Рейтинг
+35.68

Azərbaycan ədəbiyyatı

43 üzv, 283 topik

Dantenin yubileyi | Anar

— Bu gecə bu qoca bu ocaq.
— Bu gecə. Bu qoca. Bu ocaq.
— Bu gecə, bu qoca, bu ocaq.
— Yox, yox, bir də yox.

Tamaşa salonu bomboş və qaranlıq idi. Salonun orta sıralarından birində ikicə nəfər əyləşmişdi — Rejissor və rəssam. Daha doğrusu rəssam Rejissorun arxasında — daldakı sırada oturmuşdu, Rejissorun çiyni üzərindən irəliyə əyilib səhnəyə baxırdı.

Rejissorun qarşısındakı kiçik masa zəif çıraqla işıqlanmışdı. Masanın üstündə çıraqdan başqa pərakəndə kağızlar, karandaşlar, külqabı, disksiz qara rəngli daxili telefon, bir şüşə «Badamlı» və bir stəkan vardı.

Məşq gedirdi.

Rejissor yerindən sıçrayıb iti addımlarla səhnəyə tərəf getdi. Sol procektorla işıqlandırılmış səhnədə iki nəfər qrimsiz aktyor dayanmışdı. Libasları da elə öz adi paltarları idi.


Ardı →

Uca dağ başında | Əbdülrəhim bəy Haqverdiyev

Uca dağ başında, mədəniyyət mərkəzlərindən və dəmir yоlundan uzaq, laçın yuvasına bənzər xırdaca bir şəhər düşübdür. Dağın sağ və sоl ətəklərindən köpüklənərək sürətlə axan iki çay, axırda iki mehriban qardaş kimi birləşib axaraq, düzlərdə yaşayan əhalinin bağlarını, əkinlərini sirab edirlər.

Şəhər tamam qışı və baharın yarısını qara, dumana bürünmüş keçirib; axırda bu qara çadırşəbi atıb gözəl bir nazənin sənəm tək surətinin parıltısını aləmə salıb, tamam yay istirahəti arzusunda оlan isti yerlər əhalisini öz ağuşuna cəlb edir.

Ətrafı səfalı meşələr, sərin bulaqlar, havası məsum uşaq qəlbi tək ipək. Bu şəhərin ömrü bir elə uzun deyilsə də, tarixi bir şəhərdir. Buraya adlı xanlar, bəylər, hətta şahzadələr gəlib-gedirlər. Burada padşah başı kəsilib, təpiklərdə paymal оlub. Abü havasının şairəliyi əhalisinin təbiətinə də sirayət etdiyi üçün, о şəhər məşhur şairlərin, ədiblərin, musiqişünasların, xanəndələrin mədəni оlmuşdur.

May ayının birindən sentyabrın оrtasınadək şəhər şənlik və abad оlur. Yaylağa gələnlər, dağlara mal və qоyunlarla şəhərin altından gedib və qayıdan köçərilər bu az müddətdə şəhəri bir qaynar qazana döndərirlər. Elə ki payız gəldi və şəhər təzədən çadırşəbini başına çəkdi, şəhərin övzaı tamamən dəyişilir. Tərəddüd azalır, ticarət kəsilir, camaat bikarlayıb özünə məşğuliyyət axtarır.

Məşğuliyyətlərin ən birincisi dəli оynatmaqdır. Şəhərin hər il gərək bir dəlisi оlsun ki, оnu оynatmaqla camaat vaxtını keçirsin. Neçə il bundan əqdəm, şəhər əhalisindən bir nəfər ticarət məqsədi ilə qоnşu qəzaya gedir. Şəhərin meydanına varid оlub görür ki, bir nəfər başı açıq, ayaqyalın, libası cındır laübalini uşaqlar qabaqlarına salıb meydanda о baş-bu baş gəzdirir.


Ardı →

Yanıtmaclar

  • Acdım sac asdım, yadımdan çıxdı küllənməmiş asdım.
  • Adəm mədənə getmiş. Adəm mədəndə badam yemiş.

Madam ki Adəm mədəndə badam yemiş, niyə bizə gətirməmiş.

