XX əsrin əvvəlində Mətbuat

Xeyriyyə cəmiyyəti bağlandıqdan sonra Həsən bəy Zərdabi qəzet çıxarmaq fikrinə düşür. «Həyat» qəzetinin 1905-ci il tarixli 115-ci nömrəsində o yazırdı:
«Bizim „Cəmiyyəti Xeyriyyə“ bina tutmadığından aşkar oldu ki, qəzet çıxarmaqdan savayı bir qeyri əlac yoxdur ki, kağızın üstə yazılmış doğru sözlər qapı və pəncərələrdən o iman mənzillərinə çata bilsin. Heç olmazsa doğru söz yerdə qalsın».
O dövrdə Azərbaycan dilində qəzet çıxarmaq çox çətin idi. Həsən bəyin özünün yazdığı kimi «pul yox, yazıçı — yoldaş yox, çapxana yox, hürufat yox. Dövlət tərəfindən izn almaq da ki, bir böyük bəladır».
Bu işdə ona yalnız o zaman Bakının general qubernatoru olan Staroselski yaxından kömək edir. Staroselski rus dvoryanlarından olsa da, arvadı gürcü olduğu üçün Qafqaz əhlinə qarşı çox səmimi idi. O Həsən bəyə məsləhət bilir ki, çıxaraçağı qəzetin adını "Əkinçi" qoysun. Hökümətin icazə verməsi üçün də bu düşünülmüş bir yol idi. Guya "Əkinçi" siyasət məsələlərinə qatışmayacaq, ancaq əkin və əkinçilikdən danışacaqdır. Türk dilində hürufat olmadığı üçün Həsən bəyə məsləhət bilirlər ki, qəzeti daşbasması ilə (litoqrafiya üsulu ilə) çıxarsın. Həsən bəy bu fikirlə razılaşmır. Çünki litoqrafiya üsulu ilə qəzeti həftədə ancaq bir və ya iki dəfə çıxarmaq olardı.  O isə qəzeti gündəlik etmək fikrində idi.

Uzun  müddət düşünüb daşınandan sonra hürufat almaq üçün 1875-ci ilin iyul ayında İstanbula gedir. Hürufatı alıb, qayıdandan sonra əlahiddə bir çapxana açmaq lazım gəlir. Həsən bəyin isə buna gücü çatmır. Staroselski yenə ona kömək əlini uzadır. O Həsən bəyin İstanbuldan gətirdiyi hürufatı quberniya idarəsinin çapxanası üçün satın alır və beləliklə Həsən bəyi çətin vəziyyətdən çıxarır. 1875-ci ilin 22 iyulundan quberniya idarəsinin mətbəəsində "Əkinçi«nin birinci nömrəsi çapdan çıxır. Mürəttib məsələsi də çox çətinliklə həll edilmişdi. O zaman quberniya çapxanasında Minasov adlı bir nəfər erməni mürəttibi işləyirdi. Həsən bəy ondan istifadə etdi. Bir müddətdən sonra Minasov öz bacısı oğlunu da işə qəbul etdirib, ona mürəttibliyi öyrətməyə başladı.
əkinçi qəzetiQəzetin üstündə rəsmi olaraq, „iki həftəlik qəzet“ yazılsa da, Həsən bəy həmin ilin payızından qəzeti həftədə bir dəfə çıxarırdı. Çünki abunəçilərin sayı 400 nəfərə çatmış və qəzetin ətrafında yazıçıların sayı artmışdı. Staroselski özünü qəzetin senzoru təyin etmişdi. O işdən gedəndən sonra isə senzor vitse qubernator oldu. Əlbəttə, Staroselskinin işdən getməsi, Həsən bəyin özünün dediyi kimi, onun üçün bədbəxtçilik idi. Çünki Staroselski gedəndən sonra qəzetin düşmənləri yer-yerdən hücuma keçib, qəzeti bağlatdırmağa çalışdılar. O biri tərəfdən qəzetdə siyasi xəbərləri çap etməyə icazə verilmədiyindən abunəçilərin də narazılığı artırdı. Qəzet barədə danoslar yazılmağa başladı. Jandarm tərəfindən Həsən bəyin hərəkətlərinə göz qoyuldu. Bu barədə Həsən bəy özü belə yazırdı: „Gündə məndən və “Əkinçi»dən danoslar göndərirdilər. Jandarm tərəfdən üstümə qaraulçular qoyuldu… Bununla belə mən qəzeti vaxtında çıxarırdım. Elə ki, Dağıstanda şuluqluq başlandı "Əkinçi«nin də günü dəxi qara oldu. Bir gün Nəcəf bəy Vəzirovun məqaləsini ki, Moskvadan göndərmişdi, vermişdim düzülməyə. Məqalədə bir dərviş bazarda dükanların qabağında qəsidələr oxuyub, onları elm təhsil etməyə çağırırdı. Senzor qol çəkib, çap olunmağa icazə vermişdi. Qəzeti çap olunub paylanandan sonra qubernatorun hökmünə görə o nömrəni bağlayıb, məni istədilər. Gedib gördüm ki, mənim Minasovum oradadır. Qubernator buyurdu ki, Minasov deyir ki, dərvişin sözlərinin qeyri mənası var. Ona görə nömrəni bağlayıb, sənə hökm edirəm ki, bir qeyri nömrə çap edəsən. Cavab verdim ki, qeyri nömrə çıxarda bilmərəm. Mən gedəndən sonra qubernator özü bir nömrə çıxardıb, payladı. Nömrə mənim adımla çıxmışdı. Mən təvəqqe elədim ki, mənim adımdan qəzet çıxarmasınlar».


