Nobel qardaşlarının şirkəti

Nobel qardaşları Bakıya gəlmiş ilk əcnəbi iri sənaye sahibləri idi. Nobellər kimdir? Əslən İsveçli olan bu nəslin başında Emanuil Emanuiloviç Nobel dururdu. O rus dövlətinin dəvəti ilə 1837-ci ildə Rusiyaya gəlmişdi. Hələ İsveçdə ikən onun ixtira etdiyi sualtı minalar Rusiya  hərbi  dairələrinin  diqqətini  cəlb  etmişdi. Rusiyaya köçdükdən sonra Peterburqda inşa etdirdiyi zavodda mina və başqa mexaniki məmulatlar istehsal etməyə başlayır. Krım müharibəsi zamanı hökümətin tapşırığı ilə Kronştadt və Sveaborq qalalarının ətrafını minalamaq kimi mühüm bir işin öhdəsindən müvəffəqiyyətlə gəlir.
Ümumiyyətlə 1853-cü ildən 1856-cı ilədək sürən Krım müharibəsində Nobel rus ordusunu silah və mina ilə təchiz etmişdi. Müharibə qurtarandan sonra hökümət və ayrı-ayrı şəxslər tərəfindən sifarişlər azaldığından Emanuil müflis düşür və zavodu bağlayaraq, vətəninə qayıdır. Onun üç oğlu vardı: Lüdoviq, Robert və Alfred Nobel qardaşları. Emanuil Peterburqa gələndə böyük oğlu Lüdoviq 11 yaşında idi. O atasının yanında maşınqayırma sahəsində böyük təcrübə keçmişdi. Atası vətənə qayıtdıqdan sonra o Peterburqda qalıb, maşınqayırma işləri ilə məşğul olurdu. Sonralar Vıborq tərəfdə  kiçik  bir zavod alaraq, onu qısa müddət ərzində birinci dərəcəli zavoda çevirir. Lüdoviq çox energiyalı, ağıllı  və tədbirli bir sahibkar  idi. Onun üçün çətin və ağır heç bir iş yoxdu. Hər çətinliyin öhdəsindən məharətlə gəlirdi. Top istehsalı sahəsində onun zavodu tezliklə böyük müvəffəqiyyət qazanmışdı. Ölkənin müdafiəsi sahəsində göstərdiyi xidmətlərinə görə Lüdoviq hökümət tərəfindən ikinci  dərəcəli  «Anna» ordeni ilə təltif olunmuşdu. Onun hazırladığı top lülələrinin şöhrəti bütün dünyaya yayılmışdı. Mühəndis Pyotr Aleksandroviç Bilderlinqlə birlikdə təşkil etdikləri İjevsk zavodunda Berdanka tipli silahlar hazırlanırdı. 1868-1891-ci  illərdə Berdanka rus ordusunun əsas  silahı  idi. 
Lüdoviq  berdankalara  taxta  qundaq materialı hazırlamaq məqsədilə qardaşı Roberti Astara və Lənkəran meşələrində möhkəm ağac axtarmağa göndərir. Robert Bakıda olarkən  neft  istehsalı  ilə maraqlanır və sahibkarların neftdən böyük gəlir əldə  etdiklərinə  şahid  olur. Peterburqa qayıdandan sonra qardaşı Lüdoviqi razı salır ki, neftin gəlirli xammal olduğunu nəzərə alaraq, neft istehsalı ilə məşğul olsunlar. Qardaşının razılığını alandan sonra Robert az bir məbləğlə Bakıya qayıdaraq, burada kiçik bir zavod və torpaq sahəsi alır. Lakin vəsaiti az olduğu üçün istehsalatı genişləndirə bilmir. Lüdoviqi həmişəlik olaraq, Bakıya çağırmalı olur.
 
