Bakı Arxipelaqı və Bakı Körfəzi

Bir-birinə yaxın adalar qruppasına arxipelaq deyilir. Bakı arxipelaqına daxil olan adalar və bankələr bunlardır: Adalar — Böyük Zirə, Daş Zirə, Kiçik Zirə (və yaxud Qum adası), Zənbil, Səngi Muğan, Çikil, Qara Su, Xərə Zirə, Çilov, Pirallahı, İqnat Daşı və sairələri. Bankələr — Savenko, Bezimyannı, Kornilov- Pavlov, Makarov, Borisov və başqaları.
Bankə — dənizin nisbətən dayaz yerlərinə deyilir. Bunlar dənizdə gəmiçilik üçün çox təhlükəlidir.
Bu ada və bankələrdən əksəriyyətinin adları rus işğalından sonra dəyişilmişdir. Məsələn, Böyük Zirə — Nargin, Daş Zirə — Vulf (bu adaya kiçik Zirə və ya da Qum adası deyilir), Zənbil — Duvannı, Səngi Muğan — Svinoy, Çikil — Oblivnoy, Qara Su — Los, Gil — Qlinyanı, Xərə Zirə —  Bulla,  Çilov,  Pirallahı  - Artyom adlandırılmışdır.
Bakı arxipelaqının ən böyük adası Xərə Zirədir (Bulla) ki, sahəsi 3,5 kvadrat kilometrdir. Böyük Zirə (Nargin) adası Bakı körfəzini dənizdən ayıran ən böyük adadır. Abşeron yarımadasının cənubundadır. Uzunfuğu 3,1, eni isə 0,9 kilometrdir. Şimal-qərb tərəfdən dik və sıldırımdır. Bitkisi azdır. Körfəzi dənizdən ayıran ikinci ada Daş Zirədir (Vulf). Böyük Zirə ilə Kiçik Zirə (yaxud Qum) adalarının yaxınlığındadır. Ətrafı dayazlıqdır. Bitki örtüyü çox seyrəkdir. Zirə sözü Cəzirə (ada) sözündən əmələ gəlmişdir. Cəzirə sözündən cə atılmış, təkcə Zirə qalmışdı.


Bu iki adaya verilən Nargin və Vulf adları Pyotrun adı ilə bağlıdır. Pyotr, xəritədə onları Fin körfəzindəki eyni adlı adalara oxşatdığı üçün belə adlandırmışdı.
Kiçik Zirə (Qum adası) — körfəzi dənizdən ayıran üçüncü adadır. Ərazisi başdan-ayağa qum və balıqqulağı ilə örtülüdür. Uzunluğu təxminən 900, eni isə 600 metr olan Qara Su (Los) adası vulkan mənşəlidir. Burada  güclü  qaz  yatağı vardır. Zənbil adasının Duvannı adlandırılması Xəzər  sularında  üzərək,  dənizin qərb sahilindəki yaşayış məntəqələrini talanla məşğul olmuş Stepan Razinin adı ilə bağlıdır. Onlar öz qənimətlərini bu adada bölüşdüklərinə görə (Duvanit rus dilində bölüşdürmək deməkdir) Duvannı adlandırılmışdır.
Qədim zamanlardan bakılılar bu adalarda balıq və suiti ovlayar və adalarda düzəltdikləri kiçik daxmalarda yaşayırlarmış. Bu adalar eyni zamanda dəniz quldurlarının da məskəni olmuşdu. Həştərxandan və İrandan gələn ticarət gəmiləri həmin adaların yaxınlığında dəfələrlə quldur basqınlarına məruz qalmışdı.
Adalardan bəzilərində hətta vəhşi heyvanlar da doğub törəmişdi. «Kaspi» qəzeti 6 avqust 1893-cü il tarixli nömrəsində yazırdı ki, adamlar yaxın adalardan ətcəbala meymunlar gətirib bazarda hərəsini bir qəpiyə satırlar.
Cənub  tərəfdən  Bakıya  daxil  olduqda  Puta  körfəzindən  qərbdə  iki  dağ zirvəsi nəzərə çarpır. Onlar dəniz səthindən — 1395 fut (təxminən 400 metr) hündürlükdədir. Bu dağ zirvələri Bakının qulaqları adlanır.
