Köhnə Bakının xeyriyyə və maarif cəmiyyətləri

Hələ keçən əsrin 70-ci illərində Həsən bəy Zərdabi Azərbaycanda ilk dəfə xeyriyyə cəmiyyəti yaratmaq fikrinə düşmüşdü. Güman edirdi ki, yoxsul uşaqlarının təhsil və tərbiyəsində, onların məktəblərə qəbul edilərək, pulsuz oxumalarına  bu  cəmiyyətin  böyük  xeyri  dəyəcəkdir.  Bu  məqsədlə  xeyriyyə cəmiyyətinin proqramını tərtib edib, hökümətə təqdim edir. Böyük çətinlik və süründürmədən sonra onu təsdiq etdirə bilir. Hər şey hazır olandan sonra Zərdabi Bakı varlılarından bir dəstəsini  qazi molla Cavad axundun  evinə   toplayaraq, proqramı onlara oxuyur. Hamı bəyənir. Lakin cəmiyyətin yaranması üçün maddi yardım lazım olduğunu  söyləyərkən,  məclisdəkilər  bir  nəfər  kimi  aradan  çıxırlar. Bu Həsən bəyi qətiyyən ruhdan salmır. 1812-ci ildə Qafqazı şəhər-şəhər gəzərək, cəmiyyətə üzv toplamağa başlayır. Üzv yazılanlar ona  üzvlük  haqqından  başqa əlavə ianə də verəcəklərini vəd edirlər. Beləliklə Həsən bəy Zərdabi Azərbaycanda ilk Xeyriyyə cəmiyyətinin əsasını qoyur. Bakıya qayıdan Həsən bəy  Cəmiyyətin başqa işlərini də sahmana salmaqla məşğul olur. Bu müddətdə Qafqaz şəhərlərindən cəmiyyətin xəzinəsinə xeyli pul daxil olur. Hətta Bakıda məktəbə düzəlmək üçün onun yanına iki uşaq da göndərirlər. Həsən bəy çətinliklə olsa da, onları şəhər məktəblərinə düzəldə bilir. Ancaq təəssüf ki, bu vəziyyət çox davam etmir. Bir müddətdən sonra göndərilən üzvlük haqları xeyli azalır. Hətta iş o dərəcəyə çatır ki, cəmiyyətin xərci gəlirindən çox çıxır. Nəticədə Həsən bəy cəmiyyəti bağlamalı olur. Cəmiyyətdən xatirə olaraq, Həsən bəyə ancaq üzvlərin siyahısından ibarət qaytanlı bir dəftər qalır.

Zərdabinin arzusu yalnız 1905-ci il inqilabından sonra çar hökümətinin verdiyi Oktyabr bəyannaməsinin yaratdığı şərait nəticəsində yerinə yetir. H. Z. Tağıyev Xeyriyyə cəmiyyətinin yaradılması barədə hökümət qarşısında təşəbbüsdə olur. Birinci təşəbbüs nəticə verməsə də ikincidə, nəhayət, cəmiyyətin yaranmasına icazə ala bilir. 1905-ci  ildə yaranmış bu «Müsəlman Xeyriyyə cəmiyyətinin» məqsədi fəqir və möhtac müsəlmanlara kömək etmək, məktəblərdə oxuyan fəqir və yetim uşaqlara müavinət göstərmək, taqətdən düşmüş qoca müsəlmanlara himayə etmək, yoxsul uşaqlarını sənət məktəblərində oxutmaq və sairdən ibarət idi. Cəmiyyət əsasən Bakı varlılarının və varlı ziyalıların cəmiyyəti idi. Onun müəssisələri H. Z. Tağıyev,  Həsən bəy Zərdabi, Əlimərdan bəy Topçubaşov, Əhməd bəy Ağayev, Əli bəy Hüseynzadə, İsmayıl bəy Səfərəliyev, Hacı Aslan Aşurov, İsa bəy Hacınski, Kamil bəy Səfərəliyev, Əbdülxalıq Axundov, Məmmədrza Vəkilov, Həsən bəy Ağayev Nəcəfqulu Sadıqov, İsrafil Hacıyev, Həsənağa Həsənov, Mirzə Əsədullayev, Əsəd bəy Səlimxanov, Ağabala Quliyev, Əsədullah Əhmədov, Hacı Həsən Ağamalıyev, Nəcəf Əmiraslanov olmuşlar. Birinci iclasda H. Z. Tağiyev sədrliyə, İsrafil Haciyev müavinliyə, Haci Mustafayev xəzinədarlığa, Əhməd bəy Ağayev katibliyə, İsmayil bəy Səfərəliyev, Əlimərdan bəy Topçubaşov və Əsədullah Əhmədov idarə heyəti üzvlüyünə seçilirlər.