  • Acmışam sac asmışam, bilməmişəm, küllənməmiş yaş asmışam.
  • Axşam bozbaş asmışam, çaşıb qazanı boş asmışam.
  • Ağ balqabaq, boz balqabaq, boz balqabaq, ağ balqabaq.
  • Ağ inək o tayda ayağın yalayır, nənəm də bu tayda ağın yamayır.
  • Alişlə Memiş məhkəməyə getmiş, məhkəmədə məhkəmələşmişlərmi məhkəmələşməmişlərmi?
  • Atı min, iti qov, iti qov, atı min; atı min, iti qov, iti qov, atı min...
  • Aşpaz Abbas aş asmış, asmışsa da az asmış.
  • Aşpaz Abbas bozbaş asar o başda, bu başda.
  • Aşbaz Abbas bir tas daşma aş asmış, asmışsa da, amma bir az az asmış.
  • Ay axır çərşənbə axşamı, gəlmişəm səninlə çərşənbələşəm, çərşənbələşsən də çərşənbələşəcəyəm,çərşənbələşməsən də çərşənbələşəcəyəm.
  • Ay axsaq aşpaz Həsən şah, aşpazlar aş bişirir, sən də gəl aş bişir, ay axsaq aşpaz Həsən şah!
  • Ay ağ qılquyruq qırqovul, qara qılquyruq qırqovulu gördünmü?
  • Ay qılquyruq qırqovul, gəl bu kola gir, qılquyruq qırqovul.

Ardı →

Ayaqlarım üşüyürdü | Aytən Cavanşir

Ondan yalnız xoşum gəlmirdi, onu ilahiləşdirmişdim… Hər axşam evə gəlir, köhnə kitablarla dolu havasız, dar otağıma girir, divarın o tayından onun qoyduğu mahnıları eşidərək ilhamlanıb musiqilərimi bəstələməyə başlayırdım. Mən Elisanın musiqisi, milyonlar isə mənim musiqilərimin sədaları altında rahatlıq tapırdı. Bəlkə, hətta kimlərsə mənim bəstələrimdən ilham alaraq şeirlər yazır, xəyallara dalır və yaxud qətl planını hazırlayırdı...

Bir anlıq təsəvvür edəndə ki, Elisa qonşuluğumuzdan köçə bilər, dəli olurdum. Bu fikri ağlımın ucundan belə keçirə bilməzdim. Saat neçədə evə gəldiyini də öyrənmişdim. Odur ki, harda oluramsa-olum, özümü həmin vaxta çatdırırdım. Təki onunla liftə eyni vaxtda daxil ola bilim və heç olmasa, yarım dəqiqə də olsa, onunla ünsiyyətdə olub, bahalı ətrini hiss edim, qoxulayım. Hər dəfə onu görəndə qəribə həyəcan hissi yaşayırdım. Həyəcan, qorxu və… ümidsizlik. Elisa nə vaxtsa mənə məxsus ola bilərdimi? Məncə, yox...

Liftin qarşısında onu görər-görməz mənsiz minməsin deyə təngnəfəs ona sarı qaçırdım. Görəsən, Elisa anlamışdı ki, ondan xoşum gəlir? Elə səfeh görünürdüm ki… Xüsusən də, onu görərkən otuz iki dişimi ağardıb: “O siz də buradasınız?” kəlmələrini işlədərkən. Bilmirəm, məni səfeh hesab edirdi ya yox, ancaq biz artıq tanış olmuşduq. Artıq mənim yaxınlaşdığımı görüb gülümsəyirdi. İlahi, onun təbəssümü necə də gözəl idi! Mən bu təbəssümə görə bütün dünyanın altını üstünə çevirməyə hazır idim. Di gəl, o bunu istəyərdimi? Məncə, yox…


Ardı →

Paho? | Nəcəf bəy Vəzirov

Kərbəlayı, həmişə sən gələsən! Buyur, buyur, a kişi, görək nə var, nə yox, ay Kərbəlayı? Ay oğlan, görünür ki, ramazan olmağına görə səfərə çıxmışsan? 

— Xеyr, bəy, sənin başın üçün hеç bilmirəm ki, bu ay ramazan ayıdır və ya ramazanın nеçəsidir. Ancaq arvadın qorxusundan еvdə otura bilməyib qaçmışam.

— Bəri bax, ay Kərbəlayı, mən ölüm bu günlərdə hеç oğurluğa gеdibsənmi?

— A bəy, sənin başın üçün nеçə vaxtdan bəri hеç bir şеy oğurlaya bilməmişəm, çünki bu təzə naçalnik gələndən bəri əlimiz-ayağımız kəsilibdir, bir parça ətə həsrət qalmışıq.

— Söylə görüm, ay Kərbəlayı, nеcə dolanırsız və ruzigarınız nеcə kеçir?

— Nə dеyim, ay bəy, fələyin çarxı dönsün. Bir zaman var idi, qılıncımın dalı da kəsirdi, qabağı da. Amma indi lap məəttəl qalmışam, hеç bilmirəm nə еləyirəm. Adıma ağa dеyirlər, amma özüm bir dana qova bilmirəm… Əlimdə bir sənətim də yoxdur ki, onun ilə məişət еdə bilim. Vaxt bеlə təhərsiz olub ki, əl tərpətmək mümkün dеyildir. Gеnə ömrü uzun olsun kеçən naçalnikin, hеç olmasa xırman döyməkdən ötrü bir nеçə öküz əlimə düşmüşdü. Mənim bəxtimdən, ələf olmamağına görə, onlar da götürüm düşdülər. Ona görə cümləsin kəsib yеdim. Indi qalmışam naçar.
Ardı →

Heca vəzni

Heca vəzni (sillabik vəzn) — misralarda heca saylarının bərabərliyinə və ahəngdar bölgülənməyə əsaslanan şeir vəznidir. Bu vəzn əksər dünya xalqlarının (türk, fars, rus, fransız, italyan və s.) şeirində işlənmişdir.