Bakı arxipelaqı balıqçılığın inkişafı üçün çox əlzerişli idi. Balıqçılıq nəinki bu adalarda, habelə Xəzərin bütün sahillərində də genişlənmişdi. Sahildə yerləşən Bakı kəndlərinin əksəriyyətində balıqçılıqla məşğul olurdular. Bilgəh, Pirşağı, Buzovna və Mərdəkan kəndlərində tutulan balıqlar zənbillərdə at və ulaq belində şəhərə gətirilib satılırdı. İndiki passajın yanında xüsusi örtülü bir bazar vardı ki, (indi burada toxuculuq sexi yerləşir) Balıq bazarı adlanırdı. Bazarda axşama yaxın balığın qiyməti ucuzlaşardı. Balıqları geri qaytarmamaq üçün hərə malını ucuz qiymətə satıb, kəndlərə qayıdardılar. Bəziləri öz malını tez xırıd eləmək məqsədilə, ya ulaq belində, ya da öz arxasında şəhərdə qapı-qapı gəzərdi.
19-cu əsrin axırlarında Salyandan tutmuş, Dərbəndədək Xəzər dənizi sahillərində iri vətəkələr yaradılmışdı. Bu vətəkələrin əksəriyyəti Hacı Zeynalabdin Tağıyevin idi. Kür çayı sahilindəki vətəkələri də o, hökümətdən icarəyə götürmüşdü.
İran, Həştərxan və bütün Yaxın Şərq ölkələri ilə ticarətin genişlənməsi şəhərdə möhkəm dəniz bazasının yaradılmasını tələb edirdi. Hələ Birinci Pyotr Bakı limanının Şərq ilə ticarətdə böyük əhəmiyyətini başa düşərək, buranı möhkəm dəniz limanına çevirmək üçün bir sıra ciddi tədbirlər qəbul etmişdi. 1840-cı illərdə Xəzər dənizi vasitəsilə Rusiya ilə ticarət xüsusilə genişlənmişdi. Rusiyadan Azərbaycana dəmir, mis, dəmir məmulatı, saxsı qablar, dəri, xəz gətirilir, buradan isə Rusiyaya neft, ipək və başqa mallar daşınırdı. İranla xüsusilə qızğın ticarət gedirdi. 1829-cu ildə İrandan Bakıya 2097 min manatlıq mal gətirilmiş, İrana isə 876 min manatlıq mal göndərilmişdi.
1864-cü ildə Xəzər dənizinin mərkəzi limanı Həştərxandan Bakıya köçürülür. II Yekaterina I Pyotrun başladığı siyasəti davam etdirir. Bakı limanının hərbi donanma üçün yararlı hala salınması barədə layihə hazırlanır. Bu məqsədlə Peterburqdan Bakıya mütəxəssis ustalarda göndərilir. Lakin rusların 1796-1797-ci illər üçün nəzərdə tutulmuş tədbirləri II Yekaterinanın ölümü ilə əlaqədar olaraq, həyata keçirilə bilmir.
Bununla belə çarizm Bakı limanından ümidini üzməmişdi. Yermolovun 15 mart 1818-ci il tarixli sərəncamına görə Bakı əhalisinə icazə verilirdi ki, Həştərxan tacirlərindən gəmi ala bilsinlər, ya da özləri gəmi düzəltsinlər. Ancaq şərt qoyulurdu ki, gəmilərin heç birində silah olmamalıdır və onlar ancaq rusların şkout gəmiləri tipində olmalıdır. Bütün gəmilər mütləq rus bayrağı altında üzməlidirlər. Həmin illərdən Bakı körfəzində yelkənli gəmilərin sayı xeyli artmağa başladı. Bunun ardınca buxarla işləyən gəmilər də qurulub Xəzər sularına buraxıldı.