1879-cu ildə Bakıda «Nobel qardaşları şirkəti» təşkil olunur. Bu şirkətin müəssisləri üç qardaş: Lüdoviq, Robert, Alfred və bir də onların yaxın dostu, Lüdoviqlə İjevsk zavodunun əsasını qoyanlardan mühəndis Pyotr Aleksandroviç Bilderlinq idi. O şirkətin təşkil olunduğu ildən ta 1885-ci ilədək şirkətin idarə heyətinin üzvü, 1885-ci ildən ta ölümünədək, yəni 1901-ci ilədək şirkətdə təşkil olunmuş Sovetin sədri olmuşdu. Şirkətin əsas rəhbərliyi Lüdoviqin əlində toplaşmışdı. Hər şeyi həll edən əsas etibarilə o idi. Alfred təsisçilər siyahısına daxil edilsə də şirkətin işində bilavasitə iştirak etmirdi. O İsveçdə yaşayırdı. Görkəmli alim idi. Elmi əsərlərinə görə kimya elmləri doktoru adını almışdı. Bütün dünyada dinamitin və tüstüsüz barıtın ixtiraçısı idi. «Nobel qardaşları şirkəti»nin idarə heyətində yaxından iştirak etməsə də öz kapitalı və tətbiqi kimyanın böyük mütəxəssisi kimi öz məsləhətləri ilə şirkətə kömək edirdi. Şirkətdə onun da səhmi (payı) vardı. Ölümündən sonra 58 patenti və 50 milyon kapitalı qalmışdı. Bu məbləğin 12,4 faizi «Nobel qardaşları şirkəti»ndən Alfredə çatan pay idi. Öləndə vəsiyyət etmişdi ki, hər beş ildən bir onun kapitalından gələn gəlir insanlara xidmət etmiş şəxslərə mükafat kimi verilsin. İlk mükafat 1901-ci ildə verilmişdi. O vaxtdan «Nobel mükafatı» rəsmən müəyyən edilmişdi. Hər beş ildən bir onun kapitalından gələn gəlir 5 bərabər hissəyə bölünür və mükafat  formasında  fizika, kimya, fiziologiya, yaxud tibb və ədəbiyyat sahəsindəki nailiyyətlərə görə verilir.


«Nobel qardaşları şirkəti» fəaliyyətə başlamamışdan əvvəl neft çox ibtidai bir şəkildə, ibtidai vasitələrlə xanlıq dövründə olduğu kimi əsasən əllə çıxarılırdı. Neft çıxarılması tamam bərbad halda idi. Qazma işi ilə mükəmməl tanış olan adamlar çox az idi. Neft çıxarılması texnikasını təkmilləşdirmək  Lüdoviq  Nobeli çox düşündürür və bütün dünyada neft çıxarılması təcrübəsindən istifadə etmək və qazma işini nizama salmaq məqsədilə Pensilvaniyadan təcrübəli qazmaçılar çağırtdırır, habelə avstraliyalıların, amerikalıların iş  təcrübəsini  öyrənir.  Bakının neft sənayesinə yeni nəfəs gətirən Nobel  qardaşları burada çox baha başa gələn mürəkkəb təcrübələri sınaqdan çıxarırdılar. İlk dəfə olaraq buxar maşınından istifadə edirdilər. Başqa neft sahibkarları Nobel qardaşlarının bu axtarışlarına, yeniliyə can atmalarına həsədlə baxırdılar. Nobel qardaşları hər  sahədə  pioner idilər. Bütün işlərini elmi əsaslar və yeni texnika  əsasında  qurmağa  çalışırdılar. Onlar qazma işlərində də ilk dəfə elektrik enerjisindən istifadə etməyə başladılar. Nobellərin təcrübəsindən bəhrələnməyə çalışan yerli, xarici kapitalistlər birinci növbədə onların ilk tətbiq etdikləri buxar maşınlarından istifadə etməyə girişdilər.
Qazma işləri ilə yanaşı olaraq, Nobel qardaşları əvvəlcədən alıb, saxladıqları torpaq sahələrində kəşfiyyat işlərini də davam etdirirdilər. Bu sahədə Nobellərdən irəlidə gedən ikinci bir şirkət yox idi. Çələkən və Pirallahı adalarında, Putada müntəzəm kəşfiyyat işləri aparılır və getdikcə geniş vüsət alırdı. Lüdoviq Nobel qabağı görən və həmişə axtarışla məşğul olan bir adamdı, bütün maniələri yıxaraq, yorulmadan yeniliyə doğru can atırdı.