Azərbaycan milli şeir quruluşunda tələb olunan ən zəruri şərtlər ölçü, bölgü və qafiyədir. Bu üç əsas tələb şeir texnikasının ən vacib atributları olmaqla yanaşı, həm də şeiri nəsrdən fərqləndirən mühüm amillərdən biridir. Ölçü şeir texnikasında daha vacib yer tutur. Çünki məhz ölçüyə görə şeirin vəzni müəyyən olunur. Əslində vəzn şeirin ölçüsü, misraların həcmi deməkdir. Misraların həcmi dedikdə, hər şeydən əvvəl, oradakı hecaların sayı nəzərdə tutulur. Məlumdur ki, hər bir sözdə olan hecaların sayı orada işlənən sait səslərlə ölçülür. Sözdə neçə sait işlənirsə, bir o qədər də heca olur. Buradan da deyə bilərik ki, şeirdə misraların, sətirlərin ölçüsündən, hecaların sayından bəhs edən elmə vəzn deyilir.
Davamı →

Azərbaycan poeziyasında sərbəst şeir vəzni

Azərbaycan poeziyasında istifadə olunub, şairlərimiz tərəfindən tez-tez işlədilən vəznlərdən biri də sərbəst şeir vəznidir. Sərbəst şeirin adından da göründüyü kimi, hecavəznində tələb olunan texniki şərtlərə burada tam şəkildə əməl olunmur. Sərbəst şeirdə yazan şair şeirin ölçü, bölgü,qafiyə sistemindən sərbəst şəkildə istifadə edir. Əlbəttə, bu demək deyildir ki, sərbəst şeirdə bölgüdən, qafiyədən istifadə olunmur. Sadəcə olaraq, sərbəst şeirdə qafiyə, ölçü, bölgü, misraların həcmi, hecaların misralardakı sayı, ahəngi tamamilə formal səciyyə daşıyır. Belə ki, qafiyə heca vəznində iki və daha artıq misralar arasında və ya çarpaz şəkildə işləndiyi halda, sərbəst şeirdə qafiyə ardıcıl şəkildə deyil, bir neçə misradan sonra da gələ bilər. Bəzən qafiyə sərbəst şeirdə dalbadal da işlənə bilər.


Davamı →

Füzuli haqqında düşüncələrim

Şərqin böyük və həssas şairi Füzuli İslam mədəniyyətinin beşiyi olan Bağdadda yaşamışdır. Fitrətən şair olan Füzuli zamanında məşhur elmləri böyük maraq ilə öyrənərək həm alim, həm şair olmuşdur. Lap gənc ikən şairlikdə şöhrət tapmış ilk şeiri ustadı Rəhmətullah Əfəndinin qızına təqdim etmək üzrə yazmış olduğu:

“Pərişan halın oldum, sormadın hali pərişanım” mənzuməsidir.

Məhəhmməd Füzuli qovğalı və yoxsul əsrdə vücuda gələn bütün vəqə və hadisələrə qismən şahid olmuş,onu bütün ruhi ilə, qəlbi ilə yaşamış və o acı və sıxıcı təsirlərlə öz sənət abidəsini tikmişdir. O həyatın acı həqiqətlərindən, hissin rəqiq şəfəqlərindən yüksəlmiş elə canlı bir abidədəir ki, 4 əsrdən bəri yaşayır və yaşayacaq. Onu yaşadan mühitini həqiqi və doğru olaraq göstərə bilməsi və onu həyati hisslərlə tərənnüm edə bilməsidir.

Pərişanlığa, fəqr və yoxsulluğa olan meyli, cəmiyyətdən uzaqlaşmaq fikri o qaba mühitin onun mənəvi qüvvələri və fitri istedadı üzərinə vurduğu damğanın təsiridir. Yoxsa Füzuli əsasən nə bədbin, nə də həyat və cəmiyyətə qarşı yabancı qalmaq istəyən şəxsiyyətdir.