1877-ci üdə başlayan rus-türk müharibəsi qəzetə böyük zərbə oldu. Bütün rus qəzetləri müharibənin gedişindən ətraflı xəbərlər verdiyi halda "Əkinçi«yə müharibə barədə bir sətir də çap etməyə icazə verilmədi. Hətta müharibənin başlanmasını da bildirmək ona qadağan olunmuşdu. Qəzetin üzərində senzor daha da güclənmişdi. Həsən bəy bu barədə belə yazırdı: „Deyil ki müharibənin gedişi, hətta müharibə zamanı Rusiya içərisində vaqe olmuş təbii fəlakətlərə dair məlumatı, Moskvada soyuqdan sərçələrin donub ölməsini də qəzetə yazmağa müsaidə etməmişdilər. Senzorun fikrincə bunu müsəlmanlar “ruslara Allahın qəzəbi keçmişdir» deyə izah edərlər".
Müharibə barədə heç bir məlumatın verilməməsi abunəçilər içərisində qəzeti xeyli nəzərdən salmışdı.
Həmin bu günlərdə Dağıstanda iğtişaş başladı. Üsyan başçılarından bəziləri güllələndi,    bəziləri    də    sürgün    edildi.    Bununla    "Əkinçi«ni    bağlamaq    üçün
hökümətin əlinə yaxşı bəhanə düşmüşdü. Bütün  Qafqazda  üsyanın başlayacağından qorxuya  düşən çar höküməti „Əkinçi“nin də bu işdə böyük rol
oynayacağını düşünüb qəzeti bağlatdırdı. Qəzetin axırıncı — 56-cı sayı 1877-ci ilin sentyabrında çıxdı. Qəzet bağlansa da Həsən bəyin özündən əl çəkmədilər. Real məktəbinin direktoru Həsən bəyə təklif etdi ki, o Yekatirinadar və ya Kutaisi gimnaziyasına müəllim getsin. Bu barədə Həsən bəy özü belə yazırdı: „Mən ərizə verib, qulluqdan çıxdım. Çünki mən Bakıdan çıxıb, müsəlman işlərindən kənar olmağı özüm üçün ölüm hesab edirdim.
Dava qurtardı. Amma mənim Bakıda qalmağım müşkül oldu. Padşahlıq qulluğuna məni götürmədilər və bakılılardan da heç kəs məni qulluğa götürmədi.
...Bakıda daha qala bilməyib öz kəndimizə köçüb getdim“.
»Bakinskaya izvestiya" qəzeti 1878-ci il 29 noyabr tarixli 25-ci sayında belə bir elan vermişdi: «Real məktəbinin keçmiş müəllimi Həsən bəy Məlikov 20 noyabrdan istefaya çıxaraq xüsusi müəssisələrdə işlər müdiri, kontorçu, müəllim və sairə bu kimi vəzifələrdə işləmək üçün yer axtarır».
"Əkinçi" bütün Zaqafqaziyada ilk türk qəzeti idi. Qəzet səhifələrində Həsən bəyin  yazdıqları  əsasən  kənd  həyatından,  kənd  təsərrüfatından  olurdu.  Ancaq bununla belə qəzetin səhifələrində dövrün bir sıra ictimai məsələləri də işıqlandırılır, bu barədə mübahisələr açılırdı. Mollalar, mövhumatçılar, çar çinovnikləri, yalnız öz mənafelərini güdən duma qlasnıları da Həsən bəyin məqalələrində amansızcasına tənqid olunurdu. Azərbaycan dilinin təmizliyi Həsən bəydən ötrü müqəddəsdi. O fars və ərəb sözləri ilə dolu olan və heç kəsin anlamadığı bir dildən sadə Azərbaycan dilinə keçməyi yanar bir ürəklə təbliğ edirdi. O yazırdı: "İstəyirsinizmi türk milləti yaşasın, qabağa getsin, elmi və mərifəti olsun, mədəniyyəti olsun — ona dil verin, türklər öz dillərini itiriblər, sizin sözünüzü onlar anlamazlar. Onların dilini tapın, verin onlar yaşasın, qabağa getsin".