Onlar neftin emalı sahəsində də yeni axtarışlarla məşğul idilər. Neft emalının mövcud üsulu onları qətiyyən təmin etmirdi.
Bu illərdə Qara şəhərdə neftayıran zavodlar tikərək kerosin hasilatı ilə məşğul olanlar vardı. 1869-cu ildə artıq 23 zavod açılmış və onların sayı ildən-ilə artırdı.
Lakin icarə sistemi Bakıda neft istehsalının qarşısını alır və məhsuldarlıq azalırdı. İcarə sistemi zamanı neftin istehsalı xeyli aşağı düşmüşdü. Sahibkarlar tələb etməyə başladılar ki, kerosin zavodları və anbarlar üçün icarəyə verilmiş yerlər daimi olaraq, onların xüsusi mülkiyyətlərinə çevrilsin. Nəhayət 1873-cü ildə icarə sistemi ləğv olundu və hökümət böyük neft sahələrinin aksion satışına başladı. 180 desyatin neftli sahələr 3,5 milyon manata xüsusi şəxslərə satıldı. Belə sahələr əsas etibarilə Suraxanada və Bibiheybətdə idi. Suraxana torpaqları uğrunda gərgin rəqabət gedirdi. Əsas rəqabət  Mirzəyev ilə Kokorev arasında idi. Bibiheybətdə isə aksion zamanı H. Z. Tağıyev tərəfindən 3 min manatlıq, Zubalov tərəfindən isə 18 min manatlıq torpaq sahələri alındı. Hər desyatin torpaq alıcılara orta hesabla 20-30 min manata başa gəldi.
Bu tədbir ona gətirib çıxardı ki, bu vaxtadək torpaq sahələrini çox qısa müddətə almış və buna görə də müəssisənin texniki quruluşuna böyük xərc çəkmək istəməyən sahibkarlar indi öz şəxsi sahələrinin istismarı üçün əsaslı avadanlıq düzəltməyə başladılar. Görülən tədbirlərin nəticəsində neft hasilatı artmağa başladı.


Yeni axtarışlar, səmərələşdirici təkliflər irəli sürüldü. Artıq Amerikadan Rusiyaya nəinki   kerosin   gətirilmir,   əksinə   Bakı   nefti   Amerika   neftini   sıxışdırmağa başlamışdı. İndi rus kerosini xarici bazarları da təmin edirdi. Məsələn, 1881-ci ildə Rusiyadan xaricə göndərilən neft məhsulları bir milyon puddan artıq deyildi. 90-cı illərin əvvəllərində isə bu rəqəm 63 milyon yarıma çatmışdı.
Neftin istehsal edilməsinə də bunun böyük təsiri oldu. 1892-ci ildə Balaxanada neft quyuları qazma yolu ilə istismar olunmağa başladı. Bir quyudan bir sutka ərzində təxminən 1000 pud neft çıxarılırdı. Fantanların da sayı artmışdı.
Məsələn, 1892-ci ildə Nobel qardaşlarının bir fantanı sutkada bir milyon pudadək neft verirdi.
Branobel
Neft istehsalının artması neftin daşınması məsələsini də vacib məsələ kimi irəli sürürdü. Hər şeydən əvvəl neftin çıxarıldığı yerlərlə onun emal edildiyi yer arasında sərbəst və müntəzəm hərəkət lazımdı. Halbuki, neft mədənlərdən neftayırma zavodlarına arabalarla daşınırdı. Daşınma çox zaman hava şəraiti ilə əlaqədar ləngiyirdi. Neft emalı sürətlə inkişaf edir, daşınma isə ibtidai şəkildə qalmaqda idi. Bu sahədə də ilk addım Nobel qardaşları tərəfindən atıldı. Onlar başqa sahibkarlara müraciət edərək Balaxanadan Qara şəhərə müştərək kəmər çəkməyi təklif etdilər. Lakin onlardan heç kəs bu təkliflə razılaşmadı. Lüdoviq böyük əziyyət və çətinliklə Balaxanadan Qara şəhərə öz hesabına kəmər çəkdirdi. Ona xərc olunmuş 100.000 manatı bir ildə çıxartdı. Kəmərin çəkilməsi nəticəsində neftin zavoda daşınması çox ucuz başa gəldi.
Bu kəmər hər gün Balaxanadan Qara şəhərə 24 min pud neft vururdu. Bu iqtisadi cəhətdən Nobel qardaşları üçün çox əlverişli idi. Balaxanada neftin pudu 8 qəpik idi. Nobel qardaşları isə onu Qara şəhərdə 14 qəpiyə satırdılar. Neftin kəmərlə daşınması üçün 6 qəpik alırdı. Arabaçılar isə Balaxanadan Qara şəhərə neftin pudunu 8 qəpiyə daşıyırdılar. Demək pudu 18 qəpiyə başa gəlirdi. Nobellər isə pudunu 14 qəpiyə satırdılar. Bununla belə Nobel qardaşları bundan hər gün 1000 manat pul əldə edirdilər. Nobellərdən sonra «Bakı neft şirkəti» də Balaxanadan Suraxanaya — öz zavodlarına kəmər çəkdirdi. Və çox keçmədi ki, başqaları da bu işə girişdilər. Mədənlərdən zavodlara çəkilən kəmərlərin sayı artdı. Zavodları dəniz sahili ilə birləşdirən daha 37 kəmər çəkildi. Dəniz kənarından kerosin yelkənli gəmilərlə Volqaya taxta boçkalarda göndərilirdi. Bununla əlaqədar olaraq, Bakı şəhərində çəlləkçilik çox inkişaf etmişdi. Şəhərin bir sıra küçələrində çəlləkçilik dükanları açılmışdı. Bu boçkalar əksərən 20 pudluq olurdu və boçkanın pulu da 30 qəpikdən 60 qəpiyədək kerosinin qiymətinin üstünə gəlirdi.


