əsl adını kiminsə dilindən eşidəndə təəccüblənirdi, amma bununla belə çox yaxşı bilirdi ki, halalca ərinin xudpəsənd, dəymədüşər anasının dilindən alıb ona pərçim etdiyi bu ayamanın mənbəyi hardandı, Pıspısa nədi, el arasında hansı böcəyə «Qara pıspısa» deyirlər və bu qara böcəklər daha çox harda eşələnirlər?
Simnarə bu qara böcəklərin adı ilə bağlı ayaması haqqında bir zamanlar düşünüb-daşınmışdı, amma taleyi kimi, bu ayama ilə də barışmışdı.
Ad, ayama sarıdan onun baxtı əzəldən gətirməyib. Belə ki, bisavad atası Nemət kişinin savadlı adamlara həsəd aparması və bir axşam kolxozun klubunda «Dəli Kür» filminə baxması və bu filmdə səslənən «Seminariya» sözünün nə olduğunu anlaması onunla nəticələnib ki, elə o arada doğulan doqquzuncu qızının adını Simnarə qoyub, amma bu ad el arasında dilə yatmadığından, bir qədər qəribə səslənsə də, qızı sadəcə Sim çağırıblar.


Ardı →