Həsən bəy Zərdabinin "Əkinçi«dən sonrakı həyatı da çox ağır keçmişdir. 16 il Zərdabda qaldıqdan sonra iflic xəstəliyinə tutularaq, Bakıya qayıdır. Yenə qəzetlərdə mühərrirliklə məşğul olur. „Kaspi“ qəzeti səhifələrində öz məqalələri ilə müntəzəm iştirak edir. Peterburq qəzetləri də onu öz səhifələrində iştirak etməyə çağırırdılar. Dumaya seçilir və onun komissiyalarında fəal iştirak edirdi. Dumanın iclaslarından birində məsələ qaldırmışdı ki, şəhər yerlərindən keçən neft boruları üçün vergi alınsın. Bu təklif neft sahibkarlarının böyük qəzəbinə səbəb olmuşdu. Onlardan biri öz qəzəbini belə ifadə etmişdi: „Lütün biri lüt. Özünün cibində bir qəpik olmadığı halda bizim cibimizlə oynayır. Biz onu yetimə qəyyum etdik ki, dumaya seçilməyə ixtiyarı olsun. İndi bizimlə belə rəftar edir“.
Həsən bəy iflic olmasına, dilinin tutulmasına baxmayaraq, duma komissiyalarının iclaslarında fəal iştirak edirdi. Hətta dumaya təzə seçki başladığı zaman özünə qutu da qoydurmuşdu. Ancaq xəstə olduğu üçün onu seçməmişdilər və seçilmədiyini də heç kəs ona bildirməmişdi. Bununla belə o özünü əvvəlki kimi qlasnı hesab edirdi. Lakin iclaslara nə üçün çağırılmadığına təəccüblənirdi.
1907-ci il 28 noyabrda Həsən bəy Zərdabi gözlərini əbədi yumur. Onun dəfni zamanı natiqlərdən biri demişdi: „Həsən bəy Bakıya ac gəldi, ac da getdi“.


»Əkinçi«dən sonra 1873-cü ildə Tiflisdə daş basma üsulu ilə „Ziya“ qəzeti çıxmağa başladı. Qəzetin ilk nömrəsi yanvarın 16-da çıxdı. 2 səhifədən ibarət idi. Naşiri Səid Ünsüzadə, müdir və mühərriri isə Cəlal Ünsüzadə idi. „Ziya“ 1879-cu ildə 46 ədəd, 1880-ci ildə isə 30 ədəd çıxmışdı. 1880-ci il dekabrin 6-dan qəzet „Ziyayi Qafqaziyyə“ adı altında hürufatla çıxmağa başlayır. „Ziyayi Qafqaziyyə“ qəzetinin nəşri 1884-cü ilin 1 iyununadək davam edir. 1881-ci ilin sentyabrın 21- dək 31 nömrə, 1882-ci il 26 oktyabrdan 1883-cü ilin 3 yanvarınadək 32 nömrə, 1893-cü ilin 10 yanvarından dekabrın 6-dək 30 nömrə, 1884-cü ilin yanvarından iyunun 1-dək 11 nömrə çıxmışdır. Axırıncı illərdə qəzeti Səid Ünsüzadə redaktə edirdi.