Kerosinin boçkalarla daşınması əlverişli deyildi. Əvvəla neft dolu boçkaları yerləşdirmək çətin olduğu üçün gəminin anbarlarından tam istifadə etmək qeyri- mümkündü. Bununla əlaqədar kerosinin xərci də 25 faiz artırdı. İkinci tərəfdən neftin daşınması Bakı çəlləkçilərinin düzəltdikləri boçkalardan asılı olurdu. Bəzən çatdıra bilmirdilər. Daşınma çox zaman gəmi sahiblərindən və havanın vəziyyətindən də asılı idi.
Kerosinin su yolu ilə daşınması Lüdoviq Nobeli çox düşündürürdü. Nəhayət nefti maye daşıyan gəmilərlə göndərməyi qərara aldı. Belə bir iş o zaman böyük təcrübəsi olan Amerikada da yox idi. Məlum oldu ki, kerosinin axıcılıq xasiyyətinə görə maye daşıyan gəmilər təsis  etmək  qeyri-mümkündür.  Daşınma  zamanı gəminin maşın şöbəsində əmələ gələn 30-40 dərəcə hərarət kerosin üçün qorxulu idi.  Lakin  buna  baxmayaraq,  dünya  bazarında  Amerika  kerosini  ilə  rəqabət aparmaq məqsədilə Nobel bunu lazım bildi.