 
Birinci Cahan müharibəsi illərində «Müsəlman Xeyriyyə cəmiyyətinin» fəaliyyəti xeyli genişlənmişdi. Qaçqın və acları yedirmək, pal-paltarla təmin etmək sahəsində onun böyük xidməti olmuşdu. Cəmiyyət Nargin adasında saxlanılan əsir türk əsirlərinə də öz köməyini əsirgəmirdi. «Müsəlman Xeyriyyə cəmiyyətinin» kontoru "İsmailiyyə«nin binasında idi. Onun yardımçı təsərrüfatları da elə burada yerləşirdi.
Bu illərdə, daha doğrusu, 1906-cı ildə yaranmış „Nəşr və maarif“ cəmiyyəti də xeyriyyə məqsədilə təşkil edilmişdi. Bu cəmiyyətin də əsas tərkibini Bakı varlıları və görkəmli varlı ziyalılar təşkil edirdi. Çox zaman „Müsəlman Xeyriyyə cəmiyyəti“ ilə əlbir fəaliyyət göstərirdi. Cəmiyyət tərəfindən Bakı kəndlərində 17, şəhərdə isə 3 məktəb açılmışdı. Yoxsul və yetim uşaqlar bu məktəblərdə pulsuz təhsil alırdılar. „Nəşr və maarif“də neft sahibkarları əksəriyyət təşkil edirdilər. Onların məqsədi öz müəssisələrində işlətmək üçün savadlı fəhlələr yetişdirmək idi.
Dövrün qabaqcıl demokratik şəxsiyyətləri Həsən bəy Zərdabi, bolşeviklərdən Nəriman Nərimanov, Məşədi bəy Əzizbəyov və başqaları elmi- siyasi bilikləri, inqilabi ideyaları yaymaq üçün bu cəmiyyətdən tez-tez istifadə edirdilər. „Nəşr və maarif' cəmiyyətinin fəaliyyəti 1917-ci ilədək davam edir.
“Nicat» mədəni-maarif cəmiyyəti 1906-cı il mart ayının 8-də təşkil olunub. Bəzi qəzetlər isə yazırlar ki, guya avqustun 22-də yaranmışdır. Həmin gün cəmiyyət üzvləri Bakının M. Muxtarov küçəsində Əjdər bəy Aşurbəyovun evini icarəyə götürüb, işə başlayırlar. Cəmiyyətin üzvləri Üzeyir Hacıbəyov, Məmmədəmin Rəsulzadə, Cahangir Zeynalov, Mirzəağa Əliyev, Hüseynqulu Sarabski, Murad Muradov, Hüseyn Ərəblinski, Mehdi bəy Hacinski, Bədəl bəy Bədəlbəyov, Həbib bəy Mahmudbəyov, Abbasqulu Kazimzadə, Məmmədəli Rəsulzadə, Qulam Mirzə Şərifov, Soltan Məcid Qənizadə, Əliİskəndər Cəfərov, Mirmahmud Kazimov, İbrahim Əbilov, Sidqi Ruhulla, Məmmədəli Sidqi, İmran Qasimov elə o gün idarə heyətini seçdilər. Cəmiyyətin sədrliyinə Məmmədəlibəy Səlimxanov seçilir, başqa bir mənbədə isə göstərilir ki, doktor X. B. Ağayev seçilib. Sonra ianə toplanmağa başlanır. H. Z. Tağıyev beş min manat verib, Musa Nağıyevi də beş min yazdırır və əlavə olaraq bildirir ki, əgər Musa Nağıyev beş min verməkdən imtina edərsə, onun əvəzinə verməyə hazırdır. «Nicat»ın ən fəal üzvlərindən biri İmran Qasımov olmuşdur. Cəmiyyətə «Nicat» adını da o vermişdir. İmran Qasımov əslində podratçılıqla məşğul olurdu. Murtuza Muxtarovun Əhməd Cavad və M. Muxtarov küçələrinin tinindəki əzəmətli sarayını tikdirərkən yıxılıb, ayağını sındırmış və sonra bundan da ölmüşdür. 1907-ci il martın 9-da idarə heyətinin sədrliyinə doktor Həsən bəy Ağayev seçilir. Noyabrın 12-də onun İrana getməsi ilə əlaqədar olaraq, sədri Məmmədəmin Rəsulzadə əvəz edir.