Bir müddətdən sonra Bakı neft sahibkarları nefti daşımaq üçün xüsusi gəmilər sifariş edirlər. 1891-ci ildə Şəmsi Əsədullayev belə bir Şxun düzəltdirib Xəzər sularına buraxır və nefti Xəzər və Volqa vasitəsilə Rusiya bazarlarına göndərir. Həmin illərdə Nobel qardaşlarının sifarişi ilə İsveçdə neftdaşıyan tanker düzəldilir. Bu, dünyada neftdaşıyan ilk tanker idi.
1907-ci ildə artıq Xəzər sularında 102 buxar və 65 yelkənli gəmi üzürdü. Bundan əlavə Bakı limanında irili-xırdalı 13 yelkənli gəmi, 15 buxar gəmisi, 93 barj (bunlardan 41 quru yük daşımaq üçündü), 23 barkas yedəkləri körfəz sularında bir-birinin böyrünə sığınırdı.
Dənizçilərin iş şəraiti çox ağırdı. Şirkət başçıları və habelə ayrı-ayrı gəmi sahibləri onlarla pis rəftar edirdilər. Belə vəziyyət 1907-ci ildə  dənizçilərin  böyük tətilinə səbəb oldu. Bu  tətil  «Qafqaz  və  Merkuri»  şirkətində  başlasa  da  tezliklə  o biri dənizçilərə də sirayət etdi. Tətilçilər aşağıdakı  tələbləri  irəli  sürürdülər: Dənizçiləri qış zamanı işdən qovmaq olmaz, noviqasiya zamanı bekar  qaldıqları ayların  əmək  haqqı  ödənilməlidir,  dənizçilərlə  nəzakətlə  rəftar  olunmalıdır.
Tətilin uzanması çar məmurlarını çox narahat edirdi. Xüsusilə Romanovlar xanədanından çoxlu üzvü olan «Qafqaz və Merkuri» aksioner şirkəti hökümətdən təcili tədbirlər görülməsini tələb edirdi. Tətili yatırtmaq üçün Peterburqdan general Taube dəvət olundu. Onun gördüyü təcili tədbirlər nəticəsində tətil qısa müddət ərzində yatırıldı və dənizçilərin həmkarlar ittifaqı da ləğv olundu.
Xəzər gəmilərində işləyənlərin əksəriyyəti bakılılardı. Onlar istər yelkənli və istərsə də buxar gəmilərində matros, losman və başqa vəzifələrdə işləyirdilər. Ümumiyyətlə o dövrdə dənizçilərə Gəştiban deyilirdi. Losman isə Pişgah adlanırdı.
1881-ci il 21 noyabrda Bakıda “Dənizçilik klasları” adlı bir məktəb açılır. Burada təhsil alanların əksəriyyəti gəmilərdə işləyən yaşlı dənizçilər idi. Bu məktəb hər il 25-30 nəfər şturman, 15-18 nəfər şkiper (ticarət gəmisi kapitanı) hazırlayırdı. Bu məktəbin ilk məzunlarından biri İçərişəhərli Süleyman İsmayıl oğludur. 1896-cı ildə isə Dənizçilik məktəbində gəmi mexanikləri kursları açıldı.
 
Kurslarda istehsalatdan ayrılmadan təhsil alırdılar. 1900-cü ildə bu məktəbi bitirənlərdən biri də nəslən dənizçi olan Süleymanın oğlu Məhərrəm İsmayılov idi. O atasının ənənəsini davam etdirərək düz 55 il Xəzərdə gəmi kapitanı işləmişdir. Hazırda Baltik dənizində bu qoca dənizçinin adını daşıyan «Kapitan İsmayılov» buzqıran gəmisi vardır.
Məhərrəm Süleyman oğlu İsmayılov Bakıda böyük bir dənizçi  sülaləsinin fəxridir. İsmayılov-Süleymanovlar dənizçilər sülaləsi Xəzər dənizində məşhur dənizçilər kimi tanınır. Xəzərin qocaman  kapitanı  Hacıağa  Rəcəbov  da  1904-cü ildə bu məktəbi bitirmişdir.
1 iyul 1902-ci ildə “Dənizçilik klasları” “Bakı uzaq səfərlər” dəniz məktəbinə çevrilir.
