Рейтинг
+35.68

Azərbaycan ədəbiyyatı

42 üzv, 222 topik

Ölüm janrında həyat

… İndiyədək, həyat yoldaşını döyən kişilərə ikrah hissi ilə baxmışdı. Hətta, çox şeydə nümunə götürdüyü atasına da. Və daim də düşünürdü ki, o belə olmayacaq. Onun ailə həyatı elə ideal keçəcəkdi ki, yaşayacağı ən pis şey bir neçə dəqiqəlik mübahisə olacaqdı. O da ki, döymək-söymək olmadan. Ayda-ildə bir dəfə...
....Əlbəttə! Axı, sevdiyi-sevildiyi birisi ilə ailə qurmuşdu! Bəs, onda necə oldu ki… Beynində dolaşan fikirlərə aydınlıq gətirmək və bir-birinin ardınca doğulan suallara cavab tapmağa çalışırdı ki… Pəncərəni döyəcləyən yağışın tıqqıltısından, buludların gurultusundan da çox qulaqlarını dələn, vicdanını közərdən hönkürtü və hıçqırtı səsləri onu həyata qaytarırdı. Bu dəqiqə, gözüyumulu ölümlə dəyişməyə belə hazır olduğu gerçək həyatına.
Ardı →

Təndir başındakı söhbətlər | Alpay Azər

Utancaq idim, etiraz eliyə bilmirdim, yay tətili rayonda dincəlirdim deyə, nə nənəmə, nə də babama deyə bilmirdim ki, məni təndir çörəyi, lavaş almağa göndərməsinlər.
Birincisi, səhər gedib növbə tutmaq lazımıydı, ikincisi də, çörək bişib müştərilərə verilənə qədər isti təndirin qırağında oturub arvaddarın mənasız qeybətdərinə qulaq asmaq məni əsəbiləşdirirdi: onda ikinci sinifdə oxuyurdum, onnarın nə dediyini, nə istədiklərini başa düşmürdüm....
— Zülüüüüş! Ay Zülüüş!!! Canın yanmasın ay qız, harda qaldın?!!! Xamır qıjqırdı axıııı!!!
Təndirdə çörəyi bişirən Sahsənəm arvad iyirmi iki yaşlı ən kiçik qızı Zülfiyyəni çağırırdı.
Zülüşün səsi gəlirdi: “Ay maa!!! İndi gəliləm...”, pəltək idi, deyə nə dediyini bəzən tam başa düşmək olmurdu, amma anası qızının pəltəkliyinə öyrəşmişdi, başa düşürdü onu.
Ardı →

"Adamı igid kimi ölməyə də qoymurlar" | Azad Qaradərəli

Məni yandıran odu ki, Eltac heç zaman uşaqlığından çıxa bilmədi.
Yəni, mənim gözümdə həmişəlik uşaq kimi qaldı.
Düzdü, kişiləşmişdi, boy-buxunda lap mənə çatmışdı, bığı da əməlli-başlı onu kişiyə oxşadırdı.
Amma bu kişi görkəminin içində, bir uşaq qiyafəsi, uşaq şəkli ürkək-ürkək boylanırdı.
Elə bil yeniyetmə oğlana atasının paltarını geyindirmisən, qalıb pencəyin uzun ətəyini, qollarını dartışdıra-dartışdıra.
Hələ üzünə bir qorxu, bir vahimə çökmüşdü ki, baxanda ödüm ağzıma gəlirdi. Kaş görəydiniz öləndə necə yalvarırdı mənə.
“Əmi, deyəsən axı mən ölürəm. Hə, əmi? Niyə dinmirsən? Boğazım get-gedə quruyur elə bil. Sözlər ağzımdan almaz kimi çıxır e...
Bu nədi belə? Dilimi doğrayır elə bil… Əmi, sən ağlayırsan?
Ardı →

