Tarixi Şirvanşahlar sarayı

Şirvanşahlar sarayı kompleksi Bakının ən qədim və geniş əraziyə malik tarix-memarlıq abidəsidir.
Şirvanşahlar sarayı XV əsrdə Şirvanşah I Xəlilullah tərəfindən tikdirilib.

Saray 6 əsrlik tarixi ərzində bir çox hadisələrlə üzləşib. Bir növ Azərbaycan tarixinin son 600 ilində baş vermiş hadisələr birbaşa adıçəkilən saraya təsir etmişdir. 1500-cü ildə Fərrux Yasarın Səfəvilərlə döyüşdə məğlub olaraq öldürülməsinə qədər müstəqil Şirvanşahlar dövlətinin himayəsində olan saray Səfəvilərin bura daxil olması ilə yağma və dağıntılara məruz qalıb. Elə məhz bu səbəbdəndir ki, tarixin o dövrlərindən günümüzə saraya aid çox az eksponat gəlib çatıb. Daha sonra Səfəvi-Osmanlı müharibələrində Osmanlıların qələbə qazanması ilə Bakı şəhəri və uyğun olaraq, Şirvanşahlar sarayı Osmanlıların himayəsinə keçib. Hətta sarayın Şərq darvazası da o vaxtkı Osmanlı sultanı III Muradın şərəfinə tikilib.


«Dinin müdafiəçisi və peyğəmbərin adamı, böyük sultan Şirvanşah Xəlilullah bu işıqlı türbəni öz anası və 7 yaşlı oğlu üçün tikdirməyi əmr edib» — bu cümlə Şirvanşahlar saray türbəsinin girişində həkk olunub. Giriş qapısının üzərində altıguşəli medalyonun içərisində Əli adı 6 dəfə qabarıq, 6 dəfə isə oyuq formasında həkk olunub. Ən maraqlısı isə daha yuxarıdakı damla şəkilli medalyonun içərisində yazılanlardır. Belə ki, bu medalyonun içərisində «Allah, memar Məhəmməd Əli» sözləri qeyd olunub ki, buradakı memar sözünü yalnız güzgü vasitəsilə oxumaq mümkündür. Bu da onunla əlaqədardır ki, o dövrdə memarlara adlarını tikilinin üzərində yazmaq qadağan olunmuşdu.

Hətta bunu edən memarların boynu vurulurdu. Görünən odur ki, bu türbəni tikən memar öz həyatını təhlükəyə atmaq hesabına belə olsa, adını türbənin üzərində qeyd edib. Memarın şaha gəldiyi bu kələyi isə ilk dəfə 1954-cü ildə şərqşünas alim Ə.Ələsgərzadə tapmışdır. Girişin üzərindəki digər yazılar isə Qurandan götürülmüş ayələrdir.

Türbənin daxilində 7 məzar vardır. Lakin bu məzarlardan ikisində cəsəd qalıqları yox idi. Bu qəbirlərdən birinin uzunluğu Xəlilullahın boyuna uyğun olaraq iki metrdən uzun olduğuna görə bəzi alimlər itmiş cəsədin məhz Şirvanşaha aid olduğunu düşünürlər. Belə ki, bəzi deyimlərə görə, Səfəvilər Şirvanşahlara qalib gəldikdən sonra sarayın yağmalanması zamanı Şah İsmayıl Xətai özü şəxsən öz atasının qisasını almaq məqsədi ilə Xəlilullahın qəbrini açdırıb, cəsədini oradan çıxartdırıb. Ancaq sonra etdiyi bu hərəkətindən peşman olub. Bundan sonra isə özünə Xətai təxəllüsünü götürüb. Xəlilullahla bağlı başqa maraqlı deyimlər də var.


Belə ki, saray ərazisindəki hündür pilləkənlərin məhz şahın göstərişi ilə tikildiyini, səbəb kimi isə şahın özünün boyuna uyğun olaraq iri addımlarının olması göstərilirdi. Daha bir diqqətçəkən məqam isə saray binasının kənarındakı dar qapı idi. Deyilənlərə görə, bu dar qapı Xəlilullahın hərəmxanasına açılırdı. Qapının dar olmasına səbəb isə Xəlilullahın kök xanımları xoşlamadığı, bu səbəbdən hərəmxanasına ancaq incə xanımların keçə bilməsi üçün bu qapının dar düzəldilməsini əmr etməsidir.

Şirvanşahlar saray kompleksi üç hissədən ibarətdir. Birinci həyətdə şahın yaşadığı bina-divanxana və saray binası yerləşir. Şahın yaşamış olduğu bina ikimərtəbəlidir, 52 otağı var. Birinci mərtəbədə 27, ikinci mərtəbədə isə 25 otaq var. Şah yuxarı mərtəbədə ailəsi, qohum-əqrəbası ilə birgə yaşayarmış. Aşağı mərtəbədə isə şahın qulluqçuları, kənizləri yaşayırdı. Həmçinin bu mərtəbədəki otaqlardan anbar kimi istifadə edirdilər. 1828-ci ildə Çar Rusiyası Azərbaycanı işğal edərkən Şirvanşahlar saray kompleksindən bütövlükdə hərbi sursat saxlamaq üçün istifadə edilib. Ruslar yuxarı mərtəbədəki otaqların arakəsmələrini açıb, bununla da binanın qədim harmoniyasını vəhşicəsinə pozublar.

azens.az
 

0 şərh