Dənizçilər nəslinin artması ilə Xəzər sularında yelkənli və buxar gəmilərinin də sayı artırdı. Xüsusi gəmi sahiblərinin də sayı xeyli çoxalmışdı. Sahibkarlar içərisində ehtiraslar qızışırdı. Hər gəmi sahibi çoxlu yük daşınmasına çalışırdı. Çox zaman onlar gəmi kapitanlarını məcbur edirdilər ki, gəmiyə həddindən artıq yük vurulsun, bu da nəticədə böyük fəlakətlərə səbəb olurdu. Keçən əsrin 80-ci illərində Xəzər sularında çoxlu gəmi batmışdı.
Dənizdə baş verən fəlakətlərin əsas səbəbi gəmilərin sualtı daşlara toxunması və dayaz yerlərdə saya oturmaları idi. Xəzərdə gəmiçiliyin inkişaf tapması, Xəzər sahillərində və böyük adalarda mayaqların tikilməsi zərurətini irəli sürürdü. Məsələn, Bakı limanına  cənubdan gələn gəmilər Nargin adasını  görə bilmədikləri üçün burada mayaq yaradılmasına böyük ehtiyac duyulurdu. Mayaq yaradıldı və üstəlik Qız qalasının başına da güclü fanarlar qoyuldu ki, Bakıya yaxınlaşan gəmilərə yol göstərsin. Sonralar isə Sahil küçəsində işıqların çoxalması ilə əlaqədar  olaraq, bu mayaq ləğv edildi. Çünki Sahil işıqlarının arxasından mayağın işığı görünmürdü.
Xəzərin ən qədim və qocaman mayağı «Abşeron» mayağıdır. O, Şüvəlanda dəniz sahilində, Şimal Dövlət Elektrik Stansiyasının yanındadır. Qapısının üstündə «1860» yazılmışdır. Mayağın məhz burada tikilməsinin səbəbi vardı. 1857-ci ildə Xəzər dənizinin şərq hissəsində hidroqrafik təhqiqat aparan «Quba» gəmisi Bakıya qayıdarkən fırtınaya tutulub istiqamətini itirmiş və qaranlıqda qayalıqlara dəyərək parçalanmışdı. Heyəti isə sahildə dəfn edilmişdi. Mayağın optik sistemi Parisin «Soter» zavodunda hazırlanmışdı. 1957-ci ilədək 750 şam güçündə olan kerosin lampası ilə işləyirdi. Həmin ildən etibarən isə elektrik işığına keçir.
İkinci mayaq Amburan (Bilgəh) burnundan qərbdə yerləşir. İki qardaş daşları və Balaxnin, Abşeron və Opasnaya bankələri Bilgəh sularının altında idi. 1910 — 1912-ci illərdə burada bir neçə gəmi toqquşmuş və suya oturmuşdu. «Mazut» şirkətinin «Limberq» gəmisi quma oturaraq, 4 ay burada qalmışdı. Onu çıxarmağa gələn «Kastroma» və «Kalomna» paroxodları da burada suya oturmuşdu.
 
1910-cu il martın 21-də noviqasiya açılan kimi «Cəfərabad» yelkənli gəmisi də burada 45 min ton mazutla batmışdı. Amburan mayağının vəzifəsi gəmilərə Abşeron körfəzinə daxil olduqlarını göstərmək və iki qardaş daşlarının yerini bildirmək idi. İki qardaş daşları çox gəmilərin fəlakətinə səbəb olmuşdu. Qədim bir əfsanədə deyilirdi ki, Xıdır Nəbi və Xıdır İlyas adlı iki qardaş olub. Onlar daimi həyat bulağından su içdikləri üçün müsəlmanlar onları peyğəmbər hesab edirdilər. Onların qəbirləri guya Beş Barmaq dağında olduğu üçün dindarlar oraya səcdəyə gedirdilər. Bilgəh burnu yaxınlığındakı bu iki qardaş qayaları da onların adı ilə şöhrət tapmışdı. Lakin mayağın işığı həmişə görünmürdü. Gah zil qaranlığa qərq olur və gah da cənub-qərb küləklərinin Balaxanadan gətirdiyi tüstüyə bürünürdü. Belə hallarda gəmilər buradan çox ehtiyatla keçirdilər.