Qaraçı gözəl | Dorito

Payızın əvvəlləri idi. Çiskin yağış yağırdı. Evdən işə gedirdim. Şəhərin «Muğan» oteli yerləşən hissəsində — dörd küçənin kəsişdiyi yerdə işıqforun qırmızı işığında maşını əylədim. Bu zaman bir əl maşının pəncərəsinə sarı uzandı. Ötəri baxdım, 22-23 yaşlarında bir gəlin idi. Onun qaranquş yuvası kimi bapbalaca ovcunun içində dəmir qəpiklər vardı və göydən düşən yağış damlaları bu qəpiklərə dəydikcə onların cingiltisindən xəfif bir ahəng yaradırdı. Düzünü desəm, bu mənzərədən bir qədər mütəəssir oldum, qeyri-ixtiyari əlimi cibimə salıb bir manat çıxartdım və qəpiklərin üstünə qoydum. Qadın yəqin yağışdan islanmasın deyə manatı o biri əli ilə götürüb gödəkçəsinin cibinə qoydu və özünəməxsus tərzdə dua etdi:
Ardı →

Şəki pitisi | Zəka Vilayətoğlu

Bəzən həftələrlə onların qazanında ət xörəyi qaynamırdı. Kişinin ürəyi hər ət xörəkləri istədikcə arvadı sataşır, qınayırdı ərini: «İndi hardan alım qonşumuz Əşrəf müəllimi ki, bir quzu cəmdəyinin para şaqqasını bölüb versin bizə, günlərlə kefə baxaq? Hardan alım o Sovet hökumətini ki, sən də oturub-durub Əşrəf müəllimdən imzasız məktublar yazıb göndərəsən yuxarılara? Axı Allah var göydə. Hər şeyi görür. Əvvəl — axır bizi çox şeyə həsrət qoymalıydı, sənin o haqsız əməllərinə görə. İndi qalmışıq beş – on manatlıq təqaüdün ümidinə».
Arvadı haqlıydı. Ona görə də o, dinmir, susur, xəcalət təri alnında tumurcuqlanır, bədənini əzabverici bir istilik bürüyürdü. Azacıq sonra isə hər şey keçib gedir, unudulurdu.
Ardı →

Üç dostun tualeti | Murad Köhnəqala

Üç dost idilər, çayxanada oturub çay içirdilər. Bu yaxınların söhbətidi. Bunu niyə xüsusi qeyd elədim? Yəni payızdı, soyuq vaxtdı. Soyuqda çayı limonla içəndə tez-tez tualetə qaçmalı olursan. Çünki, limon sidikqovucudu, bilməyənlər bunu da bilsin. Hə, gəlmişdən-getmişdən söhbət eləyirdilər. Özü də görüşəndə üçü də bir-biriynən öpüşmüşdü. Qabaqca deyib-güldülər. Nə haqda danışdılar, bilirsənmi? Kənddə olan əhvalatdan.

Saleh bir gün arvadıynan dalaşır. Arada arvadı ona deyir, səni mən kişi eləmişəm. Kənd yeridi dəə, bu da içən adam, dəli olur. Deyir, aaz, sən məni nətəri kişi eləyibsən? Arvad da qayıdır ki, sənə ərə gələndə evin bomboş idi, cehiz gətirmişəm, evini doldurmuşam. Saleh ürəyində deyir, yaxşı, məni kişi elədiyini sənə göstərərəm. Qəsdən özünü mübahisədə uduzmuş kimi göstərib arlaşır. Axşamüstü baxır ki, fürsətdi, evdə heç kim yoxdu. Arvadın fəxrlə onun başına qaxdığı bər-bərxananı, paltar şkafını-zadı sürüyüb çölə çıxardır, üst-üstə yığıb üstünə nöyüt tökür, altınnan da bir spişqa! Alov göyə qalxır, kəndin uşaqları ora toplaşır, ayə gəlin, Saleh əmi ocaq qalayıb! Görənlər deyir, qalın yun döşək yaxşı yanmırmış, Saleh gedib evdən yaba gətirir, yaba ilə döşəyi qaldırıb o üz-bu üzə çevirirmiş ki, yaxşı yansın…
Ardı →

Je vais t’aimer- Mən səni sevəcəm | Aytən Cavanşir

Qutuda cəmi bir ədəd siqaret qalmışdı, onu götürüb çəkməyə başladı. İşıqsız, soyuq otağı isə Mişel Sardunun mahnısı bürümüşdü. Qadın eyni anda üç şey edirdi: – siqaretini tüstülədir, mahnıya qulaq asır və dodağının altında öz-özünə danışırdı...