O gəmi şirkətlərinə təklif etdi ki, bir neçə gəminin anbarını onun layihəsi  əsasında ayrı-ayrı şöbələrə ayırsınlar ki, kerosini onlarda daşımaq mümkün olsun. Bunun müqabilində külli miqdarda pul təklif edirdi. Ancaq gəmi şirkətlərindən heç biri bu işə razılıq vermədi. Lüdoviq Nobel bu çətinliyi də öz çiyinlərində daşımalı oldu. 1877-ci ildə Lüdoviqin öz layihəsi əsasında İsveçdə hazırlanmış «Zaraostra» neftdaşıyan gəmisi-tankeri Xəzər sularına gətirildi. Bu dünyada ilk neft daşıyan tanker idi. Yalnız ondan sonra başqa neft sahibkarları da İsveçdə tanker düzəldilməsi üçün sifariş verməyə başladılar. Zaqafqaziyada dəmir yolunun açılışı və o zaman bütün dünyada ən uzun neft kəməri olan 865 kilometr uzunluğunda Bakı-Batum  neft  kəməri  çəkiləndən  sonra Bakı nefti arası kəsilmədən dünya bazarlarına göndərilirdi. Bu kəmərin çəkilişində görkəmli alim və mühəndis V. Q. Şuxovun böyük xidməti  olmuşdur.  Tankerlər Xəzər dənizinə buraxılandan sonra neftin boçkalarla daşınması tamamilə ləğv olundu. «Nobel qardaşları şirkəti» neftin dəmir yolu ilə daşınmasını ucuzlaşdırmaq üçün amerikalıların təşəbbüsündən istifadə etdi. Dəmir yolu idarəsinə Amerika sayağı vaqon-çən düzəltməyi təklif etdi. Lakin təklifi rədd edildi. Lüdoviq bu işi də özü təşkil etməli oldu. Öz konstruksiyası ilə 100 vaqon-çən düzəldib Qryaze- Saritsin dəmir yoluna verdi. Hətta özunün dəmir  yolu  komandasını  və  vaqonları təmir emalatxanasını təşkil etdi. Sonralar dəmir yolu  özü  belə  vaqon-çənlər hazırlayıb bütöv qatarlar düzəltdi.


Lüdoviq Nobeli düşündürən bir məsələ də neft ticarəti sahəsində yeni qaydaların yaradılması idi. Saysız-hesabsız neft ticarəti vasitəçilərindən yaxa qurtarmaq, bilavasitə alıcılarla əlaqə saxlamaq məqsədilə böyük şəhərlərdə, dəmir yolu stansiyalarında nefti saxlamaq üçün iri dəmir rezervuarlar düzəltdi. Bu böyük xərcə başa gəlsə də bundan çəkinmədi. Volqa boyu şəhərlərində belə dəmir çənlərin sayı ildən-ilə artdı.
Neft istehsalının ayrı-ayrı sahələrində böyük irəliləyişə baxmayaraq, neft sənayesinin vəziyyəti bir o qədər də yaxşılaşa bilməmişdi. Çünki icarə sistemi ləğv olunsa da, 1875-ci ildə aksiz sistemi tətbiq olunmuşdu. Bu neft məhsullarına qoyulan əlavə vergi idi. Doğrudur, neftli torpaqların xüsusi əllərə keçməsindən sonra neft istehsalı sürətlə inkişaf etsə də bazarlarda kerosin pis satılırdı. Sahibkarların fəaliyyətində böhran başlamışdı. Neft sahibkarları bunun səbəbini aksiz sistemində görürdülər. Böhrandan bircə çıxış yolu vardı. O da aksiz sisteminin ləğvi idi. Qəzetlər də sahibkarların səsinə qoşularaq, aksiz əleyhinə öz etirazlarını bildirirdilər. 1877-ci ildə aksiz sistemi ləğv olundu. Neft hasilatı daha da artdı.


Neft zavodlarında isə neftayırma hələ də ibtidai üsullarla aparılırdı. Bunun nəticəsində də alınan kerosin aşağı səviyyədə olub, bazarlarda Amerika kerosini ilə rəqabət apara bilmirdi. 1873-cü ildə Təbrizov tərəfindən neft ayırmaq üçün yeni aparat kəşf edildi. Bu aparat Nobel qardaşlarının zavodunda quruldu və o vaxtdan neft fasiləsiz olaraq, distillə olunmağa başladı. Alınan məhsul Amerika kerosinindən heç də əskik olmayıb, bəlkə də öz təmizliyi ilə ondan üstün idi. 1886- cı ildə Şibayevin zavodunda da yeni bir aparat quruldu. Bu distillə qurğusu V. Q. Şuxov və F. A. İnçik tərəfindən ixtira olunmuşdu.


