Рейтинг
+35.68

Azərbaycan ədəbiyyatı

43 üzv, 283 topik

Taksi və vaxt / ANAR

 Küçənin tinində dayanmışdıq. İstiydi. O, maşın gözləyirdi. Məni çöldən köynəyim dalayırdı, içəridən ürəyim. Maşınlar bir–bir ötürdü. Hər dəfə evin yanından maşın burulanda ikimiz də diqqətlə baxırdıq. Yanları dama–dama naxışlı, qabaq şüşəsi yaşıl işıqlı taksini gözləyirdik. O, intizar içində. Mən ağrıyla. Maşınlar bir–bir ötürdülər. Taksilər gəlmirdilər. Bir taksi ötdü. Amma adamlaydı. Mən tərəddüd içindəydim: deyim, deməyim? O, bu gün başqa şəhərə gedirdi. Qatar bir saatdan sonra hərəkət edəcəkdi. Onu ötürmək istədim. Razı olmadı. Yalnız küçəyə, taksiyə qədər ötürməyə icazə verdi. Bəlkə elə belə yaxşıdır. Bilmirəm birmi, beşmi, onmu dəqiqə sonra döngədən sıçrayacaq, dama–dama naxışlı, qabağı yaşıl işıqlı bir taksi onu məndən aparacaqdı. Hələ vaxt vardı. Evin tinindən sıçrayacaq – yaşıl işığını qara görəcəyim bir taksi özünü ona yetirənəcən bu soyuq neylon altında xəbərsiz, biganə, başqa həvəslə, özgə intizarla çırpınan ürəyi özümə tərəf çevirimmi, ürəyimə söykəyimmi? Yaşıl işıqlı bir taksi döngəni buruldu. Əlimizi qaldırdıq. Saxlamadı. Görünür, qoca dindar anam dualarının hansındasa bu sürücünü yad etmişdir. Deyimmi? Etirafım bomba partlayışı təsirini buraxacaqdı. Əlbəttə, təşbeh çeynənmişdir. Bütün hisslərim çeynənəndə təşbeh haqqında düşünməyə dəyərmi? Deyimmi? Cavab əvvəlcədən məlumdur. İki, bəlkə üç, bəlkə, hətta beş xoşbəxt dəqiqəni onun heyrətdən lal olaçağına, donub qalacağına ayırıram. Bəs altıncı dəqiqə? Qəzəb? İstehza? Laqeydlik? Bəlkə yumşaq bir tənbeh, bəlkə ağır bir təhqir? Fəqət hər necə olur-olsun rədd cavabı. Məni ağrıdacaq, incidəcək, kədərləndirəcək bir cavab. Amma məni bu qorxutmurdu. Ən dəhşətlisi o idi ki, bu rədd cavabı məni bir ay, beş ay, ənçoxu bir il, iki il, lap elə ən uzağı bir insan ömrü incidəcəkdi. Sonra hər şey keçib gedəcəkdi. Xatirələr solacaq, ehtiraslar yatacaq, hisslər boyatlaşacaqdı. Ən axırda isə ölüm bütün hisshəyəcan bəzəklərini öz qara rəngiylə malalayacaqdı. Bəs birdən… Birdən… Bəlkə bu beş dəqiqəlik heyrətdən sonra o, balaca sarı çantasını açacaq, yol biletini cıracaq: 

–Mən sənsiz hara gedə bilərəm, – deyəcək,

– Ayrılıqda da yaşamaq olarmı, sənsizliyə necə dözüm? – deyəcəkdi. Bəs onda? Mən sevincimdən atılıb-düşəcəkdim. Onun gecə rəngli gözlərinə gündüz işığında doyunca baxacaqdım. Onun səhər rəngli üzünü gecənin gizlinində doyunca öpəcəkdim. Bəxtiyar olacaqdım. Bir ay. Bir il. Yaxşı, iki il. Lap elə bir insan ömrü. Bəs sonra? Sonra xatirələr solacaq, ehtiraslar yatacaq, hisslər boyatlaşacaqdı. Axırda da ölüm hər şeyi qaralayacaqdı. Mənim 20 yaşım vardı və mən belə düşünürdüm. Mənə elə gəlirdi ki, insana səadət verilməmişdir; ona yalnız səadət arzulamaq, xoşbəxtlik ümidində, bəxtiyarlıq gümanında yaşamaq, sevincin kölgəsində daldalanmaq haqqı verilmişdir. Səadətə çatdığın an o öz təravətini, ətrini, gözəlliyini, cazibəsini itirir. Səadət üfüq kimidir: görünən və çatılmaz, yaxınlaşdıqca uzaqlaşan. Ya da bəlkə səadət – sevinc ümidiylə, xoşbəxtlik intizarında, gələcək həsrətində yaşamaq və nəyisə hey gözləmək,gözləmək, gözləməkdir. Eh! İndi ki, belədir, onda qoy dama-dama naxışlı, qabağı yaşıl işıqlı taksi tez gəlsin. Deyilməmiş sözlərin yarası həmişə qəlbimizdə qövr eləsin.