«Nicat»ı təşkil edənlərin əksəriyyəti göründüyü kimi ziyalılar idi. Əlbəttə, içərilərində varlı və sahibkarlar da vardı. Cəmiyyətin əksəriyyəti azərbaycanlıları savadlandırmaq və maarifləndirmək, yoxsul uşaqlarına kömək etmək, onları məktəblərə cəlb etmək, ehtiyacı olanlara maddi kömək göstərməkdi. Cəmiyyət Bakıda və Bakı kəndlərinin bəzisində kitabxana və qiraətxanalar açmışdı. Bakıdakı kitabxana və qiraətxananın müdiri Məmmədbağır Axundov idi. Kəndlərdə açılmış bir və iki sinifli məktəblərin sayı otuza çatmışdı. Belə məktəblərdən biri də Balaxana kəndində açılmışdı, M. Ə. Sabir həmin məktəbdə bir neçə il dərs demişdi.
Cəmiyyət fəhlələr üçün gecə kurslarının, gecə məktəblərinin açılmasına da xüsusi fikir verirdi. Binalar kirayələyir, ictimai-siyasi mövzularda leksiyalar təşkil edirdi. Bəzi vaxt «Nəşr və maarif» cəmiyyəti ilə əlbir işləyir, birgə tədbirlər həyata keçirirdilər.
«Nicat»ın teatr bölməsi xüsusilə böyük həvəs və enerji ilə işləyirdi. Cəmiyyət gənc aktyor truppaları yaradır və onların ətrafına teatr həvəskarlarını cəlb edirdilər. Dövrün tanınmış aktyorlarından Hüseyn Ərəblinski, A. M. Şərifzadə, Mirzəağa Əliyev, Sidqi Ruhulla və başqaları bu truppalarda nəinki yaxından iştirak edir, eyni zamanda truppaya rəhbərlik də edirdilər. Benefislər təşkil edilərək, yığılan pullar ehtiyacları olan məktəb uşaqlarına verilirdi. Görkəmli yazıçı və dramaturqlar da bu cəmiyyətin ətrafına toplaşmışdılar. N. B. Vəzirov, Ə.B. Haqverdiyev, Nəriman Nərimanov, Üzeyir Hacıbəyov və başqaları həm öz əsərlərini və həm də rus və dünya ədəbiyyatından tərcümə etdikləri dram əsərlərini səhnəyə çıxarır və onların məşqlərində yaxından iştirak edirdilər. Milli musiqi mədəniyyətinin inkişafında da «Nicat»ın böyük xidməti olmuşdur. Məsələn 1908-ci ildə Bakıda «Leyli və Məcnun» operası məhz «Nicat»ın təşəbbüsü ilə göstərilmişdir.
«Nicat» cəmiyyəti eyni zamanda  həftədə bir dəfə «Nicat» adlı qəzet də buraxırdı. Qəzet İsa bəy Aşurbəyovun vəsaiti və redaktorluğu ilə dərc olunurdu.
