Balaxanı

“Günlərin birində Bakının mərkəzində Nobel qardaşlarına məxsus maşını görən milyonçulardan birini maraq götürür. Milyonçu ilk dəfə atsız araba gördüyündən bərk təəccüblənir. Sonra da bu qəribə arabaya minmək qərarına gəlir. Bunun müqabilində sürücüyə çoxlu pul verəcəyini deyir. Şəhərin mərkəzindən Balaxanı kəndinə onu aparması üçün 10 qızıla sövdələşir. Bir qədər gedəndən sonra sürücü maşının siqnalını basır və siqnal milyonçunun xoşuna gəlir. Sürücüyə hər vurduğu siqnala görə bir qızıl verməyə başlayan milyonçu Balaxanının mərkəzində atsız arabadan düşür.

Kənd əhlinin maraqla baxdığı bu araba gedəndən sonra milyonçudan ona minmək üçün nə qədər pul verməsini xəbər alırlar. Milyonçu da deyir ki, atsız arabada gəzmək elə də baha deyil, amma siqnalın pulu arabaya minməkdən baha başa gəldi".
Bu əhvalatı bizə Balaxanı kənd sakini Emin danışdı. Onun sözlərinə görə, Balaxanıda çoxlu milyonçular yaşayıb. Ümumiyyətlə, Balaxanı kəndinin özünəməxsus koloriti, tarixdə özəl bir yeri var. Bunun da ilk səbəbi kəndin neft buruqları arasında yerləşməsi, zənginliyi ilə əlaqədardır. 
Balaxanı kəndi Bakının əsas sənaye və neft mərkəzlərindən biri olub. Elə indinin özündə də kənardan baxanda elə bilirsən ki, kənd neft buruqları içində sanki üzür. Bir vaxtlar Bakı milyonçularının, Nobel qardaşlarının Balaxanıda neft mədənləri, neft emalı zavodları və qurğuları olub. Kənd və burada yaşamış milyonçuların da maraqlı tarixçəsi var. Odur ki, bu bazar da yolumuzu Bakının ən qədim, ən zəngin, ümumiyyətlə, “ən” ədatı ilə başlayan bir çox sifətlərinə malik Balaxanı kəndinə saldıq.
Balaxanı 

Ağ kostyumdakı qara ləkənin sirri
Tarixçilərin araşdırması nəticəsində məlum olub ki, Balaxanıda lap qədim zamanlardan mədrəsələr fəaliyyət göstərib. Böyük Mirzə Ələkbər Sabirin də 1910-cu ildə Balaxanı məktəblərinin birində dərs deməsi də bunun bariz nümunəsidir. Bir sıra şeirlərini də məhz Balaxanıda yazıb-yaradıb. Onun kənd məktəbində işləməsinin maraqlı hekayətini Balaxanı sakini Azər bəy danışır: “Şair yaşadığı Şamaxı rayonunda vərəm xəstəliyindən əziyyət çəkdiyi vaxtlarda kənd milyonçusu Hacı Soltanəli onu Bakıya gətirdərək Kürdəxanı qəsəbəsindəki şəxsi bağında müalicə etdirir. Mirzə sağalandan sonra Hacı Soltanəli də şairin minnətdarlığının müqabilində ona kənddəki məktəbdə dərs deməyi təklif edir. Şair də bu təklifə etiraz etmir”.