 


Ardı →

İzahat | Anar

Mən, Ağakərim Ağasəlim oğlu Səlimov 1946-cı ildə Bakıda anadan olmuşam. Təqaüdə çıxana qədər 40 il orta mərtəbdə kimya müəllimi işləmişəm.
Bu il məktəbimizin 70 illiyiylə bağlı başqa veteran müəllimlər kimi məni də

Abşeron istirahət evlərindən birinə on günlük putyovka ilə təltif etdilər. Oktyabrın 5-də istirahət evinə gəldim. Otaqda qonşum başqa bir orta məktəbdə dərs deyən Bəhram adlı müəllim idi. Artıq səkkiz gün idi ki, burdaydı.
 
Elə birinci gün istirahət evində təzəcə yerləşmişdim, səhər yeməyinə çatmadım, nahara getdim. Masamızın arxasında Bəhram müəllimlə məndən başqa iki nəfər də əyləşmişdi. Onlar artıq naharlarını yeyib bitirmişdilər, çay içirdilər. Mənim oturduğum yerdə kimsə məndən əvvəl nahar eləmişdi.

Çox yaraşıqlı gənc xidmətçi qız(o xidmətçidən çox şou ulduzuna bənzəyirdi) masamıza yanaşdı, salam-kalamsız qarşımdakı boşqabdan yemək artıqlarını əlindəki torbaya boşaltdı, yersilən tryapkanı xatırladan çirkli bir əsgiylə həmin boşqabı yüngülvari silib qabağıma qoydu. İri qaşıqla qreçkanı boşqaba çəkmək istəyirdi ki, əlindən yapışdım. –Qızım-dedim. Apar bu boşqabı yaxşı-yaxşı yu, gətir. Ya ayrı, təmiz boşqab gətir.
Ardı →

Kolizeyin sonu | Elçin Mirzəbəyli

«Leşyeyənlərin naharına çevrilmək, yaltaqların əlinə düşməkdən daha şərəflidir. Çünki birincilər ölüləri, ikincilər isə diriləri gəmirirlər»

...Sübhün yorğun şəfəqləri Kolizeyin divarları arasından süzülərək laxtalanmış qan gölməçələri üzərində bərq vururdu. Ona dünənki döyüşdən sonra imperator tərəfindən azadlıq verilmişdi...
O isə indi bu azadlıqla nə edəcəyini bilmirdi...

Bütün gecəni azğınlaşmış gözlərin, harınlamış simaların ruhuna divan tutan kölgələri arasında keçirmişdi, neçə-neçə çarəsiz döyüşçünün qanına bulanmış qılıncına söykənərək. Ayaqları sözünə baxmırdı, titrəyən dizlərinin yorğun ritmini qırmağa, Kolizeyin təmizləyicilərini məğrur və azad insan kimi qarşılamağa çalışırdı… Təmizləyicilər isə gəlib çıxmırdılar və beləcə içindəki, onu çarmıxa çəkən suallarla üz-üzə qalmaqdan təngə gəlirdi.

Dünən Kolizeyə ölüm arxasınca gəlmişdi, əvəzində isə azadlıq qazandı...

İndi tənha yalquzaq kimi, dərisini qurumuş qan damlalarının tarıma çəkdiyi ayaqları üzərinə çökərək Kolizeyin sükuta bürünmüş divarlarını yarıb keçən işıq selinə doğru ulamaq istəyirdi.


Ardı →

Külək adam | Orxan Fikrətoğlu

Suda qalmaqdan çürüyüb, kəndir rənginə çalan çirkli saçlarının kəpəyi hərbi gödəkcəsinin yaxalığına tökülən bu adamı şəhərdə tez-tez görürəm. Uşaqlar onun İsti gözlərindən siqaret alışdırır. Baxışı da yerişi qədər tələskəndir. Harda yaşadığını, nə işlə məşğul olduğunu heç kəs bilmir. Bəziləri onu küçədə yaşayan sərsəri, bəziləri ağıldankəm sayır. Onun yemək yediyini, kimdənsə çörək pulu istədiyini də görməmişəm. Heç vaxt bir yerdə oturub dincəlmir də. Geyimi köhnə olsa da ütülü və həmişə bir az nəm olur. Başının üstündə halə var. Kölgəsi də işıqlıdır, qara deyil. Bir dəfə onu Göy qurşağının üstündə oturan zaman da görən olub.