Nobel qardaşları neft emalını texniki cəhətdən təkmilləşdirmək üçün işə lap ibtidaidən başladı. Başqa sözlə desək Bakı neftini elmi-laboratoriya yolu ilə tədqiq etmək niyyətilə böyük hazırlıq işləri apardı. Əvvəlcə Bakıda, sonra isə Peterburqda kimya laboratoriyaları təşkil etdi. Əlbəttə, bu işdə ona İsveçdə yaşayan kimyaçı qardaşı Alfred öz məsləhətləri ilə yaxından kömək edirdi. Əldə edilən hər bir kəşf dərhal mədən və zavodlara tətbiq olunurdu. Kerosinin keyfiyyəti barədə bu dərəcədə qayğı və fasiləsiz nəzarət şirkətin məhsullarına ümumdünya şöhrəti qazandırdı. 1895-ci ilin mart ayında neftin emalı səviyyəsini yoxlayan komissiya şirkətin zavodunda bir pud kerosini belə keyfiyyətsiz hesab etməmişdi. Yorulmaq bilməyən Lüdoviq bir sıra laboratoriya təcrübələri nəticəsində Amerikada və Avropada hələ məlum olmayan neftin fasiləsiz emalına nail oldu.
Əsrin axırında neft istehsalının 20 faizini, kerosin emalının 40 faizini «Nobel qardaşları şirkəti» verirdi, 18-ci ildə «Nobel qardaşları şirkəti» Rotşildə məxsus «Mazut cəmiyyəti» ilə birləşib «Nobel-Mazut» inhisar birliyi yaratmışdılar. Rusiyanın bütün daxili bazarlarında birlikdə hegemonluq edirdilər. Xəzər dənizi vasitəsilə Rusiyanın bazarlarına daşınan duru yanacağın 57 faizi, sürtgü yağlarının 57,5 faizi və ixrac olunan neftin 60 faizi bu şirkətlərin əlində idi. A. M. Mantaşov, K. S. Şibayev Oleum, «Q. M. Leonozovun oğlanları» kimi şirkətlər çıxardıqları bütün yanacağın satın hüququnu «Nobel-Mazufa verməyə məcbur olmuşdular.
1908-ci ildə „Nobel qardaşları şirkəti“ müxtəlif sənaye sahələrini birləşdirən iri kapitalist konserninə çevrilmişdi. Nobellərin neft imperiyasında 25 mindən artıq adam işləyirdi. Tərkibinə əsas kapitalı 150 milyondan çox olan 25 müxtəlif müəssisə daxil idi. Dünyanın kerosin bazarında bölüşdürülməsində Rotşild və Rokfeller ilə bərabər fəal iştirak edirdilər.
Lüdoviq işgüzar və eyni zamanda maarifpərvər bir sahibkar idi. İmperator rus texniki cəmiyyəti Bakı şöbəsinin əsasını qoyanlardan biri idi. Cəmiyyətin işlərində yaxından iştirak edirdi. Onun irəli sürdüyü təşəbbüslər və təkmilləşdirmələr çox çəkmədən ictimaiyyətin malı  olurdu.  O  öz  yeni ideyalarından heç zaman yalnız özü üçün istifadə etmirdi. O əməklə qazanılmayan pulları sevməzdi. Bu onun təbiətinə müğayir idi O adətən deyirdi: „O gün ki, işləmək istəmirsən, o gün də yeməməlisən“. Lüdoviq birja alveri ilə heç zaman məşğul olmazdı. Ona hər dəfə öz işini əlverişli şəraitdə xaricə satmaq təklif olunduqda deyərdi: „Siz istəyirsiniz ki, mən pullarımı faizli kağızlara  çevirib, kupon kəsmək üçün qayçı alım və onları satmaq üçün birjaya girim? Mən bunu istəmirəm. Mənə pul yox, iş də lazımdır“. O işlədiyi sahədə rəqabət aparmağı sevir və yorulmadan yeni yollar axtarırdı. Lüdoviqin əsas prinsiplərindən biri də çalışan adamların taleyini müəssisənin taleyi ilə bağlamaq  idi.  Çoxlu  qazanc  əldə  etmək üçün xidmətçi və fəhlələrin qayğısına  qalmağı  vacib  hesab  edirdi.  Uğurlu  işdən ötrü kontorun xidmətçilərinə, müəssisənin fəhlələrinə mükafatlar verirdi. Onlara yataqxanalar tikdirmiş və bu yataqxanaları isti su və xörəklərlə təchiz  edirdi. Bakıda yaşayan fəhlələr hər səhər Pyotr meydanında olan körpüdən barjlarla Qara şəhərə işə daşınır və axşam evlərinə qaytarılırdı. Qara şəhərin neft qurğuları içərisində   böyük   torpaq   sahəsi   alıb,   park   saldırmışdı.   Bu   parkda   istirahət guşələrindən başqa klub da vardı. İndi Nizami adına olan park o zaman Villa Petrolea adlanırdı. Lüdoviq ilin çox ayını Peterburqda keçirirdi. Daimi axtarışlar, məhsuldarlığı artırmaq üçün gecəli-gündüzlü çalışmalar nəhayət onu yorur. Buna görə Peterburqu tərk edərək Avropanın cənubuna gedir və 1886-cı il martın 31-də orada 57 yaşında ikən ölür. Lüdoviqin ölümündən hələ çox əvvəl şirkət onun böyük oğlu Emanuilin əlinə keçmişdi.