Cahangir CahangirovBalaxanı kəndi böyük şəxsiyyətlər yetişdirib. Bəstəkar Cahangir Cahangirov, sabiq milli təhlükəsizlik naziri İlhüseyn Hüseynov, Milli Məclisin sədri Elmira Qafarova bu kəndin yetirmələridir. Hazırda kəndin küçələrindən biri və 4 saylı məktəb C.Cahangirovun adını daşıyır. Milyonçular kəndinin var-dövlətindən əsər-əlamət qalmayıb. Kəndlilər deyir ki, ötən əsrin əvvəllərində balaxanılıları bahalı geyimindən, məclislərə qızıl-zinət içində gəlməsindən tanımaq olurdu.
Kənd sakinlərindən onu da öyrəndik ki, o zamanlar Balaxanı milyonçuları arasında quyu fontan vuranda ağ kostyum geyinib pencəyin yaxalığına qara neft çiləmək kimi böyük və indi bəlkə də sirli görünən bir ayin olub. Bunun adına neft mərasimi deyilirdi. İnanca görə, ağ paltarın üstündəki o qara ləkələr xeyir-bərəkət rəmzi idi. Milyonçular üstündə yağlı neft ləkələri olan o bahalı paltarlarını çıxarıb evdə saxlayar, yudurtmazdılar.
Balaxanı kəndini gəzdikcə orta əsrlərə aid memarlıq abidələri, müxtəlif türbələr qarşımıza çıxır. Kəndin ərazisi geniş olsa da məhəllələr olduqca darısqaldır. Maraqlısı odur ki, kənddə nə az, nə çox — düz 3 məktəb fəaliyyət göstərir. Onlardan biri rus təmayüllü məktəbdir. Balaxanı məhəllələrində xeyli sayda “nikolayski” üslubunda inşa olunmuş evlərə də rast gəldik. Qırmızı üzlük vurulmuş bu evlər indiyə qədər möhkəmliyini saxlayıb.
Balaxanıdakı qədimdən qalma “Cümə məscidi” bu gün də kənd əhlinin üz tutduğu müqəddəs məkandır. Kənd qəbiristanlığında orta əsrlərdən qalmış başqa bir məscid isə sovet dönəmində dağıdılmışdı. Onun yanında tarixi abidə — İbrahim Şirvanşahın vəzirinin 1427-ci ildə oğlunun şərəfinə ucaltdığı “Şakir ağa” türbəsi yerləşir. Bu abidə də dağıdılaraq sıradan çıxıb. Bu türbəni bir dəfə sovet dövründə kommunist quldurları “dini abidə” deyərək dağıdıblar. Bu türbədə 1976-cı ildə qazıntı işləri apararkən onun təməlindən qızıl tapırlar. Həmin qızıllarla türbəni yararsız vəziyyətdə təmir edirlər. Sonralar bu əməliyyatda xeyli yeyinti faktı aşkarlanır və iştirakçılar həbs edilir. Türbə isə dağılmaqda davam edir.
Kəndin başqa bir ərazisində isə karvansara var — Şah Səfi karvansarası. Balaxanıdakı tarixi abidələr arasında bu karvansaranın vəziyyəti bir az babatdır. 1643-cü ildə inşa edilmiş bu abidə İpək Yolunun üstündə olduğundan o zamankı bütün tacirlərin yolu buradan düşüb. Hazırda bu karvansaranın da təmirə ehtiyacı var. Deyilənə görə, erməni-bolşevik dövründə ölümə məhkum olunmuş adamları bu tarixi abidələrin qarşısında güllələyirmişlər.

Futbolu Azərbaycana Balaxanı milyonçuları gətirib
Qeyd etdiyimiz kimi, Balaxanı bir çox hadisələrdə ilklərdən hesab olunur. Belə ki, Balaxanı milyonçuları İngiltərədə olarkən futbol oyunu onların diqqətini cəlb edir. Bu maraq sonradan ölkədə futbolun ilk oynanıldığı məkanın Balaxanı olması ilə nəticələnir. 1910-cu ildə ilk dəfə futbolu balaxanılılar oynayıb. Üstəlik, kənddə salınmış meydançada balaxanılılar ingilislərlə oynayıblar.

Ölkəmizdə ilk dəmiryol stansiyası da məhz Balaxanıda tikilib. Kəndin torpaqlarının neftlə zəngin olması bura böyük sərmayələrin yönəldilməsinə səbəb olub. Nəticədə burada infrastruktur daha sürətlə inkişaf edib. İlklər bununla da bitmir. Azərbaycanda “Müsavat” adına yeganə küçə Balaxanıdadır. Əski Müsavat Partiyasının Balaxanı-Sabunçu özəyinin sədri Balasadıq Zeynallı bu kənddə yaşayıb. O, bolşevik işğalına qarşı müqavimət göstərdiyinə görə Solovki konslagerinə sürgün edilib, sonra həbsdən qaçaraq Balaxanıya qayıdıb və gizli fəaliyyət göstəribmiş. Ancaq türmədən qaçan bu cəsur insan 1937-ci il repressiyalarından qaça bilməyib.

Əlibaxış, yoxsa Mer Kampan?
Balaxanı qəbiristanlığında dünyadakı 7-ci neft maqnatlarından biri olan Kampan Qədimov uyuyur. Biz orada neft maqnatının adına layiq dəbdəbəli bir qəbir daşı görəcəyimizi gözləyirdik. Amma kənd axundu kiçik və sadə qəbir daşını göstərir: “Bu, neft maqnatı Kampanın qəbridir”.