Bəziləri deyir ki, bu qəribə adamın evi yoxdur, o hər səhər külək kimi birdən-birə, dənizdə yaranır. O, bu dünyanın adamı deyil. Hardan gəldiyini isə görən olmayıb. Baxışı da fərqlidir, Yerişi də. Görürsən birdən-birə getdiyi yerdə durdu, bir boş, baxılmaz yerə və ya heç kəsin görmədiyi bir adama diqqətlə baxmağa başladı. Qəribəsi budur ki, Həmin O mənasız yer, o adi adam bu baxışdan sonra birdən-birə tamam başqa ağırlıqda görünməyə başlayır. İnsan o baxılana tamam başqa gözlə, elə bil təzədən baxır. O, baxışıyla olmayanı oldurur. Mənası olmayanı mənalandırır. Sonra yenə heç nə olmayıbmış kimi, tələsə-tələsə çıxıb harasa gedir.
Ardı →

Səni dinlərkən Kabil yadıma düşür | Aytən Cavanşir

— Səni dinlərkən Kabil yadıma düşür.Aytən Cavanşir
— Gözəl əfqan qadınları?
— Oradakı avtomat səsləri, eynən onlar kimisən, Ester, susmursan. Sükut yaranırsa da, qəfildən elə pozulur ki, insanın bütün vücudunu cəhənnəm həyəcanı bürüyür.
Mən… mən o avtomatlara nifrət edirdim, Ester. Mən avtomatlara, əsgərlərim isə mənə nifrət edirdi.
— Daha yoxdur, Otto, nə avtomat, nə atəş səsləri...
— Var, Ester! Burada yoxdur, ancaq orada var! Həmişə haradasa var, insan var olan yerdə atəş səsləri də kəsməyəcək.
İnsanlar daim durmadan özlərini məhv edəcək, yeni-yeni silahlar icad edəcəklər. Hər yeni mərhələdə ölüm daha səssiz olacaq, daha sürətli və səssiz silah yaradacağıq. Bu insanlığın ən ali məqsədidir, almaq və görmək, daha çörək və tamaşa yox — çörək və ölüm istəyirik...
Müharibədə əsgərlər qanlı əlləri ilə çörəyi tutur və iştahla yeyirdilər. Bax sən də indi süfrəni açmısan, bir azdan xəbərlər başlayacaq — İraqda, Suriyada, daha harada partlayışlar barədə xəbərlər verəcəklər.
Ardı →

Je vais t’aimer- Mən səni sevəcəm | Aytən Cavanşir

Qutuda cəmi bir ədəd siqaret qalmışdı, onu götürüb çəkməyə başladı. İşıqsız, soyuq otağı isə Mişel Sardunun mahnısı bürümüşdü. Qadın eyni anda üç şey edirdi: – siqaretini tüstülədir, mahnıya qulaq asır və dodağının altında öz-özünə danışırdı...

«Mən səni sevəcəm, heç kimin cürət edə bilmədiyi qədər, 
Mən səni sevəcəm, xəyallarında təsəvvür edə biləcəyindən də artıq...”

— O, hamıya baxırdı, yaşından asılı olmayaraq hamıya, bütün qadınlara — ən vulqarına, ən iyrəncinə belə. Məni alçaldan da bu idi, Mişel. Yanımda dayana-dayana ən yöndəmsiz qadına da baxa bilərdi, öz acgöz gözləri ilə. O gözlərə necə də nifrət edirdim, bir bilsəydin...

»Səni elə sevəcəm ki, gözlərimiz yumulacaq, bədənlərimiz əzab çəkəcək və öləcək,
Elə sevəcəm ki, ruhumuz göyün yeddinci qatına uçacaq, düşünəcəyik ki, ölmüşük, ancaq yenə də sevəcəyik,
Mən səni sevəcəm...”
Ardı →

106 manatlıq maaş kartı

Səhərə kimi yatmayıb Den Braunun “ Da Vinçi şifrəsi”ni oxumuşdum. Günortaya az qalmasına baxmayaraq, əsərin təsirindən hələ də qurtarmamışdım.

Maaş kartını bankomata salıb, şifrəmi yazanda qəribə, mistik duyğular məni bürüdü;  elə bil önümdəki elektron lövhəcik indicə  bəşər tarixinin qədim bir sirrini açacaqdı. Amma heç bir qəribəlik baş vermədi, monitorda əvvəlcə adım, sonra balansımdakı məbləğ göründü: 106 manat.

Məbləğ məni  elə də  narahat eləmədi. Beş-altı saat dərsim vardı cəmi. Yaş ötdükcə vaxta  daha çox qənaət etməyi düşünürdüm. Məktəbdə dərs, evdə dərs, “skayb”la dərs və fonda iri hərflə yazılmış devizim: Vaxt bütün qazanclardan daha dəyərlidi.