Abşeronda daha bir mayaq Pirallahı adasının quru ilə birləşdiyi yerdədir. Bu mayak da 1950-ci illərədək kerosin lampası ilə işləmiş və sonralar elektrik işığına keçmişdir.
Mayaqlarda xidmət edənlər üç-dörd nəfərdən artıq olmur. Şəhərdə dəniz körpüləri Bibiheybət-Şıx burnundan başlayaraq, Soltan burnunadək (Zığ) uzanırdı. Bu məsafədə 75 taxta və bir daş körpü vardı. Bunlardan iyirmi beşi şəhər Sahil küçəsində, on səkkizi Qara şəhərdə, iyirmi biri Ağ şəhərdə və on biri Bayılda idi. Qara şəhərdəki körpülərin sahəsi 9 verst uzunluğunda idi. Demək olar ki, ancaq neft yüklərini daşımağa xidmət edirdi. Sonralar bu körpülərin sayı 43-ə çatmışdı. 1 körpü isə xarici malları daşımaq üçün idi. Burada «Nobel qardaşları» şirkətinin 1 Ellinqi vardı. Bütün neftayıran zavodlar və neft anbarları limanın bu hissəsində idi.
Fabrik və zavod sahiblərinin neft və neft məhsulları yüklənən körpülərində işlər çox səmərəli qurulmuşdu. Gəmilər 2-5 saat ərzində neftlə doldurulurdu. Burada nə gözətləmə olurdu, nə də növbə. Körpülər bir-birindən 15-30 sajın aralı tikilirdi. Əksəriyyəti xüsusi adamların idi. Bəziləri də körpünü tikib, icarəyə verirdi. Üç körpü vardı ki, bunlar ümumi istifadə üçündü. Daş körpü, Tamojna körpüsü (bu körpü Sahil küçəsində Tamojna idarəsi ilə üzbəüzdə idi) və Pyotr meydanındakı körpü idi. Şəhər sahəsindəki 25 körpüdən 18-i yük vurmaq və yük boşaltmaq üçündü. Bir körpü isə «Saruxanov-Kür» aksioner şirkətinin idi. Burada Kürdən gəmilərlə gətirilən su boşaldılırdı. Yerdə qalan 6 körpü isə gəmilərin yan alması üçündü. Daş körpü və Tamojna körpüsündə odun, kömür və şəhər küçələrinə döşənmək üçün gətirilən çay daşları (qənbər) boşaldılırdı. Pyotr meydanı ancaq taxta-şalban üçün idi. Körpülərin çoxunda yükləmə və boşaltma əl ilə aparılırdı. Yalnız bir neçə körpüdə yüklər əl arabaları və relsli vaqonetkalarla daşınırdı. Əl əməyi ucuz əmək olduğundan bütün sahibkarlar ondan istifadə etməyi üstün tuturdular. Küçələrdə, körpülərdə, dəmir yolu vağzalında yükləri daşıyan hamballar idi. Bunlar Cənubi Azərbaycandan Bakıya işləməyə gələn yoxsul adamlardı.  Onları «həmşəri» çağırırdılar. Bir qarnı ac, bir qarnı tox, sübhün gözü
 
açılandan, qaranlıq düşənədək ağır yüklərin altında belləri ikiqat olmuşdu. Arazın o tayında oğul-uşaqları onların yolunu gözləyirdilər. Yağışlı havalarda şəhərin küçələri ilə sel axarkən adamları dallarında bir qəpiyə bu səkidən o səkiyə keçirirdilər. O zaman Cənubi Azərbaycandan Bakıya gəlib burada bir peşənin ətəyindən yapışanlar çox idi. İçərilərində tacirləri də vardı, alverçiləri də. Lakin camaat onları «həmşəri» yox, İranlı çağırırdılar. «Həmşəri» adı yoxsul hamballara əbədi vurulmuş damğa idi. Tacirlər, zəngin mağaza sahibləri onları nəinki amansızcasına işlədir, hətta üstəlik döyürdülər də. Hamballar şəhərin indiki Ostrovski küçəsinin yuxarısında, Həmşəri palanında yaşayırdılar. Onları hər axşam ayaqlarını sürütdəyə-sürütdəyə, yorğun-yorğun Həmşəri palanına qalxan görərdin. Üst-başları yamaq-yamaq, cır-cındır idi.
