Bakıda meydan və meydançalar

Vaxtı ilə Bakıda 16-ya qədər meydan və meydançalar olmuşdur.
Quba meydanı (və yaxud Bazar meydanı). Böyük və tanınmış meydan idi. Şəhərə gələn yollar məhz bu meydanda birləşirdi. Bir tərəfdən Bakı kəndlərindən gələn arabalar və başqa nəqliyyat vasitələri, o biri tərəfdən Quba və Şamaxıdan gələn öküz arabaları əsasən bu meydanda düşərdilər. Qubanın cırıltılı öküz arabaları öz yüklərini məhz bu meydanda boşaldardılar. Buna görə də bu Bazar meydanı Quba meydanı kimi tanınırdı. Sübh tezdən axşam düşənədək burada qızğın alver gedirdi. Qubadan əsasən alma, armud və başqa meyvələr gətirilərdi. Bakı kəndlərindən isə göyərtidən tutmuş yer-yemişədək daşınıb, burada satılardı. Ətrafında bir cərgə dükanlar vardı. Sonralar meydanın mərkəzində də taxtadan dükanlar tikilmişdi. Malakan furqonları ilə meyvə və tərəvəz, xüsusilə kələm daşınardı. Türkmənistandan gətirilən Cərco yemişləri qışın ortalarınadək dükanların qabağında asılıb, satılardı. Meydanda ayaq basmağa yer olmazdı. Buradan keçən konkalar camaatı xəbərdar etmək üçün zənglərini müttəsil çalırdılar. Səs-küydən qulaq batardı. Mallarını tərifləyənlərin çığırtısı, konkanın zəng səslərinə, müəzzinlərin minarələrdən eşidilən azanına qarışaraq, qulaqbatırıcı uğultuya çevrilirdi. Bir az aralıqda iri bir karvansara vardı ki, bazara daxil ola bilməyən Bakı arabaçıları araba və atlarını burada açardılar. İvleydan xüsusilə yağışlı havalarda zığ palçığa bulaşardı. Yeyilmiş meyvələrin qabıq və qalıqları ayaq altına atılardı. Süpürgəçilər bu zibilləri yalnız axşamlar camaatın əl-ayağı bazardan yığışandan sonra süpürməyə imkan tapırdılar. Burada dükan və taxta köşklərdə alver edənlərdən başqa bazara gətirdiyi mallarını kisə-kisə yerə qoyub, satanlar da olurdu. Polisin qadağan etməsinə baxmayaraq, məharətlə onların gözlərindən yayınaraq, öz alverlərini davam etdirərdilər.
İkinci böyük meydan Vorontsov, yaxud Kömür meydanı idi. Vaxtı ilə bu yerdə kömür yandırıldığından meydan camaat arasında Kömür meydanı kimi tanınırdı. Hökümət tərəfindən isə bu meydana rəsmi olaraq, Vorontsov meydanı adı verilmişdi. Bakıya satmaq üçün komür gətirən kömürçülər bir qayda olaraq həmişə buraya düşərdilər. Dəvə karvanları üçün meydanda əlverişli şərait vardı. Yükləri boşaldılmış  dəvələr geniş meydanın bir kənarına  çəkilərək, köyşək vururdular. Əvvəllər kömür qala divarlarının yanında, burada hələ nə Tağıyevin qız məktəbi, nə də Realnı uçulişe və Bakı Bələdiyyə İdarəsinin binaları tikilməmişdən geniş açıqlıqda satılırdı. Bununla da bu yer Kömür meydanı adlandırılmışdı. Azca aralıda kömür tayalarını çəkmək üçün qapan qoyulmuşdu. Həmin yerə Qapandibi deyirdilər.