Cəmiyyətdə maliyyə və habelə siyasi fikir və ideya məsələləri üzrə tez-tez ixtilaflar baş verirdi. Bu başlıca olaraq, cəmiyyətin demokratik əhval-ruhiyyəli qabaqcıl nümayəndələri ilə varlı təbəqə nümayəndələri arasında gedirdi. Belə ixtilaf və toqquşmalar 1917-ci ilədək, yəni cəmiyyətin bağlanmasınadək davam etmişdi.  Belə  ixtilaflardan  birini  göstərmək  olar.  İsa  bəy  Aşurbəyov  özünü maarifpərvər kimi göstərsə də fəaliyyətində sinfi mənafeyi həmişə üstün gəlirdi.
1916-cı il mart ayının 24-də «Nicat» cəmiyyətinə yeni seçkilər  keçirilirdi. Aşurbəyov seçkilərdə qalib gəlmək üçün seçiciləri pulla satın almaq yolu ilə özünün bütün yaxın adamlarını idarə heyətinə seçdirə bilmişdi. Mart ayının 24-də «Açıq söz» qəzetində «Nicat» cəmiyyətinə seçilənlərə açıq məktub" adlı məqalə çap edilmişdi. Məktubu imzalayanlar içərisində Nəriman Nərimanovun, Məşədi Əzizbəyovun, Əsədulla Axundovun da imzaları vardı. Məktubda İsa bəyin və onun yaxın adamlarının idarə heyətinə hansı yollarla seçildikləri ifşa olunurdu. Həmin məqaləyə Aşurbəyov küçə söyüşləri ilə cavab vermişdi.
 
«Nicat» cəmiyyəti vəsait əldə etmək üçün başqa vasitələrə də əl atırdı. Məsələn, şəhər bağında arabir gəzintilər təşkil edir və toplanan vəsaiti xeyriyyə işlərinə sərf edirdi. Bir dəfə də belə bir gəzinti düzəltmiş və toplanmış dörd min manat pulu Cənubi Azərbaycana mücahidlərə göndərmişdi. Əlbəttə, bunu açıq edə bilməzdilər. Çünki polis hər dəfə toplanmış pula nəzarət edir və onun haraya göndərilməsini yoxlayırdı. Nicatçılar vəziyyətdən çıxış yolunu pulun oğurlanmasında gördülər. Pulu toplayan Əsədulla Axundov əldə edilmiş bütün vəsaiti gizlətdikdən sonra hay-küy salmışdı ki, pulu oğrular çalıb apardılar. Ara sakitləşəndən sonra həmin vəsaiti özü aparıb, Cənubi Azərbaycanda mücahidlərə təhvil vermişdi.
«Bakıda Müsəlman maarif cəmiyyəti „Nicat“ın 1907-1908-ci illər hesabatı» kitabında «Nicatın fəaliyyətinə qiymət verilərək deyilirdi: „Nicat maarif cəmiyyəti Bakıda olan cəmiyyətlərin ən köhnəsi olub, yerdə qalan bütün cəmiyyətlərin müvəllidi adını almağa müstəhəqdir“. „Səadət“ cəmiyyəti Bakı tacirləri və ruhanilərinin cəmiyyəti idi. 1906-cı ildə təşkil olunmuşdur. Əsas baniləri bunlar idi: Kərbəlayi Məhəmmədəli Salayev, Molla Əliəkbər mərdəkanlı, axund Molla ağa, Hacı Mustafa Rəsulov, doktor Əbdülxalıq Axundov, Məmmədəli bəy Səlimbəyov, Əliəsgər Dadaşov və başqaları. Sədri mərdəkanlı axund Əliəkbər idi. Cəmiyyət 1907-ci  ildə „Səadət“ adlı təkcə bir  məktəb açmışdı. Lalayevin iki mərtəbəli kiçik bir binasında yerləşirdi. 