O mühitinə deyil, mühiti ona yabancı qalmışdır. Əsrinin yeganəsi olan Füzulini o şaşqın,əsəbi və düşkün mühit təqdir etməmiş və etməzdi də. Ölüm üzlü əsrin boğucu ehtiyac və zərurəti qarşısında o dəxi hər adi şair kimi sultan Süleyman Qanuninin Bağdada daxil olduğu zaman onun ətrafında bulunan paşalara və daha sonralar onların vasitəsilə Sultan Süleymana qəsidələr təqdim etmişdi. Nə yapsın!
Ardı →

Əli bəy Hüseynzadə və həcv

Yəqin ki, Əli bəyin yaradıcılığına, əsərlərinin mündəricə və əhatə dairəsinə bələd olanlar bu sərlövhəni görəndə ilk növbədə təəccüblənəcəklər.
Eyni şəkildə, deyək ki, incə ruh şairi kimi tanınan Hüseyn Cavidin də həcv yazması, yaza bilməsi bizə o qədər qəribə görünür.
Lakin heç bir yanlışlıq yoxdur. Söhbət həqiqətən də Əli bəyin qələmə aldığı, həm də ilk poetik yaradıcılıq nümunələrindən biri olan həcvdən gedir.
Həcv obyekti onun hərbi həkim – dermatoloq ixtisasına yiyələndiyi İstanbul Hərbi Tibb Akademiyası – Əsgəri Tibbiyyədir.

Əsərin meydana çıxmasının öz tarixçəsi var. Məsələyə aydınlıq gətirmək üçün bir qədər uzaqdan başlamaq lazım gələcək.

Əli bəy Hüseynzadə “Həyat” qəzetinin 1906-cı il 18, 22, 23, 25 avqust tarixli saylarında dərc etdirdiyi “Nümunə məktəbi” adlı avtobioqrafik məqaləsində Tiflis klassik gimnaziyasını bitirdikdən sonra peşə seçimi və ali təhsillə bağlı ciddi suallar qarşısında qalmasından söz açaraq yazırdı: “Gimnaziyada ikmali-təhsildən sonra bənim üçün bir yerinə iki məsələ hasil oldu. Həm gələcəkdə təmini-məişət edəcək bir məslək, bir sənət sahibi olmalı idim. Həm də bu sənəti öylə bir yerdə, öylə bir darülfünunda öyrənməli idim ki, müsəlmancam da yaddan çıxmayıb mümkün isə ülum və əlsinə və tarixi-İslamı mütaliədə davam və səbat edib bu xüsusda tərəqqiyə qabil olum. Sənət və məsləklərdən intixabım təbabətdə qaldı. Lakin ülumi-tibbiyyəni təhsil üçün Rusiyanın hansı darülfünun olan şəhərinə getsəm, ülumi-islamiyyə və əlsineyi-şərqiyyədən (Şərq dillərindən – V.Q.) tamamən binəsib və bibəhrə qalacağım mühəqqəq idi”.
Ardı →

Analı yetimlər | Yusif Vəzir Çəmənzəminli

Bir müsəlman məktəbində dərs deyirdim. Оn bеşədək şagirdim var idi. Bunların hеç birində təmizlik, nizam və tərbiyə yоx idi. Əlləri tоzlu, mürəkkəb qaralı, üzləri yuyulmamış, paltarları çirkli. Tər qоxusundan və üfunətdən yanlarından kеçmək bеlə mümkün dеyil idi. Əxlaqları pоzğun idi. Bir-birinə latail söyləməklə, biədəb hərəkətlər törətməklə ömürlərini kеçirirdilər. Dərs оtağında bir növ bunları nizamla saxlamaq mümkün оlurdu. Tənəffüs zamanı həyətə çıxdıqda cəmi tərbiyəsizlikləri büruzə vеrilirdi. Yırtıcı qurda dönüb bir-birlərinin canına düşürdülər. Budur, görürdün ağlaya-ağlaya biri şikayətə gəldi. Bir az kеçməmiş bir ayrısı başının və ya ağzının qanı axa-axa müəllimə tərəf üz qоydu. Bu tərbiyəsizlərin rəftarında о qədər qabalıq, vəhşilik və əxlaqsızlıq var idi ki, adamı özlərindən tamam nifrətləndirirdilər...

Bu biçarə uşaqlara baxdıqda həmişə fikrə gеdirdim. Еv tərbiyəsinin böyük mənasını düşünürdüm. Hərgah analar övladlarına tərbiyə vеrsə idilər, bilirdim ki, məktəbdə nizamsızlıq, uşaqların rəftarında qabalıq və vəhşilik görünməzdi. Gördüklərim gеtdikcə mənim bu əqidəmi möhkəmləşdirdi. Təcrübəm artdıqca əqidəm də qəviləşdi. Məsələn, yaylaqda bir hacının iki оğluna dərs dеyirdim. Bunlardan savayı bir nеçə əcnəbi uşaqlarının təlimi ilə də məşğul idim. Müsəlman balaları ilə əcnəbilərin arasında nə qədər təvafüt оlmağı gözə çarpırdı.


Ardı →