Kömür meydanında Quba meydanından fərqli olaraq, alverdən başqa müxtəlif əyləncələr də keçirilirdi. Burada tez-tez pəhləvanlar da güləşərdilər. Xeyli əvvəllərdə isə meydanda taxtadan hündür bir masa düzəldilərək üstündə oğru və cinayətkarlara cəza verilərdi. Kömür meydanı daha çox köhnə və nimdaş palpaltarların, ayaqqabıların, müxtəlif ev əşyalarının satıldığı yer idi. Hər addımbaşı yerə sərilmiş müxtəlif ev müxəllifatına rast gəlirdin. Burada paslı mıxdan tutmuş bərbəzəkli çil-çırağadək hər şey satılırdı. Bir tərəfdə dərviş oxuyur, o biri tərəfdə camaat hay-küylə xoruz döyüşdürürdülər. Dağıstandan gələn kəndirbazların oyunu daha maraqlı olardı.  Kəndirbazlar  əsasən  üç  nəfər  olurdu. Biri basdırılmış iki dirək arasında tarım çəkilmiş ipin üstündə oyunbazlıq edir, o biri onun hərəkətini musiqi ilə müşaiət edərdi. «Yalançı pəhləvan» adı ilə məşhur olan üçüncüsü isə əl-qolunu ataraq meydan qızışdırardı. Meydanda adam əlindən tərpənmək olmazdı. Cümə günləri bura xüsusilə basırıq olurdu.  Bir  adam  özünə lazım olan şeyi almaq üçün əldən-ayaqdan düşürdü.
Cızbızxanalar həmişə adamla dolu olardı. Başqa bir tərəfdə kabab bişirib satırdılar. Toyuq-cücə çığırtısından, satılmağa gətirilmiş qoyun mələrtisindən qulaq batırdı. Ancaq bütün bu natəmizlik içində qaynayan həyatın da öz məziyyəti vardı. Şarmanka çalanlar adamları öz bəxtlərini yoxlamağa çağırırdılar. Tutuquşunun qutudan dimdiyi ilə götürduyü paketlərdə adamlar öz talelərini yoxlayırdılar. Belə izdiham içərisində bəzən bir küncdə şirma düzəldib, kukla teatrı göstərənlər də olurdu.
Boyunlarından asılmış kiçik qutularda rəngbərəng kağızlarda konfet satan uşaqlar səhərdən axşamadək bazarda adamların əl-ayağına dolaşırdılar. Xüsusilə şirədən xoruz şəklində düzəlmiş və taxta çöpünə keçirilmiş sorma konfetlər uşaqların çox xoşuna gələrdi. Bamiyə, şərbət, iri mis çayniklərdə səələb satılardı.
Bazarın toz-torpağı üstüaçıq satılan bu şeylərin üstünə qonsa da, alıcıların heç biri buna  əhəmiyyət  verməzdi.  Səələb  adətən  payızın  son  aylarında  satılardı.  O
öskürəyə və sinə ağrısına qarşı yaxşı dərman idi. Səələb səələb göyərtisi ilə süddən hazırlanırdı. Qışda şəhərin böyük küçələrində olduğu kimi meydanda da şabalıd qovrulub satılırdı.
Birja (Azadlıq) meydanı şəhərin iri meydanlarından biri idi. Təxminən səkkiz hektar ərazini əhatə edən meydan o zamankı birja idarəsinin yaxınlığında yerləşdiyi üçün onun sağ tərəfindəki küçə də (indiki Üzeyir Hacıbəyov küçəsi) Birja küçəsi adlanırdı.
Meydan boş və çılpaq bir düzənlik idi. Bərk xəzrilərdə burada toz- torpaqdan göz açmaq olmazdı.
Sağ tərəfdə Malakan küçəsi ilə (indiki Xaqani) L. Şmidt (indiki R. Behbudov) küçələrinin tinində yerləşən əsgər kazarmasının əsgərləri burada təlim keçərdilər.
Meydan at və arabaların duracaq yeri idi. Lakin dənizə yaxın olduğu üçün havası təmiz olardı. Kömür meydanı və Quba meydanlarında olduğu kimi burada da tez-tez həftə bazarları keçirilərdi. Meydanı abadlaşdırmaq Şəhər Bələdiyyə idarəsinin imkanı xaricində idi. Buna görə də beş hektar sahə yaşayış binaları tikmək üçün xüsusi adamlara satıldı və tezliklə meydanın dörd tərəfində  uca binalar tikildi.
Gözləmək olardı ki, satılmış sahədən əldə edilən pul meydanın abadlaşdırılmasına sərf olunacaqdır. Ancaq pul nəinki başqa yerə xərcləndi, hətta dumanın iclasında həmin ərazidə boş qalmış üç hektarlıq sahədə də binalar tikilməsi məsələsi irəli sürüldü. Bu məsələ 1904-cü ildə dumanın  iclaslarında böyük mübahisələrə səbəb oldu.