Pulu çıxarıb geri döndüm. Geyim mağazasının yanından ötəndə vitrində  gözümə bir gödəkcə sataşdı. Adi yun parçadan tikilmiş, olduqca sadə və rahat görünən tünd bənövşəyi rəngli  gödəkcə məni mağazaya girməyə vadar etdi.


Ardı →

Sənətkar şəxsiyyəti

Huseyn CavidHüseyn Cavid: «Həqiqət istərəm, yalnız həqiqət!»

Hüseyn Cavidin bir sənətkar və insan kimi həyat, habelə zəngin yaradıcılıq yolu olduqca mürəkkəb, ziddiyyətli dövrə təsadüf edib. İlk növbədə iki yerə parçalanmış Azərbaycanın taleyinə «Vətən, Vətən deyərək hər diyarə səs salaram» qeyrəti ilə yaşayan şair yazmışdı:

Dərd aldı sağımı, ölüm solumu
Namərd Araz kəsdi mənim yolumu.

Qədim Odlar Yurdunun «istibdad zülməti» və onun insanlarının hüquqlarının bərbad hala salındığını, ölkənin qəflət adlı «qanlı kəfən libasına büründüyünü» kədərlə qeyd edən Hüseyn Cavid qəlbən inanmışdı ki, Vahid Azərbaycan timsalında «nazənin Vətən» hökmən «şəbi — hicran bəlalarını» aradan qaldıracaq, işıqlı «sübhi — iqbal» ümidlərinə qovuşacaq. Bu ülvi məqsədə çatmaq üçün isə:

İmdi qeyrət edərsə millətimiz,
Yenə övdət edər səadətimiz.


Ardı →

Nəriman Həsənzadə

Nəriman HəsənzadəKür qırağında yerləşən kiçik qəsəbədir Poylu… Mənim nəzərimdə isə ora dünyanın mərkəzidir. Tariximizin qədimliyindən xəbər verən bir çox izlər qalıb o yerlərdə. Təəssüf ki, tariximiz tam açılmayıb, ya da yanlış yazılıb. Çünki zaman-zaman başqa millətlər hökm veriblər bu torpaqlarda. Onlar tariximizi danıblar. Ona görə mən demişəm: “Tarix bizim olub, tarix yazan özgələr”. Tariximiz bundan sonra yazıldıqca təzələnəcək.Qayıdaq yenə Poyluya. Mənim üçün beşikdir ora. Getməsən, öz yurdun, beşiyin inciyər səndən. Mən də arabir Poyluya gedib-gəlirəm. Gözəllikləri elə mən görəndir. Qarayazı meşəsi, Kür çayı və Yer üzünün daha neçə-neçə gözəllikləri orda — Poyluda baş-başa verib. Dünyanın özü sirdir, möcüzədir o yerlərdə. Adi bir ağacla görüşəndə sanki möcüzəylə görüşürsən. Kür çayına baxırsan, bir yerdə burulur, burulğana dönür, bir yerdə lal, başqa yerdə dayaz axır. Oralarda bənövşə bitir. Boynunu elə bükür, baxanı əsir edir. Təbiət nə qədər zəngindir.  Elə bil nağıldır. 

Mənim atam da, anam da Poyluya bir kilometr aralı Qıraq Kəsəmənli kəndindən gəliblər. Bu mənada o kənd də mənə Poylu qədər doğmadır. Atam Əliməmməd dəmir yolunda işlədiyinə görə anamı götürüb Poyluya köçüb. O çox yaşlı vaxtında cavan qız almışdı. Mən indi bunun, yaşlı kişinin cavan qızla evlənməsinin əleyhinəyəm. Çünki atalar gedir. Uşaqlar yetim qalırlar. 
Ardı →

Güldürən, düşündürən qaravəllilər

«Qaravəlli Azərbaycan folklorunun tarixən aktual janrlarından olub. Qaravəlli mətnləri epik növə daxil olan nağıl, lətifə, əfsanə, rəvayət və s. kimi janrlardan ciddi şəkildə fərqlənir: epik və dramatik növün fövqündə dayanan, mətn-təhkiyə tərəfilə epik folklora, mərasimi tərəfilə dramatik folkora aid olan janrdır». Folklorşünas Tahir Orucov bu fikirdədir.
Azərbaycan folkloru olduqca zəngindir. Son illər folklorşünaslığımızda bir çox problemlərlə bağlı maraqlı araşdırmalar yaranıb. Tahir Orucov ilk dəfə olaraq 200-ə qədər qaravəlli mətnini geniş araşdırmaya cəlb edib. Bu araşdırmada qaravəllilərin digər epik janrlar içərisində yeri müəyyənləşdirilib, qaravəlli janrının təsnifatı aparılıb. T.Orucov deyir: «Qaravəlli janrı Azərbaycan folklorunun epik növünə daxil olan janr kimi uzun onilliklər ərzində diqqətdən kənarda qalıb.
Ardı →