14 otağı vardı. Əli bəy Hüseynzadə 1910-cu ildən 1916-cı ilədək, yəni Türkiyəyə gedənədək bu məktəbdə direktor işləmişdir. „Səadət müdiriyyəti sonralar köhnə müsəlman qəbiristanlığında (indiki göz xəstəxanası) böyük bir bina tikdirir. Ancaq bina tikilib qurtarmamış Birinci Cahan müharibəsi başlayır. Hökümət üstünü tələm-tələsik örtərək, onu hərbi xəstəxanaya çevirir. Bu zaman “Səadət»in dərsləri onun şöbələrində keçirilirdi. Onun bir şöbəsi Suraxana küçəsi ilə Tatar küçələrinin tinində Hacı İmamverdi məscidinin nəzdindəki «Nur» adlı məktəb idi. Müdiriyyət «Nur»un üstündə ikinci bir mərtəbə tikdirərək, uşaqların oxuması üçün geniş imkan yaradır. «Səadət»in ikinci şöbəsi isə Aşağı priyut küçəsində bakılı Hacı Səmədin binası idi. Bu binanı Hacı Səməd Heydərov 55 minə tikdirib, kupçisi ilə birlikdə məktəbə bağışlamış və vəd etmişdi ki, yenə iki mərtəbəli bir bina tikdirib, məktəbin ixtiyarına verəcəkdir. («An» jurnalı №6, 1911).
Yuxarıda adları çəkilən cəmiyyətlərdən «Müsəlman Xeyriyyə cəmiyyəti», «Səadət və „Səfa“ cəmiyyətlərinin öz xüsusi binaları vardı. „Müsəlman Xeyriyyə cəmiyyəti“ İsmailiyyədə, „Səadət“ göz xəstəxanasında, „Səfa“ cəmiyyəti böyük Çəmbərəkənd küçəsindəki imarətində yerləşirdi. „Nəşr və maarif“ cəmiyyəti ilə „Nicat“ cəmiyyətlərinin binaları yoxdu. „Nicat bir neçə dəfə dumaya müraciət edib, yer istəmişsə də nəticəsiz qalmışdı.
 
Bunlardan başqa hələ 1904-cü ildə general-qubernator Fadeyevin icazəsi ilə Bakıda “Hidayət» adlı bir cəmiyyətdə yaradılmışdı.
Bu cəmiyyətin təşkilatçıları əsasən ruhanilər və ziyalılardan ibarətdi. Bakıda qaniçən qoçular və qatillər ilə mübarizə aparmaq, dini fanatizmin qarşısını almağı «Hidayət» cəmiyyəti öz qarşısına əsas məqsəd qoymuşdu. Camaatı incidən, küçələrdə qadınları təhqir edən quduz qoçular cəmiyyət tərəfindən müəyyən edilir və onların barəsində cəza tədbirləri görülməsi üçün adları general-qubernatora təqdim olunurdu. Cəmiyyətin nizamnaməsi Əhməd bəy Ağayev tərəfindən tərtib edilmişdi.
Bakı qoçularının harınlığı o dərəcəyə çatmışdı ki, şəhərin  mərkəzində xüsusi kontorlar açaraq, pulla adam öldürmək üçün sifarişlər qəbul edirdilər. Belə kontorlardan biri indiki Kukla teatrının qabağında olan iki mərtəbəli evin birinci mərtəbəsindəki dükanlardan birində yerləşirdi. Camaat arasında bu kontorlar «adam öldürən kontor» adlanırdı. Belə azğın qoçularla mübarizə «Hidayət»in məramnaməsində əsas yer tuturdu.