Qlasnıların varlı sinifləri təmsil edən hissəsi meydanın qalan ərazisində də yeni binalar tikilməsinə tərəfdar çıxır. Həsən bəy Zərdabi bu fikrin əleyhinə olaraq meydanın şəhər əhalisinin dincəlməsi üçün yaşıllaşdırılıb abadlaşdırılmasını təklif etdi və sübut etməyə çalışdı ki, meydan şəhər əhalisi üçün yaxşı istirahət yeri ola bilər, buna görə də orada binalar tikdirmək cinayətdir.
H. Zərdabinin haqlı sözləri nəzərə alınmadı. Duma səs çoxluğu ilə iki hektara yaxın sahəni idarə binası tikdirməkdən ötrü birja komissiyasının ixtiyarına verdi. Lakin komissiya meydanda bina tikdirməkdən imtina etdi. Meydan 1912-ci ilədək əvvəlki vəziyyətində qaldı.
1912-ci ildə Nikitin qardaşlarının Torqovı (indiki Nizami küçəsi) və Bolşoy morskoy küçələrinin (indiki Bülbül) tinində olan sirk binası yandığından yeni bina tikilməsi məsələsi ortaya atılır. Dumanın iclasında qərar qəbul olunur ki, meydanda yeni sirk binasının tikilməsinə icazə verilsin. Bu vaxt Həsən bəy Zərdabi həyatda yox idi; o, 1907-ci ilin noyabr ayında vəfat etmişdi.
1912-ci ildə meydanda taxtadan sirk binası tikilir. 1914-cü ildə həmin bina genişləndirilərək «Rekord» adlı kinoteatr yaradılır. Dairəvi  formalı  bu  bina təxminan iki min tamaşaçı tuturmuş.
1918-ci ildə erməni-müsəlman qırğını günlərində ermənilər ətraf evlərdə yaşayan azərbaycanlıları taxta sirk binasına toplayaraq, yandırmaq istəyirlərmiş. Yaxşı ki, Qızıl qvardiya hissələri vaxtında özlərini çatdırıb, onları azad edir.
Birja meydanı inqilab ərəfəsində fəhlə yığıncaqlarının əsas mərkəzinə çevrilmişdi. Çar mütləqiyyəti devrildikdən sonra, 1917-ci il oktyabrın 28-də (noyabrın 11-də) burada Bakı fəhlə, əsgər və matroslarının izdihamlı mitinqi keçirildi. Mitinqdə yekdilliklə qəbul edilmiş qətnamədə deyilirdi ki, hakimiyyət təxirə salınmadan Sovetlərə verilməlidir. O vaxtdan da bura hüriyyət (Azadlıq) meydanı adlandırılırdı.
1920-ci ilin sentyabrında 26 Bakı komissarının sümükləri Aşqabaddan Bakıya gətirilir. Komissarların cənazələri Şərq xalqlarının birinci qurultayı nümayəndələrinin iştirakı ilə hürriyyət meydanında dəfn edilir. O vaxtdan hürriyyət meydanı 26 Bakı komissarının adını daşıyır.
 
1923-cü ildə komissarların ölümünün beş illiyi ilə əlaqədar meydan rəssam Q. Yakulovun layihəsi əsasında yenidən quruldu. «Rekord» kinoteatrının taxta binası söküldü, meydanın dörd tərəfində ağaclar əkildi, qəbirlərin üzərində abidələr ucaldıldı. Abidələrin müəllifləri heykəltəraş Y. Tripolski və memar İ. Pavleviç idi. Ortada ucaldılmış divarın şərq və cənub-qərb tərəflərində qəzəblə düyünlənmiş yumruqlarını qabağa uzatmış fəhlə fiqurları qoyuldu.
Eyni üslubda hazırlanmış fəhlə fiqurları meydanın sol tərəfində, Xaqani küçəsindəki sütunlu evin fasadında da vardır. Hazırda bu binada Türk səfirliyi yerləşir. O vaxt isə bura Neft Sənayesi Fəhlələri Həmkarlar İttifaqının sərəncamında idi. Görünür elə buna görə də onun fasadına fəhlə fiqurları əlavə olunmuşdu.