1904-cü ildə şirkətin 25 illiyi qeyd edilərkən onu təsis edənlərdən heç biri sağ deyildi. Şirkətin heyəti aşağıdakılardan ibarət idi.
1.Emanuil Lüdoviqoviç Nobel (sədr),  2. İ. O. Olsen.  3. M. M. Belyamin. 4. Y. Q. Krussel. 5. Xaqelin.


25 illik yubiley günündə şirkət aşağıdakıları qərara almışdı:
  1. Yubiley günləri üçün nəzərdə tutulmuş 100 min manat hərbi zamanın ehtiyacları üçün əlahəzrət imperatoriçə Aleksandra Fyodorovnanın sərəncamına verilsin.
  2. Bakıda şirkət işçilərinin uşaqlarından ötrü məktəb tikilməsi üçün 100 min manat ayrılsın. Məktəb də belə adlansın: ”Nobel qardaşları neft istehsalı şirkətinin 25 illiyinə xatirə məktəbi”.
  3. Şirkət işçilərinin ali məktəblərində oxuyan övladları üçün 250.000 manat ayrılsın.
  4. Şirkətdə tam 25 il işləyən xidmətçilər üçün 360 min manat ayrılsın. 5.Şirkətdə 25 il işləyən fəhlə və matroslara bir aylıq maaşları miqdarında əmək haqqı verilsin.
  5. Şirkətin bütün fəhlə və xidmətçilərindən əsgərliyə çağırılanı varsa, onlara bir dəfəlik bir aylıq maaşları miqdarında pul verilsin və əsgəri xidmətdə olduqları müddətdə maaşlarının 50 faizi ailələrinə verilsin və əsgərlikdən qayıtdıqda işə qəbul edilsinlər.

1877-ci ildə Nobellər tərəfindən tutulmuş layihəyə görə müəssisədən gələn təmiz gəlirin 50 faizi xidmətçilər arasında bölünürdü: 1905-ci ildə qanunda olan nizamnaməyə görə gəlirin 40 faizi əməkçilər və fəhlələr arasında bölünürdü. Bu nizamnamənin necə həyata keçirildiyini deyə bilmərik. Çünki əlimizdə heç bir sənəd yoxdur. Lakin bir faktı göstərmək lazımdır ki, o illərdə başqa neft şirkətlərində işləyən fəhlə və qulluqçuların Nobel qardaşlarının müəssisələrində işləməyə can atmaları bəlkə buna görə də təsadüfi deyildi. Etiraf etmək lazımdır ki, Bakıda neft istehsalının inkişafında, neftin emal edilməsində, daşınmasında və saxlanılmasında Nobellərin böyük xidməti olmuşdur. Neft sahəsində texniki yeniliklərin demək olar ki, əksəriyyəti onlara aid idi.
 
Müəllif: Qılman İlkin. BAKI VƏ BAKILILAR 
Mənbə: BAKI VƏ BAKILILAR (Üçüncü nəşri).ISBN-9952-426-12–7
 
 

0 şərh