Bakı hamamları

Bakı  hamamlarının  qədim  tarixi  vardır.  Şirvanşahlar  sarayında  bizim günlərədək qalmış qədim bir hamamın tikintisi göstərir ki, hələ o dövrlərdə şəhərdə hamam tikintisinə  böyük əhəmiyyət  verilmişdir.  Belə  köhnə  hamamlara  Bakı kəndlərində də rast gəlmək mümkündür. Məsələn, Nardaran kəndindəki hamam 14-cü  əsrin  1388-ci  ilində  tikilmişdir.  Mərdəkandakı  Məhəmməd  hamamı  da qədimdir. İçəri şəhərdəki köhnə hamamlardan ən gözəyatımı Qasımbəy hamamıdır 1859-cu ildən sonra, başqa sözlə desək, Bayır şəhər salınandan sonra  Bakıda bir-birinin ardınca çoxlu hamamlar tikilmişdi. Hamamların binası əsasən tağlardan və onların üstündə qurulmuş günbəzlərdən ibarət idi. Bu baxımdan şəhərin özündə və Abşeronun ətraf kəndlərində tikilmiş hamamların bir-birinə oxşar cəhətləri çox idi. Hamamlar suya və rütubətə davamlı daşlardan tikilirdi. Su qıtlığına baxmayaraq, bu hamamlar səy və səliqə ilə işlədilirdi. Hamam binası əsasən iki hissədən ibarət olurdu: bayır və içəri hissələr. Bayır hissə soyunub- geyinmək üçün, içəri hissə isə çimməkdən ötrü idi. Bu iki hissəni ensiz bir dəhliz birləşdirirdi. Günbəzlərdə xırda pəncərələr açılmışdı. Bunlardan hamamın içərisinə işıq düşürdü. Hamamın xüsusi ocaqxanası-külxanası vardı ki, burada hamamın suyu odun, ya da neftlə qızdırılırdı. Hamamların içəri hissəsində üstü örtülü böyük  bir hovuz vardı. Burada həmişə isti su olardı. Adamlar alçaq səkilərin üstündə yuyunub, kisələnib sabunlanandan sonra bu hovuzda boğazadək olan suya girib yaxalanırdılar. Bu hovuz  xəzinə adlanırdı. Bəzi hamamlarda isə bundan əlavə xırdaca xəlvəti hovuzlar da olurdu ki, orada ancaq hörmətli adamlar yaxalanırdı. Hamamın içərisi möhkəm sal daşlarla döşənmişdi. Bayır hissədə daş döşəmədən təxminən 60 santimetr hündürlüyündə olan səkilərdə soyunmaq üçün çoxlu çaxçalar vardı.

Buradan hərə öz paltarını asardı. Burada kasıbla dövlətli öz yerini yaxşı tanıyırdı. Kasıblar bir səkidə, varlılar isə üzbəüzdəki ikinci səkidə soyunardılar. Hamamlarda lüt çimmək ədəb xaricində idi. Lüt çimməyə həya edərdilər. Soyunandan sonra hamam xidmətçisi (buna cumadar deyirdilər) hərəyə bir fitə verərdi. Adamlar da fitələri belində lüt bədəninə sarıyıb, hamamın içəri hissəsinə çimməyə gedərdilər. Fitə iki cür olurdu: darayı və mərcanı. Darayı fitə ipəkdir, mərcanı fitə isə iplikdəndi. Cumadarlar ipək fitələri həmişə varlı, hörmətli adamlara verərdilər. Onu da qeyd edək ki, varlılar çox zaman fitə və qətifələrini özləri ilə evdən gətirərdilər. Səkilərdə geyinmək üçün hər cür şərait yaradılardı. Səkinin üstünə xalça-palaz döşənir, ayaqlarını suya çəkmək üçün laxanlar qoyulardı. Varlıların soyunduğu səkilərə isə bunlardan əlavə uzanıb dincəlməkdən ötrü taxt da qoyulardı. Qəlyan və çay verilərdi. Bəziləri üçün hətta nərd taxtası da gətirilərdi. Hamamda şəhərin qoçuları çiməndə hamı xamuş olardı. Qorxularından heç kəs ağzından artıq söz qaçırmazdı.
 
Hamam bir gün kişilər, bir gün isə arvadlar üçün idi. Qadınlar üçün olan günlərdə hamamda elə çığır-bağır olardı ki, ağız deyəni qulaq eşitmirdi. Uşaqların ağlaşması, arvadların çığırtısına, bəzən də bərkdən savaşmalarına qarışıb hamamı ağzına alardı. Arvadlar hamama az qala köç-külfətlə gələrdilər. Uşaq əlindən, iri bağlamalardan əl-qol açmaq mümkün olmazdı. Bu bağlamalarda təmiz geyimlə yanaşı hamamda yumaq üçün çirkli pal-paltar, çimməyə lazım olan şeylər; məsələn, rüşul, daraq, ayaqdaşı, ənlik-kirşan, ətirli və paltar sabunu və uşaqlar üçün hamamda yeməyə meyvə, ya da meyvə qurusu olardı. Cavan gəlinlər öz paltarlarını nümayiş etdirmək üçün zərbaftalı don, xara tuman geyib, bəzənərdilər. Qarılar bir gün qabaqdan başlarına qoyduqları xınanı yumaq üçün qırmızı sərqətifələrini açıb, içəri keçərdilər. Arvad yengələri bütün günü hamamda düşüb qalardılar. Onlar kiminsə tapşırığı ilə övladlarına qız axtaran adamların pulu ilə çimərdilər. Peşələri gizli-gizli qızlara göz qoymaqdı.
 