Meydanın dörd tərəfinə iki cərgə yoğun zəncir çəkilmişdi. Buna görə də buranı bəzən «Zəncirli bağ»da adlandırırdılar. Meydanda düzəldilmiş iri hovuzun
ortasında yer kürəsinə sarınmış zəncirləri əlindəki linglə qoparmaq istəyən fəhlənin tuncdan tökülmüş fiquru var idi.
1958-ci ildə meydanın abidələr kompleksinə heykəltəraş S. D. Merkuryevin qırmızı qranitdən düzəltdiyi «26 Bakı komissarının güllələnməsi» qorelyefi də əlavə olundu.
1968-ci ildə 26 Bakı komissarı adına bağ əsaslı surətdə yenidən quruldu.
Burada kommunarların xatirə ansamblı yaradıldı. Əzəmətli kompleksin müəllifləri memar H. Ələsgərov, Ə. Hüseynov, heykəltəraşlar İ. Zeynalov və N. Məmmədovdur. Dairəvi abidənin ortasında əbədi məşəl yanır.
Böyük meydanlardan biri də Pyotr meydanıdır. Bu meydanın  yaranması  I Pyotr dövrünə aiddir. Güman etmək olar ki, 1723-cü ilin iyununda  Rusiya qoşunlarının sahilə çıxdığı bu yer sonralar I Pyotrun adı ilə adlandırılmışdır. XIX əsrin ortalarından başlayaraq ədəbiyyatda (və o cümlədən «Kavkazski kalendar»da) Petrovski ploşşad ifadəsinə tez-tez rast gəlmək mümkündür.
XIX əsrin əvvəllərində bu yer bataqlıq və qamışlıq olmuşdur. Xəzərdə bərk fırtınalar zamanı dəniz səthindən o qədər də hündürdə olmayan bu yerləri tez-tez su basarmış. Bakı quberniya mərkəzinə çevirildikdən sonra şəhər qala divarlarını aşıb böyüdükcə, görünür, bu yerlər də təmizlənib sahmana salınmışdı. Bakının bütün taxta-şalban körpüləri bu meydançada yerləşirdi. Keçən əsrin ikinci yarısında yaşayış evlərinin əhatəsində qalmış bu boş yerdən müxtəlif məqsədlər üçün istifadə olunurdu. Burada səyyar heyvanxanalar açılır, müxtəlif tamaşalar göstərilirdi. Qarşı tərəfdə — sahildə taxta körpülər tikiləndən sonra meydanda xüsusilə böyük canlanma əmələ gəlir.
Keçən əsrin ortalarında burada taxtadan sirk qurulması barədə mətbuatda xəbər vardır. Sirk Antuaneta Volf familiyalı bir qadına məxsus imiş. Bu o zamanlar Bakıda yeganə ictimai əyləncə müəssisəsi olubdur
 
«Bakinskaya izvestiya» qəzeti 1877-ci ildə çıxan 15-ci nömrəsində yazmışdı: «Bakıda sirkdən başqa heç bir ictimai əyləncə ocağı yoxdur». Mətbuatdan məlum olur ki, meydan uzun müddət baxımsız qalıbmış.
1918-ci ildə Bakı Xalq Komissarları Sovetinin hakimiyyəti dövründə meydanda tez-tez mitinq və yığıncaqlar keçirilirmiş. Həmin ilin avqust ayında Bakıda Sovet hakimiyyətinin süqüt etdiyi günlərdə Bakı Xalq Komissarları Soveti Həştərxana yola düşmək üçün bütün qüvvələrini bu meydana toplamışdı. Şəhər artıq «Sentrokaspi» hökümətinin əlində idi. Yalnız Pyotr meydanı və ona bitmiş küçələr Bakı Xalq Komissarları Sovetinin hakimiyyəti altında qalırdı.
Avqustun 4-də ingilis qoşunları eser, menşevik və daşnaqların dəvəti ilə şəhərə daxil oldu. Qızıl qvardiya hissələri isə düşmənə qarşı döyüşləri hələ də davam  etdirirdilər.
Beləliklə, Bakı Xalq Komissarları Sovetinin fəaliyyətinin son günləri bu
meydanla sıx bağ!ı olmuşdur. 1918-ci il avqustun 14-də Bakıdakı Sovet hakimiyyətinin başçıları, Qızıl Ordu hissələri Həştarxana yola düşdülər. 1918- 1919-cu illərdə bu meydanda müsavat əsgərlərinin məşqi keçirilirdi.