«Hidayət»in on nəfərdən ibarət idarə heyəti vardı. Onun üzvlərindən H. Z. Tağıyev, İsa bəy Hacınski, şəhərin hörmətli ruhanilərindən Bakı qazisi Mir Məhəmməd Kərim, ruhani-alim, axund molla Ruhulla, ziyalılardan Əhməd bəy Ağayev, Mustafa bəy Əlibəyovu göstərmək olar. Bu sonuncu sonralar cəmiyyətin katibi seçilmişdi. 1906-cı ilin 17 noyabrında «Hidayət» cəmiyyətinin üzvləri bakılılara divan tutan qoçuların siyahısını tutub, general-qubernatora təqdim edirlər. Bu qoçuların içərisində axund molla Ruhullanın kəndlisi — novxanalı Məşədi Hacı oğlunun da adı vardı. Qoçuluqla məşğul olmaqdan başqa Məşədinin Binəqədidə neft mədənləri də vardı. Cəmiyyət üzvləri qubernatordan xahiş edirdilər ki, Məşədi Hacı oğlu da qatil qoçu kimi Qafqazdan sürgün edilsin. Qubernator onun həbs edilməsi barədə sərəncam verir. Məşədi adının siyahıya düşməsində axund molla Ruhullanın barmağı  olduğunu başa düşərək ondan intiqam almağa hazırlaşır. Axund üç il yayı Novxanada olan bağına köçə bilmir. Məşədi güclü vəsait qoyaraq, Qafqazdan sürgün edilmək əvəzinə Hökməli kəndinə (bu kənd Novxanadan cəmi 10 verst aralıda idi) sürgün edilməsinə nail olur. Məşədi axund Ruhulladan intiqam almaq üçün fürsət axtarır. Nəhayət 1912-ci il yanvarın 16-da günün günorta vaxtı axundun Poçtovaya (indiki S. Tağızadə) küçəsində olan 151 nömrəli evinə soxulub, onu namaz üstündə öldürür.
Dövrünün qabaqcıl maarifpərvər ruhanilərindən olan axund Ruhulla eyni zamanda ərəb və fars dillərindən gözəl tərcüməçi idi. O məşhur "İngilis xanımı" və «Zərgüzəşti yetiman» romanlarını fars dilindən  Azərbaycan dilinə tərcümə etmişdi.


«Hidayət» cəmiyyəti dini fanatizm adətlərinə qarşı çıxırdı. Müsəlmanların şaxsey-vaxsey və sair bu kimi xürufat və din mərasimlərinin insanlara zərərdən başqa heç bir şey vermədiyini Cəmiyyət camaata olan müraciətnaməsində açıq qeyd edirdi. Müraciət şəhərin əyyan və əşrəfi tərəfindən imzalanmışdı. Cəmiyyətin katibi Mustafa bəy Əlibəyov isə bu barədə "İrşad" qəzetində məqalə ilə çıxış etmişdi. Müraciət şəhərin fanatik dindarları tərəfindən qəzəblə qarşılanmışdı. Hətta qərarə gəlmişdilər ki, qazi Mir Məhəmməd Kərimin və Mustafa bəy Əlibəyovun başı kəsilsin. Qəzəblənmiş qara kütlə Mir Məhəmməd Kərimin ev qapısına od vurub, yandırırlar Əlibəyov isə evdən bayıra çıxa bilmirdi.
«Səfa» mədəni-maarif cəmiyyəti 1910-cu ildə təşkil olunmuşdu.
Hələ 1909-cu ilin mart ayında «Kaspi» qəzeti Çəmbərə kəndində və köhnə müsəlman qəbiristanlığında məscid və məktəb binası tikilməsi üçün ianə toplanması barədə xəbər verirdi. Məscidin tikilməsini Əjdər bəy Aşurbəyov öz üzərinə götürmüşdü. Murtuza Muxtarov isə məktəbin tikilməsi üçün 10 min manat pul ayırmışdı. Həmin məktəb binası «Səfa» cəmiyyəti üçün tikilmişdi. Onun təşkilatçıları əksərən maarifpərvər ziyalılar idi. Cəmiyyət milli mədəniyyəti və maarifi inkişaf etdirmək məqsədi daşıyırdı. Onlar şəhərdə və bir neçə kənddə kitabxana və qiraətxana açmışdılar. Bakıda «Səfa» yeganə bir məktəb idi. İki mərtəbəli bu məktəb binası 1910-cu  ildə varlı ziyalılardan Əlibala Zərbəliyev tərəfindən tikilmişdi (hazırda Lermontov küçəsində bu məktəbin yerində bağ salınmışdır).