Günəşli havalarda özlərini divar dibinə verib, yaxalarının bitini təmizləyərdilər.
Zeynalabdin Marağayi əsrin əvvəllərində Bakıda olarkən şəhərdə belə bir hadisənin şahidi olmuşdu: «Mehmanxanadan çıxan kimi dəniz kənarına yollandıq. Ətrafıma baxırdım. Bir yerdə Batumda gördüyüm eyni mənzərəyə rast gəldim. Bir neçə nəfər həmyerlimiz yerdə, qızmar günəşin altında oturub yaxalarını və şalvarlarının nifələrini bitləyirdilər. Başqa bir yerdə camaat hay-küy qoparıb birlikdə  kimi  isə  döyür  və  çığırırdılar:  »Vurun,  bu  məlun  İranlını!".  Və  hər yaxınlaşan onun üstünə düşürdü.
Bu  zavallının  günahı  nədir  ki,  döyürlər,  -  soruşdum,  -  nə  eyləyib axı?
Bu  İranlı  muzdla  müsəlman  bir  kişinin  gəmisində  işləyir.  Döyənlər  də onunla bir yerdə işləyənlərdir" (Zeynalabdin Marağayi. "İbrahimbəyin səyahətnaməsi").
1900-cü ildə Bakıda olmuş B. Brandt öz xatirələrində yazırdı: «Yerlilərin hambal adlandırdığı bu adamlardan daha zavallı bir məxluq dünyada tapa bilməzsən. Onlar müztərib bir mütiliklə öz ağır yüklərini çiyinlərində daşıyırlar. Onlardan biri elə bil gözlərimin qabağında ağır yük altında durmuş heyvan tək
itaətkarlıqla belini büküb gözləyirdi. Onun kimi başqa bir zavallı da ağır yükləri bir-bir onun palanı üstünə yükləyir. O, yükün altında belini düzəltmədən bəzən ən uzaq bir məsafəyə yola düşür. Mənə nəql elədilər ki, belə cılız məxluq bəzən arxasında piano kimi ağır bir yükü daşıyır. Bunlar adamda xüsusilə ona görə təəccüb oyadır ki, bizim enli kürəkli, sağlam rus fəhlələrinə oxşamayır, çox cılız və məzlumdurlar. Yedikləri ancaq çörəkdir. Ömürlərində içməzlər. Qazandıqları cüzi qazancı qəpik-qəpik toplayır, bir neçə ay Bakıda qaldıqdan sonra, topladıqları qazancla vətənlərinə qayıdırlar. Bir sözlə, fəhlənin vəziyyəti çox ağırdır. Xüsusilə neft mədənlərində işləyən fəhlələrin vəziyyəti».
 
İndiki Azərneftin yanından uzanan Sahil küçəsi «Fenomen» kinoteatrının (indiki kukla teatrı) yanında bağlanırdı. Burada «Qafqaz və Merkuri» gəmiçilik aksioner şirkətinin 1859-cu ildə tikdirdiyi ellinq Sahil küçəsini iki hissəyə bölmüşdü. Pyotr meydanı və onun körpüləri Sahil küçəsinin o biri başında qalırdı. Ellinq dənizin lap sahilində gəmi təmiri üçün tikilmiş emalatxanalar idi. Şəhərin mərkəzində belə bir müəssisənin mövcud olması Şəhər idarəsini narahat etdiyi üçün onun sökülməsi barədə dəfələrlə məsələ qaldırılmışdı.