1883-cü ildən Tiflisdə Azərbaycan dilində „Kəşkül“ adlı bir jurnal da nəşr olunmağa başlayır. Ta 1891-ci ilədək davam edir. Jurnal türk dilindən başqa fars və ərəb dillərində də nəşr edilirdi. Jurnalın səhifələrində siyasət, ticarət, sənaye və ədəbiyyat məsələlərindən müntəzəm bəhs olunurdu.
Adlarını çəkdiyimiz mətbuat orqanları Tiflisdə çap olunsalar da daha çox Bakıda satılırdı. Lakin „Əkinçi“dən fərqli olaraq bu mətbuat orqanlarının heç biri Həsən bəy Zərdabinin xalqdan gələn gözəl ənənələrini davam etdirə bilmədi. Xalqa bağlılıq bunlara tamamilə yad idi. Dərc olunan məqalələrdə cəmiyyətin kəskin ictimai məsələləri qətiyyən öz əksini tapa bilmirdi. Qəzet və jurnal bütün  bu məsələlərin yanından sovuşub keçirdi.


1905-ci il inqilabınadək çap edilən qəzetlərdən biri də „Şərqi rus“ idi. 1903- cü ildən Tiflisdə nəşr edilmiş və 1904-cü ilədək davam etmişdir. 1904-cü ildə qəzet bağlanır və redaksiyası Tiflisdən Bakıya köçür. Burada qəzet əvvəllər „Şərqi rusun teleqramları“, sonra 1905-ci ildə „Axşam xəbərləri“ adı ilə nəşrini davam etdirir. Qəzet Məmmədağa Şahtaxtinskinin başçılığı ilə çap edilirdi. Qadın məsələsi, xüsusən, hürufat islahı qəzetin səhifələrində görkəmli yer tuturdu.


Keçən əsrin yetmişinci illərində Bakıda rus dilində çap olunan mətbuat başlıca olaraq, üç qəzetdən ibarət idi. Birinci qəzet 1876-cı ildən çap olunan „Bakinskaya izvestiya“ qəzeti idi. Bu qəzet rəsmi olaraq, Bakı quberniya idarəsinin orqanı idi. 1881-ci ildən isə İmperator Rus Texniki Cəmiyyətinin Bakı şöbəsinin əlinə keçir. O Naruçev tərəfindən redaktə olunurdu. 1888-ci ildə isə qəzetin adı dəyişib, „Bakı ticarət-sənaye vərəqi“ adı ilə öz nəşrini davam etdirir. Bu ad altında o 1888-ci il 15 oktyabradək çap olunur. Redaktor Neruçevin ölümü ilə əlaqədar qəzetin nəşri müvəqqəti saxlanılır. 1889-cu ildən isə qəzet Sokolinskinin redaktəsi altında öz işini davam etdirir. Qəzetin səhifələrində əsasən sənaye, neft istehsalı sahəsi işıqlandırılır, müxtəlif şəhər xəbərləri verilirdi.
Rus dilində ikinci böyük qəzet „Kaspi“ idi. Siyasi-ədəbi qəzet idi. Quberniya idarəsinin katibi Kuzmin tərəfindən təsis edilmişdi. 1887-ci ilin mayında Kuzmin qəzetin çap edilmə hüququnu Svinkinə satır və ona müəllim Liçkus-Xomutov müvəqqəti redaktor təyin olunur. Sonra qəzeti 1888-ci ildə Qoryayevski, 1889-cu ildən isə Sokolinski redaktə edirdi.
XX əsrin əvvəllərində H. Z. Tağıyev „Kaspi“ qəzetini redaksiyası ilə birlikdə alaraq, Ə. M. Topçubaşovun redaktorluğu ilə çap etdirir. Qəzetin ətrafına
H. B. Zərdabi, Əli bəy Hüseynzadə, F. Köçərli, M. A. Şahtaxtlı, M. Mahmudbəyov və  başqa  azərbaycanlı  ziyalılar  toplaşaraq  öz  məqalələri  ilə  onun  həyatında
yaxından iştirak edirdilər. Həsən bəy Zərdabi hətta bir müddət qəzetin əməkdaşı kimi işləmişdir.
Qəzetin   səhifələrində   artıq   Azərbaycanın   ictimai   və   ədəbi   həyatı işıqlandırılır.  Azərbaycan  ədəbiyyatı  klassiklərinin  əsərlərindən  parçalar  çap olunurdu.
 
Müəllif: Qılman İlkin. BAKI VƏ BAKILILAR 
Mənbə: BAKI VƏ BAKILILAR (Üçüncü nəşri).ISBN-9952-426-12–7
 

0 şərh