«Səfa» milli teatrın inkişafı ilə daha çox maraqlanırdı. Özünün xüsusi teatr truppası vardı. Dövrün görkəmli aktyorları və tanınmış yazıçı və dramaturqlar bu truppa ətrafında toplaşmışdılar. Verdikləri tamaşalara «Nicat» cəmiyyətinin ayrı- ayrı aktyorlarını da dəvət edirdilər. Cəmiyyətin fəaliyyətində Səməd Mənsur, Dadaş Bünyadzadə, M. Ə. Rəsulzadə, Əliabbas Müznib, H. Ərəblinski, A. M. Şərifzadə, Cahangir Zeynalov və başqaları yaxından iştirak edirdilər.


Bəzən görkəmli aktyorları cəlb etmək üstündə «Səfa» ilə «Nicat» cəmiyyətləri arasında tez-tez ixtilaf baş verirdi. Hərə istəyirdi ki, məşhur aktyorları öz tərəflərinə çəksinlər. Lakin «Səfa» cəmiyyətinin aktyorlarını hər vasitə ilə şirnikləşdirib öz tərəflərinə çəkmək istəyən «Nicat» cəmiyyətinin cəhdləri hər dəfə puça çıxırdı. Məsələn, «Nicat» çox çalışirdı ki, Səməd Mənsuru öz tərəfinə çəksin. Səməd Mənsur isə «Səfa»ya sadiq idi. Səməd Mənsurun  getməməsi «Səfa»nın mövqeyini daha da möhkəmlətdi. Bundan əlavə «Səfa» görkəmli aktyor Abbas Mirzə Şərifzadənin də tez-tez baş rollarda çıxış etməsinə nail oldu. Doğrudur, A.M. Şərifzadə «Nicat»ı həmişəlik tərk etməmişdi. Lakin onun «Səfa» qruppasında baş rollarda çıxışı və hətta rejiosorluq etməsi tamaşaçılar qarşısında «Səfa» truppasının nüfuzunu xeyli qaldırmışdı.
«Səfa» cəmiyyəti 1917-ci ildə öz fəaliyyətini bitirir. Adları çəkilən cəmiyyətlərdən  əlavə  Bakıda  «Müqəddəs  Nina»  xeyriyyə  cəmiyyəti  də  vardı. 
Cəmiyyətin əsas təşkilatı Tiflisdə yerləşirdi. Onun nizamnaməsi də hələ 1846-cı il dekabr ayının 17-də Tiflisdə təsdiq edilmişdi. Bakıda isə onun şöbəsi vardı.
1848-ci ilin 30 aprelində Şamaxı şəhərində şöbəsi açılıb. 1859-cu ildə Bakı şəhəri quberniyanın paytaxtı olandan sonra «Müqəddəs Nina» xeyriyyə cəmiyyəti və onun eyni adlı məktəbi də Bakıya köçür.
«Müqəddəs Nina» qadın xeyriyyə cəmiyyətinin Bakı şöbəsi idarəsinin sədri keçən əsrin 80-ci illərinin əvvəllərində Bakı qubernatoru işləmiş D. S. Staroselkinin arvadı Yekaterina Staroselskaya idi. Üzvlüyünə isə qubernator Dmitri Semyonoviç Staroselski, Çimnaz xanım Səlimxanova, H. Z. Tağıyev, Hacı Mirzə Qulu, Hacı Hüseyn Qulu, Səfər Əli oğlu, Məlikməmməd Əliyev, Ağahüseyn Tağıyev və başqaları daxildi.


 
Müəllif: Qılman İlkin. BAKI VƏ BAKILILAR 
Mənbə: BAKI VƏ BAKILILAR (Üçüncü nəşri).ISBN-9952-426-12–7

0 şərh