Şəhər duması ilə «Qafqaz və Merkuri» şirkəti arasında birinci danışıq 13 oktyabr 1882-ci ildə olmuşdu. Lakin bir nəticə verməmişdi. 1900-cü ildə danışıq təzədən başlayır. Duma ellinqin sökülməsi üçün 40 min pul təklif edir. Şirkət isə 65 min tələb edir. Yenə qəti bir razılığa gələ bilmirlər. 1911-ci ilin axırında onların arasında təzədən danışıq başlayır. Duma Sahil küçəsinin planlaşdırılmasını başa çatdırmağa tələsirdi. Ellinqi sökdürmək isə heç cür, mümkün olmurdu. Əvvəla bu şirkət çox arxalı idi. Romanovlar xanədanından bir çoxları bu şirkətin üzvü idilər. Burada payları vardı. O  biri tərəfdən şirkət çox varlı  bir müəssisə idi. Məsələn, 1908-ci ildə «Qafqaz və Merkuri» gəmiçilik şirkəti aşağıdakı 13 gəmiyə sahib idi: "İmperator I Nikolay", "İmperatoriçə Aleksandra", «Veliki knyaz  Aleksey», «Admiral Kornilov», «General Kropatkin», «Skobelev»,  «Saveliç  Aleksandr», «Veliki knyaz Mixail», «Kaspi», «Türkmən», «Tamara», «Tehran».
Yalnız Sovet hakimiyyəti illərində «Qafqaz və Merkuri» ellinqi sökülərək, Sahil küçəsi Pyotr meydanınadək uzadıldı və emalatxanaların yerində dənizçilər üçün yüksək bir yaşayış binası ucaldıldı. Belə bir ellinq də Qara şəhərdə «Nobel qardaşları» şirkəti tərəfindən tikilmişdi.
Keçən əsrin axırlarında Bakıda sənayenin sürətlə inkişafı ilə əlaqədar olaraq Bakıya çoxlu material, xammal daşınırdı. Habelə Bakı neftini Həştərxana və Volqa boyu ilə Rusiyanın şəhərlərinə daşımaq lazım gəlirdi. Buna görə sənaye nəqliyyatına tələb çoxalmışdı. 1880-1904-cü illər arasında Xəzərlə yük daşınması 50 faiz artmışdı.
Sıradan çıxmış gəmiləri təmir edib, təzədən istismara buraxmaq da vacib bir məsələ idi. O vaxtadək Bakı körfəzində gəmilərin təmiri ilə məşğul olan bircə
müəssisə də yoxdu.
Yalnız 1887-ci ildə Bayılda ilk tərsanə quruldu. Bu, «Bakinski dok» adlanırdı. Bu şirkətin yaradılmasında Bakının bir çox ticarət şirkətləri iştirak edirdi. Bunlardan «Kussis və Teofimantovlar ticarət evi»ni, «Pitoyev və onun kompaniyası ticarət evi»ni, «Kaspi» gəmiçilik şirkətini göstərmək olar. Ancaq tərsanədə təmir qiyməti çox baha idi. Birinci dərəcəli gəminin tərsanəyə qaldırılıb, salınması 320 manata başa gəlirdi. İkinci dərəcəli gəmilərin təmiri üçün isə 240 manat alınırdı. «Bakinski dok» qısa müddətdə böyük sərmayə əldə etmişdi.
Əlbəttə, təkcə bir tərsanə ilə gəmiçiliyin böyük ehtiyacını təmin etmək mümkün deyildi. Buna görə 1894-cü ildə şirkət payçıları belə qərara gəldilər ki, ikinci bir tərsanə də tiksinlər. Bu tərsanə 1895-ci ildə işə salındı. Bundan sonra Bakı varlılarından Şıxəli Dadaşov və Əliabbas Dadaşov da Bayılda torpaq sahəsi alıb, 1898-ci ildə təzə bir quru tərsanə tikdilər.
İnqilabdan sonra tərsanələr milliləşdirildi. «Bakinski dok», Əliabbas Dadaşovun tərsanəsi və başqa xırda emalatxanaların bazasında «Paris kommunası» gəmi təmiri zavodu yaradıldı
 
Müəllif: Qılman İlkin. BAKI VƏ BAKILILAR 
Mənbə: BAKI VƏ BAKILILAR (Üçüncü nəşri).ISBN-9952-426-12–7
 

0 şərh