Kampan QədimovNeft milyonçusunun qəbir daşının üstündə ərəb və ingiliscə “Mer Qanpan Kadimof” yazılmışdı. K.Qədimovun evi kəndin mərkəzində hələ də qorunur. Onu da deyək ki, 21 otaqdan ibarət bu evdə milyonçu neftxudanın nəticəsi Kampan Qədimov yaşayır. Məşədi Kampanın nəticəsi ilə ulu babası haqda söhbətləşirik: “Ulu babamın əsl adı Əlibaxış olub. Nobel qardaşları kimi digər neft milyonçuları özlərinə kompaniya yaratmaq istəyiblər. Bu məqsədlə qruplarına daxil etmək üçün özlərinə yeddinci neft maqnatı axtarıblar. İngilislər Bakı kəndlərində tez-tez olublarmış. Yəqin ulu babamın neft maqnatları ilə tanışlığı Balaxanıda olub. Sonda Məşədi Kampan yeddinci neft maqnatı qrupuna daxil olub”.
K.Qədimov səxavətli, əliaçıq və təvazökar insan olub. Nəticəsi onun xeyriyyəçiliyindən bəhs edir: “Gəlib deyirlərmiş ki, Məşədi Kampan, bir dənə məktəb tikmək lazımdır. O da ”nə qədər pul lazımdır" soruşanda əgər 100 min manat istəyirdilərsə, çıxarıb bir milyon verirmiş. Yəni gedin, lap on məktəb tikin. Sonra da deyirmiş ki, amma bu pulu mənim verməyim heç vaxt bilinməsin və adım heç yerdə hallanmasın. Qış aylarında kənddəki kasıblara yardım etmək üçün nə lazımdırsa bir kisəyə yığılmasını tapşırarmış. Sonra o kisələri aparıb kasıbların qapısı ağzına qoyurmuşlar".
Sovet hakimiyyəti dövründə milyonçulara qarşı aparılan repressiya Məşədi Kampandan yan keçib. O dövrün hakimiyyəti Məşədi Kampana kasıblara yardım etdiyinə görə dəyməyib. Nəticəsi Məşədi Kampanın ölümündən sonra mal-mülkünün müsadirə olunduğunu deyir: “1928-ci ildə rəhmətə gedib. Sovet hökuməti 21 otaqdan ibarət evi əlimizdən aldı. Nənəm danışırdı ki, evimizdən qızıl-zinət əşyalarını aparmaq üçün hər gün dörd böyük yük maşını gəlirdi. Sovet hökumətinin yağmalama prosesi 1961-ci ilə kimi davam etdi. Çarpışıb-vuruşaraq dədə-baba evimizi geri qaytara bildik”.

Nərimanovun tamada olduğu bolşevik toyunda menşevik mahnısı
K.Qədimov milyonçu babasından qalma misli görünməmiş divar saatını göstərib onu Avropadan aldığını bildirir: “Saatın kəfkiri 27 kiloluq qızıldan olub. Nənəm deyirdi ki, biz gizlənqaç oyunu oynayarkən saatın kəfkirinin arxasında gizlənərdik. Qızıl-brilyanta isə adi metal və şüşə kimi baxırmışlar”.

Məşədi Kampanın bir kəndli ilə dillər əzbəri olan söhbəti hələ də unudulmayıb. Bir kəndli Məşədi Kampana yaxınlaşıb “sovet gəlir” deyir. Məşədi Kampan əlindəki şir başlı əsanı göstərir: “İndi əsanın lap başındayam, kəndli ortasında, sovet hökuməti isə aşağıda — torpağa dəyən hissədədir. Sovet hökuməti gəlirsə, əsa tərsinə çevriləcək. Onlar əsanın yuxarısında, mən isə aşağısında olacağam. Yəni sənin yerin dəyişməz qalacaq”.
Milyonçunun nəticəsi maraqlı bir əhvalatı danışır: “Məşədi Kampanı Bakı kəndlərinin birinə toya dəvət edirlər. Toyda iştirak edənlərin əksəriyyəti bolşeviklər olub. Məclisin tamadası Nəriman Nərimanov, oxuyan isə xanəndə Cabbar Qaryağdıoğlu olub. Toyda mahnı sifarişi növbəsi Məşədi Kampana çatır. Nəriman Nərimanov Kampandan hansı mahnının istədiyini soruşur. Məşədi Kampan bir menşevik mahnısı istəyir. Aləm dəyir bir-birinə. Nərimanov Məşədi Kampanın sözünü yerə sala bilmir. Həmçinin yaxşı başa düşür ki, bolşevik toyunda menşevik mahnısının çalınması yuxarıların qəzəbinə səbəb olacaq. Ancaq Kampanın ”zakazı" oxunur. Nərimanov vəziyyətdən çıxmaq üçün “camaat, menşevik mahnısını eşitdinizmi” deyə soruşanda hamı bir ağızdan “yox” deyib".

Xeyriyyəçi milyonerə xoşbəxt ölüm bəxşişi
Məşədi Kampanın ölümü də müəmmalı və heyrətamiz olub. Evdə yeyib-içən milyonçu anasına “gedin, molla Məmmədağanı çağırın, gəlsin başımın üstündə Quran oxusun, iki saatdan sonra öləcəyəm” deyir. Köməkçisi təəccüb içində olsa da ağanın sözündən çıxmır. Molla Quranı oxuyur və Məşədi Kampan gözlərini yumur. Hamı onun yatdığını zənn edərək otaqdan çıxıb. Amma 5-6 saatdan sonra yuxudan oyanmadığını gördükdə öldüyünü anlayıblar. Bu vaxt əsl möcüzə baş verib. Ay görünüb, onun işığı isə yalnız Məşədi Kampanın üzünə düşüb.

...Bu bazar da Bakı kəndlərindən biri olan Balaxanıda səyahətimiz missiyamızı beləcə yekunlaşdırdıq. 

Müəlliflər: Fərahim İlqaroğlu və Emil Salamoğlu 

0 şərh