«Mən səni sevəcəm, heç kimin cürət edə bilmədiyi qədər, 
Mən səni sevəcəm, xəyallarında təsəvvür edə biləcəyindən də artıq...”

— O, hamıya baxırdı, yaşından asılı olmayaraq hamıya, bütün qadınlara — ən vulqarına, ən iyrəncinə belə. Məni alçaldan da bu idi, Mişel. Yanımda dayana-dayana ən yöndəmsiz qadına da baxa bilərdi, öz acgöz gözləri ilə. O gözlərə necə də nifrət edirdim, bir bilsəydin...

»Səni elə sevəcəm ki, gözlərimiz yumulacaq, bədənlərimiz əzab çəkəcək və öləcək,
Elə sevəcəm ki, ruhumuz göyün yeddinci qatına uçacaq, düşünəcəyik ki, ölmüşük, ancaq yenə də sevəcəyik,
Mən səni sevəcəm...”
Ardı →

Qırmızı böyürtkən | Vahid Məmmədli

Enli yol kəndin düz ortasından keçərək, onu iki yerə bölür. Kəndin arxasında meşəliklərlə örtülü uca dağlar, bir qədər aşağıda isə şam və küknar meşələridir. İrəlidə kənd dənizin qumlu sahillərinə dirənir. Bu kənd bəlkə də dünyanın ən gözəl kəndidir. Özü də sərhəddə yerləşir. Bax meşənin arxasında görünən o dağların üstü ilə sərhəd xətti uzanır. Həmin xəttin o biri tərəfində Şərqin ən qədim və ən böyük ölkələrindən biri yerləşir…
Uzun illər sərhədlər bağlı idi. Bu gözəl kənddən sərhəddin o biri tayında yerləşən ölkəyə gedib-gəlmək kənd sakinləri üçün mümkünsüz idi.İndiki kimi asan deyildi. Əvvəlki quruluş ləğv olunana qədər insanlar əkin sahələrində becərdikləri məhsulu dövlətə təhvil verib, aldıqları əmək günü məvacibi hesabına dolanırdılar. Amma bu kənd camaatının əlavə gəlir yeri də vardı.
Hər il may ayının ortalarından payıza qədər, kəndin uşağından tutmuş qocasınadək kəndin ətrafında, meşə qırağında və elə bəzilərinə həyət çəpəri olan böyürtkən kollarının meyvələrini vedrələrə yığıb, satmaq üçün, hərə öz həyətinin qapısı ağzında üzü şəhərə, ordan da şimala və daha neçə -neçə ölkələrə gedib çıxan yol boyu düzürdülər.Beləliklə də kənd camaatı dolanır, oğul-uşaq sahibi olurdular.
Ardı →

106 manatlıq maaş kartı

Səhərə kimi yatmayıb Den Braunun “ Da Vinçi şifrəsi”ni oxumuşdum. Günortaya az qalmasına baxmayaraq, əsərin təsirindən hələ də qurtarmamışdım.

Maaş kartını bankomata salıb, şifrəmi yazanda qəribə, mistik duyğular məni bürüdü;  elə bil önümdəki elektron lövhəcik indicə  bəşər tarixinin qədim bir sirrini açacaqdı. Amma heç bir qəribəlik baş vermədi, monitorda əvvəlcə adım, sonra balansımdakı məbləğ göründü: 106 manat.

Məbləğ məni  elə də  narahat eləmədi. Beş-altı saat dərsim vardı cəmi. Yaş ötdükcə vaxta  daha çox qənaət etməyi düşünürdüm. Məktəbdə dərs, evdə dərs, “skayb”la dərs və fonda iri hərflə yazılmış devizim: Vaxt bütün qazanclardan daha dəyərlidi.

Pulu çıxarıb geri döndüm. Geyim mağazasının yanından ötəndə vitrində  gözümə bir gödəkcə sataşdı. Adi yun parçadan tikilmiş, olduqca sadə və rahat görünən tünd bənövşəyi rəngli  gödəkcə məni mağazaya girməyə vadar etdi.


Ardı →