Həyatım mənim!
Tale bizi bu şəhərdə birləşdirmişdi, elə bu şəhərdə də ayırdı. Səninlə gəzib-dolaşdığım, bir-birimizə qısıldığımız, şirin-şirin dərdləşdiyimiz küçələrdən indi tək-tənha, yalqız ötüb keçirəm. Yeddi ildir ki, qəlbimi yandırıb-yaxan o amansız, əbədi ayrılığın sirrini anlamağa çalışıram. Qara bəxtimizi qınayımmı, dönük taleyimizə lənət yağdırımmı, fələyə qarğıyımmı, bilmirəm...
Rəhmətlik nənəm nə vaxtsa Məkkədən gətirilmiş sapsarı sünbül rəngində kəhrəba təsbehini çevirə-çevirə deyərdi: «Eh, ay bala, qəzavü-qədərdən qaçmaq olmaz. Qismət nədirsə, odur, özünü ha oda-közə vur, ha çalış-vuruş, xeyri yoxdu...»
Mən bu sözlərə etiraz edərdim, dünyanın hər üzünü görmüş, dişinə vurmuş qarını avam sayardım. Deyərdim, yox, ay nənə, elə deyil, hər şey insanın özündən asılıdır. Bax, mən oxuyuram, «beş» alıram, başqası oxumur, «iki» alır. Əlbəttə, qiymətlərimiz kimi bizim gələcək taleyimiz də fərqli olacaq!..
Nənəm başını bulayardı: «Yox, ay bala, mən gördüyümü görmüşəm; nə qədər əlləşirsən, əlləş, nə qədər vuruşursan, vuruş, yenə nəsibi-qismət var, alın yazısı var. Yazılana pozu yoxdur...»
Ardı →