Hamam sahibi səkilərdən birində bir küncdə oturub, xəzinədarlıq edərdi. Arvadların günündə isə onun yerini arvadı tutardı. O eyni zamanda xına, rüşul, sabun, ayaqdaşı alveri də edərdi.
Hamamda cumadar və külxanaçıdan başqa üçüncü bir xidmətçi də vardı ki, bu da kisəçi idi. Kişilər üçün kişi kisəçi, arvadlar üçün arvad kisəçi hamam açılandan bağlananadək pul qazanırdılar. Kisəçinin necə işlədiyini, adamlara necə kisə çəkdiyini öyrənmək üçün. A. S. Puşkinin "Ərzruma səyahət" kitabında Tiflis müsəlman hamamlarına aid hissəni oxumaq kifayətdir. O, yazırdı: "… Kisəçi Həsən məni isti daş döşəmənin üstünə uzadaraq, bədənimin bütün əzalarını ovxalamağa başladı. Oynaqlarımı dartışdırdı, bütün bədənimi yumruğu ilə döyüclədi. Mən bundan zərrə qədər ağrı duymurdum, əksinə özümdə qəribə bir yüngüllük hiss edirdim. (Asiyalı hamamçılar bəzən vəcdə gələrək, adamın belinə hoppanır, ayaqlarını adamın qabırqalarının üstü ilə sürüşdürərək, çömbəlib, rəqs edirlər. Əla!) Sonra şal kisə ilə bədənimi xeyli sürtdü, isti su ilə çimizdirib, sabunlu lifin, köpüyü ilə yumağa başladı. Sözlə ifadə edilə bilməyəcək bir zövq duydum! İsti sabun köpüyü adamı hava kimi bürüyürdü. Şal kisə, və köpüklü lifrus hamamında mütləq təşkil edilməlidir".
Tiflisin Şeytanbazar Müsəlman məhəlləsinin hamamında Puşkinin gördüyü mənzərəyə Bakının bütün hamamlarında rast gəlmək mümkündü.
 
İyirminci əsrədək və əsrin 20-ci illərində Bakıda iki tipli hamam vardı: Asiya tipli və Avropa tipli. Asiya tipli hamamlar bunlardı: Axund hamamı, Mirzə hamamı, Qasımbəy hamamı, Hacı  Qurban hamamı, Hacı Aslan hamamı, Ağa Nəzər hamamı, Tatar hamamı, Şor hamam. Bunlardan başqa Xərrat bazarında, indiki Bəşir Səfəroğlu küçəsində,  Vidadi küçəsində də  hamamlar  vardı.  Bakı hamamlarından çoxunun divarlarında (əlbəttə, bayır hissənin divarlarında) yağlı,boyalarla müxtəlif əfsanəvi şəkillər rəsm edilərdi. Bu şəkillər daha çox Firdovsi qəhrəmanlarının həyatından, «Leyli və Məcnun» dastanından olurdu. Bəzi hamamlarda isə ancaq yarımçılpaq gözəl qadın şəkilləri çəkilərdi. Bakı hamamlarını bu əfsanəvi qəhrəmanlarsız, Leyli və Məcnunsuz təsəvvür etmək çətindi.
Avropa tipli hamamlar Asiya tipli hamamlardan onunla fərqlənirdilər ki, burada hamılıqla çimmək üçün ayrılmış iri otaqlardan başqa çoxlu xüsusi nömrələr də vardı. Hamam binalarının əksəriyyəti içəri tərəfdən rəngbərəng kaşı daşları ilə bəzədilmişdi. Hər nömrə öz rəngarəngliyi ilə fərqlənirdi. Bakıdakı Avropa tipli hamamlar bunlardı: «Fantaziya», «Ermitaj», «Dekadens», «Moskva», «Mir» və başqaları. Bu hamamlar içərisində «Fantaziya» hamamı öz gözəlliyi, rahatlığı, bərbəzəkli, gül-çiçəkli, fantanlı, hovuzunda qızıl balıqlar üzən zəngin salonu ilə fərqlənirdi. Səqfindən iri çil-çıraqlar asılardı. Əlbəttə, buna görə burada hər nömrənin qiyməti başqa hamamlara nisbətən daha baha idi.
 
 
Müəllif: Qılman İlkin. BAKI VƏ BAKILILAR 
Mənbə: BAKI VƏ BAKILILAR (Üçüncü nəşri).ISBN-9952-426-12–7

0 şərh