1920-ci ildə Bakı Sovetinin gördüyü ilk tədbirlərdən biri Pyotr meydanının 26 Bakı komissarının adı ilə adlandırılması oldu. Lakin 1920-ci ilin sentyabrında Bakı komissarlarının cənazələri Bakıya gətirilib Hürriyyət meydanında (indiki 26- lar bağı) dəfn edildiyindən yeni ad həmin meydanın üzərindən götürüldü.
Keçmiş Pyotr meydanı Sovet hakimiyyəti illərində yaşıllaşdırılıb xalqın ixtiyarına verildi. Sahilə yaxın olan meydan istirahət üçün gözəl guşə oldu. Böyük Vətən müharibəsindən əvvəl burada böyük bir tribuna tikilmişdi. Bayramlarda bu meydanda hərbi parad və şəhər zəhmətkeşlərinin nümayişi keçirilirdi.
1955-ci ildən burada V. İ. Lenin Mərkəzi muzeyi Bakı filialının binası yerləşirdi. Hal-hazırda bu bina muzeylər kompleksidir.
Yarmarka meydanı. Meydan indiki S. Vurğun bağının və Dəmir yolu idarəsinin ərazisində yerləşirdi. Şəhərdə işləyən, konkalar burada dövrə vurub, geri qayıdırdılar. Buranı Saldat bazarı da adlandırırdılar. Bu da onunla əlaqədardı ki, saldatlar burada öz köhnə pal-paltarlarını, yırtıq ayaqqabılarını satır, ya da nəyə isə dəyişirdilər. Meydanda Ümumrusiya Nikolay yarmarkası keçirilən günlər xüsusilə izdihamlı olurdu. Rusiyanın böyük şəhərlərindən, məsələn Nijni-Novqoroddan, Yaroslavldan, Saratovdan, Moskvadan, Varşavadan, Tiflisdən buraya mallar daşınır, alver başlardı. Yarmarka günləri meydanda səhərdən axşamadək musiqi çalınır, kəndirbazlar öz məharətlərini göstərir, pəhləvanlar güləşir, kukla tamaşaları göstərilirdi. Camaat ilboyu pul yığırdı ki, Nikolay yarmarkasında pal-paltar, bəzək avadanlığı alsınlar. Belə təntənəli Nikolay yarmarkalarından biri 1902-ci ildə keçirilmişdi. Yuxarıda adları çəkilən meydanlardan başqa şəhərin müxtəlif səmtlərində yerləşmiş bu aşağıdakı meydan və meydançalar da vardı: Belvü meydanı — Dəmir yolu vağzalının arxasında idi. Batum meydanı, Qolovin meydanı, Vladimir meydanı, Duma meydanı (indiki Gənclik meydanı), Qız qalası meydanı, Peterburq meydanı (Nijni Bulvar küçəsi ilə Səməd Vurğun küçələrinin tinində), Qanlıtəpə meydanı, Kilsə meydanı, Tiflis meydanı, Pavlov meydanı (Uşaq dəmir yolu vağzalından aşağıda), İran meydanı, Sisianov meydanı (Azərnəşrin aşağısında), Keşlə meydanı, Lüksemburq meydanı, Zavod meydanı (Qara şəhərdə), Yasamal meydanı, İnqilabdan qabaqkı mətbuatda Teatr meydanı sözünə tez-tez rast gəlmək olardı.  Əslində bu  meydanın ömrü çox qısa  olub.  H. Z. Tağıyev teatrının yanında yaşayış evləri tikilməmişdən boş qalan sahəni hamı Teatr meydanı adlandırırdı. Teatrın dörd tərəfində uca yaşayış binalarının tikilməsi ilə meydan ləğv olunmuşdu.
Yuxarıda adları çəkilən meydanların əksəriyyəti sonralar yaşayış mənzillərinin tikilməsilə ləğv olunmuşdular.
 
Müəllif: Qılman İlkin. BAKI VƏ BAKILILAR 
Mənbə: BAKI VƏ BAKILILAR (Üçüncü nəşri).ISBN-9952-426-12–7
 

0 şərh